
Firuzə Davudqızı
***
Sübh tezdən yola düşəcəyi üçün erkəndən yatan Azər şirin yuxuda idi. Bütün hazırlıqlarını görmüşdü. Saatı da qurmuşdu. Hərçənd saatın zənginə oyanmazdı. Özünü bilirdi. Bu səbəbdən həmişəki kimi mənə “Filan saatda məni oyat” deyə bərk-bərk tapşırardı. İndi də eləcə.
Eynən hər dəfə səfərə getməzdən əvvəl etdiyi kimi. Amma bu səfər hər zamankı səfərlərdən adının ağırlığı, özünün dəhşəti ilə fərqlənirdi.
Bunu düşünməkdən gözümə yuxu getmirdi. Saatlar bir-birini əvəz edir, vaxt sürətlə irəliləyirdi. Az sonra onu bizdən məsafələr ayrı salacaqdı.
Azad da, Araz da taxtda onun yanında yatmışdılar. Bunu Azər özü istəmişdi və uşaqların ətrini-qoxusunu burnuna çəkə-çəkə yuxuya getmişdi.
Vaxt yetişdi. Saat zəng vurmağa başladı. Bu səs ürəyimə qorxunc bir təlatüm gətirdi. Saatın səsini kəsib Azəri oyatdım.
Bir qədər sonra o, yola düşmək üçün artıq hazır idi.
Dünyadan xəbərsiz şirin yuxuda olan övladlarımızı dönə-dönə öpüb, qoxuladı, daha sonra mənə:
– İgidlərim sənə əmanət, muğayət ol, – dedi. Üzümdən öpüb, yanağımı barmağının təması ilə oxşadı. – Özüvə də yaxşı bax.
“Səni topun, güllənin qabağında bildiyim halda özüm barədə necə düşünə bilərəm ki? Necə yaxşı ola bilərəm?” Demək istədiyim sözləri ürəyimdən keçirdim, dilimə gətirib yol üstündə onu nigaran salmağa ürəyim yol vermədi. Doluxsunmuş halda başımı önümə əydim. O, sanki ürəyimi oxudu. Düşüncələrimə cavab olaraq dedi:
– Sizə görə məni qoruyacaq Allah, qorxutma özünü. Hər şeyin yaxşı olacağına inan. Uşaqlar məni gözləyir, gedim. – Bərk-bərk tutduğum əlini əlimdən zorla üzüb, məndən ayrıldı.
Qapıda təkrar geri döndü. Məni arxayın etmək, ümidləndirmək məqsədilə:
– Bir-iki günə qayıdıram. Darıxma, yaxşı? – Gülümsünüb göz vurdu.
İrəli yeriyib, dəli kimi ona sarıldım.
– Özünü qoru!
– Gözlərim üstə!
Onu yola salmaq üçün ardınca otaqdan çıxdım. Yanına düşüb onunla birgə addımlayır, sağ-salamat qayıdıb gəlməsi üçün ürəyimdə Allaha dua edirdim.
Dilbər xanım salonda idi. Mənim kimi o da bütün gecəni yatmamışdı. Əslində heç kim yatmamışdı. Azər anasına sarılıb üzündən-gözündən, saçlarından öpdü.
– Qorxma, mənə heç nə olmayacaq! – dedi.
Dilbər xanım ürəyinə söz keçirə bilmədi, kövrəldi. Oğluna sarılıb xeyli buraxmadı. Onu Allaha əmanət edib, dua etməyə başladı.
Atası onu həyətdə gözləyirdi. Sarılıb vidalaşdı. Yola qədər ötürdü.
Və o, getdi. Qapının kandarında görünməz oldu. Onunla birlikdə ürəyimdə yenicə qovuşduğum dincliyim də getdi. Bu dəqiqədən təşvişlə ötüb keçəcək günlərim başlanırdı. Gözlərim yola dikiləcək, qulaqlarım hər saniyə, hər an xəbər gözləyəcəkdi…
Qarabağda
…Vahid komandanlığın olmadığı, təxribatların baş alıb getdiyi bu ağır zamanda Azərin günü demək olar ki, Qarabağda keçirdi. Başqa jurnalist həmkarları kimi hər həftə Qarabağa yollanırdı.
O, indi həyata güllə ilə hədəfin arasındakı məsafədən – çiynində saxladığı və içərisinə bir dünya sığan bu kiçik gözlükdən baxırdı. Videokameranın obyektivini çevirdiyi hər yerdə müharibənin əsl simasını – ağla gələn, gəlməyən dəhşətləri görür, tarixin yaddaşına köçürürdü. Yanında hər an partlaya biləcək mərmi, yaxınlığına düşəcək raket, başı üzərindən, sağından-solundan keçən odlu güllələr öz hədəfini, öz qurbanını axtarırdı.
Onu düşmən gülləsindən qoruyan və bu şəkildə çəkiliş aparmasına şərait yaradan əsgər avtomatının susmaq bilməyən səsi qulaqlarında əks-səda verməkdə ikən o, videokameranın obyektivində yaxaladığı kadrı sonadək çəkə bilmək üçün bəzən təhlükəyə atılmaqdan belə çəkinmirdi. Döyüşdən-döyüşə, səngərdən-səngərə atılarkən ölümü hər an, hər dəqiqə başının üzərində hiss edirdi.
Bəzən əsgərlərə qoşulub vertolyotda, yük maşınında qaynar nöqtələrə ərzaq və silah aparılmasında iştirak edirdi.
Beləcə günlər güllənin müşayiəti ilə, od-alov içində ötüb keçməkdə idi.
Ermənilər böyük qüvvə ilə yenə hücuma keçmişdilər. Artıq bir saatdan çox idi ki, qızğın döyüş gedirdi. Bütün ziddiyyətlərə baxmayaraq Azərgil yenə iş başında idilər.
Səngərdə dayanıb düşmənin aramsız top, mərmi zərbələri altında döyüşü lentə alırdılar.
Vüqar bir az əvvəl getdiyi yerə təkrar qayıdıb gələndə Azəri öz yerində görmədi. Səngərdəki əsgərlərin düşmənə tuşladığı avtomatın səsi-sədası içində o, həmkarlarından Azəri soruşdu:
– Uşaqlar, hanı Azər?
Oğlanlar bir-birinə baxdılar, hər kəs çiynini çəkdi. Vüqar eyni sualı bu dəfə döyüşçülərə verdi. Onlara səsləndi. Lakin bu vurhavurda onu eşidən, sualına cavab verən olmadı.
Baxışları ətrafda onu aradı. Heç yerdə görmədi. Bir qədər irəlidə səngərin içinə, torpağın üstünə çöküb qalmış bir əsgər var idi. Vüqar səngərin içərisində əyilə-əyilə yüyürüb özünü ona çatdırdı. Həyəcanla ondan Azəri xəbər aldı.
18-19 yaşları ancaq olan hərbi geyimli oğlan titrəyirdi. Heyrətdən böyüyən gözləri bir nöqtəyə zillənib qalmışdı. Böyür-başında al qana boyanan, parça-parça olan cəsədləri görüb şoka düşmüşdü. Vüqarın heç bir sualına cavab vermək iqtidarında olmadı. Vüqar əlacsız qalıb o tərəf-bu tərəfə boylandı. O an ağlına hər şey gəldi. Düşüncələrinin təsiri ilə əsgərlərə bağırdı:
– Nə baş verdiyini kimsə bilmir? Hanı uşaqlar?
Gülləsi bitdiyi üçün darağı dəyişmək məqsədilə səngərin içərisinə yatan bir əsgər Vüqarın təlaşını görüb dedi:
– Bakılı bir neçə oğlan var, deyəsən tanışlarıdır. Mühasirəyə düşüblər, yaralıdırlar. Sənin dostun sizinlə gələn uşaqlardan biriylə ora getdi. – Başının işarəsi ilə qarşı tərəfi göstərdi.
Vüqarın bənizi ağardı.
– Bu neyliyir, ala? Dəli olub, nədir? – Azərin qarasına deyindi. Hirsini əsgərə tökdü.
Əsgər onda təqsir olmadığını izhar edən ifadə ilə çiyinlərini çəkdi.
– Dinləmədilər məni. – Dərhal da əlavə etdi. – Səhv etmirəmsə, özləriylə bir neçə əsgər də götürmüşdülər.
Əsgərin sonuncu sözləri Vüqarı özünə gətirdi. Daha heç nəyi düşünmədən başını qaldırıb əsgərin ona nişan verdiyi istiqamətə baxdı. Narahat baxışları bu vurhavurda Azərgili axtardı. Birdən xeyli aralıda tapdı onları. Fotomüxbir İntiqam da onunla idi.
Dalda yerlərlə güllədən qorunmaq üçün əyilə-əyilə irəliyə doğru qaçdıqlarını gördü. Vüqarın təlaşı daha da artdı. Səsi yetdikcə dostuna səsləndi:
– Azər! Ala, qayıt geri! Dəli olmusan?! Qayıt geri, deyirəm sənə! – Artilleriya zərbələri yeri-göyü titrədirdi, bu səs-küydə Vüqarı eşidən olmadı. Bu gərginliklə o, əlini hirslə əlinə çırpıb fısıldadı.
Arada bir dəfə videokameranın önünə keçib çəkilişə əngəl törədən əsgərlərdən birinə hirslə çəmkirdi:
– Çəkil görüm kadrdan… əhh!
Böyük itkilər bahasına başa gələn döyüş axşamadək davam elədi. Əsgərlər döyüş meydanından çıxara bildikləri yaralıları gətirmişdilər. Onların arasında əsgərin söz etdiyi bakılı Asim, Bəhram və Teymur da vardı. Hər üçü ağır yaralı idi.
Həmkarlarını qarşısında sağ-salamat görsə də, Vüqar aradan keçən bu bir neçə saat ərzində keçirdiyi həyəcan və stresdən hələ də özünə gələ bilməmişdi.
Ağır keçən döyüş sonrası materialı vaxtında ünvana yetişdirmək, efirə verə bilmək üçün Azərgil Bakıya qayıtmalı idilər. Onları vertolyota qədər aparacaq maşın gəlib çıxanda Vüqar xəbər vermək üçün bir qədər irəlidə əsgərlərlə söhbət edən Azərə yaxınlaşdı:
– Maşın gözləyir.
– Sən get.
– Başa düşmədim. – Vüqar çaşqınlıq içində onu süzdü.
– Mən qalıram. İki gün sonra qayıdacam.
Vüqarın rəngi-ruhu dəyişdi.
– Zarafat edirsən? Biz belə danışmamışdıq. Çəkilişi aparmısan, material var. Vaxt itiririk.
Azər cavab vermədən videokameranın düyməsini sıxıb işə saldı. Monitoru açıb lenti irəli-geri yığaraq kadrları əlüstü nəzərdən keçirməyə başladı.
Bütün bu müddətdə Vüqarın sual yağan, cavab tələb edən nəzərləri onun üzünə dikilmişdi. Sonda hövsələsini boğa bilmədi:
– Sən nə qurdalanırsan axı orda? Nə lazımdır sənə?
Azər kaseti videokameradan çıxarıb Vüqara uzatdı:
– Mən qalıram dedim. Sən götür bunu, get. Yubanma.
Vüqar bu cavaba qaşlarını çatdı. Zəndlə dostuna baxdı. Azər bu baxışların mənasını göydə tutub tamam sakit halda:
– Sən, məni düşünmə, get, – dedi.
Vüqar təbdən çıxdı. Əsəbini cilovlaya bilmədi. Bir gözü əsgərlərdə, dişlərini bir-birinə sıxaraq onu qınadı:
– Necə düşünməyim, ala? Heç bilirsən haradasan?
– Bilirəm.
Bu vaxt sürücü gözləməkdən usanıb ard-arda siqnal verdi. Əliylə onlara tələsmələrini işarə etdi. Vüqar bütün hirsini sürücüyə töküb israra başlayanda Azər ona üzünü bozardıb bilərəkdən sərt tonda çəkmirdi:
– Vüqar, get dedim sənə!
Vüqar ani olaraq duruxdu. Tərs-tərs dostunu süzüb, təəssüf hissi içində başını buladı.
– Sən dəli olmusan! Dəqiq belədir! Ağlın çaşıb!
Azər diqqət cəlb etdiklərini görüb, gözucu yenə əsgərləri süzdü. Əsəbiliklə başını bulayıb, Vüqara eşitdirdi:
– Özüvü lap uşaq kimi aparırsan. Fərqindəsən?
Vüqar kaseti hirs yağan bir əda ilə Azərdən alıb gərgin addımlarla maşına doğru yönəldi. Əyləşib, qapını çırpdı.
Azərin burada qalması onun ürəyindən deyildi. İki gün əvvəl danışıqlardan belə başa düşmüşdü ki, ermənilərin mövqelərini yoxlamağa gedəcək kəşfiyyat dəstəsi düşmənin arxasına keçib qüvvəsinin sayını, yerini müəyyənləşdirmək tapşırığı alıb. Azərin Bakıya qayıtmaqdan imtina etdiyini görəndə onun həmin dəstə ilə getmək niyyətindən duyuq düşmüşdü. Bu səbəbdən narahatlığı birə-beş artmışdı.
Günlər sonra Xocavənd rayonunun Qarakənd ərazisi yaxınlığında Azərbaycanın dövlət adamlarıının da olduğu Mİ-8 vertolyotunun vurulduğu xəbəri gəldi.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və televiziyanın işıqçısı Arif Hüseynzadə də var.
Xəbəri alanda Azərgil Ağdamda idilər.
Müxbirlərə hadisə yerinə yaxınlaşmağa icazə verilməsə də, uzun sürən danışıqlardan sonra əraziyə daxil olub çəkiliş apara bilmişdilər. Dəhşətli mənzərə idi. Vertolyotun qalıqlarını, yanmış cəsədləri lentə alarkən keçirdiyi izaholunmaz hisslər təsəvvürə gələ bilməyəcək qədər ağır idi.
İllər sonra faciənin nəticələrinin canlı şahidləri olmuş jurnalist Salman Alıoğlu və Azərbaycan Televiziyasının Qarabağ üzrə müxbiri Allahverdi Əsədov həmin hadisəni belə xatırlayacaqdılar.
Salman Alıoğlu: “…Təxminən saat 16 radələrində Ağdamda xəbər yayıldı ki, qəza baş verib. Onda “Qarabağ” qəzetində işləyirdim. Hadisə yerinə getdik. Ancaq sovet ordusu yolları bağlamışdı, heç kimi buraxmırdılar. Azərbaycan prokurorluğunun mühüm işlər üzrə istintaq idarəsinin əməkdaşları, poliş işçiləri, Ağdam prokurorluğunun işçiləri də əraziyə gec buraxıldılar. Jurnalistlərə isə qəzanın səhəri günü saat 11 radələrində icazə verildi. Əvvəlcə rəsmi məlumat yayıldı ki, vertolyot dumana düşüb və dağa dəyərək parçalanıb. Əslində erməni silahlı dəstələri onu raketlə vurub yerə salmışdılar, sonra isə yandırmışdılar. Bütün cəsədlər tanınmaz halda idi. Vertolyotdan 500-600 metr aralıda nazir müavini Qurban Namazəliyevin və bir az da aralıda Osman Mirzəyevin cəsədləri tapıldı. Görünür, onlar yerə düşəndə yaralı olublar və uzaqlaşmaq istəyiblər, ancaq ermənilər onları da öldürüb yandırmışdılar. İsmət Qayıbovun və Məhəmməd Əsədovun əynində kürk, kürkün altında isə silah var idi. Hadisə baş verəndən sonra həmin silahlar da tapılmadı. Mən 27 ildir eyni fikirdəyəm ki, vertolyot düşəndən sonra çoxu yaralı və sağ olub, yerdə ermənilər onları yandırıb, sonra da sənədlərini götürüblər. Siyahı dərc olunanda cəsədlərlə siyahıdakı adlar düz gəlmədi. Meyitlərin sayı az idi. Ola bilərdi ki, ermənilər rusları xilas edib, onlara ziyan vurmamışdılar”.
Allahverdi Əsədov: “Vertolyotla gedəcək komissiya üzvləri sırasında mən də var idim. Ancaq elə alındı ki, jurnalistlərdən yalnız Alı Mustafayev getdi. Mən onları Ağdamda gözləyəsi oldum. 1991-ci il noyabrın 20-də saat 5 radələrində məlumat gəldi ki, vertolyotu müəmmalı şəkildə vurublar. Bundan sonra hökumət siyahı tutmağa başladı ki, bəs orada kimlər olub. Hərc-mərclik idi, heç kim maraqlanmırdı. Halbuki faciənin baş verdiyi yerə getmək və maraqlanmaq lazım idi. Ərazi sovet qoşunlarının nəzarətində qaldı. Biz gecə Dağlıq Qarabağ Polis İdarəsində işləyən və oranı yaxşı tanıyan polkovnik Sadir Məmmədovla birlikdə o tərəfə keçməyə çalışdıq. Düz Qarakəndin axırına qədər getdik. Orada artıq tüstü görünürdü. Bizə qəti şəkildə bildirdilər ki, əraziyə, zonaya girmək olmaz. Üstündən bir sutka keçdi. Bakıda isə hələ də siyahı tuturdular. Səhərisi gün saat 11 radələrində sovet qoşunlarının müşahidəsi ilə biz ora yollandıq. Orada jurnalist yox idi. Mənimlə operator Tahir Qarayev idi. Alı Mustafayevin cəsədini, külə dönmüş bloknotunu gördük. O, hər şeyi qeyd edirdi. Onu götürmək istədik, amma icazə vermədilər, orada qaldı. Vaqif Cəfərovun, İsmət Qayıbovun meyiti orada idi. Ancaq 3-4 nəfərin meyiti yox idi. Onlardan biri də Xüsusi Təyinatlı Polis Dəstəsinin yaradıcısı, keçmiş daxili işlər naziri Məhəmməd Əsədov idi. Onunla birgə iki rus generalının da meyiti yoxa çıxmışdı. Ermənilər Məhəmməd Əsədovun başına pul qoymuşdular, mütləq onu aradan götürəcəkdilər. “Qara qutu” tapıldı. Operator onu götürüb gizlətmişdi, ancaq bizə dedilər ki, buradan müəyyən şeylər götürülüb, onlar geri verilməyənə qədər buraxılmayacaqsınız. Biz qutunu geri verdik. Xeyli vaxt keçəndən sonra Çingiz və digər jurnalistlər gəldilər. Tamerlan Qarayev, Rusiya Dumasının deputataları və başqa dövlət nümayəndələri orada idilər. Ayaz Mütəllibov isə orada görünmədi. Halbuki mütləq gəlməli idi. Bizə dedilər ki, qutunu Gəncəyə aparacaqlar. Sonra isə bildirdilər ki, guya əriyib yanıb. Ancaq bu ağlabatan iş deyildi. O elə bir materialdan düzəldilib ki, nə əriyər, nə də xarab olar. Hamısını yoxa çıxardılar. İstintaq qrupu tərəfindən bir çoban şahid kimi danışdırılmışdı. O, hadisə yerinə yaxın ərazidə qoyun otarırmış. Onda hətta “binokl” da var imiş. Çoban qəzanın necə baş verməsi ilə bağlı dəqiq məlumat vermişdi. Ondan mən müsahibə də götürmüşdüm. Ancaq çox təəssüflər olsun ki, çəkib göndərdiyim həmin müsahibə televiziyada yoxa çıxdı. Və efirə getmədi. Çoban müsahibəsində bildirmişdi ki, vertolyot atəş nəticəsində yerə düşüb. Və əlavə edirdi ki, yerə düşən kimi partlamayıb. Yerə düşəndən sonra yuxarı qalxmağa cəhd edib, ancaq qalxa bilməyib. Bizim çəkdiyimiz kadrlarda da görünür ki, Tofiq İsmayılovun üzü salamatdır, başının ortasında güllə yeri var. Bu da onu sübut edirdi ki, orada vertolyot partlaması olmayıb, hər şey sonradan ermənilər tərəfindən törədilib. Göy otun üstündə olan cəsədlər yanmaqdan qapqaradır, ancaq otlar isə gömgöy idi. Bütün bunlar hər şeyi açıb ortaya qoyurdu” (Mənbə: Azvision.az saytı).
Bu hadisə Azərin yadına həbsxanada kamera yoldaşı ilə olan bir söhbəti salmışdı.
O günlərdi ki, barmaqlıqlar ardında azadlığın ab-havasından xəbər-ətərsiz ötüb keçirdi, həmin ərəfələr yenicə həbs olunmuş Yaşar adlı bir məhbus nağıl edirdi ki, ermənilər Qarabağda həddən ziyadə fəallaşıblar. Kəndləri yandırır, işğal edir, günahsız insanları yurd-yuvasından didərgin salır, qətlə yetirir, girov götürürlər. Bir sözlə, vəziyyət günü-gündən gərginləşir.
Yaşar 23 -25 yaşlarında, bəstəboy, qarabuğdayı bir oğlan idi. Heç kəslə işi olmazdı. Daim özünə qapanar, fikrə gedərdi. Kamerada, məhbuslar arasında çox az adamla ünsiyyət qururdu. Əslində ona heç məhəl qoyan da yox idi. Burada ona ağıldan kəm, dəli gözüylə baxırdılar. Çünki hərdən nə vaxtsa başına gəlmiş hadisələri xatırlayıb öz-özünə danışır, qışqırıb-bağırır, əsib-coşurdu. Belə anlarda onu heç cür sakitləşdirmək, ona yaxın durmaq mümkün olmurdu. Şahid olduğu, yaşadığı dəhşətlər, haqsızlıqlar onu dəliyə döndərmişdi. Onun xəstəlikdən tutmaları tutanda nəzarətçilər kameraya doluşur, həkim çağırmaq əvəzinə bədbəxti təpikləyir, bağırır, söyür, sonra da sürüyə-sürüyə kameradan çıxarırdılar. Heç kəsin onu müdafiə etməyə ixtiyarı yox idi. Əks halda özü cəza alacaqdı. Belə ağır və dözülməz anlardan birində Azər nəzarətçiyə irad tutduğuna görə rezin dəyənəkdən ona da pay düşmüşdü.
Növbəti gün oğlan yenidən kameraya gətirildiyində quzuya dönər, sakit, lal-dinməz olardı. Dünən nə baş verdiyi yadından çıxır, öz aləmində, xəyallar dünyasında itib-batırdı.
Təcridxanalarda, həbsxanalarda gördüyü əziyyətlərdən sonra orqanizmi zəif düşmüş, ovurdları batmış, gözləri çuxurda qalmışdı. Çöhrəsi solğun, bəmbəyaz idi. Amma aşkar bilmək olurdu ki, həbsə düşməzdən əvvəl sağlam, yaraşıqlı oğlan olub.
Bir neçə il əvvəl hərbi hissədə zabit kimi qulluq edərkən Yerevanda həbs olunan və altı ay orada qalandan sonra Şuşa türməsinə etap edilən Yaşar cəzasının üçüncü ilində dilinin bəlasına düşmüş, nəzarətçini söyüb təhqir etdiyinə görə barəsində ikinci dəfə cinayət işi açılmış və bir müddət əvvəl bura etap olunmuşdu.
Gəldiyi ilk gündən sanki köhnə tanışını görən adam sayağı diqqətlə Azəri süzürdü. Acı istehza, acı təbəssümlə:
– Sənin də yolunu buralardan saldılar, ay brat? Bəs, niyə belə? – deyə sualına cavab almadığını görəndə eyni eyhamla öz sualını özü cavablandırırdı. – Bu dünyanın qulaqları haqqa kardır, qardaşım. Bilmiş ol!
Onun Azərlə ilk söhbəti belə olmuşdu. Həmin gün o özü keçib Azərin yanında əyləşərək:
– Bir dəfə Ağdamda görmüşdüm səni, reportaj hazırlayırdınız, – demişdi. Bir qədər huşa gedib, sonra maraqla soruşmuşdu. – Sən mənim canım, de görüm, çəkdiklərini bu vaxta qədər sərbəst işıqlandıra bilmisənmi?
– Konkret olaraq nəyi nəzərdə tutursan? İşıqlandırmaq üçün mövzu, problem çoxdur.
– Sən mənim nə demək istədiyimi anladın. – Yaşarın dodağı qaçmışdı. – Mən aldım cavabımı, brat, sən özünü yorma. Bu arenada söz demək indi qəliz məsələdir. Sənin də yolun buradan düşdüyünə görə…
Ürəyi dolu idi. Sanki yığılıb qalan gileyini, şikayətini Azərə edirdi.
Çox qəribə və həm də maraqlı insan idi. Ağlı başında olanda, normal insan kimi, məntiqli söhbətlər edir, düşündürücü fikirlər yürüdürdü.
Bir başqa söhbətdə düşüncələrinin davamı kimi bu qənaətlə belə deyirdi Yaşar:
– “Yeddi oğul istərəm” filminə baxmısan da.
– Əlbəttə.
– Gəray bəyin yeddi patronu bir sıraya düzdüyü səhnə yadındadır da. Yəni hər oğula bir güllə.
Azər bütün diqqətini ona cəmləmiş bir ifadə və eyni təmkinlə cavab verdi:
– Yadımdadır.
– Bizim güllələrimizi də belə ayırıblar, brat. Bu torpaq üçün dillənəni əbədi susduracaqlar. Əzəldən belə olub, belə də olacaq. Nə qədər say-seçmə oğullar var, yəni bu millətin təəssübünü, qeyrətini çəkənlərin, onu düşmənə vermək istəməyənlərin, istər ziyalı olsun, istər sıravi vətəndaş, sən və ya mən, dəxli yoxdur, kişioğlu, hərəmizə bir güllə çaxılacaq. Görərsən. Mən ölü, sən diri! Bu məmləkətdə biqeyrətin sayı nə qədər çox olsa, bir o qədər arxayınlıq olar. Yəni bu hadisələrdən maraq güdənlərin ayağına dolaşmazlar da. Çünki Qarabağ indi yağlı bir tikədir ki, onun marağında olanlar, qan iyinə yığışan ağzıqanlı yırtıcı kimi hərəsi bir tərəfindən yapışıb, didişdirir. Başa düşdün də məni.
Ətraf aləmdən, normal həyatdan təcrid olunmuş bu məkanda Azər sanki gizli bir dünya, oxunmamış bir kitab kəşf eləmişdi bu insanın timsalında. Onu böyük maraq və diqqətlə öyrənməyə çalışırdı.
İki gün əvvəl Yaşarın yenə tutması tutmuşdu. Bu gün əzgin, yorğun, halsız adamlar kimi narada büzüşüb qalmışdı. Birdən sanki donu açıldı.
– Fikir verirəm sənə, burada əksəriyyətdən fərqli olaraq təəssübkeşsən. Qeyrətin, təpərin var. Amma sənin kimi adamlar bu cəmiyyət üçün lazımsızdırlar. Ayaq bağıdırlar. Bax gör, haqsızlıq nə günə qoyub məni? – Öz aqibətinə acı kinayə ilə güldü. – Biqeyrətliyi qəbul edə bilmirsənsə, namussuzluğa göz yummaqda acizsənsə, işin çətindir. Məni məcbur etdilər ki, boynuma alım, etiraf edim biqeyrətəm, bişərəfəm! Mənim də tərs damarım tutdu, öz bildiyimi dedim. Nəticə nə oldu? Damğa vurdular bir-birinin üstündən. Guya vətənə xainlik etmişəm, satqın olmuşam. Üstəlik, silahı qoyub fərarilik etmişəm. Döyə-döyə başımı xarab elədilər.
O, məşəqqətli həyat tarixçəsini Azərə özü danışmışdı. Nağıl elədiklərindən aydın olurdu ki, gənc yaşında çəkmədiyi zillət, zülm qalmayıb.
“…Hələ erməni-müsəlman davasının yeni-yeni başladığı bir ərəfə idi. Yerevanda xidmət edirdim. Bir gün tabeliyimdə olan əsgərləri təlimdən geri qaytararkən meşə yolunda azərbaycanlı yaşlı ər-arvadın iki sərxoş, nəşələnmiş erməninin qarşısında diz çöküb aman dilədiklərini gördüm. Erməni quldurları onların yolunu kəsib silahla qorxudur, hədələyir, təpik vurub, söyürdülər. Əllərində olan nə varsa soyub talamışdılar. Lakin bununla da kifayətlənməyib onlardan ayaqqabılarının altını öpməyi tələb edirdilər. Əks təqdirdə öldürəcəkləri ilə təhdid edirdilər. Biçarələr tamam köməksiz vəziyyətdə idilər. Mən onları yaxın məsafədən izləyirdim. Daha dözə bilmədim. Silaha necə əl atdığımı, nə vaxt, neçə atəş açdığımı heç özüm də bilmədim. Bir də onda gördüm ki, dığalar yerdə donuz kimi bağıra-bağıra ağnayırlar. Mənim qəflətən meydana çıxmağım qadınla ərini sanki yenidən dünyaya qaytarmışdı. Çaşqınlıq içində ətrafa baxanda ağacların arasından çıxıb onları qaçmağa tələsdirdim. Qadın məni qucaqlayıb hönkürdü:
– Ay oğul, onlar səni sağ buraxmazlar. Bu saat harada olsa at ilxısı, köpək sürüsü kimi töküləcəklər bura. Bizə görə başına iş açdın.
Tanımadığım bu yaşlı qadın mənə il yarımdır görmədiyim anamı xatırlatdı. Qəhər məni boğdu”.
Yaşar danışdıqca titrəyir, üzünün əzələləri, dodaqları səyriyirdi. Təcridxanada vəhşicəsinə döyülərkən üst dişlərindən ikisi sınmışdı. İndi böyük gərginlik və həyəcan içində danışdığı üçün nitqində qüsur yaranır, çətinlik çəkirdi.
– Nə isə… – Yaşar sözünə qaldığı yerdən davam elədi. – Qadın mənə dua eləyib Allahı mənim köməyimə çağıraraq göz yaşları içində əri ilə oradan uzaqlaşdı.
Erməni dığaları çoxdan gəbərmişdilər. Biz vaxt itirmədən meşəliklə hərbi hissəyə qayıtdıq. Hərbi hissədə hadisəni olduğu kimi danışdım. Aradan on dəqiqə keçməmiş məni tərk-silah edib qollarımı buraraq birbaşa qaupvaxta saldılar. Tabeliyimdə olan və o gün orada hadisəni gözləri ilə görmüş əsgərlərin gözlərini qorxutmaqla üzümə durmağa, haqqı danmağa məcbur etdilər”.
Beləliklə, Yaşar hərbi tribunala verilir. Onu iğtişaş yaratmaqda, dinc insanları heç bir təqsiri olmadığı halda qətlə yetirmək, habelə xidməti silahını atıb qaçmaqla fərarilik etməkdə ittiham edirlər. Sumqayıtdan olduğunu biləndən sonra ona qarşı təzyiqlər daha da güclənir. Sonradan Şuşa türməsinə gətirilən Yaşar çəkdiyi zülmlərə son qoyulacağını sanarkən yanıldığı meydana çıxır. Şuşa türməsi onun düçar olacağı yeni əzabların beşiyinə çevrilir. Döyülməkdən, başına dəyən saysız-hesabsız dəyənək zərbələrindən sinir sistemi ağır zədə almış, əsəbləri pozulmuşdu. Cüzi bir sarsıntı, gərginlik bəs edirdi ki, başında tutma şəkilli şiddətli ağrılar qopsun. Sonuncu dəfə tutması tutanda ondan iki gün xəbər-ətər gəlmədi. Üçüncü gün məhbuslar vasitəsilə kameraya xəbər ötürüldü ki, tibbi-sanitar hissədə dünyasını dəyişib. İndi Azər bütün bunları yenidən xatırlayarkən acı təəssüf hissi ilə düşünürdü: Yaşar düz təxmin etmişdi, hər qeyrətli oğula bir güllə ayrılmışdı.
(Ardı var)