Svetlana ruslara üz tutub
- 09 Sentyabr 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya sentyabrın 9-da Rusiya vətəndaşlarına müraciət edib. Novator.az-ın məlumatına görə, o, Aleksandr Lukaşenko rejiminə qarşı hərəkatın Rusiya əleyhinə yönəlmədiyini deyib, belorus və rus xalqlarının hər zaman yaxın qonşu, dost olduğunu vurğulayıb.
Avqustun 9-u Belarusda prezident seçkisi keçirilib. 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib elan edilib, müxalifətin əsas namizədi Svetlana Tixanovskayanın 10,1 faiz səs yığdığı bəyan olunub.
İctimaiyyət seçkinin rəsmi nəticələrini qəbul etmir, ölkədə davamlı etiraz aksiyaları keçirilir, hakimiyyət isə repressiyalar aparır. Seçkinin nəticələrini tanımaqdan imtina edən Svetlana Tixanovskaya ölkədən çıxarılıb, Litvada məskunlaşıb.
Avropa İttifaqı ölkələri, ABŞ və başqa demokratik dövlətlər prezident seçkisinin nəticələrini tanımır.
Rusiya vətəndaşlarına 9 sentyabr müraciətində Aleksandr Lukaşenkonu saxtakarlıqda ittiham edən Svetlana Tixanovskaya deyib ki, əksər ölkə onu legitim dövlət başçısı saymır, Belarus xalqı da prezident kimi qəbul etmir.
Müxalif liderin müraciəti Aleksandr Lukaşenko Rusiyanın bir neçə media qurumuna verdiyi müsahibə fonunda yayılıb. Sentyabrın 8-də verdiyi həmin müsahibədə Aleksandr Lukaşenko Belarusdakı etiraz aksiyalarının həm də Rusiyada sabitliyi pozmaq məqsədi güddüyünü iddia edib.
1982-ci il təvəllüdlü Svetlana Tixanovskaya Mozır Dövlət Pedaqoji Universitetini ingilis və alman dilləri müəllimi ixtisası ilə bitirib, müxtəlif qeyri-hökumət təşkilatlarında tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Onun həyat yoldaşı, müxalif bloqçu Sergey Tixanovski həbsdədir.
1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.