
Firuzə Davudqızı
Dördüncü hissə
1 ay sonra
Rusiya
Dəstənin idarəedicilərindən olan və çevrəsində “Əqrəb Həmid” ləqəbi ilə tanınan 35-38 yaşlarında bir nəfər, demək olar ki, hər həftə baş çəkdiyi malikanənin dəmir tor barmaqlı darvazaları önündə maşını saxlayıb yerə endi.
Mühafizəçilər onu görən kimi özlərini yığışdırıb ciddi ifadə aldılar.
O, təbiətinə xas soyuq ifadə ilə onların yanından ötüb keçdi, həyətə daxil oldu.
Hər iki tərəfi bəzək kolları ilə əhatə olunmuş, bir ucu pilləkənin önündə qurtaran səki ilə addımlamağa başladı. İki hissədən ibarət mərmər döşəməli iri pilləkənin ağzındakı heybətli şir heykəllərinin arasından keçib yuxarı qalxdı. Zəngin düyməsini sıxıb gözlədi. Çox keçmədən qapını üzünə açan xidmətçi onu görən kimi “Buyurun” dedi.
Və beləcə o, dəbdəbəsi ilə göz oxşayan malikanəyə daxil oldu.
Həmişəki kimi xidmətçinin müşayiəti ilə ikinci mərtəbəyə qalxıb dəhlizin sonundakı salona doğru addımladı. Xidmətçi onu salonun girişinə kimi müşayiət edib geri qayıtdı.
Dəhlizə atdığı birinci addımda onu Mortsartın simfonik əsərinin sədası qarşıladı. Bu artıq ona sahibinin son dərəcə gərgin olduğunu və adəti üzrə musiqi dinləməklə qəzəbini yatırtmağa çalışdığını deyirdi. Bunu hiss edəndə ikiqat məsuliyyət hissi duymağa başladı. Salonun astanasında ayaq saxlayıb, gözlədi.
Kresloda aramla yellənən, barmaqları arasında siqar tutmuş və gözlərini qapayıb bütün diqqətini musiqiyə kökləyən 60 yaşlı adam onun gəldiyindən artıq xəbərdar idi. Güclə sezilə biləcək bir tövrlə xəfifcə gülümsündü.
Bu, Feliks idi. O, illər əvvəl qəzadan sağ çıxsa da hüquq mühafizə orqanları əməkdaşlarından qurtulmağı bacarıb, ad-soyadını dəyişərək saxta pasporta yiyələnmiş, başqa birinin adının kölgəsində öz cinayətlərinə davam etmişdi.
Aradan bir müddət keçəndən sonra o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan narkotacirləri, oğrubaşılarını, dələduzları bir araya cəmləmiş, öz əhatəsini genişləndirib, böyük qüvvə toplayaraq qısa müddətdə xeyli varlanıb güclənmişdi.
Feliks Həmidin içəri daxil olmaq üçün dayanıb gözlədiyini görürdü. Ağır bir hərəkətlə yerindən qalxıb qrammofonu söndürdü. Həmidə baxmadan irad dolu bir ahənglə:
– Bilə-bilə ki, məhz bunu sevmirəm, yenə gecikirsən, – dedi.
Həmid baxışlarını yerə dikdi. Üzrxahlıq edib, dilini sürüdü:
– İşlər bir balaca uzandı.
Feliks eyhamla gülümsündü:
– Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər, Həmid, amma unutma ki, bədbəxt etməyin min yolu var əllərində. Bu iki bəladan həmişə qoru özünü. Qadın və nəfs.
Həmid rəng verib, rəng alaraq nə isə deməyə çalışdı. Lakin Feliksin onu, xüsusilə də özünə bəraət qazandırmaq üçün gətirəcəyi bəhanələri dinləməyə həvəsi olmadı.
– Bakıdan nə xəbər var? – deyə qısa və konkret şəkildə ona ünvanladığı sualla Həmidin sözünü kəsdi.
Həmid boğazını arıtlayıb:
– Xəbərlər çoxdur, şef, – dedi.
– Vacibindən başla. Səni dinləyirəm. – Feliks çevrilib zəndlə Həmidi süzdü. – Buyur.
Həmid bu baxışlardan duruxsa da özünü itirmədi.
– Məlumat almışıq ki, yaxın günlərdə Əhmədovun evində “Vağzalı” çalınacaq. Oğlunu evləndirir.
Feliksin üzündəki ifadə həmin anda dəyişdi. Bir xeyli sükut içində dayandı. Sonra düşüncəli halda Ənvərin kiminlə qohum olması ilə maraqlandı. Həmid bu suala ətraflı cavab verdi. Feliks ağır-ağır başını tərpətdi:
– Çox gözəl! Çox pakizə! – Sinə dolusu nəfəs aldı. – 26 ildir bu günü gözləyirəm, – dedi. – Belə gözəl xəbərdən sonra məcburam səni əfv edim. Məsuliyyətsizliyin bağışlanmazdır, amma olsun.
Həmid istehzalı bir təbəssümlə başını aşağı saldı.
Feliks yenidən sükuta qərq oldu. Bu sükut Həmiddə maraq oyatdı. Fikrini öyrənmək üçün məqsədli şəkildə:
– Əmrinizi gözləyirik, – dedi.
Həmidin bu sözü ilə şəhadət barmağını havaya qaldırıb tənbehedici bir tərzdə aramla silkələyən Feliks:
– Tələsmə! – dedi. – Dərhal da fikrinə aydınlıq gətirdi. – Əqrəb xisləti ilə hərəkət edəcəksiniz! Əqrəb xisləti ilə! Unutma!
– Aydındır. – Həmid müticəsinə başını tərpətdi. Və bütün diqqəti ilə onu dinləməyə davam etdi.
– Həyat belədir, Həmid. Bir üzü sevincdirsə, o biri üzü əmin ol ki, qəm-qüssədir. Bir gün sevindirirsə səni, sabah bil ki, mütləq kədərlə sınağa çəkəcək. Neyçün? Ona görə ki, yaşadığın xoş günün dəyərini, qiymətini biləsən. Pis günə daima hazır olasan. Ancaq insan övladı çox nankordur, Həmid. Mən daxil, sən də, o da… Cümləmiz! Çünki sevinci dadanda bu hissin uzun sürəcəyini düşünüb, hər şeyi unuduruq. Geridə qalan hər şeyi. Amma bir dəfə olsun ağlımıza vurmuruq ki, geridə qaldığını düşündüyümüz həmin o keçmiş gələcəkdə mütləq haradasa qarşımıza çıxacaq. Mütləq çıxacaq! Öz növbəmizi gözləyək. Əlbət, hər işin öz məqamında görüləcək hesabı var.
Həmid başını tərpədib Feliksin sözlərini təsdiqlədi. Feliks yenidən öz düşüncələrinə qayıtdı. Ənvərin qarasına:
– Əminəm ki, o hələ də bu qocanın kimliyi barədə düşünür, – dedi. Ölçüyə gəlməyən kin-küdurətli bir səslə pıçıldadı. – Az qalıb, lap az!
Bakı
Bir neçə gün sonra dostlar yenə bir yerə yığılmışdılar.
Təbriz adəti üzrə gitaranı götürüb barmaqlarını simlərin üzərində gəzdirərək zümzümə edirdi. Ətrafına yığılan dostları məmnunluqla onu dinləyir, Azər qonşu otaqda həmkarı Yusiflə telefonla danışırdı. Bir qədər sonra dəstəyi üstünə asıb aldığı xəbəri dostları ilə bölüşmək üçün fərəhi köksünə sığmayan bir ifadə ilə onların yanına qayıtdı. Diqqətlə oğlanları süzüb, gözlərinin içi gülə-gülə:
– Deməli, belə uşaqlar! – dedi. – Studiyamız üçün münasib bir ad fikirləşib tapmaq lazımdır.
Dostları sual dolu nəzərlərlə bir-birlərini süzdülər.
Azər ona ünvanlanmış suallar qarşısında bəxtiyarlıqla gülümsündü. Lakin həmkarlarını çox intizarda saxlamaq istəmədi. Yusifin ona verdiyi xəbəri dostlarına çatdırdı.
Moskva Televiziyasında müstəqil fəaliyyət göstərəcək studiyanın yaradılması üçün müraciətə müsbət cavab verilmişdi. Bu minvalla xarici telekanallarla da əməkdaşlıq etmək və informasiya blokadasında olan Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq imkanı əldə edəcəkdilər.
Ceyhun bunu eşidib qürur hissi ilə dedi:
– Bu çətin və məşəqqətli yolda hər birimizə ilk öncə səbir, enerji və bol-bol uğur arzu edirəm, uşaqlar!
Həmkarları da onun sözlərini təsdiqlədilər.
– Uğurlar, dostum! – Vüqar yumruğunu şəstlə Azərin yumruğuna döyəclədi. Fərəhlə ona sarıldı.
Bu mövzu ətrafında söhbət beləcə davam etməkdə idi ki, qapının zəngi çalındı. Hamı o anda qeyri-ixtiyari dönüb Vüqara baxdı. Bu baxışların mənasını anlayan Vüqar özünü sındırmadı:
– Həmişəki kimi yenə mən. Düz başa düşdüm?
Ceyhun güləş ifadə ilə onun kürəyinə vurdu. Könülsüz-könülsüz yerindən qalxan Vüqar deyinə-deyinə dəhlizə keçdi. Və çox keçmədən pərt halda salona qayıtdı.
– Səni soruşurlar, atam, – deyə ehtiyatla Azərə baxdı.
– Kim?
Vüqar bir gözü Ceyhunda Azərin sualına dilini sürüyərək cavab verdi:
– O gəlib.
Dostunun üzündəki ifadədən xeyir əlamət sezməyən Azərin qaşları çatıldı. Şübhə ilə onu süzdü:
– O, deyəndə, kim?
Vüqar cavab verməkdə tərəddüd edib təkrar Ceyhuna baxdı və işarə ilə göz-qaşını oynatdı. Narazılıqla dodaqlarını büzdü.
Azər heç nə başa düşməyib dəhlizə, oradan da qapıya üz tutdu.
Gələnin kim olduğunu görəndə isə yer-göy başına fırlandı.
Qapının kandarında dayanıb həyəcanla onu gözləyən, sünbül sarısı dalğalı saçları, gözəl siması, ehtiraslı baxışları olan bu cazibədar qadın Azərin illər əvvəl ilk dəfə Rusiyada məclislərin birində rastlaşdığı, lakin Bakıda tanış olduğu və bir müddət sevgi münasibəti yaşadığı Roza idi.
Qaşları düyünlənən, üzü sərt ifadə alan Azər bir gözü açıq qapıdan dəhlizi müşahidə edə-edə:
– Sənin burda nə işin var? Xəstəsən sən? – deyə hiddətini zorla boğdu. – Nə etdiyinin fərqindəsən, yoxsa ümumiyyətlə normal düşünə bilmirsən?
Roza ona ünvanlanan sualları duymamış kimi davrandı. Həsrətli baxışlarla Azəri süzüb irəli yeridi. Qollarını boynuna dolayıb ona sarılmaq istədi. Lakin bu cəhdi boşa çıxdı. Azər əlinin bir həmləsi ilə dərhal qapını qapayıb, onun biləklərindən yapışdı. Və özündən ayırıb, iyrənirmiş kimi həqarətlə geri itələdi.
Roza talan olmuş baxışlarla Azərə baxıb:
– Bu qədər zalım olma. İllərdir üzünü görmürəm, – dedi. – Eşitdim Bakıdasan, gəldim səni görəm.
– Səhv eləyibsən! – Azər onun sözünü ağzında qoydu. – Həddivü aşma!
– Bunu da çox görürsən mənə?
– Uzatma da, adamsan, adam balasısan! – Qonşuların şahid olacağından ehtiyatlanan Azər səbri daralmış halda qolundan tutub onu pilləkənlərə doğru apardı. Rozanın təəccüblə ona verdiyi heç bir suala cavab vermədən onunla birlikdə yaşadığı binanın həyətinə endi. Alovlanan qəzəbi ilə Rozadan çıxıb getməsini tələb etdi.
Roza getmək əvəzinə inadla söhbəti uzatmağa çalışırdı.
Azər gərilmiş halda ona səsini bozardaraq:
– Mən son sözümü sənə beş il bundan əvvəl demişəm! – dedi. – Aç qulaqlarıvı yaxçı-yaxçı eşit: sən mənimçün bir heçsən! Bir heç! Bunu biryolluq dərk eləginən, özüvü bundan artıq alçaltma! Onsuz da yerlə birsən!
Roza tutulub qaldı. Bununla belə gileyləndi:
– Dinləməyi belə çox gördün mənə. İzah etməyimə fürsət vermədin. Dinləmədən son qoydun hər şeyə! – dedi.
– Məni məcbur eləməginən təhqirə keçim də. – Azər narazılıqla üz-gözünü turşutdu. Dərhal da sərt ifadə ilə çəp-çəp Rozaya baxaraq dişlərini acıqla bir-birinə sıxdı. – Ay qız! İş-gücümü atıb düz bir həftə səni izləyib eyni pəzəvənglə görmüşəm. Bu səhv deyil. Bu… özün də gözəl bilirsən nədir, nə deməkdir. Sən həddindən ziyadə ağıllı, fəndgir ola bilərsən. Amma bu variantlar mənə işləməz. Sən mənə oyun oynaya, kələk gələ bilməzssən!
– And içirəm ki, heç nə sən düşündüyün kimi deyil. Bilmədiyin çox şey var. Açıb-ağarda bilmirəm. Xəbərin yoxdur ki, mənim həyatım istəmədiyim halda necə cəhənnəmə çevrilib. Həyatımı idarə edirlər.
– Nağıl bitdisə, gedə bilərsən. – Azər gərildi. Acı istehza ilə dedi. – Geri dönməmək şərti ilə!
– Azər…
– Sənin hənirtini belə duymaq istəmirəm bu həndəvərdə! – Azər nifrətlə Rozanı süzüb barmağını qeyzlə silkələdi. Ona olan qəzəbini səsinin ahənginə qatıb davam etdi. – Sənin nəfəs aldığın şəhərdə səninən eyni havanı udmamaq üçün illərlə buradan ayrı yaşadım. Başa düşürsən? Geri dönmədim ki, yenidən səninən üz-üzə dayanım!
Roza göz yaşlarına boğuldu. Əzab içində gözlərini sıxdı.
– Bilirsən, əslində necə şükür edirəm? Yaxşı ki, iç üzün vaxtında açıldı. Yaxşı ki, eşqin ürəyimə yol tapmadı, yoxsa həqiqətən istəyinə çatmış olacaqdın. Ziyanın yarısından qayıtmışam. – Azər bir anlıq susub, sonra yenidən dilləndi. – Eşit və bil: sən bağışlaya bilmədiyim ən böyük səhvimsən! Həyatımın qara səhifəsisən! Qapansın! Silinsin! Bitsin biryolluq! İzah edə bildim?
Roza gözlərini Azərdən çəkmədən səsi titrəyə-titrəyə:
– Nişanlanmısan, – dedi. – Doğrudur bu xəbər? – Dodaqları səyridi.
Onun bu sualı Azəri özündən çıxardı. Həqarətlə:
– Başa düşmədim, sənə nə!
Roza məyusluqla köks ötürdü.
– Sənin barəndə necə planlar cızıldığını xəyal belə edə bilməzsən.
– Çünki xəyalpərəst deyiləm, reallıqla yaşamağı üstün sayıram. Və bunu dəqiq bilirəm ki, sən xəyal kimi də görmək, xatırlamaq istəmədiyim ən son insansan. Aydın oldu?
Bu sözlər ürəyinə xəncər kimi saplansa da Roza tamam başqa söz dedi:
– Evlənmə o qızla. Səni necə bir fəlakət gözlədiyindən xəbərin yoxdur. Evlənmə!
– Gedə bilərsən! – Azər Rozanı gözləyən taksinin arxa qapısını açıb Rozadan əyləşməyi tələb etdi. – Bir də belə səhvə yol verməginən!
Rozanın ona zillənmiş qüssəli baxışlarını görməzlikdən gələrək qapını çırpıb örtdü. Barmaqlarının ucuyla ön pəncərənin şüşəsini döyəcləyərək sürücüyə “sür” işarəsi verdi.
Maşın hərəkətə keçdi. Gəldiyi yolla geri dönüb binaların arxasında görünməz oldu.
Azər gərginliyi üzərindən atmaq üçün həyətdə yubanıb sakitləşməyə çalışdı, lakin bacarmadı. Hirsini cilovlaya bilməyib yumruğunu divara çırpdı:
– Bir bu çatmırdı!
Bir qədər sonra əhvalı korlanmış, qanı qaralmış halda mənzilə qayıtdı. Bu əhvalda daha dostları ilə üzbəsurət əyləşməyə özündə güc tapmayıb, birbaşa eyvana çıxdı. Gərginliklə nəfəs alıb verərək siqaret çıxarıb alışdırdı. Dərin-dərin sümürdü.
Vüqar məsələni anlayıb dostunun yanına getmək istədi, Ceyhun qolundan tutub onu saxladı:
– Ehtiyac yoxdur. Tək qalmaq istəyir.
Vüqar dostunun sözünü yerə salmayıb salona qayıtdı.
(Ardı var)