Firuzə Davudqızı
Aydan
Gözəl bir yay səhəri idi. Mən yuxudan oyanıb, yatağın içində adətim üzrə yarıyuxulu bir xeyli ətrafa baxınıb gərnəşdim.
Tənbəl-tənbəl yerimdən qalxıb əynimi geyindim. Aynanın qarşısına keçib saçlarımı daraya-daraya gördüyüm yuxunun təsiri ilə öz-özümə gülümsədim. Onu görmüşdüm yuxuda. Xəyalı ilə yaşadığım, lakin məndən xəbəri olmayan bir adamı.
Yuyunub həyətə enəndə bütün ailə səhər yeməyi üçün həyətin ən gözəl guşəsində açılmış masanın arxasında əyləşmişdi.
– Sabahınız xeyir! – Şən əhval-ruhiyyədə hamını salamlayaraq hər zaman olduğu kimi anamın, sonra da atamın üzündən öpüb yanındakı stulda əyləşdim.
Xidmətçimiz Məqbulə mənə qulluq göstərməyə başladı.
Mən gələndə anam atamla nə barədəsə danışırdı. Sözünə qaldığı yerdən davam etdi:
– Nə vaxtdır gedib baş çəkmirəm. Heç yaxşı deyil. İstəyirəm gələn həftə qızları da götürüb gedim. Nadir, nə deyirsən?
Atam etiraz etmədi:
– Sən necə istəyirsən.
Bunu duyanda:
– Əla! – deyə bacım Fatimə gülərüz mənə baxdı. Mən də eyni qaydada onu süzdüm.
Söhbət anamın böyük xalasından gedirdi. O, əri ilə Buzovnada yaşayırdı. Övladları olmadığından saray kimi evdə yalqız yaşayırdılar. Yəqin buna görə idi ki, bizi görəndə sanki dünyanı bu yaşlı insanlara verirdilər.
Nənəmin vəfatından sonra anam onun ətrini xalasından alırdı. Nə zaman sıxılsa, ürəyi dolub qabarsa onun yanına qaçırdı. Hər gedəndə bizi də özü ilə aparırdı. Və biz də təbii ki, bundan çox məmnun idik. Çünki orada gözəl vaxt keçirib, ürəyimiz istəyən kimi əylənirdik. Dənizin gözəl mənzərəsində ruhumuz dincəlirdi. Şəhərin səs-küyündən uzaq, sanki başqa bir dünyaya atılırdıq.
Çaydan bir qurtum almışdım ki, anam hər zamankı təkəbbürlü ifadəsi ilə masadakıları süzüb, xəbərdarlıq etdi:
– Qızlar, sabah Zivər bibiniz bizə gəlir. Nöqsan istəmirəm.
Əslində bu üstüörtülü xəbərdarlıq mənim nəzərimə çatdırılırdı.
Başımı qaldırıb qanıqara halda masada mənimlə üzbəüz, anamın yanında əyləşən bacılarımı – məndən iki yaş böyük olan Türkanı və bir yaş böyük olan Fatiməni süzdüm.
Türkanın üzündə səbəbini anlamadığım tutqun ifadə vardı. Rəngi boğulmuşdu. Fatimə isə halıma yanar baxışlarla məni süzürdü.
Bunun nə məna daşıdığını artıq gözüyumulu bilirdim. Odur ki, bu xəbərə sevinə bilmədim. Zivər bibinin gəlişinin məqsədi mənə gün kimi aydın idi. Oğlu Saleh üçün elçilik etməyə gəlirdi.
Salehlə aramızda on yaş fərq vardı. Onu sonuncu dəfə illər əvvəl, təhsilini davam etdirmək üçün xaricə yola düşəndə görmüşdüm. Xəyal kimi xatırlayıram, mən o zamanlar gəlinciyimlə oynayan balaca bir uşaq idim. Saleh təhsilini başa vurandan sonra daha vətənə qayıtmamışdı. Bir il bundan əvvəl, yəni mən məktəbi bitirdiyim ərəfədə, Salehin bacısı Gülnarın doğum günündə çəkdirdiyim fotoşəkli bibim bir neçə şəkillə birlikdə Salehə göndərib.
Həmin vaxt Salehin diqqətini bacısının yanındakı qız çəkib. Anasından bu qızın kim olduğunu soruşanda bibi də “Dayın qızı Aydandır. Sən görəndə uşaq idi, tanımamaqda haqlısan. İndi, maşallah, bir qız olub ki…” deyib. Bütün bunları Zivər bibi anama danışanda, əslində isə mənə eşitdirəndə bilmişdim. Həmin vaxtdan Saleh hər telefon zəngində bir bəhanə ilə məni xəbər alıb anasından. Üstüörtülü də olsa mənimlə maraqlanmağa başlayıb. Oğlunun niyyətindən duyuq düşən bibim onun fikrinin ciddi olduğunu dəqiqləşdirəndən sonra bu məsələni gəlib atamla danışıb, ağzını arayıb. Bacı-qardaş öz aralarında razılığa gələndən sonra atam da sözü anama açıb. Artıq bir ildən çox idi ki, bizim evdə bu söhbət gedirdi. Lakin mən razılıq vermədiyim üçün iş uzanırdı. İstəmədiyimi evdə hər kəs bilirdi. Amma buna baxmayaraq dost-tanış, qohum-əqrəba məni artıq Zakirlə Zivərin gəlini hesab edirdilər.
Atam bacısı ilə razılaşdığı üçün ona rədd cavabı verməmək ümidiylə mənim yola gələcəyimi gözləyir, anam isə bu işin baş tutacağını, ayrı yolumun olmadığını mənə sübut etməyə çalışırdı.
Atam masadan qalxanda dərhal dilləndim:
– Ata, Dilarəgilə getmək istəyirəm. Olar?
– Olmaz! – Atamdan əvvəl anamın sərt səsi eşidildi.
Dodağımı dişlərimin arasında sıxıb, təkrar atama baxdım. İntizarla nə deyəcəyini gözlədim.
Anamın sözlərinə rəğmən atam son dərəcə ciddi səs tonu ilə:
– Sən hazır ol, sürücünü göndərərəm, gəlib aparar, – dedi.
Yerimdən qalxıb boynuna sarılaraq atamı dönə-dönə öpdüm:
– Çox sağ ol, yaraşıqlım!
Dilarəgilə getmək belə məqamlarda əsl qurtuluş sayılırdı mənimçün. Yeganə pənah yeri idi.
– Nadir! – Anam iradla atama üz-gözünü bozartdı. – Pis vərdiş alıb artıq! Sonra öhdəsindən ümumiyyətlə gələ bilməyəcəksən.
Atam özünü elə apardı ki, guya bu sözləri heç eşitmədi.
Türkan buna bənd imiş kimi hiddətini boğa bilməyib qısqanclıqla:
– Biz icazə istəyəndə olmaz, amma Aydan xanım nə buyurdusa, onun üçün həmişə yaşıl işıqdır! – dedi. – Elə bil biz ögey övladlarıq da bu evdə, doğma olan bircə budur!
Qanlı-qanlı məni süzdü.
Atam çevrilib Türkana necə təlatümlə baxdısa Türkan yerində büzüşdü.
– Sonuncu dəfə olsun! – Qəzəbi coşub daşa-daşa ona barmağını silkələdi. – Bir də bu sözü səndən eşitsəm, məndən incimə!
Mat qaldıq. Anam dillənib nə isə demək istədi, atam ona dillənməyə imkan vermədən:
– Vaxtın olanda qızına danışıq mədəniyyəti öyrət! – dedi. – Həddi çatmayan sözləri dilinə gətirməsin!
Heç kəsin səsi çıxmadı. Atam mənə müraciətlə:
– Get, hazırlaş, – dedi. Və işə yollanmaq üçün evdən çıxdı.
Bir atanın, ananın övladları olsaq da, nədənsə Türkan mənimlə heç yola getmirdi. Baxmayaraq ki, onu necə çox sevdiyimi bilirdi. Amma Fatimə tamam başqa qız idi. Türkandan fərqli olaraq o, mənimlə nəfəs alırdı.
Mən otağımda hazırlaşmaqda ikən anam gəldi. Qapını arxasınca örtüb, dedi:
– Sənə xəbərdarlıq edirəm. Axşama kimi evdə olursan. Bibin gəlib səni evdə görməlidir. Anladın?
Dillənmədim. Anam təmkinini pozmamağa səy göstərərək diqqətlə üzümə baxdı:
– Qismətinə təpik atma. Sənə verilən qiyməti, çalış dəyərləndir. Başa düşə bilmirəm, sənə bundan artıq daha nə lazımdır? Ali savadlı oğlan, gələcəyin diplomatı, evin tək oğlu. Özü də ki, yaraşıqlı. Kim belə qismətə yox deyər? Hələ atasının vəzifəsi, nüfuzu bir yana dursun. Guya qız qəhətdir onlar üçün? Oğlanları səni istəyir deyə onlar da övladlarının istəyinə qarşı çıxmırlar. Arxa-dayaq olmasaydı, atan öz işində bu yerlərə gəlib çıxa bilərdi? Səncə, buna imkan verərdilər?
Atam və Zakir əmi – hər ikisi Dövlət Təhlükəsizlik Komitəsində məsul vəzifədə idilər. Anamın sonuncu sözləri məni təbdən çıxardı:
– Anladım. Deməli, mən qurbanlığam da, atam vəzifəsindən olmasın deyə Salehə ərə getməyə məcburam.
– Səhv düşüncədəsən. Ona görə ki, Saleh həyat yoldaşı kimi məhz səni seçib. Sənin üçün dəli-divanədir. Gələcəyini düşün.
– Sevmədiyim bir insanla gələcəyim ola bilməz mənim.
– Bəsdir boş-boş danışdın! – Anam özündən çıxdı. – Sevgi qarın doyurmur. Hər şey bir yerə qədərdir. Bir müddət sonra sevgi də ötüb keçir. Bilirsən nə var? – Qollarımdan yapışıb məni özünə doğru çevirdi. Gözlərimin içinə baxa-baxa dedi. – Açığını bilmək istəyirsənsə, deyim, bil. Yanlış seçim edib, sonra ah-vayla ömür sürməyini istəmirəm!
– Niyə axı mən? – Üsyankar bir səslə soruşdum. – Məndən böyük məgər bacılarım deyil? Əvvəlcə onların gələcəyi barədə düşünün. Niyə mən?
– Çünki hal-hazırda səni istəyirlər.
– Mən isə istəmirəm! – Sözünü ağzında qoydum. – Mənim arzum, istəyim ali təhsil almaq idi, ərə getmək deyil!
– Axmaq olma! – Anam hökmlə dedi. – Bu həyatda güclü olmaq nə deməkdir, bilirsən? Qarşında hər kəsin diz çökəcəyi bir nüfuza sahib olmaq nə deməkdir, bunu dərk edirsən? Sağlam bir dayağın olmadısa gec-tez ayaq altında əziləcəksən. Heç olacaqsan. Heç oldunsa, deməli, bu həyatda sahib olduğun heç nə yoxdur. Oturduğun budağı baltalama, ağılla hərəkət elə. Sən mənim qızımsan. Sənə mən zəhmət çəkmişəm. Mən böyütmüşəm. Kimsənin haqqı yoxdur sənin ağlına, ürəyinə girib mənim arzularımı puç eləsin. Eşidirsən məni?
Mən susub eləcə anamın üzünə baxırdım. Çünki nə demək istədiyini gözəl bilirdim. Kimsəyə könlümü verməməli, sevgiyə-məhəbbətə əsla təslim olmamalı idim. Mən susduğum halda, anam təkəbbürlü bir əda ilə sözlərinə davam edirdi:
– Hər üçünüz mənim sizi görmək istədiyim yerlərdə olmalısınız, başa düşürsən? Yox, əgər yenə də anlamırsansa, onda diqqətlə qulaq as. Meyvələrin ən gözəli ağacın təpəsində yetişər, bunu unutma. Onu əldə eləmək üçün ayağının altındakı budağa diqqət yetirməlisən ki, yerə çırpılmayasan. Deməli, bunun üçün zəif budağa yox, möhkəminə dayaqlanmalısan. Aydın oldu?
Gözlərinin içinə baxa-baxa susmağa davam etdim. Çünki ana dediyim bu qadını tanımaqda çətinlik çəkirdim. Bu an mənə baxan bu gözlər anama məxsus deyildi, onun hər iki göz bəbəyindən bir şeytan boylanıb qəhqəhə çəkirdi mənə. Davam gətirə bilmədim. Ürpənib, baxışlarımı dərhal ondan qaçırdım. Onu bundan artıq dinləməyə tabım qalmadı. Çünki onun mənə dedikləri bir ananın qızına nəsihəti deyildi, gələcəklə bağlı qurduğu planların xəbərdarlığı, fitnə-fəsadı idi.
Anam sözünü bitirib, mənim bundan bir nəticə çıxaracağıma əmin-arxayın bir ifadə ilə otağı tərk elədi.
Bir qədər sonra hazırlanıb Dilarəgilə yollandım.
…Dilarə ilə bir məhəllədə böyümüşdük. Eyni məktəbə getmiş, bir sinifdə oxumuşduq. Bacıdan yaxın idik bir-birimizə. Cəmi bir gün görüşməyəndə nə isə itirmiş kimiydik.
Dilarə ailənin yeganə övladı idi. Atası Fazil əmi atamın yaxın qohumu idi. Anası Səadət xala isə anamla hələ məktəb illərindən rəfiqəlik edirdilər.
Dilarəgil bir neçə il əvvəl şəhərin bir başqa səmtinə köçəndən sonra da onlarla əlaqəni üzməmişdik. Bir-birimizi görəndə vaxtın, zamanın necə keçdiyini belə hiss etmirdik. Hətta bu da bizə bəs eləmirdi. Ona görə Dilarə gecəni bizdə qalmaq üçün valideynlərindən izn istəyəndə, ya əksinə – mən bunu öz valideynlərimdən xahiş edəndə hər ikimiz üçün razılıq almaq sən deyən müşkül məsələyə dönmürdü. Ailələrimizin bir-birinə etibarı sonsuz idi.
Dilarəni inanılmaz dərəcədə çox sevirdim. O, mənim təkcə rəfiqəm deyildi, eyni zamanda sirdaşım idi. Bu qızın taleyimdə böyük rol oynayacaq bir təsadüfə səbəb olacağını isə o zamanlar qətiyyən ağlıma gətirmirdim…
(Ardı var)