
Reportyorlar (52)
- 12 Dekabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
Təkadamlıq kamerada biləyindəki qandalla dəmir çarpayının başlığına bənd edilən Roza vahimə yaradan ağır ab-havalı bu məkanda hər an ölümünü gözləməkdə idi. Hər addım, hər qıfıl səsi onu diksindirir, ixtiyarsız olaraq təlaşlanırdı. Soyuq hava, nəm divarlar, bir də aclıq Rozanı əldən salmışdı. Əynindəki nazik geyimi ona soyuqdan qorunmağa kömək etmirdi.
Canının ağrısı da bu zillətə zillət qatmışdı. Beləcə bu gərgin anların sıxıntısı ilə o, aradan nə qədər keçdiyini bilmədi. Dəhlizdən duyulan addım səslərinə başını qolunun üstündən götürüb diqqət kəsildi. Kameranın qıfıllı qapısı səs-küylə açıldı. Roza qapıda Kazımovu görəndə soyuqqanlı görünməyə çalışsa da ürəyini qara qorxular aldı. Onunla axır bir gün üz-üzə dayanacağını bildiyi halda titrəməyə başladı.
O, Kazımovu illərdir tanıyırdı.
Məşuqəsi olduğu dönəmdə onun necə qəddar, amansız və çətin insan olduğuna dəfələrlə şahid olmuşdu. Əlindən hər pislik gələn bu insanın ona bu səhvini asanlıqla bağışlamayacağını, onu cəzasız qoymayacağını da gözəl bilirdi.
Kazımov
içəri addım atan kimi qapı arxasınca qapanıb yenidən qıfıllandı. O, dayandığı
yerdən təhdid edici baxışlarla Rozanı süzüb, bir əlində tutduğu rezin
dəyənəyi digər əlinə vura-vura
ağır addımlarla ona tərəf gəlməyə başladı.
Roza ona tuşlanmış bu qəddar baxışlardan öz aqibətini artıq oxumuş oldu. Yerindən qalxıb səssizcə divara qısıldı. Onun həyəcanla yerindən qalxması qolundakı qandalın çarpayının dəmir başlığında cingiltili bir səs yaratmasına səbəb oldu. Bu səs kameranın divarlarında əks-səda verdi. Kazımov bunu görəndə həqarətlə gülümsündü.
– Zəncirə vurulmuş küçük kimi vurnuxub zingildəyirsən? Afərin! Belə də davam et! Çox güman, bu qədər çapalamağının bir faydası olmayacağını, heç yerə qaça bilməyəcəyini də dərk edirsən.
Roza nifrətlə onu süzsə də dillənmədi. Kazımov yaxınlaşıb başdan-ayağa qadını süzdü. Dəyənəyin ucu ilə onun çənəsini qaldırıb qəzəblə gözlərinin içinə baxdı:
– Sən mənim qan düşmənimlə əlbir olub, mənim qurulu işimi nə cürətlə pozursan, alçaq qadın?!
Rozanın dillənməyə halı olmadı. Kazımov eyni hiddət və qəzəblə təkrar sual verdi:
– Generalın oğlunu özünçün nicat yolu hesab etmişdin? – Cavab gözləmədi, dəyənəyi var qüvvəsilə Rozaya çəkdi.
Qadın əzab içində qovrulub çığırdı. Özünə gəlməmiş ikinci zərbədən vücudu od tutub yandı. Çarpayının küncünə qısılıb özünü müdafiə eləmək, zərbələrdən qorunmaq istədi, müvəffəq ola bilmədi. Qandal dartılıb biləyini sıxdı.
Kazımovun səsi yenidən gərildi:
– Əfv etdi səni? İnandıra bildinmi ki, onu satmayıbsan? Əlinə-ayağına yıxılıb aman dilədin? Dillən! Cavab ver, küçük! Səni əbəs yerə onunla eyni kameraya saldırmamışdım. Nə cükküldədiyini bir-bir eşitdim, ləçər! Mərhəmətinə sığındığın, ağuşuna atıldığın cəngavərin aqibəti heç bilirsən necə oldu? Bilmirsən! Bəs, hələ də nəfəs alıb həyatda olduğun üçün özünü şanslı sayırsanmı?
Roza cavab vermək əvəzinə inlədi. Kazımovun qəzəbli səsi divarları titrətdi:
– Dillən görüm!
Rozanın dili söz tutmadı.
Kazımov bunu görəndə qolundan yapışıb onu yerdən qaldırdı. Divara sıxıb, əynindəki donun çiynini təhqiramiz şəkildə cırıb aşağı saldı. Roza onun əlinin altında çabaladı:
– Toxunma mənə, əclaf! – Acıqla bağırdı.
– Sənə toxunmayım. – Kazımov iyrənc təbəssümlə Rozanın sözünü onun özünə təkrarladı. Dilini nırçıldadıb başını buladı. – Zavallı olduğunu qəbul et artıq. O qədər zavallı və miskinsən ki, iki əmioğlu arasında oyun zərinə dönmüsən. Biri öz növbəsini oynayıb, o birinə ötürüb. Yaxşı, bəs, aralarında bir fərq görə bildin? Hansı daha çox razı saldı səni? Nədir, təəccübləndin? Çox əbəs! Köhnə hoqqalarından xəbərim var. Özü də çoxdan. Nə mal olduğunu bilirəm yəni.
Roza nifrətlə onu süzməyə davam etdi. Cavab verməyi deyil, susmağı üstün saydı. Kazımov isə əksinə – onu təhdid etməyə davam etdi:
– İşində buraxdığın nöqsana görə Feliks barəndə ölüm hökmü çıxarmışdı. Ürəyim buna dözmədi. Necə olsa bir neçə ilimiz keçib səninlə. Həmid söz dinləyən oğlandır. Danışıb, razılığa gələ bildik. Bir diplomat dolusu yüksək məbləğə satdı səni mənə. Həyat nə qəribədir. Bir vaxtlar səni mənə hədiyyə edən adamdan indi həyatını satın aldım. Artıq məşuqəm deyil, köləmsən. Və mən səninlə istədiyim kimi davrana, səndən istədiyim kimi istifadə edə bilərəm. Səni öldürmək fikrində deyiləm. Amma öldürməməyim üçün qarşımda diz çöküb mənə yalvaracaqsan. Çünki hər gün əzab və işgəncə içində qıvranacaqsan. Nələr yaşayacağını sadalamıram, çünki bir azdan özün şahid olacaqsan.
– Sizi tanıdığım günə lənət olsun! – Roza özü ilə bacarmayıb Kazımovun üzünə tüpürdü.
Əlinin dalıyla üzündəki tüpürcəyi silən Kazımovun rəngi qızarıb-bozardı. Gözləri qan çanağına döndü. Dəyənəyi bu dəfə daha amansız şəkildə bir neçə dəfə qadının vücuduna çəkdi.
Nəfəsi təngiyə-təngiyə qapıya üz tutdu. Çox keçmədən qapının ağzında görünən iri cüssəli iki oğlana Rozanı işarə edərək onun eşidəcəyi bir səslə:
– İstədiyiniz şəkildə davranmaqda tam sərbəstsiniz, – deyib, qadını onların ixtiyarına verdi.
Oğlanlar bunu gözləyirlərmiş kimi dərhal içəri daxil oldular. Rozanın üzü əzablı ifadə aldı. Başına gələcəkləri anlayıb mümkün olmayacağını bildiyi halda qandalı dartışdırıb qurtulmağa çalışdı. Eyni zamanda Kazımovun ardınca lənət yağdırdı.
Yoluna davam edən Kazımov dəhlizin sonuna qədər onun çığırtısını dinlədi.
Bakı
Azər parkda skamyaların birində əyləşib həmkarı Vüqarı gözləyirdi. Həmişəki kimi görüş yerinə gecikən Vüqarın hələ də gəlib çıxmaması Azərin son zamanlarda onsuz da daralan səbrini bir az da daraltmışdı. Digər tərəfdən də başında qopan şiddətli ağrılar dincliyini tamamilə əlindən almışdı. Dizlərinə dirsəklənib əli ilə alnını ovuşdururdu ki, bu vaxt bir nəfər gəlib skamyanın bir küncündə əyləşdi. Ayaqlarını ayaqlarının üzərinə aşırıb yerini rahatladıqdan, baxışları ilə ətrafı yoxladıqdan sonra köhnə dost kimi ərklə:
– Salam-əleyküm, brat, – dedi.
Azər qanıqara çevrilib yanında əyləşmiş 35-37 yaşlarında, bəstəboy, arıq, qarabuğdayı adama baxdı. Başına kepka qoymuş bu adam papağı bir qədər üzünə doğru əymişdi. Azər ağızucu onun salamını aldı. Amma tanımadı. Yenidən öz hayına qaldı. Gələn adam baxışlarını ətrafda dolandıra-dolandıra söhbətə başlamaq üçün bundan əlverişli məqam olacağını sanmadı. Fürsətdən istifadə edib:
– Baş ağrısı çox bərbad bir şeydir, – dedi.
Azər gözucu gələn adamı süzdü. Lakin həmsöhbət olmaq istəmədi. Onun sükutunu görən adam yenidən dilləndi:
– Şərəfsizin birinə görə başımız çox ağrıyıb, nə demək olduğunu yaxçı bilirəm… – O, danışmaqda ikən Azər hövsələsiz halda qolundakı saata baxdı. Bura gəldiyi artıq 1 saat olmuşdu. Ürəyində Vüqarın qarasına deyinib, susmaq bilməyən adama sarı döndü. Gizlətməyə çalışdığı gərginliklə sual verdi:
– Tanışıq?
Üzünü ilk dəfə gördüyü adamın ona “sən” deyə müraciət etməsi Azərdə sualla yanaşı, maraq da oyatmışdı.
Adamın dodaqlarında istehzalı təbəssüm dolandı.
– Körpə uşaqdan da soruşsan, o sənin kim olduğuvu deyəcək. Bu simanı tanımayan adam var bəgəm? İzləyirik verilişlərini. Siyasət adamı dögüləm, amma ağı qaradan seçə bilirəm. Adım Əzizdir. Soruşsan, buralarda hamı tanıyır məni.
Azər ciddiliyini pozmadı:
– Aydındır. Nə lazım idi?
– Sənün canıvın sağlığı, brat. – Əziz əlini ürəyinin üstünə qoyub, dərin ehtiramla Azərə baxdı.
Azər “əcəb yerdə axşamladıq” məsəlinə haqq verərək başını ağır-ağır bulayıb, Vüqarın gələcəyi yola sarı baxdı. Narazılıqla dodağlarını sıxdı.
Gələn adam səsini bir qədər qısıb, mətləbə keçdi. Tamam ciddi halda:
– Mən demək olar hər gün bura baş çəkirəm. Səni də tez-tez buralarda görürəm.
– Sözüvün canı. – Azər səbri tükənmiş halda onun sözünü ağzında qoydu.
– Sözümün canı, sənə kömək etmək istəyirəm. Qulağıma çatıb ki, səhhətində problem yaranıb. Əslində, bunda qəbahət olan heç nə yoxdur, vəziyyətin başadüşüləndir. Çünki işin çətin işdir. Amma öhdəsindən gəlmək olar.
Azərin qaşları çatıldı. Sual dolu nəzərlərlə ona baxsa da, vaxtsız danışmağı lazım bilmədi.
Əziz boynunu bir balaca Azərə tərəf uzadıb eyni tonda, əmin-arxayın bir halda dedi:
– Sənin dərdivin dərmanı məndədir, brat. Dərman deyirəm e sənə, özüvü birbaşa cənnətdə hiss edəcəksən. Ətağa, ciddi sözümdür. Dünya-aləm vecinə olmayacaq. Qorxu, həyəcan, qarabasma barədə düşünmək nədir, bunlar yaxınına belə gəlməyəcək. Keyfiyyəti də öz yerində. Sən bu həkimlərə qulaq assan a, hələ bu vəziyyətdə çox sürünəcəksən. Ala, bu ağrı-acı ilə vuruşmaqdansa, “kayfını” tut, yaşa da özünçün.
Azər söhbətin narkotikdən getdiyini anladı. Əzizin buradan təsadüfən keçmədiyini, onun yanında təsadüfən əyləşmədiyini də acı bir gerçəklə dərk elədi. Bunun öncədən hazırlanmış bir oyun, tələ ola biləcəyi ehtimalı onda şübhə oyatdı. Hissləri onu ayıq olmağa çağırdı.
– Maraqlıdır, bu məlumat səndə haradandır? Doğruluğuna əmin olmadığın bir məlumat barədə fikir yürütməyin bir az gülünc deyilmi?
– Mən balaca adamam, amma sənin Moskvada hansı professorun, hansı psixoloqun qəbulunda olduğunu tarixinə və saatına kimi deyə bilərəm.
Azər dəqiq fakt qarşısında ani olaraq duruxsa da, özünü ələ vermək istəmədi. Hazırcavablığı köməyinə gəldi:
– Mümkündür, – dedi. – Çünki mən reportyoram, istənilən yerdə və istənilən ictimai xadimlə görüşə bilərəm. İşim bunu tələb edir.
Əziz geri çəkilmədi. Təkid etdi.
– Hər adama bu təklifi etmirəm a, prosto sən yaxçı oğlansan, bu millətə görə can qoyursan bizim də borcumuzdur, qeydivə qalaq. – Azərə göz vurdu.
Azər onu dinləmək məcburiyyətində qaldığı üçün hövsələsiz şəkildə əlini saqqal basmış üzündə gəzdirib, sonda təngə gəldi. Şəhadət barmağının işarəsi ilə Əzizdən onu dinləməsini istədi. Əziz ona diqqət kəsiləndə Azər nəzərləri ətrafda gəzinə-gəzinə qəti və kəskin şəkildə:
– Mənə bax, yaxçı oğlan. Dur, sürüş də burdan. Bulaşma mənə. Mənim sənin kimilərə nə ayıracaq vaxtım, nə də hövsələm yoxdur. Aydındır?
– Yox, bu olmadı da. Mən bilirəm ki, sən mədəni, alicənab oğlansan. Ən əsası söz başa düşənsən.
Azər kinayə ilə onun sözünü kəsdi:
– Nədən bu qənaətə gəlmisən ki, mən yaxçı oğlanam? Yanılırsan desəm…
– Yanılmıram, əminəm. Bineyi-qədimdən belədir ki, düz söz deyənin dilini kəsərlər. Sən də düzü düz, əyrini əyri deyirsən. Buna görə hörmətim başqadır sənə. – Bir anlıq susub, sonra davam elədi. – Düzdür, mənim milis tayfası ilə aram sərindür, amma haqqı danmaq namərdlik olar. Sənin atan da düz adamdır. Həmişə düz olub. Nə başını ağrıdım e, köhnə kişilərdəndir də, onun oğlu necə olmalıdır ki?
Sözün bu yerində Vüqar gəlib çıxdı. Onun gəldiyini görən Əziz yubanmadan ayağa qalxdı. Getməyə hazırlaşdı. Gedərkən də ayaqüstü Azərə eşitdirdi:
– Sənə dediklərimi yaxçı fikirləş, atam. Nə vaxt lazım oldu, mən hazır. Buralarda kimdən xəbər alsan yerimi sənə nişan verəcək.
Vüqar sual dolu nəzərlərlə dostunu süzdü. Azər bir gözü Vüqarda, dinmədi.
Əziz onlardan ayrılan kimi Vüqar dostunun boğulan rəngindən, dəyişən əhvalından narahat olub, sualı sualın ardınca verdi.
Azər cavab vermək əvəzinə əsəbi halda dostunun qolundan yapışdı:
– Getdik!
– Nə olub axı? Danış da bir. Nə isə problem var?
Azər heç bir suala cavab vermədən dilxor halda yoluna davam elədi. Lakin bir neçə addımdan sonra birdən ayaq saxladı. Sanki qəfildən yuxudan ayıldı. Heyrətlə çiyninin üstündən çevrilib geri baxdı. Əziz çoxdan getmişdi. Vüqar yenə də bir şey anlamayıb dostundakı qəribəliyin səbəbini sual etdi:
– Nə oldu?
Azər bu an onu düşündürən suallara cavab aradığından dostunun sualını yenə də cavabsız qoydu.
O axşam xəstəxanaya, Aydana baş çəkib, sonra yola düşdü. Mərdəkana gəlib çatanda darvazanın önündə dayanan təcili tibbi yardım maşını sıxıntıdan özünə yer tapa bilməyən Azərin ürəyinə daha bir təlatüm saldı. Son vaxtlarda bu qapının önündə görməyə adət etdiyi maşının ağır ab-havası ona yaxşı heç nə vəd etmədi.
Maşından enib iti addımlarla evə tələsdi.
Onu hər zaman qapıda qarşılayan Vüsət indi ortalarda görünmürdü. Bu isə evdəki vəziyyətin ciddi olduğundan xəbər verirdi.
Evə qalxıb, həyəcanla içəri daxil oldu. Mətbəxin önündən keçəndə Rəna onu görüb dəhlizə çıxsa da, bir söz deməyə macal tapmadı.
Azər ayaq saxlamayıb salona tələsdi.
Vüsət salonda idi. Onu görən kimi irəli yeridi. Azər rəngi ağarmış halda:
– Vüsət, nə baş verib? – soruşub, nigaran baxışlarla atasını aradı.
Gözləməyib dəhlizə, oradan da birbaşa atasının otağına üz tutdu. Vüsət qapıda ona çatıb, asta səslə izah etməyə çalışdı:
– Ürəyidir. Həkim çağırmışıq…
Azər aralı qalmış qapını həyəcanla açıb içəri keçmək istədiyi anda qapının kandarındaca ayaq saxladı. Kazımovu atasının başı ucunda əyləşmiş gördü. Onu görməsi ilə varlığından dəhşətli bir gizilti keçdiyini sanan Azər özünü təhqir olunmuş kimi hiss elədi. Qaşları düyünləndi. Rəngi boğuldu.
Kazımovun nəzərləri Azərin ona dikilmiş sərt nəzərləri ilə toqquşanda oğlanın ona necə qıcıqlandığını gözlərindən oxudu. Azərin onu artıq bu evdə görmək istəmədiyini, xüsusilə də atasının həndəvərində dolanmasını, buna tablana bilmədiyini aydın görürdü. Üstəlik, bunu atasına açıb-ağarda bilmədiyi üçün Azərin necə gərildiyini onun halından-tövründən anlayırdı. Bununla belə özünü sındırmadı. Dodaqlarında vəziyyətdən razılıq oxunan xəfif bir təbəssüm dolandı. Amma bu təbəssümün arxasında nələr yatdığını özündən başqa kimsə bilmədi.
Azər özünü ələ alıb irəli yeridi. Atasına yaxınlaşıb vəziyyəti ilə maraqlandı. Ənvər oğlunu görəndə üzü tutqun ifadə aldı. İztirab içində gözlərini yumub sıxdı. Sinəsi bu ağrı-acıya, bu dərdə tab gətirə bilməyən ahənglə qalxıb-enməyə başladı. Dili söz tutmadığı üçün oğluna “narahat olma” deyə bilmədi.
Azər bu gün baş verənlərdən xəbərsiz halda gah həkimi, gah atasını sorğu-suala tutur, həyəcan keçirirdi. Səməndər Ənvərin işarəsi ilə Azərə yaxınlaşdı. Ona dəhlizə çıxmağı təklif edib, otaqdan çıxardı. Söhbətə tuta-tuta eyvana gətirdi. Azərin onu saran narahatlıqdan özünə yer tapa bilmədiyini görüb əlini onun kürəyinə qoydu:
– Sakitləş, özünü ələ al. Sənin atan zəif iradəli insan deyil. İnşallah, bunun öhdəsindən də gələcək, – dedi. – O kişinin bu günədək daşıdığı yükü kimsənin bircə gün daşımağa hünəri çatmaz. Asan deyil bu qısa vaxtda yaşadıqlarınız. Nə ürək tab gətirər, nə ağıl. Ona daha bundan sonra həyəcan, əsəb, gərginlik qəti surətdə olmaz.
Azər Səməndərin sözlərindən vəziyyətin nə qədər ciddi olduğunu anladı. Əlini özünə olan hiddəti ilə məhəccərə vurdu. Yanıb-yaxıldı. Səməndər bunu görəndə ona toxtaqlıq verməyə çalışdı:
– Darıxdırma özüvü. İnşallah, yaxın vaxtlarda ayağa qalxar.
– Necə məsləhət bilirsən, bəlkə götürüb aparım Rusiyaya?
– Həkim çıxsun, ətraflı danışıb bir qərara gələrik. Sən salma ürəyivə. Bu çətin iş deyil, təki salamatlıq olsun.
Bu vaxt Kazımovun səsinə hər ikisi söhbətə son verdi. Kazımov bir gözü Azərdə:
– Mən daha gedim, Məcidov. İdarədə olmalıyam, – dedi. – Səhər gəlib baş çəkərəm. Heç bilmirəm nə deyim… – Əhvalı “korlanmış” halda başını buladı. – Nə yalan danışım, başımı götürüb qaçıram. Nə ağlımıza gələrdi Ənvəri bu vəziyyətdə görəcəyimiz.
Azər gərilmiş halda çiyninin üstündən gözucu Kazımovu süzdü. Nə billah etdisə onun səmimi olduğuna, boğazdan yuxarı danışmadığına özünü inandıra bilmədi. Kazımov bu baxışlara bənd imiş kimi tənbeh edici tərzdə:
– Muğayət ol qardaşımdan. O kişidən bir də olmayacaq, – dedi. – Nə qədər ki, nəfəsi gedib-gəlir, bəysən, şirsən, pələngsən bu həyatda. Quru nəfəsi, təkcə adı bəsdir səninçün, qardaşoğlu! Yadından çıxarma ki, adamı bir həmlədə qarışqa kimi əzərlər. Arxan, dayağındır. Qədrini bil. Elə et ki, ömrünü uzadasan, ömründən kəsməyəsən. Səninçün yaşayır o, bu həyatda. Səninlə nəfəs alır. Atdığın hər addımda bunu nəzərə al.
Bu aralar bir deyil, bir neçə cəbhədə vuruşan Kazımov yaranmış vəziyyətdən layiqincə faydalanır və bundan hədsiz zövq alırdı. Onun bu həmlələri canıyananlıqdan çox başqa məna daşıyırdı. O, sanki aslanı can üstə görüb, balasını təkləyib küncə sıxışdıran, hakimiyyəti öz əlinə almaq istəyən rəqibə bənzəyirdi.
Azər onu dinlədiyi müddətdə yumruğunun nə vaxt düyünləndiyini hiss etməmişdi. Artıq gözündə öz simasını itirmiş, iç üzü meydana çıxmış bu adamın heç bir dəyəri yox idi. Nə qədər cəhd etsə də hövsələsini basa bilmədi. Onu saran əsəbə gücü çatmadı. Zəndlə Kazımovun gözlərinin içinə baxaraq kinayəli-kinayəli:
– Düz buyurdun. Atam mənim dayağımdır. Ondan bir də olmayacaq. Razıyam. Amma təkcə bunda yanılırsan. Mən… – Sözün davamını dilinə gətirməzdən əvvəl gözucu Səməndərə baxaraq “Əmi, üzr istəyirəm səndən” dedi və eyni gərginliklə davam etdi. – Nə atam sağ ikən, nə də ondan sonra hansısa biqeyrətin, hansısa oğraşın əlini sıxıb, adını kişi qoymuş nakişilərə sığınıb, elələrinin kölgəsində bəylik etmərəm! Etməyəcəm də! Çünki mən çaqqal geni daşımıram, damarlarımda aslan kimi bir kişinin qanı axır. Aslandan isə çaqqal törəməz, aslan törəyər. Öyüd-nəsihət üçün çox sağ ol!
Çoxdandır ürəyini deşən sözləri ağır şillə kimi Kazımovun üzünə çırpdı.
Və bir zamanlar doğma saydığı bu insanın göz bəbəklərindən indi ona sarı boylanan bir cüt zəhərli ilan gördü. Üzünü çevirib eyvan dirəyinə söykəndi, sakitləşməyə çalışdı.
Səməndər sözü bu yerə çatdırdığı üçün iradla Kazımovu süzdü. “Aldın cavabını?” deyirmiş kimi baxışlarıyla onu qınadı.
Qanlı-qanlı Azəri süzən Kazımov Azərin ona kimi işarə etdiyini, hansı mövzuya toxunduğunu o dəqiqə anladı. Zahirən sakit görünsə də, daxilən qəzəbi, hikkəsi onu bıçaq kimi kəsib-doğrayırdı. “Sənin bu dilini kəsmək mənə borc olsun, küçük! Danış hələ ki! Bildiyivi de! Hələ yaxşı günündür! Görəcəklərin qabaqdadır, darıxma! Qanıvı içəcəm sənin!”
Daha sonra Səməndərə müraciətlə:
– Sən burda qal, Məcidov. Ənvərin yanında ol, – dedi, yola düzəldi. Səməndər onu ötürmək üçün getdi.
Azər hələ də dayandığı yerdəcə qalmışdı. Kazımovun onu qınaq obyektinə çevirən tənə dolu sözlərinin, bir az əvvəl yaşanan gərgin anların təsirindən çıxa bilmirdi.
…Həmin gecə pilləkəndə oturub siqaret çəkirdi. Səməndəri sorğu-sual etsə də atasını bu vəziyyətə salan səbəbi öyrənə bilməmişdi. Şübhə ürəyini didib-parçalayırdı. Siqaretdən sümürüb qaranlığa baxa-baxa düşüncələrə dalmışdı. Bir qədər sonra Vüsət eyvana çıxdı. Bayaqdan danışmaq üçün fürsət gözləyən Azər əli ilə tüstünü qovub ona səsləndi:
– Vüsət.
Vüsət Azərin səsini duyub dərhal geri çevrildi. Gəlib başının üstə dayandı.
– Buyurun, nə lazım idi?
Azər qanıqara halda:
– Necə oldu, nə baş verdi ki, atamın halı belə pisləşdi? – deyə maraqlandı. – Düzünü bilmək istəyirəm.
Vüsət məyus göründü. Amma cavab vermək məcburiyyətində qaldı. Sakit tonda:
– Kazımov gəldi, xeyli söhbət etdilər…
Azərin baxışları, ifadəsi o andaca dəyişdi. Qaşları düyünləndi. Bütün diqqəti ilə Vüsəti dinləməyə başladı.
– O, gedəndən sonra bir az keçmişdi ki, halı pisləşdi. Allahdan həyətdə idim. – Vüsət sözünü bitirib gözlərini Azərin üzünə dikdi.
Azər bunu duyanda gözlərini yumub, sıxdı. Vüsətə baxmadan şübhəli-şübhəli ikinci sualı verdi:
– Nə barədə söhbət etdiklərini bilmədin ki?
– Bilmədim. – Vüsət ehtiyatla dilləndi. – Necə bilim ki?
Azər düşüncəli göründü. Birdən Vüsəti xatırlayıb tez dilləndi:
– Aydındır. İşində ol.
Vüsət dinməzcə Azərin yanından ayrıldı.
Dodaqlarını bir-birinə sıxıb gərilən Azər Kazımovun qarasına deyindi:
– Şərəfsiz!
Bir neçə saat əvvəl
…Ənvər onu bir an olsun tərk etməyən sıxıntı və kədərdən qurtulmaq, fikrini az da olsa dağıtmaq üçün həyətə enib skamyalardan birində yenicə əyləşmişdi ki, bu vaxt gözlənilmədən Kazımov gəldi. Hal-əhval tutandan sonra nəzərlərini ətrafda dolandırıb maraqlandı:
– Qardaşoğlu gözə dəymir, evdə deyil ki?
– Gəlməyib. Necə bəgəm? – Ənvər durğun əhvalda Kazımovu süzdü.
– Evdə olmadığı yaxçı oldu. – Kazımovun rəngi duruldu. Sözə başlamaq üçün münasib məqam gözlədi.
– Sözlü adama bənzəyirsən.
Kazımov köks ötürüb dedi:
– Sözə necə və hardan başlayım ki, Allaha da xoş getsün, bəndəyə də.
Ənvər dərd-qəmə yuva olmuş, hüzn çökmüş gözlərini Kazımovun üzünə dikib, tamam ciddi halda:
– Sən başla görək, gerisi Allah kərimdir, – dedi. Bu gəlişdən xeyir əlamət sezmədisə də söhbətin hara varacağını gözlədi.
Kazımov ruhlandı. Fürsəti əldən verməyib sözə başladı:
– Hər nə qədər mənə etibar etməsən də, bu faciəni öz faciəm hesab edirəm. Çünki biz qardaş saymışıq bir-birimizi. Evimizin qapısını açmışıq, duz-çörək kəsmişik. Son vaxtlar məndən şübhəmi deyim, yoxsa inamsızlıqmı, düzü, bir ad verə bilmirəm buna, səbəbi mənə dəqiq məlum deyil. Bircə bundan əminəm ki, sən həmin Ənvər deyilsən. Hər halda səni başa düşməyə çalışıram və bu dəyişikliyi başımıza gələn müsibətlə əlaqələndirirəm.
Ənvər narazılıqla başını buladı:
– Qurban, yeri deyil bu giley-güzarın. Məqamı heç deyil.
– Giley-güzar deyil, düşüncələrimi, təxminlərimi dilimə gətirirəm. – Kazımov dərin köks ötürdü. İztirablı baxışlarla dostunu süzüb, sözünə davam etdi. – Baxmayaraq ki, bu işi mənə həvalə etməmisən, amma bir qardaş kimi vicdanım rahat deyil. Səni bu əhvalda görmək məni yıxıb-sürüyür.
Ənvər yarasına toxunub onu yenidən sıxıntıya düçar edən Kazımovu razılıq oxunmayan baxışlarla süzərək köks ötürdü. Amma yenə də təmkinini qorudu:
– Mətləbə keç, Kazımov, mətləbə.
– Məcidovu gözləmədim. Bu işi şəxsən araşdırıb, lazım olan məlumatı aldım. Necəsini soruşma. Çünki sənin bundan artıq üzülməyinə könlüm yol vermir. Əgər bu müsibətə biganə qalsaydım, o zaman bu süfrədə kəsdiyim çörək mənə haram olardı.
Ənvər tükənməkdə olan səbrinin cilovunu əlindən buraxmamağa cəhd edərək yorğun səslə dedi:
– Mətləbə keç, məni çox incitmə.
– Əstəğfürullah, qətiyyən. – Kazımov ürəkdən dedi. – Allah sənə can sağlığı versün. Belə sözləri dilinə gətirmə! Mən bunu həmişə demişəm və deyəcəm də, adama yaxşılıq da etsə özününkü edər, pislik də.
Ənvərin qaşları çatıldı, lakin daha sual vermədi. Kazımov sonuncu sözlərinin onun diqqətini cəlb etdiyinə razılıq əlaməti olaraq daha şövqlə dilləndi:
– İstintaqa hələ ki, məlum olmayan məxfi məlumatı bölüşürəm səninlə. Gerisi artıq sənlikdir. Nə qərar çıxaracağın sənə qalıb.
– Mənim daha tapmaca ilə, fərziyyələrlə baş sındırmağa nə hövsələm var, nə həvəsim. Nə öyrənibsən, açıq deginən.
Kazımov sanki dinib-danışmaqda çətinlik çəkdi. Dilini sürüyə-sürüyə dedi:
– Bu işi sifariş verən də, icra etdirən də qardaşın oğlu olub. – Bunu deyib, vaxt itirmədən Salehin səfirliyin önündə qucağında körpə ilə çəkilən fotoşəklini Ənvərin gözü önünə qoydu.
Ənvəri sanki cərəyan vurdu. Qaralıb qaldı. Baxışları fotoşəklə zilləndi, yerində qurudu. Kazımov bir gözü Ənvərdə, üzündəki ifadəni izləyə-izləyə qəsdən susmadı. Öncədən cızıb-hazırladığı uydurma mətni nağıl etməyə başladı:
– Bu foto nəvən oğurlanandan bir gün sonra çəkilib. Çox güman, körpə ilə birlikdə xaricə qaçmaq fikrində imiş. Sonradan nə düşünübsə fikrini dəyişib. Körpənin qətlinə fərman verib. Sonrası sənə onsuz da məlumdur. Onun indi harada olduğu məlum deyil, izi itirib. Bilirsənmi, günlərdir gözümə yuxu getmir. Ağlım almır belə qəddarlığı. Bilmirəm bunu sənə necə deyim, necə çatdırım. Çox düşündüm, sonda qərara aldım ki, həqiqət nə qədər acı olsa da şirin yalandan yaxşıdır. Axır bir gün öyrənəcəkdin onsuz da. Nə yalan deyim, Zakir ağlıma gəlmişdi, amma oğlunun belə zalımlıq edəcəyi yatsaydım yuxuma da girməzdi. Səbəb gün kimi aydındır. Nişan məsələsinin heyfini çıxmaq üçün gün sayırmış… Amma bu səbəb belə ona bu haqqı vermir ki, belə əclaflıq eləsün.
Ənvər sözün bu yerində hər iki əlini zərblə masaya vurub, ayağa qalxdı. Gerisini eşitməmək üçün Kazımovu bu şəkildə susmağa vadar etdi. Masadan ayrılıb ağır addımlarla çarhovuza tərəf getdi. Ona vurulan zərbənin öz doğmasının əli ilə olması Ənvərə dağ çəkdi. İnanmaq istəmədi. Bununla belə şübhələr ağlını-fikrini məngənə kimi sıxmağa başladı.
Onu oturduğu yerdən seyr edən Kazımovun gözlərində bu zaman hiyləylə, böhtanla cəm olmuş bir qığılcım parlayırdı…
(Ardı var)