
İstənilən havada, istənilən məsafədə
- 21 Fevral 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İbrahimxəlil
Dünyaya bədii ədəbiyyat pəncərəsindən baxmaqdan böyük səmimiyyət görmədim.
İstənilən məsafədə, istənilən havada: duman, qar, yağış, fərq etməz, metrin, kilometrin, qısası, istənilən uzaqlığın poeziya-musiqi dolu könüllər üçün bir elə əhəmiyyəti qalmır. Çünki belədə könüldən-könülə həmişə yollar görünür.
Lakin istənilən uğurda olduğu kimi, bu yolda da çətinlik və ya çətinliklər ola bilər. Bu da bağlı olduğun ünvana öz bədii söz səmimiyyətini yetərincə anlada bilməmək qorxusu dolu təəssüf hissləridir. Onu da bu yerdə Orxan Vəli məndən çox yaxşı ifadə edir:
Bir yer var biliyorum;
hər şeyi söyləmək mümkün.
Epeyce yaklaşmışım – duyuyorum;
anlatamıyorum…
Duyduqların, duyğusal yaşantıların dilinin, qələminin ucuna qədər gəlir, lakin həyəcanlanırsan ki, işdi-şayəd, düşüncələrini-duyğularını yazıya olduğu kimi, istədiyin səviyyədə köçürə bilməyəsən.
Duyğulu könüllər arada-sırada fərman dinləmir, qadağana baxmır, hər ağrıdan da dad-bidad inləmir; bu da, dediyim kimi, onlara bəzi çətinliklər yaşadır.
Qalaktion dini təhsil də görmüşdü: əvvəlcə ruhani N.Kubaneişvilinin evində hazırlıq kursu (1899), sonra Kutaisidə (1900) və Tiflisdə (1908) dini məktəb və dini (ilahiyyat) seminariya təhsili.
Onun faciəvi taleyinə möhür vuran hadisə isə 1910-cu ildə baş vermişdi: yaxın dostu, istedadlı gənc yazıçı K.Kavtaradzenin intiharından sonra seminariyadakı təhsilinə könüllü olaraq son vermişdi.
Müəllifi olduğu poeziya nümunələrindən dolayı, Orxan Vəlinin yuxarıdakı: “epeyce yaklaşmışım – duyuyorum; (amma) anlatamıyorum” ifadəsinin də Qalaktionun o zamankı durumuna bir dəxli var, məncə.
Bircə bitkilər bilir fanidi həyat;
diriykən torpağa basdırır yarısın…
Müəllifi dostum Q. Ağsəs olan bu iki misra da sanki həm də Qalaktion üçün yazılıb. Çünki bütün böyük şairlər-yazarlar misallı, o da diriykən yarı torpaqdaydı! Lakin, o zamankı siyasi sistemə görə, bircə faciəvi fərqlə: Qalaktionun yarısı da Qalaktikada idi!
Onun öz dini təhsilinə son verməyində, səbəb olaraq, sankı o vaxtkı rüzgarda bir ruhani-irfan elementi çatışmamazlığı olub. Mendeleyevə məxsus Kimyəvi elementlərin dövri sistemi cədvəlində, təbii ki, “ruhani element” adlı bir kəşf yoxdur.
“Rüzgar” demiş, bu söz təkcə “külək” mənasında deyil. Rüzgar – həm də zaman, vaxt, ömür, dövran, fələk mənasındadır. Və mənəviyyat ölçüləri ilə zamanımızdan qədimlərə baxsaq, görərik ki, “rüzgarda ruhani element çatışmazlığı” bu günlərin problemi deyilmiş!
Necə ki, ruhani də təkcə din xadimi mənasında deyil; ruhani – həm də ruha, mənəviyə aid olandır, elmlə, mənəviyyatla əlaqədar olandır. İrfandır, idrak əhlidir. “Mənəvi” sözündəki “Mən”ə ən kamil işarədir!
İstər Tiflisdə ol, istər Parisdə, ya da Təbrizdə, bir də görürsən rüzgarda nəsə çatmır, nəsə əskik gəlir: bu, yüzəyüz, ruhani element çatışmazlığıdır!
Bəlkə, Qalaktion da bir “ruhani element” axtarışı ilə yola çıxmışdı. Yolu Qalaktikadan keçirdi. Ömrü qurtardı. Yolu qurtarmadı. Çünki Qalaktikaya, ulduzlara bağlı poeziyanın, bu poeziya ilə nəfəs alan müəllifin Yolu bitməz!
Qalaktion öz şair ömrünə intiharla son verdi. Bəlkə, duyğuları ona pıçıldamışdı ki, sənin məzar yerindən bir element boy verəcək; bu bir ruhani element olacaq! Onun sayəsində münasibətlərdəki soyuqluq azalacaq, ünsiyyətlərdəki, təmaslardakı çəkişmələr-münaqişələr sona doğru gedəcək, sevgisizlik yerinə sevgili duyğular dövrü başlayacaq!
İnkvizisiya tribunalının “tərs və dəyişməz kafir” kimi tanıdığı Cordano Brunoya məxsus belə bir ifadə var: “Tanrı Yer üzündə öz iradəsini hakim etmək üçün yaxşı insanlardan istifadə edir. Pis insanlar isə Yer üzündə öz iradələrini hakim etmək üçün Tanrınn adından istifadə edirlər”.
Qalaktion bunu bilməmiş deyildi. O, poeziyasında Tanrının adından heç vaxt sui-istifadə etmədi, lakin onun poeziyası çox könüllərə hakim oldu!
2000-ci ilin iyununda Gürcü Pravoslav Kilsəsi onun intihar günahını bağışladı; hesab elədi ki, şairin intiharı Sovet hökuməti tərəfindən məruz qaldığı fiziki, psixoloji və mənəvi əzabların “məntiqi nəticəsi!” ilə bağlı olub.
Lakin Qalaktionun bundan xəbəri olmadı.
İlk dəfə Mtatsminda Panteonunda məzarını ziyarət edərkən bu xəbəri ona azərbaycanca pıçıldadım.
Pıçıldadıqlarım arasından arazbarı az şeylər seçə bildim; amma seçdiklərim içində poetik yaşamağın yaraları, yazıçılıq əzabları, sınıqları da var idi. Onları bir esseyə sığışdırmaq Yer üzünü qəhərə, bürəm-bürəm qara bələyərdi. Onları Qalaktion haqqında kitabımın səhifələri boyu səpməyə çalışdım…
…Rejissor Piter Uirin çəkdiyi film var: “Ölü şairlər cəmiyyəti” (və ya “Ölü ozanlar dərnəyi”) adlanır. Filmdə şagirdlərini həyatlarını dəyişdirməyə çağıran, onlarda poeziyaya, bütövlükdə bədii ədəbiyyata maraq oyadan müəllimdən danışılır.
Müəllim bəlkə də F.Hölderlenin “İnsan dünyada poetik yaşayır” sözlərini həyatının mənasına çevirə-çevirə ömür sürüb. Bilmirəm. Filmə gəlincə, baxanların fantaziyası fərqli ola bilər.
Qalaktion Tabidzeyə gəlincə isə, onun “Öncə – Poeziya!” (gür. “პოეზიაk – უპირველეს ყოვლისა”) adlı zamanında da, indi dillər əzbəri olan şeiri var:
Öncə poeziyadır:
zamandan, sizdən və özümdən də əzəl;
ən şehli otdan, ilk qardan, ilk sevgidən də gözəl… (sətri)
Qalaktion poetik yaşayan şair olub. Çəkdiyi əzablar da, adındakı “kefli” damğası da, ütüsüz yaşamı da buralardan, yəni bu “poetik günahlar” tərəfindən qaynaqlanmalıdır.
Kitab oxumaq, poeziya ilə nəfəs almaq qarın doydurmasa da, bizim nümunədə, yolumuzu işıqlandıran qarın deyil, Poeziya, Bədiilik və Gözəllik ideallarıdır. Üstəlik də, Şopenhauerin “İnsan istədiyi hər şeyi edə bilər, lakin o, hər şeyi istəyə bilməz” fikri çərçivəsində hər şeyi istəmək əvəzinə, yalnız poetik ritm istədik, poetik ahəng istədik, vəssalam! Biz “orkestrin sədaları altında cərgə ilə marş vurmaq”dan zövq almadıq, biz, poeziyanın yeniliklərlə zənginliyini, poetik gözəllikləri, bədii təmizlik nümunələrini sevdik; bunlardan zövq aldıq.
Özümüzü poeziya ilə ifadə edə bildik.
Mtatsminda Panteonunda Qalaktionun məzarı başında pıçıldadım. Əminəm ki, Bakının Fəxri Xiyabanında Vaqf Səmədoğlu, Paris Panteonunda Viktor Hüqo eşitdi.
Axı, ədəbi qəhərin, kədərin dili fərqli olmur…
P.S. Orta məktəbdə oxuyarkən “Sevimli şairim” (ya da yazıçım) adlı inşa yazı da yazırdıq. Açığı, Qalaktionun adını başda yazmamışdım. Amma hər şey axır, hər şey dəyişirmiş.
Məktəb illərində təkcə Qalaktionla deyil, məsələn, ilk Nobel mükafatçısı (1901) Rene Sülli-Prüdomla da tanış deyildim, əvəzində “Kommunizmə gedirik biz” mövzulu qrafomaniya əzbərlədirdilər bizə.
…“O (R.S.P) hər şeyin məğzinə varan və insanın mənəvi böyüklüyünü dərk edən müşahidələri və …qəlb ilə ağlın nadir kombinasiyasının keyfiyyətliliyi, bədii mükəmməliliyi ilə seçilir və bu baxımdan Nobelin “ədəbiyyatda idealist təmayül” adlandırdığı fikir cərəyanını digər yazıçılardan daha yaxşı təcəssüm etdirir”.
Bu sitatlar R.Sülli Prüdoma aiddir; aşağıdakı bu ikicə misra da:
Qızıldan şüalarla zəncirləndim günəşə,
İşıqdan iynələrlə ulduzlara tikildim. (Çevirən: Qismət).
İndi bizdə uşaq illüziyalarının əks-sədasına bağlılığı ifadə edən bir “Holden Kolfild arzusu” (C.Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərinin qəhrəmanına işarə) adlanan linkə daxil olmaqla sevimli şairinizdən, yazıçınızdan zəng qəbul etmək olur. Qalaktion Tabidzedən də!
Bu, biz poeziyasevərlərin, poetik yaşayanların uşaq xəyallarını gerçəkləşdirən bir gözəl yenilikdir.
Zəng edirsən və sevimli şairinin bir şeirini dinləyirsən: öz dilindən ya bədii qiraət ustasının dilindən; istənilən havada, istənilən məsafədə…
Müəllifin başqa yazıları:
Bu dağların Abbası (retro)
Təkayaq (izomorfizm)
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Mükafat marafonu (praemium)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Borçalı butaforiyası (debüt)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Can (aqape)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Pikasso Əyriqarda (80×60)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Yetimdoyduran (al dente)
Şarlotta (təzadlar)
Epikür bağları (vegetasiya)
Yetim Gürcü (boheme)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
Əyriqar qalxanı (silentium)
Stokholm suvenirləri (trauer)
Kürəvi ildırım (versifikasiya)
Odissey Əyriqarda (eponim)
Toğlugötürən (motiv)
Ujurumda yaz havası (trayektoriya)
Vətənə güllə atmaq (transalp)
Qardaşım ədəbiyyat (litera)
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
Data Tutaşxia üçün tavakababı
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
Cümləmizin Cavid qapısı (vitraj)
Dinarın dörddə biri (irrasional)
Sərhəddə yaşamaq (senzitiv)
99-la 100 arası
Tiflisdə serotonin sevdası (senzitiv)
Sözün işığında yaşamaq
Rüzgarda ruhani element azlığı
“Çox yorğunam, məni gözləmə, kapitan…”
Ortacala cazibələri (manuskript)
Lima (xumar xronika)
Nərmə-nazik “Nizami ili”
Qaranlıqlara elegiya
Qardaşım Qalaktion (esse)
Alxan Binnətoğlunun binələri (dağlar havası – nostalji)
Müəllifin kitabı:
“Yetimdoyduran” çıxıb