İbrahimxəlil
İndi sizə coğrafiyadakı burundan – yəni qurunun dənizin içinə girən dağlıq, qayalıq hissəsindən dolayı (məsələn, Çelyuskin burnu, El-Abyad burnu, Prins Uels burnu, Bayron burnu və sairə və ilaxır), daha çox iybilmə və tənəffüs orqanından danışıram. Özü də necə iybilmə? Sanki ov itidir: burnunu hər kola, hər komaya soxur.
Bu minvalla Şəhri-Tiflis tərəflərdə Mirzə David-Tarxan Mouravinin, Sankt-Peterburqun göbəyindən aşağıda isə Mirzə Barxudar Babayanın burnu neçə dəfə qapı-pəncərə arasında qaldı; amma nə xeyri? Ara vurmaqdan, hər deşiyə, hər çuxura burun soxmaqdan, çərənçilikdən, naqqallıqdan qalandılarmı?
Amma bir halda ki, bu və bu kimi şeytanşapalağı adamlar burunlarını sizin də işinizə soxurlar, üstəlik də Türkiyəyə və Azərbaycana külbaş küfrlər yağdırırlar, onda icazə verin arazbarı uzaqlardan başlayım…
Mirzə Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsinin epiqraf yerində yazıb: “Qoqol, Allah sənə rəhmət eləsin”! Necə ki, Allah-taalanın bircə rəhmətinin səbəbinə “yaradılmışlar bir-birinə rəhm edir, ana balasına məhəbbət bəsləyir, quşlar su içir”, bax, eynən həmin oxşar minvalla, Mirzə Cəlilin Qoqola dilədiyi rəhmətin səbəbinə də bu məşhur yazıçının adı Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın hələ də arada-sırada and yerinə çevirdiyimiz Qələmlə və Kitabla birgə xeyirxəbər xoşluqla xatırlanır. Üstəlik, indi Rusiyada və Ukraynada Qoqolun məhz kimə məxsusluğu üstündə bəzi divanə dairələr arasında gedən münafiq mübahisələri görəndə Mirzə Qələmə də, mənə də belə gəlir ki, bəlkə Qoqol heç Mirqorod yaxınlığında deyil, elə Tiflis yaxınlarında doğulubmuş. Hər nə isə… Allah bir də rəhmət eləsin!
Müxtəsəri, unudulmaz Qoqolun “Burun” adlı halal-hümmət hekayəsi də var ki, bu hekayədə İvan Yakovleviç adlı bir nəfər çörək doğrayarkən içindən… burun çıxır.
Əgər bu yerdə anaxronizmlərə inansaq, onda sərhesab süjetlərin birində görərik ki, İvan Yakovleviçin “tapdığı” burun Mirzə Barxudar Babayanın burnuna çox oxşayırmış: hətta B.Babayan sanki onun burnundan düşübmüş…
Amma elə ki, B.Babayanın burnu Sankt-Peterburqun göbəyindən aşağıda kəsildi, onda Parisə üz tutdu; üz tutdu ki, həm kəsik burnunu düzəltdirsin, həm də parisliləri yeni kəşfi ilə tanış eləsin…
…belə bir ehtimal (deyilənə görə, sübut da) var ki, hər bir insan orqanizmində feromon adlı maddə hasil olur və bu maddə əks cinsdə eşq-şövq oyadır; özü də elə eşq-şövq oyadır ki, bir burun o biri burunun iyini aldımı, ilk baxışdan aşiq olmaq yalan olur, ilk iyləməkdən, ilk qoxulamaqdan aşiq olmaq doğru! Sən demə, feromonun iyini alan qadının az qala ağlı başından gedirmiş! Müxtəsəri, B.Babayan Parisdə belə şayiə buraxır ki, guya, o, süni feromon hazırlamağın yolunu tapıb; yəni istəsə, Paris gözəlləri onun dalınca sürü halında gəzər! Paris də, bildiyiniz təki, parfümeriyada-ətriyyatda birinci yerdədir. Təbii ki, “hormon daşıyan” anlamını verən və aktiv bioloji maddə olan feromondan da hamıdan öncə xəbərləri var. Baxmayaraq ki, adamların azı otuz faizinə hər hansı fikri təlqin-sirayət etmək, aşılamaq asandır, amma parislilər görəndə ki, B.Babayan çox naqqallıq, çox çərənçilik eləyir, ərəblər demiş, bulfüzuldur, onda ona imkan verməyiblər: qovublar İrəvan tərəflərə. Eşitdiyimə görə, Siranuş da qırıq burunları qətiyyən sevmirmiş… B.Babayan üstünə-başına hər nə qədər “Homme Parfum” vurur-vursun, Siranuşa feromon lazımdır, ətir yox!
P.S. Eşitdiyimə görə, Mirqorod tərəflərdə adətən dişə, başa, saça yaxşı qulluq eləyirdilər. İndi də buruna yaxşı qulluq eləmək dəbə minib.
Üstəlik, hətta unudulmaz Qoqolun İvan Yakovleviçi belə, hər nə qədər canfəşanlıq etsə də, hər nə qədər burnunun ucu göynəsə də, ordan-burdan burun çıxmaz. Çünki yeganəmiz Yer üzündə bu qədər burunlaşmaqdan (dalaşmaqdan, sözləşməkdən) sonra adamların burnu yaxşıca-yaxşıca ovulmadımı?.. Misilləmə misal üçün, indi anti-Azərbaycan informasiya ruporunda züy tutanların, hətta arada-sırada B.Babayanla bağrıbadaş olanların da burunları ovuldu. Məsələn, Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın birdən-birə adama belə gəlir ki, Mirzə Mikrobun burnu da Paris tərəflərdə əməliyyat olunubmuş…
Vaxtilə burnunu asanlıqla itirə bilən bəzi adamların öz burunlarının üstündə əsim-əsim əsmələri də bəlkə elə bu ürbənd üzdəndir?
…burnunuzu qoruyun!
Müəllifin başqa yazıları:
- Bu dağların Abbası (retro)
- Təkayaq (izomorfizm)
- Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
- Bilbaoda Bayraq günü (olimpias)
- “Kor xəlifə” Tiflisdə (antipod)
- Oturduqca oyun oynamaq (reaksiya)
- Bizim mizantrop Hökumət (təzkirə)
- Mükafat marafonu (praemium)
- Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
- Emin Elsevərin baş keçidi (retro)
- İbrahimxəlil süfrəsi (inversiya)
- Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
- Neyron yuvaları nişangah altında (innovasiya)
- Əyriqarın qardaşı (ucqar havası)
- Borçalı butaforiyası (debüt)
- Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
- Can (aqape)
- Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
- Letargiyada erməni latayırları (kontrast)