Böyüklər üçün uşaq kitabı
- 19 Dekabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” roman-pritçası haqqında
Fəxri Uğurlu
1935-ci ilin sonlarında Ekzüperi bütün olan-olmazını toplayıb üstəlik də dostlarından borc götürmək hesabına aldığı şəxsi təyyarəsiylə Paris-Sayqon-Paris marşrutu üzrə aviasiya yarışına qoşuldu. Yarışın şərtinə görə, uçuş müddəti 87 saatdan çox çəkməməliydi, o hesabla yeni ili pilot ya evdə, ya da göydə qarşılamalıydı. Sayqon şəhərinin Vyetnamda yerləşdiyini nəzərə alsaq, o dövr üçün bu məsafəni qoyulan müddətdə başa vurmaq asan deyildi. Yarışın mükafat fondu yüz əlli min frank idi. Otuz beş yaşlı məşhur təyyarəçi bu pulla maddi problemlərin altından çıxacağına ümid eləyirdi.
Dekabrın otuzunda onun təyyarəsi Liviya səhrasında qəzaya düşdü. Təyyarənin pilotuyla mexaniki möcüzə sayəsində sağ qaldılar. Qəzadan salamat qurtulsalar da, yel qanadlı xəyal atından yıxılmış macəra axtaranlar bu səfər susuzluqdan ölmək qorxusuyla göz-gözə gəldilər. Hadisənin dördüncü günü səhrada karvan sürən bədəvilər yarımcan fransızların dadına çatmasaydı, hər ikisi ucsuz-bucaqsız qumluqda leşə dönüb qurda-quşa yem olasıydı.
Təyyarəsinin qanadlarını gövdədən ayıran fələk özü də bilmədən o qanadları Ekzüperinin ilhamına bağladı, yazıçının yaradıcı təxəyyülünün kövrək lələklərinə sığal çəkdi. Planetin unudulmuş küncündən, qısır səhradan dünya ədəbiyyatının o vaxtacan misli görünməmiş yeni bir obrazı boy göstərdi. Qum cücərdi, səhra bar verdi, Balaca Şahzadə Ədəbiyyat Səltənətinin vətəndaşlığına əbədi vəsiqə aldı.
***
…Planetin ən böyük səhrasının üstüylə uçan təyyarə xarab olur. Pilot hava maşınını qumluğa oturdub mühərriki düzəltməyə başlayır. Xeyli çalışandan sonra təyyarəçini yuxu aparır. Dan üzü onu haradan peyda olduğu bilinməyən solğun bənizli, qızıl saçlı bir uşaq səsləyib oyadır: “Mənim üçün quzu şəkli çək”.
Bunu deyən Balaca şahzadə səhrada qəzaya uğrayıb həyatın səmtini itirmiş insanın, yəni əslində absurd dünyada, eni-uzunu bilinməyən qaranlıq kainatda, dibigörünməz zülmət okeanda özünə mayak axtaran müəllifin daxili məni, alter-eqosu, onun ruhu, könlü, bələdçisidir.
Ruh deyəndə, Tanrı deyəndə çox adamın xəyalına başı buludlara dəyən yüz min yaşlı müdrik, nurani qoca gəlir, əbədiyyət deyəndə gözümüzün qabağında əvvəli-axırı görünməyən sonsuz zaman canlanır. Ekzüperinin tanrısı bu balaca uşaqdır – onun saf qəlbi böyüklərin paslı beynindən milyon qat artıq bilir. Hamı uşaq olub, ancaq hər kəs bunu xatırlamır.
Elə əbədiyyət də nəhəng zaman-filan deyil, saniyənin trilyonda biri boyda (yəni əslində ensiz-boysuz) kiçik bir an, zamanın axıda bilmədiyi, məkanın yer tapa bilmədiyi, kainat yellərinin dəbərdə bilmədiyi bölünməz vaxt atomudur.
***
Balaca şahzadə bu səhraya öz planetindən – 1909-cu ildə bir türk astronomunun kəşf elədiyi B-612 nömrəli asteroiddən enib. Onun planetində biri sönmüş, ikisi aktiv üç vulkan, körpə baobab pöhrələri, bir də gözəlliyi göz qamaşdıran yeni açmış qızılgül var. Hər yuxudan duranda o, planetini səliqəyə salır, vulkanlarını silib təmizləyir, səhər yeməyini onlardan birinin üstündə qızdırır, sonra qızılgülünü suvarır, onun nazıyla oynayır. Quzu ona ondan ötrü lazımdır ki, baobabların pöhrə budaqlarını, yarpaqlarını qırpıb onları böyüməyə qoymasın, yoxsa bu kobud, arsız ağac hər yana kök atıb onun körpə planetini parçalayacaq, qızılgülünü qurudacaq. Aydındır ki, baobab burada yer üzünə sığmayan, dünyanı insanlara dar eləyən fironların, tiranların, despotların obrazıdır.
Qızılgülün prototipi isə yazıçının ömür-gün yoldaşı, Yer planetinin Latın Amerikası adlı bağçasından dərdiyi tikanlı çiçəyi Konsuelodur. Antuan onunla Argentinada rastlaşmışdı, Salvadordan gəlmiş ikiqat dul qadına ilk baxışdan vurulmuşdu, onu təyyarəsinə mindirib göylərə qaldırmışdı, elə göyün üzündəcə qadına ultimatum vermişdi: ya Konsuelo Antuana ərə gəlməyə razı olacaq, ya da çılğın pilot təyyarəni dağlara-qayalara çırpıb nikahını o dünyada rəsmiləşdirəcəkdi.
Dörd ay sonra onlar Parisdə evlənmişdilər. Birgə yaşayışları rahat ötüşməsə də, hər ikisinin evdən kənarda çoxlu dayanacağı olsa da, heç yerdə sığınacaq tapmamışdılar, hərlənib-fırlanıb yenə bir çətirin altına girmişdilər.
***
Balaca şahzadə pilotun çəkdiyi rəsmi bəyənmir, onun fikrincə, şəkildəki quzudan çox qoyuna, qoça bənzəyir, üstəlik buynuzları da var. Həm də bu qoyun çox qocadır, ona cavan quzu lazımdır ki, uzun yaşasın, hələ neçə il xidmət göstərsin. Bu qoyun onun planetindəki yeganə qızılgülü yeyə bilər, çünki o gülü dördcə miskin tikandan başqa heç nə qorumur, o tikanları da bu qoç bir qırpımda udacaq, gülün gözəlliyinə, qoxusuna əsla bənd olmayacaq.
Gerçəkdən də, bu dünyada dodağı şehli qızılgül qönçəsini quru samandan ayırmayan buynuzlu-buynuzsuz nə qədər qoyun var.
Təyyarəçinin çəkdiyi (yeri gəlmişkən, əsərdəki illüstrasiyaların da müəllifi Ekzüperi özüdür) quzu rəsmləri də Balaca şahzadənin xoşuna gəlmir. Bəs onda neyləməli, qızılgülü nadan ağızlarda çeynənməkdən necə qorumalı? Hərçənd onun ətirli çiçəyi də fağır-zad deyil, çox məğrur, tərs, dikbaşdır, onu qoxlamaq üçün qarşısında baş əyənlərə cırmaq atandır. Elə Balaca şahzadə özü də ondan küsdüyü üçün planetindən aralı düşüb. Gedən ayaqda qızılgül nalayiq davrandığına görə ondan üzr diləyib nazını çəkəni çox sevdiyini söyləsə də, Balaca şahzadə səfərindən daşınmayıb. Küssə də, acıqlansa da, fələkdən qorunmağa dördcə körpə tikanından savayı heç nəyi olmayan köməksiz gülün məsuliyyəti onun boynundadır, o gül ona əmanətdir.
Pilot Balaca şahzadəyə təskinlik üçün quzunun ağzına noxta vuracağını deyir. Ancaq onda da yerini genəltməyə can atan baobab pöhrələrinin qarşısını alan olmayacaq, o pöhrələr nəhəng ağaca çevrilib planeti kölgəsində çürüdəcək. Belədə təyyarəçi bir yeşik şəkli çəkib quzunu o yeşiyə yerləşdirir, bu yolla Balaca şahzadəni, nəhayət, razı salır. Onun quzusu gecələr o yeşiyin içində yatacaq, gündüzlərsə quzunu bağlasın deyə pilot gödək bir ip şəkli də çəkəcək. Bilmək olmaz, bir də gördün heyvan təzib gözdən itdi, baş alıb harasa getdi.
Şahzadə təəccüblənir: bağlamaq nəyə lazım, onun planeti onsuz da böyük deyil, vur-tut bir ev boydadır, qaçıb gizlənməyə də dalda bir yeri yoxdur. Sonra da öz-özünə danışırmış kimi kədərli-kədərli deyir: “Əgər düz yolla getsən, itib batmazsan…”
***
Yerə gəlib çıxana qədər Balaca şahzadə altı planetdən keçib.
Birincisi tənha kralın planetidir. Dəbdəbəli xalatını geyinib cah-cəlallı taxtına oturmuş kral onu görəndə çox sevinir. O, hər kəsə təbəəsi kimi baxmağa, xahişi də əmr şəklində çatdırmağa öyrəşib. Ancaq indi öz planetində təkdir, əmr verib buyurmağa kimsəsi yoxdur. Uşaq onun hüzurunda əsnəyəndə davranış etiketini pozduğuna görə kral ona acıqlanır, ancaq sonra özü uşağa göstəriş verir ki, əsnəsin, çünki kral çoxdandır əsnəyən adam görməyib. Uşaqsa qorxusundan daha əsnəyə bilmir.
Kral özünü inandırıb ki, yerdə-göydə nə varsa, hamısı onun əmrinə müntəzirdir. Ancaq gərək hər kəsdən mümkün olanı tələb eləyəsən, yoxsa əmrin yerinə yetməz: “Əgər mən öz generalıma kəpənək olub güldən-gülə qonmağı, dənizin üstündə uçan qağayıya çevrilməyi, ya dahiyanə səhnə əsəri yaratmağı əmr eləsəm, general da bu əmri yerinə yetirə bilməsə, günah kimin boynunda qalacaq – onun, ya mənim?.. Gərək hər kəsdən gücünə, bacarığına görə istəyəsən. Hakimiyyət ağılla idarə olunmalıdır. Əgər sən öz xalqına dənizə atılmağı əmr eləsən, xalq üsyana qalxacaq…”
Balaca şahzadə kraldan günəşi qüruba göndərməyi xahiş eləyir – o öz planetində qürub seyrinə tez-tez dalır, bu mənzərəni təkrar-təkrar görmək üçün oturduğu kətili bir addım irəli çəkməsi ona yetir. Kral uşağa deyir ki, tələsməsin, axşam saat filanda günəş onun əmriylə qüruba enəcək. Bu yerdə filosofların “Azadlıq – dərk olunmuş zərurətdir” kəlamı yada düşür. Ağıllı kral da öz hökmünü zərurətlə uzlaşdırır, verəcəyi əmrin yerini alması üçün əlverişli şəraitin yaranmağını gözləyir, buna görə də onun hökmü havadan asılı qalmır.
Balaca şahzadə getmək istəyəndə kral əlinə göydə düşmüş tək təbəəsini buraxmamaq üçün ona ədliyyə naziri postu təklif eləyir. Ancaq qoca monarxın planetində mühakimə olunası kimsə yoxdur. “Onda özün-özünü sorğu-suala çək, – kral deyir, – bu, başqalarını mühakimə eləməkdən qat-qat çətindir. Əgər özünü doğru mühakimə eləyə bilsən, demək, gerçəkdən müdrik adamsan”.
Sonda uşağın qarşısını kəsə bilməyəcəyini anlayan kral təbəəsinin əmrdən çıxmağına alışmadığına görə onu getdiyi yerə səfir təyin eləyir, bununla da pərtliyini örtüb basdırıb hökmdar qürurunu, monarx təkəbbürünü sakitləşdirir.
***
İkinci planetdə şöhrətpərəst məskunlaşıb. Kral üçün hər kəs təbəə olduğu kimi ondan ötrü də hamı pərəstişkardır. Şöhrətpərəstə elə gəlir hamı onun ağlının, sərvətinin, zər-zibalı geyiminin heyranıdır, halbuki o da öz planetində tək-tənhadır. Şöhrət xəstəsi Balaca şahzadədən xahişdə bulunub özünə əl çaldırır, dərhal da şlyapasını çıxarıb ədayla təzim göstərir. Bu mənzərə bir neçə dəfə təkrar olunur.
Şlyapası şöhrətpərəstə elə təzim üçün gərəkdir. Onun qulağı tərifdən başqa hər sözə kardır. Onu yalnız başqalarının heyranlığı yaşadır. Balaca şahzadə düşünür ki, bu böyüklər çox qəribə məxluqlardır.
Üçüncü planetdə əyyaş yaşayır. Burada çoxlu dolu, boş şüşələr var. Əyyaş içir, sonra vicdan əzabı çəkir. Əzabını unutmaq üçün yenə içir, sonra yenə əzab çəkir. Beləcə, əzabını unutmaqla xatırlamaq arasında aramsız var-gəl eləyir. Balaca şahzadə yenə “Nə qəribə adamlardır bu böyüklər!” deyib yoluna davam eləyir.
Dördüncü planet işgüzar adamın dünyasıdır. Adam o qədər məşğuldur ki, sönmüş siqaretini yandırmağa belə vaxtı yoxdur. Balaca şahzadə onun planetinə ayaq basanda işbaz heç başını da qaldırmır, Kafkanın Poseydonu kimi elə hey hesablayır. İşgüzar adam rəqəmləri üst-üstə gəlib bir-birinə vurandan sonra beş yüz milyonluq bir nəticə alınır. Uşaq ondan soruşur: “Beş yüz milyon nə?” İşbaz ona cavab vermir, deyir ki, ciddi işlə məşğuldur, laqqırtı vurmağa vaxtı yoxdur. Ancaq uşaq əl çəkmir, sualını dönə-dönə təkrarlayır: “Beş yüz milyon nə?..”
Məlum olur ki, işgüzar adam ulduzları hesablayır, onun beş yüz milyondan çox ulduzu varmış. Bəs hökmü ulduzlara da çatan kral necə olsun? O deyir ki, kralların heç nəyi yoxdur, onlar yalnız idarə eləyirlər. Ulduzlar ona varlanmaq üçün lazımdır. Bəs varlanmaq onun nəyinə gərəkdir? Kəşf olunan yeni-yeni ulduzları almaqdan ötrü. Ulduzlar heç kimə məxsus deyilsə, demək, onun mülkü, onun sərvətidir, çünki ulduzlara sahib çıxmaq ondan qabaq heç kəsin ağlına gəlməyib. Bəs axı ulduza əl çatmır, işbaz bu böyük sərvətdən necə yararlanacaq? Hə, bunun da yolu-yöndəmi tapılıb, işgüzar adam özəlləşdirdiyi ulduzları banka qoyur.
***
Beşinci planet əvvəlkilərdən də balacadır. Bura ancaq bir fənər, bir də fənərçi sığır. Evi, küçəsi, sakinləri olmayan bir planetdə fənər nəyə gərəkdir – uşaq anlamır. Qabaqlar fənərçinin dincəlməyə də vaxtı olurmuş, fənəri səhərlər söndürüb axşamlar yandırırmış, ancaq indi bu işi aramsız görür, çünki ondan bəri planetin hərəkət sürəti get-gedə artıb. İndi bu planet öz oxu ətrafında bir dəqiqəyə tam dövrə vurur, odur ki, fənərçinin nəfəs dərməyə macalı yoxdur.
Altıncı planet beşincidən on dəfə böyükdür. Burada qalın kitablar yazan qoca coğrafiyaşünas məskunlaşıb. O, Balaca şahzadənin timsalında yeni bir səyyahın gəlişinə sevinir. Qoca alim öz planetində çayların, dənizlərin, dağların, səhraların, şəhərlərin, kəndlərin olub-olmamağından xəbərsizdir. Uşaq bunun səbəbini soruşanda qoca deyir ki, o, səyyah deyil, coğrafiya alimidir, özü də çox vacib işlə məşğuldur, onun gəzməyə, görməyə vaxtı yoxdur. Alim gecə-gündüz kabinetində oturub səyyahların danışdıqlarını qeydə alır, sonra onları başqalarının dedikləriylə tutuşdurub doğruluğunu yoxlayır. Söhbətin sonunda qoca alim Balaca şahzadəyə Yer planetinə baş çəkməyi məsləhət bilir.
Göründüyü kimi, kiçik qəhrəmanın dolaşdığı planetlər cəhənnəmin qatlarına bənzəyir. Burada hər kəs öz cəhənnəminə vasil olunub, hamı təkadamlıq kamerasında Sizif əməyinə məhkum olunub.
Bu cəhənnəm epizodları, əlbəttə, həm də parodiyadır: birinci səhnə vaxtı keçmiş, çürümüş, ciddiliyini itirmiş monarxiya quruluşuna, aristokrat ədalarına, ikinci səhnə saxta kübar davranışlara, snob əxlaqına, üçüncü səhnə meşşan həyat tərzinə, dördüncü səhnə tamahkar, həris burjua əxlaqına, beşinci səhnə absurda varmış proletar əməyinə, altıncı səhnə həyatdan uzaq düşmüş kabinet alimlərinin yalançı elmi bəsirətinə ironiyadır.
***
Nəhayət, Yer planeti! Burada yüz on bir kral, yeddi min coğrafiyaşünas, doqquz yüz min işbaz, yeddi milyon yarım əyyaş, üç yüz on bir milyon şöhrət düşgünü – cəmi-cümlətanı iki milyarda yaxın yaşlı adam yaşayır. Yerin böyüklüyünü təsəvvür eləmək üçün bunu da demək lazımdır ki, elektrik enerjisi kəşf olunana qədər burada dörd yüz altmış iki min beş yüz on bir fənərçi xidmət göstərib. İnsanlar bu planetdə çox yer tutmurlar, əgər yerin iki milyard sakini mitinqdə olduğu kimi bir yerə yığılsa, eni-boyu iyirmi millik əraziyə sığışar.
Yerə enən Balaca şahzadəni ilk qarşılayan qızılı səhra ilanı olur. İlan ona öz qüdrətindən söz açır, deyir ki, onun toxunduğu hər kəs gəldiyi yerə qayıdır. Vaxtı çatanda o da ilanın kəramətindən yararlana bilər. Balaca şahzadə ulduzlu göyü seyrə dalıb fikirli-fikirli soruşur: “Bilmək istərdim, görən ulduzlar niyə belə işıq saçır? Yəqin ona görə ki, gec-tec hər kəs öz ulduzunu axtarıb tapa bilsin. Bax, mənim planetim düz başımın üstündədir, ancaq necə də məndən uzaqdır!”
Səhrada bir inli-cinli gözə dəymir. Qum dəryasını xeyli dolaşandan sonra uşaq üç ləçəkli balaca bir çiçəyə rast gəlir, ondan adamları soruşur. Səhra çiçəyi bir zaman yanından ötmüş karvanı xatırlayır: “Adamlar? Burada cəmi altı-yeddi adam var. Mən onları neçə il qabaq görmüşəm. Onların yeri-yurdu bilinmir. Adamların kökü yoxdur, külək onları hara gəldi aparır”.
***
Qumlu çöllərdən, qayalıqlardan, qarlı dağlardan keçən Balaca şahzadə, nəhayət, bir yola çıxır. Bütün yolların son ucu insana calanır.
Onun qarşısında bir qızılgül bağçası açılır. Balaca şahzadə çox pəjmürdə olur; indiyəcən elə bilirdi onun qızılgülü bütün kainatda təkdir. İndi budur, yalnız bir bağda beş min qızılgül! Uşaq özünü çəmənliyə yıxıb ağlayır.
Bu vaxt alma ağacının altında tülkü peyda olur. Tülkü deyir ki, həyatı çox darıxdırıcı keçir, o, toyuqları güdür, ovçular onu. Sonra onlar dostlaşırlar, müdrik tülkünün məsləhətiylə oğlan qızılgül bağçasına bir də, yenidən, daha dərindən nəzər yetirir, gördüyünün mahiyyətinə dalır (Hüsserlin fenomenoloji reduksiyasını xatırlayaq), anlayır ki, bu güllərin heç biri onun öz planetində bəslədiyi, nazını çəkdiyi qızılgül deyil. Onun dünyasında açmış qızılgül bu güllərin əsli, orijinalı, ideyasıdır. O gül əbədidir, bu güllər fani. Müəllif burada donjuanlıqla donkixotluğu, absurdizmlə idealizmi qarşı-qarşıya qoyur, dini-mistik təfəkkür daşıyıcısı kimi ikincinin tərəfini tutur.
Ayrılanda tülkü ona vəd verdiyi sirri açır: “Mənim sirrim çox sadədir: yalnız ürək sərrast görür, ən vacib olanı gözlə görə bilməzsən”. Hiss olunur ki, bu tülkünün ulu babaları müsəlman dərvişlərindən, xristian mistiklərindən yaxşıca dərs alıblar.
***
Mavi planetdə bir xeyli gəzib dolaşandan, adamları, heyvanları, bitkiləri sorğu-suala tutandan sonra Balaca şahzadə yenə səhraya, yaşa dolmuş surətinin yanına qayıdır. Pilot gərgin iş başındadır, təyyarənin motoruyla əlləşir. Susuzluq onu üzüb, bir az da keçsə, diri-diri yanmaq təhlükəsi var. Uşaq deyir ki, o da su istəyir. “Demək, sən də yanğı nə olduğunu bilirsən?” – təyyarəçi ondan soruşur. Balaca şahzadə ona çox sadə cavab verir: “Ürəyin də suya ehtiyacı var…”
Onlar qum üstünə çöküb xəyala dalırlar. “Ulduzlar çox gözəldir, – uşaq deyir, – haradasa oralarda bir çiçək bitib, gözə görünməsə də…” Təyyarəçi ay işığında dalğalı quma baxıb onun dediklərini təsdiqləyir. “Səhra da gözəldir, – Balaca şahzadə sözünə davam eləyir. – Bilirsənmi səhra niyə gözəldir? Çünki onun altında bulaqlar yatır…”
Beləcə, adi gözlə görünməyəni uşaq qəlbinin fəhmi, ruhun gözü aydın seçir. Tülkünün həqiqəti özünü doğruldur, təyyarəçi uşağın bələdçiliyi sayəsində səhrada su quyusu tapır. Balaca şahzadə quyunun ruhunu oyadır, su cilvələnib oxumağa başlayır. Ruha çilənən saf bulaq suyu yanğını söndürür.
Sonra Balaca şahzadə pilota deyir: “Sənin planetində adamlar bir bağçada beş min qızılgül becərirlər, amma yenə axtardıqlarını tapa bilmirlər… Ona görə ki, gözünüz kordur, ürəklə axtarmaq lazımdır”.
***
Artıq onun yerə enişinin bir ili tamam olmaq üzrədir. Bu, o deməkdir ki, vaxt-vədə yetişməkdədir, qayıtmaq zamanı gəlib.
Göy üzündə hər kəsin öz ulduzu, öz planeti, öz aləmi var. Yer üzü ruhların görüş yeridir, hamının ortaq dünyasıdır. Əcəli çatanda hər kəs torpaqdan aldığı borcu geri qaytarıb öz aləminə çəkilir. Ruha yalnız sevilənlər, sevgilər qalır, qalan hər şey zibil torbası kimi can quyusuna atılır. “O dünya” deyilən şey hər kəsin sevgisi boyda, sevdiyi qədərdir, qalanı bu dünyada qalır, daha doğrusu, heç qalmır da, puça çıxır, kirə çıxır, hisə çıxır.
Bir ilin tamamında Balaca şahzadə öz planetinə qayıtmaq üçün ilandan yardım istəyir. Yuxulu təyyarəçi uşağın uzaqlaşmağından duyuq düşmür, xəbər tutanda isə xeyli gec olur – zəhər artıq cismi ruhdan ayırmaqdadır. “Mənim bədənim çox ağırdır, – Balaca şahzadə deyir, – onu daşıyıb apara bilmərəm… Ancaq sən qəm eləmə, bu, köhnə dəridən çıxmaq, qabıq qoymaq kimidir…”
***
Əgər qədim zamanlarda yazılmış olsaydı, “Balaca şahzadə” əsəri dini ədəbiyyat siyahısına salınar, bəlkə də Bibliyada yer alardı. “Yalnız Ruhun toxunuşuyla torpaq dönüb İnsan olur” deyən müəllif öz bəlalı əsrində həmin o qədim müdriklərin, haqq aşiqi peyğəmbərlərin varisi, həqiqət divanələrinin tərcümanı kimi danışır.
Bu roman-pritçanı yazıb başa gətirəndən iki il keçmiş-keçməmiş iyirminci yüzilliyin ən işıqlı, ən imanlı qələm adamlarından biri, iki dünya savaşının xarabalıqları arasında haqqa inamını, peşəkar qatillərin belə əl-qolunu bağlayan nurlu təbəssümünü itirməyən Antuan de Sent-Ekzüperi neçə ildir qeyb aləminə baş vurmuş Balaca şahzadəsinin sorağıyla göylərə çəkildi. Özü də elə ustalıqla yox oldu, izini elə itirdi ki, fələyin elçilərinə tozunu da təhvil vermədi. Onun haqqında düşünəndə mənə elə gəlir doğma planetinə təyyarəsi, cismi qarışıq uçub. Hər nədirsə, dünya durduqca qırx dörd yaşında qalacaq, nə özü, nə təyyarəsi, nə də Balaca şahzadəsi qocalacaq.
Uşaqlıqdan bağban olmağı arzulamışdı. İndi yəqin Balaca şahzadənin özü kimi balaca planetində bağ əkir, bağça salır, qızılgüllər becərir. Ancaq yox, o planetdə bircə gül bəsləmək də bəs eləyər. O bircə gülün bu dünyada milyard-milyard nüsxəsi açır, milyard güldən o bir gülün qoxusu gəlir. Necə ki, Balaca şahzadənin də Yer planetində səkkiz milyard nüsxəsi var. Hələ neçə milyardı da Meterlinkin mavi sarayında növbə çəkir, doğulmağa bəhanə axtarır, öz toruna, taleyinə doğru yol gəlir…
“Yeni Azərbaycan” qəzeti