Fəxri Uğurlu
Böyük rus yazıçısı Anton Çexovun “Qadası” (orijinalda “Duşeçka”) adlı bir hekayəsi var. Hekayənin qadın qəhrəmanı üç dəfə ərdə olur, hər üçündə özünü ərinə təmənnasız fəda eləyir, onların diliylə danışır. Əyalət teatrının rejissoruyla nikahlı olanda Olqa Semyonovna Plemyannikova hər fürsətdə teatrın problemlərindən söhbət salır, tamaşaçıların azlığından gileylənir, bir sözlə, ərinin dediklərini tutuquşu kimi təkrarlayır. Meşəçiyə ərə gedəndən sonra meşə təsərrüfatının qayğılarıyla yaşayır, qaraqabaq əri kimi əyləncədən uzaq durur. Cavan baytarla birgəliyi dövründə də onun dərdlərinə, fikirlərinə ortaq olur, həyata onun gözüylə baxır.
Olqa Semyonovna iki ərinə sədaqətlə yas tutur, onların axirət ağacını gözünün yaşıyla suvarır, hər birini rəhmətlə yad eləyir. Üçüncü əri birinci arvadıyla barışanda o da taleyilə barışır. Nəhayət, qalan ömrünü sonuncu ərinin yadigarı olan oğlancığaza bağışlayır, onun məktəb qayğılarıyla nəfəs alır, gecə-gündüz həyəcan keçirir ki, bir gün uşağın uzaqlara getmiş ata-anası peyda olub Saşanı onun əlindən alacaq…
Lev Tolstoy bu hekayənin qadın qəhrəmanına heyran olmuşdu, çünki özünü qurban verməyin ustası olan Olqa Semyonovnanın xarakteri onun qadınlıq idealına tam uyğun gəlirdi. Tolstoy ömrü boyu bu cür qadınları vəsf eləmişdi.
Çexov isə öz məzlum, zavallı qəhrəmanına həm acıyır, həm gülürdü. Əslində, yazıçı bu personajı Tolstoyla polemika zəminində, onun fədakar qadın obrazlarına – “Hərb və sülh”ün Nataşasına, knyajna Maryasına, “Anna Karenina”nın Kitisinə parodiya kimi yaratmışdı, Tolstoyun qadınlıq idealı saydığı surətləri gülünc planda təqdim eləmişdi.
Tolstoyun idealları Çexova yabançıydı. Əgər Tolstoy əsərlərini “həyat, insan belə yox, elə olmalıdır” iddiasıyla qələmə alırdısa, Çexov heç bir illüziyaya qapılmır, “həyat budur, belədir, bundan başqası olmayıb, olmayacaq da” deyirdi.
Tolstoy fədakarlığı qadın fitrətinin ən parlaq ifadəsi, qadınlığın ruhani siması kimi vəsf eləyirdisə, Çexov insan eqoizminin yenilməz olduğunu, eqonu aşırı bəsləməyin intihara apardığını (Madam Bovarinin, Anna Kareninanın aqibətini yada salaq), eqosunu əzdirənlərin miskin, məzlum hala düşdüyünü vurğulayırdı.
Doğrudan da, hansı qadın yaxşıdır – özünü sevdiyinə, doğmalarına sidq ürəkdən fəda eləyən, bir dindar sədaqətiylə ərinə təslim olan, nikaha müqəddəs ittifaq kimi yanaşan qadın, yoxsa qürurundan kimsəyə pay verməyən, nəinki atasının, qardaşının, ərinin, sevgilisinin, hətta övladının qarşısında belə əyilməyən, məncilliyini bütün cəbhələrdə qoruyan qadın? Başqa sözlə, kişilərlə əməkdaşlığa can atan, yoxsa kişilərə qarşı cəbhə açan qadın? Fədakarlığın dəbdən düşdüyü, feminizmin trendə çevrildiyi bir zamanda bu suallar bəlkə də gülünc görünür.
Şəxsən məndən soruşsalar, mənim özünü kişi kimi aparan qadına münasibətim qadın kimi davranan kişiyə münasibətimdən fərqlənmir. Təbiət insanı iki qütblü yaradıb – bu qütblər bir-birinə sarı gələndə həyat çiçək açır, bir-birindən aralananda ömrün xəzanı başlanır. Qadının kişiylə mövqe döyüşləri aparması sonda heç bir faydalı nəticəyə gətirməyəcək, əksinə, qadınlığın özünə zərbə vuracaq, onun öz mahiyyətini ifadə eləməsinə əngəl olacaq.
Qadın kişinin ikinci mənidir, onun nə daxili, nə də xarici mənzərəsi kişiyə bənzəməməlidir, əks halda kişi də, qadın da varlığının təməllərindən məhrum olar, insan təbiətinin tarazlığı, duyğuların harmoniyası pozular. İngiltərənin mərhum baş naziri Marqaret Tetçerin bir müsahibəsində dediklərini xatırlayıram; deyirdi ki, seçki kampaniyası zamanı keçirdikləri mitinqdə kütlənin içindən bir sadə zəhmət adamı uca səslə “Marqooo!..” deyə ona səslənib. Məlum olub ki, adam dəmir ledinin uşaqlıq məhəbbətiymiş. Axşam otelə qayıdan Tetçer, öz etirafına görə, səhərəcən yata bilməyib, sabaha qədər ağlayıb. Deyir həmin gecə anladım ki, mən dəmir-zad deyilmişəm…
Sağlığında onu da yazmışdılar ki, həmin Tetçer hər sabah ertə ərinin səhər qəhvəsini öz əliylə dəmləyib qarşısına qoyur. Bu faktı xüsusən də həyat yoldaşına bir stəkan çay süzüb verməyi özünə ar bilən saxta feministlərin, qadın faşizmi mövqeyində duran qızların, gəlinlərin nəzərinə çatdırmaq istərdim. Söhbət dünyanın taleyini dəyişmiş, qırmızı imperiyanı çökdürmüş bir qadından gedir!
Bir gerçəyi də heç vaxt unutmaq olmaz: yer üzündə qadına azadlığı kişilər verib (əlbəttə, söhbət hər kişidən getmir); əgər verməsəydilər, vermək istəməsəydilər, bəşəriyyətin zərif qismi yüz min il keçsə belə haqqına çata bilməzdi.
Milli ədəbiyyatımıza göz gəzdirək – ən parlaq, sevimli qadın obrazlarını kişi yazıçılarımız yaradıb. Dünya söz xəzinəsinə nəzər yetirək – qadınlar haqqında ən gözəl kitabları kişilər yazıb: “Madam Bovari”, “Salambo” (Flober), “Anna Karenina” (Tolstoy), “Asya” (Turgenev), “Tələ”, “Nana” (Zolya), “Həyat” (Mopassan), “Kerri bacı”, “Cenni Herhardt” (Drayzer), daha nələr…
Kişiylə bəhsə girən, kişiyə bənzəmək istəyən qadın eybəcər görünür. Qadın əzəli təbiətinin timsalına çevrildikcə gözəlləşir. Fədakarlıq qadının fitrətindədir. Kişiyə xas bütün gözəl duyğuları üst-üstə yığsan, bir analıq şəfqətinin yerini verməz. Özünü sevdiklərinə qurban demək qadının acizliyi, əfəlliyi deyil, onun gücü, qüdrəti, yer üzündəki hakimiyyətidir. Fədakarlıq qadına əskiklik gətirmir, tam tərsinə, onun gerçək ruhani mahiyyətini, metafizik cövhərini üzə çıxarır. Başqa sözlə desəm, qadının gücü onun zəifliyindədir. Əsl qadın olmağın, qadınlıq ruhuna, qadın xislətinə sadiq qalmağın ayrı yolu yoxdur. Olmayıb, olmayıb, olmayacaq da!