Knyaz Xristos
- 25 Fevral 2023
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Dostoyevskinin “İdiot” romanı haqqında
Fəxri Uğurlu
“İdiot” romanı Fyodor Mixayloviç Dostoyevskinin yaradıcı ömrünə yekun vuran “Xəmsə”nin ikinci əsəridir. “Xəmsə”yə qədərki yaradıcılığı nə qədər maraqlı olsa da, Dostoyevskini dünya miqyaslı böyük yazıçıya çevirən bu beş romandır: “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, bir də “Karamazov qardaşları”. Bu silsilədən ilk əsər – detektiv, ikincisi – məhəbbət romanı, üçüncüsü – sosial-siyasi roman, dördüncüsü – tərbiyəvi roman, nəhayət, beşincisi – ailə romanı qəlibində yazılsa da, bunların hamısı fəlsəfi əsərlər, Allah axtarışına çıxmış müəllifin bədii tədqiqatlarıdır.
Qərbdə Dostoyevskini ideoloji romanın banisi sayırlar, ancaq mən bu təsbitə bir az şübhəylə yanaşıram: məgər Stendalın “Qırmızı və qara”, “Parma monastırı”, Balzakın “Şaqren dərisi”, “Absolyut axtarışında”, Hüqonun “Paris Notrdam kilsəsi”, “Səfillər”, Dikkensin “Pikvik klubundan qeydlər”, “Devid Kopperfild”, Qonçarovun “Oblomov”, Turgenevin “Atalar və oğullar”, Tolstoyun “Hərb və sülh” romanları “ideoloji” əsərlər deyilmi? Nə deməkdir ideoloji roman – müəllif bəyəndiyi-bəyənmədiyi ideyaları müxtəlif obrazlara yükləyir, sonra həmin obrazların timsalında ideyaların konfliktini süjetə çevirir, nəhayət, sonda arxasında durduğu ideyanın zəfərini, yaxud faciəsini təsvir eləməklə oxucuya, cəmiyyətə mesajını ötürür.
Ancaq müəllifin canlı həyat təcrübəsi, müşahidə ustalığı kara gəlməsə, tək ideyadan bir şey çıxmaz, obraz sxematik, quru alınar, oxucuya heç bir təsir göstərməz. Burada, necə deyərlər, ideal qanadla real qanad paralel pərvazlanmalıdır, hər iki başlanğıc ruhla bədən kimi bir-birini tamamlamalıdır. Məsələn, bir çox ədəbiyyat adamı Alber Kamyunun “Yad” povestinin qəhrəmanı Mersonu canlı insandan daha çox müəllifin ustanovkalarını, təlimatlarını yerinə yetirən ideoloji konstrukt sayır, hərçənd bununla razılaşmaq asan deyil. Dostoyevski, eləcə də yuxarıda adını çəkdiyim-çəkmədiyim başqa böyük yazıçılar bu məsələdə çox ustadırlar, onlar nəzəri-fəlsəfi tezislərlə canlı həyatı elə calaq eləyiblər ki, bu yazıçıları qondarmaçılıqda, saxtalıqda suçlamaq çox çətindir; onlar gerçək yaşamı simvolik reallıq səviyyəsinə qaldırmaqla ideal dünyayla real dünyanın (beyinin sağ-sol yarımkürələri kimi) ayrılmaz vəhdətini yaradıblar.
***
Dostoyevskinin romanları mənəvi-əxlaqi eksperimentlərdir. O, tapındığı mənəvi prinsipləri, konkret desək, xristian-pravoslav əxlaqını mahir təcrübə ustası kimi ən ağır sınaqlardan keçirir, bu əxlaqın o sınaqlara duruş gətirib-gətirməyəcəyini özü də maraqla izləyir. “Cinayət və cəza”da xristianlığın başlıca ehkamını pozan Raskolnikova dəhşətli mənəvi iztirab, psixoloji işgəncə verən yazıçı sonda onu İsa Məsihin ayağına gətirir, bununla da ağır sürgün həyatının ortasında yalın əllə ovladığı həqiqətin təntənəsini bayram eləyir. Öz qəhrəmanını içindəki cəhənnəm quyusundan tələsmədən, asta-asta, bir neçə yüz səhifəyə çıxaran Dostoyevski bizi inandırır ki, cinayət baş verdiyi andan cəza mexanizmi də işə düşür, həm də bu mexanizm kənarda yox, insanın öz vücudunda, varlığının tam tüpündə, mərkəzindədir. Raskolnikov soyuqqanlı bir qatil olmaqdan mömin xristianlığa qədər ağır, əzablı təkamül yolu keçir, yazıçı onun qəlbinin yaralarını İncilin şəfalı vərəqlərinə bükməklə sağaldır.
“İdiot”un baş qəhrəmanı Lev Nikolayeviç Mışkinin isə kamilləşməyə xüsusi ehtiyacı yoxdur, o, səhnəyə, necə deyərlər, hazır gəlir. Mışkin tövbə məngənəsindən keçmiş Raskolnikovdur. Romanın qaralamalarında Dostoyevski onu “knyaz Xristos” adlandırırdı. Öz idealını müflisləşmiş bir zadəgan nəslinin nümayəndəsi qismində on doqquzuncu əsrin Rusiyasına, içində yaşadığı cəmiyyətə gətirməklə yazıçı daha bir sınaq meydanı qurur, kövrək, nəcib, halal, zəif varlığın kobud, qaba, qəddar, amansız məxluqlarla dolu bu meydanda özünü necə aparacağını, zalım dünyanın ağuşunda necə baş girləyəcəyini nağıl dinləyən uşaq marağıyla güdür. Bu dəfə mənəvi təbəddülat qəhrəmanın içində yox, ətrafında baş verir.
***
Mışkin İsa peyğəmbərin XIX əsr Rusiyasında zühura gəlmiş versiyasıdır. Dostoyevski onun simasında mənəvi gözəllik timsalı, ideal insan obrazı yaratmaq istədiyini açıqca söyləyirdi. Bu, çox çətin, xatalı eksperiment idi; belə bir pak adamı elə bir napak cəmiyyətin harasına yerləşdirəsən ki, süni, qondarma, yamaq kimi görünməsin, dünyanın şərinə bulaşmamış aciz, köməksiz bir məxluq bu mühitdə boğulmasın, üstəlik, ilan boğazından salamat çıxsın, mühit içində mühit yarada bilsin.
Knyaz Mışkin bir neçə il İsveçrə dağlarında anadangəlmə epilepsiya xəstəliyindən müalicə olunub. Dağlarda keçmiş günləri haqqında o, həyəcansız danışa bilmir, özünü nəhəng bir harmoniyadan qovulmuş, həyat adlı əbədi bayramın qırağına atılmış sanır. O dağlar metafizik dünyanın, zamansız, məkansız bir aləmin rəmzidir. Mışkin o ilahi dünyadan, Füzuli demiş, bəqa bəzmindən gəlir, sonda yenə gəldiyi yerə qayıdır. Orada insan şüursuz ömür sürür, çünki orada şüura ehtiyac yoxdur, insan orada təmiz ruh halında, qılafsız, qabıqsız, xəyal kimi dolaşır. Orada xeyirdən, sevgidən, mərhəmətdən, gözəllikdən başqa nəyisə seçmək, yanılmaq mümkün deyil. Knyaz qopduğu dünyadan danışanda elə bil ata belindən gəlməmiş, ana bətninə düşməmiş yaşadığı ömrü xatırlayır. Oxucuda elə təəssürat yaranır ki, onun nə atası, nə də anası olub, eləcə günün-saatın birində Tanrının hökmüylə yer üzünə atılıb.
Özü də lap vaxtında atılıb. Mışkinin zühuru ezam olunduğu cəmiyyətdə insan alverinin şıdırğı məqamına düşür: arvadı tərəfdən knyaza uzaq qohumluğu çatan general Yepançin böyük qızını bəlkə də özü yaşda olan varlı mülkədar Totskiyə ərə verməyə hazırlaşır. Ancaq Totski bu addımı atmamışdan on altı yaşından zorla öz məşuqəsinə çevirdiyi Nastasya Filippovnadan canını qurtarmalıdır. Bunun da yolunu tapıblar – Nastasyanı onlar Yepançinin köməkçisi, istefada olan yoxsul general İvolginin oğlu Qavrilaya sırıyırlar. Bu fədakarlığın əvəzində varlı mülkədar gənc İvolginin peysərinə yetmiş beş min manat kompensasiya verməyə boyun olur. Əlbəttə, Qanya bu rüsvayçılığı üstünə götürmək istəməz, ancaq puldan da keçə bilmir. Əslində, onun gözü yanında qulluğa düzəldiyi generalın kiçik qızı Aqlaya İvanovnadadır. Ərköyün, tərs Aqlaya ona razılıq versə, gənc İvolgin Totskinin məşuqəsindən də, ianəsindən də imtina eləyəcək.
Knyaz Mışkin məhz belə bir gərgin məqamda səhnəyə çıxır. Həm də tək yox, özünün antipodu, kölgəsi, əkiztayı Parfyon Roqojinlə birlikdə.
***
Onlar qatarda tanış olurlar. Parfyon valideyn şilləsi dadmış adamdır, o da ata zəhmindən qaçıb bir növ sürgün olunduğu əyalət şəhərindən çoxdan didərgin düşdüyü Peterburqa qayıdır. Sürgündən qayıtdığı kimi sonda sürgünə də göndərilir. Simvolika aydındır: Mışkin cənnətdən gəlib cənnətinə qayıdır, Roqojin cəhənnəmdən gəlib cəhənnəmə də vasil olur.
Onlar biri-birinə bir medalın iki üzü qədər yaxındırlar, tanış olandan bir müddət sonra hətta əhd bağlayıb qardaşlaşırlar. Lev Nikolayeviç Mışkin xəstəliyi ucbatından qadın tanımır, evlənməyə qadir olmadığını heç gizlətmir də. Roqojin də “qız”dır, yunancadan tərcümədə Parfyon adının mənası elə “bakir” deməkdir. Onları birləşdirən daha bir cəhət hər ikisinin Nastasya Filippovnaya sözün gerçək mənasında mübtəla olmasıdır. Fəqət heç birinin münasibətində erotik istək ön planda (bəlkə heç arxa planda da) deyil. Knyaz Mışkin qadına xristian məhəbbətiylə, Roqojin şeytani ehtirasla, ağalıq instinktiylə bağlıdır. Həm görkəminə, həm xislətinə, həm də temperamentinə görə qaraçıya bənzər savadsız, çılğın Roqojin sələfi Otello kimi qısqanc, onun qədər xarizmatikdir. Özü də tacirdən çox qaçaq-quldura, oğrubaşıya oxşayır.
Bir sözlə, Tanrı həyat səhnəsinə İblislə qoşa çıxır. İsa peyğəmbər kimi dalğın, sarıyanız, alagöz knyaz Mışkin hər mənada antipodu olan Roqojini yedəyində aparır. Knyazın başına yığışan adamlar bütün fərqli cəhətlərinə baxmayaraq tezliklə bir orqanizm, az qala bir təriqət halına gəlirlər. Bu yerdə İncildəki bir məqamı xatırlayıram: İsa Məsih ona günahkar insanlarla oturub-durmağını nöqsan tutan təkəbbürlü, zalım fariseylərə təqribən belə cavab verir ki, möminlərin mənə nə ehtiyacı var, onlar onsuz da doğru yoldadırlar; mənə ehtiyacı olanlar elə günahkarlar, ruhən xəstələr, mənən yoxsullardır.
Dostoyevski də öz peyğəmbərini belə bir xəstə mühitə salmaqla onun düşdüyü cəmiyyətin mərəzinə diaqnoz qoymağa, dərdinə dərman tapmağa çalışır.
***
Roqojinin də başının dəstəsi var – onun ata evinə xədimlər yığışır, bunlar da nəsə təriqətə bənzər bir toplumdur. Onların nə iş gördüyü, hansı əqidəyə qulluq elədiyi bir o qədər aydın olmasa da, evdə şeytani, mövhumi ab-hava hökm sürür. Bu da təbiidir, çünki İblis xürafatçı olur. Roqojin Mışkinlə qardaşlıq əhdi bağlayandan sonra onu evlərinə – yarımanlaqlı anasının yanına aparıb, dostunu oğulluğa götürməyi ondan xahiş eləyir.
Yenicə ölmüş tacir atasından Parfyona milyonlar qalıb, ancaq o, pul hərisi də deyil, pul ona istədiyini caynağına keçirmək yolunda qarşısına çıxan əngəlləri aradan qaldırmaq üçün lazımdır. Cismani ehtiras, var-dövlət ehtirası – Roqojini hərəkətə gətirən qüvvə bunlar deyil, onu yiyələnmək, dağıtmaq, parçalamaq hərisliyi, bir sözlə, kar-kor hakimiyyət instinkti idarə eləyir. Ən ali istəyinə çatmaq üçün o, qadından da keçər, puldan da, necə ki, sonda keçir də. Onun vücuduna müsəllət olmuş Tanatos müdam öldürməyə, məhv eləməyə, varı yoxa çevirməyə, varlığı puça çıxarmağa can atır. Əslində, Mışkinlə qardaşlaşmağı da ondan ötrüdür ki, içindəki qatili susdura bilsin, qardaş qanına əl batırmaqdan çəkinib knyazı öldürməkdən vaz keçsin.
Bu arada knyaz Mışkin də uzaq qohumundan qalma böyük miras yiyəsi olur. Qatarla Peterburqa gələndə cibində siçanlar oynaşan əkiztayların indi artıq milyonlara sərəncam vermək ixtiyarı var. Təbii ki, bu sərvət də Mışkini dünyanın quyruğuna bağlaya bilmir. Onun bir şakəri var – ən gərgin hadisələrin episentrində peyda olub cılız cüssəsiylə şər selinə sinə gərmək. O, eyni zamanda həm şir (Lev – bu yerdə Həzrət Əlinin “Əsədullah”, yəni “Allahın aslanı” ləqəbi yada düşür), həm də bir çırtmalıq canı olan aciz məxluqdur (mış, yəni siçan).
***
Qanya İvolgininsə varlanmaq üçün bir yolu var – o, rüsvayçılığı, cəmiyyətdən qovulmağı, ana-bacısıyla düşmənçiliyi gözünün altına alıb Nastasya Filippovna ilə evlənməlidir. Qanya bu dəli qadını sevmir (çox güman, sevmək istedadı ona ümumiyyətlə verilməyib), onunla evlənməyi əsla arzulamır, di gəl, varlanmaq şansını da əldən qaçırmaq istəmir.
Roqojin ona Totskinin vermək istədiyindən də artıq pul təklif eləyəndə Qanya iki od arasında qalır; bu variant belə baxanda əvvəlkindən daha sərfəlidir, ancaq burada da şərəf-ləyaqət məsələsi var, zadəgan oğlu bütöv bir cəmiyyətin gözü qarşısında rəiyyət törəməsinin onun namusunu satın almasına dözsə, bu, namusu satmaqdan da betər olacaq. Qanya bunu bildiyinə görə Roqojinin puluna nə yiyə dura, nə də ondan vaz keçə bilir. Nastasya Filippovnanın oda atdığı yüz mini sobadan çıxarmağa qətiyyəti çatmayan gənc İvolgin bayılır, bununla da həm personajlar, həm müəllif, həm də oxucular gərginliyin kulminasiyasından enib bir müddət rahat nəfəs alırlar.
***
Nastasya Filippovna infernal qadın (inferna – yunan dilində cəhənnəm deməkdir), xalis cəhənnəm mələyidir. Onun incidilmiş mənliyi qisas hikkəsiylə od tutub yanır. Bu qadını İncildəki Mariya Maqdalinanın Dostoyevski yaradıcılığında yeni bir keyfiyyətlə zühuru saymaq olar. Bundan əvvəl Maqdalı Məryəm “Cinayət və cəza”da Sonya Marmeladovanın timsalında zühura gəlmişdi. Fəqət Sonya dinc, fədakar, taleyinə boyun əyən, özünü qurban verməyə amadə, hətta bundan zövq alan, xristian əxlaqına sadiq, bədənini satmağa məcbur olsa da, ruhunun bakirəliyini qoruyan bir qızdır. Qürurlu, hikkəli Nastasya məsum, miskin Sonyanın tam tərsidir, o, zorlanmış taleyinə görə özünü bütün bəşəriyyətdən haqq-hesab istəməyə, yoluna çıxan hər kəsdən qisas almağa haqlı sayır.
Nastasya Filippovna başqalarını vurmaq üçün özünü silaha çevirən kamikadzeyə bənzəyir. Günah hissi onun içini o qədər zədələyib ki, ən həyasız, ən ədəbsiz qadın kimi davranmaqdan mazoxistik bir zövq alır, halbuki çox gözəl təlim görüb, çoxlu kitab oxuyub, kübar cəmiyyətdə özünü necə aparmalı olduğunu lap yaxşı bilir. Suç duyğusu belədir, savada-biliyə, cahilə-alimə baxmır, gərək onun haqqını ödəyəsən, gecə-gündüz onu yedizdirəsən, yoxsa o sənin içini yeyib axırına çıxacaq. Şübhəsiz, günah hissi cəza tələb eləyir, onun yemi elə budur. Nastasya Filippovna da cilovunu əlinə yığası, günahlarını qırmanclayası, ruhuna sirişt olmuş cinləri döyüb-döyüb öldürəsi bir zalımın axtarışındadır.
Sağa-sola cəhənnəm qığılcımları səpələsə də, onun başlıca niyyəti özünü cəzalandırmaqdır. Roqojinə açıq-aşkar deyir ki, bilirəm, yiyələnəndən sonra məni öldürəcəksən. Bunu bilə-bilə taleyinə vurulmuş düyünün açıldığı məqamda – knyaz Mışkinlə nikah bağlayıb kilsədən çıxanda yenə Roqojinə qoşulub qaçır, necə deyərlər, qılınca çapır. Rus ədəbiyyatşünasları bunu Mışkinin saf adına ləkə salmaq istəməyən Nastasya Filippovnanın fədakarlığı kimi yozmağa çalışsalar da (əminəm ki, müəllif özü də bu fikirdə olub), mən burada fədakarlıq yox, günahkarlıq aktı görürəm. Mazoxizmin xüsusiyyəti budur: xəstəyə yaxşılaşdığını, sağaldığını deyəndə onun halı daha da pisləşir.
Bundan başqa, Nastasya Filippovna yaxşı bilir ki, Roqojin onu rahat yaşamağa, xoşbəxt olmağa qoymayacaq, buna görə də ölümə könüllü getməyi üstün tutur. Həm də onun axtardığı bu deyildimi? Doğrudur, knyaz Mışkini tanıyandan sonra cəhənnəm mələyinin üzünə başqa bir aləmin də qapıları açılmışdı, fəqət günahkar qadın o qapıdan girməyə özünü layiq bilmir, məsum insanın adını ləkələmək istəmir (bir daha vurğulayım ki, mən bu yozuma inanmıram, ancaq hər halda romanın, roman müəllifinin məntiqi bizə belə deyir). O, general qızına məktublar yaza-yaza onu Mışkinlə evlənməyə həvəsləndirir, hətta özünün də bir ömür boyu onların yanında olub, onların haləsində dolanmaq istədiyini dilə gətirir.
Qürurlu general qızı sonda bu qayğıkeşliyi, bu fədakarlığı, bu yengəliyi özünə təhqir bilir, Nastasya Filippovnadan oyundan çıxmasını tələb eləyir. Hikkəli, vüqarlı iki qadın üz-üzə gəlir, Aqlayanın təhqiramiz münasibətinə dözməyən Nastasya general qızının üstünə od çiləyir, knyazın qarşısına şərt qoyub ondan seçim istəyir. Mışkin iki qadından daha bədbəxtini, daha çox əzab çəkmişini seçəndə Aqlaya dəhşətə gəlib görüş yerindən qaçır, üçlü oyundan biryolluq çıxır.
***
Halbuki ona qədər knyaz Mışkin bu iki qadının ikisini də sevdiyini deyirdi. Eyni vaxtda iki qadını sevmək olarmı? Dostoyevski məntiqindən yola çıxsaq, xristian məhəbbətiylə olar. Məsələn, elə həmin Roqojinin hər gözüylə bir qadına baxdığını təsəvvür eləyə bilərikmi? Çətin. Belə çıxır ki, gerçək eşq, əsl məhəbbət konkret ünvan tanımamalıdır, əgər tanısa, demək, həqiqi ilahi sevgi deyil, saxtadır, imitasiyadır. Şeytan insanları təkləyən, Tanrı birləşdirəndir. Roqojinə Nastasyadan ayrısı gərək deyil, ancaq Mışkinin xisləti başqadır. Necə ola bilər ki, həyat səhnəsinə Allahın xəlifəsi, İsanın xələfi kimi çıxan bir kəs birini sevə, başqalarını yox? Bəs onun ədaləti? İlahi sevginin ünvanı ola bilməz, əgər olsaydı, onda ədaləti olmazdı.
Nastasya Filippovna romanda subyekt deyil, obyektdir – üç, belə demək olarsa, sevginin, üç tip münasibətin, üç dünyagörüşün obyekti, üç xəttin hədəfi: ruhani-intuitiv xətt (Mışkin), irrasional-instinktiv xətt (Roqojin), bir də praqmatik-realist xətt (İvolgin).
Əgər Mışkinlə Roqojin səhnəyə çıxmasaydı, romanda cərəyan eləyən hadisələrin hansı istiqamətdə gedəcəyini təsəvvürə gətirmək çətin deyil. İlahi insanla fövqəlinsanın zühuru (yeri gəlmişkən, onun əsərlərini tərsinə oxuyub tərsinə yozsa da, Nitsşe Dostoyevskidən çox təsirlənmişdi, yazıçının mənfi qəhrəmanlarını, nihilistləri, ehtiras qullarını, şöhrət, hakimiyyət düşkünlərini fövqəlinsana nümunə göstərirdi) bu hadisələri məişət kontekstindən çıxarıb onlara metafizik, mistik don geyindirir.
İvolgin sıradan tez çıxır, çünki onun Nastasya Filippovnaya (ümumiyyətlə heç kimə) dəruni bağlılığı yoxdur, qadının əllərini qarsa-qarsa ocaqdan çıxarıb ona təhvil verdiyi yüz min manat (o dövrdə çox böyük məbləğ idi) Qanyanın bu həyatdan ala biləcəyi ən dadlı qənimətdir.
Mışkinlə Roqojinə gələndə, onlar Nastasyanı bölə bilmirlər. Birləşməyə, bir olmağa, qardaş olmağa nə qədər can atsalar da, qardaşlıqlar bu dünyaya birləşmək üçün yox, ayrılmaq üçün gəliblər. Bir-birinə üzlə astar qədər yaxın olsalar da, elə bir o qədər bir-birindən uzaqdırlar. Birinə qadının ruhu, o birinə əti-sümüyü gərəkdir. Ruh bədəndən ayrılanda onların da yolu biryolluq ayrılır – Roqojin onu torpağın təkində gözləyən əbədi sürgünlüyünə, Mışkin həyat adlı əbədi bayramın, ilahi harmoniyanın qoynuna dönür. Onun zaman-məkan duyğusu itir, şüuru yenidən sönür, çünki göylər səltənətində şüura, düşünməyə ehtiyac yoxdur.
Dəlicəsinə bağlandığı, kimsəylə bölüşmək istəmədiyi qadından Roqojinə heç nə qalmır. Mışkinə gəlincə, güman eləmək olar ki, Nastasya Filippovnanın öz qabını çatlatmış ruhu Alp dağlarının ucalığında, Tanrının camalı kimi gülümsəyən təbiətin beşiyində, lap elə həmin talesiz kəndli qızı Marinin qiyafəsində yenidən zühura gəlib onu muradına yetirəcək…
***
“İdiot” romanında avtobioqrafik məqamlar az deyil. Dostoyevski bəzi xatirələrini, təəssüratlarını knyaz Mışkinin dilindən danışır – burası çox normal, çox da təbiidir. Ancaq məsələn, katolisizmin əleyhinə knyaza nitq söylədəndə müəllif ideal qəhrəmanını qaldırdığı ucalıqdan endirir. Bu məqamda publisist Dostoyevskinin nifrəti Mışkinin ilahi təbiətinə sıçrayır. Məgər Tanrının təcəllası, İsa Məsihin xələfi, dünya ədəbiyyatının Məcnun, Don Kixot, Mister Pikvik, Jan Valjan, Pyer Bezuxov kimi misilsiz obrazlarının qan qardaşı qılıncını sıyırıb məzhəb qovğasına girərmi? Girərsə, onu ideal insan saymaq olarmı?
Knyaz Mışkin öz alovlu nitqində katolik kilsəsini dünyəvi hakimiyyət sevdasına düşməkdə qınayır. Xub, məgər rus-pravoslav kilsəsi tarixi boyu çarizmin, imperializmin qılıncını suvarmayıbmı? Elə bu gün də Ukraynaya təcavüzü dəstəkləmirmi? Bunlar ki daldada yox, bütün dünyanın gözü qarşısında baş verib! Ta qədim Misirdən bəri məbəd hər zaman gücün, hakimiyyətin, fironun ideoloji bazası, mənəvi cəbbəxanası, günah çamaşırxanası funksiyasını yerinə yetirib. Lev Tolstoy elə buna görə kilsədən soyumuşdu. Həmin Don Kixotu, həmin Jan Valjanı yaradan kişilər katolik deyildilərmi? Knyaz Mışkin kimi saf bir obrazın bu gün Kremlin faşizmə, fundamentalizmə yuvarlanmış ideoloqlarının ifasında səslənməyə layiq bir nitq söyləməsi şəxsən mənim könlümə heç yatmır.
“Anna Karenina” romanının sonuncu bölümündə Aleksey Vronskini Balkan savaşına göndərən Tolstoyu türklərə qarşı savaşan slavyanların dərdinə biganə yanaşmaqda qınayan Dostoyevski ondan məhz buna bənzər bir mövqe ortaya qoymağı umurdu. Amma xoşbəxtlikdən Lev Nikolayeviç həmkarına əzab verən komplekslərə çox da yoluxmamışdı, insanları doğmalara-yadlara, möminlərə-kafirlərə ayıran siyasətin sənətinə, yazıçı vicdanına sirayət eləməsinə yol verməmişdi. Üstəlik, böyük ustad qatqılardan xali sənətkar qələmiylə Vronskinin müharibəyə öldürməyə yox, ölməyə getdiyini, yəni bunun bir cihad aktı deyil, intihar aktı olduğunu oxucuya incəliklə sezdirə bilmişdi.
***
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Dostoyevski eqoizmə qarşı altruizmi (Roqojinə qarşı Mışkini) qoymaqla bu təmayüllərdən birini şər, o birini xeyir kimi qələmə verir. Ancaq mən bu təsbitə də şübhəylə yanaşıram. Sadizmin alternativi mazoxizm olmadığı kimi, eqoizmin də alternativi altruizm ola bilməz. Bunlar bir medalın iki üzü, bir instinktin iki başı, bir fizioloji-psixoloji fenomenin iki qütbüdür. Gerçək sevgi nədirsə, bu iki qütbün arasında yer alır, oradan pərvazlanır.
Sevgisiz mərhəmət – mərhəmət deyil, zəiflik, acizlik, mazoxizmdir. İnsanı içindən yeyib dağıdan, didib çürüdən günah duyğusuyla yaşamaq Tanrının yox, İblisin səcdəsinə durmaqdır. Günah yükü altında əzilən Raskolnikovun tövbəsini gerçək qurtuluş, mənəvi akt saymaq olmaz; sadəcə qəddarlıq fəsadını verib, zalımlığın yerini məzlumluq, yaşamaq ehtirasının yerini ölüm qorxusu, sadizmin yerini mazoxizm tutub, insan bir qütbdən başqasına yuvarlanıb.
Həyata ayıq gözlə baxsaq, nə Nastasya Filippovna, nə də Aqlaya Yepançina kimi qadın knyaz Mışkin sayağı tipə ömründə aşiq olmazdı. Roqojinə bənzər sapıq, başsız, yaramaz bir tipə vurulardılar, ancaq ona yox.
Ümumiyyətlə, İsa peyğəmbər kimi cəsarətli, qorxmaz, qəhrəman bir obrazın (bunu özgə bir qaynağa yox, İncilə istinadla deyirəm) istər bədii əsərlərdə, istər kinoda, istərsə də kilsə rəsmlərində miskin, aciz, suçlu bir görkəmdə, döyülmüş, söyülmüş, əzilmiş bir vəziyyətdə təsvir olunması məni həmişə məyus eləyir. İsa Məsih Tanrı adından danışan, dünyaya yiyə çıxan, bəşəriyyətin az qala yarısını arxasınca aparan cəngavər şəxsiyyətdir. Onun obrazı özünə layiq şəkildə yenidən işlənməlidir – dörd İncilin dördü də bundan ötrü yetərincə ipucu verir. Fədakarlığı mazoxizmlə, dünyaya sahiblənmək kimi qüdrətli, müqəddəs bir duyğunu sadizmlə əsla qarışdırmaq olmaz!
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof