Kuklaxana
- 05 May 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Henrik İbsenin “Oyuncaq ev” pyesi haqqında
Fəxri Uğurlu
Advokat Torvald Helmerin ailəsi milad bayramına hazırlaşır. Torvaldın xanımı Nora ərinə, üç övladına bahalı bayram hədiyyələri almaqla yenə tələfxərcliyə yol verib. Ancaq qadın bu dəfə əlini əsdirməyib, ürəkli tərpənib, çünki onun əri yeni ildən bank direktoru vəzifəsində çalışacaq, yaxşı donluq alacaq, ailənin ehtiyac çəkdiyi, qənaətlə yaşadığı zaman geridə qalacaq. Doğrudur, Torvaldın ilk maaşı üç aydan sonra əlinə gələcək, amma qorxusu yoxdur, ona qədər birtəhər keçinəcəklər.
Özünə isə Nora heç nə almayıb. Əri ondan ürəyindən nə keçdiyini soruşanda qadın deyir ki, hədiyyə istəmir, yaxşı olar Torvald ona pul versin.
Az keçmiş Noranın keçmiş rəfiqəsi fru Linne qapıdan girir. Nora əvvəl-əvvəl onu tanımır, aradan keçən on ildə bacılığı çox dəyişib. Məlum olur ki, fru Linne üç il qabaq dul qalıb, övladı da yoxdur. Əri işlərini yaxşı qurmadığından özündən sonra qalan sərvəti də batıb. İndi qadın ata yurduna qayıdıb ki, özünə buralarda bir iş-güc tapsın.
Bəxtəvərlikdən bərq vuran Nora özü də bu ötən illər ərzində dərd-sərsiz, qayğısız yaşamayıb. Evliliklərinin ilk ilində Torvald dolanışıq ucbatından əsas işindən əlavə işlər də götürüb, qulluqdan evə dönəndən sonra gecəyarıya qədər kabinetində çalışıb. Nəticədə onu təhlükəli xəstəlik tapıb, həkimlər xəstəni yalnız cənub iqliminin qurtara biləcəyini deyiblər.
Onlar bütöv bir ili İtaliyada keçiriblər, bu isə çox bahalı istirahətdir. Nora Torvalda səfər üçün lazım olan pulu atasından aldığını desə də, əslində, ərini aldadıb; qadın pulu bir sələmçidən götürüb, o vaxtdan hər ayın biri Nora həmin cənaba faiz ödəyir. Bu səbəbdən ərinin bazarlıq üçün verdiyi pulları qənaətlə xərcləyir, bahalı adıyla özünə ucuz paltarlar alır. Fru Linnenin ağlına ayrı şey gəlməsin deyə Nora onu inandırır ki, pulu veksellə alıb, faizini də gecikdirmir.
***
Nora rəfiqəsinə iş düzəltməyi ərindən xahiş eləyir. Torvald yaxınlarda bankda bir yerin boşalacağını deyib bacılıqları razı salır. Bu vaxt Kroqstad adlı bir cənab içəri girib advokatla (artıq direktorla!) danışmaq istədiyini bildirir. Məlum olur ki, Helmerin işdən azad eləmək istədiyi adam budur. Onun arvadı ölüb, çoxlu övladı var.
Kroqstad işində yol verdiyi saxtakarlığa görə reputasiyası korlanmış məmurdur, özü də Torvaldın uşaqlıq yoldaşıdır. Noranın illər qabaq sələmə pul götürdüyü adam da bir özgəsi yox, məhz odur. Fru Linne də onu tanıyır.
Fəqət saxtakar təkcə Kroqstad deyil, Noranın da ilişəcək yeri var. Məsələ burasındadır ki, Nora ərini İtaliyaya aparmaq üçün sələmə pul götürəndə atası ona zamin durmalıymış. Həmin ərəfədə ata ölür, onun ölümündən üç gün sonra Nora atasının yerinə sənədə qol çəkir. Bu, cinayət əməli olsa da, Nora özünü suçlu saymır; onun fikrincə, qadın can verən atasını əziyyətə salmamaq, sevimli ərini ölümdən qurtarmaq naminə qanunu pozubsa, demək, onu bu işi görməyə vadar eləyən, yaxşılığa zəncir vuran qanunlar özü pisdir. Əsas odur ki, qadın analıq, xanımlıq vəzifəsini vicdanla yerinə yetirir, boğazından kəsib borcunu vaxtlı-vaxtında ödəyir.
Amma qanun, məhkəmə, dövlət mərhəmət qanunlarıyla işləmir, onların ürəyi yoxdur, yalnız ağlı, məntiqi var. Odur ki, Nora mənəvi cəhətdən olmasa da, hüquqi baxımdan suçludur. Əgər qadın ərinə dirəşib Kroqstadın işində qalmasına yardım göstərməsə, sələmçi cinayətin üstünü açıb, yenicə hamar yola çıxmış ailəyə böyük zərbə vuracaq. Kroqstad öz tələbini tam haqlı sayır, çünki onun da balaları var, o da evinə çörək aparmaq istəyir.
Ümumiyyətlə, bu əsərdə haqsız personaj yoxdur, hamı özlüyündə haqlıdır, ona görə ki, obrazlar arasında ümumi mənəvi prinsip, ortaq əxlaqi dəyər yoxdur, hər kəs üçün yalnız eqoistik marağı, şəxsi mənfəəti var, hər kəs öz nəfinin keşikçisidir. Başqa sözlə, onlar ilahi təmas hissindən məhrumdurlar, hamısı fələyin səhnədə oynadıb bir-birinin üstünə qısqırtdığı kuklalardır.
***
Torvald uşaqlıq yoldaşını təkcə işdə yol verdiyi nöqsana görə uzaqlaşdırmaq istəmir. Ona xoş gəlməyən həm də budur ki, Kroqstad uşaqlıqdan qalma bir vərdişlə direktora ərkyana münasibət göstərir, onu adıyla çağırır, ona “sən” deyə müraciət eləyir.
Noranın yalvarışları ərini yumşaltmır, Helmer Kroqstadı işdən çıxarır. Onda Kroqstad əlacsız qalıb açıq şantaja keçir, məsələni Torvalda açacağıyla qadını hədələyir. Bundan sonra isə, bəlli ki, ailə çat verəcək.
Nora başını itirib çıxış yolu axtarır. Helmerlərin ailə dostu, hər gün onlarla birgə nahar eləyən, ölümcül xəstəliyə mübtəla olmuş kimsəsiz doktor Rankdan borc almaq istəyir. Fəqət doktor söhbət əsnasında nə zamandır onu sevdiyini deyir, bundan sonra Nora ondan pul almaq fikrindən vaz keçir.
Kroqstad bir məktub yazıb Torvaldın poçt qutusuna atır. Artıq onun iddiası böyüyüb, nə pul, nə də işinə bərpa olunmaq – əvvəlkindən daha böyük vəzifə istəyir. Noranın başı üstünü fəlakət buludu alıb, qadın intihar barədə düşünməyə başlayıb. Vəzifəsindən uzaqlaşdırılandan sonra bir az da qəddarlaşmış Kroqstad isə onu inandırmağa çalışır ki, Noranı rüsvaylıqdan ölüm də qurtara bilməyəcək, ər-arvadın onun şərtlərini yerinə yetirməkdən başqa yolu qalmayıb.
***
Bu aralar əsərdə personajların ömründən çoxdan silinmiş başqa bir səhifə açılır. Bəlli olur ki, fru Linne bir zaman Kroqstadın sevgilisi olub. Fəqət ehtiyac üzündən sevmədiyi varlı kişiyə ərə getməyə məcbur qalıb. Kroqstad var-dövlət xatirinə yaşlı kişinin təklifinə razılıq verdiyini onun üzünə vuranda Linne o vaxt başqa seçimi olmadığını, onun yetərincə qazanacağı günü gözləyə bilmədiyini, xəstə anasını, iki balaca qardaşını xilas eləmək üçün sevmədiyi insanla ailə qurduğunu söyləyir. Artıq anası ölüb, qardaşları başlarını dolandırırlar. İndi fru Linnenin kiminsə qayğısını çəkməyə ehtiyacı var, o, keçmiş sevgilisinin anadan yetim qalmış övladlarına yaxşı ana olacaq.
Kroqstad əvvəl-əvvəl rəfiqəsini xilas eləmək üçün Linnenin rola girdiyini düşünür, boşaltdığı vəzifəyə təyinat almaqla qadının ona həyatında ikinci zərbəni vurduğunu, Linnenin səmimiliyinə inanmadığını açıq dilə gətirir. Ancaq söhbət uzandıqca keçmiş sevgilisi onu doğruluğuna inandırır, belə çıxır ki, fru Linnenin alacağı donluq elə Kroqstadın balalarına xərclənəcək.
Bundan sonra Kroqstad şantaja əl atdığına peşman olur, ancaq artıq iş işdən keçib, onun məktubu Helmerin poçt qutusundadır. Düşünür ki, konvert açılmadan məktubunu geri istəsin. Ancaq fru Linne onu fikrindən daşındırır, ağıllı, tədbirli qadının fikrincə, Torvaldın hər şeydən xəbər tutması işin xeyrinədir, necə deyərlər, örtülü bazar əvvəl-axır dostluğu pozacaq.
***
Kroqstadın məktubunu oxuyanda Helmer havalanıb özündən çıxır. Bəs necə, onun iri addımlarla irəliləyən karyerası ölümcül zərbə altındadır, hamı elə biləcək Noranı bu cinayətə Torvald təhrik eləyib. Cəmiyyətin gözündə qadının yenə bəraəti var, çünki onun qanun-qaydadan başı çıxmır, fəqət bir vəkil üçün bu, ikiqat, üçqat cinayət sayılmalıdır. Bundan sonra Helmer Kroqstad kimi çirkin məxluqun hakimiyyəti altına düşəcək, onun göstərişlərini yerinə yetirməyə, ona nifrətini udmağa məcbur olacaq.
Sən demə, onun sevimli kuklası, sadəlövh ceyranı bu neçə il ərzində ərinin kürəyinin arxasında iş görür, günah, qəbahət, cinayət toxumları becərirmiş. İndi həmin toxumlar bar-bəhrə verib, bu zəhərli meyvələri yemək zamanı gəlib!
Torvald həyəcan içində çıxış yolu axtarır. Nora artıq uşaqlarla təmasda ola bilməz, belə qadına uşaqların tərbiyəsini tapşırmaq mümkün deyil. Balacalara dayə baxacaq. Cəmiyyət arasında özlərini heç nə olmamış kimi aparacaqlar. Nora ər evində oturacaq, ancaq onlar əvvəlki kimi ər-arvad olmayacaqlar, yəni otaqlarını ayıracaqlar.
***
Bu dəm Kroqstaddan daha bir məktub gəlir. Məktubda deyilir ki, o, Noraya qarşı iddiasından geri çəkilir.
Torvaldın əhvalı dərhal dəyişir: onlar qurtuldular! Torvald sevincək Noranı bağışladığını, bundan sonra hər şeyin əvvəlkindən də yaxşı olacağını söyləyir.
Ancaq amansız situasiya artıq sözünü deyib, Nora üçün həqiqət anı yetişib. Qadın artıq anlayıb ki, ərindən ötrü ən vacibi uşaqlarının anası, onun şərəf-ləyaqəti deyil, vəzifə, karyeradır. Halbuki o, cinayətə məhz ərini xilas eləmək üçün əl bulamışdı. İndi Torvald həmin cinayəti öz boynuna götürüb Noranı məsuliyyətdən qurtara bilərdi. Ancaq belə olmadı, o, zərərçəkmiş qismində yalnız özünü tanıdı. Noranın fədakarlığı, illər boyu çəkdiyi əzab onun bir neçə dəqiqəlik həyəcanına, qorxusuna tən gəlmədi. Ər-arvad arasında mənəvi bağ qırıldı.
Əslində, o bağ əzəldən olmayıb. Atası da, əri də Noraya yalnız yaraşıqlı gəlincik, oynatmaqdan zövq aldığı oyuncaq kimi baxıb. Hər iki münasibətdə Noraya yalnız obyekt statusu verilib, onun subyektiv varlığı kimsəni maraqlandırmayıb. Ata evində Nora atasının, ər evində ərinin kuklası olub. O da öz övladlarını uşaqlığında atasının aldığı kuklalar kimi əzizləyib. Nora indi anlayır ki, əri onun varlığını yox, onu sevməyini sevib, onun bir dilsiz-ağızsız, iradəsiz, kimliksiz oyuncaq kimi yiyəsinə təslim olmasına, itaət göstərməsinə vurulub.
Bunları anlayan anda qadın üsyana qalxır. Əslində, onun üsyanı nə ataya, nə də ərə qarşıdır, onun üsyanı öz taleyinə qarşıdır. Axı bu tale ona heç vaxt qulaq asmayıb, onun rəyini soruşmayıb, onu insan cərgəsinə qatmayıb. Üç uşaq anası Nora bu yaşa çatana qədər özündən xəbərsiz yaşayıb, özünü tanımayıb, yalnız xoşbəxt oyuncaq kimi bir qucaqdan o birinə ötürülüb.
***
Torvaldın şantaj qarşısında dizlərinin titrədiyi an Noranın məhəbbətinə xitam verilir. Qadın bunu ərinin üzünə açıq söyləyir. Halbuki şantaj məktubu oxunduğu ana qədər Nora ərini yuxuya verib özünü qaranlıq sularda batırmağa hazırlaşırdı. Torvald onu dilə tutmağa, peşmanlığını büruzə verməyə, özünə bəraət qazandırmağa nə qədər çalışsa da, Noranın fikrini dəyişə bilmir. Qadın qərarında qətidir: o, ərini də, övladlarını da qoyub ata evinə qayıdır. İndən belə onun Torvaldla bir dam altında yaşamağı zinakarlıqdan başqa bir şey deyil. Onlar artıq bir-birinə yad adamlardır.
Noranın qəfil qərarı Helmeri Kroqstadın şantajından pis hala salır. Noradan bir qaşıq ümid umsa da, Torvald qadının qırımından məsələnin nə qədər ciddi olduğunu anlayır. (Artıq keçmiş) arvadından yenidən qovuşmalarının haçansa mümkün olub-olmayacağını soruşanda Nora ona belə cavab verir: belə bir dönüş yalnız möcüzə nəticəsində baş tuta bilər.
Qadın öz halal mülkündən başqa ərindən heç nə istəmir, barmağındakı üzüyü belə qaytarıb ata evinə dönür. Noranın özüylə baş-başa qalmağa, özünü tanımağa, həyatının mənasını, öz mahiyyətini dərk eləməyə böyük ehtiyacı var.
Onun sonrakı taleyi, axtardığını tapıb-tapmadığı, istədiyinə çatıb-çatmadığı ilə bağlı yalnız ehtimallar irəli sürmək olar…
***
On doqquzuncu əsrin ikinci yarısında qadın emansipasiyası mövzusunu səhnəyə gətirmiş “Oyuncaq ev” (baş qəhrəmanın xatirinə “Nora” da adlandırılır) pyesinə görə Henrik İbsen feminizmin bayraqdarı sayılır. Qadın təəssübkeşliyini kişi düşmənçiliyi kimi qələmə verən saxta feministlərin, qondarma qadınşünasların nəzərinə bir daha çatdırmaq istərdim ki, qadın hüquqları uğrunda hamıdan əvvəl mübarizəyə qalxan məhz belə böyük kişilər – yazıçılar, maarifçilər, ziyalılar olub.
Qadının haqqını tapdalayan, ona zülm verən kişi nədənsə tez gözə çarpır, ancaq qadını köləlikdən qurtarıb azadlığına qovuşduran, onun hüquqlarını öz haqları səviyyəsinə qaldıran, onu yenidən yaradan kişilərin qədri-qiyməti heç də hər zaman layiqincə bilinmir. Uzağa getməyib elə Azərbaycan ədəbiyyatının Axundovdan üzübəri təqribən yüz yetmiş illik keçmişinə nəzər salsaq, orada nə qədər parlaq qadın obrazına, qadınların əsarətdən azad olunması yönündə nə qədər çağırışa, nə qədər konkret əmələ rast gələrik. Əgər böyük kişilər qadınların haqqı uğrunda o haqqı danan zalım kişilərlə savaşmasaydı, qadın min il də keçsə, haqqını ala bilməzdi. İndi bunu çoxları unudub, indi artıq kişilərin haqqı uğrunda, kişiliyin statusu uğrunda mübarizə aparmağa ehtiyac yaranıb…
Nora evindən, ailəsindən ona görə ayrılmır ki, atası, ya əri ona işgəncə verib, yaxud onda kişi cinsinə dərin nifrət yaranıb. Əksinə, o hər iki evdə isti münasibət, xoş güzəran, qayğı görüb. Qadın bədxərclik eləyəndə belə Torvald onun qəlbinə dəymir, sadəcə, yumşaq dillə onu başa salır ki, sağa-sola pul xərcləmək üçün çox da münasib vaxt deyil, o vaxt hələ bir müddət sonra gələcək. Noranın problemi sosial problem deyil, əksinə, onu qarşıda daha zəngin həyat, daha parlaq rifah gözləyir.
***
Böhran məqamında qadına əyan olan budur ki, o, müstəqil varlıq yox, hansısa canlıya qoşulmuş cansız arabadır. Hərçənd onun da kişi kimi, amma kişi ruhundan fərqli ruhu (məhz qadınlıq ruhu!), mənəvi təbiəti var. Noraya əyan olur ki, əriylə arasındakı münasibət sevgi deyilmiş, bir tərəfin o biri tərəfə yiyələnməsi, onu özəlləşdirməsi, öz bədəninin, bəli, məhz bədəninin bir parçasına çevirməsiymiş. Saf sevgi, həqiqi məhəbbət yalnız iki ruhun, iki fərqli başlanğıcın, iki qütbün təmasından, iki qəlbin kontaktından yarana bilər, bundan ötrüsə hər iki tərəf öz qəlbini tanımalı, ruhunun hökmünə təslim olmalıdır. Bir-birinə yox, məhz hər tərəf öz ruhunun hökmünə! Yalnız o zaman könüllər arasından sərhəd götürülə bilər.
Noranın öz ruhu, öz düşüncəsi, öz dünyagörüşü vardımı? Əlbəttə, yox. Onun sələmə girib Torvaldı xilas eləməyi də şüurlu mənəvi aktdan çox kölə sədaqəti, yiyəsinin malını özgələrdən (bu halda ərinin canını əcəldən) qoruyan nökərin canfəşanlığı, İvan İliçin ayaqlarını öz çiyninə qaldırıb ağasının ağrılarını azaldan Gerasimin müti, avam mərhəmətidir.
Nora özünü tanıyıb qadınlığını dərk eləsə, Torvalda qayıdacaqmı? Çətin. Bundan ötrü Torvaldın da mənəvi təkamülü baş verməlidir, İbsenin qəhrəmanı müəllifinin özü kimi bir kişiyə çevrilməlidir, hərçənd o zavallıda bu qüdrətin əlamətləri əsər boyu sezilmir.
Dostoyevskinin dul arvadı, dahi ərinə sədaqətini ömrünün sonunacan qorumuş Anna Qriqoryevna ona ərə getməyi məsləhət görənlərə cavab kimi gündəliyində yazırdı: “Axı Fyodor Mixayloviçdən sonra kimə ərə getmək olar? Olsa-olsa Tolstoya, o da ailəlidir”. Qadının özünü dərk eləməsi, öz təyinatını anlaması, öz ruhunun zirvəsinə ucalıb, əbədi gəlin kimi sevdiyinin ruhuna köçməsi bax buna deyərlər! Dünyanın məlum tarixindən neçə belə misal gətirmək olar?
Ümid eləyək ki, Noranın da axtarışları onu aparıb Henrik İbsenin qapısına çıxaracaq, dahi sənətkar onun yenicə dil açmış ruhuna aşiq olub həyatından əsər yazacaq. Yeri gəlmişkən, Noranın prototipinə belə bir xoşbəxtlik üz vermişdi…
***
Henrik İbsenin adı Şekspir, Şiller, Kalderon, Strindberq, Şou, Hauptman, Çexov kimi nəhəng dramaturqlarla bir sırada çəkilir. Onu Avropa ədəbiyyatında yeni dramın banisi sayırlar. On doqquzuncu əsrdə dram sənətinə həm məzmun, həm üslub baxımından yenilik gətirmək onun qismətinə düşüb. Dramaturqun haqqında danışdığımız əsəriylə yanaşı “Per Günt”, “Hedda Qabler”, “Vəhşi ördək” kimi pyesləri dünya səhnələrini, ekranlarını bu gün də dolaşmaqdadır.
İbsenin zamanında Norveç dili hələ müstəqil ədəbi diltək formalaşmamışdı, skandinav dillərinin bir ləhcəsi sayılırdı. Onun qələminin qüdrətinə şəkk gətirməyən kral sarayı kiçik xalqın böyük sənətkarının Avropanın aparıcı ölkələrinə bir növ ezam olunması üçün hər cür şərait yaradandan sonra İbsen ömrünün iyirmi beş ilini Almaniyada, İtaliyada keçirdi, bu müddət ərzində Romada, Münhendə, Drezdendə yaşadı.
Həmin illərdə İbsenin şedevrləri yarandı, əsərləri arealı geniş olan dillərə çevrilib cəmi Avropada yayıldı. Bundan sonra Norveç dili ayrıca status qazandı, Norveç xalqı özünün mənəvi-linqvistik sərhədlərini cızmağa başladı.
O vaxtdan Norveç dünyanın aparıcı ədəbiyyat ölkələri sırasına qoşulub, neçə-neçə norveçli yazıçının adı qitələrə ün salıb, neçəsi Nobel mükafatına layiq görülüb. Bütün bu uğurların təməli Henrik İbsenin əlləriylə qoyulub. Şübhə yoxdur ki, Norveç dövlətinin dünən, bu gün qazandığı uğurlarda da böyük dramaturqun əvəzsiz payı var.
Bir azman yazıçının, ziyalının varlığı bütöv bir xalq üçün görün nə deməkdir…
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Hansı qadın?
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kir götürməyən ruhun gücü
Puç ömrün aqibəti
Gözləməklə keçən ömür
Təkliyinə çarmıxlanmış nəsil