Varlığın yaxasını açmaq
- 06 Dekabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Fridrix Novalisin “Henrix fon Ofterdingen” romanı haqqında
Fəxri Uğurlu
Saksoniya torpağında dağ mühəndisi sifətiylə çalışanda şair Novalis özü kimi yoxsullaşmış zadəgan olan mühəndis həmkarının evini tez-tez ziyarət eləyirdi. Kün ailəsinin Sofi adında on iki yaşlı qızı vardı. Qızcığaz savadsız idi, məktəb-filan görməmişdi, yazıb-oxumaq bilmirdi. Valideyni ailənin gənc dostundan qızlarıyla məşğul olmağı, ona savad, bilik öyrətməyi xahiş eləyəndə xəyalı göylərə püskürən şair həvəslə razılıq verdi. Sofi ondan ötrü tərkibində qiymətli metal filizlərindən xəzinə gizlənmiş xam torpaq kimiydi, kimyagər şair bu xam mineralı, külçəni qara torpaqdan arındırıb saf qızıla çevirdikcə öz işindən zövq alırdı. Alyanaq qızın ağ kağıza bənzər qəlbinə, yaddaşına bildiyi, tapındığı gerçəkləri həkk eləyən şair onu yenidən yaradırdı, ata-anasından təhvil aldığı boş cismi istədiyi məzmunla doldururdu.
Xoşbəxtlikdən Sofi Kün də kamallı tələbə çıxdı, ustadının əməyini yerə vurmadı. Beləcə, allahlıq iddiasıyla, tanrı şövqüylə yeni insan yaradan şair axırda Piqmalion kimi öz əsərinə aşiq oldu, boyunu sevdiyi Qalateyasını – yenicə kəkil çıxarmağa başlayan Sofini ata-anasından istədi. Onda qızın on iki, Novalisin iyirmi dörd yaşı vardı. Sofinin valideyni qızlarına nişan qoyulmasına etiraz eləmədi, ancaq toyu ümumi razılıqla qızın ərgənlik yaşına saxladılar.
***
Sən demə, Sofinin yanağındakı qızartı sağlamlıq yox, xəstəlik əlamətiymiş. Qız vərəmə tutulub qısa müddətdə soldu, on dörd yaşına çatmamış qara torpağa yem oldu. Sevginin sədaqətinə tapınan, yer üzündə hər kəsin yalnız bir qisməti olduğuna inanan şairdən ötrü bu, təkcə yarını-yarısını itirmək deyildi, həm də ömrün mənasını, həyatın ünvanını itirmək idi. Fəqət bu böyük itki Novalisin ömrünə yeni mənalar da qazandırdı, ondan ötrü həyatın sərhədini ölümün səltənətinə qədər genişlətdi, iki dünya arasından çal-çəpəri götürdü. Şairin o dünyaya yürüşləri başlandı. Novalis ölümün ərazisi, əbədiyyət səltənəti kimi baxdığı gecələrə mədhiyyə yazdı. “Gecə himnləri” adı altında toplanan bu silsilə sonralar onun poetik yaradıcılığının zirvəsi kimi bütün dünyanı dolaşdı.
Ancaq o, poeziyanı məqsəd sayan şairlərdən deyildi, yaradıcılıq ondan ötrü ruhlar aləmiylə irtibata girmək, varlığın qəlbinə toxunmaq üçün bir vasitəydi. Bu rabitəni ağılla yox, yalnız fəhmin, intuisiyanın gücünə yaratmaq olardı. “Gecə himnləri”ndə işıqla qaranlıq qarşı-qarşıya qoyulur; işıq gözəl olsa da, onun çevrəsi məhdud, sərhədləri dardır, gecə isə sonsuz, intəhasızdır, göydən asılmış milyard-milyard yanar çıraq onun qatı zülmətini durultmaq gücündə deyil. Gecə əbədi, gündüz müvəqqətidir. Gecə Tanrının, gündüz İblisin iş vaxtıdır. Gündüz itirilənlər gecəyə gömülür, şair gecənin dərinliyinə baş vurmaqla itiyinə qovuşa bilər.
Zülmətin şəninə qoşduğu, sevgilisinin ölümünə həsr elədiyi himnləri bütöv halda 1800-cü ildə üzə çıxaran şair vur-tut bircə il sonra, iyirmi doqquz yaşı hələ tamam olmamış Sofinin xəstəliyini dərman kimi qəbul eləyib, sevdiyi ruha toxunmaq üçün özünü gecənin qoynuna atdı. Belə məlum oldu ki, yazılanlar dərdi candan qovmaq üçün deyilmiş, ölümü, qaranlığı mədh eləyən şair bilə-bilə özünü cavan ölümünə qurban deyirmiş.
***
Novalis təxəllüslü Georq Fridrix Filip Frayher fon Hardenberq təkcə romantiklərin Yena dərnəyinin yox, bütövlükdə alman romantizminin ən parlaq ulduzu sayılır. Onun maraq dairəsi olduqca geniş idi, dövrün bir neçə məşhur universitetində müxtəlif sahələrə dair mühazirələr dinləmişdi, Yenada fəlsəfəni, Leypsiqdə, Vittenberqdə hüququ, Frayberqdə dağ-mədən işlərini öyrənmişdi. Şəhər-şəhər dolaşması sayəsində dövrünün Şiller, Şlegel qardaşları, Lüdviq Tik kimi öncül zəkalarıyla tanış olub dostlaşmışdı. Onu maraqlandıran bütün sahələrə baş vurandan sonra Novalis, nəhayət, ilahiyyat dəryasına dalmış, iyirmi beş yaşının astanasında peşəkar səviyyədə teologiya öyrənməyə başlamışdı.
Həmin illər Novalisin hər gün bir yeni rəngdə, yeni ətirdə çiçək açan ilahi yaradıcılığının elə bir fəsliydi ki, bəlkə teoloqlar özləri ondan dərs ala bilərdilər. Bu dövrdə qələmə aldığı “Xristianlıq, yaxud Avropa” adlı məqaləsində şair Almaniyanın yalnız orta əsrlər katolik kilsəsini dirçəltməklə irəli gedə biləcəyini yazırdı, bununla da faktiki olaraq ölkəsində möhkəm bünövrə salmış reformasiya, protestantizm ənənələrindən üz döndərirdi. Dostları əvvəl-əvvəl onun bu radikal mövqeyindən razı qalmasalar da, Novalisin ölümündən sonra Şlegel qardaşları da, Lüdviq Tik də katolisizmi qəbul eləyib xristian mistisizmi yolunu tutdular.
Hölderlini neoplatonizmə calamaq cəhdlərinə münasibətimizi bildirmişdik. Alman romantikləri arasında Plotinin mistik fəlsəfəsindən təsirlənmiş qələm adamı axtarırıqsa, bu adam Fridrix Novalisdir. Ancaq Hölderlindən fərqli olaraq o, antik çağın dəyərlərini, qədim yunanların həyat prinsiplərini yox, orta çağın xristian Avropasını idealizə eləyir, o zamanın həsrətini çəkirdi. Novalisin nəzərində həmin dövr qitə xalqlarının cənnətdə yaşadığı qızıl dövrdür. O dövrdə Avropa xalqları vahid bir ümmət, qövm kimi, bütöv xristian milləti kimi kilsənin mənəvi rəhbərliyi altında qardaşcasına dinc yanaşı yaşayırdı. Daxili münaqişələrə son qoyulmuşdu, qılınc kəlama, hökmdarlar papaya tabe olmuşdu. Novalis düşünürdü ki, Avropa indi yenidən qızıl dövrün astanasındadır, şərin kökü artıq kəsilməkdədir, ona görə də yeni altun çağa qədəm qoyub Ədəm bağına qayıtmaq üçün Avropa yenidən katolisizmin bayrağı altına yığışmalı, zamanla bu prosesə bütün dünya xalqları qoşulmalıdır.
***
Novalis üçün şair sadəcə şair deyil, o, bir kahin, missioner, dövrünün peyğəmbəridir. Poeziya da sadəcə şeir deyil, metafizik aləmdən vəhy olunan ayələr, ilahi varlığın şairin çiyninə qoyduğu müqəddəs missiyadır. Hər halda o, özünün bu dünyadakı vəzifəsinə, gördüyü işin mahiyyətinə belə dəyər verirdi. Bütün həyata, kainata, minerallardan tutmuş insana qədər hər nəsnəyə, hər kəsə can verən vahid dünya ruhu var, şair o böyük qüdrətin elçisi, sözçüsü, onun iradəsinin vəkilidir. Novalis deyirdi ki, qədimdə şairlə kahin eyni adam olub, onların arasına ayrılıq sonradan düşüb. İndi bu iki müqəddəs missiyanı yenidən birləşdirmək zamanıdır. Dünya ruhu xeyirin, gözəlliyin, həqiqətin qaynağıdır, di gəl, bu fani dünyada o müqəddəs, əbədi dəyərlər materiyanın əsarəti altındadır, sənətkarın vəzifəsi onları bu əsirlikdən qurtarmaqdır. Yer üzündə xeyir, gözəllik, həqiqət səltənəti yalnız onda qurulacaq.
Mən bu əbədi gənc şairlə dostluğa gəncliyimdən başlasam da, onun ruhunu özümə doğma bilsəm də, düşünürəm ki, hər şairi kahin, missioner saymaq olmaz. Novalisin şəxsinə münasibətdə bu qənaət özünü tam doğruldur, o, gerçəkdən şairliyi aşıb keçmiş sənətkardır, onun daşıdığı missiya məhz peyğəmbər missiyasıdır. Ancaq məsələn, elə həmin Hölderlin haqqında bunu, məncə, söyləmək olmaz, onun o sayaq bir iddiası heç olmayıb da. Hölderlin məhz şair arxetipinin təcəllası, poetik təfəkkür daşıyıcısıdır, Novalis isə peyğəmbər arxetipindən törəmiş missioner, mistik düşüncə yiyəsidir.
Novalis poeziyanın qüdrətinə hədsiz güvənirdi. Dini kitablara nəzər salsaq, onların da poetik enerjinin gücü sayəsində milyonlarca insanın ruhuna nüfuz elədiyini görərik. Novalisə görə, poeziya yalnız cəmiyyəti yox, təbiəti də dəyişmək gücündədir. O inanırdı ki, qədim şairlər sözün sehriylə möcüzələr yaradıblar, cansıza can veriblər, daşları dilə gətiriblər, ağacları yeridiblər, çayları yatağından çıxarıblar, eynən bizim Məcnun kimi amansız yırtıcıların könlünə rəhm salıblar, vəhşiləri ağladıblar. İndi yenə sözün sehrini, qüdrətini tam gücüylə işə salmaq zamanı çatıb.
Fransanın inqilab bahadırları sözdən əmələ keçdilər – Robespyer şeirlərini, Marat sentimental romanlarını, Napoleon “Gənc Verterin iztirabları”na yazdığı nəzirəni yandırıb məhv elədi. Söz meydanı bir vaxt onlara dar gəldi, sözü atıb savaş meydanına çıxdılar, özlərinə də, xalqlarına da bəlalar, fəlakətlər gətirdilər. Onların zor gücünə çata bilmədiklərinə alman missionerləri sözün qüdrətiylə nail olacaqlar – nakam şair buna saf ürəkdən inanırdı.
***
Fəlsəfi-estetik baxışlarına görə Novalis özündən əvvəlki avtoritetlərdən kəskin fərqlənir, klassisizmin, maarifçiliyin rasionalizminə qarşı çıxırdı. Ondan ötrü poetik fəaliyyətin intuisiya qaynağından qidalandığını deyən dahi Şellinqin irrasional-iradi konsepsiyası yaradıcı prosesin şüurlu akt olduğunu vurğulayan filosof, dramaturq, məşhur “Emiliya Qalotti” faciəsinin müəllifi Lessinqin əqli-rasional maarifçi konsepsiyasından qat-qat doğmaydı. Əgər intuitivizmə inamı (üstündən bir əsr də keçəndən sonra bu inam Anri Berqsonun timsalında Qərb fəlsəfəsinin, ədəbiyyatının aparıcı tendensiyasına, ana cərəyanına çevriləcəkdi) onu Şellinqə yaxınlaşdırırsa, subyektivizmə inamı da Novalisi başqa bir dahi alman filosofuna – romantizmin dədələrindən sayılan Fixteyə doğmalaşdırırdı. Şairin estetik görüşləri həm “Fraqmentlər” adıyla nəşr olunmuş xırda esselər toplusunda, həm də başlıca əsəri olan romanında geniş ifadəsini tapıb.
“Henrix fon Ofterdingen” yarımçıq romandır, şah əsərini tamamlamağa Novalisin ömrü çatmayıb. Buna baxmayaraq əsər elə bu halda da ədəbiyyat tarixinə düşüb, dünyanın bütün universitetlərinin filoloji proqramlarında bu gün də yer almaqdadır. Əsər bayaqdan sadaladığımız ideyalara, konsepsiyalara, baxışlara illüstrasiya kimi düşünülüb. Onu poeziyanın apologiyası da sayırlar.
Roman iki hissədən ibarətdir. Doqquz fəsillik birinci hissə tam başa çatdırılıb. İkinci hissəninsə çox az qismi yazılıb, onu şairin qeydləri, bir də dostu, həmkarı Lüdviq Tikin (sovet uşaqları onu daha çox “Çəkməli pişik” əsərinin müəllifi kimi tanıyırlar) xatırladıqları əsasında “bərpa” eləyiblər. Novalisdən cəmi bir yaş kiçik olan Tik dostundan sonra nə az, nə çox, düz əlli iki il də yaşamışdı. Novalisin xatirəsinin diri qalmasında onun böyük rolu var. Nakam şair xəstə çağlarında əsərin yazılmamış hissəsinin məzmununu dostuna nağıl eləmişdi, üstəlik, bu əsərlə başlanan yeddi romanlıq bir silsilə yaratmaq arzusunda olduğunu da ona bildirmişdi. Təəssüf ki, silsilənin heç birinci romanını da başa vura bilməmişdi.
***
Müəllif on üçüncü əsrdə yaşadığı deyilən əfsanəvi nəğməkar şair Henrix fon Ofterdingeni əsərinə qəhrəman seçib. Əslində, prototipin onun qəhrəmanına elə də bənzəri yoxdur, yəni Novalis əsərinin süjetini qədim şair haqqında rəvayətlərdən asılı vəziyyətə salmayıb, ona sadəcə tarixi fon, bir də mifik şəxsiyyətin obrazı gərək olub. Roman başdan-başa rəmzlərdən, simvollardan toxunub, ana süjet tez-tez qəhrəmanın yuxularından, ona danışılan nağıl, əfsanə, rəvayətlərdən ibarət xırda qollara ayrılır.
İyirmi yaşlı Henrix yuxusunda qaranlıq meşəni dolaşır, yolu meşənin qırağındakı dağ yamacına dirənəndə buradakı mağarada misli görünməmiş bir mavi çiçək tapır. Bu çiçək təmiz, qatqısız poeziyanın, saf, ideal həyatın rəmzidir. Henrix mistik yuxusundan sona qədər həzz ala bilmir, anası yataq otağına girib onu oyadır. Bu da bir başqa rəmzdir: ana ürəyinin altında tələ gəzdirən, insanı baqi aləmdən çəkib tora salıb fani dünyaya atan varlıqdır. Hər məxluqun yer üzünə yolu ata belindən, ana bətnindən keçir.
Az sonra Henrix dədə-baba yurdu Turingiyanı tərk eləyib anasıyla birlikdə ana vətəni Auqsburqa yola düşür. Onlar Almaniyanın cənubuna gedən tacirlərlə yol yoldaşı olurlar. Henrix bütün canlı varlıqların ruhuna hökmü yetən şairlər, onların göstərdiyi möcüzələr haqqında tacirlərin danışdığı rəvayətləri həyəcanla dinləyir, çünki özü də belə şair olmaq arzusundadır. Rəvayətin birində deyilir ki, keçmiş zamanlarda gəmiylə səyahətə çıxmış bir nəğməkar şairin sərvətini talamaq niyyətiylə gəmi sahibi onu aradan götürtmək istəyirmiş. Fəqət şairin nəğməsi vəhşi dərya sakinlərinə necə əsər eləyirsə, heyvanlar onun canını quldurlardan qurtarıb xəzinəsini özünə qaytarırlar. İkinci rəvayətdə isə meşədə bir komada yaşayan şairə qoşulub atasının sarayından qaçan padşah qızından danışılır. Bir ildən sonra şair kürəkən öz nəğməsiylə padşahı necə yumşaldırsa, qəzəbli atanın hirsi soyuyur, onları da, dünyaya yenicə gəlmiş nəvəsini də bağrına basır.
***
Səfər günlərinin birində yolçular bir qoca döyüşçünün qəsrində əylənirlər. Burada səlib yürüşünə hazırlıq görülür. Henrix qəsrin ərazisində əsir müsəlman qızı Züleyma ilə tanış olur. Qız vətən həsrəti çəkir, müharibə törədənlərə lənət oxuyur.
Yola davam eləyən yolçular bir dağətəyi kənddə ləngiyirlər, burada Henrix bir qoca mədənçini söhbətə tutur. Qoca ona öz işinin sirlərindən, yerin təkində gizlənmiş metallardan, minerallardan danışır. Onlar birlikdə dağ ətəyindəki mağaralara baş çəkirlər, burada Henrix inzivaya çəkilmiş bir zahidlə tanış olur. Bu adam keçmişində cəsur döyüşçü, şöhrətli zadəgan olub, ancaq sonra insanlardan yorulub, öz içindəki həqiqətlərə dalmaq üçün, özünü dinləmək üçün həyatın sahilinə çıxıb. Zahid onlara öz kitablarını göstərir. O kitablardan birində Henrix içində durduğu mağaranı, özünü, yanındakı qoca mədənçini, zahidi görür, ancaq hamısı ona tanış olmayan yad qiyafələrdədir, üstəlik, yazılar da onun oxuya bilmədiyi işarələrlə yazılıb. Kitabı varaqladıqca o, həyatının davamını izləyir, məlum olur ki, başına gələsilər əvvəlcədən bu kitaba yazılıbmış (Markesin “Yüz ilin tənhalığı” romanındakı qaraçı Melkiadesin perqamentlərini xatırladım), bu kitab bəşərin tale kitabı, Platonun diliylə desək, ideyalar aləminin, islamın təbirincə desək, lövhi-məhfuzun rəmziymiş. Bilik, savad, bacarıq isə, Əflatuni-ilahinin qeybdən xəbər verdiyi kimi, göydə yazılanları xatırlamaqdan başqa bir şey deyilmiş.
Nəhayət, Henrix Auqsburqa, babasının evinə çatır. Burada o, zahidin kitabında şəklini gördüyü şair Klinqsorla, bir də onun qızı Matildayla tanış olur. Elə ilk baxışdanca Henrix qıza vurulur, gənclər nişanlanırlar. Aydın məsələdir ki, Matilda nakam Sofinin obrazıdır.
Klinqsor bir ustad kimi gənc Henrixin mənəvi təkamülünün qayğısına qalır, ona ruhani gücünü işə salmağın, daxili potensialını poeziyaya çevirməyin, əşyaların, hadisələrin mahiyyətinə varmağın yollarını öyrədir. Bundan ötrüsə ilkin şərt səmimiyyətdir, çünki saf könül, səmimi qəlb hər şeyə işıq salır. Klinqsorun fikrincə, poeziya insan ruhunun başlıca xassəsidir. Axşam ziyafəti əsnasında Henrixin xahişiylə Klinqsor məclis əhlinə poeziyanın özünə düşmən təmayüllər üzərində qələbəsindən bəhs eləyən simvolik bir nağıl danışır.
***
Yarımçıq qalmış ikinci hissədə Henrix Matildanın ölümündən sonra dərin qüssəyə qapılıb dağlarda sərgərdan dolaşır. Buradan baxanda Auqsburq ayaq altındaymış kimi görünür, aralıda şütüyən çayın suları ayna kimi bərq vurur, elə bil su dilində nəsə mübhəm bir sirri faş eləyir. Çay qırağında kök salmış palıd şairi görəndə titrəməyə başlayır, ağacın dibindəki qaya parçasından lal bir cingilti qopur, torpağın altından şən nəğmə eşidilir. Palıdın içindən gələn səs Henrixdən ud çalıb mahnı oxumağı iltimas eləyir, söz verir ki, xahişini yerə salmasa, istədiyi qız qarşısında peyda olacaq. Henrix Matildanın səsini tanıyır. Ağacın yarpağında sevgilisinin ona nəvazişlə baxan çöhrəsi əks olunur.
Görüntü yoxa çıxanda onun qəlbindən əzablar, qayğılar da silinir, yerində yalnız sakit, məsum bir qüssə qalır. İtki ağrısı, boşluq duyğusu Henrixin yaxasını buraxır, oğlan oxumağa başlayır. Bu zaman o, bir qızın yaxınlaşıb onu arxasınca apardığının fərqinə varmır. Qız Henrixi qoca bir həkimlə tanış eləyir, ancaq gəncə elə gəlir bu kişi səfər üstündə gördüyü həmin o mədənçi qocadır.
Sən demə, bir zamanlar Henrixin atasıyla da görüşən bu ixtiyar həkim ona heykəltəraş olmağı məsləhət görübmüş. Ancaq gəncin atası gerçək təbiətinin çağırışına qulaq asmayıb, ətrafındakı reallıq onun içində dərindən dərin kök atıb, nəticədə ata sadəcə mahir sənətkar olub. Qoca istəyir Henrix doğma şəhərinə qayıtsın, ancaq oğlan deyir ki, vətənini diyar-diyar gəzdikcə ölkəsini daha yaxşı tanıyır, həm də çox gəzən çox bilər. Sonra onlar vicdanın gücü, şərin kökü, kainatda mövcud olan dünyaların qarşılıqlı əlaqəsi, birliyi haqda fəlsəfi dialoqa girirlər.
***
Novalis bu bölümdə göstərmək istəyirdi ki, dünyada hər nə varsa hamısı – təbiət də, tarix də, savaş da, dinc həyat da poeziyaya çevrilir, çünki poeziya dünyada bütün cansızlara can verən, bütün ölü canlara üfürülən ruhdur.
Romanın ikinci hissəsində Henrix ətraf aləmlə daha dolğun təmas qurmalıydı, İtaliyaya getməli, hərbi yürüşlərə qoşulmalı, imperatorun varisiylə dostlaşmalı, Şərq səfərinə çıxmalı, sonda doğma Turingiyaya qayıdıb Klinqsorla birlikdə şeir yarışmasında iştirak eləməliydi. Romanın davamı rəmzi-mifoloji pritçaya çevrilməli, bu bölümdə poeziyanın sehri, sözün qüdrətiylə heyvanlar, quşlar, bitkilər, daşlar dilə gəlməli, Henrix varlığın yaxasını açıb zamansız-məkansız, dərdsiz-ölümsüz möcüzələr aləminin qoynuna girməliydi.
Matilda ayrı-ayrı qadınların timsalında tez-tez Henrixin qarşısına çıxmalıydı. Sonda Henrix, nəhayət, yuxusunda gördüyü mavi çiçəyi dərib, mistik rəmzi real dünyada zühura gətirməliydi…
***
Bu sirli mətnin, ümumən Novalis yaradıcılığının dünya ədəbiyyatına nə qədər güclü təsir göstərdiyi ədəbiyyat xiridarı üçün yenilik olmasın gərək. Meterlinkin, Taqorun, Tomas Mannın, Hessenin, Rilkenin, Borxesin, Kasaresin, Rulfonun, Kastanedanın, Markesin, Ekonun, Koelyonun… yaradıcılığında bu təsirin izlərini sezmək elə çətin deyil. Milli ədəbiyyatımıza gələndə, Ramiz Rövşənin “Süd dişinin ağrısı” poemasında o dünyayla alış-verişə girişən ovçunun da alveri Novalisin metafizik aləmlə alverinə çox bənzəyir.
Bütün bunlar o bəlli həqiqəti bir daha sübuta yetirir ki, hər bir yeni ədəbiyyat köhnələrlə (dəxli yoxdur, şüurlu, ya şüursuz) dialoqda yaranır, hər təzə söz, şair deməli, tozu alınmış köhnə sözdür, hər gələn dahi sənətkar varlığın camalına dünyaya gəlmiş-getmiş nəhənglərin çiynindən baxır. Bu sayaq ədəbi varislikdən kənarda gerçək sənət yarana bilməz.
Elə Novalisin mavi çiçəyi də Gilqamış haqqında qədim şumer dastanındakı dirilik çiçəyinin genetik varisidir. Sonradan o mavi çiçək Meterlinkin sehirli əllərində qanad açıb göy quşa çevriləcəkdi. Henrixin ruhani səfəri də Əttarın dərviş quşlarının mistik yürüşünün bir başqa formada təkrarıdır. Onun mərhəmət saçan vəhşiləri hələ neçə yüz il əvvəl Məcnundan təlim-tərbiyə almışdılar. Öz növbəsində Koelyonun özünü axtarışında, özündən-özünə ruhani səfərində cansız əşyalardan belə yardım, anlayış görən kimyagəri də Henrix fon Ofterdingendən dərs alıb.
Novalisin arzuladığı, ucundan-qulağından bizə də göstərdiyi ideal dünya Platonun ideal, ruhani cəmiyyətindən (qəsdən dövlət demirəm, çünki elə dövlət olmaz) də maraqlıdır. Ancaq məsələ burasındadır ki, Platon olmasaydı, xristianlıq da olmayacaqdı, xristianlıq olmasaydı, Novalis olmayacaqdı. Bax belə…
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər