• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dublin yəhudisinin odisseyası

  • 05 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Ceyms Coysun “Uliss” romanı haqqında

Fəxri Uğurlu

Bizim uşaqlıq, yeniyetməlik çağlarımızda dini kitablar əlçatan deyildi. Ona görə də dini mətnlərlə, dini mədəniyyətlə tanışlığımız ya marksizm mövqeyindən yazılmış tənqidçi, təftişçi kitablar, ya da klassik şairlərin, yazıçıların əsərləri vasitəsilə baş tuturdu. Məsələn, orta çağ Şərq-müsəlman ədəbiyyatı örnəklərinə, o cümlədən klassik Azərbaycan şairlərinin – Nizaminin, Nəsiminin, Xətayinin, Füzulinin əsərlərinə yazılmış şərhlər Quran hökmləri, islam fəlsəfəsi, dini qissələrlə tanışlıq üçün zəngin material verirdi. Yadıma gəlir, İmadəddin Nəsiminin 600 illiyi münasibətiylə buraxılmış, gözəl illüstrasiyalarla bəzədilmiş nəfis tərtibatlı nəhəng poetik toplunun onlarla, bəlkə də yüzlərlə səhifədən ibarət şərhlər bölümü Quran ayələrinə, hədislərə, dini rəvayətlərə istinadla doluydu. Yalan olmasın, o cilddə yer almış beytlərin sayı qədər də şərhi, izahı vardı. O şərhlər verilməsəydi, qəzəllərin, qəsidələrin, rübailərin məzmunundan bir mətləb anlamaq olmazdı…

Bu kitabın da özü boyda şərhi var. Onu çox vaxt kitablar kitabı, sənət ensiklopediyası, bəşərin söz yaddaşından sitatlar toplusu adlandırırlar. Coysun istinad elədiyi ədəbi-fəlsəfi-dini bazaya, incəsənət arxivinə, tarixi-ictimai gerçəkliyə, etnik-mədəni faktorlara bələd olmadan onun əsərini sona qədər anlamaq da olmaz.

Düzünə qalsa, “Uliss”in yazıldığı dilin incəliklərini bilmədən, onu orijinaldan oxumadan bu roman haqqında danışmaq da doğru deyil; çünki bu əsər başdan-başa dil oyunları, leksik-semantik yanıltmaclar, sözün böyük mənasında üslub hoqqaları üzərində qurulub. Coys ədəbiyyatda stilizasiyanı ehkam səviyyəsinə qaldırıb, onu havayı yerə Floberdən sonra roman sənətinin ən böyük reformatoru saymırlar, hətta belə bir fikir də var ki, Eynşteyndən sonra fizika elmi nə qədər dəyişilibsə, Coysdan sonra da dünya nəsri bir o qədər dəyişikliyə uğrayıb. Bu kitabda forma məzmunu üstələyib, üslub mahiyyətə çevrilib, müəllif elə bil demək istəyib ki, dünya onsuz da dərin mənadan, rasional mahiyyətdən məhrum nizamsız, xaotik məkandır, onu yalnız çirkin, eybəcər simasına usta qələmlə bəzək-düzək vurub abıra mindirmək olar.

***

Roman Homerin “Odisseya” dastanına parodiya kimi yazılıb. Uliss – Odisseyin latın dilindəki variantıdır. Yazıçı niyə adın orijinal versiyasını yox, məhz latınca variantını seçib – burası da qəribədir. Homerin poeması kimi bu roman da on səkkiz epizoddan ibarətdir, hər bir fəslin də “Odisseya”nın uyğun qoluyla gizli, örtülü forma-məzmun əlaqəsi var. Əvvəlcə Coys romanın fəsillərinə “Odisseya” nəğmələrinin adını qoysa da, sonradan tənqidçilərin bu məsələyə həddindən artıq önəm verdiyini, əsərin bir növ “orijinalın” əlavəsinə, şərhinə çevrildiyini, Homer poemasının əsarətinə düşdüyünü görəndə fikrindən daşınıb. Əlbəttə, “Uliss” tam müstəqil bir əsər, Homer dastanları başda olmaqla bütün Avropa (qismən də dünya) ədəbiyyatıyla nəhəng bir dialoq, bitməz-tükənməz polemikadır. Balzakın “Bəşəri komediya”sı Dantenin “İlahi komediya”sından nə qədər asılıdırsa, Coysun “Uliss”i də Homerin “Odisseya”sına bir o qədər bağlıdır. Modernizmin bayraqdarı kimi Coys bütün klassik ədəbiyyata, xüsusən də on doqquzuncu əsr romanına meydan oxuyur, bütün köhnəlmiş kanonları, texnikaları vurub dağıdır, hadisəçilikdən, macəraçılıqdan prinsipial şəkildə uzaq durur. Hadisələr, macəralar qəhrəmanların iç dünyasına köçürülür, ətraf aləm psixoloji aləmin proyeksiyası kimi təqdim olunur (halbuki o özü də yaradıcılığa realist-naturalist ədəbi ənənələrin ardıcılı kimi başlamışdı, onun erkən nəsr təcrübələrinin toplandığı “Dublinlilər” adlı hekayə məcmuəsi bu gün də Mopassan-Çexov gələnəyinin davamı kimi nəzərdən keçirilir).

Bununla belə, Coysun yaradıcılığında klassik realizmə xas əlamətlər də var; yazıçı deyirdi ki, əgər bir gün Dublin yer üzündən silinsə, bu şəhəri onun əsərləri əsasında məhəllə-məhəllə, küçə-küçə, ev-ev bərpa eləmək olar. Yadımızdadırsa, buna bənzər bir fikir Çexovun haqqında da deyilmişdi, ancaq orada söhbət rus xalqından gedirdi. “Uliss”in analogiyasından söhbət düşəndə daha çox Andrey Belının ondan bir neçə il əvvəl yazılmış “Peterburq” romanının adı çəkilir (Bu qəbildən mənim tanıdığım sonuncu roman Orxan Pamukun “İstanbul”udur). Coys ömrünün ikinci yarısını qürbətdə (Paris, Sürix, Triyest…) yaşasa da, öz yurduna, doğma şəhərinə möhkəm bağlıydı, vətənini özünəməxsus ironik məhəbbətlə, qəzəbli bir eşqlə sevir, İrlandiyanı “qoca fahişə”, “öz balalarını yeyən donuz” adlandırırdı. Bir dəfə ondan ölkəsinə nə vaxt qayıdacağını soruşana belə cavab vermişdi: “Mən oradan qırağa heç zaman çıxmamışam”.

Romanda irland patriotlarına da rişxənd eləyən, onların millətçilik instinktini, şovinist ritorikasını lağa qoyan yazıçı vaxtında bütün bunlara görə çox qınanmışdı, kitablarının nəşri qadağan olunmuşdu; bu günsə yurddaşları onunla öyünürlər, onu irland xalqının milli brendi sayırlar. Taleyin istehzasına bax ki, vətənindən ötrü döyüşən, can verən, millətinin haqqını öz haqqından üstün tutan adamlar qalıblar bir qıraqda, vətənini lağa qoyan, xalqını söyən, milli varlığı hədəf alan kəs ölkəsinin simvoluna çevrilib. Bu, elə Coys qələminə layiq reallıq, onun bizə tanıtdığı həmin gülünc, vəfasız, bir sərsəmin danışdığı nağıl kimi (Şekspir) mənasız, məntiqsiz dünyadır.

Bizdə də ara-sıra Mirzə Cəlili, Sabiri suçlayanlar, onları xalqı alçaltmaqda qınayanlar peyda olur, ortalığa bir söz atıb aranı qarışdırır, stəkanda fırtına qoparıb kükrəyir, sonra yenidən öz yoxluqlarına çəkilirlər. Meydanda yenə Mirzə Cəlil, Sabir qalır, millət yenə özünü onlarla tanıyır…

***

Mənim “Uliss” romanıyla tanışlığım qırmızı imperiyanın son illərinə düşür. O vaxt bu əsər bütöv şəkildə rus dilinə yeni çevrilmişdi, aylıq “İnostrannaya literatura” jurnalında 1989-cu il boyu şərhləri, izahlarıyla birgə hissə-hissə dərc olunurdu. Dünya ədəbiyyatından, incəsənətindən, tarixindən, mədəniyyətindən sitatlarla, müxtəlif müəlliflərə, kitablara istinadlarla zəngin belə qəliz əsəri o yaşda (lap elə bu yaşda da) oxuyub həzm eləmək çətin olsa da, ilk nəşr ilk tanışlıq üçün yetirdi. 1993-cü ildə roman rus dilində ayrıca kitab şəklində işıq üzü gördü. O vaxtlar anladım ki, bu əsərin hər fəsli bir tərzdə, bir stildə yazılıb, roman başdan-başa göz qamaşdıran bir üslub sərgisidir.

Əvvəlki epizodlar nisbətən sadə səpkidə qələmə alınıb, di gəl, roman boyu irəlilədikcə forma-üslub da qəlizləşir. Məsələn, kiçik mətnlərdən ibarət yeddinci fəsil yığcam qəzet oçerkləri, qısa reportajlar stilində, on beşinci fəsil dram əsəri, yəni pyes formasında, on yeddinci fəsil katexizis (dini kitab, xristian dininin başlıca müddəalarının əks olunduğu təlimatlar toplusu) üslubunda, təqribən əlli səhifədən ibarət sonuncu – on səkkizinci fəsilsə başdan-ayağa şüur axını texnikasıyla yazılıb, bu, öz düşüncəsinin selində boğulan bir qadının beynindən keçirdiyi fikirlərin ələ gələn, tora düşən qırıntılarıdır, o fəsildə nə durğu işarəsi, nə də böyük hərf – cəmi səkkiz abzaslıq xaotik sərsəmləmə, sayıqlama var. Bəzi fəsillər, parçalar mənsur şeir, qafiyəli nəsr kimi oxunur, bunu hətta yaxşı tərcümədə də duymaq mümkündür. Bəzi məqamlarda daxili səsin müəllifinmi, personajınmı səsi olduğu bilinmir. Müəllif haradasa personajların lap yaxınlığındadır, amma onların işinə qarışmır, hadisələri istədiyi səmtə döndərməyə çalışmır. Bu kitabda hər şeyi olduğu kimi görən mütləq göz, haqqın birliyinə, faktın doğruluğuna hökm verən mütləq səs yoxdur – müəllif mütləq sayılan hər şeyə amansız istehzayla yanaşır.

Coys olduqca savadlı, dünya ədəbiyyatına, mədəniyyətinə dərindən bələd olan, çoxlu dil bilən yazıçıydı. Bu baxımdan onun romanını bədii dillə yazılmış ədəbi risalə, poetik üslubda qələmə alınmış fəlsəfi traktat da saymaq olar. Coysun əsəri həm poeziya, həm traktat elementlərini canına çəkmiş, özünü başqa janrların hesabına zənginləşdirmiş iyirminci əsr romanının mükəmməl, parlaq örnəyidir. Onun əsəri yüksək səviyyədə hazırlıqlı oxucular üçündür, bu səbəbdən, dünya ədəbi çevrələrində nə qədər populyar olsa da, “Uliss”i heç oxumayanlar, gözdən keçirib sonraya saxlayanlar, oxuyub yarımçıq qoyanlar sonacan oxuyanlardan, oxuyub anlamayanlar da oxuyub anlayanlardan qat-qat çoxdur. Bu əsərin ayrı-ayrı fəsillərini aram-aram gözdən keçirmək ədəbi laboratoriyada ustad yanında təcrübə keçmək kimidir. Belə bir təcrübə əsnasında ağlagəlməz nəticələr üzə çıxa, cümlənin, üslubun, xarakterin əvvəllər görünməmiş xassələri özünü büruzə verə bilər – elə cəhətlər ki, bəlkə müəllifin özünün də onlardan xəbəri olmayıb. Hərçənd Coys özü bu məsələdə özündən müştəbeh danışırdı: “Mən bu romana elə tapmacalar, elə bağlamalar yerləşdirmişəm, orada elə tələlər, elə qıfılbəndlər qurmuşam ki, ədəbiyyat professorları onların üzərində indən belə hələ yüz illər boyu da baş sındıracaqlar”.

***

Prustun, Coysun üslub inqilabını dünya romançılığının keçid mərhələsi də adlandırmaq olar. Dialektikanın qızıl qanununa söykənib Balzakı, Dostoyevskini tezis, Prustla Coysu antiteza saysaq, Folkner, Tomas Vulf kimi növbəti nəsil yazıçıları bu iki “düşmən” qütbün sintezini həyata keçirmiş sayıla bilərlər.

Həqiqətən, Prustun, Coysun yaradıcılığına xas “ədəbiyyatbazlıq”, “sənətbazlıq” (ruslar buna “literaturşina” deyirlər) Folknerin, Vulfun dəst-xəttinə tamam yad cəhətlərdir. Onların personajlarını oturub hansısa ictimai-siyasi məsələni, yaxud hansısa klassik əsəri saatlarla müzakirə eləyən yerdə təsəvvürə gətirmək mümkün deyil. O personajların (elə onları yaradan müəlliflərin də) sanki dünyadan, sənətdən, yaşadıqları dövrandan xəbəri yoxdur, elə bil (əslində də elədir) onlar tamam ayrı dünyada, ayrı planetdə, tamam ayrı qayğılarla yaşayırlar, bütün varlıqlarıyla bizlərə oxşayırlar, amma bizdən deyillər, bizimkinə bənzər uzaq bir dünyanın, yerin əkizi olan hansısa yad planetin sakinidirlər. Bu mənada Folkner, Vulf nəsli böyük qardaşlarına nisbətən daha “saf”, daha “təmiz” ədəbiyyat yaradıb, həyatı sənətin qucağına itələməyib, tam tərsinə, sənəti həyata calaq eləyib.

Hərçənd bu dediyim də mübahisəli məsələdir, həyatla sənət arasındakı münasibətləri ayırd eləmək üçün daha geniş meydan, daha ağıllı baş lazımdır.

***

Yeddi ilə (1914-1921) yazılmış “Uliss” romanında hadisələr (əgər bunlara hadisə demək mümkünsə) bir günün içində – 1904-cü ilin 16 iyununda İrlandiyanın paytaxtı Dublində baş verir. Bu, Ceyms Coys üçün əlamətdar tarixdir, həmin ilin həmin günündə o, gələcək arvadı Nora Barnakl ilə tanış olmuşdu. Sadə, zəhmətkeş ailədən çıxmış Nora dahi ərinin iç dünyasından, düşündüklərindən, yazdıqlarından xəbərsiz avam, kəmsavad bir otel qulluqçusuydu, di gəl, yazıçı bu qıza sarsılmaz bir ehtirasla bağlanmışdı, ömrünün sonunacan da ondan qopmadı. “Uliss”in pərəstişkarları hər il 16 iyunu “Blum günü” kimi qeyd eləyirlər, bir yerə toplaşıb yazıçının xatirəsini anır, kitabdan parçalar oxuyurlar.

Romanın baş qəhrəmanı yəhudi əsilli reklam agenti – qəzetlər üçün reklam, elan mətnləri tapıb gətirən otuz səkkiz yaşlı Leopold Blumdur. İkinci əsas personaj məktəbdə ədəbiyyat dərsi deyən iyirmi iki yaşlı alim, şair Stiven Dedaldır – o, müəllifin alter-eqosu, avtobioqrafik obrazdır. Stiven onun “Sənətkarın gənclik portreti” adlı ilk romanının da qəhrəmanıdır. Nəhayət, baş qəhrəmanın arvadı, opera müğənnisi Molli Blum – onun prototipi müəllifin həyat yoldaşı Noradır. Romandakı qalan iştirakçılar epizodik obrazlardır.

Coysun öz əsərinə Dublində yaşayan iki cüt-bir tək yəhudidən birini baş qəhrəman seçməsi təsadüf sayıla bilməz – təpədən-dırnağa simvollardan, işarələrdən ibarət bir əsərdə təsadüfə yer yoxdur. İkinci qəhrəman Stivenin də soyadı mifik yunan rəssamı, mühəndisi Dedalın adından götürülmədir. Gördüyümüz kimi, müəllif bu cür sadə fəndlərlə Avropa sivilizasiyasının iki başlıca qaynağına işarə vurur: bunun biri qədim yəhudi-xristian mədəniyyəti, o biri antik yunan-Roma mədəniyyətidir. Çağdaş Avropa bu ikisinin calağından ərsəyə gəlib. Blumun Dublindəki birgünlük odisseyası təkcə Homer qəhrəmanının mifik səyahətinə yox, həm də cəlayi-vətən olub diyar-diyar səpələnmiş yəhudi qövmünün iki min illik sərgərdanlığına parodiyadır. Stivenin yaxınlarda xəstəlikdən ölmüş anasına soyuq münasibəti, atası ola-ola müəllifin Blumu gənc şairin təhtəlşüuruna ata obrazı, ata əvəzi kimi oturtması qədim yunanların onları “yaratmış” tanrılardan üz döndərib yəhudi allahına tapınmasına işarədir.

Miskin, gülünc, aciz klerk Leopold Blum – ağıllı, müdrik, hiyləgər döyüşçü Odisseyin, babalarının məzhəbinə dönük çıxan Stiven Dedal – onun zatına sadiq qeyrətli oğlu Telemaxın, zinakar şəhvət düşkünü Molli Blum – onun vəfalı arvadı Penelopanın antipodudur. Müəllif Homer personajlarının indiki aqibətini onların keçmiş ehtişamının fonunda təsvir eləməklə bəşəriyyətin necə bir mənəvi tənəzzülə uğradığını, hansı xəyal zirvələrindən yıxılıb iflas bataqlığına düşdüyünü bizə əyani şəkildə göstərmək istəyir. Ceyms Coysun təkamülə, tərəqqiyə heç bir inamı yoxdur, onu böyük savaşlar, tarixi hadisələr cəlb eləmir, qulağının dibində gurlayan top səsləri, Avropanı qana çalxayan dünya savaşı belə onun diqqətini bir bədbəxt yəhudinin on il qabaq Dublində keçirdiyi bir sönük, solğun günün mənasız, bayağı macəralarından ayıra bilmir. O gün elə hər gündür, hər gün 16 iyun, hər yer Dublindir. Hər ata Leopold Blum, hər oğul Stiven Dedal, hər qadın da Mollidir. Coys bundan ayrı planet, bundan qeyri zaman, bundan başqa bəşər tanımır. Hər gün 16 iyun, hər yer Dublin, hər kəs didərgin Blum!

***

Homerdən üzübəri dünya ədəbiyyatının iki ana mövzusu var: biri müharibə (xalq, vətən, savaş, evdən gediş, dünyaya çıxış, cəngavərlik…) mövzusu, biri də məhəbbət (ailə, ocaq, sevgi, evə dönüş, özünə qayıdış, sərgərdanlıq…) teması. Lev Tolstoy deyirdi ki, “Hərb və sülh” epopeyasında onu xalq ideyası, “Anna Karenina” romanında isə ailə ideyası məşğul eləyib. Dastanlar da iki qismə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

“Şahnamə” (Firdovsi), “İsgəndərnamə” (Nizami), “İlahi komediya” (Dante), “Don Kixot” (Servantes), “Hamlet” (Şekspir), “Faust” (Höte), “Səfillər” (Hüqo), “Pikvik klubunun qeydləri” (Dikkens), “Hərb və sülh” (Tolstoy), “Karamazov qardaşları” (Dostoyevski), “İosiflə qardaşları” (T.Mann), “Sakit Don” (Şoloxov), “Master və Marqarita” (Bulqakov), “Can” (Platonov), “Doktor Jivaqo” (Pasternak) – bu əsərlər “İliada” xəttinin üstündədir.

“Yeddi gözəl” (Nizami), “Yusif və Züleyxa” (Cami), “Qaçaqlar” (Şiller), “Don Juan” (Bayron), “Paris Notr-Dam kilsəsi” (Hüqo), “Madam Bovari” (Flober), “Oblomov” (Qonçarov), “Atalar və oğullar” (Turgenev), “Anna Karenina” (Tolstoy), “İdiot” (Dostoyevski), “Qəsr” (Kafka), “Avqust işığı” (Folkner), “Yabançı” (Kamü), “Çovdarlıqda uçurumdan qoruyan” (Selincer), “Yüz ilin tənhalığı” (Markes) – bunlarsa küll halında “Odisseya” mövzusunun sərhədləri içindədir. Milli ədəbiyyatımızda da analoji təsnifləndirmə aparmaq olar: məsələn, “Komsomol poeması”, “Aygün” (S.Vurğun), “Şamo”, “Saçlı” (S.Rəhimov).

Coys yaradıcılığında nədənsə ikinci xətti seçib (Prust da onun kimi), savaş mövzusu ona yaddır (söhbət hansısa konkret müharibənin, döyüş səhnələrinin təsvirindən yox, sözün geniş mənasında savaşdan – fəlsəfi-ideoloji müharibədən gedir), ailə-məişət, məhəbbət motivləri də ona yalnız parodiya üçün gərək olub. Ancaq parodiya olsa da, fərq eləməz, xətt həmin xətdir (ona qalsa, “Don Kixot” da parodiyadır). Dahi yazıçıların əksəri “Odisseya” mərhələsinə qədər getsə də (heç o mərhələyə də çatmamış böyük qələm adamları çatanlardan qat-qat çoxdur), “İliada” mərtəbəsinə qalxa bilməyib. Təsadüfi deyil ki, məhəbbət dastanları da qəhrəmanlıq dastanlarından xeyli çoxdur.

Müharibə – kollektiv işi, vətən, xalq – kollektiv anlayışdır, burada, sufilər demiş, vəhdəti-vücud tələb olunur. Cəngavərin ailəsi xalq, evi vətəndir. Coysa gəlincə o, kollektivçi deyildi, fərdiyyətçiydi. Sevgi, ailə, ev – bunlar da fərdi yanaşma tələb eləyən individual anlayışlardır, bu cəbhədə gərək təkbaşına vuruşasan. Prust kimi, Kafka kimi Coys da yaradıcılığında (elə həyatında da) tənhalıq cəngavəri, heç bir ictimai norma, milli adət-ənənə, din, dövlət, qanun, sərhəd tanımayan sərgərdan anarxist idi. Onun evlənməyi belə təkliyinə yuva qurmaq, yalqızlığının sərhədini genəltmək, yoxluğuna maska taxmaq niyyəti güdürdü. Özünə tay kübar, ziyalı xanımla yox, məhz ərinin göstərdiyi möcüzələrdən xəbərsiz avam qadınla kəbinlənməsi (yeri gəlmişkən, ötən əsrin otuzuncu illərinə qədər iyirmi yeddi il nikahsız-kəbinsiz yaşamışdılar ki, bunun özü də anarxizmə xas həyat tərzidir) də onun nikahda (şüurlu, ya şüursuz) mənəvi bağ, ruhani birlik axtarmadığını, sadəcə, gövdəsinə yaxşı tutan bir calaq vurmağa çalışdığını təsdiqləyir.

***

“Odisseya”nın da, “Uliss”in də ana motivi “evə qayıtmaq”dır. Evə, ailəyə, sevimli qadına qovuşmaq. Troya savaşının qəhrəmanı Odisseyin qayıdışı on ilə başa gəlir, bu on ildə onun qarşısını ölümcül maneələr, fövqəltəbii güclər kəsir, ancaq ağıllı, hiyləgər qəhrəman əngəllərin, tələlərin hamısından salamat qurtulur. Səhər saat onda evdən çıxıb Dublin küçələrini dolaşan Blumunsa qayıdışı on altı saatdan sonra, yəni gecə saat ikidə baş tutur (ironiya lap üzdədir!). Onun evə vaxtında dönməsinə heç bir maneə yoxdur, əksinə, Blum özü özünə əngəl yaradır, evə qayıdışını cürbəcür bəhanələrlə özü yubadır; çünki gündüz saat dörddə onun arvadının yanına növbəti qastrolla bağlı görüləcək işləri müzakirə eləmək adıyla Buyan Boylan adlı impressario gələcək. Blum bilir ki, təkcə işbaz yox, həm də ədabaz olan Boylan onun arvadını yoldan çıxarmağa çalışır, əmindir ki, Molli həmin günün həmin saatında ona xəyanət eləyəcək, hətta şüursuz bir mazoxistik istəklə bu xəyanəti arzulayır.

Əslində, bu dəruni arzulama da səbəbsiz deyil: Blum bilir ki, xəyanətin qarşısını almaq gücü-qüdrəti yoxdur, ona görə də özünü bu işə könüllü razılıq verirmiş kimi, xəyanətə qəsdən şərait yaradırmış kimi aparır. Hər nədirsə, iyirmi il ərinin yolunu gözləyən, toxuduğu kəfəni söküb yenidən tikməklə qapısına dirənmiş adlı-sanlı elçilərdən aldığı möhləti uzadan namus-qeyrət mücəssiməsi Penelopa üç min ilin bu başına bu şəkildə gəlib çıxıb.

Fələklə çomaq döyüşdürən, divlərə, əcinnələrə dov gələn Odisseyin yerinə məzlum, səydərəm Blum, əfsanəvi Troya-İtaka marşrutu əvəzinə bomboz, solğun Dublin dolanbacları, inadkar, pəhrizkar Penelopanın yerinə ləçər, zinakar Molli. Budur bəşəriyyətin keçib gəldiyi təkamül prosesi, budur tərəqqi nərdivanının pik nöqtəsi!..

***

Roman üç bölümə ayrılır: ilk üç fəsil birinci, son üç fəsil üçüncü hissəni təşkil eləyir. Ortada qalan on iki fəsil kitabın ikinci bölümünə aiddir.

Birinci hissədə oxucu Martello qülləsində iki cavanla şərikli mənzil kirələmiş Stiven Dedalla tanış olur. Onun anası yaxınlarda qaraciyər xərçəngindən ölüb, ona görə də otaq yoldaşı Bık Malliqan ana mövzusunda hətərən-pətərən danışanda Stiven ondan inciyir, hərçənd sağlığında anasıyla münasibəti o qədər də hamar olmayıb. Səhər-səhər gənclərin söhbəti hərlənib-fırlanıb İngiltərə-İrlandiya qarşıdurmasının, daha sonra atasızlıq, atasından xəbəri olmamaq, ata sorağına çıxmaq mövzusunun üstünə gəlir, belə motivlər üzərində qurulmuş əsərlər, obrazlar yada düşür, Hamletin, İsa Məsihin, Odisseyin oğlu Telemaxın adı anılır. Atasından cüda düşmüş Stivenlə Telemax arasında paralellərin ilkin əlamətləri görünür.

Günə başlayandan iki saat keçmiş, yəni saat onda Stiven dolanışıq xətrinə tarix dərsi dediyi məktəbdə də bu mövzuya, eyni motivlərə qayıdır. Məktəbin direktoru ona bir məqalə verib xahiş eləyir ki, şəhərə gedəndə onu qəzet redaksiyasına çatdırsın. Saat on birdə gənc müəllim Dublin bulvarında peyda olur, gəmiylə qayıdası atasının yoluna göz dikən Telemax kimi dənizin seyrinə dalır, dəniz havası alır. Birin yarısında o burada otaq yoldaşı Bık Malliqanla görüşməlidir, ancaq görüşə ləngiməyəcək, Stivenin Bıkdan sıtqı sıyrılıb, ondan qopmağı düşünür.

Stiven Dedal istedadlı gənc şair, hər gün kitabxanaya baş çəkən savadlı, maraqlı bir intellektualdır. Müəllifin özü kimi yezuit (katolik məzhəbinə mənsub ruhani ordeni) kollecində oxuyub, ancaq dindən soyumaq, ateizmə yuvarlanmaq ərəfəsindədir. Adətən ən qatı ateist əvvəllər çox qatı dindar olmuş adamdan çıxır. Hansısa səbəbdən hansısa dinin, məzhəbin tanrısından qəlbi sınan, verdiyinin əvəzini ala bilməyən asi bəndə o tanrıdan, onun məiyyətindən, elçilərindən ağır qisas almaq üçün qiyamıyla anadangəlmə ateistləri belə heyrətə gətirir, mənəvi (imkanı çatsa, həm də fiziki) terrorun miqyasına görə kafirləri belə geridə qoyur. İnsan fikrini, əqidəsini dəyişə bilər – bu, görünməmiş hal deyil, ancaq dönüklük, sapıqlıq yaman dərddir, adamda həm özünə, həm də başqalarına səbəbsiz (zahirən səbəbsiz!) aqressiya yaradır, sonda adamı öz içindən çürüdür…

Beləcə, üç fəsildən ibarət birinci hissə Stiven Dedalın “macəralarıyla” başa çatır. Bu bölümdə əsas qəhrəmanı hələ görmürük. Xatırladım ki, Homerin dastanı da Odisseyin oğlu Telemaxla tanışlıqdan, ilahə Afinanın təhrikiylə iyirmi yaşlarında gəncin ata sorağına çıxmasından başlanır.

***

Stiven Dedal Martello qülləsində yuxudan silkinib dərsə hazırlaşanda şəhərin o biri başında Dublin Odisseyinin – irlandiyalı Ulissin həyata doğru 16 iyun yürüşünə start verilir. Gün başlananda onun ilk işi səhər yeməyi üçün qəssabdan donuz böyrəyi almaqdır. Evdə onu bir cüt məktub gözləyir: biri dünən on beş yaşı tamam olmuş, Mallinqar şəhərciyində fotoqraf assistenti işləyən qızı Millidən, o biri arvadı Molliyə saat dörddə onlara gələcəyi barədə xəbərdarlıq eləyən impressario Boylandandır.

Səhər yeməyindən sonra Blum jurnal varaqlaya-varaqlaya bəzi fizioloji ehtiyaclarını ödəyir, daha sonra saat onda evdən çıxır, çünki saat on birdə bir məktəbdə oxuduğu uşaqlıq yoldaşının dəfninə getməli, bu aralıqda isə bəzi xırda-para işlərin qulpundan yapışmalıdır. Bundan əvvəl Blum qəzetdə katibə axtardığına dair elan veribmiş, indi həmin elan əsasında Marta Klifford adlı bir qadın ona məktub yazıb. Blumun əsl niyyətini anlayan, ona katibə yox, sevgi əyləncəsi gərək olduğunu duyan xanım Klifford məktubunda açıq mətnlə onunla görüşmək istədiyini bildirir. Bunu oxuyanda Leopoldun erotik fantaziyaları qanadlanır, ancaq hələlik dəfnə tələsmək lazımdır.

Dəfn mərasimində Leopold Blumla Stivenin atası Saymon Dedal ordan-burdan söhbətləşib keçmişdən-gələcəkdən söz salırlar, Blumun atasının intiharından, arvadının gələcək qastrol səfərindən danışırlar. Qəbiristanlıqda Blum o dünya, əbədiyyət, qiyamət günü ölülərin diriləcəyi ilə bağlı ironik düşüncələrə dalır. Stivendən fərqli olaraq bir yəhudi balasının, dünyanın yarısını öz dininə, tanrısına yoluxdurmuş bir qövmün törəməsinin ateizmi, dinsizliyi artıq fərdi məsələ deyil – bu, yəhudi xalqının neçə min illik tanrısından ala bilmədiklərinin qisası, metafizik qiyamdır. Heç təsadüf deyil ki, peyğəmbərlərlə yanaşı ən qatı ateist filosoflar, metafizik aləmə, göylər səltənətinə ən sərt şəkildə meydan oxuyan mütəfəkkirlər də yəhudilərdən çıxır.

Dəfndən sonra Blum reklam agenti kimi əməkdaşlıq elədiyi qəzetin redaksiyasına gedir. Dostunun dəfnində gördüyü bəzi adamlarla (professor, vəkil, redaktor) burada yenidən rastlaşır. Arada Blum redaksiyadan çıxıb çox keçmədən yenə qayıdır, onun olmadığı müddətdə ofisə Stiven Dedal gəlib məktəb direktorunun qeydlərini redaktora çatdırır. Bir az laqqırtı vurandan sonra Stiven hörmətli cənabları meyxanaya dəvət eləyir. Redaktor ləngiməyə məcbur qalır, Blum gələndə isə ağzının acısını onun üstünə tökür.

Blum pərt vəziyyətdə redaksiyadan çıxıb şəhərin canına düşür. Yavaş-yavaş mədəsi aclıq siqnalı verir. Yol boyu qarşısına çıxıb hal-əhval tutan tanışları birtəhər yola verə-verə günorta saat ikidə özünü kafeyə salır. Kafenin daimi müştərilərindən biri müdirə Blumun mason olduğunu pıçıldayır.

***

Elə həmin saatda Dublin kitabxanasında mühazirə deyən Stiven Dedal şəhər ziyalıları qarşısında Şekspirin həyatı, yaradıcılığıyla bağlı bəzi müəmmaları çözməyə çalışır. Fikirlərinin orijinallığına, dinləyicilərdə dərin maraq oyatmasına baxmayaraq nə onun şeirlərini gənc şairlərin yaradıcılığına həsr olunmuş almanaxda çap eləyən, nə də onu sayıb elitar ədəbi məclislərə çağıran var.

Kitabxanaya Blum da gəlib çıxır, ancaq onlar bu səfər də qarşılaşmırlar. Dost-tanışlar Leopoldun arvadının gözəlliyindən dəm vururlar, Blum özü isə bu vaxt mazoxist məzmunlu kitablardan birini seçib götürür. Bu dəqiqələrdə Buyan Boylan onun yaşadığı ünvana şərab, mer-meyvə göndərir. Onunla təsadüfən qarşılaşan Blum Boylanın izinə düşüb sahildəki restorana girir, bir tanışıyla nahar eləyib musiqiyə qulaq asır, elə oradaca öyrənir ki, arvadının məşuqu faytona minib harasa yola düşməkdədir. Özü olmayanda evində nələr baş verdiyini xəyalına gətirə-gətirə Martaya cavab məktubu yazıb onunla görüşü ertələyir, bununla da bu görüşdən ala biləcəyi həzzin ömrünü uzatmağa çalışırr.

Saat beşdə Barni Kirnan adlı birinin meyxanasına irland patriotları yığışırlar. Onlar ölkələrinə üz verən müsibətlərin səbəbini istismarçı ingilislərdə, bir də məkrli yəhudilərdə görürlər. Dostunun dəfniylə bağlı bir sığorta məmurunu soraqlayan Blum da bu girdaba baş vurur. Sərxoş patriotlar onların ingilislərə qarşı ekstremist çıxışlarını dəstəkləməyən Blumu gözümçıxdıya salıb əzirlər, lap axırda ingilislərdən qurtarıb yəhudilərə keçirlər. Blum onların əlindən çıxıb karetaya minəndə patriotlar onun arxasınca boş butulka tolazlayırlar.

Axşam saat səkkizdə Blum dəniz qırağındakı çimərlikdə oturub yaxınlıqdakı üç qızdan birinə baxa-baxa erotik fantaziyalara uyur, qızlar durduqları yerdən tərpənəndə Leopold ən çox bəyəndiyi qızın axsaq olduğunu görür. Az sonra saatının beşin yarısında dayandığından duyuq düşən Blumun beynindən sürətlə bir fikir keçir: yəqin Molli ona elə həmin saatın həmin dəqiqəsində xəyanət eləyib…

***

Arvadını görməyə Blumun həvəsi yoxdur, ona görə də evə qayıdışını mümkün qədər yubatmağa çalışır.

Saat onda ayaqları onu doğuş məntəqəsinə aparıb çıxarır, burada bir çoxuşaqlı qadın üç gündür bətnindəki növbəti körpədən azad ola bilmir. İçəri girəndə Blum bir dəstə cavanın yeyib içib hallandığını görür. Onların arasında Stiven Dedal, Bık Malliqan da var. Leopold da onlara qoşulub içir, gənclərlə söhbətləşir. Mamaça üç gündən bəri ağrı çəkən ananın, nəhayət, azad olduğunu deyəndə hamının kefi kökəlir, həm məclis, həm beyinlər daha da qızışır. Gənclər qərara gəlirlər ki, buradan durub meyxanaya daşlansınlar, məclisi orada davam elətsinlər.

Stivenlə bir dostu ümumxanaya getmək niyyətiylə dəstədən ayrılırlar. Nədənsə Blumun da Stivenə quşu qonur, o da bu iki gəncin izinə düşüb getməyə başlayır. Onu da deyək ki, Molli Leopold Bluma illər öncə bir oğlan da doğubmuş, ancaq zavallı körpə çox yaşamayıb, heç bir yaşına çatmamış tələf olub. İndi Stiven nədənsə Bluma həmin uşağın təcəllası kimi görünür, özündə bu oğlana qarşı bir doğmalıq hiss eləyir.

Gecə yarısı Blum özünü əxlaqsızlıq yuvasının tam göbəyində tapır. İçkinin təsirindən onu qara basır, ölüb getmiş valideynləri, gündüz nəfsinə yedirtdiyi qadınlar-qızlar, təsadüfən qarşılaşdığı adamlar gözünə görünür. Düşdüyü halın fizioloji nəticələri də özünü çox gözlətmir. Blum qədim peşə sahibinə qəlbinin ən dərin küncündə yatan intim sirləri, iyrənc fantaziyaları açıb söyləyir, içindəki kirli xəyalları, çirkin niyyətləri həvəslə faş eləyir.

Eyş-işrətin şıdırğı vaxtında Stivenin də gözünə anasının xəyalı görünür. Oğlan hövüllənib küçəyə qaçır, orada da əsgərlərlə davaya düşür. Blum onun ardınca gedib aranı birtəhər sakitləşdirir, yerə sərilib cəmdəyi toza bulaşmış gəncin üstünə əyiləndə sərxoş gözləriylə onun on bir il bundan qabaq tələf olmuş körpə oğlu Rudi olduğunu görür…

***

Bunun ardınca kitabın üç fəsildən ibarət üçüncü hissəsi gəlir. Leopold Blumla Stiven Dedal saat birdə özlərini gecə növbəsinə qalan faytonçulara xidmət göstərən bir çayxananın küncünə verirlər. Tez-tez qırılan söhbəti canlandırmaq üçün Blum bir ucdan üyüdüb tökür, Mollinin şəklini Stivenə göstərib, onu arvadıyla tanış eləmək üçün evinə aparmaq istəyir.

Bir-birinə söykənə-söykənə, rabitəsiz danışa-danışa yol yeriyən “ata-bala” saat ikidə Blumun evinə çatır. Qapını çətinliklə açıb mətbəxə keçirlər, kakao içib ordan-burdan danışırlar, sonra bağa çıxıb xırda ehtiyaclarını ödəyirlər, nəhayət, sağollaşıb ayrılırlar.

Arvadıyla yanaşı yatağına uzananda Blumun gözünün qarşısında cürbəcür xəyanət ssenariləri canlanır. Sayıqlayırmış kimi öz-özünə bir xeyli danışandan sonra onu yuxu aparır.

Leopold Blumun miskin odisseyası, “mifik” macəraları aşağı-yuxarı bunlardan ibarətdir. İyirminci yüzilliyin başında mif, əfsanə belə bir boz, puç, bayağı həyat gerçəkliyinin dibinəcən tənəzzülə uğradı. Sonrakı onilliklərdə mifə qayıdış siyasətdə fəlakətlə, sənətdə yüksəlişlə müşayiət olundu…

Sonuncu fəsil, deyildiyi kimi, yuxulu Molli Blumun nizamsız şüur axını, onun təhtəlşüurunun öz ifasında səsləndirilməsidir. Bir filoloq obrazlı şəkildə belə demişdi: elə bil qadının başının qapağını götürüb, beynindən keçənləri olduğu kimi yazıya almısan. O metoda bundan sərrast tərif vermək çətindir.

“Uliss” romanı düşüncə seli texnikasıyla yazıldığından onun məzmununu danışmaq az qala mümkünsüzdür. Bu dediklərimiz də əsərin şirəsini çəkməyə uğursuz bir cəhd sayıla bilər. Coysun artıq çoxdan kulta çevrilmiş romanında süjet xətti, məzmun sərsəri yel kimi, axar su kimi ələgələn deyil, onu yalnız yenicə suvarılmış üslub tarlalarının şırımları arasına hopan suyun nəm izləritək eləcə seyrə dalmaq olar, daha ovuclayıb içmək yox. Elə təkcə romanın rusca variantının timsalında bu kitabı başqa dillərə çevirən tərcüməçilərin nə zülümlər çəkdiyini təsəvvür eləmək çətin deyil. Onu tərcümə olunduğu dildə yenidən düşünüb tapmaq, yenidən yazmaq lazımdır. Coysun bəxti onda gətirib ki, yazı dili ingiliscə olub, ömrünün romanını ingilis dilində yazıb, ardınca da onun əsəriylə çiyin-çiyinə yol başlayan iyirminci yüzillikdə ingilis dili bütün dünyada dominantlıq qazanıb, hegemon dilə çevrilib. Yoxsa “Uliss” kimi roman, uzağa getməyək, elə doğma irland dilində, ya qonşu şotland dilində, yaxud deyək ki, fin dilində, lap elə bütöv bir qitəyə kölgə salmış qosqocaman ispan dilində yazılsaydı, bunca diqqət, bunca şöhrət qazana bilərdimi?..

***

Onda belə bir sadəlövh, avam sual da meydana çıxır: istər poetik janrda yazılsın, istərsə də prozaik – bədii əsər onu ərsəyə gətirmiş ədəbi metoddan, öz proyektindən, yəni dilindən, üslubundan bu qədər asılı olmalıdırmı? Formaya, üsluba aludəlik ideyanı, mahiyyəti arxa plana atmırmı?

Yazının əvvəlində də ərz elədim ki, Coysun romanında forma məzmunu basıb, üslub, stilizasiya mahiyyətə çevrilib; yəni əslində, bu əsərdə yeni bir ideya, dərin məna da yoxdur (bir zaman Umberto Eko bunu sadə bir cümləylə dəqiq ifadə eləmişdi: “Coys deyir ki, dünya bombozdur”), başqa sözlə, burada fəlsəfə filologiyaya – qurban verilib deməzdim – güzəştə gedib. Kitabdakı orijinal məzmun qıtlığı, mahiyyət kasadlığı yüksək ədəbi sənətkarlıq hesabına misilsiz bədii fəndlərlə, krossvord effektli linqvistik oyunlarla, mədəniyyət tarixindən sitatlarla, müxtəsər desək, köhnəlik yeniliklə ört-basdır olunub. Xristian tanrısına inamını itirib dindən üz döndərəndə Coys qəlbindəki o yeri boş saxlamamışdı, o boşluğu mədəniyyətlə, sənətlə, ədəbiyyatla doldurmuşdu. İncəsənət onun dini-imanı, söz – tanrısıydı.

Ceyms Coysun üstündə durduğu fəlsəfi-ideoloji platformaya gəlincə o, əcdadları antik dövrə gedib çıxan azman, höcət, tərs bir skeptik idi – həyatın hansısa bir mənası, mahiyyəti olduğuna, mənəvi dəyərlərin varlığına amansız istehzayla, barışmaz şübhəylə baxan skeptik. Onun düşüncəsindən yola çıxsaq, həyata məna verən tanrı – sənətkar özüdür, yalnız onun sayəsində bu puç, əfsanə dünya hansısa mahiyyət, dəyər qazanır, daha doğrusu, gerçək mahiyyətinə qovuşub əsl üzünü göstərir, olmayan dəyərini alır. Skeptisizm bir düşüncə cərəyanı kimi heç bir mütləq, universal həqiqətin olmadığı iddiasını irəli sürən sofistikanın, ortaq əxlaq normalarını rədd eləyən sinizmin, ehkama çevrilmiş həyat şərtlərini, oturuşmuş qaydaları inkara qalxan nihilizmin, din, dövlət, ailə, cəmiyyət adlı tiranların, monstrların əsarətindən qurtulmağa çalışan anarxizmin doğmaca qardaşıdır. Coysun romanında da boğuq sinizm havası, qatı nihilizm ovqatı hökm sürür. Əsərdə iyrənc fizioloji təfərrüatlara varılması, eybəcər məişət reallıqlarının qabardılması dünyanın gerçək üzünü göstərməyə, həyatı iş başında tutub ifşa eləməyə, insan haqqında humanist, maarifçi mifləri qırıb-dağıtmağa yönəlib.

Bu kimi “cinayətlərinə” görə onun ömrünün kitabı bir çox ölkədə (özü də demokratik dövlətlərdə!), o cümlədən öz vətənində uzun illər bağlı qalmışdı. Handan-hana rəsmi yasaqlar götürülsə də, qeyri-rəsmi qadağalar bəlkə günü bu gün də aradan qaldırılmayıb. Bəziləri insanı heyvan, həşərat yerinə qoyan təkəbbürlü yazıçını, abırsız siniki hələ də bağışlaya bilmirlər, hərçənd onun ustalığı, sənətkarlığı ədəbiyyatdan başı çıxan kimdəsə çətin şübhə doğursun. Özcə bibisi qadağan olunduğu illərdə əl altından yayılan, hər saat tapılmayan defisit romanın bir nüsxəsini qəzəbindən od alan sobaya atmışdı. Şən, kefcil atası isə sevimli oğlunun kitabıyla tanış olanda heyrətə gəlib demişdi: “Mən onun belə yaramaz olduğunu bilmirdim!”

***

Uşaqlığında, yeniyetməliyində çox da ağır məhrumiyyətlər yaşamamış, ata şilləsi, ana ögeyliyi dadmamış, yaxşıca təhsil almış, bir qələm ustası kimi gəncliyinin erkən çağında parlayıb nüfuzlu ədəbi dərgilərə yol tapmış, Paris sənət mühitinə ayaq açmış, dövrünün bir çox ədəbiyyat generalından təqdir, tərif dolu sözlər eşitmiş Ceyms Coysun həyata, insanlara bunca inamsız, hətta ikrahla yanaşması hansı travmaların təhriki, hansı mənəvi zədələrin nəticəsiydi – bunları onun bioqrafiyasını araşdıran tədqiqatçılar bilməmiş olmazlar. Çox güman, o nifrət, şübhə, inamsızlıq dinə, ehkama qarşı barışmaz müxalifətin öldürücü müqavimət (əslində hücum) silahlarıydı, minillik cəhalətdən qurtulmağın, keçmişin əsarətindən sıyrılmağın radikal mübarizə üsullarıydı.

Hər nəydisə, “Uliss” boyunca Ceyms Coys həyatı astar üzünə çevirib bütün kirini-pasağını, yırtığını-yamağını göstərməkdən qəddar, zalım bir zövq alır. Romanın altıncı fəslində uşaqlıq yoldaşının dəfninə – mifik ölülər səltənəti Aid sakinlərinin ziyarətinə gedən Leopold Blum körpəykən dünyadan köçmüş oğlunu anır, arvadıyla birlikdə uşağın təməlini qoyduğu, Rudinin gələcək taleyinə çoxdan verilmiş fərmanı imzaladığı günü xatırlayır. Bu bir abzas Blumun da, Coysun da həyata münasibətinin devizi sayıla bilər: “Özündən sonra nəsə qoyub getmək. Əgər körpə Rudi salamat qalsaydı. Onun necə böyüdüyünü görmək. Evdə uşaq səsi eşitmək. İton zadəgan liseyinin məktəbli formasında Mollinin yanına düşüb getməsinə baxmaq. Mənim oğlum. Mən onun gözlərində. Qəribə yaşantı olardı. Məndən olan. Kor təsadüf. O səhər Molli pəncərədən Raymond-terrasa baxırdı, divarın dibində bir qancıq kürsəyə gəlirdi. Bəd əməl törətməyin. Çavuş da irişirdi. Ətəyi yırtıq solğun sarı xalatı yenə onun əynindəydi, hələ də o yırtığı gözəməklə işi yoxuydu. Dəmir kürədən çıxdı, gəl biz də. Ah, yaman istəyirəm, ölürəm…”

Körpənin dünyaya gəlişinin bütün mərhələlərini müqəddəs ilahi proses kimi təsvir eləyən Tolstoydan fərqli olaraq Coys bu prosesi instinktiv aldanış, həyata davamsız illüziya, varlığa parodiya kimi, üstəlik də şəhvani sayıqlama, eybəcər heyvani akt, çirkin fizioloji ifrazat kimi qələmə verir.

Bundan sonra abzasın sonuncu cümləsi gəlir. Elə bir cümlə ki, nə qədər sadə, primitiv görünsə də, “Uliss”in qırxıncı otağının açarı, Coysun da ana şüarı hesab olunmağa layiqdir: “…Həyat belə başlanır”.

“Yeni Azərbaycan” qəzeti

Müəllifin başqa yazıları:

Çörəyi ver çörəkçiyə…

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?

Hansı qadın?

Vacib olan duyğuları tərbiyələndirməkdir

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

Günəşin yandırdığı şam

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Anar

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu

Onore de Balzakın etiqadı

Təsadüflər cənnətindən zərurət türməsinə

Xoşbəxtliyin ölümcül dozası

Paralel xətlərin kəsişməsində

İblisə səcdə qılan şair

Din kimi poeziya, peyğəmbər kimi şair

Kapridə ədəbsiz ölüm

Həyat dozanı aşanda

Zəlzələ hikməti

Düşmənə ezam olunan qeyrət

Qatil kimdir?

Qum dəryasında əsirlik

Dilinin altında gizlənmiş yazıçı

Stalin üçün yazılmış əsər?

Ölməz Tanrının oğlu

Köpək balıqları üçün ziyafət

Sağ qalmaq üçün ölmək

Qaranlıq fələyin hökmü altında

Ağıldan müdrik gözəllik

Bir sülalənin intiharı

İman cəngavəri, əxlaq zadəganı

Traktat dilində poeziya

Kollektiv təhtəlşüurun elçisi

Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!

Bədənin cəhənnəmindən ruhun cənnətinə

Qırmızı qanın qara fəsadları

Adsız məzara işləyən tarix

Sözü özünə bənzəyən şair

Məbəddən emalatxanaya

Uçmaq istəyən balıq

Yazıçının tutmayan fəlsəfi calağı

Panteizm tanrısının xəstəlikləri

Kir götürməyən ruhun gücü

Puç ömrün aqibəti

Gözləməklə keçən ömür

Təkliyinə çarmıxlanmış nəsil

Kuklaxana

Kişi əmrinə möhtac kişi düşməni

Qadının kəşfi

Qürubqabağı sevgi

Gilənar qırğını

Tanrı sorağına çıxan bəndələr

Cəhənnəm – başqalarıdır

Stalinin bəyəndiyi antisovet əsər

Atalıq taxtından yıxılan kral

Öz budağından yıxılan ağac

Ata qətlinin sirri

İnsaf adam

Tanrının qoşduğu Yusif dastanı

Hindistan dərvişi

Vasitə məqsədi doğrultmayanda

Kainatın mühərriki ehtiraslar

Keçmişdə qalmış gələcək

Taleyə qarşı peyvənd

Yoxluğun verdiyi azadlıq

Varlığın yaxasını açmaq

Ruhu üzünə çıxan dünya

Böyüklər üçün uşaq kitabı

Şərab şüşəsində saxlanan zaman

Mücərrəd sevginin konkret ünvanı

Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir

Sükuta sığınmaq, zənciri qırmaq

Yaratdığı dünyaya köçən yazıçı

Uzun sürən xəstəlik

Monastıra aparan orta yol

Kilsədə metafizik macəra

Düşmənlərin əbədi izdivacı 

Bir nəslin xəstəlik tarixçəsi

Saxta səadətin cəriməsi

Zərər-ziyansız yaşamağın düsturu

Viran vücuddan qaçış

Keçmişi indiyə çağırmaq

Boşanmanın çox olduğu bölgələr

  • 05 İyun 2025
  • comments

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

  • 05 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Poeziya
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda