• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Keçmişi indiyə çağırmaq

  • 11 May 2025
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Marsel Prustun “İtkin zamanın sorağında” epopeyası haqqında

Fəxri Uğurlu

Gəncliyimin ucsuz-bucaqsız kainatda özümə bir istinad nöqtəsi tapmaq üçün həqiqət sorağına çıxdığım illərində yollar, cığırlar, izlər məni tez-tez hansısa filosofun qapısına aparırdı. Onların arasında antik filosoflar da vardı, qədim Şərq müdrikləri də, orta çağ mütəfəkkirləri, klassik alman fəlsəfəsi nümayəndələri də, yeni dövrün fikir cərəyanlarını yaratmış düşüncə azmanları da. Onda elə bilirdim həqiqət haradasa bəzəkli-düzəkli gəlin kimi hazırca oturub məni gözləyir, sadəcə, onun yerini-yurdunu tapmaq lazımdır; ola bilməz ki, bunca dahilər yetirmiş dünyada haqqın ünvanı, mütləq həqiqətin düsturu hələ də gizli qalsın.

Ruhuma çox yaxın dini-fəlsəfi təlimlə tanış olanda bir müddət özümü sonsuz kosmik okeanın sirrini qarmağa keçirmiş balıqçı kimi xoşbəxt sanırdım, günlərlə, həftələrlə yeni kəşfimin zövqünü sinirlərimdə, yeni həqiqətimin dadını damağımda gəzdirirdim, düşünürdüm, aha, bax bu nədirsə, əsl mən axtardığımdır, xalis mənə lazım olandır. Çox keçməmiş pəjmürdəlik dönəmi başlayırdı, bağçasında dolaşdığım təlimin dadı canıma yatan, qoxusu doğma gələn meyvələrindən, çiçəklərindən sonra dadından-qoxusundan zövq almadığım, könlümü dalayan bar-bəhərinə də toxunanda öz-özümə deyirdim: yox, bu da mən deyən deyil, bu da o deyil. Ardınca haqqın tikanlı gülüstanına yeni ayaqyalın yürüşlər başlanırdı, həqiqət çiçəyini qoxulamaq üçün mütləq o tikanlığı ayaqlayıb keçməliydin.

Sonralar anladım ki, mən axtardığım hazır resept dünyanın heç harasında yoxdur, heç bir vaxt da olmayıb, nə qədər soraqlasam da, o düstur heç kimin sandığından çıxmayacaq. Onu yarada bilsən, özün yaratmalısan…

***

Həmin illərdə özümə çox doğma sandığım fikir adamlarından biri də yəhudi əsilli fransız filosofu Anri Berqson (1859-1941) idi. Maarifçi babaların hələ ondan yüz il qabaq taxta çıxardıqları rasional düşüncənin, pozitivizmin hökmranlıq elədiyi epoxada Berqsonun intuitivizmə önəm verməsi, ruhani fəhmi əqli-gerçəkçi təfəkkürdən, intellektdən uca tutması dediyim doğmalığa rəvac verən başlıca səbəb olmuşdu.

Əslində, Berqsonun nəzəriyyəsi o qədər də yeni deyildi, Platondan, Plotindən, Avqustindən, Dekartdan, Spinozadan, Kantdan, Şellinqdən üzübəri gələn böyük fəlsəfi məktəbin, oturuşmuş mistik-idealist düşüncə sisteminin yeni dil-üslubla, yeni metodlarla, həm də ən “uyğunsuz” vaxtda ehya olunmasıydı. Klassik müsəlman Şərqinin sufiləri, mistikləri özlərindən əvvəlki oxşar təcrübələri Quranın başlıca müddəalarının bazası üzərində sintez eləməklə, onları islam fəlsəfəsinin ətrafına yığıb toplayıb calaşdırmaqla bu düşüncəni misli görünməmiş zirvələrə qaldırmışdılar.

Şopenhauerin, Nitsşenin təkan verdiyi (onlardan fərqli olaraq Berqson vahid ilahi başlanğıca inanırdı), sonradan “həyat fəlsəfəsi” adlandırılan irrasional fəlsəfi dünyagörüş Berqsonun yaradıcılığında pik nöqtəsinə çatdı, özündən sonra gələn, hətta özüylə təxminən eyni vaxtda yaranmış fenomenologiya, ekzistensializm kimi nəhəng düşüncə məktəblərinə böyük təsir göstərdi. Üstəlik, onun təsiri fəlsəfəylə çəpərlənmir, Berqsonun yaradıcılığı iyirminci əsrin ədəbiyyatına, incəsənətinə, elminə, hətta siyasi dünyagörüşünə bu günəcən silinməmiş izlər salıb. “Yaradıcı təkamül” adlı traktatına görə o, 1927-ci ildə Nobel mükafatına layiq görülmüşdü – bu, Nobelin verilmə tarixində yeganə belə haldır, Rassel, Kamü, Sartr kimi filosoflar ən yüksək mükafatı sırf fəlsəfi yox, məhz ədəbi-bədii, yaxud bədii-publisistik əsərlərinə görə almışdılar.

***

Öz traktatlarını ədəbi üsluba yaxın bir tərzdə, obrazlı dillə yazdığına baxmayaraq Anri Berqsonun fəlsəfəsini şərh eləmək asan deyil. Onun sisteminin mərkəzində “həyat coşqusu” (“həyat eşqi”, “həyat püskürtüsü”, “yaşamaq impulsu”, “olum arzusu” kimi də tərcümə oluna bilər) adlandırdığı kosmik proses yer alıb. Bu, təxminən Tanrıdan vəhy olunan ilahi ilhama bənzər aramsız yaradıcılıq aktıdır, onun əvvəli-sonu yoxdur, onu ağılla qavramaq mümkün deyil, yalnız intuisiya vasitəsilə o nəhəng kosmik prosesə qoşulmaq, metafizik axınla təmasa girmək olar.

Berqson intellekti həyatın ayrı-ayrı epizodlarını qeydə alan fotoqrafiyaya bənzədir, həyatı bütöv şəkildə qavramaq üçünsə intuisiya ilə silahlanmaq lazımdır, bu da qırıq-qırıq kadrları bütöv bir fasiləsiz proses kimi gözümüz önündə canlandıran kino lentinə bənzəyir. İntellekt gözlə görünən məkan reallıqlarını, cismlər, hadisələr arasında praktiki əhəmiyyətli zəruri əlaqələri qeydə alır, ancaq onların mahiyyətinə dala bilmir. Həyatın mahiyyətinə yalnız intuisiya vasitəsilə nüfuz eləmək olar, insan özünü də yalnız intuitiv olaraq tanıya bilər. Varlığın nüvəsinə belə bir müdaxilə isə ancaq simpatiya, sevgi sayəsində baş tutur. Bunlar elə sufilərin eşq, fəhm, vəcd kimi təməl anlayışlarının firəng dilində versiyalarıdır.

İntellekt məkana, intuisiya zamana bağlıdır. Berqsonun zaman haqqında təsəvvürü də maraqlıdır. Bizim illərə, aylara, saatlara, dəqiqələrə böldüyümüz vaxt ondan ötrü maddi-fiziki aləmə uyğunlaşdırılmış elmi-statistik zamandır – bu, “kəmiyyət zamanı”dır. Gerçək zaman bir bütöv, bölünməz, parçalanmaz əbədi prosesdir, Berqson bu metafizik prosesi “müddət” (aramsız sürəc, davamlı proses, bitməyən dövran anlamında) adlandırır – bu isə “keyfiyyət zamanı”dır. Sadələşdirib desək, zaman ruha, məkan materiyaya xas anlayışdır. Zaman ələgəlməzdir, onun nə keçmişi var, nə gələcəyi, keçmiş də, gələcək də daim indiki halda cərəyan eləyən “müddət”in içindədir. Kainatı vücuda gətirmiş kosmik həyat coşqusu fasiləsiz təkamül prosesidir – Berqson Darvinin təkamül nəzəriyyəsini mexaniki xarakter daşıdığına görə tənqid eləyirdi, onun fikrincə, təkamül mexaniki yox, yaradıcı prosesdir, həm də bu proses səbəb-nəticə (determinizm) qanunlarına qətiyyən tabe deyil, azad yaradıcılıq aktıdır.

“Müddət” bütün keçmişi yumağına sarıyıb indiki zaman boyunca gələcəyə doğru öz ətrafında fırlanır. Bölünməz zaman (“müddət”) müdam indiki zamanda axır, keçmiş də, gələcək də onun içindən indiki zamanda çıxıb vücuda gəlir. Ali Şüurdan, Mütləq Varlıqdan törəmiş bu nəhəng axın elə əbədiyyətin özüdür. Bu prosesin başında duran Allah, Paskalın dediyi kimi, fəlsəfi tanrı, filosofların allahıdır. Tanrıdan qaynaqlanıb hüdudsuz “müddət” ərzində, sonsuz zaman uzunu axan “həyat coşqusu” adlı işıqlı, hərarətli yaradılış dalğası tutqun, durğun, bərk materiyanın, soyuq, qaranlıq şər yuvasının müqavimətini qıra-qıra daim yeni formalar yaradır, təkamül prosesi boyunca özünü ideal şəkildə ifadə eləməyə can atır.

“Müddət” həm də psixoloji, subyektiv zaman sayılır, onu elmi-statistik zamanla ölçmək olmaz, yəni “müddət” həmişə eyni sürətlə axmır – uşaqlıqda ləng gedir, qocalıqda yeyin axır, xoş günlərdə şütüyür, pis günlərdə ağır axır. Bütün bunlar “müddət”in fərdin subyektiv həyatının aparıcı ünsürünə, daxili yaşamın melodiyasına çevrilməsi nəticəsində baş verir. Modernist nəsrin baş istilahı sayılan “şüur axını” (“şüur seli”, “düşüncə seli” də demək olar) anlayışını da Anri Berqson yaradıb. “Şüur axını” dalğaları məhz “müddət”lə kontakta girmək, “həyat seli”nə baş vurmaq sayəsində hərəkətə gəlir. Bu baxımdan yüz neçə il bundan qabaq ədəbiyyatda, incəsənətdə modernləşmə prosesinin başlanmasında Berqsonun birbaşa əli, əvəzsiz xidməti var.

***

Nəsrdə modernizmdən söhbət gedəndə ilk yada düşən imzalar Marsel Prust, Ceyms Coys, bir də Frans Kafka olur. Onların ardınca prosesə eyni ədəbi nəslə mənsub, sonralar hər biri dünya şöhrəti qazanacaq Virciniya Vulf, Tomas Mann, Herman Hesse, Robert Muzil, Herman Brox kimi yazıçılar da qoşulub. Ortada olan ədəbi məhsulları bir yana qoyub, əvvəlkindən köklü şəkildə fərqlənən yeni roman, yeni üslub yaratmağa göstərilən cəhdi əsas götürsək, onda yəqin Prustdan danışmağa birinci başlamalıyıq. Onun baş vurduğu söz dəryasından sağ-salamat üzüb çıxmaq həqiqətən ağlasığmaz ədəbi igidlik, onun çiyninə götürdüyü iş misilsiz ədəbi cəsarət örnəyidir. Bunu da nəzərə alsaq ki, Prust ta uşaqlığından əlacsız astma xəstəliyindən əziyyət çəkib, o səbəbdən dünyanın çox zövqü-səfasından özünü məhrum eləyib, bəzən günlər, həftələrcə qapalı məkandan başını çıxara bilməyib, üstəlik, təqribən 4000 səhifəlik nəhəng əsərini yazmağa da təxminən 40 yaşında başlayıb, onun çəkdiyi titanik zəhmətin miqyasını, sanbalını təsəvvürə gətirmək çətin olmaz.

Qəribədir ki, mühiti onun nəsə yazmalı olduğunu (bəlkə də nəsə yazmağa borclu olduğunu) xeyli əvvəldən bilirdi, kübar cəmiyyət, ədəbi camiə ondan yeni sənət möcüzəsi gözləyirdi, dost-tanışı tez-tez ondan yazmağa nə vaxt başlayacağını soruşurdu. Elə bil nə yazılacağını, necə yazılacağını yüz min il qabaqdan bilən ilahi qüvvə onların hamısını bəri başdan müjdələmişdi, qalırdı diz qatlayıb o kitabları yazıb gün üzünə çıxarmaq. Hələ dişə vurulası bir əsər yazmasa da, Prust öz mühitində ciddi yazıçı, sənət bilicisi kimi tanınırdı. Bəlkə Marsel özü də yer planetindəki missiyasını yerinə yetirməmiş ona zaval dəyməyəcəyini bildiyindən görəcəyi işi sabaha saxlamaqla fiziki ömrünü uzadırdı…

Ola da bilsin, qırx yaşına qədər roman onun içində yetişib yazılmaq həddinə çatmamışdı, çünki belə bir əsəri yazmaq üçün yetkin ömür yaşamalı, dolğun təcrübə qazanmalısan. Ancaq indikindən fərqli olaraq qırx yaş o vaxtlar qocalığın astanası sayılırdı, bir çox böyük sənətkar ya o yaşa çatmamış, ya da elə o yaşlarda canını fələyə təhvil vermişdi. Bütün bunlar göstərir ki, Berqsonun dediyi kimi, hər kəs öz zamanıyla, öz zamanında yaşayır, “müddəti” qurtaranda insan da bitir.

***

“İtkin zamanın sorağında” epopeyasını Berqsonun zaman konsepsiyasına illüstrasiya da saya bilərik. Müəllif özü də uzaq qohumunun fəlsəfi ideyalarından təsirlənib ruhlandığını danmır, hələ bəlkə binasını həmin bünövrə üstündə ucaltmaqdan qürurlanırdı (hərçənd qohumu onun yaratdığı ədəbi möcüzə haqqında elə bir gurultulu söz, tərif-filan söyləməmişdi). Düzdür, onu da deyirdi ki, əsərinin fəlsəfi platforması yalnız Berqsonun nəzəriyyəsiylə məhdudlaşmır – daha doğrusu budur ki, onun romanı həcmcə çox geniş olsa da, fəlsəfi-psixoloji konsepsiyası böyük filosofun təlimi qədər əhatəli, qollu-budaqlı deyil, Prustun yaradıcılığı Berqsonun yalnız zamanla bağlı müddəalarını, onu da qismən ifadə eləyir. Diqqət yetirsək, bunun gerçək olduğunu xüsusi idrak cihazlarıyla silahlanmamış gözlə də görə bilərik.

Prust Berqsonun zaman konsepsiyasından praktiki şəkildə yararlansa da, onun bütün ideyalarını bölüşmür. Prustun əsəri dərin psixoloji araşdırmalarla, zehni eksperimentlərlə zəngindir, ancaq Berqsondan fərqli olaraq o, qarşısına metafizik qatlara baş vurmaq məqsədi qoymayıb, insanın əbədi həyatla əlaqələrinə dair nəsə kəşf eləmək öhdəliyi götürməyib, onun belə bir həyatın varlığına inandığı da hiss olunmur, əbədiyyətə inam onun naturasına xas cəhət deyil. Özü də boynuna alırdı ki, təxəyyülünün qanadları uçmaq üçün yaramır. Onun fikrincə, təbiətə, həyata nəsə əlavə eləməyə, olmayan şeylər uydurmağa, romantik illüziyalara qapılmağa heç bir ehtiyac yoxdur, təbiət, həyat elə göründüyü şəkildə də maraqlıdır. Tale hər bir insana yetərincə dolğun, mənalı, sirli ömür bəxş eləyib, sənətkarın vəzifəsi təbiətlə insan arasında tərcüman olmaq, həyatın dərinliyində yatan lal həqiqətləri üzə çıxarıb onların dediklərini adam dilinə çevirməkdir. Prust diriliyi metafizik aləmdə axtarmır, yaşadığı anlara yalnız sənətin, yazının gücünə dirilik qazandırmağa çalışır. İncəsənət anı da, insanı da axan zamanın içindən qarmağa keçirib saxlamağın, ölümsüzləşdirməyin yeganə mümkün vasitəsidir. Prustun Berqson sayağı filosof, peyğəmbər olmağa həvəsi (yalnız həvəsimi?) yoxdur, onun məsləki, təyinatı psixoloq olmaq, məqamı şair məqamıdır.

***

Yazıya gənclik təəssüratımdan başladımsa, birini də deyim: aşağı-yuxarı iyirmi yaşlarımda məni nəsr yaradıcılığıyla bağlı ən çox düşündürən, xəyalıyla yatıb-durduğum məsələlərdən biri lirik janrla epik janrın ideal sintezinə nail olmaq, poetik nəsr etalonu yaratmaq idi (əslində, bu ənənənin bünövrəsi dastanlarda çoxdan qoyulub). Ruhsuz, cılız, quru nasiranə sintaktik vahidlər zövqümü oxşamırdı, sulu, şirəli, sanballı, dağ seli kimi guruldayan mürəkkəb cümlələr gözümə-qulağıma xoş gəlirdi. Onda hələ Prustun, Coysun üslubuna, cümləsinə yalnız qiyabi bələdçiliyim vardı, Tomas Mannı, Folkneri dərindən tanımırdım. Ona görə də yenicə “kəşf elədiyim” velosipedimlə onların keçdiyi yolda şütüməyə can atırdım, nəsrin artıq çoxdan üstündən adladığı mərhələni genetik ədəbi yaddaşımla yenidən bir yenilik kimi yaratmağı qafilcəsinə, sadəlövhcəsinə arzulayırdım. Az sonra Prustu tanıyanda sevindim ki, nə yaxşı vaxtında o işləri görüb, bizi əzab-əziyyətdən, gecikmiş novatorluq çabalarından qurtarıb. Həqiqətən o işin altına girmək böyük əzab-işgəncədir. Prustun “mənim əvəzimə” həyata keçirdiyi sintez ideal olmasa da, hər halda mükəmməldir.

Modernistlərin ilk nəsli dünya ədəbiyyatına yeni böyük təkan verdi, nəsrin poetikləşməsi, artıq elementlərdən arınıb budanması, hekayə, roman üslubunun təkmilləşdirilməsi, nəsrin damarlarına təkcə poeziya yox, traktat hormonlarının da yeridilməsi yolunda ciddi addımlar atıb cəsarətli işlər gördü. Sonra gələnlər bu ənənələri daha da irəlilətdilər, forma-üslub axtarışlarını bir az da inkişaf elətdilər, modernist qəlibləri yeni məzmunla doldurdular. Proses, çox güman, hələ də başa çatmayıb…

Tomas Mann Prustun silsiləsini “subyektiv epopeya” adlandırmışdı. Gerçəkdən çox dəqiq təsbitdir. Yeddi cildlik romanda baş verən hadisələr bir yığcam povestə sığacaq qədər azdır. Burada hər şey təhkiyəçi baş qəhrəmanın dilindən danışılır, həyata, insanlara, konkret personajlara, saysız-hesabsız detallara onun gözündən, pəncərəsindən baxılır. O qəhrəmanın soyadını bilməsək də, adı Marseldir. Əlbəttə, müəllifin ona öz adını verməsi təsadüf sayıla bilməz. Əsər avtobioqrafik elementlərlə ağzınacan doludur, bununla belə, qəhrəmanı müəlliflə eyniləşdirmək olmaz, yəni “İtkin zamanın sorağında” avtobioqrafik romanlar silsiləsi deyil. Müəllifin müşahidə kamerası qəhrəmanın beyninə yerləşdirilsə də, hamıya, hər şeyə onun gözüylə baxılsa da, müəllifi əvəz eləmək ona etibar olunsa da, yazıçı öz qəhrəmanına heç də bütün həyatını, ömrünün bütün sirlərini, nə də bütün səlahiyyətini təhvil verməyib. Avtobioqrafik romanda müəlliflə baş personaj arasından sərhəd götürülür, Prustun romanı isə avtobioqrafik detallarla zəngin olsa da, məhz bədii əsərdir, müəllif hətta həyatıyla bağlı bəzi faktları, situasiyaları, eləcə də onlara bağlı yaşantıları burada fərqli şəkildə, sublimativ qaydada, bir az da açıq desəm, obrazların cinsini dəyişməklə təqdim eləyib. Hər halda onun bioqrafları belə deyirlər. Bir çox halda yer, adam adları da şərtidir.

***

“İtkin zamanın sorağında” romanını əvvəldən axıracan oxuyub başa vurmaq oxucudan həm böyük təmkin, hünər, həm də incə zövq istəyir. Əsər baş qəhrəmanın uşaqlıq xatirələriylə başlayıb, yeniyetməlik, gənclik sərgüzəştləriylə davam eləyib (əlbəttə, bu “sərgüzəşt” dediklərimiz əsasən onun içində, yaddaşında baş verən assosiativ epizodlardır), itkilərdən, xəstəlikdən üzülmüş, əzablardan yorulmuş yetkin, düşkün çağlarında sona çatır. Burada bir çay süfrəsinin, bir məclisin, ya balın mənzərəsi, bir otağın içindəki əşyaların düzülüşü, çayda isladılmış bir peçenyenin damaqdakı dadından diksinib oyanan duyğuların tarixçəsi on səhifələrlə, bəzən hətta yüz səhifədən artıq təsvir oluna bilər. Maraqlı burasıdır ki, roman oxunduqca həm də oxucunun gözü qarşısında, onun iştirakıyla yazılır, sanki bu oxunan da roman deyil, qəhrəmanın, ya müəllifin yazmaq istədiyi əsər haqqında danışdıqlarıdır. Baş qəhrəman Marsel bu romanı yazmağı qərara alanda müəllif Marsel həmin romanı bitirir, çevrə qapanır. Bu, avtobioqrafik əsərə xas texnikadır. Əslində, ondan sonra romanı yenidən, lap başdan bir də oxumalısan, müəllif Marselin romanını oxuyub bitirəndən sonra təhkiyəçi Marselin yazmağa başladığı romanı onunla sinxron şəkildə oxumağa başlamalısan, bu səfər müəllifin yox, təhkiyəçinin söylədiklərini dinləməlisən. Düzgün oxunuş məhz belə olmalıdır.

Yenə deyirəm, biz romanı oxuduqca həm personaj Marselin xatirələrinin detallarını, duyğularının yerli-yataqlı təsvirlərini, bu romanı yazana qədər yaşadığı ömrün təfərrüatını izləyirik, həm də müəllif Marselin yazı prosesinə şahidlik eləyirik. Romanın yazılması romanda baş verənlərin yaşanmasından sonrakı dövrə düşür, ancaq müəllif pesonajına romanda yazılanları yenidən yaşatmaqla keçmişi indiyə çağırır, eyni zamanda gələcəyi də həmin məqamda qarşılayır, bununla da keçmişlə gələcək indiki zamanda, yəni yaradıcılıq prosesində qovuşub birləşir. Romanın yazılmağa başlanmasından başa çatmasına (müəllifin ölümünə) qədərki onillik dövr əsərin qələmə alınmasından əvvəlki qırxillik dövranın təəssüratlarıyla doldurulur, o zamana təzə, yad gələcəyin müdaxiləsinə yol verilmir, kitabın qapıları müəllifin öz qapısı kimi yeni xatirələrin, yeni duyğuların, yaşantıların üzünə bağlanır, qarşıda açılan gələcək başdan-başa keçmişin xalçasıyla örtülüb görünməz olur.

Marsel Prust belə bir ədəbi texnikayla özünə əbədiyyət yaradır. O, qəhrəmanı Marselin subyektiv zamanını Anri Berqsonun “müddət”i kimi abstraksiya səviyyəsinə qaldırıb ona fövqəltəbii çalar yaxmır, metafizik rəng vermir, tam tərsinə, Berqsonun əbədi zamanını mücərrədlik taxtından endirib ona maddi aləmdə, fani dünyada dirilik vəsiqəsi verir. Prusta görə, kainatda daimi heç nə yoxdur, həyat da gördüyümüzdən artıq bir nəsnə deyil. Yalnız incəsənət nəyəsə, kiməsə yaşarılıq qazandıra bilər. Qalıcılıq sözə, sənətə xasdır, qalan hər şey ölücüdür. Berqsonun axtardığı diriliyi, əbədiyyəti də həyat selinə dalmaqla, uzandıqca uzanan zamanın ətəyindən sallaşmaqla yox, bir romanın səhifələrinə köçürməklə qazanmaq olar. Silsilənin sonuncu romanı belə də adlanır: “Qazanılmış zaman”, yaxud da: “Əldə olunmuş zaman”. Bəlkə belə daha dəqiqdir: “Geri alınmış zaman”.

***

Epopeya, deyildiyi kimi, yeddi cilddən ibarətdir:

  1. Svana doğru
  2. Çiçəkli qızların kölgəsində
  3. Germantların mülkündə
  4. Sodom və Qomorra
  5. Əsir qız
  6. Qaçaq qız
  7. Qaytarılmış zaman (bu da başqa bir versiya)

Prusta görə, insan ömrü məkanda yox, zamanda keçir. Yaddaş adlı mexanizmin köməyi sayəsində zamanı geri qaytarmaqla keçmişi ölümdən çağırmaq, insanı diriltmək olar. Nəinki adamları, onları əhatə eləyən mühiti, məkanı, əşyaları, detalları, bir sözlə, fonu da canlandırıb ölümün əlindən almaq mümkündür. Sənət dirilik iksiridir, o, bir cadugər kimi yoxluğa, faniliyə meydan oxuyur.

Məhz buna görə Marsel nəhəng roman boyu təkcə insanlara yox, gördüyü bütün mənzərələrə, qoxulara, dadlara, səslərə can verməyə çalışır, ən xırda detalları, elementləri belə gözdən qaçırmır, zamanın surətini xırda cizgilərinə qədər diri saxlamağa cəhd göstərir. Bu məqsəddən, məzmundan doğan xırdaçılıq, uzunçuluq əsərin üslubunda da əksini tapır: iç-içə yığılan qutular kimi bir-birinin bətnindən çıxan qarınqulu, gonbul, hamilə cümlələr, döngələri qəfil burulub dalanlarda bərkə dirənən, məcburən qayıdıb ana yola çıxan avara-sərgərdan, azğın, yola nabələd cümlələr, bəzən iti axan dağ çayı kimi çevik, qıvraq, yüngülqədəm, hazıryaraq, bəzən düzən çayı kimi ağırtaxta, ağırsəngin, şaqqalı, ləngərli cümlələr müəllifin zərrəbinlə apardığı psixoloji analizin ən incə detallarını belə gözdən qaçırmamaq üçün ona əsgər sədaqətiylə xidmət göstərir. Hələ-hələ hər böyük şairin də sərəncamında olmayan qədər saysız-hesabsız obrazlar, bənzətmələr, simvollar, metaforalar Marselin hüzurunda əmrə müntəzir durur.

Əslində, bu əsər sözün ənənəvi mənasında roman da deyil, nəhəng bir poemadır – bir yalqızlıq kamerasının dar pəncərəsindən görünən dünya haqqında qoşulmuş subyektiv poema, tək əllə, tək barmaqla bəstələnmiş kədərli melodiya. Bizim həmin aləmi ayrı gözlə görmək şansımız yoxdur, biz o dünyanı yalnız Marselin gözüylə görə bilərik. Ona görə də Marselin qandığından artığını qana bilmərik, çünki bizə o dünyanı başqa bucaqdan izləmək, qapı dalından, hasar üstündən güdmək imkanı verilməyib. Heç kim heç kimin dünyasının sərhədini poza bilməz, heç kəs başqasının düşündüklərini, duyduqlarını eynilə olduğu kimi düşünüb duya bilməz. Hər kəs öz dünyasını özüylə aparır, odur ki, yaradıcı insan öz dünyasına hələ hamının olan bu dünyadaykən əbədilik qazandırmaq istəyir.

***

Əsər, demək olar, başdan-ayağa “düşüncə seli” metoduyla yazılıb. Müəllif bizə yüzlərlə (bəlkə də minlərlə) personajın, canlı-cansız varlıqların, cürbəcür mənzərələrin, ağacların, bitkilərin, məişət əşyalarının, təbiət hadisələrinin… özünü yox, onların lirik qəhrəmanda yaratdığı təəssüratı, oyatdığı duyğuları təqdim eləyir. Biz bunların hamısına Marselin beyninin qırışları, onun axan şüurunun dalğaları arasından baxırıq, fenomenlərin əslini yox, qəhrəmanın şüurundakı əksini görürük. Subyektivizmin ana prinsipi budur. Kant, ondan iki əsr sonra da ekzistensializm fəlsəfəsi deyirdi ki, insandan kənar varlıqlar “noumen”lər, yəni “özündə şey”lərdir, biz onların gerçək mahiyyətinə varıb əsl mənasını qana bilmərik, biz yalnız onların özümüzdə oyatdığı təəssüratı, duyğuları analizdən keçirə bilərik. “İtkin zamanın sorağında” romanının üslubu da belə bir subyektivist prinsip üzərində qurulub, ancaq heç də bütün məqamlarda yox. İstisnalar da var.

Məsələn, birinci cildin “Svanın sevgisi” adlı ikinci bölümündə müəllif təhkiyənin mərkəzinə Svanı çəkir. Yəhudi birja maklerinin oğlu, ağıllı, savadlı, dövlətli, səxavətli Şarl Svan şübhəli reputasiyası olan Odetta de Kresi adlı ayağısürüşkən, yüngülbeyin qadına aşiq olur. Qadın Svanın başına olmazın oyunlar açır, onu sağalmaz qısqanclıq dərdinə mübtəla eləyir. Müəllif onların münasibətini ən incə psixoloji detallarına, intim təfərrüatına qədər xırdalayır. Müəllifi başa düşdük, bəs təhkiyəçi baş qəhrəman bu detalları haradan bilir? Balaca Marsel ər-arvadın keçmiş münasibətini haradan izləyir, Svanla Odettanı gecə-gündüz necə güdürdü? Doğrudur, Svanların evinə gedib-gələn bir nəfər bu barədə yerli-yataqlı danışır, ancaq yenə də kimdənsə eşitməklə insanın daxili həyatını bunca dəqiq müşahidə eləmək mümkün deyil. Belə görünür ki, Prust həmin bölümdə üslubuna xilaf çıxıb, həm də bu, roman boyu rastlaşdığımız yeganə bənzər hal deyil.

Birinci cilddə Marsel kiçik Kombre şəhərciyində keçən uşaqlığını xatırlayır. Axşamlar yatmamışdan anasının onun yanına qalxıb üzündən öpməsi balaca Marsel üçün az qala dini ayinə bərabər bir ritualdır. Zəhmli atası uşağı nasaz görüb anasına onun yanında gecələməyi tapşıranda Marselin sevinci yerə-göyə sığmır, hətta atasının fikri dəyişməsin deyə sevincini sezdirməmək üçün cürbəcür psixoloji hoqqalardan çıxır. Müəllifin özü kimi romanın qəhrəmanı da anasına çox bağlıdır, hər ikisinin heç vaxt evlənməməyinin bir səbəbi də yəqin budur.

Kombredə gəzintiyə çıxmaq üçün iki yol var: biri Svanların mülkünə, o biri Germantların qəsrinə aparır. Bunlar reallığa uyğun gerçək həyat mənzərəsi olsa da, həm də rəmzi məna daşıyır – yəhudi Svanlar burjua, tacir, sələmçi ailəsindən çıxıblar, Avropada qədim kökləri olan Germantlar isə aristokrat, cəngavər, kral nəslindən törəyiblər, həyata baxışlarına görə bu nəsillər arasında ciddi fərqlər var. Svanın timsalında müəllif ehtirasın, qısqanclığın anatomiyasını, mexanizmini ağır səbrlə, böyük ustalıqla incələyir, bu səhnələrin psixoloji dəqiqliyi, dərinliyi adamda heyrət doğurur.

Svanın düşdüyü vəziyyət Marselin gələcək sevgi uğursuzluqlarının bir növ anonsu, prelüdiyasıdır. İkinci cilddə yeniyetmə qəhrəman Şarl Svanın qızı Jilbertaya aşiq olur. Sonra Marsel dəniz kənarındakı kurort şəhəri Balbekə gedir, orada bir dəstə qızla tanış olur, onların az qala hamısına vurulur. Ancaq qızların arasında Albertina adlı biri xüsusi seçilir. Balbekdə baş qəhrəman bir rəssamla ünsiyyət qurur, Germant nəslindən olan Rober de Sen-Lu adlı gənclə dostlaşır.

***

Üçüncü cilddə qəhrəmanın ailəsi kirayəçi qismində Germantların mülkünə köçür. Germant hersoquyla hersoginya da burada yaşayırlar. Marsel üçün bu ailə qədimdən qalma qənimət, qiymətli muzey eksponatı, min yaşı olan əfsanəvi məxluqlar qrupudur. Bu kitabda qəhrəman Germantların qızı hersoginya Orianaya bənd olur, onun dost-tanışlarının dairəsinə yol tapmağa çalışır. Marselin dostu Sen-Lu isə onun dərin təəccübünə rəğmən Rahil adlı özünü ucuz satan bir qadına vurulur. İyirmi frank dəyəri olan qədim peşə sahibinə qədim nəsildən olan aristokrat dostunun bunca dəyər verməsi Marselə qəribə gəlir. Bununla yanaşı o, baron de Şarlü adlı zadəganın özünə qarşı qəribə, anlaşılmaz marağını da hiss eləyir. Üçüncü kitabın sonunda qəhrəmanın sevimli nənəsi dünyadan köçür.

Dördüncü cilddə baronun marağının içi açılır. Qəhrəman təsadüfən onun bir kişi xeylağıyla intim münasibətinin şahidi olur, təhkiyəçinin qarşısında intim aləmin yeni sirləri çözülür. Balbekə ikinci gedişində Marsel Albertinayla daha sıx ünsiyyət qurur, bununla belə qızın başqa qadınlarla dostluq çəpərini aşan əlaqələrindən şübhələnməyə başlayır. Bu yandan da kübar cəmiyyətdə baron de Şarlü ilə bir skripkaçı arasında qeyri-ənənəvi münasibətə dair dastanlar dolaşmağa başlayır. Marsel zahirən alicənab təsir bağışlayan, dəbdəbəli, təmtəraqlı həyat sürən yüksək cəmiyyət nümayəndələrinin özlərini qələmə verdikləri kimi olmadıqlarını gördükcə illüziyaları dağılır, xəyallarının qanadları islanır.

Beşinci cilddə qısqanclıq tutmalarından əzab çəkən təhkiyəçi Albertinanı özünün Parisdəki mənzilinə qapadır, qızın hər bir hərəkətini, hər kəslə ünsiyyətini nəzarətdə saxlamağa çalışır. Bir sözlə, Marsel Albertinanı əsir götürür. Ancaq onun qızı, qızın da onu gerçəkdən sevdiyini söyləmək olmaz, çünki sevgi zora söykənməz, sevən sevdiyinin dərgahında könüllü köç salıb əylənər. Sevgi könüldən, ehtiras candan gəlir – Marseli Albertinaya bağlayan da elə həmin ehtiras zənciri, əlindəkini itirmək qorxusudur. Bu, gerçək xoşbəxtlik deyil, xoşbəxtliyin imitasiyası, xoşbəxtlik illüziyasıdır. Ona görə də Marsel qızı axıracan əlində-ovcunda saxlaya bilmir, bir yaz səhəri Albertina xəlvətcə onun evindən qaçıb naməlum istiqamətdə yoxa çıxır.

Altıncı cilddə qəhrəman qaçmış sevgilisini qaytarmağın yollarını arayır. Bir müddət sonra öyrənir ki, Albertina atdan yıxılıb ölüb. Qızın keçmişini araşdıranda Marsel onun qadınlarla əlaqəsinə dair şübhələrinin təsdiqini tapır. Albertinanın surəti getdikcə onun yaddaşından silinir. Qəhrəman anasıyla Venesiya səyahətinə çıxır, səfərdən qayıdanda dostu Sen-Lu ilə keçmiş sevgilisi Jilberta Svanın evləndiyini eşidir. Beləcə, Germantlarla Svanlar, aristokratlarla burjuylar arasında izdivac bağlanır. Aristokratlar bu izdivaca razılıq verirlərsə, demək, onların çöküşü başlanıb, ixtiyar tezliklə burjuyların əlinə keçəcək, zadəganlar estafeti tacirlərə ötürəcəklər (Rüstəm bəy də gözünün ağı-qarası tək qızını bu mülahizəylə Məşədi İbada vermək istəyirdi).

***

Sonuncu cilddə Marsel uzun müddətli müalicə kursu keçir, illərlə paytaxtdan aralı düşür. Bu müddətdə Avropanı böyük müharibənin odu-alovu bürüyür, oxucuya tanış bəzi personajların hərəsi bir siyasi-ideoloji kursun tərəfdarına çevrilir. Kimisi savaşda həlak olur, kimisi xəstələnib yatağa düşür, bir sözlə, tənəzzül erası başlanır, sanki qiyamət yaxınlaşır. Marsel həyatının gerçək təyinatını yalnız bu vaxt anlamağa başlayır, qəti qərara gəlir ki, ömrünün kitabını yazmalı, əldən çıxmış zamanı geri qaytarmalıdır. Kitabın mövzusu, materialı onun yaşanmış keçmişidir. Bundan sonra onun həyatında maraqlı, əhəmiyyətli heç nə baş verməyəcək, olan olub, keçən keçib, qarşıdansa sürətlə əcəl yaxınlaşır. İndi qapalı yaşayan yalqız bir insanı dünyaya ancaq xatirələr bağlaya bilər. Bunu başa düşəndə Marsel yaddaşını ələyib zamanın yumağını çözələməyə girişir. Beləcə, ətrafında dolandığımız roman qələmə alınır…

“İtkin zamanın sorağında” epopeyasının məzmununu bu şəkildə danışmaq onun haqqında heç nə deməməyə bərabərdir. Bu kitabı danışmaq mümkün deyil, onu ancaq oxumaqla anlamaq olar. Deyilənlərə bircə bunu artırmaq istərdim ki, Marsel Prust ustadı Anri Berqsonla birgə iyirminci yüzilliyi yaratmış qələm adamlarının ən birinci cərgəsində yer alıb. Onun konkret, subyektiv zamanı abstraksiyaya uğramaqla çoxdan obyektiv mahiyyət qazanıb.

***

Prust deyirdi ki, xoşbəxtlik ələ gəldiyi zaman artıq xoşbəxtlik olmur, gözdən-nəzərdən düşür, adamı özündən soyudur. Bu danılmaz həqiqət həyatla ölümün iç-içə, ayrılmaz olduğuna bəlkə yüz mininci dəfə yenidən şahidlik eləyir. İnsan xoşbəxtlik deyilən nəsnəyə əli çatmayanda da bədbəxt olur, əli çatanda da. Hədsiz aclıq da onu ölümə aparır, hədsiz toxluq da. Yiyələnmək istəyi özüylə itirmək qorxusu da gətirir. O qorxu o istəyi istək istəməyindən bezənəcən qarabaqara izləyir.

Həyat ehtirasları körükləyib alovlandırır, ölüm onları söndürüb külə çıxarır. İnsan bir xoşbəxtlik yelləncəyindən düşüb başqasına minəndə arzularını öldürə-öldürə getdiyinin, özünü öldürməyə tələsdiyinin, şüursuz bir istəklə sonuna can atdığının fərqinə varmır. Aşırı ehtiraslar insan oğlunu cıdır atı kimi qovub bağrını çatladır, finala hamıdan tez çatmağa can atan köhlən hansısa mərc düşkününə, qumar azarkeşinə zövq vermək üçün özünü hamıdan qabaq çərlətməyə çalışdığını qanmır. Fələk də belə bir qumarbazdır, özü də bu işin ən böyük ustası kimi milyard-milyard insanı dimdiyindən tələyə salıb bəşərin arzularını, əzablarını qumara qoyur. Prustun bitməz-tükənməz romanında da sona öz odunda yanan arzuların qəbiristanlığından, ehtiras çaylarının quru yataqlarından, qumar həvəskarlarının tütün kimi çəkilib atılmış ömürlərinin külündən başqa bir şey qalmır.

Həyat bizi cəmləyib bir yerə yığır, ölüm vurub birliyimizi dağıdır, başı bədəndən, gözü gödəndən, əli ayaqdan, dili sözdən ayrı salır. Demək, həyatın toplayıb bir torbaya yığdığı bu orqanlar birliyi – bu orqanizm, bu dirilik də illüziya, aldanış, yalanmış. Fələk bircə yol üfürməklə ən parlaq şamın da alovunu söndürə bilirsə, hansı dirilikdən söhbət gedə bilər? Dirilik varsa, onu başqa yerdə axtarmaq gərək. İyirminci yüzilliyin daha bir böyük filosofu Karl Yaspers yazırdı: “Bizim axtardığımız bu dünyada var, ancaq dünyadan deyil”.

Doqquz yaşından ta öldüyü günəcən astma xəstəliyindən əziyyət çəkən, yaşlandıqca azarı tərsikən Prustun da o parlaq şamlardan biri kimi bircə üfürümlük canı vardı, əlli bir yaşında onu məğlubiyyət bayrağı kimi fələyin köpək dişindən asıb kapitulyasiya aktını imzaladı. Varlıqdan istefa verib yoxluğuna çəkildi.

Ancaq o vaxta qədər yoxluğa meydan oxumaqla itmiş ömrünü ələ gətirə bildi, yoxdan var elədiyi zamanı əlli bir il yaşadığı bu dünyanın divarından öz xatirə barelyefi kimi asıb üstünə belə yazdı: “Mən bu evdə yaşamışam!”

“Yeni Azərbaycan” qəzeti

Müəllifin başqa yazıları:

Çörəyi ver çörəkçiyə…

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?

Hansı qadın?

Vacib olan duyğuları tərbiyələndirməkdir

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

Günəşin yandırdığı şam

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Anar

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu

Onore de Balzakın etiqadı

Təsadüflər cənnətindən zərurət türməsinə

Xoşbəxtliyin ölümcül dozası

Paralel xətlərin kəsişməsində

İblisə səcdə qılan şair

Din kimi poeziya, peyğəmbər kimi şair

Kapridə ədəbsiz ölüm

Həyat dozanı aşanda

Zəlzələ hikməti

Düşmənə ezam olunan qeyrət

Qatil kimdir?

Qum dəryasında əsirlik

Dilinin altında gizlənmiş yazıçı

Stalin üçün yazılmış əsər?

Ölməz Tanrının oğlu

Köpək balıqları üçün ziyafət

Sağ qalmaq üçün ölmək

Qaranlıq fələyin hökmü altında

Ağıldan müdrik gözəllik

Bir sülalənin intiharı

İman cəngavəri, əxlaq zadəganı

Traktat dilində poeziya

Kollektiv təhtəlşüurun elçisi

Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!

Bədənin cəhənnəmindən ruhun cənnətinə

Qırmızı qanın qara fəsadları

Adsız məzara işləyən tarix

Sözü özünə bənzəyən şair

Məbəddən emalatxanaya

Uçmaq istəyən balıq

Yazıçının tutmayan fəlsəfi calağı

Panteizm tanrısının xəstəlikləri

Kir götürməyən ruhun gücü

Puç ömrün aqibəti

Gözləməklə keçən ömür

Təkliyinə çarmıxlanmış nəsil

Kuklaxana

Kişi əmrinə möhtac kişi düşməni

Qadının kəşfi

Qürubqabağı sevgi

Gilənar qırğını

Tanrı sorağına çıxan bəndələr

Cəhənnəm – başqalarıdır

Stalinin bəyəndiyi antisovet əsər

Atalıq taxtından yıxılan kral

Öz budağından yıxılan ağac

Ata qətlinin sirri

İnsaf adam

Tanrının qoşduğu Yusif dastanı

Hindistan dərvişi

Vasitə məqsədi doğrultmayanda

Kainatın mühərriki ehtiraslar

Keçmişdə qalmış gələcək

Taleyə qarşı peyvənd

Yoxluğun verdiyi azadlıq

Varlığın yaxasını açmaq

Ruhu üzünə çıxan dünya

Böyüklər üçün uşaq kitabı

Şərab şüşəsində saxlanan zaman

Mücərrəd sevginin konkret ünvanı

Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir

Sükuta sığınmaq, zənciri qırmaq

Yaratdığı dünyaya köçən yazıçı

Uzun sürən xəstəlik

Monastıra aparan orta yol

Kilsədə metafizik macəra

Düşmənlərin əbədi izdivacı 

Bir nəslin xəstəlik tarixçəsi

Saxta səadətin cəriməsi

Zərər-ziyansız yaşamağın düsturu

Viran vücuddan qaçış

Finiş cütlükləri

  • 09 May 2025
  • comments

Bitir…

  • 13 May 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Argentinada rus casusları – Rəsmi açıqlama, Rusiyanın izahatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

İsrail-İran savaşında video dezinformasiyalar – “Euronews”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Nəsr
  • Poeziya
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın atəşkəs müjdəsi – İlkin reaksiyalar

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Argentinada rus casusları – Rəsmi açıqlama, Rusiyanın izahatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda