
Viran vücuddan qaçış
- 29 Aprel 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Akutaqava Rünoskenin həyatıyla sənətinin qovuşağında
Fəxri Uğurlu
Akutaqavanın meydana çıxmasıyla yapon ədəbiyyatı Qərb ədəbiyyatına möhkəm tellərlə calandı, yapon nəsri dünya ədəbi prosesinin tamhüquqlu üzvünə, danılmaz faktına çevrildi. Onun yaradıcılığı milli köklərdən şirə çəksə də, qol-budağını Avropaya, siyasi-ictimai fikir sarıdan bir o qədər olmasa da, sənət düşüncəsi baxımından Avropanın bir parçasına çevrilmiş Rusiyaya qədər uzatmışdı. Başqa sözlə, Akutaqava yapon zəminində boy atmış avropalıydı. Buna onun aldığı təhsil, başda ingilis dili olmaqla aparıcı Avropa dillərinə yiyələnməsi də münbit şərait yaratmışdı. Məhz bunların sayəsində Akutaqavanın adı modernizm əsrinin öncülləri sırasında çəkilir. Şekspir, Höte, Dikkens, Po, Qoqol, Dostoyevski, Tolstoy, Turgenev, İbsen, Strindberq, Bodler, Flober, Mopassan, Çexov, Frans, Şou, Hauptman, Nitsşe, Verlen… onun adını böyük ehtiramla zikr elədiyi ustadlarıdır.
Sənət tanrısı onun yeganə bütü, incəsənət onun dini-imanı, sarsılmaz əqidəsiydi. Rus-Avropa ədəbiyyatından əxz elədiyi bəzi mövzuları yapon həyatı kontekstinə oturtmaqla Akutaqava bir yandan milli ədəbiyyatın öz sərhədlərini aşıb dünya ədəbiyyatına inteqrasiya olunmasına, o biri yandan ümumbəşəri mövzuların milli zəmində kök atmasına töhfəsini verirdi. Cəmi otuz beş il yaşamasına baxmayaraq yapon nəsrinin ümumdünya ədəbi prosesinə qoşulmasında, Yasunari Kavabata, Kobo Abe, Kendzi Maruyama, Kendzaburo Oe kimi ədəbiyyat generallarının hesabına o prosesdə söz yiyələrindən birinə çevrilməsində Akutaqavanın payı da, rolu da misilsizdir. Bu baxımdan onu modern yapon ədəbiyyatının atası saymaq olar. 1935-ci ildə təsis olunmuş Akutaqava mükafatı bu gün də Yaponiyada ən yüksək ədəbi mükafat sayılır.
***
Akutaqava Rünoske (yaponlarda soyad addan əvvəl yazılır) təkcə yapon nəsrinin yox, cəmi dünya ədəbiyyatının ən böyük novella ustalarından biridir. Əsərlərinin təməlində duran nəzəri-fəlsəfi düşüncə baxımından əvvəl-əvvəl naturalizmə meyl göstərirdi, hesab eləyirdi ki, insanın taleyini üç başlıca faktor – irsiyyət, mühit, bir də təsadüflər müəyyənləşdirir. Ancaq naturalizmin təsvirçiliyi, gerçəkliyin üzünü köçürmə prinsipi onu qane eləmirdi. Akutaqavanın bədii-estetik metodu təsvirə yox, təhlilə əsaslanırdı, o düşünürdü ki, əsl sənətkar reallığı doğru-düzgün əks elətdirməklə işini bitmiş saymamalı, obrazların psixoloji dərinliyinə enməli, personajları müxtəlif situasiyalara salmaqla onlar üzərində tədqiqat, eksperiment aparmalı, insan təbiətinin gizli qatlarına baş vurmalıdır. İnsan-cəmiyyət qarşıdurması, sosial kataklizmlər, solçu fəhlə hərəkatları, sağçı faşist ayaqlanmaları onu az maraqlandırırdı, toplumun qayğılarına o, yad-yabançı, biganəydi. Personajlarının prototipləri də tək-tək halda şəxsən tanıdığı, bir zamanda, bir diyarda yaşadığı insanlar olardı; yazıçı qəhrəmanlarını öz zəmanəsinə, yaradıcılıq laboratoriyasına çox vaxt tarixi salnamələrdən, qədim fəlsəfi-didaktik hekayətlərdən, əfsanələrdən, lətifələrdən çağırar, onlara etik-estetik mövqeyinə uyğun yeni həyat verər, onların başına yeni macəralar, oyunlar gətirərdi.
Çağdaşları bu cəhətinə görə onu tez-tez qınayar, müasirlərinin dərdlərinə, qayğılarına biganə yanaşmaqda suçlayardılar. Çoxu belə düşünürdü ki, ölüb getmiş zamanlarda eşələnməyin bir faydası yoxdur, yazıçı zəmanəsinin aktual problemlərini qabartmalı, çiyin-çiyinə yaşadığı adamların xarakterik cizgilərini yaratmalı, məhz onların problemlərindən bəhs eləməlidir. Akutaqava isə öz qəhrəmanlarını qeyri-adi situasiyalara salmağın, həmin situasiyalarda onları sınaqdan keçirməyin ustasıydı; qeyri-adi, nağılvari, fantasmaqorik səhnələrsə müasir həyatın fonunda təsvir olunanda çox vaxt qeyri-təbii, saxta, süni alınır, inandırıcı görünmür, bəzən də gülməli çıxır. Belə stilistik fəsadlar yaranmasın deyə gərək personajı nağılların, əfsanələrin qoşulub-qondarıldığı qədim dövrlərə, başqa sözlə, ya tarixi, ya da mifoloji zamana aparıb çıxarasan. Hansısa möcüzəvi situasiyanın yüz illər, yaxud min illər bundan qabaq baş verdiyinə oxucunu inandırmaq daha asandır.
O ki qaldı aktuallığa, insan mövzusu, insanın psixoloji çevrilmələri, dondan-dona, haldan-hala düşməsi həmişə aktualdır, qədim insanla indiki insanın fizioloji, psixoloji, antropoloji özəllikləri arasında elə mühüm fərq yoxdur. Akutaqava öz tənqidçilərinə bunları başa salmaqda, onları yaşanan günün reallıqları kontekstindən çıxarmaqda çətinlik çəkirdi. Dahilərə ağıl öyrətmək istəyən həmişə çox olub, bu cəhətdən o da istisna deyildi.
***
Uzun sürməyən yaradıcı ömründə – vur-tut on ildən bir az artıq müddətdə Akutaqava təqribən yüz əlli novella qələmə almışdı. İlk mətbu əsərlərindən olan “Rasömon darvazası” (1915) işıq üzü görəndən sonra novellanın gənc müəllifi kiçik hekayələr ustası kimi ad çıxarmışdı, yapon ədəbiyyatının canlı klassikləri onun ilk qələm təcrübələri haqqında xoş sözlər demişdilər. Bilindiyi kimi, sonralar dünya şöhrətli yapon rejissoru Akira Kurosava bu əsərlə eyni adda film də çəkmişdi, hərçənd filmin süjeti əsasən Akutaqavanın “Cəngəllikdə” (1922) adlı ən məşhur novellasının motivləri üzərində qurulmuşdu – həmin novella haqqında əvvəllər ayrıca danışdığımızdan bu yazıda onun üstündə durmuruq.
Əhvalat orta əsrlərdə Kioto şəhərində baş verir. Təbii fəlakətlər, epidemiyalar ucbatından şəhərin firavanlığından əsər-əlamət qalmayıb, aclıq, yoxsulluq, xəstəlik camaatı əldən salıb. Vəziyyət nəzarətdən çıxıb, paytaxt boşalmağa başlayıb, oğru-quldur küçələrdə at oynadır. Qarətçilər hətta müqəddəs heykəllərə, dini əşyalara da əl aparırlar. Epidemiyadan qırılanların cəsədinə yiyə duran yoxdur, o dünyanın qapısı sayılan məşhur Rasömon darvazası da baxımsız qalıb, darvazanın qülləsi meyitxanaya çevrilib. Leş yeyən quşlar, yırtıcılar bura dadanıblar.
Günün birində ağasının işdən qovduğu bir nökər yağışa-tufana düşdüyündən darvazanın tağı altında leysandan daldalanır. Onun getməyə yeri, yeməyə çörəyi yoxdur, ya acından ölməli, ya da oğurluğa qurşanmalıdır. Az sonra nökər darvazanın qülləsində işıq yandığını görüb pilləkənlə oraya qalxır, düşünür ki, gecəni orada keçirə bilər.
Qüllə cəsədlə doludur. Burada diri olan bəndə yalnız günü keçmiş bir qarıdır, o da bir qadın cəsədinin başındakı saçları çəkib toplamaqla məşğuldur. Nökər qəzəblə qarının üstünə atılıb ondan nə məqsədlə meyitdən tük çəkdiyini soruşur. Qarı qorxa-qorxa bu saçların ona parik düzəltmək üçün lazım olduğunu, yaşamaq üçün ayrı yolu qalmadığını bildirir. Qadın pis əməl törətdiyini düşünmür, axı bu saçlar o cəsədə daha lazım olmayacaq. Üstəlik, bu ölü qadın özü də sağlığında fırıldaqla məşğul olurmuş, ilan ətini zolaq-zolaq doğrayıb qurudub müştərilərə quru balıq adıyla satırmış. Ancaq qarı buna görə o mərhumu da qınamır, axı onun da acından ölməmək üçün başqa çarəsi olmayıb.
Buna qədər tərəddüdlər əlində avara qalan nökər qarını dinləyəndən sonra qəti qərara gəlir ki, dolanışıq naminə oğurluq eləyə bilər. Siftəsini də elə oğru qadının üzərində sınaqdan keçirir, qarının kimonosunu əynindən çıxarıb qoltuğuna vurur, qüllədən aşağı enib qeybə çəkilir. O gündən sonra bir daha onu gördüm deyən olmur. Müəllif səbəbini yazmasa da, aydındır ki, nökər ya şəhərdən köçür, ya xəstələnib ölür, ya da haradasa qaranlıq iş başında ələ keçir.
***
Müəllif şərdən şər törədiyini, pisliyin də xəstəlik, mikrob kimi yayıldığını bizə sadə bir dillə anladır. Zen-buddizmin qızıl qanununa görə, yaxşı fikir yaxşı sözə, yaxşı söz də yaxşı əmələ çevrilir. Hər faydalı əməl xoş niyyətdən, xeyirli fikirdən qaynaqlanır, bu dünyadakı yaxşılıqların başqa mənbəyi yoxdur. Xoş niyyətin yerini bəd niyyət alırsa, insan özünü karma qanunlarının sərəncamına vermiş olur, sansara zəncirini boynuna dolamış olur, öz acı aqibətini bəri başdan bəlləmiş olur. Arını, vicdanını o dünyanın astanasında adam ətinə dadanmış quduz yırtıcıların quyruğuna bağlayıb fikrini kirlədəndən, xəyalını çirkləndirəndən sonra gedər-gəlməzə yollanan həmin o nökər kimi.
Ancaq “Rasömon darvazası” novellasını təkcə ibrətamiz rəvayət kimi yozmaq doğru olmaz. Əsərdən çıxan bir nəticə də budur ki, insanları öz ətrafında birləşdirən vahid həqiqət yoxdur, hərənin öz həqiqəti, həyatdan qopara biləcəyi mənfəəti var, heç kimi də öz həqiqətini rəhbər tutub yaşamaq istədiyinə görə qınamaq olmaz. Yeddi il sonra yazacağı dünya şöhrətli “Cəngəllikdə” novellasında müəllif bu mövzuya daha dərindən baş vuracaq, insanın sadəcə məhdud baxışlı bir məxluq, təbiətin konveyerindən çıxmış dar düşüncəli canlılardan biri olduğunu şahidlərin iştirakıyla bizə əyani şəkildə göstərməyə çalışacaq…
Bəs həqiqət, xeyir, gözəllik? Hamının ola biləsi həqiqət heçmi yoxdur? Akutaqavanın əsərlərindən yola çıxsaq, həqiqəti xalq arasında, kütləvi düşüncədə axtarmaq əbəsdir. Həqiqət elə gözəlliyin, mükəmməlliyin özüdür. Həqiqət – çılpaq gözəllik, acı, sərt estetika, kamil incəsənətdir, o da yalnız təbiətin seçdiyi ayrı-ayrı fərdlərə, dahilərə qismət olan ali nemətdir. Qalan heç nəyin dünyada dəyəri yoxdur. “İnsan ömrü Bodlerin bir misrasına dəyməz”.
Xeyirlə şər də onun nəzərində varlığın mayasından, eyni mənbədən gələn, bir-birini istisna eləməyən, əksinə, bir-biriylə aramsız qarşılıqlı əlaqədə olan, bir-birini törədən, tamamlayan fenomenlərdir. Bir məktubunda Akutaqava belə yazırdı: “Mənə elə gəlir yalnız xeyiri sevə-sevə şərə vurulmaq mümkündür. Bodlerin şeirlərini oxuyanda məni ən çox onun şəri vəsf eləməsi yox, onun xeyirə təşnəliyi heyran qoyurdu. Düzünü desəm, mən xeyirlə şərə eynicinsli anlayışlar kimi baxıram”. Yalnız zehni sakitlik, ruhi dinclik məqamına çatmış kamil fərd xeyir-şər dilemmasından sıyrılıb bu təzadın fövqündə qərar tuta bilər.
***
“Burun” (1916) novellası Qoqolun eyni adlı povestinin təsiriylə yaranıb. Hekayənin qəhrəmanı rahib Dzentinin çənəsinin üstünə sallanan uzun burnu var. Zavallı rahib bu qüsuruna görə həmişə xəcalət çəkir, lağlağı hədəfi olur. Bununla belə özünü elə aparır, guya burnunun uzunluğu onu narahat eləmir, halbuki kənar şəxsin yardımı olmasa, yemək də yeyə bilmir. İllər boyu təskinlik üçün özünə bənzər birini axtarsa da, heç yerdə tapa bilmir. Burnunu qısaltmaq üçün yüz yola əl atır, ancaq bir nəticəsi olmur.
Günün birində paytaxtdan qayıdan şagirdi həkim dostundan onun dərdinin çarəsini öyrəndiyini bildirir: rahibin burnunu qaynar suda pörşələyib sonra da yaxşıca tapdalamaq lazımdır, ucundakı piy vəzləri çıxandan sonra burun gödəlib qaydasına düşəcək. Şagirdin yardımıyla onlar həkimin buyurduğu əməliyyatı yerinə yetirirlər. Əməliyyat müsbət nəticə verir, Dzentinin burnu qısalıb normal şəkilə düşür, başqalarının burnundan seçilmir. Ancaq rahibin canı dedi-qodudan qurtarmır, tam tərsinə, istehzalı gülüşlər, kinayəli baxışlar, lağlağılar daha da artır: “Bir cüt təzadlı duyğu insan qəlbində daim baş-başa yaşayır. Elə bir adam tapılmaz ki, yaxından tanıdığı birinin bədbəxtliyinə acımasın. Amma elə ki tanışı bədbəxtliyinin səbəbini aradan qaldırır, ətrafdakı adamlar nəsə çatmırmış kimi özlərini narahat hiss eləməyə başlayırlar. Bir balaca üstünə qoyub belə də deyə bilərik ki, adamların içində o zavallını yenidən əvvəlkitək bədbəxt görmək arzusu oyanır, ona qarşı passiv də olsa gizli bir düşmənçilik baş qaldırır…”
Dzenti özünə münasibətin kəskin dəyişdiyini görsə də, bu dəyişikliyin səbəbini anlamır. İş o yerə çatır ki, rahib əvvəlki burnunun xiffətini çəkməyə başlayır. Onun ovqatı, xasiyyəti yaxşılığa doğru dəyişməliykən bunun tam tərsi baş verir. Günlərin bir günü Dzentinin burnu şişməyə, böyüyə-böyüyə əvvəlki formasını almağa başlayır. Bundan sonra rahib rahatlıq tapır, sevinir ki, daha onu lağa qoyan olmayacaq.
Bu yerdə mənim yadıma Alber Kamünün bu novelladan təqribən iyirmi beş il sonra qələmə aldığı “Yabançı” romanında qurulmuş məhkəmənin sonluğu düşür: cəmiyyətin tapındığı normalara laqeyd, biganə Mersonu törətmədiyi ağır cinayətlərdə suçlayan qəddar kütlə hakim ona edam hökmü kəsəndən sonra sustalıb müttəhimə mərhəmətlə, az qala nəvazişlə baxır…
***
“Batat sıyığı” (1916) novellası da bundan əvvəl haqqında danışdığımız hekayə kimi qədim kitablardan götürülmə bir lətifə əsasında yaranıb. Fəqət bu əsərə Qoqolun “Şinel” povestinin təsiri də danılmazdır, mütəxəssislər bunu dönə-dönə vurğulayıblar. Göründüyü kimi, Akutaqava milli zəmində boy atmış fidanları dünya ədəbiyyatı adlı nəhəng ormanın qollu-budaqlı qocaman ağaclarına calamağın ustasıdır. Bu fikri Çexovun “Albalı bağı” pyesinin təsiri altında yazılmış “Bağ” novellası haqqında da söyləmək olar. Həm də Akutaqavanın rus ədəbiyyatıyla dialoqu bunlarla bitmir; məsələn, onun “Meşə cüllütü” hekayəsi Tolstoyla ona qonaq gəlmiş Turgenevin birgə ova çıxmağından bəhs eləyir…
Əgər “Şinel” povesti sosioloji mahiyyət daşıyırsa, “Batat sıyığı” novellası psixoloji hekayədir. Hekayəni şərti olaraq iki hissəyə bölmək olar: birinci hissəni bütövlükdə “Şinel”dən iqtibas da saya bilərik, burada biz əsərin qəhrəmanı, onun xarakteri, arzuları, mühitiylə tanış oluruq. Eynən “Şinel”in qəhrəmanı Başmaçkin kimi günü keçmiş qoi (aşağı rütbəli hərbi qulluqçu) də “kiçik adam” seriyasından hamının hörmətsiz yanaşıb məzələndiyi, lağlağı obyektinə çevirdiyi qorxaq, miskin, fərasətsiz, yazıq bir samuraydır. Onun ən böyük arzusu ömründə bircə dəfə doyunca batat sıyığı yeməkdir. Belə dadlı yeməyi imperator məclislərində verirlər, sıravi adamlarasa onu dadmaq hələ-hələ qismət olmur.
Ağaların qurduğu bir məclisdən sonra sıravi qulluqçular masada qalan artıqları yeməyə girişəndə baş samurayın cangüdəni qoinin arzusundan xəbər tutur. Novellanın ikinci hissəsi onların səfərinə həsr olunub – cangüdən Tosihito qoini düşərgədən öz evinə qonaq aparır. Nökərlər, qulluqçular axşamdan xeyli batat yığıb hazırlayırlar, səhər ertəyə qazan-qazan sıyıq ocaqlar üstündə buğlanır. Ağzınacan dolu bir gümüş qazanı gətirib qoinin qarşısına qoyurlar. Sonra süfrəyə başqa dolu qazanlar da düzülür. Ancaq zavallı samuray bir qazanı güclə boşalda bilir. Onun yeganə arzusu elə o süfrənin arxasındaca ölüb gedir, qoi illər boyu ürəyinin başında bəslədiyi arzunun arxasınca baxa-baxa qalır, qarşısındakı sıyığın həsrətiylə yaşadığı günləri təəssüf dolu həsrətlə xatırlayır. Artıq qoinin arzusundan əsər-əlamət qalmır, o, Martin İdenin dediyi kimi, heç nə arzulamamaq mərəzinə mübtəla olur. Ona həmin arzunun yalnızca külü qalır. Qoi başa düşür ki, bir də heç vaxt batat sıyığı deyilən təamı dilinə vura bilməyəcək.
Arzuya çatmaq – arzunu öldürmək deməkdir. İnsan özü də bilmədən şüursuz bir istəklə ölümünə can atır. Budda məhz buna görə şagirdlərinə arzularının dalınca qaçmamağı, ehtiraslarını cilovlamağı, ömürlərini sağa-sola xərcləməkdən çəkinməyi tapşırırdı, çünki doymuş arzunun arxasında boşluq, yorğunluq, peşmanlıq, ölüm durur. Yeganə arzusunu dəfn eləyəndən sonra qoi hansı diləkdən güc alıb həyatdan yapışacaq? Yəqin Martin İden kimi, elə özcə müəllifi kimi onun da əcəli çox uzaqda deyil…
***
“Hörümçək toru” (1918) novellasında deyilir ki, bir dəfə Budda səhər-səhər cənnət gölünün sahilində tək-tənha gəzişəndə dayanıb lotos güllərinin iri yarpaqları arasından bərq vuran gölün dibində – cəhənnəmin dərinliyində nələr baş verdiyinə diqqət yetirir: “Cəhənnəmin dərinliklərində saysız-hesabsız günahkar qaynaşırdı. İş elə gətirdi ki, Buddanın nəzərini Kandata adlı bir günahkar cəlb elədi. Kandata qaniçən bir quldur idi. Çoxlu cinayət törətmişdi: öldürmüşdü, soymuşdu, yandırmışdı… Ancaq onun da ayağına yazılmış bir xeyirxah iş tapıldı”.
Kandata bir dəfə sıx meşədə cığırın kənarıyla qaçan bapbalaca hörümçəyi tapdalayıb əzməkdəykən ayağını yerə basmayıb günahsız həşəratı xilas eləyir. Budda cəhənnəmin seyrinə dalanda ürəyindən keçirir ki, hörümçək də əvəzində bu qulduru cəhənnəmdən qurtarsın. Bir cənnət hörümçəyi gümüşü lifini lotosun yaşıl yarpağından asır, Budda lifi ehtiyatla götürüb ağ güllərin arasından suya sallayır. Hörümçək lifi cəhənnəmin dibinə çatana qədər dümdüz aşağı enir. Əzab çəkməkdən heydən düşmüş Kandata başını qaldıranda içində çabaladığı qan gölünün üstünü tutmuş qaranlığı yara-yara düz üstünə enən gümüşü hörümçək lifini gözü alır. Ona yalnız bu sapdan yapışıb yuxarı dartınmaq qalır. Kandata hörümçək lifindən iki əliylə yapışıb var gücüylə yuxarı dırmanmağa başlayır.
Qurtulmaq üzrə olanda Kandata görür ki, cəhənnəmdə əzab çəkən bir xeyli başqa günahkar da lifdən yapışıb onun ardınca yuxarı dırmaşır. Qorxur ki, lif bu qədər adama tab gətirməyib qırıla, bunca əziyyət çəkəndən sonra yenidən kəlləmayallaq cəhənnəmə vasil ola. Bu adamları necəsə geri qaytarmaq lazımdır. Bunları fikirləşib ardınca yuxarı dırmananlara təpindiyi vaxt sap Kandatanın tutduğu yerdən qırılır, zavallı ah çəkməyə belə macal tapmadan yenidən zülmətin dibinə baş vurur.
“Lotos gölünün sahilində dayanmış Budda əvvəldən axıra qədər hər şeyi görmüşdü. Kandata ağır daş kimi Qanlı gölün dibinə batanda Budda kədərli-kədərli yenidən gəzişməyə başladı.
Kandatanın ürəyi mərhəmətdən, rəhmdən uzağıdı, nə yolla olur olsun, yalnız özünü cəhənnəmdən qurtarmağı düşünürdü, buna görə də haqlı cəzasını almışdı: yenidən cəhənnəmin girdabına atılmışdı. Buddanın nəzərində bu, olduqca rüsvayçı, miskin bir tamaşaydı!..”
Göründüyü kimi, karma qanunu bu kiçik süjetdə də sözünü deyir. Doğrudan da, kim nə eləyirsə, özünə eləyir – istər yaxşılıq olsun, istərsə pislik. Bioloji qanunlardan fərqli olaraq ilahi qanunları işə salan cihazlar bizdən kənarda deyil, o mexanizm bizim içimizdə, ruhumuzda, ürəyimizin başındadır, o qanunlar özümüzdən xəbərsiz gecə-gündüz bizi idarə eləyir. Kandatanın xırdaca yaxşılığı özünə qayıtmaqdaydı, ancaq o bu qurtuluşu başqalarına qıymadı, ona görə özü də qurtula bilmədi. Qalan cəhənnəm sakinləri də əzablardan xilas ola bilmədilər, çünki onlar bu qurtuluşa layiq iş görməmişdilər. O nazik lif məhz Kandatanın ümid sapıydı. Onları qurtarsa, yenə Kandatanın mərhəməti qurtarardı, ancaq Kandata bu səfər mərhəmətini başqalarından, demək, həm də özündən əsirgədi.
***
Akutaqavanın nisbətən iri həcmli əsərlərindən olan “Cəhənnəm əzabı” (1918) novellasının mövzusu on ikinci əsrdə yazıya alınmış klassik yapon hekayətləri toplusundan götürülüb. Əsər həşəmətli hökmdar əlahəzrət Horikavanın saray qulluqçusunun dilindən nağıl olunur.
Horikava ədalətli, insaflı hakimdir, buna görə cəmi paytaxt əhli ona dərin hörmət-ehtiram bəsləyir, canlı Budda kimi onun səcdəsinə durur. Hökmdarın sarayında ustalıqda ad-san çıxarmış rəssamlar var, bunların da ən seçkini Yosihide adlı əlli yaşlarında qaraqabaq, xəsis, tamahkar, vicdansız, tənbəl, dikbaş, yaraşıqda meymuna bənzər kişidir. Bu rəssam o qədər yönsüzdür ki, saray əhli Horikavaya bağışlanmış meymunu da onun adıyla çağırır. Rəssamın qızı o meymuna mehir salıb isinişir.
Yosihidenin bu dünyada iki sevgisi var: biri sənəti, o biri də on beş yaşlı gənc qızıdır. Məbədə nəzir verməyə əli gəlməyən rəssam bir sənətindən, bir də qızından sevgisini əsirgəmir, onlardan ötrü hər fədakarlığa hazırdır – hərçənd onun fədakarlığı özünü yox, başqalarını fəda verməyi nəzərdə tutur. Qız da atasıyla birgə sarayda yaşayır, burada ona da kiçik vəzifə tapşırılıb. Bir dəfə yaxşı işinə görə padşah saray rəssamına ənam vermək istəyəndə Yosihide mükafat əvəzinə Horikavadan qızının qulluqdan azad olunub evə buraxılmasına rüsxət istəyir, ancaq hökmdar buna razılıq vermir. Belə bir ehtimal da var ki, Horikava baş rəssamın qızına aşiq olub.
Yosihidenin rəsmləriylə bağlı qorxunc şayiələr dolaşır: guya onun şəklini çəkdiyi qadınlar tezliklə azarlayıb əzab içində ölürlər, sonra həmin şəkillərdən çürümüş cəsəd qoxusu gəlir; guya bu ustad sənətkarın cadugərlik məharəti də var. Bir dəfə əlahəzrət ondan: “Sən deyəsən eybəcərliyi sevirsən?” – deyə soruşanda Yosihide hökmdara belə cavab verir: “Bəli, bu üzdən gedən rəssamcıqlar eybəcərliyin gözəlliyini anlamazlar!” Mətləbdən uzaqlaşmamış deyək ki, bu obrazın prototiplərindən biri, çox güman, birincisi “Şər çiçəkləri” poetik toplusunun müəllifi, Akutaqavanın ən sevimli şairi, leşdən, çürüntüdən poeziya yaradan dahi Şarl Bodlerdir. Yosihidenin acı xasiyyəti də Bodlerin qəliz xarakterindən geri qalmır, o da uzaq Fransadakı orijinalı kimi sənətiylə İblisə səcdə qılır.
Rəsmlərində təsvir elədiyi ağrı-acılar, vahimələr, iztirablar, işgəncələr təbii çıxsın deyə Yosihide tez-tez öz şagirdləri üzərində eksperimentlər aparır, onlara əzab-əziyyət verir, onları müdhiş situasiyalara salır. Ancaq bu əməlləri onun vicdanını zərrə qədər incitmir, çünki ondan ötrü sənət insan həyatından min qat qiymətlidir, başqa sözlə, “insan ömrü Bodlerin bir misrasına dəyməz”.
Günün birində əlahəzrət Horikava saray rəssamı Yosihideyə cəhənnəm əzabını əks elətdirən bir rəsm əsəri çəkməyi tapşırır. Yosihide işin çox hissəsini görür, həlledici məqama çatanda hökmdarın hüzuruna gedib deyir ki, daha bundan sonrasını çəkməyə gücü-qüdrəti yoxdur. Horikava səbəbini soruşanda rəssam fikrinə belə izah verir ki, görmədiyi bir halı, vəziyyəti fırçasıyla yarada bilməz: o heç vaxt cəhənnəmdə olmayıb, oranın əzablarını dadmayıb. Hökmdar ondan harada ilişib qaldığını xəbər alanda Yosihide uçurumdan aşan kareta şəkli çəkməyə çalışdığını deyir: “Karetanın içində qara saçına od düşmüş zərif saray xanımı əzab içində qıvrılır. Qaşları çatılmış bu qadın tüstüdən boğulmamaq üçün başını pəncərədən çölə çıxarır. Üstünə yağan qığılcım yağışından qorunsun deyə qadın dartıb bambuk pərdəni qoparır. Onlarla yırtıcı quş dimdiyini şaqqıldada-şaqqıldada onun başı üstündə dövrə vurur… Bax, bu mənzərəni heç cür təsvir eləyə bilmirəm”.
Gecələrin birində əlahəzrət Horikava rəssam Yosihide üçün belə bir tamaşa təşkil eləyir. Son məqamda Yosihide məşəl işığında görür ki, karetanın içindəki zəncirə vurulmuş qadın onun doğma qızıdır. Sənətlə həyat arasında qalan rəssam arzuladığı cəhənnəmi canlı-canlı yaşayır. Kareta od alanda Yosihide irəli atılıb qızını qurtarmaq istəsə də, qatı tüstü-dumanı yara bilmir. Əvəzində meymun adaşı alovun içinə sıçrayıb sevimli bacılığıyla birgə külə çıxır…
Bu əhvalatla bağlı cürbəcür şayiələr dolaşır: kimi deyir əlahəzrət Horikava qarşılıqsız sevgisinin qisasını alıb, kimi də deyir adil hökmdar öz işi naminə insanların meyidi üstündən keçməyə hazır olan sənətkara dərs verib (yenə karma məsələsi). Bu versiyaların heç biri təkzib olunmur, ancaq əsərdə açıq səslənməyən üçüncü versiya daha ağlabatandır: çox güman, sənət, gözəllik aşiqi mərhəmətli hökmdar bu qanlı tamaşanı rəsmin daha təsirli alınması xatirinə qurub, Yosihideyə cəhənnəm əzabını yaşatmaqla misilsiz sənət nümunəsinin yaranmasına ilham verib. Hər nədirsə, rəssam işini yarımçıq qoymur, bir ayın tamamında qeyri-adi rəsm əsəri hazır olur.
Rəsmi əlahəzrətə təhvil verdiyinin ertəsi günü Yosihide özünü asır. Bir müddət sonra onun məzarını ot-alaf basır, bilinmir ki, o məzarda yatan kimdir. Əlbəttə, sənətkarın fani cismi onun baqi ruhunun yaratdığı şedevrin qarşılığında bir saman çöpündən də dəyərsizdir. “İnsan ömrü Bodlerin bir mirasına dəyməz”.
Akutaqavaya görə, həyat öləri, incəsənət yaşarıdır. Gerçək sənət əsəri yaradan kəsə hər yaramazlığı bağışlamaq, hər suçu keçmək olar. Estetika etikadan, sənət əxlaqdan ucadır. Gözəllik xeyirxahlıqla dost olmaya da bilər. Ruh vicdandan, ədalətdən, mərhəmətdən nəsibini almaya da bilər, çün vicdan da, ədalət də, mərhəmət də şüurun, idrakın icadı deyil, sinirə bağlı fenomenlər, əsəblərin ətraf aləmə reaksiyasıdır. “Mənim vicdanım yoxdur, mənim ancaq sinirlərim, əsəblərim var”, – “Tənhalıq cəhənnəmi”ndə fələyin “Dişli çarxlar”ına ilişib “İdiot həyatı” yaşayan, özüylə “Zülmətdə dialoq” aparan ümidsiz, yalqız Rünoske belə deyirdi…
***
Mövzusunu qədim Çin xronikasından götürdüyü kiçicik “Bisey necə inanırdı” (1919) novellasının səfeh, sadədil qəhrəmanını Akutaqava vur-tut bir neçə abzasla romantik qəhrəmana çevirə bilib. Gəncliyimin erkən çağında bu kiçik hekayənin məni necə tərpətdiyini yaxşı xatırlayıram, o dövrdə Akutaqavanın bu novellası mənim estetik dünyagörüşümə həlledici təsir göstərən əsərlərdən biri olmuşdu. 1987-ci ilin elə bu ayında, on doqquz yaşımın içində yazdığım “Tək ağac” adlı lirik hekayədə (ilk kitabım da həmin adla çıxmışdı) bu təsirin izini görmək çətin deyil. Doğrudur, mən o vaxtlar Füzulini nəsrə gətirmək xəyalıyla yaşayırdım, ancaq bu işdə tək klassik anadilli poeziyamızın peyğəmbəri yox, modern dünya nəsrinin azdan-çoxdan tanıdığım klassikləri də dadıma çatır, mənə yol göstərirdilər.
Novellada gənc oxucunu sarsıdan nəydi – ilk növbədə ondakı dərin lirizm, bir çayın qırağından, bir körpünün altından pərvazlanıb kosmik miqyasa qədər genişlənən poetik siqlət, təbiətdə, kainatda heç bir sərhəd, qoruq-qaytaq tanımayan panteistik cəsarət! Bisey təbiətin qoynuna yad oğlu yad kimi kənardan, oğru kimi arxa qapıdan dürtülmür. Bisey bütün varlıqlar kimi kainatın ucqarında yox, mərkəzindədir, Bisey ana təbiətin bətnində, öz evindədir. Bisey heç nəyin, heç kimin dalınca qaçmır, axtardığı özü onun ayağına gəlməlidir, gəlir də, çünki onun sarsılmaz inamı var:
“Bisey körpünün altında dayanıb sevgilisini gözləyirdi. Yuxarıda, başının üstündə, yarıyacan sarmaşığa bürünmüş hündür daş məhəccərlərdən o tərəfdə arabir körpüdən ötüb-keçənlərin qüruba gedən günəşin saçaqlarıyla işıqlanıb xəfifcə yellənən ağ paltarlarının ətəkləri görünürdü… O isə gəlib çıxmaq bilmirdi.
Bisey səbirsiz halda suya yaxınlaşıb bircə qayığın belə üzmədiyi sakit çaya baxmağa başladı.
Çay boyunca bitən qamışlar yaşıl divar kimiydi. Qamışlığın üzərindən adda-budda sıx söyüdlər gözə dəyirdi. Çay enli olsa da, qamış basmış suyun üzü darısqal görünürdü. Göydəki sədəf rəngli tək bulud parçasının əksi düşmüş təmiz su zolağı ona qızılı rəng qatıb qamışların arasından sakitcə burulub axırdı… O isə gəlib çıxmaq bilmirdi”.
Bisey çayın qırağıyla var-gəl eləyə-eləyə alatoranda sakitliyi dinşəyir. Körpüdə artıq gediş-gəliş kəsilir, yel əsdirən qamışların xışıltısından, suyun çıppıltısından başqa səs-səmir eşidilmir. Üzü qaranlığa getdikcə su qabarır, lilli sahilə doğru enlənən çay daha yaxında bərq vurur. Sevgilisi hələ də gəlib çıxmaq bilmir.
Günəş sönür, qaranlıq düşür, çay qabarır, Bisey çayın qırağında, körpünün altında hələ gözləyir. Yatağından çıxan çayın timsalında kainat onun ayağına sürünür, su yavaş-yavaş onun topuğuna, dizinə, sinəsinə qalxır, ana təbiət balasını ağuşuna alıb udum-udum onu canına çəkir. Bisey yenə gözləyir.
Bəlkə elə budur onun gözlədiyi, ayağına gələn təbiətə, onu qoynunda atıb-tutan sulara qovuşmaqdır istədiyi?
Artıq balıqlar onun başının üstündə üzür. Sevgilisi hələ də gəlmir ki, gəlmir:
“Gecənin bir aləmi – Ay işığı çay boyunca qamışları, söyüdləri aydınlatdığı saatda pıçıldaşan suyla külək yavaş-yavaş Biseyin cəsədini körpünün altından alıb dənizə doğru apardı. Biseyin ruhu isə göyün qəlbinə, qəmli ay işığına sarı qanadlandı. Yəqin ona görə ki, sevirdi. Xəlvətcə bədəndən çıxan ruh lil qoxusu, su təravəti kimi buğlana-buğlana tutqun işıqlı səmaya qalxmağa başladı…
Neçə min il ondan sonra neçə dəfə cilddən-cildə düşmüş bu ruha yenidən insan həyatı etibar olundu. O ruh elə məndə məskən salmış bu ruhdur. Ona görə bu zamanda doğulsam da, zəmanə adamı deyiləm, əlimdən karlı bir iş gəlmir. Gecə-gündüz xəyallarla yaşayıram, elə hey gözləyirəm ki, nəsə, kimsə gəlib məni heyran qoyacaq. Eynən alatoranda körpünün altında durub, heç bir vaxt gəlməyəcək sevgilisini gözləyən Bisey kimi…”
***
Akutaqava özü də Biseyin ardınca gedib özünü təbiətə könüllü təslim elədi. Onun da sevgilisi görüşünə gecikirdi deyə gözləməyə səbri yetmədi, bütün itkinliklərin, ayrılıqların, çəpləşmələrin sona çatdığı ilkin qaynağa, əbədi yoxluğa (Qəribədir, bir-birinə daban-dabana zidd olan bu iki söz necə rahatlıqla yanaşı durur!), Basönün nohuruna baş vurdu.
Onun nakam ruhuna o yoxluqda əbədi dinclik arzulaya bilərdik, ancaq fikir, söz oyunu kimi çıxmasın, yoxluqda əbədiyyət də yoxdur, əbədiyyət ruha aid anlayışdır, varlığın xassəsidir. Akutaqavanın qaranlıq zindana bənzər cisminin çırağını bir ovuc yuxu dərmanı söndürübsə də, açıq yaralarını torpaq sarıyıbsa da, nakam ruhu hələ bu dünyadan qopub azad olmayıb, hələ nirvanaya çatıb dinclik tapmayıb. Bundan ötrü onun məsum, xəyalpərəst, şair könlü öz dünyasından sıyrılıb hamının olan dünyaya bir də qayıtmalıdır.
Bəlkə də bu gəlişində bəxt üzünə güləcək, can mülkü xaraba qalmayacaq, yer üzündə ruhuna abad bir bədən tapıb, özünə layiq dinc, rahat bir ev quracaq. Bəlkə növbəti gəlişində canından didərgin düşüb viran vücudundan perikməyəcək, bəlkə növbəti gedişi qaçış yox, uçuş olacaq.
Bəlkə də gəlib artıq, özünə ev-eşik də qurub. Bəlkə də aramızda yaşayır, hər gün yanından keçirik, çiyninə toxunuruq. Kim bilir…
Ancaq mən onu görsəm, əminəm, tanıyaram. Körpəcə xəyalından, qocaman qüssəsindən, bığ yeri tərləməmiş sevgisindən tanıyaram.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər
Tanrının qoşduğu Yusif dastanı
Şərab şüşəsində saxlanan zaman
Mücərrəd sevginin konkret ünvanı
Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir
Sükuta sığınmaq, zənciri qırmaq