Ruhu üzünə çıxan dünya
- 14 Dekabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Moris Meterlinkin “Göy quş” nağıl-pyesi haqqında
Fəxri Uğurlu
Dünya ədəbiyyatının qızıl fonduna düşmüş elə əsərlər var, həm uşaq, həm böyük üçündür – Defonun “Robinzon Kruzo”su, Sviftin “Qulliver”i, Andersenin “Çılpaq kral”ı, Ekzüperinin “Balaca şahzadə”si kimi. Meterlinkin “Göy quş”u da bu qəbildəndir.
Adını çəkdiyim ilk üç əsər canında nağıl şirinliyi gəzdirməklə yanaşı sosial-siyasi mesajlar da verir. Ekzüperinin, Meterlinkin nağılları isə mistik xarakter daşıyır. Hərçənd “Göy quş”u da kasıb balalarının himni kimi qələmə verməyə cəhd göstərənlər olub, ancaq bu, fikrimcə, ədəbi-fəlsəfi baxımdan doğru yanaşma deyil.
***
Moris Meterlink uzun, barlı-bəhərli ömür yaşayıb – 1862-ci ilin yayında Belçikada imkanlı ailənin uşağı kimi doğulub, 1949-cu ilin yazında Fransada dünya şöhrətli dramaturq kimi dünyadan köçüb. Sənət karyerası uğurlu olub, əlli yaşına çatmamış – 1911-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yazdıqları, ələlxüsus da yaradıcılığının zirvəsi sayılan “Göy quş” nağıl-pyesi bütün mədəni ölkələrdə çap da olunub, səhnəyə də qoyulub.
Onun adı Avropa ədəbiyyatında simvolizmin aparıcı adlarından biri kimi çəkilir. Metodunun formalaşması baxımından dahi alman mistiki Novalisin ona güclü təsiri olduğu gizli deyil. Kimin kimə təkan verdiyini deyə bilmərəm, ancaq Meterlinkin fəlsəfi nağılıyla ondan vur-tut üç il qabaq dünyaya gəlmiş yəhudi əsilli dahi alman filosofu Edmund Hüsserlin fenomenologiya adlandırdığı fəlsəfi sistemi arasında da çox doğmalıq var. Kim bilir, bəlkə də onları zamanın ideoloji ab-havası, dövrün efirdə fırlanan, hər antennanın tuta bilmədiyi ideya dalğaları doğmalaşdırıb…
***
Meterlink dünya ədəbiyyatında əsasən əlli yaşına qədər yazdığı pyeslərinə – fəlsəfi pritçalarına görə tanınıb. Dediyimiz kimi, bunlardan ən məşhuru ilk dəfə 1908-ci ildə Moskva Bədaye teatrında məşhur rus rejissoru Konstantin Stanislavskinin tamaşaya qoyduğu “Göy quş” dramatik nağılıdır. Altı pərdədən ibarət pyesin uşaqlar üçün işlənmiş on fəsillik nəsr versiyası da var. Pyes ənənəvi səhnə əsərlərindən fərqlənir, burada əksəriyyəti epizodik rol almış yetmişə yaxın iştirakçı var. Əbəs yerə Meterlink Avropa sənət arenasında yeni dramın banilərindən sayılmır. Bu, elə bir əsərdir ki, onu uşaqlar nəinki oxuya bilərlər, hətta mütləq oxumalıdırlar, ancaq burada qoyulan mətləblərin mahiyyətinə varmaq, sirrinə yetmək üçün uşaq bir az böyüməlidir.
Hadisələrin mərkəzində kasıb odunçu ilə onun özü kimi zəhmətkeş arvadının evində böyüyən bir cüt bacı-qardaş durur. Oğlanın adı Tiltil, qızın adı Mitildir. Bir otaqda yatan uşaqlar milad gecəsi çal-çağır səsinə oyanıb pəncərənin qabağına qaçırlar. Qarşı küçədəki varlı evdə bayram şənliyi keçirilir. Uşaqlar o şənliyə həsədlə baxırlar.
Bu vaxt odunçu komasının qapısı döyülür, içəri qozbel, axsaq, təkgöz, qarmaqburun bir qarı girir. Bacı-qardaşın qonşulardan birinə bənzətdiyi qarını uşaqlar qarşılayırlar, çünki yorğun ata-ana gecənin bu vədəsində ağır iş günündən sonra şirin yuxuya dalıb. Qarı deyir ki, nəvəsi ağır xəstədir, onun dərdinə yalnız Göy Quş çarə qıla bilər. Buna görə də bacı-qardaşı həmin sirli, möcüzəli quşun sorağına göndərmək istəyir.
Zahirən çox eybəcər görünən bu qarı əslində bir gözəl pəridir. Uşaqların hər şeyi yanlış, təhrif olunmuş şəkildə görməsi onu pəjmürdə eləyir. Qarı Tiltilə bir yaşıl papaq bağışlayır, papağın alnına bərkidilmiş almazın işığında aləm ona ayrı donda görünəcək.
***
Gerçəkdən də, Tiltil papağı başına qoyub almazı azca buranda dünya onun da, bacısının da gözündə tam dəyişir. Onlar Novalisin arzusunda olduğu ideal aləmə – mistik cənnətə düşürlər, canlı-cansız sayılan bütün əşyaların ruhunu görür, onlarla təmasa girirlər.
Sehirli almaz üçüncü göz, altıncı hiss orqanı adlandırılan bir fenomenin rəmzidir. Ona yiyələnəndən sonra Hüsserlin fenomenoloji reduksiya, intensionallıq dediyi metodlar işə düşür, insan şeylərin, hadisələrin mahiyyətinə nüfuz eləyən bir baxışla silahlanır, varlığın ruhuna dalır, mahiyyətin üstünü örtən, onu adi gözdən gizlədən cəhətləri, əşyaların real statusunu mötərizə arasına alır. Bu cür baxmaq qabiliyyətinə, belə gözə yiyələnməyən o gizli dünyanı, sirli aləmi də görməz.
Almazın kəraməti sayəsində hər kəsin, hər nəsnənin ruhu üzünə çıxır, eybəcər cadugər qarı gözəl bir şahzadəyə, kasıb koma işıqlı cənnət hücrəsinə, cansız əşyalar canlı varlıqlara cevrilir. Saatın, odun, suyun, çörəyin, südün, şəkərin, itin, pişiyin ruhu dil açır, insan ətraf aləmlə, təbiətlə mistik ünsiyyətə girir. Köpək sevincək olub “mənim balaca tanrım” deyə Tiltilin başına dolanır.
Pəri bütün dəstəyə Göy Quşun axtarışında uşaqlara yardım göstərməyi, axıracan onların yanında olmağı tapşırır. Ancaq bu tapşırıqdan heç də hamı razı deyil, Pişiyin başçılığıyla narazılar uşaqlara qarşı sui-qəsd hazırlamağa çalışırlar. Onların fikrincə, insana qədər bu dünyada hamı azad, şad-xürrəm gün keçirib, sehirli Göy Quşu tutandan sonra bəni-adəmin despotizmi görünməmiş miqyas alacaq, insan əşyaların da, heyvanların da, hadisələrin də ruhuna yiyələnəcək, dilini biləcək, daha onun asılılığından qurtulmaq olmayacaq. Köpək qəzəblə qiyamçılara qarşı çıxır, onun fikrincə, insan bütün varlıqlardan üstün varlıqdır, məxluqatın əşrəfi, təbiətin hamisidir, onun qulluğunda durmaq bütün yaranmışlar üçün şərəfdir.
Doğrudan da, təbiət özünü insanın gözüylə görməsə, tanımaz. Mineralların, bitkilərin, heyvanların ruhu özbaşına özünü dərk eləyən, özünü ifadə eləyən fəal ruh deyil, onu passiv vəziyyətdən aktiv hala gətirən insanın müdaxiləsidir. Təbiətdəki azadlıq yalançı, göstərmə azadlıqdır, düzünə qalsa, təbiətdə heç bir azadlıq yoxdur, ola da bilməz. Heyvanlar, quşlar, ağaclar, daşlar yalnız azad insan ruhunun çağırışıyla öz gövdələrini, təbiətlərini aşıb həqiqi azadlığa, qurtuluşa çata bilərlər…
Pəri, uşaqlar, bir də İşığın Ruhu – İşıq Cövhəri səhnəyə çıxanda xəyanət ortaqları sükuta dalırlar.
***
Tiltillə Mitil ilk növbədə Xatirələr Ölkəsini ziyarət eləməlidir, çünki orada onların babasıyla nənəsi yaşayır. Orada onlar ölmüş bacı-qardaşlarını da görürlər. Bəlli olur ki, ölənlərin yuxulu ruhu dirilər onları yada salanda ayılır. Keçmiş günlərin xatirəsinə nənə-babalarıyla birgə nahar eləyəndən sonra uşaqlar İşıq Cövhərinin görüşünə tələsirlər. Nəvələrin xahişiylə baba onların gözünə göy rəngdə görsənən qaratoyuğu xoşbəxtlik quşunun sorağına çıxmış uşaqlara bağışlayır. Xatirələr ölkəsini geridə qoyanda onlar baxırlar ki, babanın verdiyi quşun rəngi qapqaradır.
Uzaqdan Gecənin qəsri görünür. Gecə bu quşqonmaz qalada təbiətin sirlərini insandan qoruyub saxlayır. Xain Pişik özünü qəsrə hamıdan qabaq çatdırıb, onu gözləyən təhlükədən Gecəni xəbərdar eləyir. Ancaq ülyahəzrət Gecə qoruduğu sirr xəzinəsinin qapılarını insanın üzünə bağlamaq iqtidarında deyil. Köpəyin, Çörəyin, bir də Şəkərin müşayiətiylə uşaqlar qəsrə girirlər. Əvvəl-əvvəl Gecə onları yanıldıb azdırmağa, bu da alınmayanda qorxutmağa, saraydakı otaqların açarlarını onlardan gizləməyə çalışır. Tiltil bütün qapılara açar salıb otaqları bir-bir gözdən keçirir: bir otaqda kabuslar, o birində xəstəliklər, üçüncüdə müharibələr… Kabuslar havalanıb, xəstəliklər xəstə düşüb, müharibələr qapını qırıb azadlığa çıxa bilmir.
Nəhayət, otaqların birində uşaqları Gecənin qoruduğu yanar ulduzlar, sevimli qoxular, şeh, bülbül nəğməsi qarşılayır. Buradan başqa aləmə açılan qapıdan keçəndə uşaqlar ay işığına bələnmiş ecazkar bağa düşürlər, bağda sehirli göy quşlar ulduzların, planetlərin arasıyla aramsız uçuşurlar. Tiltil yoldaşlarını haraylayır, hərə bir neçə quş tutub bağdan çıxır. Ancaq quşlar bağdan kənarda sağ qalmır, onlar gecənin sahilində ələ gəlməyən qanadlı xəyallardır.
***
Sonrakı səhnə meşədə vaqe olur. Pişik ağaclara dil töküb onları bacı-qardaşın əleyhinə qaldırmağa çalışır. Əlbəttə, ağaclar hamısı odunçudan yanıqlıdır, nə qədər qohum-əqrəbaları, doğmaları bu uşaqların atasından – əlibaltalı cəlladdan ziyan çəkib. Hələ özlərinə balta dəyməyibsə də, doğranmaq təhlükəsi hər vaxt başlarının üstündədir.
Ağaclar insana qarşı qiyama qalxır, təbiət bəni-adəmin onun daxili işlərinə qarışmasına sərt müqavimət göstərir. İçində yaşadığı cəmi məxluqatla birgə meşə insan övladına edam hökmü kəsir: donuzlar körpə Mitili necə ləzzətlə yeyəcəklərini xəyallarına gətirib adam ətinə yerikləyirlər, buynuzlu qoçlar kəsilmiş qohumlarının qisasını almağa hazırlaşırlar. Yalnız İşıq Cövhərinin müdaxiləsi, bir də Tiltilin alnındakı almazı işə salması qana susamış meşə əhlini – vəhşi heyvanları, ağacları sükut, zülmət səltənətinə qaytarır. Avropa xalqlarının folklorunda İblisin məiyyətindən sayılan Pişik (“Master və Marqarita”nı xatırlayaq) yenə xəyanətin altından təmiz çıxır.
Göy Quşu uşaqlar məzarlıqda da axtarırlar. Sehirli almazın qüdrətiylə qəbirlər çat verir, o çatlardan ağ çiçəklər boy göstərir. Quşlar Günəşin, Həyatın şəninə himn oxuyurlar. “Bəs ölülər haradadır? – bacı-qardaş bir-birindən soruşur. – Məzarlıqda ölü yoxdur”. Bununla müəllif, əlbəttə, çürümüş cəsədlərin torpağa qarışıb itməsinə deyil də, ölümün yoxluğuna işarə vurur. Ruhlar aləmində, əbədi dünyada ölüm nə iş görəcək?..
***
Göy Quşun sorağıyla uşaqlar Xoşbəxtlik Bağçasına gedib çıxırlar (Bu yerdə Füzulinin “Hədiqətüs-süəda” – “Xoşbəxtlər bağçası” əsəri yadıma düşdü. Bütün mistiklər kimi müsəlman şərqinin təsəvvüf əhli də hər zaman xoşbəxtliyin sehirli iksirinin, bəxtiyarlığın sirli düsturunun axtarışında olub). Buranın sakinləri xoşbəxtliyin, bəxtiyarlığın bəzi növlərindən Tiltilin xəbərsiz olmağına təəccüblənirlər: məsələn, sağlam yaşama xoşbəxtliyi, ata-ananı sevmə xoşbəxtliyi, günəşli günlərdə aydın səmaya baxma xoşbəxtliyi, buludsuz gecələrdə ulduzları seyrə dalma xoşbəxtliyi, yağış suyunda çimmə, şehli çəməndə ayaqyalın gəzmə xoşbəxtliyi…
Bəli, biz çox vaxt ovcumuzun içində olan məsudluğu kənarda, uzaqlarda axtarırıq. Bəzən bir ulduz sayrışması da içimizi aydınlatmağa yetir, bir şərtlə ki, ulduzlu göyə qəlbimizin gözüylə, həmin o sehirli almazın işığında baxaq. Bu dünyada xoşbəxtlik vara-pula alınmır, o bəlkə də Tanrının yeganə nemətidir ki, hamıya bərabər, hamıya pulsuz paylanır.
Xoşbəxtlik bağçasında növbənöv, çeşid-çeşid sevinclər yumşaq yaz yeli kimi sağdan-sola, soldan-sağa əsdikcə əsir, könülləri məst eləyir: ədalətli olmaq sevinci, xeyirxah olmaq sevinci, anlayıb-anlanmaq sevinci, sevib-sevilmək sevinci… Bütün bu sevinclər İşıq Cövhərindən büründüyü örtüyü atmağı, gizlədiyi həqiqətlərin üzündən niqabı götürməyi xahiş eləyirlər. Ancaq İşığın Ruhu çadrasına daha da bərk bükülüb, həqiqəti bütün çılpaqlığıyla günə sərməyin hələ vaxtı yetişmədiyini deyir. Söz verir ki, bir gün onların arasında çıl-çılpaq, anadangəlmə peyda olacaq.
***
Sonra Tiltillə Mitil İşıq Cövhərinin bələdçiliyiylə Gələcək Səltənətinin mavi sarayına yol tapırlar. Lacivərd çöhrəli uşaqlar onların üstünə yüyürüşürlər. Bunlar yer kürəsində nə vaxtsa doğulası körpələrin ruhudur. Fəqət dolu dünyaya əliboş getmək olmaz, ona görə də uşaqlar nəsə kəşf eləməyə, getdikləri planetə bir töhfə aparmağa çalışırlar: biri xoşbəxtlik maşını, o biri ömrü uzatmağın otuz üç üsulunu, bir başqası qanadsız uçan dəmir quş, dördüncüsü nəhəng üzüm icad eləyib. Bu ixtiralar bir gün yer üzündə gerçək olacaq.
Bir-birinə aşiq olmuş oğlanla qız qucaqlaşıb durublar, ara vermədən elə hey öpüşüb vidalaşırlar, baxışmaqdan doymurlar. Onlar yer kürəsində ayrı-ayrı zamanlarda yaşayacaqlar, bir-birini görməyəcəklər, ona görə də göylər səltənətindən ayrılmaq istəmirlər. Di gəl, burada hər şey saniyəsinə qədər hesablanıb, heç kəs hökmdən yayına bilməz.
Tiltillə Mitil Gələcək Səltənətində bir neçə ay sonra dünyaya gələsi qardaşlarıyla da görüşürlər. Qardaşlığa namizəd doğulacağı günü saatına qədər dəqiq deyir. Ancaq təəssüf ki, onların birgəliyi çox çəkməyəcək, oğlan yoluxucu xəstəlikdən öləcək…
Uşaqların doğulduğu an gələndə Zaman adlı saqqallı qoca əlində qum saatı sarayda peyda olur. Zaman kişi doğulmaq növbəsi çatan uşaqları bir hava gəmisinə mindirib yer üzünə yola salır. Uzaqlardan nəğmə səsləri gəlir – bu, sevimli körpələrini qarşılayan anaların nəğməsidir. Qoca Zaman Tiltillə Mitili sarayda görəndə heyrətlənir, uşaqlar sehirli almazın yardımıyla aradan çıxırlar.
Gələcək səltənətindəki danışıqlardan belə anlaşılır ki, bu dünyaya hər kəsin gəlişi də, gedişi də göylər səltənətində dəqiqəsinə, saniyəsinə qədər dəqiqliklə hesablanıb, heç kim bu vaxtı-zamanı bir saniyə irəli-geri çəkə bilməz. Bu da Moris Meterlinki ideyalar aləminin, lövhi-məhfuzun şəninə himnlər yazan peyğəmbər xislətli qələm ustalarına doğmalaşdırır, onların uca mərtəbəsində ona da yer olduğunu göstərir.
***
Artıq səhərə az qalıb, evə dönmək vaxtıdır. Tiltil həyətlərinin doqqazını güclə tanıyır. Bacı-qardaş səfər yoldaşlarından kədərlə ayrılır. Çörək Göy Quş üçün götürdüyü qəfəsi Tiltilə verir; onlar bir gecəlik ruhani səfərdən əliboş qayıdıblar, bütün acılara məlhəm olası xoşbəxtlik quşunu tapa bilməyiblər. İşıq Cövhəri deyir ki, görünür, axtardığımız Göy Quş ya heç yerli-dibli yoxdur, ya da quyruq ələ verəndə, qəfəsə salınanda rəngini dəyişir. Əşyaların, heyvanların ruhları uşaqlarla vidalaşır. Hər biri sükut səltənətinə çəkilir.
Saat səkkizi vurur. Ana Tiltillə Mitili yuxudan oyadır. Kasıb komaları da, anaları da uşaqların gözünə bir ayrı cür görünür. Onlar gecə səfərində gördüklərini söyləməyə başlayanda ananı həyəcan bürüyür, düşünür ki, uşaqlara bir gecədə nəsə olub, balalarına bəlkə də zaval dəyib, ona görə də həkim dalınca adam göndərir. Tiltil ata-anasına müjdə verir ki, tezliklə bir qardaşı dünyaya gələcək.
Bu vaxt gecə onlara gələn pərinin ilkin surətinə bənzər qonşu qadın içəri girir. Tiltil onu inandırmağa çalışır ki, nə qədər əzmlə axtarsalar da, Göy Quşu tapa bilməyiblər. Qadın anlayır ki, Tiltil yuxusunu qarışdırıb, ardınca da nəvəsinin halından söz açır: həkim deyir qızın əsəbləri pozulub. Anası Tiltili dilə tutur ki, evdə saxladığı quşu bu qadının xəstə düşmüş nəvəsinə bağışlasın. Oğlan qəfəsdəki göyərçinə baxanda birdən ona elə gəlir axtardığı Göy Quş elə bu quşdur. Quşu qəfəsi qarışıq qonşu nənəyə verir.
***
Artıq uşaqlar doğma evlərinə də, evdə nə varsa hamısına – çörəyə, suya, ocağa, qəndə, südə, itə, pişiyə də bir ayrı gözlə baxırlar. İndi onlar canlı-cansız varlıqların təkcə qabığını yox, cövhərini, ruhunu da görürlər. Sən demə, onların böyük səfəri elə kasıb komalarında, ocaqlarının qırağında mürgüləyən möcüzələri tanımaqdan, əllərinin altında, ovuclarının içində qəfəsdəki quş kimi çırpınan xoşbəxtliyi kəşf eləməkdən ötrüymüş. Başqa sözlə, bütün ruhani səfərlər kimi bu səfər də insanın özündən özünə səfəriymiş.
Az keçmiş qapı döyülür, qonşudakı nənə xəstə nəvəsinin əlindən tutub içəri girir. Qız minnətdarlıq hissiylə Tiltilin bağışladığı göyərçini köksünə sıxıb sığallayır. Bacı-qardaşa bu qız gecə gördükləri İşıq Cövhərini xatırladır. Tiltil qıza quşu necə yemləmək lazım olduğunu göstərmək istəyəndə göyərçin fürsət tapıb uçub gedir. Qız hönkür-hönkür ağlayır, Tiltil onu inandırmağa çalışır ki, o quşu bir gün tapacaq.
Sonda baş qəhrəman oxuculara, tamaşaçılara üz tutur: “Sizdən xahişim budur: aranızdan kimsə o quşu tapsa, bizə gətirsin. O quş bizə gələcəkdə xoşbəxt olmaq üçün lazımdır…”
***
Göründüyü kimi, “Göy quş” nağıl-pyesi başdan-başa simvollardan ibarətdir, bu yazıda onların çox az qisminə toxuna bildik. Bütün rəmzlərin üstündən örtüyü götürməyə də ciddi ehtiyac duymadıq, zatən bu əsərdəki simvollar özləri dil açıb danışır, özləri özlərini hamıdan yaxşı təqdim eləyir. Oxucuya, tamaşaçıya onları sadəcə sənətin dilindən həyatın dilinə “tərcümə eləmək” qalır. Tənqid, sənətşünaslıq da bu yerdə kara gəlir, sənətin dilini çətin tutan adamlar üçün tərcüməçi rolunu oynayır.
Yazıq o günə ki, “tərcümə” “orijinal”ı təhrif eləyə, ya da ondan güclü çıxa. Çıxacaqsa, demək, ortada haramxorluq, sənətə xəyanət var. Bəziləri düşünür ki, bu dövrdə nə yazmaq, necə yazmaq vacib deyil, əsas gördüyün işi gözə soxmaq, necə deyərlər, gözə kül üfürməkdir. Belə qısır məqsədlə düzlənmiş növbəni görmək həm ürək, həm də göz ağrıdır. Əsərin təqdimatının keyfiyyəti onun özünün dəyərindən üstün olmamalıdır; olarsa, demək, bu, təqdimat deyil, oxucunu, tamaşaçını aldatmaqdır. Belə fırıldaqlarsa indiki vaxtda nə qırx gün, heç qırx dəqiqə, qırx saniyə də yerimir.
“Yeni Azərbaycan” qəzeti