Qaranlıqlara elegiya
- 03 Dekabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İbrahimxəlil
Xəyalınıza Leonardo da Vinçiyə aid edilən “Madonna Litta” rəsm əsərində olduğutək, körpəsini əmizdirən bir ana gətirin. Körpə ana südündən doya-doya ulduzlarla dolu Süd Yoluna – Kəhkəşana, yəni, bizim Qalaktikaya baxır.
Qalaktika da etimoloji mənbəyi olan qədim yunancada: “galaxias” – “südlü” anlamını verir.
Süd Yolunun səmadakı işıqlı-südlü-ağ görünüşü ilə əlaqəli olan bu halın mifoloji tərəfi belə izah edilir; çünki burada sözümün arazbarı təkrarına bir də qayıdıram:
Zevsin ölümlü bir qadından doğulan körpə uşağı – Herakl, Heranın sinəsi üzərinə qoyulur ki, körpə onun ilahi südünü içsin və beləliklə də ölməz olsun! Hera körpəyə süd verərkən birdən oyanır və naməlum bir körpəni əmizdirdiyini anlayır. Körpəni itələyib özündən uzaqlaşdırarkən, südünün bir hissəsi səmaya sıçrayır və “Südlü Yol” (ing.Galaxy) adlandırılan xəfif işıq zolağı yaradır.
Bu yerdə xəyal gücünüz səni (Sizi) istənilən səmtə apara da bilər: yəni o hələ xoşbəxt körpə təsəvvürünüzdə rəsmin müəllifi Leonardo da Vinçi də ola bilər, qalaktikalar tarixinin öyrənilməsi adı ilə başlayan Q.Qaliley də ola bilər, astonom-şair Ömər Xəyyam da ola bilər. Aşağıda adını çəkdiyim Hüseyn Cavid də, onun sözlərini oxuyan Rəşid Behbudov da və daha çox bu yazının həsr olunduğu, üstəlik də adı “Qalaktika” sözündən götürülmüş… Qalaktion Tabidze də!
…Uzaq (Qalaktionla bağlı, həm də yaxın!) 1929-cu ilin mayında gürcü şair və yazıçılarından Paolo İaşvili, Titsian Tabidze, Qalaktion Tabidze, İosif Qrişaşvili kimi tanınmışlar Bakıya gələrkən qarşılayanlar arasında Əbbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Əhməd Cavad da olublar.
Təbii ki, uzaq-yaxın 1929-cu ildə Qalaktionun “Şeyx Sənan” mənzum dramından xəbəri olub-olmadığını bilmirəm. Hüseyn Cavid “Şeyx Sənan”ı Tiflisdə (bir hissəsini də Naxçıvanda) qələmə alıb. Bu dram gürcü qızı Tamar (Xumar) ilə müsəlman şeyxi Sənan arasındakı sevgidən bəhs edir. Ölümün sevənlərə tək bircə yaxşılığı olur: o da sevənləri bu həyatdan ayrıldıqdan sonra birləşdirməkdir…
Təbii ki, bu sevgi dolu dünyada heç də hər şey kor atın kor nalbəndindən başlamır. Arada-sırada “Kor ərəbin mahnısı” ilə başlayan sarışın səhərlər, aylı-ahəstə axşamlar da olur:
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət…
Sözgəlişi xatırladıram. “Kor ərəbin mahnısı” Hüseyn Cavidin “Şeyx Sənan” adlı dram əsərinə Fikrət Əmirovun bəstələdiyi qəmli düşüncələr dolu bir mahnıdır; özü də, sadəcə, mahnı deyil, gözlərə şehli işıqlar gətirən şah əsərdir: paytaxtlar fəth eləmiş padşahyana paşaları belə, arazbarı ağladan! Özü də əgər korluq fiziki korluq deyil, mənəvi korluqdursa, bu mahnını Rəşid Behbudovun ifasında bir neçə dəfə dinləmək, dinləyib də gözlərinə səpmək yadigar yardımçı ola bilir.
…Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Joze Saramaqonun adı bəzi ağıllarda həm də “bəyaz fəlakət” kimi keçən “Korluq” romanında deyildiyi kimi, “onlar sonradan kor olanlar deyil, onlar elə əvvəldən kor qalanlardır”.
Fiziki korluqdan əziyyət çəkmiş Homer, Milton, Borxes kimi dahi yazarlar – şairlər, yazıçılar kor ola-ola dünyaya bu qədər işıq bəxş etmiş, nur saçmışlar!
Onların “işıq əlifbası”nı Qalaktika şairləri əzbər bilirlər!
Bu korlarla dolu dünyada şairlərin ümidlərini, gündüzlərini, baxışlarını əllərindən alırlar, ya da almağa çalışırlar, onlar isə yazırlar və ilk yaradılan şey olan Qələmə daha möhkəm sarılırlar, Qələmin nifaqdan uzaq nuruna boyanırlar.
Amma gündüzləri şairlərin əllərindən alanlar… gündüzləri urvatdan salırlar və bəzən şairin könlündən biryolluq qaranlıqlara yazılmış elegiyalarda yaşamaq keçir. Qaranlıqlara fleyta, ya kamança səsləri süzülə-süzülə…
Məlumdur ki, Yer kürəsi Günəş ətrafında hərəkət edir. Planetimiz gah bir tərəfini, gah da digər tərəfini günəşə çevirərək fasiləsiz olaraq öz oxu ətrafında dövr edir. Günəşin işıqlandırdığı tərəfdə gündüz, əks tərəfdə isə gecə olur.
Yəni Yer bir tərəfi ilə Günəşə tərəf çevrildikdə bu hissə daha çox işıq və istinin təsirinə məruz qalır və təbii olaraq planetimizin bu hissəsində gün başlayır, günəşə əks tərəfdə olan Yerin bir hissəsi isə “qaranlığa qərq olur” – burada gecə hökm sürür.
…Gecə – Günəşin Yer kürəsinin əks tərəfini işıqlandırdığı sutkanın qaranlıq vaxtıdır və s.
Lakin poeziya – qaranlıqlarla ya da gündüzlərlə bağlı yuxarıdakı qısa elmi məlumat xarakterli mətnləri deyil, “kim deyir ki, gecələr eləcə yatmaq üçündür?” və “gecə günəşi görə bilmirsənsə, ağlama, çünki göz yaşları içində ulduzları görə bilməzsən” misilli auralara köklənir.
Bəzi mənəvi korluqların intiharına səbəb olduğu Qalaktion haqqında yazıya başladığım ərəfədə onun “Mən və Gecə” adlı şeiri mənim bəzi gecə çiçəklərinə, məsələn, yabanı bəzək bitkisi olan gecə bənövşələrinə sevgimi çox artırmışdı. Birdən mənə belə gəlirdi ki, bir gecə yatmır, bir də mən, bir də gecə bənövşələri. Üstəlik də, gecə-gündüzün işıqlı hissəsi olan gündüzün bəzən elə bu cür işıqlı şairlərin xətrinə gecələrdən gəldiyini zənn edirdim. Başqa sözlə, bəzi qaranlıqları bəzi aydınlıqlara elə onlar çıxarırlarmış! Əlbəttə, uca Yaradanın yalnız yalqız şairlərə ünvanlanmış gizlin insaf izni ilə!
İlahiyyat təhsili olan Qalaktion “İncil”də qaranlıqlarla bağlı yazılanlardan xəbərsiz deyildi, təbii. “Biz gecənin övladları deyilik”, “…orada gecə olmayacaq”, ya da “Quran”dakı “And olsun o gecəyə ki, başdan-başa bərəkət və rəhmətlə dolu bir gecədir”, “And olsun hər günün dan yerinə!” kimi sitatlar şair qəlbinin sirli və qaranlıq tərəflərinin nura qovuşmasına az yardımçı olmayıb yəqin. Yoxsa Van Qoqa nə düşmüşdü ki, geçənin gündüzə nisbətən daha canlı, daha zəngin çalarları barədə söz salaydı, fırçası ilə ulduzlu gecələri əbədiləşdirəydi?
Qalaktionla poeziya qohumu olan, Qalaktion kimi poetik impulslarla yaşayan Nəcib Fazil qaranlıqlarla bağlı belə buyurur:
Gündüzlər sizə qalsın, verin qaranlıqları!..
…örtün, üstümə örtün, sərin qaranlıqları!
Şairi belə məcbur buraxırlar zülmət fanatları, zindan-məhbəs hərisləri!
“Gündüzlər sizə qalsın”, təki gecələrin təkcə yuxu-yatmaq üçün olmadığını siz də anlayasınız günün birində! Axı bütün sübh çağları, bütün sabahlar, hər günün başlanğıcı gecələrdən doğur! Axı əslində Günəş heç vaxt, heç yerdə gecələmir!
Başqa bir variasiya. Onun göz mayıflığına çarə düşünən göz həkimlərinə Aşıq Veysəl belə deyibmiş:
– Gözümü açarsınız, amma qorxuram o gözəl dünyadan əsər-əlamət görməyəm daha. İstəmirəm. Yaxşısı budur, öz daxili dünyamla məni tək buraxın!
Qalaktiona gəlincə, o, gecələri işığa qovuşduran bir sübh çağı, bir gündüzdür!
Ona görə, hər yer poeziyadır: Tiflis gecələrindən tutmuş, Şindisi çinarlarına qədər!
Bolnisi tuf daşlarından tutmuş, Quriya dağlarına qədər!
Efemeralardan Hamletin lirasına-lirikasına qədər!
“Qədər” yazarkən, bir sərhəd qoymaq fikrim yoxdur.
Çünki onun Qalaktikası sərhədsizdir!
Üstəlik də onun Efirdə uçmağını yaxşı duyuram, yaxşı görürəm dünyanın qızıl çıxan yeri kimi tanınmış Kazretinin qızılı gecələrində.
Bir də Tiflisin Azadlıq meydanında, ya da Parlament binasına yaxın mitinqsiz gecələrdə Ay düz Mtatsminda üstündə olanda…
O, bir lirik şeir növü olan elegiya idi; canlı elegiya!
Kədər hisslərində də, qəmli düşüncələrində də, hətta intiharı ilə də “salam, səhər!”, “salam, ümid!” deyirdi!
…Sirr deyil ki, o, öz “Öncə, Poeziya!”sı ilə Gürcüstanı ümidsizlikdən xilas eləyib!
Müəllifin başqa yazıları:
Bu dağların Abbası (retro)
Təkayaq (izomorfizm)
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Mükafat marafonu (praemium)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Borçalı butaforiyası (debüt)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Can (aqape)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Pikasso Əyriqarda (80×60)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Yetimdoyduran (al dente)
Şarlotta (təzadlar)
Epikür bağları (vegetasiya)
Yetim Gürcü (boheme)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
Əyriqar qalxanı (silentium)
Stokholm suvenirləri (trauer)
Kürəvi ildırım (versifikasiya)
Odissey Əyriqarda (eponim)
Toğlugötürən (motiv)
Ujurumda yaz havası (trayektoriya)
Vətənə güllə atmaq (transalp)
Qardaşım ədəbiyyat (litera)
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
Data Tutaşxia üçün tavakababı
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
Cümləmizin Cavid qapısı (vitraj)
Dinarın dörddə biri (irrasional)
Sərhəddə yaşamaq (senzitiv)
99-la 100 arası
Tiflisdə serotonin sevdası (senzitiv)
Sözün işığında yaşamaq
Rüzgarda ruhani element azlığı
“Çox yorğunam, məni gözləmə, kapitan…”
Ortacala cazibələri (manuskript)
Lima (xumar xronika)
Nərmə-nazik “Nizami ili”
Müəllifin kitabı:
“Yetimdoyduran” çıxıb