Taleyə qarşı peyvənd
- 18 Noyabr 2024
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Pedro Kalderonun “Həyat yuxudur” dini-fəlsəfi pyesi haqqında
Fəxri Uğurlu
Biz yuxularımızı əmələ gətirən cövhərdən yaranmışıq, bu miskin ömrümüz də yuxu haləsində keçir. Vilyam Şekspirin “Fırtına” tragikomediyasından
Kalderon ispan ədəbiyyatının Servantesdən sonra dünya miqyaslı ən böyük fiqurudur. Hələ yeniyetməykən qoşulduğu bir poeziya yarışmasında İspaniya intibahının zirvəsi, dövrün canlı əfsanəsi, diri klassiki Lope de Veqanın tərifini qazanması onun sənət gələcəyinə işıq dəhlizi açmış, bir kahinin, münəccimin peyğəmbəranə öncəgörməsi kimi gənc şairin ilhamına qanad vermişdi. Əsərlərinin fəlsəfi dərinliyinə, bədii gücünə görə Pedro Kalderonu özündən əvvəlki dramaturqlardan yalnız Vilyam Şekspirlə yanaşı qoymaq olar. Əbəs yerə onu “katoliklərin Şekspiri” adlandırmırlar. Başqa ədəbi formalarda yazdığı əsərlərdən savayı Kalderonun həm dram, həm də komediya janrında qələmə aldığı 120 pyesi dünya ədəbiyyatının qızıl fondunda yer almış qiymətli əsərlər kimi bu gün də qorunmaqdadır, onlardan bir qismi populyarlığını indiyəcən saxlayır, səhnələrdən düşmür, dərc olunur, dərsliklərə salınır.
Kalderonun uzun ömrü, məhsuldar yaradıcılığı Avropada intibahın böhrana girdiyi, qitənin bir hissəsində klassisizm cərəyanının, o biri hissəsində barokko məktəbinin təşəkkül tapdığı dövrə düşür. On yeddinci əsrlə bərabər doğulan dahi dramaturq səksən bir illik ömründə yeni dünyaya keçidin bir çox əlamətini yaxından izləmişdisə də, yaradıcılığı, düşüncəsi, həyat tərziylə qədim həqiqətlərə, minillik sınaqdan keçmiş laxlamaz-tərpənməz mənəvi imperativlərə həmişə sadiq qalmışdı. Əgər Kalderonla bir dövrdə yaşamış, klassisizm məktəbinə mənsub fransız dramaturqları (Kornel, Rasin, Molyer) antik yunan teatrının, Esxil, Sofokl, Evripid, Aristofan dramaturgiyasının ənənələrini, qədim dövrün ictimai ideallarını, sənət ehkamlarını, başqa sözlə, Aristotel məktəbini dirçəltməyi qarşıya məqsəd qoymuşdularsa, Kalderonun timsalında barokko cərəyanı özündən əvvəlki renessans epoxasının milli-demokratik, humanist, şən, optimist ruhundan yavaş-yavaş uzaqlaşıb başqa bir antik düşüncə məktəbinin – stoisizmin ideallarına qayıtmışdı.
On yeddinci əsrdə hakim mövqe qazanmış bədii-fəlsəfi platformaların timsalında belə bir bəlli gerçəyə bir daha şahid oluruq ki, bütün böyük ideyalar, parlaq fikir cərəyanları qədim dövrdə yaranıb, sonrakılar ondakıların hər dövrə, hər zamana uyğun yenidən şəkilləndirilməsidir. Bu məqamda müəllifini unutduğum bir şişirdilmiş mülahizəni də xatırlayıram: “Bütün dünya fəlsəfəsi Platonun dialoqlarına yazılmış şərhlərdən ibarətdir”. Ancaq buna qohumluğu çatan başqa bir mülahizəni qətiyyən şişirtmə saymaq olmaz ki, Platondan sonra yer üzünə ondan daha yüksək, daha üstün, daha möhtəşəm ideya hələ də gəlməyib.
***
Mütəxəssislərin ümumi rəyinə görə, “Həyat yuxudur” pyesi Pedro Kalderonun şah əsəridir. Barokkonun ortaya çıxmasından sonra da ləğvinə sərəncam verilməyən intibah dramaturgiyasından, o cümlədən komediya ustası Lope de Veqanın yaradıcılığından fərqli olaraq Kalderon teatr səhnəsinə fəlsəfi problematika gətirmişdi. Ona qədər dini-fəlsəfi mövzular esselərdə, traktatlarda, irili-xırdalı poetik əsərlərdə çözülərdi (əlbəttə, Şekspir yenə istisnadır), Kalderonun sayəsində teatr əyləncə mərkəzindən, katarsis çildağından, ictimai-tərbiyəvi institutdan fəlsəfi düşüncə mərkəzinə, asketizm məbədinə, stoisizm monastırına çevrildi. Ancaq Kalderon əqidə etibarıyla təkcə stoik deyildi, həm də dini təhsil almış katolik rahibiydi, bu baxımdan onun yaradıcılığını da antik yunan-Roma fəlsəfəsiylə xristian sxolastikasının calağı, sintezi saya bilərik.
Əsər oxucu-tamaşaçı kütləsinə 1635-ci ildə təqdim olunmuşdu. Məsələnin simvolik tərəfi budur ki, ispan intibahının, renessans dramaturgiyasının atası Lope de Veqa məhz həmin il dünyadan köçmüşdü. Fəqət bu gediş yalnız bir dahinin köçü deyildi, onunla birgə intibah estetikası da misli görünməmiş bir təntənəylə dəfn olunmuş, “Həyat yuxudur” pyesinin ortaya çıxmasının ardınca sənət meydanında barokko üslubunun hegemon cərəyana çevriləcəyi yeni fəlsəfi-estetik epoxaya girilmişdi.
Yeni məzmun, yeni mahiyyət yeni də forma istəyirdi. Klassik dramdan fərqli olaraq Kalderonun pyesi üç pərdədən, yaxud üç şəkildən (əslində, bu istilahların heç biri o bölgü vahidlərinə uyğun gəlmir, orijinalda buna “xornada” deyilir ki, bu söz də insanın bir gün ərzində keçdiyi ömür yolu anlamında işlənir) ibarətdir. Pyesdəki bədii zaman da məhz üç günü əhatə eləyir: birinci gün biz qəhrəmanların yeri-yurdu, keçmişi, əhvalı, düşüncəsi, məqamıyla tanış oluruq, bu hissədə əsası çoxdan qoyulmuş konfliktə təkan verilir; ikinci gün gərginlik kulminasiya həddinə çatır, əsəblər gərilir, xarakterlər açılır, obrazlar, prinsiplər toqquşur; üçüncü gün hadisələr də, xarakterlər də çözülür, hər fiqur şahmat taxtasının üstündə öz yerini tapır, hər kəs öz təyinatı üzrə hədəfinə yetişib gerçək taleyinə, dilədiyi qismətə qovuşur.
***
Rosaura adlı kişi qiyafəli kübar qadın Poloniya (Polşa) kralının sarayına yaxın yerdə nökəriylə birgə azır. Artıq toran qovuşsa da, ətrafda bir işartı, bir közərti görünmür. Birdən yolçular yaxınlıqda bir qalaça görürlər, qalanın divarları arasından göyə gileyli ah-nalə ucalır. Məlum olur ki, bu, zindanda zəncirə vurulmuş Sexizmundonun səsidir, o, gecə-gündüz kor taleyinə lənət oxuyur. Dünyaya göz açdığı gündən bu gənc həyatın sevincini dadmayıb, gün üzünə çıxarılmayıb. O, üzünü göylərə tutub fəryad qoparır, hansı günahın yiyəsi olduğunu, nəyə görə belə ağır cəza çəkdiyini soruşur. Ona elə gəlir ki, dünyaya gəlməyiylə Tanrını qəzəbləndirib, amma axı bu günahdan cəmi məxluqat pay götürüb, ona qalsa, bu cəzadan da hamıya pay düşür. Di gəl, göylərin sahibi təkcə ona qənim kəsilib. Sexizmundo özünü heyvanlarla, quşlarla, balıqlarla, çaylarla müqayisə eləyir, onların hər birinə hərəkət azadlığı verilib, Yaradan bircə ondan bu azadlığı əsirgəyib.
Qalaçanın qapısı açıq olduğundan Rosaurayla nökəri içəri keçirlər, Sexizmundo onları görəndə heyrətə gəlir, çünki bu yaşına qədər onu nəzarətdə saxlayan Klotaldodan özgə bir bəni-adəm görməyib. Odur ki, əvvəlcə onları öldürmək istəyir, sonra fikrindən daşınır, öz qəddarlığını vəhşi kimi qəfəsdə saxlanmasıyla izah eləyir. Zəncirə vurulduğu bu qala onun həm beşiyi, həm də məzarıdır. Qadın dustağı söhbətə tutur, ona təskinlik verib deyir ki, özünün də həyatı fəlakətlə, qəzavü-qədərlə doludur. Səsə gələn Klotaldo qala keşikçilərini haraylayır, onların hamısının üzüniqablı olması Rosauranı təəccübləndirir. Klotaldo çağırılmamış qonaqları ölümlə hədələyir, Sexizmundo bunun müqabilində deyir ki, onların başından bir tük əskik olsa, canına qəsd eləyəcək.
Keşikçilər dustağı aparırlar. Rosaura şpaqasını Klotaldoya göstərir, türmə nəzarətçisi bir zaman gözəl Violantaya bağışladığı yadigarı tanıyır. Klotaldo kişi qiyafəsinə bürünmüş Rosauranı öz oğlu sanır, buna görə də iki od arasında qalır: doğmaca övladını bəladan qurtarmaq qayğısınamı qalsın, yoxsa namuslu bir təbəə kimi borcunu yerinə yetirsin, qalaya icazəsiz dürtülmüş caniləri ədalət divanına təhvil verib kralın qəzəbinə gətirsin?..
***
Sarayda isə taxt-tacı təhvil-təslim eləməyə hazırlıq gedir, qocalıb əldən düşmüş kral Basilio özünə varis axtarır. Basilionun böyük bacısının qızı Estrelya öz xalası oğlu, kralın kiçik bacısının övladı, Moskovio (Moskva) hersoqu Astolfo ilə Polşa tacı uğrunda rəqabət aparır. Hersoq xalası qızını kompliment yağışına tutur, Estrelya onun təmtəraqlı sözlərinin səmimiyyətinə inanmasa da, Astolfonu sevir. Kral öz varislərinə qalada zəncirə vurdurduğu tək oğlundan danışır. Sexizmundonun dünyaya gəlməsi ərəfəsində münəccim ona bədbin proqnozlar verib, oğlunun qəddar bir tiran olacağını, valideynlərinə də, xalqa da bəlalar gətirəcəyini söyləyib. Həqiqətən də, Sexizmundo dünyaya gələr-gəlməz anasını o dünyaya göndərib; bunun ardınca günəşin üzü tutulub, yer üzünə zülmət qaranlıq çöküb. Bütün bunları nəhs əlamətlər kimi yozan kral ulduzların sözündən çıxmamağı qərara alıb, oğlunu zindana atdırandan sonra xalqa şahzadənin öldüyünü car çəkdirib.
İyirmi ildən bəri Sexizmundonu qəfəsdə saxladan kral ata indi əməlindən peşmandır, ulduzların hökmünü bir də sınaqdan keçirmək istəyir. Basilio qanunu pozmuş Rosaura ilə nökərinin günahını bağışlayır, ardınca da oğlunu zəncirdən açdırıb onu saraya gətirdir. Sexizmundoya yuxu dərmanı verirlər, şahzadə gözünü açanda özünü atasının sarayında, cah-cəlal, dəbdəbə içində görür. Şahzadənin ilk niyyəti Klotaldonun başını əkmək olur, çünki bu namərd qoca gün kimi aydın həqiqəti illər boyu ondan gizləyib, Sexizmundonun padşah oğlu olduğunu bəxtsiz, ümidsiz, kimsəsiz cavandan danıb. Qoca Klotaldo qəzəbli şahzadənin əlindən güclə qurtulur. Bibisi oğlu, Moskoviya şahzadəsi hersoq Astolfo ilə də Sexizmundo saymazyana davranır, onu özünə tay tutmur. Şahzadənin haqsız əmrinə boyun əymək istəməyən nökəri isə Sexizmundo eyvandan dənizə atır.
Onu heç bir səbəbsiz əsil-nəslindən, haqqından, azadlığından məhrum eləyib zəncirə vurdurmuş, şirin həyatı ondan ötrü zəhərə döndərmiş atasına da şahzadə nifrət bəsləyir, üstəlik, bunu kraldan gizlətmir də. Rosaurayla ikinci dəfə qarşılaşanda Sexizmundo onun namusuna əl uzadır, Klotaldo qızını ondan qorumağa çalışanda hersoq Astolfo qocanın üstündən gəlir. Qəzəbdən ağlını itirmiş şahzadə Moskva prinsiylə döyüşə atılır. Bu arada məlum olur ki, Rosaura buralara Astolfonun sorağıyla gəlib çıxıb. Onlar bir-birini seviblər, Astolfo qızın şəklini hələ də sinəsində gəzdirir. Estrelyaya hersoqun marağı isə sırf hakimiyyət hərisliyindən irəli gəlir, özü Polşa taxtına çıxa bilməsə belə kraliçanın əri olmaq da işə yarayar – Estrelya böyük bacının övladı olduğuna görə taxt-tacın ona keçmə ehtimalı az deyil.
***
Sexizmundo yaşadığı bütün acılara, əzablara, alçalmalara görə atasından qisas almaq istədiyini kralın üzünə söyləyir. Bundan sonra Basilionun səbri daşır, oğlunu yenidən həbsə göndərir. Sexizmundoya yenə yuxu dərmanı verirlər, şahzadə gözünü açanda özünü zindanda tapır. Klotaldo onu inandırmağa çalışır ki, sarayda olduğunu yuxuda görüb, ümumiyyətlə, hər cür həyat başdan-başa yuxudur. Şahzadəyə əyan olur ki, gördüyü şirin yuxu salındığı əbədi zindanın küncündə, gömüldüyü sonsuz qaranlığın dibində bir anlıq yanıb-sönən ötəri bir işıqmış. Bundan sonra onun beyni nurlanmağa, zülmətdən, həbsdən, nəhs taledən qurtuluşun gerçək yolunu aramağa başlayır.
Kral Basilionun Poloniya taxt-tacını Moskoviya şahzadəsinə təhvil verməyə hazırlaşdığını bilən camaat üsyana qalxır. Xalq bir yadellinin başa keçməsini istəmir, ona görə də Sexizmundonu həbsdən azad eləyib özünə rəhbər seçir. Şahzadə xalq hərəkatının başına keçir, onun qoşunu kral tərəfdarlarına qalib gəlir. Məğlub Basilio boynunu cəllad kötüyünün üstünə qoymağa hazırlaşdığı vaxt oğlundan gözləmədiyi davranış görür: Sexizmundo sadiq təbəə, vəfalı oğul kimi atasının ayaqlarına düşüb ona baş əyir, Allahdan onun günahlarının bağışlanmasını diləyir. Qəlbində Rosauraya gizli sevgi bəsləsə də, qızın Astolfoya meylini görüb hersoqu onunla evlənməyə, qızın qarşısında günahını yumağa çağırır. Hersoq Rosauranın rəiyyət qızı olduğunu bəhanə gətirəndə Klotaldo işə qarışır, bəlli olur ki, Rosaura onun qızıdır. Bundan sonra Astolfonun qaçmağa yeri qalmır, Rosaura (əslində elə Moskva prinsi də) diləyinə çatır. Estrelya isə yeni kralın qismətidir.
Beləcə, Sexizmundo hər kəsi öz haqqına, halal qismətinə qovuşdurur. Gənc kral qəfil əxlaqi dönüşünə, mənəvi oyanışına belə izah verir ki, göz açıb özünü yenidən qaranlıq, soyuq zindanda görməkdən qorxur, yuxu kimi qısa, ötəri xoşbəxtliyi doyunca dadmaq istəyir.
***
Pyesin üç bölümü (xornadası) mənəvi təkamülün üç mərhələsini simvolizə eləyir. Birinci xornadada Sexizmundo öz əslindən-kökündən, təyinatından, məqamından xəbərsiz cahil bir məxluqdur. O, Platonun qaranlıq mağarasında üzü divara zəncirə vurulmuş, kündəyə, məngənəyə salınmış, həqiqət işığından, haqq sədasından məhrum miskin varlıqlardan biridir. Birinci səhnədə qəhrəman vəhşi heyvan dərisindən kürkə bürünüb, çün özü də bir vəhşidir. Onun çılpaq qayalar, soyuq daşlar arasında keçmiş ömrü nə ünsiyyət, nə ülfət, nə əxlaq, nə sevgi tanıyır. İyirmi yaşına qədər ulduzların hökmü altında, fələyin türmə qanunlarına uyğun yaşayıb, başqa cür yaşamağın da mümkün olduğunu bilməyib. O yaşacan onun taleyinə ulduzların hərlənişi, fələyin gərdişi sərəncam verib.
İyirmi yaşa çatanda şahzadənin bəxti qəfil açılır, Sexizmundo zindandan birbaşa saraya köçürülür. Əynindəki heyvan dərisini şahzadə qiyafəsinə dəyişir. Taxt-tacın qəzəbli, kinli varisi ayağı yer tutandan sonra düşmənləriylə haqq-hesab çəkməyə girişir. Düşmənsə hər yandadır, sağ da, sol da, irəli də, geri də düşməndir. Çəkdiyi əzablara görə Sexizmundo hər kəsi baiskar tutur, hamını suçlu bilir. Halbuki günahkar ulduzlar, çərxi-fələk özüdür – kral Basilio ölkəsini, təbəəsini qorxunc bir tiranın caynağına verməmək üçün yeganə varisini zindana atdırmışdı. Həyat səhnəsinə çıxandan sonra şahzadənin davranışı ulduzların haqlı olduğunu bir daha sübuta yetirir. Odur ki, qəzəbli, kinli şahzadə daha çox qana əl batırmamış zindana qaytarılmalı, yenidən zəncirə vurulmalıdır.
Yeri gəlmişkən: Bu süjet mənə ikinci Səfəvi şahı Təhmasibin oğlu İsmayılın başına gələnləri xatırladır. Onu da atası iyirmi il – ta dünyadan köçənə qədər Qəhqəhə qalasında (qalanın adı da simvolikdir, insan əzablarından zövq alan fələyin istehzalı gülüşünə işarə vurur) dustaq saxlatmışdı. Tərəfdarları II Şah İsmayılı taxta çıxarandan sonra böyük Xətayinin adını daşıyan nəvəsi öz doğmalarına, cəddinin dostlarına, dövlətinin dayaqlarına necə divan tutmuşdusa, elə öz doğmasının da əliylə hakimiyyətinin ikinci ilində ondan güclə-birtəhər qurtulmuşdular. Pedro Kalderon bu qəziyyədən iyirmi neçə il sonra dünyaya gəlmişdi. Nə bilmək olar, bəlkə Şərqdə hökm sürən böyük bir imperiyada baş vermiş saray çevrilişlərinin sədası o zamanlar müsəlman dünyasına ruhən ən yaxın Qərb ölkəsinin paytaxtına da çatıb?..
***
İkinci dəfə zindana atılandan sonra Sexizmundo anlayır ki, həyat bir yatımlıq yuxudur, bu yuxunun şirinliyini günaha, cinayətə bulaşdırmaq haramdır. Anlayır ki, heyvanların, quşların, çayların, küləklərin azadlığı yalançı azadlıqdır, onlar təbiətin cızdığı xətdən qırağa çıxa bilməzlər. Gerçək azadlıq – düşüncə azadlığı, seçim sərbəstliyidir. Onun əxlaqi çevrilişi öz ruhunun qüdrətini, daxili azadlığını, mənəvi potensialını kəşf eləmək hesabına baş tutur. Sexizmundo azad iradəsinin gücüylə taleyinin boyunduruğundan çıxıb alın yazısını dəyişir, özünü yenidən yaradır, alnına yeni tale yazır. Fələyin, ulduzların hökmü bizim bədənimiz, yəni ehtiraslarımız, qorxularımız üzərində keçərlidir, könlümüzə, qəlbimizə İblisin əli girmir, çünki ora Allah evidir. Əgər bətnində Tanrı gücü daşıyan ruhumuzu səfərbərliyə alıb cismimizi aşa bilsək, kinimizi, nifrətimizi, tamahımızı, qorxumuzu yenə bilsək, İblisin tifağını xaraba qoymuş olarıq; onda fələyin, ulduzların bizə əsla dişi batmaz.
Kalderon deyir ki, ən böyük qələbə insan oğlunun özü üzərində qazandığı qələbədir. Özünə qalib gələn bütün dünyaya, külli kainata qalib gəlmiş sayılır. Bu, həm də yeganə gerçək, yeganə legitim qələbədir; qalan yalançı, qondarma qələbələrin aqibəti acı məğlubiyyət, ulduzların oyuncağına çevrilməkdir. Sexizmundo da yalnız özünü yenəndən sonra ulduzlu səmanın əsarətindən, fələk dustağı, şeytan nökəri olmaqdan qurtulur, səhnəyə üçüncü çıxışında həm özünün, həm özgələrin təyinatını tapır, hər kəsi ürəyinin arzusuna, gerçək qismətinə yetirir. O, stoisizm təliminin ən uca zirvələrindən birində qərar tutmuş böyük Mark Avreli kimi şöhrətli bir filosof-hökmdar olacaq. Ancaq biz onun ömrünün o yarısını görməyəcəyik, onu yalnız təsəvvürümüzə gətirə bilərik…
***
İnsan oğlu taleyinin yiyəsi deyil, harada, nə vaxt, hansı mühitdə, necə bir ailədə doğulacağını əvvəlcədən seçə bilmir. Bütün bunlar fələyin atdığı zərlə həllini tapır, taleyimiz – istər adını təsadüf qoyaq, istərsə də elmi-fəlsəfi adı determinizm olan səbəb-nəticə zənciri – hər nədirsə, o məlunun əlindədir. Fələk bu həyat səhnəsində hərəyə bir rol ayırıb, xoşumuza gəlsə də, gəlməsə də, o rolu oynayırıq, oynamağa məhkumuq. İstədiyimiz rolu almaq əlimizdə deyil, fəqət rolumuzu ləyaqətlə, istedadla oynamaq, ən xırda, epizodik rola da ürək qoymaq öz əlimizdədir. Azad könül hər yerdə, hər zamanda, hər şəraitdə ilahi iradəsini işə salıb yiyəsinin taleyini dəyişə bilər.
Zatən bəşər övladının bu dünyada tək müqəddəs vəzifəsi materiyanın asılılığından bacardıqca qurtulmaq, fiziki-coğrafi reallığın çərçivələrini qıra bildikcə qırmaq, bioloji aləmin basqısından mümkün qədər qorunmaq, bir sözlə, tale-qismət adı qoyduğumuz mərəzə peyvənd tapmaqdır. Bu gün biz genlərimizin çoxdan ölüb torpağa qarışmış ata-babamızın canından-qanından-sümüklərindən səbəb-nəticə adlı yük qatarıyla daşıyıb gətirdiyi neçə-neçə mərəzə qalib gələ biliriksə, təbiətin çürük yerindən təsadüf yelləriylə yayılan amansız virusların kökünü kəsə biliriksə, dünənəcən bizi öldürən xəstəlikləri bir iynəylə yuxuya verə biliriksə, demək, şeytani təsadüfün ilahi zərurətə, azadlığa bircə barmaq yer qoymayan determinizmin ruhun azad iradəsinə təslim olma prosesi uğurla gedir. Bu prosesdə, şübhəsiz, Kalderonun da şərəfli payı var.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər