Keçmişdə qalmış gələcək
- 07 Noyabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Con Miltonun “İtirilmiş cənnət” dini-mistik dastanı haqqında
Fəxri Uğurlu
On yeddinci yüzillik Avropada yeni dünyaya, yeni tarixə keçid əsridir. Həm ictimai-siyasi, həm də elmi-mədəni sahədə bir sıra kəşflərin, ixtiraların – məsələn, Con Lokkun liberalizm siyasi-fəlsəfi nəzəriyyəsinin, Nyutonun fiziki, Keplerin, Qalileyin (Milton İtaliyada olanda onunla görüşmüşdü) astronomik qanunlarının – təsbiti bu dövrə düşür. Fransada növbəti əsrin dünyanı kökündən dəyişəsi maarifçi demokratizminə cığır açan klassisizm sənət cərəyanı məhz bu dönəmdə yaranıb. Təsadüfi deyil ki, həmin dövrdə yaşamış Dekart yeni fəlsəfənin, Milton isə yeni ədəbiyyatın banisi sayılır.
Ancaq Miltonun boynuna bu missiya özündən xəbərsiz qoyulub. Məsələ burasındadır ki, Con Milton qatı bir xristian kimi öz dininin, peyğəmbərinin adını bir daha ucaltmaq üçün, Tanrıya sədaqətini sübuta yetirmək üçün bir növ əbədi ibadətə tən gələsi bir əsər yazmağı qarşısına məqsəd qoymuşdu. Bəli, “İtirilmiş cənnət” özündən əvvəlki “İlahi komediya”, özündən sonrakı “Faust” kimi məhz Allaha ibadət, göylər səltənətinə merac, ölməz həqiqətləri ziyarət məqsədiylə çıxılmış ruhani səfər, peyğəmbərlik missiyasıdır. Çoxları Şeytanı onun dini-fəlsəfi dastanının baş qəhrəmanı saysa da, şər tanrısı bu əsərin tək qəhrəmanı deyil, ondan yuxarıda qüdrətli Allah, bir də onun öz qüdrətindən pay verdiyi Tanrı oğlu Məsih var.
***
Fəqət sonrakı nəsillər, romantizm bayraqdarları poemanın bu yanlarını gözardına vurub İblisin sərgüzəştindən yapışdılar, əsərə şeytani rəng verməyə çalışdılar. Nə qədər qəribə olsa da, yeni poeziya Milton (yəni xristianlıq) ideyalarının yaşadılması, inkişafı sayəsində yox, ona qarşı çıxılması, onun təhrif olunması hesabına formalaşdı. Başda Bayronun yaradıcılığı olmaqla romantik ruhlu yeni Avropa ədəbiyyatının demonizmi birbaşa Miltonun Lüsiferindən ilhamlanıb. Hərçənd Şeytanı yeni dövrün yaradıcısı, kəşflər, ixtiralar müəllifi, inqilab bahadırı, respublika qəhrəmanı kimi qələmə vermək istər etik, istərsə də fəlsəfi baxımdan kökündən yanlışdır – həm Kromvelin, həm də Napoleonun təcrübəsi bunu sübuta yetirib. Bütün böyük dəyərlər şeytan xislətindən yox, Tanrı nurundan ərsəyə gəlir. İblis yaradan deyil, yamsılayandır, Şeytan dəyər istehsalçısı deyil, həqiqət istehlakçısıdır.
Eyni aqibət sonralar Dostoyevskinin də başına gəldi. İyirminci əsrin modernist ədəbiyyatı bir çox halda Fyodor Mixayloviçin mömin, peyğəmbəri obrazlarına yox, məhz şeytani obrazlarına, onların amansız iblisanə məntiqinə istinadla yarandı, Raskolnikov, Svidriqaylov, Roqojin, Terentyev, Stavrogin, Kirillov, Verxovenski, Dmitri Karamazov, İvan Karamazov, Smerdyakov kimi tiplər iyirminci əsrin reallıqları fonunda dondan-dona girdilər. Eynən Dostoyevski də özünün əsla bəyənmədiyi, qətiyyən qəbul eləmədiyi ideyalara, ədəbi-estetik, ictimai-siyasi cərəyanlara istəmədən nəfəs verdi, nifrət bəslədiyi şikəst əqidələrin qol-qanad açıb bütün dünyada populyarlıq qazanmasına meydan açdı. Əgər Fyodor Mixayloviçi yuxudan oyadıb desəydilər ki, Fridrix Nitsşe sənin mənfi qəhrəmanlarının ideyalarından ilhamlanıb, sonra o da öz növbəsində Hitler kimi bir cəlladı insan qəssabxanası yaratmağa ruhlandırıb, yəqin bir də bu dünyaya qayıtmaq istəməzdi.
Əminəm ki, Milton da Bayronun həyata baxışlarını bölüşməzdi, onun demonizmini yarımçıq həqiqət sayardı. Üsyankar, bədbin, küsəyən xələfindən fərqli olaraq o, poemasında cənnətin idillik gözəlliklərindən də bəhs açıb, xaosun, cəhənnəmin alternativini də göstərib.
***
Milton mənəviyyat yolunun dialektik inkişafı haqqında əsər yazsa da, çoxları bunu avtoritetlərə qarşı mübarizəyə, monarxiyaya qarşı qiyama çağırış kimi qələmə verib, bu gün də verməkdədir. Poemanı o səmtə yozanlar həm də dövrün reallıqlarına, on yeddinci əsrin ortalarında İngiltərədə baş vermiş siyasi-ictimai proseslərə istinad eləyirlər. Onlara görə, Tanrı obrazının arxasından devrilmiş kral Birinci Karlın, Lüsifer obrazının arxasındansa qiyamçı Kromvelin qulaqları görünür. Bu qənaəti bir fakt da möhkəmləndirir ki, Con Milton İngiltərə burjua inqilabının istər birinci, istərsə də ikinci mərhələsini yaxından izləmişdi, tarixi proseslərin birbaşa iştirakçısı olmuşdu. Əlbəttə, bütün bunlar onun dünyagörüşünə, yaradıcılığına təsir göstərməyə bilməzdi, ancaq bu kimi faktları yuxarı başa keçirməklə “İtirilmiş cənnət” poemasının alleqorik üslubda yazılmış siyasi ədəbiyyat olduğunu söyləyə bilmərik. Üstəlik, şair kralın edamına bəraət qazandırırdı, respublikaçılıq ideyasına, monarxiyanı devirmiş Kromvelə rəğbət bəsləyirdi, ona görə də onu asi, bədəməl İblislə eyniləşdirməzdi.
Milton özü deyirdi ki, ictimai mənafe güdən əsərlərini (məsələn, söz azadlığı haqqında nitqini, boşanma haqqında traktatını, yaxud siyasi pamfletlərini) sol əliylə, sənət, əbədiyyət naminə qoşduğu şeirləri, poemaları isə sağ əliylə qələmə alır. Onun şah əsəri, əlbəttə, sağ dəstiylə yazdığı (daha doğrusu, gözlərinin koralması üzündən diktə elədiyi) dini-mistik poema, etik-fəlsəfi dastandır. Di gəl, bu əsəri ayrı səmtə yozmağı heç kimə qadağan eləmək olmaz, necə ki, Kafkanın Qəsrini həşəmətli Fələyin yox, əlahəzrət Avstriya-Macarıstan imperatorunun kanselyariyasına bənzədənləri buna görə kimsə məhkəməyə, silistə çəkmir. Bu cür əbədi sənət əsərləri hansısa konkret bir dövrün hadisələrindən bəhrələnsə belə, bir dövrə, bir zamana bağlanıb qalmır, yoxsa həmin tarixi zaman bitər-bitməz həmin əsər də aktuallığını itirib unudulardı.
***
Tövratın “Varlıq” kitabının ikinci-üçüncü fəsilləri Adəmin, daha sonra onun qabırğasından Həvvanın yaradılmasını, onların cənnət bağında keçən azad, məsud günlərini, sonra idrak ağacından dadıb qəzəbə gəlmələrini, axırda cənnətdən qovulmalarını nağıl eləyir. Bu qəziyyə müqəddəs kitabın cəmi bir neçə səhifəsini tutur, Milton isə Tövrat ayələrinin arasındakı ağ yerləri doldurmaqla eyni mövzuda nəhəng bir poema yazıb. Yadınızdadırsa, Tomas Mannın “İosiflə qardaşları” romanından danışanda da bu məqamı vurğulamışdıq ki, müəllif vur-tut on-on beş səhifəlik Bibliya mətnindən oradakı boşluqları doldurmaq hesabına dörd kitablıq azman bir epopeya, dastan bağlayıb. Dini mətnlərin bir gözəlliyi də ondadır ki, sənətin hər növünə bu gün də mövzu verə bilir.
Qafiyəsiz nəzmlə qələmə alınmış “İtirilmiş cənnət” poeması on iki nəğmədən ibarətdir. Əsərin yazılması təqribən on ilə başa gəlib. Kitab işıq üzü görəndə müəllifin yaşı altmışı haqlamışdı. Ölkənin bəlalı günlərinin çoxu, şanlı inqilab, qanlı vətəndaş müharibəsi geridə qalmış, monarxiya bərpa olunmuşdu. O vaxtdan bəri bu əsər bütün mədəni xalqların dilinə çevrilib. Bu gün Miltonun poeması klassik dünya ədəbiyyatının pasportu sayılan şah əsərlərdən biridir.
Dastan bizi kainatın erkən çağına, insanın yeni yarandığı zamanlara aparır. Dünyada hələ yalnız Tanrı, bir də onun mələkləri var. Mələklərin ən seçiləni, ən diribaşı Lüsifer, yəni İblisdir. Əgər Hötenin Mefistofeli Allahla əlbir işləyir, onun gizli yardımçısı, məxfi agenti qismində çıxış eləyirsə, Miltonun Lüsiferi Tanrıya qarşı gerçək, səmimi düşmənçilik mövqeyində durub, niyyəti də kainatın hökmdarını taxtından salıb onun yerinə keçməkdir. Odur ki, göylər səltənətiylə cəhənnəm valisinin mübarizəsində oyun elementi yoxdur, bu savaş yetərincə ciddi, amansız savaşdır.
***
Cəhənnəmdə xaos qanunları hökm sürür. Ümumiyyətlə, Tanrının əli dəyməyən, Yaradanın nizam yaratmadığı hər yerdə xaos, nizamsızlıq at oynadır. Müqəddəs Avqustinin sözüylə desək, kainatda şər yoxdur, Allah şər yaratmayıb; qaranlıq varsa, demək, ora Tanrının işığı düşməyən yerdir. Xaos qanunları deyilən bir şey yoxdur, əslində, bu, qanunsuzluğun elə özüdür. Xaosda ölçü anlayışı da yoxdur, onun nə eni, nə boyu, nə hündürlüyü, nə də dərinliyi var. Burada zaman da işləmir, vaxt aylara, günlərə, saatlara bölünməyib (Qəribədir ki, Şərq mistiklərinin ilahi məkana, bəqa bəzminə aid elədiyi bu əlamətləri Milton xaosun, cəhənnəmin ünvanına yazır). Cəhənnəm əzəli Xaosun hökmü altındadır, buranı əlahəzrət Təsadüf idarə eləyir. Tomas Mannın “İosiflə qardaşları” tetralogiyasının müqəddiməsində deyildiyi kimi, materiya hələ formaya düşməyib, torpağa hələ Tanrının nizam əli dəyməyib. Günahla Ölüm cəhənnəmin keşikçiləridir.
Yer üzünün, insanların yaranmasından xeyli əvvəl Şeytan Allaha üsyan qaldırıb, üstəlik, mələklərin bir qismini də tərəfinə çəkə bilib. Zülmət, soyuq cəhənnəmə atılsa da, Şeytan inadından dönmür, qürurunu yenmir, gözdən salınmağıyla, məğlubiyyətiylə barışmır. Ondan ötrü cənnətdə nökərçilik eləməkdənsə, cəhənnəmdə ağalıq eləmək yeydir.
Cəhənnəm mələkləri yenə də İblisin məqamında (müəllif oranı Pandemoniya adlandırır) toplaşıb Tanrıya qarşı mübarizənin növbəti mərhələlərini çəkib-çevirirlər. Şeytan silahdaşlarına yeni dünyanın yaradıldığı, Tanrının o dünyaya mələklər qədər sevdiyi məxluqları yerləşdirəcəyi haqda məlumat verir. Kimisi cinlər ordusunu göylər səltənətinə təzədən hücuma keçməyə, kimisi də cəhənnəmin qaydaya salınmasıyla məşğul olmağa çağırır. Çoxluq bu fikirdədir ki, yeni dünyanı ələ keçirib Tanrıdan qisas almaq, bundan əvvəlsə cəhənnəm mələklərindən kimisə o dünyaya ezam eləmək lazımdır. Qərara gəlinir ki, yeni dünyaya elə cəhənnəm ağası özü getsin. Günahla Ölüm darvazaları Şeytanın üzünə açırlar, Xaos onu getdiyi ünvana çatdırır.
***
Allah uca taxtından həm keçmiş, həm də gələcək zamanı seyrə dalır, Şeytanın yeni dünyaya can atdığını da aydınca görür. Tanrı iradə azadlığı, xeyirlə şəri bir-birindən ayırmaq bəsirəti verdiyi insanın çöküşünü bəri başdan bilir, bunu tək Oğluna da söyləyir. Tanrı Oğlu bəşəriyyətin günahlarını öz çiyninə götürməyə razıdır. Ata Oğulun qurbanını qəbul eləyir, ancaq Allah bir məsələdə qərarlıdır ki, buna qədər insan oğlu Onun yasaqlarını pozduğuna, özünü Tanrıya tay tutduğuna görə cəzasını çəkməlidir. İndən belə bəşər nəsli ölümə məhkum olunacaq. Onları bu bəladan yalnız Məsihin qurbanlığı qurtara bilər. Ata Oğula ölümlü fani libasa bürünməyi tapşırır. Mələklər Tanrı Oğlunun səcdəsinə durur.
Bütün idealist təlimlərin, monoteist dinlərin qəlbini şübhə məngənəsində saxlayan, məntiqini laxladan ziddiyyət burada da tərs üzünü göstərir: əgər Tanrı olacaqları əvvəldən bilirdisə, insana verdiyi iradənin də harada işləyib-işləməyəcəyi Ona öncədən bəlliydisə, törətdiyi əməldə insan oğlunun hansı payı, nə günahı var? Qələm Allahın əlindədirsə, bəşəriyyətə cəza kəsməyin nə mənası var? Nəhayət, seçim azadlığıyla Tanrı yazğısı arasındakı təzadı aradan qaldırmağın hansı yolu, hansı metodu var?..
***
Ədəm bağına yetişən Şeytanı cənnətin gözəlliyi, ilk insanların mükəmməl görkəmi heyran qoyur, bununla belə İblis yenə Allahın planını pozmaq niyyətindən əl çəkmir. Bir qarğa cildində idrak ağacının budağına qonub, Adəmlə Həvvanı necə yoldan çıxarmalı olduğu barədə düşünür. Onların söhbətindən Şeytana bəlli olur ki, qonduğu ağacın meyvəsindən dadmaq Adəmlə Həvvaya yasaq olunub. Demək, onları bu qadağanı pozmağa təhrik eləmək lazımdır. Bundan ötrü Şeytan qurbağa donuna girib, şirin-şirin yatan Həvvanın başının üstünü kəsdirir, onun yuxusuna girməyə, fikirlərini dolaşdırmağa çalışır. Qoruyucu mələklər İblisin cənnətə soxulmasından xəbər tuturlar, Şeytan ifşa olunsa da, geri durmur, mübarizədən çəkilmir.
Səhər Həvva yuxusunu Adəmə danışır: kimsə onu idrak ağacının meyvəsindən dadmağa şirnikdirib, Həvva da o meyvəni yeməkdən misli görünməmiş bir həzz alıb. Bundan sonra mələklərdən biri Ədəm bağına enib Adəmə Allahla Şeytanın mübarizə tarixindən, İblisin qiyama qalxmasından, böyük döyüşdə məğlub olub cəhənnəmə çəkilməsindən, Tanrının dünyanı altı günə yaratmasından danışır. Adəm ona yaradılışın sirləriylə bağlı bəzi suallar verəndə mələk dərinə getməməyi məsləhət görür. Sonra da Adəm mələyə cənnətdə keçirdiyi günlərdən, Həvvaya rast gəlməsindən xatirələr danışır. Söhbətin sonunda mələk ona Tanrının yasaqlarını pozmamağı bir daha bərk-bərk tapşırıb vəzifəsinin başına qayıdır.
Şeytan bu dəfə duman şəklində Ədəm bağına dürtülür. Orada ilan cildinə girir, Həvvanı al dillə inandırır ki, idrak ağacının meyvəsindən dadmaqla dili açılıb. Həvva bir xeyli tərəddüddən sonra Şeytanın felinə uyub meyvədən yeyir. Meyvənin çox dadlı olduğunu görüb Adəmə də təklif eləyir. Adəm qadının yasağı pozmaqla ölümcül səhvə yol verdiyini anlasa da, Həvvadan ayrı düşməmək üçün idrak meyvəsinin dadına baxır. Bundan sonra hər ikisində şəhvət arzusu, cinsi istək yaranır.
Ona qədər Adəmlə Həvva arasında yalnız ruhani bağlılıq vardı, onlar cənnət bağında iç-içə, könül-könülə yaşayırdılar. Cismani münasibətə girəndən sonra isə hər ikisi xəcalət, peşmançılıq mərəzinə mübtəla olur, vicdan əzabı çəkir. Bunun ardınca ilk qadınla ilk kişi arasında xoş münasibət pozulur, özü də elə pozulur ki, günü bu günəcən düzəlməyib…
***
Baş verənlər Allahdan gizli deyil. Tanrı bircə Oğlunu günahkar bəndələr üzərində məhkəmə qurmağa göndərir. Fəqət Tanrı oğlu nəsilbənəsil ölümə, əzaba, min cür xəstəliyə, min cür bəlaya məhkum olunmuş zavallılara kin, qəzəb yox, rəhm, mərhəmət göstərir.
Şeytan isə bu dəmdə Xaosun çəkdiyi körpüylə cəhənnəminə qayıdır. Burada silahdaşları onu böyük sevinclə, təntənəylə qarşılayırlar. Günahla Ölüm sevincək yer üzünə doğru dartınırlar. Həvva Adəmə doğub-törəməkdən boyun qaçırmağı təklif eləyir, ancaq Adəm deyir ki, bu, Allahın qoyduğu daha bir qanunu pozmaq olacaq.
Tanrı Oğlu atasına insanın öz əməlindən peşman olduğunu, tövbə elədiyini çatdırır. Tanrı bundan razı qalsa da, deyir ki, daha günahkar bəndələr Ədəm bağında bəslənə bilməzlər. Onları cənnətdən çıxarmaq üçün Ədəmə mələk göndərilir. Mələk Həvvanı yuxuya verib Adəmə gələcəkdə baş verəsi mühüm hadisələri, o cümlədən Qabilin Habili qətlə yetirməsini, yer üzündə qövmlərin, xalqların yaranmasını, onların bir-birinə qənim kəsilməsini, Nuh tufanını, Babil qülləsinin tikilməsini, İbrahim peyğəmbərin oğlunu Tanrıya qurban vermək istəməsini, Yaqubun Misir torpağına köçməsini, Musanın yəhudiləri səhrada gəzdirməsini, Davudun, Süleymanın cah-cəlalını, nəhayət, İsa Məsihin zühurunu göstərir. İsanın çarmıxa çəkilməsindən sonra bəşər övladının imanı naziləcək, amma üzülməyəcək. Məsihin ikinci zühuru yer üzündə Şeytanın varlığına son qoyacaq, insan oğlu cənnətə əbədilik girəcək.
Bütün bunları – övladlarına bu dünyada hazırlanmış həyatı öz gözləriylə görəndən sonra Adəm-Həvva cütlüyü təskinlik tapıb cənnət bağından çıxır. Bəşər övladının gələcək taleyi nə qədər faciəli, acımalı olsa da, sonda xeyir, həqiqət, ədalət zəfər çalır. Miltonu özündən sonrakı epoxanın bədbin romantiklərindən, o cümlədən Bayrondan fərqləndirən başlıca cəhət də budur.
***
Ağıl, idrak niyə Adəmlə Həvvanı bədbəxt eləyir? Məsələ burasındadır ki, onlar cənnətdə təmiz, saf ruh kimi yaşayırdılar, nə bilməyə, öyrənməyə, nə də doğub-törəməyə ehtiyacları vardı. Onlar hələ əyinlərinə ehtiras donu geyinməmişdilər, başlarına ağıl çələngi qoymamışdılar. Bilmək, öyrənmək ağılın, doğub-törəmək bədənin tələbatıdır, ruhun bunlara ehtiyacı yoxdur. Ruh onsuz da hər şeyi bilir – bilik ona gərək deyil; ruh onsuz da ölümsüzdür – ölməmək, övladların canında gələcəyə sağ çıxmaq istəyi ona yad-yabançıdır. Odur ki, mən Adəmin əqli-kamal, Həvvanın hüsnü-camal timsalı kimi qələmə verilməsinin də tərəfdarı deyiləm.
Cənnətdə dərdsiz-qayğısız, ölümsüz-itkisiz dolaşan azad, bəxtiyar ruhun ağıl, idrak nəyinə gərək idi? Həmin ağılla o nəyin hesabını çəkəcəkdi, hansı məsələni həll eləyəcəkdi? Neçə ki bədən ilk insan üçün ruhun arabasıydı, onu dünyaya bağlayan rabitə qurğusuydu, onu göstərən şəffaf, parlaq güzgüydü, bəşərin ilk əcdadı da yer üzündə ruh kimi dolaşır, canının ağırlığını hiss eləmirdi. İdrak meyvəsini dadandan sonra hər şey dəyişdi, ağılın da, bədənin də öz maraqları ortaya çıxdı. Ruhla cismin, könüllə gövdənin birliyi, ittifaqı, vahidliyi pozuldu, ikisinin arasına sərhəd çəkildi, insan dualistik varlığa döndü. Ağıl ruhla bədənin, Tanrıyla Şeytanın savaş meydanına çevrildi.
Ondan bəri böyük ürəklər, işıqlı başlar bu dualizmi aradan qaldırıb bəşər övladını yenidən öz cənnətinə qaytarmağa, bədəni yenidən ruha təslim eləməyə, insanı yenidən ideal mərtəbəyə ucaldıb Tanrı məqamına çatdırmağa çalışırlar. Bu məntiqdən belə bir paradoksal nəticə hasil olur ki, bəşəriyyətin parlaq gələcəyi qızıl keçmişdə qalıb.
Biz bu yolun harasındayıq – demək çətindir. Ən pisi odur ki, hədəf bəlli, gün aydın, gözlər iti olsa da, çox vaxt aydın görünən hədəfi nişan almırıq. Alanda da oxumuzun çoxu yan keçir. Ona görə ki, hədəfə uzanan əllərimiz təmiz deyil, yay çəkən barmaqlarımız canımızın şirəsinə bulaşıb…
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər