Kainatın mühərriki ehtiraslar
- 30 Oktyabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Corc Qordon Bayronun “Don Juan” mənzum romanı haqqında
Fəxri Uğurlu
Bayron klassik Avropa ədəbiyyatının sonbeşiyidir. Onun otuz altı illk natamam ömrü qoca qitədə həm ictimai-siyasi tarixin, həm də fikir tarixinin yeniləndiyi dövrə düşür. Fəlsəfi-estetik baxımdan klassik şairlərlə bir cəbhədə təmsil olunsa da, Bayronun istər düşüncə sistemində, istərsə də üslubi dinamikasında yeni epoxaya keçidin əlamətləri aydın sezilir. “Manfred”, “Qabil” kimi dramatik poemalarında o, Dante (“İlahi komediya”), Milton (“İtirilmiş cənnət”), Höte (“Faust”) kimi ustadlardan qalma cığırla gedib dini-fəlsəfi misteriya janrına əl atırsa, “Don Juan” mənzum romanında biz onu realizmə, satirik janra xeyli yaxınlaşan görürük. Yəni həm bir sənətkar, həm bir mütəfəkkir kimi onun bir əli ötən on səkkizinci, bir əli gələn on doqquzuncu yüzillikdəydi.
Dövr elə bir dövr idi ki, zamanı çalxalayan qanlı inqilabların, qitəni silkələyən qlobal savaşların fonunda Bayronun yaşıdları qol çırmayıb yeni ədəbi-fəlsəfi tendensiyaların təməlini atırdılar: Stendal söz sənətini oturuşmuş ədəbi ehkamların, daşlaşmış mənzum forma qəliblərinin monopoliyasından qurtarmaq üçün nəsrə, romana təzə nəfəs verirdi, Şopenhauer klassik fikir avtoritetlərinə, ələlxüsus Hegel adlı bütə qarşı qiyama qalxıb fəlsəfəni həm ideya-məzmun, həm də forma-üslub baxımından yeni məcraya yönəltmək üçün tənha cəngavər sayağı döyüşürdü. Ancaq onların populyarlığı Bayrona baxmış xeyli yubandı, çünki Bayron yeniliyə, yeni dünyanın qurulmasına nə qədər meyilli olsa da, özündən sonrakı fəlsəfi-estetik düşüncəyə, ədəbi zövqə böyük təsir göstərsə də, eynən yeni yüzildə ondan hələ yeddi-səkkiz il də artıq yaşamış ustadı Höte kimi mahiyyətcə on səkkizinci əsrin şairiydi; Stendal, Şopenhauer isə üzünü gələcək nəsillərə tutmuşdu, sözünü təzə əsrdə mayalanası beyinlərə hesablamışdı, buna görə də onların yaradıcı metodlarının populyarlaşması, prinsiplərinin aktuallaşması yubandı. Bu mənada ondan günəgün beş il əvvəl dünyaya gəlmiş Stendal da, ondan cəmisi bir ay sonra doğulmuş Şopenhauer də fəlsəfi-estetik yaşına görə Bayrondan bir xeyli cavandır.
***
Populyarlıqdan danışdıqsa, bunu da deyək ki, Bayronun öz dövründəki şöhrəti söz-sənət tarixində tək-tək adamın məşhurluğuyla müqayisəyə gələr. İlk iri həcmli əsəri olan “Çayld-Haroldun səyahətnaməsi” poemasının birinci-ikinci nəğmələri işıq üzü görər-görməz poemanın iyirmi iki yaşlı müəllifi Londonun, tezliklə həm də bütün Avropanın şeir-sənət generalları sırasında fəxri yer aldı. Təkcə bunu demək yetər ki, əsərin on dörd min nüsxəsi bircə günün içində satılıb qurtarmışdı. O dövr üçün bu, çox böyük, fantastik göstəriciydi.
Bayronun populyarlığı o dərəcəyə çatmışdı ki, onun hətta axsamağını da yamsılayırdılar, hərçənd o özü anadangəlmə qüsuruyla hər zaman mübarizə aparır, psixologiyasına uşaqlıqdan zədələr vurmuş fiziki çatışmazlığını gizləmək üçün dəridən-qabıqdan çıxır, əzələ yarışında heç kimdən zəif olmadığını sübuta yetirməkdən ötrü cürbəcür idman sahələrində böyük hünərlər göstərir, xüsusən də üzgüçülükdə ağlasığmaz rekordlara imza atırdı. Gözəl kübar qadınlar son dərəcə yaraşıqlı, bir o qədər də istedadlı gənc şairin görüşünə getməyi özləri üçün müqəddəs ziyarət sayırdılar.
***
Bayronun əsərlərini ömürlüyündən ayrı nəzərdən keçirmək mümkün deyil. Onun poemalarının, demək olar, bütün baş qəhrəmanları avtobioqrafik obrazlardır. Bu mənada Bayron əsərlərinin həm müəllifi, həm də aparıcı personajıdır. Onun uzun sürməyən həyatı da möhtəşəm bir bədii əsər kimi yaşanıb; bu əsərin fəsilləri təkcə parlaq uğurlardan, gözqamaşdırıcı şan-şöhrətdən, ilham fırtınalarından ibarət deyil, onun səhifələrində ağlı-qaralı ləkələr, bədbinlik, iflas, rüsvaylıq, qəriblik, könüllü sürgün də var.
Əgər ona bir personaj – öz ömrünün baş qəhrəmanı kimi baxsaq, aləmə demonik nur saçan bu gəncin ətli-canlı vücudunda Şekspirin bəxtsiz oğlu Hamletdən də nişanələr tapa bilərik, onu Şopenhauerin nə istədiyini bilmədən müdam sağa-sola əsən çılğın iradəsinə, Ştirnerin öz qəlbinin istəyindən, öz ekzistensiyasının diktəsindən başqa heç bir qanun, heç bir norma tanımayan bircəsinə, təkrarsız təkcəsinə də tay tuta bilərik, üzünü görməyəcəyi Turgenevin bəlkə də bayronizmin təsiriylə yaratdığı, eynən şairin özü kimi şəhərlərə, ölkələrə sığmayan, yad ölkənin, özgə millətin savaşında zavala gələn Rudinə də qohum çıxara bilərik. Təəssüf ki, bu dünya hələ dahiləri sağlığında xoşbəxt eləyə biləcək həddə kamilləşməyib.
Uzağa getməyək, elə rus ədəbiyyatının dünya ədəbiyyatı səviyyəsinə ucalmasında Bayronun birbaşa iştirakı var. Böyük rus poeziyasının iki coşqun qaynağının ikisi də – Puşkin də, Lermontov da dahi ingilis şairinə pərəstiş eləyirdi, onu təqlid eləyirdi. Puşkinin Onegini də, Lermontovun Peçorini də bayronik qəhrəmanlardır, necə deyərlər, onun şinelindən çıxıblar. Bu böyük rus şairləri də öz növbələrində cahanşümul rus nəsrini yaratmış dahilərin yetişməsinə, rus dilinin ədəbiyyat dili kimi formalaşmasına çox güclü təsir göstəriblər. Dolayısıyla götürəndə belə çıxır ki, Bayronun azman rus yazıçılarını, o cümlədən Qonçarovu, Turgenevi, Dostoyevskini, Tolstoyu yetirmiş ədəbi mühitin yaranmasında misilsiz xidməti olub. Bu, hələ onun bir köynək uzağa sıçrayan təsiridir, gör bu çılğın ingilis qitənin içərilərində nə tufanlar qoparıb!
***
Klassik Avropa ədəbiyyatının artıq çoxdan mifik təfəkkür faktına çevrilmiş, folklor səviyyəsinə ucalmış, başlıca arxetiplər sırasında əbədi yer tutmuş dörd parlaq obrazı var – Hamlet, Don Kixot, Faust, bir də Don Juan. Dini şüur üçün Adəm, Nuh, İbrahim, Yusif, Davud, Süleyman, Musa, İsa kimi peyğəmbərlərin obrazı nədirsə (ona görə obraz deyirəm ki, onların gerçək varlığı haqqında heç bir tarixi sənəd yoxdur), ədəbi düşüncə baxımından da bu surətlər həmən gücdədir. Adını tutduğum obrazlar Qərb insanını yedəyində bu günəcən gətirib çıxarıb, indi də eyni minvalla gələcəyə aparır.
Bir möhtəşəm obraz bəzən bütöv bir epoxanın yaranmasına təkan verir, neçə qat insan nəslinin beynini mayalayır, həyatını, davranışlarını şərtləndirir. Məsələn, Nitsşe Dostoyevskidən çox təsirlənmişdi, ancaq onun ideal saydığı obrazlardan yox, məhz böyük yazıçının şeytani qəhrəmanlarından. Dostoyevskinin fövqəlinsanlıq iddiasına düşən şöhrət divanələrini sözün hərfi mənasında qəhrəmana çevirməklə Nitsşe özündən sonrakı bütöv bir epoxanın taleyinə fərman verdi. Çoxu filosofları bu kimi məsələlərdə təmizə çıxarmağa çalışsa da, Almaniyada (dolayısıyla həm də bütün Avropada) totalitar düşüncənin, faşizmin kök atmasında Nitsşenin (eləcə də Hegel başda olmaqla bəzi klassik alman mütəfəkkirlərinin) rolu danılmazdır.
Yaxud başqa bir misal: Tomas Mann iyirminci yüzillikdə iki möhtəşəm arxetipə yeni həyat, yeni nəfəs verdi: “İosiflə qardaşları” tetralogiyasında Allahla “işgüzar” əlaqəyə girən bəsirətli Yusif peyğəmbərə, “Doktor Faustus” romanında Şeytanla müqavilə bağlayan günahkar Fausta. Dövran dəyişdikcə qədim obrazlar yeni qiyafədə, təzə libasda dönə-dönə zühura gəlir. Bu isə o deməkdir ki, həmin obrazlar, Yunqun təbiriylə desək, bəşəriyyətin ortaq təhtəlşüurunda özünə əbədi yuva qurub. Don Juan da belə obrazlardan biridir.
***
Bayrondan əvvəl də, sonra da donjuanlıq mövzusunda xeyli əsər yazılıb. Bunlardan ən çox tanınanı ispan şairi Tirso de Molinanın on yeddinci əsrin birinci yarısında yazılmış pyesi, ondan da məşhuru eyni yüzilliyin ikinci yarısında yazıb-yaratmış böyük fransız dramaturqu Jan-Batist Molyerin “Don Juan” komediyasıdır.
Molina rahib idi, onun insanları günahlardan daşındırmaq məqsədi güdən əsəri tərbiyəvi əhəmiyyət daşıyırdı. Molyer isə klassisizm cərəyanının öncül nümayəndələrindən idi, bu cərəyanın oturuşmuş etik-estetik kanonları vardı, özünü klassisizm məktəbinin müdavimi sayan sənətkarlar həmin kanonlara ciddi əməl eləyirdilər, cızdıqları çərçivəyə sığmayan müəllifləri kulta çevirmirdilər, bu səbəbdən hətta Şekspiri də böyük sənətkar saymırdılar. Prinsipcə, əsərlərində insan xislətinin mənfi cəhətlərini (xəsislik, fırıldaqçılıq, şübhəbazlıq, şəhvətpərəstlik…) hədəfə alan Molyerin də pyesini tərbiyəvi əsər saya bilərik. Klassisizm dövrünün etik-fəlsəfi idealları sonrakı maarifçilik əsrinin ideallarına çox yaxındır – Molyer də Don Juanın timsalında sümsük bir arvadbazın, yalançı aşiqin, fırıldaqçı şəhvət düşkününün aqibətini göstərib.
***
Bayronun Don Juanını isə belə sadə düsturla qiymətləndirmək olmaz. Onun qəhrəmanı klassik əcdadlarından çox seçilir. Bayronun yaratdığı obrazın gerçək prototipi şair özüdür. Onun Don Juanı da müəllifi kimi ölkəsinin hüdudlarına sığmayan, din, dövlət, qanun, adət, vətən, sərhəd tanımayan bir anarxistdir. Romanın qəhrəmanı əzib-əzilənlərin, qara kütlənin, kralların, sultanların olmadığı yeni dünya, ideal cəmiyyət arzusundadır. O, can verməkdə olan əski dünyanı nəhəng bir qiyamət mərasimiylə dəfn eləyib, kainatın mayası ilkin, əzəli xaosdan yeni, azad dünya yoğurmaq istəyir. Bayron dövrünün düşünən insanlarını köhnə dünyanın cəmdəyinə darışmış ac qurdlara bənzədir.
Don Juanın başlıca məqsədi qadın ovlamaq deyil, qadınlar arasında da öz idealını tapıb ona qovuşmaqdır. Bu səbəbdən o, təkcə dinə, dövlətə, cəmiyyətə münasibətdə yox, ailəyə, qadına münasibətdə də anarxizm mövqeyindən çıxış eləyir. Eynən müəllifin özü kimi o, yalnız bir ailəyə, yalnız bir qadına ömürlük bağlanıb qalmaq istəmir, sərxoş bir arı kimi daim güldən-gülə qonur. Bəlkə də divanə aşiq öz idealını heç bir vaxt tapmayacaq, bəlkə belə bir ideal ona heç lazım da deyil, o həmişə elə bu cür, ətirli çiçəkləri qoxulaya-qoxulaya, bir sevdadan başqasına qona-qona yaşamaq istəyir. Bu yürüşdə o öz qismətini tapıb sərgüzəştini başa vura da bilər (əgər belə bir qismət gerçəkdən varsa), ömrü boyu hər güldən, hər meyvədən bir şirə çəkə-çəkə dünyanı dolaşa da.
Bayron özü məhz belə yaşamışdı – nə üç yaşı olanda itirdiyi atasına, nə əsilli-nəcabətli əsəbi anasına dərindən bağlanmışdı; hətta pozğun, gəzəyən bir şairdən ötrü ideal sayıla biləsi qadınını da yanında saxlaya bilməmişdi; arvadının ata evində dünyaya gətirdiyi yeganə övladının üzünü, demək olar, görməmişdi; atabir ögey bacısıyla insestual əlaqəyə girdiyi haqda söz-söhbət yayılanda o, cinayətini danmaq, örtüb-basdırmaq qayğısına belə qalmamışdı, təbiət qanunlarına münasibətdə belə anarxistcə davranmışdı; nəhayət, ictimai basqıya dözməyib 1816-cı ildə vətənindən biryolluq ayrılmışdı, ölkələri dolaşa-dolaşa gedib yunan torpaqlarına çıxmışdı, yunanların Osmanlı imperiyasına qarşı apardığı milli-azadlıq mübarizəsinə qoşulmuşdu, elə oradaca xəstəlik tapıb 1824-cü ilin yazında canını antik tanrılara tapşırmışdı.
***
Özünün şah əsəri kim nəzərdə tutduğu “Don Juan” mənzum romanını Bayron ölümündən beş il əvvəl yazmağa başlamışdı. Əsər 24 nəğmədən (fəsildən) ibarət olmalıydı, ancaq şair yalnız 16 nəğməni tamamlaya bilmişdi, 17-ci fəsil isə yarımçıq qalmışdı. Hər nəğmə oktava adlandırılan səkkizlik bəndlərlə qələmə alınıb.
On altı yaşı olanda Juan Donya Yuliya adlı gənc qadına vurulur, qarşılıqlı razılıq əsasında onunla sevgi əlaqəsinə girir. Qadının əlli yaşlı qısqanc əri arvadının xəyanətindən xəbər tutanda Yuliyanı boşayıb monastıra göndərir. Juanı isə anası xata-bəladan uzaqlaşdırıb uzaq diyarlara yollayır. Bundan sonra qəhrəman macəralar, sərgüzəştlərlə dolu bir dövrə qədəm qoyur. Onu bu səfər boyu iki nökəri, bir də çoxlu dil bilən müəllimi müşayiət eləyir. Onları aparan gəmi əvvəl tufana, sonra da ştilə düşür, ərzaq ehtiyatı tükənəndə yolçular dişə dəyən nə varsa hamısını, dişə vurmağa bir çöp qalmayanda bir-birini yeməyə başlayırlar. Juanın sevimli ustadı da bu arada güdaza gedir.
Sahilə təkcə Don Juan salamat çatır. Onu Qayde adlı gözəl bir yunan qızı xilas eləyir, zəifləyib əldən düşmüş gəncin qulluğunda durur. Məlum olur ki, bura bir yunan adasıdır. Qaydenin atası zalım dəniz quldurudur, qız qorxur ki, oğlanı evə aparsa, atası Juanı qul adına satacaq, buna görə də onu gizli mağarada saxlayıb bəsləyir. Juanla Qayde bir-birinə aşiq olurlar. Oğlan onun ucbatından monastıra gömülən keçmiş sevgilisini artıq unudub, ancaq müəllif onu əsla qınamır, guya elə belə də olmalıdır.
Qaydenin atası işdən xəbər tutanda Juanı yaralayır, sonra onu satlıq kölə adıyla bir gəmiyə mindirib adadan uzaqlaşdırır. Qız tezliklə xiffətdən ölür, onun eşqi dillərə düşür. Az keçmiş atası da qızının dalınca gedir.
Əsirləri İstanbulun kölə bazarında satırlar. Juan bir xədimin əliylə sultanın hərəmxanasına düşür. Padşahın hərəmlərindən biri ona diqqət yetirir, kimliyi bilinməsin deyə Don Juana zənən paltarı geyindirirlər. İşin üstü açılanda xanımın köləni qaçırtmaqdan savayı çıxış yolu qalmır. Don Juan bu səfər türklərlə savaşan rus ordusunun düşərgəsində peyda olur. Qələbə müjdəsini Yekaterinaya çatdırmaq üçün Suvorov onu xüsusi məktubla Peterburqa göndərir. Burada Don Juan çariçanın sevimlisinə çevrilir. Ancaq Rusiya paytaxtının havası ona düşmədiyindən Juan tezliklə xəstələnir, Yekaterina onu İngiltərəyə göndərməyə məcbur olur.
Sevilyadan yola çıxan ispan zadəganı, nəhayət, Bayronun vətəninə varid olur. Artıq onun iyirmi bir yaşı var. Burada da o, kübar cəmiyyətin diqqətini çəkir, gənc xanımlar onun başına fırlanırlar. Fəqət bundan sonrasını, qəhrəmanın daha hansı macəralar yaşayacağını, Don Juanın aqibətinin necə olacağını biz bilmirik. Belə deyirlər ki, müəllifin planı sevimli qəhrəmanını daha bir neçə ölkə – Almaniya, İtaliya, İspaniya boyunca gəzdirəndən sonra Parisə aparıb çıxarmaq, Böyük Fransa burjua inqilabının barrikadalarında onun sərgərdan ömrünə, bəlalı taleyinə son nöqtə qoymaq olub. Turgenevin Rudini də sonda məhz belə bir aqibətə tuş gəlmişdi. Yəqin ki, Don Juanın nakam taleyi bu məsələyə təsirsiz ötüşməmişdi…
***
Onun yaradıcılığına Şillerin təsiri barədə düşünəndə istər-istəməz “Qaçaqlar” dramıyla Bayronun “Şərq poemaları” silsiləsindən yazdığı “Dəniz qulduru” mənzum povestini tutuşdurmalı olursan. Şiller estet idi, inanırdı ki, estetik baxımdan düzgün tərbiyə olunmuş insan sonda etik cəhətdən də doğru nəticəyə gələcək. Bayron da estetdir, ancaq onun etik-əxlaqi platforması Şillerin qənaətindən bir medalın ikincü üzü qədər uzaqdır.
Əgər Şillerin qisasçı qəhrəmanı qaçaq Karl Moor sonda epikürçü-anarxist mövqeyindən geri çəkilir, aşıb-daşan, qanla suvarılan ehtirasını cilovlayıb stoisizmə, asketizmə yuvarlanır, ədalət məhkəməsinə könüllü təslim olursa, Bayronun qisasçı qəhrəmanı pirat Konrad divan-tərəzini özü qurur. Azadlıq uğrunda savaşmaq, bu yolda başqalarını öldürmək onun legitim haqqıdır, o, zalımdan intiqam almaq, azadlığını qan bahasına qorumaq haqqıyla ümumbəşəri etik prinsiplər arasında bir təzad görmür. İnsanı öldürməyi yasaq buyuran xristianlıq ehkamı da onun əl-qolunu bağlamır, o, müsəlman paşalarıyla din-şəriət cəbhəsində yox, azadlıq uğrunda savaşır. Onun dini də, məzhəbi də fərdi azadlığını qorumaq, heç kimsəni öz çəpərindən içəri buraxmamaq, başqa sözlə, anarxizmdir.
Şiller tipik bir zahid kimi varlığımızın kainatın mühərriki sayılmağa layiq ehtirasları bəsləyib işə salan yanını demonik başlanğıc, şeytani qaynaq hesab eləyirsə, Bayron da öz rindanə düşüncəsiylə vücudumuzun qorxuları, ağrıları, əzabları barındıran qütbünü demonlaşdırır, azadlıq, dinclik uğrunda mübarizədə məhz o qütbü hədəf seçir. Bayronun aparıcı personajları (o cümlədən Don Juan) qorxunun, zülmün əsarətindən qurtulub həyatın dadını duymaq istəyən epikürçü tiplərdir. Bu baxımdan onu Ştirnerin, Bodlerin, Turgenevin, özündən sonrakı bütün fərdiyyətçilərin əcdadı saymaq olar.
***
Donjuanlıq əbədi mövzu kimi sonrakı dönəmlərdə də ədəbiyyatın diqqətindən qıraqda qalmadı. Henri Millerin ötən əsrin birinci yarısında işıq üzü görmüş “Xərçəng tropiki”, Qabriel Qarsia Markesin əsrin ikinci yarısında yazılmış “Vəbalı çağda sevgi” romanlarını bu mövzuya qayıdış kimi dəyərləndirmək olar. Hətta Nabokovun “Lolita” romanının qəhrəmanı Qumberti də Don Juanın yeni dövrdə zühur eləmiş monoqamlığa meyilli çağdaş versiyası saya bilərik.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər