Firuzə Davudqızı
Bütün sevdiklərim bir arada ikən təkcə Türkan bizimlə deyildi. Mən onun Ruslanla ailə qurduğunu və bu nikahdan bir oğlan və qız övladı dünyaya gətirdiyini, üstəlik, oğluna Salehin adını verdiyini də eşitmişdim.
Fatimə mənə nağıl etmişdi ki, Türkan ötən il həyat yoldaşı və övladları ilə xarici ölkələrdən birində səfərdə olarkən qaldıqları otelin yaxınlığında, küçədə avtomobilin qarşısına səfil həyatı yaşayan, küçədə gecələyən, nimdaş geyimdə, üst-başı çirkli bir adam çıxır. Ac olduğunu və qarnını doyurması üçün ona yardım etmələrini xahiş edir. Türkan həyat yoldaşından onu əliboş geri qaytarmamasını xahiş edərkən həmin adamın qəribə və sarsılmış ifadə ilə Türkanı süzdüyünü görəndə yer-göy başına fırlanır. Ona zillənmiş bir cüt viranə baxışdan Türkan Şahini tanıyır. Onun avtomobildə olan övladlarını necə qüssə ilə süzdüyü də nəzərindən yayınmır.
Həyat təsadüflərlə dolu olsa da, bu, Şahinin illər əvvəl öz əli və istəyi ilə cızdığı yol idi və ağlagəlməz bir məqamda, xəyal etmədiyi bir nöqtədə kəsişmişdi.
Şahin illərlə yanıb tutuşduğu bu eşq uğrunda ailəsini gözünü qırpmadan dağıdıb rus qızının ardınca vətənini tərk etmişdi. Yad məmləkətə gəldikdən və aradan bir müddət keçəndən sonra pulu bitir. Vaxt ötür, lakin işləri yolunda getmir. Sevgilisi onun müflisləşdiyini sezən kimi Şahini tərk edir. Günləri bir-birindən ağır gələn Şahin daha vətənə – valideynlərinin yanına qayıtmağa cəsarət etmir. Elə o vaxtdan da səfil həyatı başlanır.
Şahin Türkanın onu tanıdığını hiss edən kimi Ruslanın ona uzatdığı pulu almadan sürətlə oradan uzaqlaşır. Türkan isə bu hadisədən sonra uzun müddət özünə gələ bilmir.
Türkanla bir də nə vaxtsa üz-üzə gələcəyini ağlından keçirməyən Şahin onu övladları və həyat yoldaşı ilə birlikdə görməsi ilə həyatdan layiqli cavab aldığını dərk etmiş olur. Amma istəyərək atılan yanlış addımın peşmanlığı heç nəyə fayda etməyəcək qədər faydasızdır.
…Məclisin davamında Araz danışmaq üçün izn istəyib atasına hədiyyəsi olduğunu bildirdi. Və Azadın ona uzatdığı xüsusi bağlamanı qardaşından alıb üzünü atasına tutdu:
– Bütün həyatım boyu sənə layiq olmağa çalışacam, ata! Mən səninlə fəxr edirəm! Bunun üçün Tanrıya minnətdaram və özümü xoşbəxt hesab edirəm ki, Tanrı mənə sənin övladın olmaq şansını verib! – Bağlamanı atasına təqdim edib, daha sonra ona sarıldı.
Qardaşının ardınca Azad da atasını qucaqlayıb doğum gününü təbrik elədi:
– Qardaşımın sözlərinə qatılıram! Yaxşı ki, varsan, bizimləsən!
Bu mənzərə masa ətrafında olan bütün qonaqlara kövrək hisslər yaşatdı. Araz hədiyyəni işarə edib, təkidlə:
– Ata, çox istəyirəm ki, nə olduğuna baxasan, – dedi.
Azər duyğulanmış halda oğlanlarını süzüb, onların xahişini yerə salmadı. Bağlamanı açdı. Bağlamadan çıxan kitabın üz qabığında yazılan söz ilk öncə Azərin, daha sonra masadakıların marağına səbəb oldu – “Reportyorlar”.
Azər qaçaraq bir baxışla dostlarını, oğlanlarını süzərək kitabın ilk səhifəsinə nəzər saldı.
“Onlar üç dost idilər. Uşaqlıq illəri bir yerdə keçmişdi. Sonradan televiziya sahəsində yolları kəsişən dostları indi bir amal birləşdirirdi.
Altı ilə yaxın Moskva Dövlət Televiziyasında telereportyor kimi fəaliyyət göstərdikdən sonra Azər bir neçə ay olardı ki, yenidən vətənə dönmüşdü.
Peşəsi ilə bağlı arzuları, ideyaları vardı. Çox arzusunda idi ki, gələcəkdə müstəqil bir studiya yaratsın. Senzurasız, azad.
Amma həyat hər zaman istədiyini verməz insana. Hardan bilə bilərdi ki, acı tale və amansız müharibə bütün arzu-niyyətlərinə balta çalacaq, xəyallarını puça çıxaracaq. Hardan bilərdi?..”
Azər təsirlənmiş halda kitabı qapayıb oğluna baxdı. Araz bunu gözləyirmiş kimi təkrar atasına sarıldı. Eyni zamanda qardaşına işarə etdi. Azad dərhal bir kənara qoyduğu bir neçə kitabı atasının həmkarlarına təqdim elədi. Vaxtilə bir yerdə çalışan dostlar onlara təqdim olunan kitaba diqqət kəsildilər. Hər birinin üzündə eyni ifadə dolandı.
Vüqar yaradıcısı olduğu, hazırda fəaliyyət göstərən özəl telekanallardan birinə rəhbərlik edirdi.
Ceyhun və Rəşid müstəqil studiyalarını yaratmışdılar. Təbriz isə nüfuzlu saytlardan birində baş redaktor kimi çalışırdı. Kitabın hər səhifəsində onlar keçmiş günlərə səhayət edirmiş kimi qəribə duyğular yaşayırdılar.
Bütün bunları məmnun ifadə ilə izləyən Araz üzünü məclisdəki qonaqlara tutub:
– Bu gün demək istədiyim sözlər çoxdur! Lakin həyəcanım sevincimə güc gəlir. Bəzən danışmaq mənimçün çətin olur. Bu gün bütün ailəm, mənə dəyərli olan insanlar bir araya gəlib. Bu mənim xəyalım idi. Nəhayət gerçəkləşdi. – Araz gülümsündü. – Nənəm və babam! Bizdən uzaqda olsaz da sizi həmişə yanımızda hiss etmişik! Sizi çox sevirik! Mənim əmilərim! – O, üzünü Ceyhuna, Vüqara və digərlərinə tutdu. – Mən sizləri bir-birinə söykənən vüqarlı dağ hesab edirəm! Heç bir təkan, heç bir kənar qüvvə sizi sarsıda bilməz! Hər zaman belə möhkəm olun! – Təkrar atasına baxaraq əslində məclisdəkilərə eşitdirdi. – Vətəndən uzaqda olub vətən üçün yaşamaq! Məncə bu hissi ifadə etmək üçün sözlər yetərsiz qalar. Ağlımız kəsəndən atamın üzünə hər baxanda bu nisgili, bu yanğını görmüşük… Vətəni sevməyi, torpağa, millətinə bağlı olmağı bizə atam öyrədib. Bu ruhda böyümüşük. Başına gələn hər cür bədbəxtliyə, məşəqqətə rəğmən geri çəkilməmək, vətənini inadına sevmək, mübariz olmaq. Atamın həyat hekayəti ilə tanış olanda bunu gördüm mən onda. Dünənə qədər bir ata kimi tanıdığım şəxsiyyəti tanıdım əslində. Bu qısa karyeranda əslində bir bütöv ömrə bərabər olan çox iş görmüsən, ata! Əksini düşünmə! Arzu edir və inanıram ki, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. Və sən yenidən o yerlərə – Laçına, Şuşaya, Ağdama, Xocalıya qədəm basıb vətənimizi yenidən firavan görəcəksən. O zaman vücudundakı yaraların sızıltısı dinəcək, ata! Ruhun dinclik tapacaq! Buna inanıram və əminəm ki, belə olacaq! Sənin, əmilərimin və sizin kimi bir çox vətənpərvər, jurnalist adını layiqincə daşıyan məsləkdaşlarınızın gördüyü işlər qarşısında bu kiçik bir iş sayılsa da, ən azından nələrsə etməyə çalışdım. Öhdəsindən nə dərəcədə gəlmişəm, gələ bilmişəmmi, bilmirəm, amma buna layiq olmaq üçün əlimdən gələni etdim.
Mən bu gün həm də anama təşəkkür edirəm! İlk öncə mənim anam olduğu üçün! Həyatın bütün çətinliklərinə rəğmən atamın yanında olduğu üçün, sədaqətli həyat yoldaşı olduğu üçün! Bu kitabda anamın qələmə aldığı xatirələr yer alıb. O xatirələr mənə məlumat toplamaqda yardımçı oldu. Bələdçilik elədi. Ümid edirəm iznin olmadan belə iş tutduğum üçün mənə acığın tutmadı, ana!
Araz bunu deyib, mənə baxdı. Üzrxahlıq edən baxışlarını xeyli üzümdən çəkmədi.
Bütün diqqətlər üzərimdə ikən sıxıldım. Bununla belə gözlərimdən axan yaşı silib, qürur hissi ilə gülümsədim. Övladım mənə ünvanladığı sualın cavabını alıbmış kimi sözlərinə bu dəfə daha ürəklə davam elədi:
– Əgər təsadüfən sənin qeydlərini oxumamış olsaydım, mən hələ bəlkə uzun illər nə operator Azər Əhmədovu, nə müxbir Vüqar Nəsiblini, nə də videomontaj üzrə rejissor Ceyhun Bədəlovu və başqalarını tanımayacaqdım. Çox sağ ol! Çox sağ ol ki, vaxtilə belə bir qərar vermisən. Eləcə də əmim Salehə minnətdarlığımı bildirirəm. Fikrimi onunla bölüşəndə məni alqışladı. “Atam haqqında kitab nəşr etdirmək istəyirəm” deyəndə mənə dəstək olacağını bildirdi.
Həmin gün Araz atası və onun dostları barədə xeyli nitq söylədi. Ürək sözlərini dilə gətirdi. Bütün qonaqlar məmnunluqla onu dinləyirdi. Onun çıxışının sonunda alqış səsləri bütün masa boyu eşidildi.
Bu gün Arazın atasına daha bir hədiyyəsi vardı. Kimsənin ağlına gətirmədiyi dəyərli bir hədiyyə!
Araz dostları arasından yaraşıqlı bir oğlanı yanına dəvət edərək:
– Ata, səni Ümidlə tanış etmək istəyirəm, – dedi. – Sən onu görməyi çox istəyirdin.
Arazın sözləri Azərdə maraq oyatdı. Zəndlə oğlanı süzdü. Lakin kim olduğunu təxmin edə bilməyib sual yağan nəzərlərini oğlumuza dikdi. Araz bu işi Ümidə həvalə edərək özünü təqdim etməsini istədi.
Ümid həyəcanını ört-basdır etməyə çalışaraq özünü toplayıb Azərə:
– Sizinlə ilk görüşümüz fevralın 26-sı Xocalıda baş tutub. Fevralın 28-i isə yollarımız ayrılıb. Mən sizin o faciədə xilas etdiyiniz həmin Ümidəm, – dedi.
Xocalı adını eşidən kimi Azərin üzündəki təbəssüm qeybə çəkildi. Yerini hüznlü ifadə aldı. Oğlanı başdan-ayağa dərin nəzərlərlə süzüb, kədərlə gülümsədi. Lakin dili söz tutmadı. Demək istədiyi sözlər boğazına tıxanan qəhərə yenildi. O körpənin gözləri bu illər ərzində yaddaşından silinməmişdi. Faciənin özü kimi hələ də gözləri önündə idi. İndi qarşısında dayanmış ucaboy, cüssəli, yaraşıqlı gəncin heç dəyişməyən o baxışlarına baxmaq onun üçün heç də asan deyildi.
Ümid doğmasını tapıbmış kimi həyəcanlı idi. İrəli yeriyib Azərə sarıldı.
– Doğum günün mübarək, əmi!
Ümidin bu davranışı, sözləri bizi göz yaşlarına boğdu. Az sonra onun bizə özü haqda danışdıqları isə daha kədərli idi.
– Mən uşaq evində böyümüşəm. İllər sonra kim olduğumu, haradan gəldiyimi öyrənmişəm. Atam başımıza gələn müsibətə davam gətirə bilməyib, ürəyi partlayıb. Məni uşaq evinə veriblər. Oradan ayrılanda atamın vəsiyyət kimi yazdığı kiçik məktubu mənə çatdırdılar. Həmin məktubda sizin adınız qeyd olunmuşdu, əmi. Atam sizi tapmağı vəsiyyət eləmişdi mənə. Sizi çox axtarmışam. Amma dəqiq məlumata yiyələnə bilməmişəm. Xocalı soyqırımının ildönümündə sosial şəbəkədə təsadüfən bir videoçarx çıxdı qarşıma. Həmin videoçarxda Xocalı faciəsini əks etdirən kadrlar yer almışdı. Xocalıdan olduğumu, ailəmin başına gətirilən vəhşiliyi bilirdim deyə, həmin kadrlar sanki yaramı təzələdi. Dərdimizə yanmaqdaykən diqqətimi titrdakı qeyd cəlb elədi. “Operator Azər Əhmədovun arxivindən” yazılmışdı. Sanki yuxudan oyandım. Paylaşımı kimin etdiyi ilə maraqlananda Araz qardaşımın səhifəsini tapdım. Ona yazmağı düşündüm. Və yazdım da. Sağ olsun, etinasız yanaşmadı. Yazışdıq və kim olduğunu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Və bu gün nəhayət sizinlə görüşmək mənə nəsib oldu. Atam yaşasaydı əminəm ki, buna şad olardı. Siz mənim – bu həyatda kimsəsi olmayan Ümidin tanımadığı doğmalarısınız.
– Sən kimsəsiz deyilsən, oğlum! Biz varıq! Millətin var!
– Elədir, əmi! Haqlısız! Müharibə hərəyə bir cür yara vurub, bu yaraların tək məlhəmi bir olmağımız, bir bütün olmağımızdır. Ancaq belə xəfifləyər ağrı-acımız. Araz, qardaşım, hər şey üçün çox sağ ol!
– Sən sağ ol, qardaşım! Dəyər verdiyin üçün!
Bu vaxt Nigar Azərə yaxınlaşıb:
– Dayı, şəkil çəkdirək? – deyə gülümsündü.
– Əlbəttə! Niyə də yox? – Azər bacısı qızı kimi gördüyü Nigarı mehr-məhəbbətlə qucaqlayıb özünə sıxdı.
Nigar bu dəmdə Aydanı da öz yanına çağırdı:
– Gəlinbacı, olar səni də?
Artıq qardaşının hisslərindən duyuq düşən Araz bu fürsəti əldən vermək istəməyərək şəkil çəkilər-çəkilməz Nigara yerindən tərpənməməyi işarə etdi.
– Bir dəqiqə! – deyib Dilarəni də atasının yanına dəvət etdikdən sonra yanında dayanmış Azada pıçıldadı. – Tərpən!
Qardaşının rəng verib, rəng aldığını, buna can atmadığını görəndə məcburi şəkildə onu Nigarın yanında dayanmaq üçün irəli itələdi.
– Tərpən də, ala. – Arxasınca deyindi. – Elə bil bu zəmanənin adamı deyil.
Hər şeydən xəbərsiz olan Nigar təbəssümlə Azadı süzüb, bir az da Azərə qısıldı. Beləcə Azada öz yanında yer verdi.
Qızın yanında dayanmış Azadın bu anlarda haldan-hala düşdüyünü gördükcə Arazın kefi bir az da kökəldi. Üzündəki təbəssüm daha da dərinləşdi. Qardaşına göz vurub fotoaparatın düyməsini sıxdı. Bu gündən xatirə qalacaq bir neçə foto çəkdi.
…Söhbət əsnasında Fatimə mənalı-mənalı gülümsəyərək qulağıma pıçıldadı:
– Görünən odur ki, yaxın gələcəkdə sən Dilarə xanımla həm də quda olacaqsan, ay qız. Hazır ol.
Heyrətlə üzünə baxıb, birdən güldüm:
– Dəli! Bu hardan ağlına gəldi?
– Ağlıma gəlmədi. Gördüyümü deyirəm. – Qoluyla qoluma dürtmək vurdu. Baxışıyla Azadı işarə edib pıqqıldadı. – Axşam oğlun sənə ürəyini açsa təəccüblənmə.
Üzümdəki təbəssümü zorla boğub Azada tərəf baxdım. Oğlum ətrafında hər kəsi unudub bütün diqqəti ilə Nigarı süzürdü. Nigar isə bu baxışlardan xəbərsiz halda Azərin qoluna girib yanında əyləşmiş, onunla söhbətə dalmışdı. Dayısının sözlərinə hərdən şirin-şirin gülürdü.
Bir anlıq gələcəklə bağlı şirin xəyallar qurub gerçəkləşdiyini təsəvvürümə gətirərək fərəh hissi ilə gülümsündüm.
Həmin axşam Dilbər xanımın ipək şalını ona gətirmək üçün evə qalxmışdım. Salona keçəndə Arazın səsini duyub istər-istəməz ayaq saxladım.
– Günaydın, əmi!
– Günaydın, oğlum! Daha doğrusu, axşamın xeyir! Necəsən?
O, “Skype” da Salehlə danışırdı. Səsindən tanıdım.
Bizdə gün sona yetərkən Salehin yaşadığı ölkədə səhər hələ indi açılırdı. Araz Salehin “Necəsən?” sualına belə cavab verdi:
– Vətənin havası da, suyu da məlhəm kimidir! Doğma ocaqda doğmalarla illər sonra bir yerdə olmaq duyğuların ən möhtəşəmi və ən alisidir!
– Belə də olmalıdır! Düşüncəsi belə gözəldir.
Araz üzündə doğan təbəssümlə:
– Doğum gününü təbrik edirəm! Yüz yaşa!
– Minnətdaram, oğlum! Mesajlarını da eləcə oxudum, təşəkkür edirəm!
Arazdan eşitdiyim bu sözlə sanki yuxudan oyandım. Bu gün həm də Salehin doğum günü idi. O, Azərlə eyni gündə dünyaya gəlmişdi.
Araz ona bu gün məclisdə çəkilən bir neçə foto göndərmişdi.
– Bəyəndinmi şəkilləri?
– Sözsüz!
Daha burada yubanmayıb şalı götürüb evdən çıxdım.
…Araz söhbətə davam edərək Salehin fikrini bilmək üçün maraq içində soruşdu:
– Səncə bu fotolarda çatmayan nədir? Hiss etdinmi bir boşluq olduğunu?
– Mən burada yalnız mükəmməl bir ailə tablosu gördüm. Hər şey bir bütündür. Məncə çatmayan heç nə yoxdur.
– Atam, babam, qardaşım və mən. Elədir ki var. Halbuki mən istərdim bu gün bu məclisdə atamın yanında sən də dayanmış olasan.
Saleh xeyli sükut içində dayandı. Dodaqlarında xəfif, müəmmalı bir təbəssüm dolandı. Araz səbirlə onun verəcəyi cavabı gözləyərkən Saleh nəhayət dilləndi:
– Ən gözəl rəssam məhz Tanrı özüdür! Onun yaratdığı əsərlərdə nöqsan tapmaq mümkün olan iş deyil. Mənim bu tabloda yer almamağım rəssamın məni gözdən çıxardığı anlamına gəlmir. Əsla! Əlbət ki, o nə etdiyini biləndir. Öz hikməti, öz qüdrəti ilə hər kəsi ona lazım bildiyi yerdə müəyyənləşdirib. Mənim sizə öz övladım kimi duyduğum sevgi sənin gördüyün o boşluğu dolduracaq qədər böyük və güclüdür. Buna şəkk-şübhəsiz əmin ol! Həmişə sizinləyəm və sizinlə olacağam, bir əmi, bir dost, bir böyük qardaş kimi! Məsafənin bir önəmi yoxdur mənimçün. Ürəklər bir olsun, bu yetər! Unutma ki, insanları bir-birindən ayrı salan, uzaqlaşdıran məsafələr deyil, onların düşüncələri və qəlbləridir. Siz mənim hər zaman ağlımda və qəlbimdəsiniz, oğlum! Harada olmağınızdan və olmağımdan asılı olmayaraq. Mənimçün də eyni fikirdə olduğunuzu bilirəm. Bu mənimçün hər şeyə dəyər. Kim bilir, bir gün bəlkə mən də əmimi ziyarətə gəldim. O zaman sən deyən kimi olar.
– Anladım! – Araz gülümsündü. – Fikirlərinə qatılıram!
Saleh Arazın cavabına razılıqla gülümsündü. Daha sonra:
– Bəs, bizim balaca şeytanımız haradadır? – deyə kiçik Dilbəri xəbər aldı.
– Çoxdan şirin yuxudadır. Bu gün çox yorulub.
Saleh gülümsündü.
Araz masanın üzərindəki kitabı kameranın obyektivinə tutaraq dedi.
– Bu sənə çatacaq, əmi.
– Dediyin vaxta yetişdimi? Əhsən! Daha böyük uğurlara imza atmanı arzu edirəm.
Araz təşəkkür etdi. Bu zaman Melissa gəlib atasının boynunu qucaqladı. Üzündən öpüb doğum gününü təbrik elədi. Bütün bunları izləyən Arazı görcək ifadəsi dəyişdi. Keçib monitorun önündə əyləşdi. İngilis dilində salam verdi.
Qızın qəlbindəkilərindən xəbərsiz olan Araz onunla kiçik bacısı rəftarı ilə danışmağa, kefini xəbər almağa başladı.
***
Araz onu öncədən sözləşdikləri ünvanda artıq dəqiqələrdir ki, gözləyirdi. Bütün diqqəti şəhərin buradan əl içi kimi görünən mənzərəsinə köklənmişdi. Qəribə bir hiss sarmışdı onu. Yaxın günlərə kimi xəyal etdiyi bu yerdə indi özü dayanmışdı. Fikri-xəyalı göylərdə pərvaz etməkdə ikən bu dəmdə iki zərif əl arxadan ona doğru uzanıb gözlərini qapadı. Araz duruxub gözlərinin üstündəki əllərdən tutdu. Eyni anda qulaqlarına dolan şıltaq gülüş səsi üzündə təbəssümə səbəb oldu.
– Salam! Bu da mən!
Araz Gülayın əllərini buraxmadan özünə xas əda ilə başının üzərindən dolandırıb onu qarşısına aldı. Sevdiyi qızla üz-üzə, göz-gözə qalan kimi oğlanın üzü nurlandı. Eşqdən parlayan bir cüt qara göz təbəssümlə oğlanı süzüb, boynuna sarıldı. Bir xeyli buraxmadı. Arazın həyəcanlı səsi qızın qulaqlarında xoş nəğmə kimi səsləndi:
– Dəyərlim! Canım mənim!
***
…Ertəsi gün həyətdə çarhovuzun yanında əyləşmişdiq. Mən Dilbərin uzun saçlarını hörür, Azər isə iki gündür Arazın onun haqqında nəşr etdirdiyi kitabı oxuyurdu. Nəhayət, dəqiqələr sonra o, kitabı qapayıb köks ötürdü. Xeyli sükut içində dayandı. Həmin günlərə qayıdıbmış kimi dərin düşüncələrə dalmışdı.
Sabah yola düşəcəkdik deyə, tamam dilxor olmuşdum. Səhərdən ürəyimdə dolandırdığım sözləri dilimə nə vaxt gətirdiyimi hiss etmədim:
– Vaxt necə keçdi, hiss etmədik, Azər. Təsəvvür et, sabah artıq yolda olacağıq. Kim bilir, bir də nə zaman Bakını gördüm. Bir bax, biz hələ buradayıq, mən isə artıq Bakı üçün, doğmalarım üçün qəribsədim. Elə anagil də çox darıxacaq. – İxtiyarsız olaraq ah çəkdim.
Azərin səsi-səmiri çıxmadı. Dilbər isə bu məqamda əlində saxladığı qızılgül qönçəsini mənə uzadıb:
– Ana, saçlarıma tax, xahiş edirəm, – dedi.
Qızımın dediyi kimi etdim. Fərəhi yerə-göyə sığmadı. Kiçik toppuş əllərini saçlarında gəzdirdi. Üzünə yenə o məsum gülüş qondu.
Bu vaxt Azad yanımıza gəlib xəbər verdi:
– Ata, biletləri sifariş etdim. Dediyin kimi.
Azər razılıqla başını tərpətdi.
– Çox gözəl!
Bunu deyib ayağa qalxdı və ağır addımlarla bizdən ayrıldı. Onun arxasınca baxa-baxa məyus halda dilləndim:
– Dilbər, qızım, daha hazırlansaq yaxşıdır.
Azad bunu eşidəndə:
– Buna gərək yoxdur. Mən iki bilet sifariş etmişəm, – dedi.
– İki neyçün? – Təəccüblə soruşdum.
– Ata belə istədi. Arazla mənim üçün. Biz qayıdırıq, siz isə hələ ki, burdasız.
Azadın üzünə baxsam da, Azərin son anda verdiyi qərarın səbəbini sual etdim özümə. Cavab bəlli idi əslində.
Dilbər xanım son iki gündə gedəcəyimizi bildiyi üçün qəm dəryasına batmışdı. Bulud kimi dolub durmuşdu. Ötən gecə söz bizim qayıtmaq məsələsinə gəlincə Dilbər xanım giley-güzarını gizlətmədi. Azər onun əllərini əllərinin arasına alıb dönə-dönə öpdü.
– Üzülmə, ay ana, yenə gələcəyik də.
– Necə üzülməyim? Siz gələn gündən elə bilirdim həyata yenidən qayıtmışam. Həyatın bir mənası var deyirdim. Gedəcəksiz, yenə səssizlik çökəcək bu evə. Ehh… Bilsəydim ki, səni dünyaya gətirib, həmişəlik sənə həsrət qalacam, ana olmaqdan imtina edərdim. Bu zülmü düşmənə də arzu etmirəm.
Azər anasının bu sözləri qarşısında deməyə söz tapmayıb xeyli susmuşdu. Bu gün bu qərarından xəbərdar olanda dünənki susqunluğunun onun ciddi şəkildə düşünüb-daşınmasına bir işarə olduğunu anladım.
Ertəsi gün, ayın 17-si övladlarım hazırlanıb hava limanına yola düşdülər. Onları yola salmaq üçün Azər atası ilə getmişdi. Azad və Araz üçün dua edirdim… Elə hamımız…
Nə vaxt geri dönəcəyimiz hələ ki, məlum deyildi və mən övladlarım üçün çox darıxacaqdım. Amma bu, vətəndən, doğmalardan ayrı qalmaqdan yaxşı idi.
Həyat – ömür yolunda payımıza düşən sınaqlardan ibarətdir. Kimisi bu yola qalib, kimisi də məğlub şəkildə davam edər.
Yaşananlardan sonra qalib və ya məğlub olduğumuzu bilmirdim. Bir bildiyim vardı ki, mən böyük bir sərvətə sahib idim. Ailəm, övladlarım və həyat yoldaşım mənim dəyəri heç nə ilə ölçülməyən xəzinəm idilər. Taleyin bundan sonra alnımıza nə yazdığını, şübhəsiz ki, bilmirdim, amma istənilən tufan və fırtınaya sinə gərib, mənə məxsus olan bu xəzinənin bir ömür boyu keşiyini çəkəcəkdim…
SON