Reportyorlar (97)
- 05 Noyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Günlər sonra
Artıq bir neçə gün idi Mərdəkanda idik. Sanki yaralarımız məlhəm tapmışdı. İnanılmaz bir yüngüllük duyurduq özümüzdə. Övladlarım da hallarından məmnun idilər. Bizi sevənlər – dost-tanış, qohum-əqrəba hər gün bizə baş çəkirdilər. Vaxtın necə keçdiyini hiss etmirdik.
Bir neçə gün əvvəl atamın ziyarətinə gedib onunla görüşmüşdüm. Məni qarşısında görəndə necə kövrəldiyi, bağrına basıb üzümə necə həsrətlə baxmağı gözümün önündən getmirdi. Çox darıxmışdım, çox!
…Bu gün səhər yeməyi üçün həyətin ən gözəl guşəsində masa hazırlanmışdı. İllərdir tənhalığa, sükuta qərq olan bu evdə, bu həyətdə canlanma yaranmış, həyat yenidən öz axarına düşmüşdü.
Balaca Dilbər Vüsətlə birlikdə göyərçinlərə yem verirdi. Çox nəşəli idi. Bu onun Mərdəkana gələndən bəri ən sevimli işi idi. Vüsətə “baba” deyə xitab edir, gördüyü nə varsa hamısı ilə maraqlanırdı. Onu baba deyib çağırması həyatda övladı olmayan bu adama sanki dünyanı bəxş eləyirdi.
İndi də göyərçinlərdən birini Dilbərə vermişdi. Qızın sevincinə söz yox idi. Kiçik əlləri arasında həyəcanla saxladığı ağ göyərçini əzizləyir, gözlərinin içi gülürdü. Vüsət ona heyvanla necə davranmağı başa salır, ovcunda sıxıb incitməməyi öyrədirdi. Göyərçin bizim dəcəlin əlindən qurtulub yem yemək üçün onun barmağını dimdiklədikcə Dilbər şıltaq gülüşlə uğunub gedirdi. Arada əllərini havaya qaldırıb:
– Ata, bir bax mən neynirəm?! – deyə güləş ifadə ilə atasına səslənirdi.
Atası ilə söhbət edən Azər arada qızının səsinə güclə sezilə biləcək bir təbəssümlə cavab verib, başını tərpətdi.
Süfrə arxasına keçməzdən əvvəl atama zəng vurdum. Aramızda saat fərqi olduğu üçün onlar indi şam yeməyini çoxdan yemiş olardılar. Atamın kefini xəbər alıb, Azadı soruşdum. O məni narahatlığa əsas olmadığına, hər şeyin qaydasında olduğuna əmin etdi.
…Bir qədər sonra hamı artıq süfrə başında idi. Söz Kazımov və onun aqibətindən, eləcə də havadarları olan Feliks və Həmiddən düşdü. Deyilənlərə inansaq belə xəbər çıxmışdı ki, Feliks Kazımov həbs olunandan bir neçə il sonra başçılıq etdiyi dəstənin üzvləri tərəfindən xəyanətə uğramış, qətlə yetirilmişdi. Həmid isə pusquya düşdüyünü anlayan kimi ələ keçməmək üçün özünə qəsd etmişdi. Kazımova gəldikdə isə…
Onun adını eşitmək belə sanki yaramızı neştərlə oyur, bizə sonsuz acılar bəxş edirdi. Deyilənə görə, qohum-əqrəbadan kimsə həbsxanaya onun görüşünə getmirmiş. O, uzun müddət zindanda ağır xəstəlikdən əziyyət çəkmiş, son günlərini ağrı-acı içində başa vurmuşdu. Əslində öz sonunu özü hazırlamışdı.
Dilbər xanım məyusluqla nağıl edirdi:
– Cəmilin həyat yoldaşı övladını da götürüb hələ illər əvvəl çıxıb getdi. Ünvanını kimsəyə bildirmir. Harada yaşadığı məlum deyil. Üç il əvvəl təsadüfən rastlaşdım Lətafət bacı ilə. Tanıya bilmədim. Dərd onu ayaq üstə öldürüb. Bir insan öz kin-küdurəti, əməlləri ucbatından bütöv bir ailəni məhv elədi. Özündən sonra görün neçə insan bədbəxt oldu.
Qayınatam bu yerdə köks ötürüb mövzunu dəyişməyi təklif etdi. Bu anlarda bütün diqqəti ilə söhbəti dinləyən Arazın üzündə qəribə bir ifadə dolanırdı. Səbəbini anlaya bilmədiyim müəmmalı gərginlik. Daha sonra o, icazə istəyib masadan qalxdı. Və çox keçmədən hazırlanıb evdən çıxdı. Atasına:
– 1-2 saata qayıdıram, – deyib, açarın düyməsini sıxdı, iti addımlarla maşına doğru getdi. Lakin əlini qapıya atmışdı ki, atasının:
– Gözlə görüm, – deməsiylə yerində dayandı. Azər ona yaxınlaşıb sualı sual dalınca verdi. – Səfərin haradır? Bilmək olar? Hara tələsirsən?
Araz bu suallardan xoşhal olmasa da, atasının qarşısında söz demək iqtidarında olmadığı üçün baxışlarından oxunan narazılıqla masadakıları süzüb tamam sakit halda cavab verdi:
– Dostlarımla görüşməliyəm. Məni gözləyirlər.
Azər aldığı cavabdan qane olmayan bir şəkildə üz-gözünü turşutdu:
– Qardaşım, gəl belə danışaq da. Sən mənə hara və neyçün getdiyini söylə, nə mən səninçün nigaran qalım, nə də sənin ağrımayan başın ağrısın.
Araz etirazını gizlədə bilmədi:
– Ata, mənimlə hələ də uşağammış kimi davranırsan. Yaxşı düşmür…
– Sən mənimçün hələ də uşaqsan, cənab Əhmədzadə. Bunu unutmasan yaxşı olar.
Araz üzündə narazı ifadə, susdu. Bunu görən Azər növbəti sualı ona ünvanladı:
– Mən tanıyırammı görüşəcəyin dostlarını?
Ata-oğul arasında gedən söhbət masa ətrafında da eşidildiyindən qayınatam bu sözlərdən sonra acı istehza ilə ağır-ağır başını tərpətdi.
– Tanış mənzərədir. İllər əvvəlki Ənvəri xatırlatdı mənə. – Qıyğacı Dilbər xanıma baxdı. – Axırı xeyir olsun təki!
Dilbər xanım ərindən xəlvət mənə baxaraq gülümsündü.
– Allah salamat eləsün hamısını!
Xeyli sorğu-sualdan sonra, nəhayət, Araz maşına əyləşib sürüb getdi.
Azər isə üzündən silinib getməyən narazı ifadə ilə yanımıza gəldi.
Mən onu qoyduğu qadağalar və bəzi məsələlərdə övladlarımıza qarşı bu qədər sərt olduğu üçün qınamırdım. Başı o qədər bəla çəkmişdi ki, bu şəhərdə, indi övladı üçün açıq-aşkar narahatlıq keçirirdi.
Beləcə günlər bir-birini qovurdu.
Bu gün Dilarə qızı Nigarla bizə gəlmişdi. Onların gəlişi əsl toy-bayram idi mənimçün. Uzaq qaldığımız illərin ağrı-acısını çıxarırmış kimi doya-doya söhbət edir, deyib-gülürdük.
Mənim alagözlü Dilbərim də təbiətən səmimi və mehriban olan Nigarı çox sevirdi. Aralarındakı yaş fərqinə baxmayaraq qızın yanından ayrılmırdı. Nigarın 16 yaşı hələ tamam olmamışdı. Lakin çox zirək və işli-güclü bir qız idi. Bizə öz əlləri ilə çay dəmləmək üçün israrla mətbəxə keçmişdi. Rənanı da mətbəxə buraxmırdı.
Bir qədər sonra mən maraq içində mətbəxə baş çəkib:
– Qızım, kömək edimmi sənə? – deyəndə o, məni əmin-arxayın edərək gülümsündü. – Gəlinbacı, sən zəhmət çəkmə, mən bu saat hazır edəcəm.
– Aha. O zaman həyətə gətir çayları. Yaxşımı?
– Gözlərim üstə!
Nigara təbəssüm edib Dilbərə diqqət yetirdim.
– Mənim gülüm neyniyir belə? – Altındakı stulun üstündə dizləri üstə əyləşib gənc qızlara xas əda və işvə ilə qablara şirniyyat düzən Dilbərə eşitdirdim.
O, Nigarla az qala yarışa girmişdi. Özünü ona tay tutub qızın bütün hərəkət və ədalarını təkrarlayırdı. Mənim sualımla o dərhal sevinclə:
– Ana, bir bax, mən də bacarıram, – dedi.
– Afərin gözəl qızıma!
Məndən bir “Afərin” alan qızımın üzündə güllər açdı. Fərəhləndi. Başının üstündə dayanmış Nigara təbəssüm edib işini görməyə davam etdi. Nigara çay süzərkən ehtiyatlı davranmağı tapşıranda narahatlığımı görüb, eyni mülayim ifadə ilə gülümsündü:
– Gəlinbacı, narahat olma, – dedi.
Dayanıb xeyli onları izlədim. Bu vaxt Dilarə də yanıma gəldi. Onu qucub:
– Qızları belə görüb bilirsən nəyi xatırladım? – deyə gülə-gülə sirdaşıma baxdım.
O, mənim sözümün ardını gətirməyə macal vermədən ürəyimi oxuyurmuş kimi özü əlavə etdi:
– İllər əvvəlki Aydanla Dilarəni!
– Eynən! – deyə gülə-gülə dilləndim.
Dilarə fərəh hissi dolub daşa-daşa qızları süzüb:
– Çox istəyirəm ki, qızlarımız da səninlə mənim kimi bir-birinə bağlı olsunlar! – dedi.
– Artıq elədir deyəsən. – Təbəssümlə hər ikisini süzdüm. Biz mətbəxdən ayrılıb birlikdə həyətə endik.
Bu məqamda yenicə yuxudan oyanmış Azad duşdan sonra mətbəxə keçdi.
O, dünən axşam gəlmişdi. Dilbərin yanında dayanıb çay tədarükü görən gənc qız onun diqqətini o anda cəlb elədi.
– Salam. – Nigar təbəssümlə ona müraciət etdi.
Azad özünü toplayıb qızın salamını alsa da, çaşqınlığı üzündən oxundu. Dinib-danışmaq üçün ikinci bir kəlmə, söz axtardı.
– Anam…
– Gəlinbacı anamla həyətə endi. – Nigar doğmalıqla onu süzdü.
Azad donuq baxışlarını Nigarın üzünə zillədiyindən onu sanki eşitmədi. Qızı görər-görməz qəribə bir hiss dolmuşdu qəlbinə. Sanki ixtiyarı əlindən getmişdi. Yerindən tərpənə bilmirdi. Eləcə qıza baxırdı. Nigarın səsi onu özünə gətirdi.
– Səninçün də çay süzürəm.
Azad qızın bu sözünə ixtiyarsız olaraq:
– Oh, my god! – deyib, sıxıla-sıxıla gülümsündü. Dərhal da cavab verdi. – Okey!
Nigar utancaq bir baxışla təkrar Azadı süzüb, işinə davam etdi.
***
…Çox keçmədən Nigar əlində məcməyi həyətə endi. Masaya gəlib çayları süfrəyə düzməyə başladı. Onun ardınca Azad da eyvanda göründü. O, bacısını boynuna mindirib bu vəziyyətdə pilləkənləri enməyə başladı. Dilbər halından xeyli məmnun idi. Böyüklər bunu Azada irad tutsa da, o:
– Neyləyim, şahzadənin əmri belədir, – dedi.
Dilbəri qardaşı Araza ötürüb keçib əyləşdi. Və biixtiyar atasının yanında əyləşən Nigara tərəf baxdı. Nənə-babasının və hətta Dilarənin Azadın kefini xəbər almağa başlaması ilə onun fikri Nigardan yayındı. Bütün suallara həmişəki kimi ciddi ifadə ilə ciddi cavablar verən Azad rəng verib, rəng alırdı. Azər hər iki oğlumuza evdə əcnəbi dildə danışmağı qadağan etdiyindən indi Azad qol-qanadını sındıra-sındıra da olsa bütün suallara Azərbaycan dilində cavab verirdi.
Elə bu anda ehtiyatsızlıqla önündəki çayı aşırdı. Yerindən sıçrayıb qalxan oğlum tamam karıxdı. Üst-başını çırpa-çırpa onunla maraqlanan nənəsinə, bibisi Dilarəyə narahatlığa əsas olmadığını deyirdi.
Bayaqdan bütün diqqəti oğlumuzda olan və onun qıza tuşlanmış baxışlarını göydə tutan Azər çöhrəsindəki mənalı təbəssümü boğa bilmədən:
– Ehtiyatlı ol, a kişi! – deyə ona eşitdirdi. – Belə yanıqların izi ömürlük qalır.
Mən onun nə demək istədiyini anlayıb gülərək üzünə baxdığım halda Azad çaşqın baxışlarla, tamam ciddi şəkildə:
– Necə? – deyə atasına baxdı.
– Çay süzün bu oğlançün. – Azər daha üstünü vurmadı. Amma üzündəki o məlum təbəssüm xeyli silinib getmədi.
Yaranmış vəziyyət ona öz gəncliyini, onunla Dilarəgildə qarşılaşdığımız həmin günü xatırlatmışdı.
***
Təqvim avqustun 15-ni göstərirdi. Bu gün bizim evdə bir başqa ab-hava vardı. Həyətdə göz gördükcə uzanan böyük bir masa açılmışdı. Bizi sevən, həyatımızda yer alan hər kəs bu gün bu evə Azərin doğum gününü qeyd etmək üçün yığılmışdı. Aradan keçən bu illərdə övladlarımız üçün heç vaxt doğum günü qeyd etməmişdik. Arazın başına gələnlər onun ilk doğum gününü qeyd etməyi bizə nəsib etməmişdi. Azad isə o məlum gecədə dünyaya göz açmışdı.
Uşaqlar böyüyüb həyatı anlayandan sonra özləri də bu həvəsdə olmamışdılar. Təkcə Dilbər üçün artıq bir neçə il idi bir yerə yığılardıq. Bu il Araz atasının doğum gününü məhz öz doğmalarının əhatəsində, doğulub-böyüdüyü bu ocaqda qeyd etməyi hələ aylar əvvəldən planlaşdırmışdı. Övladlarım hər ikisi: “Atamın doğum günü bizim də doğum günümüzdür. Birlikdə qeyd edərik!” deyirdi.
Bu gün hər kəsin üzündə çoxdandır görmədiyimiz məsud ifadə, təbəssüm vardı. Səmimi söhbət, şən zarafatlar və tez-tez ucalan gülüş səsləri bütün məclisi bürümüşdü. Azərin valideynlərini hələ bugünkü kimi bəxtiyar və gülərüz görməmişdim. Əslində hamımız bu günlərin intizarı ilə yaşadığımızı bir daha tam mənasıyla anlayırdıq. Dostlarla söhbətə, qonaqlara başı qarışsa da, Azəri tez-tez anasının əllərindən öpən, bəyazlamış saçlarına busə qonduran görmək olurdu. İllərdir xiffətini necə çəkmişdisə ondan doymurdu. Könlünü xoş etmək üçün əldən-ayaqdan gedirdi. Atası üçün də eləcə.
Bu gün bu məclisdə iştirak edən bütün qonaqlar bundan belə bu evə, bu ocağa daim şad günlərə yığılmağı arzu edir, həyatımızın qalan hissəsində bizə yalnız gözəl günlər, aydın səma kimi işıqlı bir gələcək və qarşımıza hər zaman xoş niyyətli insanların çıxmasını diləyirdilər.
Vüqar heç dəyişməmişdi. Öz məzəli danışıqları ilə yenə məclisdəkiləri güldürürdü. Gəldiyi dəqiqədən isə Arazı izləyirdi.
Ceyhun Azərə Arazı işarə edib:
– Eynən sənin gəncliyindir. Allah pənahında saxlasın! – dedi.
Azər razılıq edib Ceyhunun fikirlərinə qatıldığını ifadə etdi:
– Elə bu səbəbdən onun üçün narahatlıq keçirirəm. Özümü görürəm onda. Öz düşüncələrimi, həyata baxışımı. – Baxışları babasının yanında əyləşib maraqla kişini dinləyən Azada yönəldi. – Azad eynən atamdır. Dindirməsən, dinməz. Onun xarakterini daşıyır özündə.
Ceyhun gülümsündü.
– Hələ də inana bilmirəm aradan bu qədər illər keçib.
– Sən bir də mən tərəfdən bax.
Ceyhun əlni dostunun çiyninə qoydu.
– Keçən keçdi daha. Gələcək üçün yaşamalıyıq. Əldən bir şey gəlməz.
– Haqlısan. Həm də sonuna kimi!
Bu vaxt dostları ilə bir yerdə əyləşmiş Arazın telefonuna yenə zəng gəldi. Onun tez-tez kənara çəkilib uzun-uzadı danışdığını nəzərdən qaçırmayan Vüqar bu yerdə Azərə göz vuraraq irişdi:
– Qardaşoğlu, başlamayıb ki, hələ hasarların başında gəzməyə?
Onun nəyə işarə vurduğunu anında anlayan Azərin dodağı qaçdı:
– Ala, çoxdan! Terroristdir!
Vüqar qəhqəhə çəkdi. Digər həmkarları da bu gülüşlərə qoşuldular.
– Vəziyyətdən təxmin elədim, brat, onunçün soruşdum. – Vüqar gülməyə davam etdi.
– Ağlın bizim dövrə getməsün, bunlar zəmanə uşağıdır, hasar-filan boş söhbətdür, birbaşa bacadan.
– Elədir, brat. – Vüqar gülə-gülə dedi.
– Sən bunu bir də Bakıya gələndə görməliydin. Təyyarənin sürəti qane eləmirdi kişini, bir balaca qalmışdı ki, pilotu yerindən qaldırıb özü idarə eləsün.
Vüqar əlini əlinə vuraraq fərəhlə güldü.
– Əhsən, əminin balası! Deməli, bu yaxın vaxtlarda gedirik çayımızı şirin eləməyə. – Allah qismət eləsin!
Dostlar bir ağızdan dilləndilər.
(Ardı var)