Reportyorlar (96)
- 29 Oktyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
…Söz qohumlardan düşəndə Salehin yadına illər əvvəl bir təsadüf düşdü. 1995-ci ilin yayı idi. Saleh “Ölkələrarası diplomatik əlaqələrin inkişafı” adlı önəmli bir tədbirə dəvət almışdı. İsveçrədə hava limanının gözləmə zalında ikən ağlına gətirmədiyi bir situasiya ilə qarşı-qarşıya qaldı. Yenicə əyləşmişdi ki, onu öz adıyla çağırdılar. Saleh geri çevrildi. Bu səs ona tanıdığı birini xatırlatdı. Lakin bu fikri özlüyündə tez də təkzib etdi. Ondan bir neçə addım arxada şux geyimli gənc bir qadın, yanında da 4-5 yaşlarında bir qız uşağı əyləşmişdi. Səfərə çıxdıqları aydın görünürdü. Qadın yenidən və rus dilində müraciət etdi:
– Saleh! Saleh, məni dinləmirsən… Uzağa getmə, oğlum!
Saleh yanlış anladığının fərqinə bu zaman vardı və ətrafda gəzinən yaş yarımlıq körpə oğlan uşağını indi gördü. Dodaqlarında ixtiyarsız gülüş yarandı. Balaca adaşı anasının onu səslədiyinə məhəl qoymadan dəcəllik edirdi. Onun hər zaman oğlan uşaqlarına xüsusi simpatiyası vardı. Lakin qismətinə yazılana qane olmuşdu.
Qadının səsi onu fikirdən ayırdı. Gənc ana balaca qızını körpə oğlunun dalınca göndərdi:
– Nadya, get qardaşını gətir, əzizim. Yıxılıb əzilər.
Körpəni bir xeyli maraqla seyr edən Saleh qadının bu zaman gözlərindəki eynəyi çıxarıb çantasında nə isə axtarmağa başladığını görəndə donub qaldı. Onu tanıdı. Bu, Türkan idi. Saleh yaşadığı anların sarsıntısı içində ikən Türkan bunun fərqində deyildi. Onu görmürdü.
İki il əvvəl psixoloq Ruslan Vladimirovla ailə qurmuş, bu izdivacdan doğulan övladına Salehin adını vermişdi. Bu ona olan eşqinin sübutu, onu unutmadığının isbatı idi. Bunu bilməsi Salehi bir daha yıxdı. Kədəri ölçüyə gəlmədi. Xoşbəxtliyin nə olduğunu bilməyən, özünü xoşbəxt hiss etməyən biri başqasına da bunu hiss etdirə bilməzdi. Saleh həyat yoldaşı Sofiyaya dərin hörmət bəsləyirdi, həyatın mənasını övladının varlığında görürdü. Lakin bir kişi kimi özünü həmişə tənha hiss edir, xoşbəxt saymırdı.
Türkanın ona olan hisslərinə cavab verə bilmədiyi, bunu bacarmadığı üçün özünü günahkar saysa da, Türkanın bu addımı ona dağ çəkdi sanki. Əzabı minə qatlandı. Daxilən qüruru, mənliyi və kimsəyə yer olmayan qəlbi ilə vuruşmaqda ikən bu vaxt cavan bir adam gəlib Türkanın başı üzərində dayandı. Əlindən öpdü. Məhəbbətlə üzünə baxaraq:
– Ümid edirəm yorulmamısan, – dedi.
– Hər şey yolundadır. – Türkan gülümsündü. – Qızımız da məni üzmür. Amma tez evimizdə olmağı arzu edirəm. Yatıb yuxulamağa ehtiyacım var.
– Tezliklə, əzizim! Mən işləri həll etdim. Bir azdan təyyarə qalxacaq. – Birlikdə ayağa qalxdılar.
Onun hamilə olduğu Salehin nəzərindən yayınmadı. Bu vaxt Ruslanın böyük qızı qardaşı Salehin əlindən tutub onların yanına gətirdi. Ruslan oğlunu qucağına alıb həyat yoldaşı və qızı ilə birlikdə buradan ayrıldı.
Türkan həyatı, canı qədər çox sevdiyi adamın – Salehin bu anlarda burada olduğunu, onu baxışları ilə yola saldığını ağlına belə gətirmirdi.
Saleh isə daxilən bütün qəlbi ilə ona:
– Xoşbəxt ol! Sözün əsl mənasında! Sən buna layiqsən! – deyirdi. Gözlərinin dolduğunu özünə belə etiraf etməyə qüruru yol vermirdi.
Aylar sonra
May ayının ilıq yaz havası insanın ruhunu oxşayır, qəlbində gələcəyə yeni ümidlər, arzular oyadırdı.
Həmin axşam Dilbər yuxuya gedəndən sonra eyvana Azərin yanına qayıtdım. O, bayaqdan burada idi. Pilləkəndə əyləşib düşüncələrə dalmışdı. Keçib yanında əyləşdim. Davam edən sükutu məni darıxdırdı.
– Neyçün belə durğunsan?
Hərçənd səbəbini təxmin edirdim. Bu durğunluğun illərdir bir səbəbi vardı. Adı ayrılıq və həsrət idi. O, bu sualıma başını yelləyərək dilucu cavab verdi:
– Fikir vermə.
Qoluna girib ona sığındım.
– Çox darıxırsan, bilirəm. Həddən çox! Bu da səni üzür. Buna görə müalicənin də bir faydası olmur səhhətinə. Mən isə səni belə görməyə tab gətirə bilmirəm.
Bu həsrət bitməyincə hiss və duyğuların didərgin, əhvalın pərişan olacaq. Məlhəmini tapa bilməyəcəksən.
O, məni sonadək səbirlə dinləyib:
– Mənə görə sən də bu işgəncəyə ortaq oldun. Mənə görə! Bunun haqqını necə ödəyəcəyimi bilmirəm, amma düşünürəm ki, səni bu qədər incitməyə haqqım yoxdur. Onsuz da məni tanıdığın gündən çəkmədiyin əzab qalmayıb.
– Mən sənsiz bir gün də qala bilməzdim Bakıda. Sən harada, mən də orada. Mən sənin yanında olmalıydım. Peşman da deyiləm. Özünü heç nədə günahkar sayma.
– Götür-qoy edir, düşünürəm. Tutalım, biz yığışıb getdik, bəs uşaqlar? Təhsili, işi var bunların. O necə olsun? Belə olan halda yenə parçalanmırıqmı? Yenə bir-birimizdən ayrı düşmürükmü?
Mən bu suallara nə cavab verəcəyimi düşünərkən Dilbərin səsinə hər ikimiz geri çevrildik. Sinəsinə sıxdığı və o olmadan yuxuya getmədiyi oyuncaq ayı balasını da özüylə götürüb eyvana gəlmişdi. Hıçqırığını duyub, yanına gəldim.
– Quzum… neyçün yatmadın?
O, dodaqlarını büzüb daha da kövrəldi. İçini çəkə-çəkə ağlamağa başladı.
Heyrətə gəldim. Bir gözüm Azərdə qızımızla maraqlanmağa başladım. Dizüstə əyləşib gözlərinin nəmini silərək saçlarını sığallaya-sığallaya qayğıyla soruşdum.
– Can, nə olub sənə? Nə üzüb səni? De görüm…
Dilbər gözlərini ovxalaya-ovxalaya:
– Ata getməsin! – deyib, sözünü güclə tamamladı. Hönkürdü.
Çevrilib mat-məəttəl Azərə baxdım. Körpəm gözünü açıb atasını xəstəxanalarda görmüşdü. İndi, çox güman, söhbətimizi duymuş, körpə qəlbi ilə onun yenə uzun müddət xəstəxanada qalacağını düşünmüşdü. Atası ilə nəfəs alırdı. Onu görməyincə yuxuya getmirdi. Mən onu sakitləşdirib əmin etməyə çalışdım:
– Ata bizimlədir, gülüm, heç yerə getmir.
Bu dəmdə Azər qollarını açıb Dilbəri yanına çağırdı.
– Gəlsin görüm, atasının anası bura!
Dilbər buna bənd imiş kimi quş kimi uçub atasının qollarına sığındı. Azər onun saçlarından öpüb, dizinin üstündə oturtdu.
– Mən burdayam, səninləyəm. Buna görə ağlamaq lazım deyil. Yaxşımı?
Azərin bu sözləri ilə Dilbərin gözlərinə işıq gəldi. Bir yandan ağlasa da, bir yandan da təbəssümlə başını tərpətdi.
Və bərk-bərk atasının boynunu qucaqladı.
– Sən belə etsən, o zaman mən üzülərəm. İstərsənmi ata üzülsün?
– Yoooxx…
– O zaman ağlamayacaqsan. Söz verirsənmi?
– Söz! – Dilbər qətiyyət yağan bir səslə ucadan cavab verdi.
– Danışdıq?
– Aha, danışdıq.
– Afərin!
Dilbər asudə nəfəs alıb başını atasının çiyninə qoydu və gözləmədiyimiz sözləri dilinə gətirdi:
– Ata, mən böyüyəndə həkim olacam, bilirsənmi? Özüm səni müalicə edəcəm. Daha xəstəxanaya getməyəcəksən! Həmişə bizimlə olacaqsan. Daha ayağın da, başın da ağrımayacaq.
Azər baxışlarına çökmüş kədərlə mənə baxdı. Gözlərini gözlərimdən çəkmədən Dilbərə cavab verdi:
– İnşallah, qızım.
Körpə saydığımız övladımızın nələri o kiçik ürəyinə salıb dərd etdiyini bilməyimiz gözlərimizi doldurdu. Azər onu dilə tutmağa başladı:
– Aparım səni otağına, yaxşımı? Yatıb şirin yuxular gör və tez böyü ki, həkim ola biləsən də. Elədir?
Dilbər etinasız razılaşdı. Azər onu qucağında öz otağına apardı.
– Nənəyə, babaya getmək istəyirsənmi?
– İstəyirəm!
– Tezliklə gedəcəyik.
Dilbər yatağına uzanıb ayı balasını da yanına alandan sonra təkrar sual verdi:
– Ata, ayıcıq da mənimlə getsin.
– Sən necə istəyirsən, elə də olsun.
Dilbər razılıqla gülümsündü. Yerində dikəlib atasının üzündən öpdü və təkrar yerinə uzandı. Bir qədər sonra yuxuya getdi.
***
Yayın ortalarında Azadı atama, atamı isə Allaha əmanət edib yola düşdük.
Təyyarə Bakı hava limanına enəndə duyğularımı cilovlamağa gücüm-qüvvəm çatmırdı. Ürəyim sinəmdən çıxacaq həddə şiddətlə döyünürdü.
Axşam yenicə düşmüşdü. Hava küləkli idi. Bu küləyin saçlarımı üzümə dağıtması üçün elə darıxmışdım ki… İllər sonra yenidən Bakıda olmaq, vətənə qayıtmaq izahı olmayan bir hiss idi.
Azərin üzünə baxmağa isə, açığı, ürək etmirdim. O, bu günü az qala iplə çəkmişdi. İstəmirdim hisslərini içində boğsun.
Taksiyə minməzdən əvvəl o, ayaq saxladı. Yerə çöməlib hər iki əlini yerə dayaq verdi. Və bir neçə saniyə sonra əllərini yerdən götürüb gözlərinin üstünə tutdu, bu vəziyyətdə xeyli səssiz dayandı. Əslində zahirən səssiz görünürdü. Mən onun bu an daxilən necə hönkürtü vurub ağladığını duyar kimi olurdum. Vətən həsrəti, nisgili daşıması çətin bir yük olmuşdu çiyinlərimizdə. Onun belə etməsi kövrək qəlbimi daha da kövrəltdi. Araz dolmuş gözlərini atasına zilləyib lal-dinməz dayanmışdı.
Bir qədər sonra taksi Mərdəkana – Azərin ata ocağına istiqamət aldı. Heç kəsə gələcəyimizlə bağlı xəbər verməmişdik. Bu səbəbdən ikiqat həyəcanlı idik.
Taksi darvazanın önündə dayandı. Dilbərlə birlikdə maşından enib Azərgili gözlədim. Onlar yol çantalarımızı maşının yük yerindən götürəndən sonra birlikdə qapıya üz tutduq. Zəngin düyməsini Azər özü sıxdı. Qapının açılmasını gözləyərkən bir ara gözləri gözlərimə tuşlandı. Üzündəki həyəcan aydın görünürdü. Bu həyəcana bir az da sevinc əlavə olunmuşdu. Gözlərinin içinə baxa-baxa kədərlə gülümsədim.
Az sonra qapının arxasından ayaq səsləri duyulanda özümüzü toplayıb gözlədik. Qapını üzümüzə açan Vüsət bizi qarşısında görəndə əvvəlcə duruxdu. Gözləri heyrətdən böyümüş halda bir neçə saniyə bizi süzdü. Onun çaşqınlığı qarşısında Azəri təbəssüm sardı:
– Axşamınız xeyir olsun! Qonaq qəbul edirsiz?
Vüsət cavab vermək iqtidarında olmadı. Qollarını açıb irəli yeridi. Kövrələrək Azərə sarıldı. Özünü zorla ələ alıb səsi titrəyə-titrəyə:
– Evinizə xoş gəldiniz! – dedi. – Buyurun! Qapıda durmayın! Gəlinxanım, keçin… keçin içəri!
Arazla, balaca Dilbərlə görüşdü. Və daha sonra evə tərəf:
– Ay qız… – deyə Rənanı çağırdı.
Gözlərim yaşdan pərdələnmiş halda həyəti, evi süzürdüm.
Sanki dünən olmuşdu hər şey. Sanki aradan bu qədər il keçməmişdi. Hər şey eyni idi. Dəyişən tanıdığım insanların saçlarına düşən dən və üzlərindəki cizgilər idi. Qürbətdə keçən günlərdə elə bir gecə olmazdı ki, yuxuda Bakını görməyim, bu qapıdan içəri girməyim. Elə bir gecə olmazdı. Bir vaxtlar bizə məxsus olan otağın buradan görünən pəncərəsinə baxırdım ki, Rəna eyvana çıxdı. Bizi həyətdə görəndə eynən Vüsətin yaşadığı çaşqınlığı yaşadı. Heyrətlə içini çəkib sevinc içində:
– Ay aman, görün bir kimlər gəlib! Xanım! Xanım, tez bura gəlin! – deyə Dilbər xanımı hayladı.
Pilləkəni yaşına uymayan bir çevikliklə quş kimi uça-uça endi. Azərə, mənə sarıldı. Uşaqları öpüb oxşadı.
– Çox şükür! Çox şükür!
Azər valideynlərini xəbər aldı. Rəna salonda olduqlarını xəbər verəndə o, daha gözləmədi. Pilləkəni qalxmağa başladı. Eyvana atdığı ilk addımda Dilbər xanım və qayınatam qapıda göründülər.
– Nə olub, Rəna? – Dilbər xanımın sözləri dodaqlarında sındı. Azəri və Rənagilin yanında bizi görəndə donub qaldı.
Azər onların qarşısına yeriyib hər ikisini eyni anda qucaqladı. Valideynlərinin üz-gözündən, əllərindən, bəyazlamış saçlarından öpdü. Anasını köksünə sıxıb xeyli buraxmadı.
Bu mənzərə hər kəsi göz yaşlarına boğmuşdu. İllərin həsrəti vardı arada.
Dilbər xanım övladını duz kimi yalayırdı. Göz yaşları selə dönmüşdü. Azər ona “Ağlama daha!” desə də, illərdir oğlunun həsrəti ilə yanıb-tutuşan ürəyi sözünə baxmırdı.
Az sonra hamımız salona toplanmışdıq. Dilbər yanında oturduğu babasını qucaqlayıb onun ağuşuna sığınmışdı. Azər anasının əllərini əllərindən buraxmadan üzünü onun bəmbəyaz saçlarında gizlətmişdi. Rəna məni köksünə sıxıb arabir gözünün yaşını silir, içini çəkirdi.
Araz isə Vüsətlə birlikdə çantalarımızı evə daşıyırdı.
Ürəyimiz sözlə dolu idi. Bir-birimizə deyiləcək o qədər sözümüz vardı ki, bizə bir gecə bəs eləməzdi.
…Ayaqlarım məni bir zamanlar yaşadığımız otağın qapısı ağzına gətirmişdi. Həyəcanım ölçüyə gəlməyən bir şəkildə əlimi qapının dəstəyinə atdım. Otağa atdığım ilk addımda məni ağlamaq tutdu. Hər şey necə qoyub getmişdimsə eləcə dururdu. Tumbanın üstündəki toy şəklimizdən tutmuş asılqandan asılı qalan geyimlərimizə, körpələrimin yatdığı beşiyə qədər.
Gözlərim önündə 20 il əvvəl burada keçirdiyim acılı-şirinli günlərin xatirələri canladı. Kövrək qəlbim daha titrədi. Taxtın kənarında əyləşib için-için ağlamaqda idim ki, bu vaxt Dilbər xanım qapıda göründü. Araz da yanında idi. Dilbər xanım ağladığımı görüb yanıma gəldi. Titrəyən əlini saçlarımda gəzdirdi:
– Sizdən sonra heç nəyə toxunmadım. Bəlkə elə buna görə hələ də yaşayıram. Dəli olmadım. Bu otaq mənim təsəllim oldu. Sizin ətrinizi-qoxunuzu buradan alırdım. Ürəyim darıxanda özümü bura atırdım. – Dərin bir ah çəkdi. – Şükür Yaradana, ölməmiş sizin bu evə gəlib çıxdığınızı görməyi nəsib etdi bizə!
– Ana! Demə belə! Allah sizə ömür versin! Bizə çox görməsin! – deyib ona sarıldım.
Araz maraq içində otağı qarış-qarış izləyir, gözlərinin nəmini əlinin bir toxunuşu ilə silirdi. Burada çox qala bilmədi. Durmayıb otağı tərk elədi.
Gəldiyimizi duyan yaxınlarımız çox keçmədən başımıza yığıldılar.
Vüqar, Fatimə, onların əkizləri Xosrov və Toğrul, Xəlil, Dilarə və oğlu Nicat, Ceyhun, Təbriz, Rəşid və digərləri…
Dilarəyə və bacıma sarılıb bizi doğmalarımızdan ayrı salan uzun illərin qüssəsi içində kövrəlib ağlayırdım. Əslində bu axşam heç kəs göz yaşlarına əngəl ola bilmirdi. Sevinc və kədər bir-birinə qarışmışdı.
Gözlərim gələnlərin arasında atamı gəzirdi. Düşünürdüm gəldiyimizi duyan kimi gələcək. Onu dəhşətli dərəcədə görmək, ona sarılmaq istəyirdim. Hətta Fatimədən də soruşdum. Fatimə məyus ifadə ilə:
– Atadır da. Qocalıq öz işini görür. Yeni bitib müalicəsi, – dedi.
Atamın nənəm hələ sağ ikən doğulub böyüdüyü kəndə əmimin yanına köçdüyünü və tənha yaşadığını, bütün xidmətçilərin, o cümlədən Məqbulənin ailə qurandan sonra evdən ayrıldığını öyrənəndə ürəyimə atam sarıdan bir sıxıntı çökdü. Gözlərim yaşdan pərdələnmiş halda:
– Kaş, indi burda olardı, – dedim.
– Dedim Vüqara onu da özümüzlə götürək, narahat etməyək dedi, sabah birlikdə gedərik.
Vüqar Fatimənin sözlərini təsdiqlədi.
– Gəlinbacı, sabah özüm şəxsən gedib gətirəciyəm, sıxma sən ürəyivi. Dedim kişi narahat olmasın da bu vaxtı.
– Mən özüm gedərəm onu görməyə. Elədir? – Azərə baxdım.
– Gedərik, əlbəttə. – Azər qətiyyətlə dilləndi.
– Necə məsləhətdir. – Vüqar da bizim fikrimizlə razılaşdı. – Belə daha doğru olar.
Mən atam üçün körpə uşaq kimi göz yaşı tökdüyüm halda Şahnaz xanımı bir dəfə də olsun xəbər almamışdım.
Fatimə gözlərinin yaşını silib, heç gözləmədiyim halda asta səslə dedi:
– Anamız öldü, bilirdin bunu? Daha yoxdur Şahnaz xanım. – Kədərlə acı təbəssüm etdi.
Donuq baxışlarla eləcə bacımın üzünə baxmağa davam etdim.
– Son illərdə xəstəliyi o qədər güclənmişdi ki, daha kömək edə bilmirdilər. Xəstələrdən biri onun əlindən heç buraxmadığı gəlinciyi ondan almaq istəyib. Hətta buna nail də olub. Səs-küy, davaya çevrilib. Xəstə əlinə keçirdiyi gəlinciyi pəncərədən xəstəxananın həyətinə tullayanda… – Fatimə sözün bu yerində hönkürdü. Danışa bilmədi. Onu sakitləşdirmək istədim. Bir qədər toxtayıb sözünü tamamladı. – Anam “O mənim nəvəmdir! Onu məndən ala bilməzssən!” deyib, pəncərədən atılıb. Hələ də unuda bilmirəm o günü! O dəhşətli xəbəri!
Fatimə Ceyhunla söhbətə dalan və hərdən də şirin-şirin gülən Araza baxaraq göz yaşları içində mənə sarıldı.
– Niyə belə oldu axı?
Göz yaşlarım keçib getmək bilməyən ağrı-acımın tərcümanı kimi yanaqlarıma süzüldü. Dinib-danışa bilmədim. Bu mövzuda daha deyiləcək söz qalmamışdı…
(Ardı var)