Reportyorlar (95)
- 21 Oktyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
***
O, bu gün də hər səhər olduğu kimi sahilə enmişdi. Gözlərini dənizin ucsuz-bucaqsız mavi sularından çəkmədən dayandığı yerdəcə fikrə dalmışdı.
Vətən həsrəti yaralı qəlbində yenə qövr eləyir, nisgili ürəyini didib-parçalayırdı.
Düşüncələrinin təsiri altında ruhunu odlayan dərin bir ah çəkdi. Dodaqları bu kəlmələri sızıltıyla pıçıldadı:
– Sən mənə Xəzərimi əvəz edə bilməzsən ki… Əvəz ola bilmədin! Səndən xəzrinin ətri belə duyulmur. Duyula bilməz! Təsəlli oldun sadəcə. Səndə onu aradım. Gündüzləri çıraqla aradığım Vətənim kimi!
Yad məmləkət vətənin yerini vermir, havasını, suyunu, doğmalarını əvəz etmirdi. Azər bunu açılan hər sabah, ötüb keçən hər gün bir daha anlayırdı. Bu, illərdir belə idi. Daha üzücü olan isə onun yolunu buralardan salan müharibənin hələ də bitməmiş olması idi. Xocalı son faciə olmamışdı. Dağ üstündən dağ çəkilmişdi yurdun sinəsinə.
Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli hələ də düşmən işğalında idi. Onun Xocalıda bir qayanın altına qoyub gəldiyi videokamerası kimi… son verdiyi karyerası kimi… Peşəsi ilə bağlı olan arzuları, xəyalları, həyata keçirə bilmədiyi ideyaları kimi.
İtirdiyi sağlamlığı, gəncliyi kimi…
O dəhşətli, o soyuq, o qarlı gündə meşədə qoyub gəldiyi Xumarın cansız vücudu, yüzlərlə yaralı və şəhidlər kimi.
Qarabağ dərdi bağrımızda dərin yaraya dönmüşdü, hələ də sızlayırdı. Vücudunda zaman-zaman baş qaldırıb onu odlayıb-sızladan yaraları kimi…
Bu düşüncələr içində ikən qulağına dolan səsin, avazın sehri onu görünməz qüvvə ilə özünə çəkdi.
Azər ixtiyarsız olaraq çevrilib həmin istiqamətə baxdı. Bir qədər irəlidə üç-dörd gəncin limandakı beton plitələrin üstündə əyləşib əyləndiklərini gördü. Gənclərdən biri sinəsinə sıxdığı gitarada mahnı ifa edir, yoldaşları məmnunluqla onu dinləyirdilər.
Gəncin ifası, səsinin tembri Azərə öz gənclik illərini, dostu Təbrizi xatırlatdı.
…İllər əvvəl Bakıda bir payız axşamı dostlar həmişə olduğu kimi bir yerə yığılmışdılar. Təbriz gitaranı götürüb barmaqlarını simlərin üzərində gəzdirərək Emin Sabitoğlunun “Payız gəldi” mahnısını zümzümə etməyə başlamışdı. İllərin ardından duyulan o səs indi sahildəki gəncin səsinə qarışıb qulaqlarında əks-səda verirdi.
Gözlərim hər axşam axtarır səni,
Ürəyim yollardan qayıtmır evə.
Sənsiz dalğalar da tanımır məni,
Neyləyim, ürəyim heç yatmır evə.
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Payız gəldi, qərib oldu dəniz,
Bu dənizin gözü yaşlı sənsiz.
Bu mahnı, bu ifa, bu ahəng sanki Azərin dərdini dilə gətirmiş, ürəyindən xəbər vermişdi. Üzünü birinci dəfə gördüyü, tanımadığı bu gənc özü də bilmədən onun yarasına duz basmışdı sanki. Özü də bilmədən onlara doğru addımladı. Oğlan ifasına son verəndə o, yaxınlaşıb səmimiyyətlə gəncləri süzdü. Əlini oğlanlardan birinin çiyninə qoyub:
– Salam, uşaqlar! – dedi.
Onun salamını alan gənclərin üzündə sual dolu ifadə yarandı. Onları doğma dildə belə səmimi salamlayan bu adamın kimliyi gənclərə maraqlı gəldi.
Azər oğlanların ağlından keçənləri ona tuşlanmış sual yağan nəzərlərindən, üzlərindəki məlum ifadədən oxuyub gülümsündü.
– Gördüyüm qədəri ilə tələbəsiniz. Üstəlik, Bakıdansız, – dedi.
Aralarından biri sualı dərhal cavabladı.
– Elədir.
– Çox gözəl! – Azər səmimi ifadə ilə gəncləri süzdü. – Müvəffəqiyyətlər arzu edirəm!
Gənclərin qaçaraq nəzərləri bir-birinin üzündə gəzdisə də, razılıq etdilər. Azər gitaranı işarə edib oğlana:
– Gözəl ifa edirsiniz, – dedi.
– Təşəkkür edirəm! – Oğlan təvazökar ifadə ilə baxışlarını yerə dikib gülümsündü.
Azər aydınlıq gətirmək üçün:
– Mən də bakılıyam. Uzun zamandır doğma şəhərimi görmürəm. Səsiniz məni bura çəkib gətirdi. Xəyalən Bakıya qayıtdım desəm, yalan olmaz.
Gənclərin gözlərindəki işıltı bu sözlərlə daha da parladı. Üzləri nurlandı. Maraqlı bir həmsöhbət tapdıqlarına məmnun halda maraqla Azəri dinləməyə başladılar.
Azər onlarla bir qədər söhbət etdikdən sonra üzünü yenə həmin oğlana tutub:
– Rica etsəm, mənim üçün yenidən ifa edərsizmi həmin mahnını? – dedi.
– Məmnuniyyətlə! – Oğlan bunu deyib, gitaranı şövqlə sinəsinə sıxdı. Və ifa etməyə başladı.
İfanın sonunda gənclərdən biri:
– Cənab, izninizlə bir sual verim sizə, – deyə Azərə baxdı.
– Buyurun.
Oğlan dostlarını qıyğacı bir baxışla süzüb, maraqlandı:
– Bizim məhz bakılı olduğumuzu necə təxmin elədiz?
– Qərib yerdə bir bakılı, dəniz və gitara. Ağıla gələn məncə elə bu mahnı ola bilər. Bundan əlavə, mən sizə yaxınlaşanda dostunuza müraciətinizdən, yəni ləhcənizdən anladım.
Gəncləri təbəssüm sardı.
Azər təşəkkür edib onlardan ayrıldıqdan sonra oğlanlardan biri saçlarını qarışdıra-qarışdıra düşüncəli halda:
– Sanki haradasa görmüşəm bu simanı. Tanış gəlir, amma heç cür yadıma sala bilmirəm, – deyə dodağını büzdü.
Azər evə gəlib çatanda qapıda həmişə kimi onu 6 yaşlı qızı qarşıladı.
– Ata gəldi! – Sevinc dolu səsi bütün evi bürüdü. Qarşısına yüyürüb qollarına atıldı.
Azər övladını bağrına basıb göz qırpımında havaya qaldırdı, üz-gözündən öpüb sual etdi:
– Mənim mələyim atasını gözləyirdimi?
Dilbər nəşəli bir səslə cavab verib balaca qollarını atasının boynuna dolayaraq üzündən öpdü.
– Desin mənə görüm bu gözəl qız atasının həm də nəyi olur?
– Anası! – Dilbər şəstlə dilləndi.
– Əhsən sənə! – Azər onun saçlarından öpüb yerə qoymadan danışa-danışa evə doğru addımladı. – Yeməyini yemisənmi?
– Çoxdan bitirmişəm.
– Afərin!
***
Xidmətçi salona gəlib Salehə müraciətlə:
– Qardaşınız oğlu gəlib, – deyə xəbər verdi. – Zivər xanımla bağçada əyləşiblər.
Saleh Arazın gəldiyini duyar-duymaz rəngi duruldu. Üzündə məmnun ifadə Arazı qarşılamaq üçün dərhal yerindən qalxdı. Sofiya da onun ardınca qalxdı, birlikdə qapıya üz tutdular.
Bu anlarda divanda əyləşən və dizlərinin üstündəki noutbukda əmioğlu kimi tanıdığı Arazın fotoşəkillərini izləməkdə olan 16 yaşlı Melissa həyəcanını ört-basdır etməyə çalışsa da, bacarmadı. Allanmış yanaqları od tutub yandı. Ürəyi şiddətlə vurmağa, coşub qaynayan hissləri ağlına hökm etməyə başladı. İxtiyarını əlindən aldı. Noutbuku qapayıb cəld yerindən qalxaraq pəncərənin önünə keçdi. Buradan bağçanın böyük bir hissəsi aydın görünürdü. Son zamanlarda qəlbində baş qaldıran coşqulu duyğular gözündə ətraf-aləmin, həyatın rəngini dəyişmişdi. Bu onun duyduğu ilk həyəcanı idi. Arazı bir an olsun ağlından, fikrindən çıxara bilmirdi.
Melissanın Arazı süzərək rəng verib rəng aldığını, həyəcanını görən və artıq bir müddətdir bacısının duyğularından duyuq düşən Baharı bu vəziyyət aşkar surətdə narahat etməyə başladı.
– Yanlış hisslərə qapılmısan, Meli, bu sənə xəyal qırıqlığı yaşadacaq və yalnız əzab verəcək. Özünü bilə-bilə cəhənnəmin ortasına atma.
Bacısının belə kəskin danışığı Melissanın sevincini üzündə dondurdu. Çatılmış qaşlarının altından tərs-tərs qızı süzüb, dodaqlarını bir-birinə sıxdı. Bahar bunu görsə də susmadı.
– Onunla bizim aramızda qohumluq əlaqəsi var. Bunu ata da vurğulayıb dəfələrlə. O isə bizə öz bacısı kimi münasibət göstərir. Fərqində deyilsənmi? Üstəlik, öz tələbə yoldaşı ilə aralarında sevgi münasibəti var. Azərbaycandan, Bakıdandır qız. “Twitter” hesabında dəfələrlə həmin qızla bağlı paylaşımlar edib. İkisinin bir yerdə yüzlərlə fotoları var. Yazılan şərhləri oxumursanmı? Bir-birilərinə çox yaraşdıqlarını söyləyənlər… Onlara xoşbəxtlik diləyənlər… İzləmirsənmi Arazın səhifəsini?
– Bu an təkcə onu deyə bilərəm ki, sənin bu danışıqlarını qətiyyən sevmirəm. Ürəkbulanma verir. Bu qədər sadə.
– Sənin üzülməni istəmirəm! Nə qədər ki, ata-ana xəbər tutmayıblar, çalış, bəlli etməyəsən. Yaxşısı budur ilk öncə təhsilin barədə düşünəsən.
Melissa bir anlıq diqqətlə bacısının üzünə baxıb, daha heç bir söz demədi. Əsəbi addımlarla salonu tərk elədi. Bahar onu nə qədər səslədisə də ayaq saxlamadı. Otağına keçib üzüstə taxtınna uzandı. Saniyələr sonra yanıqlı bir hönkürtü qapının ardında da eşidildi.
…Araz Zivər xanımla söhbət etdiyi əsnada Salehin gəldiyini görən kimi ayağa qalxdı. Ədəblə salam verib doğmalıqla ona sarıldı.
– Xoş gördük, oğlum! Nə yaxşı gəldin!
Sofiya ilə salamlaşıb ayaqüstü hal-əhval tutduqdan sonra keçib üzbəüz əyləşdilər. Saleh mehr-məhəbbətlə Arazı süzərək maraqlandı:
– İşlər necə gedir?
– Hər şey yolundadır.
– Belə də davam et! – Saleh qürur hissi ilə Araza gülümsədi. – Yaxşı, bəs, ata necədir? Müalicəsi bitdimi?
– Hər kəsin salamı var. Ata da pis deyil. Aha, bitdi müalicə. Ümid edirik ki, daha bir problem olmasın.
– Hər şey yaxşı olacaq! – Saleh əminlik yağan əda ilə əlini Arazın çiyninə qoydu.
Araz bu dəfə bu evə fərqli duyğular içində gəlmişdi. Salehin öz əmisi olmadığına rəğmən onun yolunda necə təhlükələrə atılması Arazın ona olan rəğbətini daha da artırmışdı. Ona vermək istədiyi suallar saya-hesaba gəlmirdi. Əslində məhz bu gün bu suallara cavab almaq üçün gəlmişdi.
Lakin bu mövzunu açmaqla Salehin yarasına toxunacağını gözüyumulu bilir, bu səbəbdən cürət etmirdi. Üstəlik, onu əbədiyyən itirəcəyindən ehtiyatlanırdı. Hərçənd söz ürəyini deşirdi.
Oğrun baxışları Salehin sol qolundakı çapıq izlərində gəzirdi. Keçmişin izlərini nə aradan keçən zaman, nə də firavan həyat silməyə qadir deyil. Üstəlik, bu izlərin arxasında dərin bir yara mürgüləyirsə. Səbəbi açıqlaya bilinməyəcək qədər böyükdürsə…
“Kaş bu həqiqəti öyrənməmək olaydı nəsibim. O zaman həyat mənə bu qədər çətin görünməzdi… Kaş “Haqqını halal et!” demək imkanım olaydı, əmi! Mənim üçün etdiyin bütün yaxşılıqlar üçün səndən halallıq ala biləydim. Sağlamlığını mənim yolumda itirmisən. Kaş bunu sənə deyə biləydim… Kaş!..”
Daxilən ürəyindən keçirdiyi sözləri başqa sözlərlə əvəz etməli oldu.
İllər əvvəl baş verənləri yenidən xatırlayıb həmişəki kimi köks ötürdü.
Məyus və kədərli bir səslə:
– Dilbər bacı, Ənvər qardaş çox əzab, çox iztirab çəkdilər bu həyatda, – dedi. – Neçə illərdir gözləri yollara dikilib. Üzləri gülsün artıq.
Zivər xanımın bu sözləri Arazı dünən gecə qardaşı ilə aralarında keçən söhbətə apardı.
Dünən gecə
Araz qardaşı ilə ikilikdə danışmaq istədiyini ona zəng vurub bildirsə də sonradan telefonuna zəng çatmamışdı. Azad Arazın zənglərinə cavab vermədiyini görəndə onu həmişə gəldiyi kafedə axtarmağı qərara almışdı. Kafenin həyətinə daxil olar-olmaz təxminində yanılmadığını anladı. Araz adəti üzrə sakit bir guşədə küncdəki masalardan birində əyləşmişdi.
Azad keçib onunla üzbəüz əyləşdi. Onun gəlib çıxması belə Arazın boşluğa zillənib qalan qüssəli baxışlarında ciddi dəyişikliyə səbəb olmadı.
Azad qardaşının əhval-ruhiyyəsindəki qəribəliyi sezib, tutqun və məyus ifadəyə işarə edərək:
– Eyy!.. Danışmalıyıq dedin, gəldim. Nə baş verib?
Araz gözucu qardaşını süzdü. Lakin dillənmədi. Azad bunu görüb şübhəsini dilə gətirdi.
– Ayrılmısız?
Araz dumanlı baxışlarla yenidən qardaşını süzdü.
– Necə?
– Gülayla münasibətinizi soruşuram. Nəsə bir problem var ovqatın belə təlx olmaqda? Nədir səbəb?
Araz qaşlarını düyünləyib fısıldadı.
– Yox, onunla əlaqəsi yoxdur.
– Elədirsə, bəs…
Araz zəndlə qardaşının üzünə baxıb sual verdi:
– Sən bizi bura hansı fırtınanın atdığını bilirdinmi?
Azad çaşqın nəzərlərlə qardaşını süzdü.
– Anlamadım.
Xidmətçinin masaya yaxınlaşıb Azada nə sifariş verəcəyini sual etməsilə onlar söhbətə ara verməli oldular. Xidmətçi sifarişi qəbul edib getdikdən sonra Araz sözü uzatmadan birbaşa mətləbə keçdi.
– Keçmişimiz barədə nə bilirsən?
– Sən bildiyin qədərini. Bəlkə daha az. Nə üçün soruşdun?
Araz dərin köks ötürdü.
– Saleh əmi əslində bizim öz əmimiz deyilmiş, – dedi.
Azad nəzərlərini xeyli Arazın üzündə saxladı. Bir anda yaşadığı çaşqınlıq ona verəcəyi sualı da unutdurdu. Araz qardaşının bu an nə hisslər keçirdiyini anladığından onu incitməmək üçün daha gözləmədi:
– Anam yazıb hər şeyi! Az qala bütün həyatımızı! İllər əvvəl baş verənləri…
Azad əyləşdiyi stulu özüylə bərabər bir qədər irəli çəkib qardaşına daha yaxın oturdu. Daxilində qopan tufanla bacarmayıb gərildi.
– Başdan danış! Aydın və ətraflı! Nə bilirsən?
Araz tərəddüd etmədən:
– Bu səbəbdən ikilikdə danışmaq istədim səninlə. – Bunu deyib, sözə başladı. – Həmin gün evdə tək idim. Mənə atanın Qarabağda lentə aldığı video materiallar lazım idi. “Xocalı soyqırımı” ilə bağlı videoçarx hazırlamaq üçün o materiallardan istifadə etməyi düşünürdüm. Kasetləri axtaranda qarşıma bir qutu çıxdı.
Sözün bu yerində xidmətçi sifarişi gətirdiyi üçün yenə masaya yaxınlaşdı. Söhbət ingilis dilində getdiyindən Araz sözünə yenə ara verməli oldu. Azad təşəkkür edib xidmətçini yola saldıqdan sonra səbri daralmış halda “davam elə!” mənasında qardaşına baxdı.
Araz sözünə qaldığı yerdən davam elədi:
– Kasetləri tapdığıma sevinib qutunun ağzını açdım. Qutuda kasetlər deyil, bir neçə dəftər vardı. Əvvəl əhəmiyyət vermək istəməyib kənara qoymaq istədim. Lakin maraq mənə güc gəldi. Dəftərlərdən birini əlimə alıb vərəqlədim. Gündəlik idi. Anamın öz əliylə yazdığı gündəlik. Xəttindən tanıdım. İnan mənə, bunu etmək istəmirdim. Çünki kiminsə şəxsi əşyasını qarışdırmaq, özəl yazısını oxumaq əfv etmədiyim səhvlərdən biridir. Lakin səhifələrdən birində atamın, Saleh əminin adına rast gəlməyim diqqətimi çəkdi. Günlərlə heç nə barədə düşünmədim. Dəftərləri bir-bir oxudum.
Azad qardaşını dinlədiyi halda telefonunu birdəfəlik bağlayıb Arazın dolan gözlərinə baxa-baxa səbirsizlənərək sual verdi:
– Nə oxudun? Nə barədə yazıb ana?
– Keçmişdə baş verənlər barədə. Atamın başına gələnlər, yaşadıqları əzab-əziyyətlər barədə.
– Evə gələn kimi otağına qapanmağının səbəbi bu imiş demək!
– Fikrim, düşüncələrim darmadağın idi. Özümü heç cür toplaya bilmirdim. Elə indi də dəyişən bir şey yoxdur. Bərbad vəziyyətdəyəm. Mən sanki atamı da, anamı da o dəftərlərin sayəsində tanıdım. İnan səmimiyyətimə, bunu bilməyim belə mənim Saleh əmiyə olan münasibətimi, düşüncələrimi dəyişmədi. Əksinə! O da eynən ata-anam qədər çəkib bu həyatdan! Deməli, bu səbəbdən atanın üzü heç vaxt gülmür. Bayramlarda belə. Çünki vətənindən, ata-anasından ayrı düşüb. Səbəb çoxdur. Saya gəlməyəcək qədər çox!
Araz ixtiyarsız axan göz yaşlarını silib kövrəlmiş halda:
– “O yerdə ki, sözə qandal vurulub, həqiqət dar ağacından asılıb, haqq-ədalətin dili möhürlənib, səninsə susmağa gücün çatmır, haqqı danmağı bacarmırsan… İşləyə bilməzsən! Ən yaxşı halda ideyalarını yolu yarı etməmiş dəfn edib, hər kəsdən, hər şeydən vaz keçməli olub, başını götürüb gedəcəksən. Deməli, bu yola çıxmağın bir mənası yoxdur. Bax, bunu deməmək üçün ətraflı düşün və doğru qərar qəbul et”. Heç unutmamışam atanın bu sözlərini. Mənasını bu gün tam mənasıyla dərk edirəm.
(Ardı var)