Reportyorlar (94)
- 15 Oktyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
20 il sonra
O, günlərdir oxuduğu dəftərin sonuncu vərəqini də çevirib kədərli duyğular içində qapadı. Dolub-yaşaran gözləri bir xeyli boşluğa baxmağa başladı. Nəfəs ala bilmək üçün sinə dolusu dərin bir köks ötürüb gözlərini yumub sıxdı.
Qarşısındakı kompüterin monitorunda görünən 26 fevral 1992 tarixli qovluqlardan birinə daxil oldu. Buradakı videomateriallardan birini işə saldı. Monitorda hərəkət edən kadrların fonunda qarlı dağların da göründüyü çılpaq ağacların yanında dayanmış gözü yaşlı bir qızın görüntüsü canlandı.
Araz əliylə çənəsini sıxıb dəfələrlə baxdığı kadrları təkrar diqqətlə izləməyə başladı. Bu kadrlar ona oxuduğu gündəlikdən sonra yaşananları olduğu kimi göstərən şəffaf bir ayna idi sanki. Bu dəfə daha fərqli hisslər keçirirdi.
Arxa planda duyulan tanış səs qızın nəmi qurumayan gözlərini yenidən yaşla doldurdu.
“- Adın nədir, qızım?
Qız burnunu çəkib qorxu çökmüş baxışlarını ətrafda dolandıra-dolandıra cavab verir.
– Xumar.
– Əhsən. Xumar, bəs bizə deyə bilərsənmi neçə yaşın var?
– 15.
– Ay sağ ol!
Bir neçə saniyə sükut və dərin ahdan sonra növbəti sual ünvanlanır:
– Xumar, qızım, necə oldu ki, evlərinizdən çıxıb bu dağlara qaçdınız? Danışa bilərsənmi tamaşaçılar da bilsin?
– Ermənilər hücum elədi.
– Aha! Saat neçə idi? Xatırlayırsan?
– Gec idi. Mən yatmışdım… Bir də gördüm anam məni oyadır ki, getməliyik. – Sözün bu yerində doluxsunub göz yaşlarına boğulan qızı onu lentə alan operatorun mülayim səsi ovundurur. Elə bu dəmdə haradasa partlayan raket səsi qızı diksindirir. Görüntü bir neçə saniyə titrəyir. Obyektivdə gah ağaclar, gah qarlı torpaq, gah da dağların görüntüsü sürətlə dəyişdiyindən, görüntünün titrəməsindən çəkilişin necə çətin şəraitdə aparıldığı aydın görünür.
Operatorun səsi qıza yenidən toxtaqlıq verir.
– Qorxma, mən yanındayam. Xumar… Gəl belə edək, qızım. Bəlkə söhbətimizə yenidən davam edək? Olar? Ay sağ ol! Harada qalmışdıq?
Bu anda obyektivi yenidən Xumarın yaşlı gözləri tutur.
Araz kadrı bu yerdəcə dondurub ixtiyarsız olaraq bu sözləri pıçıldadı:
– Ata… Səni çox sevirəm! Çooox!..
Boğazına yığılan qəhər ona sözlərinin davamını gətirməyə imkan vermədi. Özünə gəlməyə çalışırdı ki, bu vaxt daxili telefon zəng vurdu. Xətdə gənc xanımın rəsmi tonda səsi duyuldu. O, ingilis dilində:
– Araz bəy, “Xocalıya ədalət!” kampaniyasından bir neçə nümayəndə gəlib. Sizinlə görüşmək istədiklərini bildiriblər.
Qeyd: “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası – Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir”.
Bunu eşidəndə üzünün ifadəsi o andaca dəyişən gənc gözlərinin nəmini barmaqlarının bir toxunuşu ilə silib, dərhal ciddi səslə ingilis dilində cavab verdi:
– Buyursunlar.
Özünü toplayıb yerindən qalxdı. Onları qarşılamaq üçün kabinetin tən ortasına gəldi.
Aydan
Aradan keçən bu illərdə çox çətin günlər yaşadıq. Bizim üçün qürbətdə yaşamaq heç də asan olmadı. Azər illərlə müalicə və psixoloji yardım aldı. O, bəzən özünü Xocalıdaymış kimi hiss edir, kabuslar görürdü. İlk vaxtlarda başında şiddətli ağrılar tutanda nə məni, nə də övladlarını tanıyırdı. Xocalıda yaşadığı ağır anlar, şahid olduğu dəhşətlər həmin günə qədər aldığı bütün travmaları üstələmişdi. Onu belə görmək əzabların ən dözülməzini yaşadırdı mənə. Yad məmləkətdə vətəndən, doğmalarımızdan uzaqda tanımadığım insanların əhatəsində və üstəlik, öhdəmdə iki körpə uşaqla Azərin səhhətindən, aqibətindən nigaran halda yaşamaq olduqca çətin idi. Zaman keçdikcə buna da alışdım. Başıma gələn hər çətinliyə alışdığım kimi.
Taleyimizə yazılan daha bir ağır sınağın öhdəsindən gəlməyə çalışırdıq. Bəxtim onda gətirmişdi ki, atam, yəni Kamal bizimlə idi. O, bizə əsl ata kimi sahib çıxmışdı. Bizə maddi-mənəvi, hərtərəfli dəstək olur, bizi qoruyurdu. Heç demə, məskunlaşdığımız bu ölkədə onun illər əvvəldən tanıdığı bir çox dostları, tanışları varmış. Onların da bizə çox köməyi dəyirdi.
…Azər xəstəxanadan çıxandan sonra müalicəsinə evdə davam edirdi. Ara-sıra tutan ağrıları nəzərə almasaq, xeyli yaxşı idi. Amma ayağını hələ də çəkirdi. Saatlarla soyuğun, şaxtanın, qarın üzərində qalması ayağındakı zədədə problemə yol açmışdı.
O isə sanki əl-qolu zəncirlənibmiş kimi günləri sayır, dəli bir istəklə sağalıb ayağa qalxan kimi vətənə geri dönməyi düşünürdü, lakin atam bunun doğru qərar olmadığını ona dəfələrlə izah edib, bu fikri hələ ertələməyi məsləhət görürdü.
Bir müddət sonra dostları qaldığımız ünvanı öyrənib Azərlə əlaqə yarada bilmiş və bir neçə dəfə bizə onu görməyə gəlmişdilər.
Vətəndən bura üz tutanlar özləriylə heç xoş xəbərlər gətirmirdilər. Onlardan eşitdiklərimizə görə, Azərbaycanda siyasi vəziyyət günü-gündən gərginləşirdi. Torpaqlarımız bir-birinin ardınca düşmən əsarətinə keçirdi. Və daha nələr… nələr…
Bu acı xəbərlər bizi üzdükcə üzürdü, əldən isə heç nə gəlmirdi.
İllər bu minvalla keçdi. Bir vaxt heç gözləmədiyim halda yenidən ana olmaq şansını verdi mənə Rəbbim. Həyata bağlanmaq üçün daha bir önəmli səbəb bəxş etdi bizə.
Həmin il qızımız dünyaya gəldi. Zülmətə qərq olan taleyimizin bir gün mütləq aydınlığa qovuşacağına ən ümidsiz anımda belə qəlbən inanmışdım. Körpəmi qollarıma aldığım o anda yaşadığım müdhiş duyğular yanılmadığımı sübut etdi. Çünki Tanrı bütün çətin günlərdən sonra bu körpəni bizə mükafat olaraq bəxş etmişdi. Ailəmizin ən kiçik və sevimli üzvü, üzümüzü güldürən yeganə səbəb, sevinc qaynağımız idi alagözlü balaca Dilbərimiz.
Günlər ötdü. Uşaqlar da, ailəmiz də böyüdüyündən bura artıq bizə kiçik gəlməyə başladı. Atamın dəstəyi ilə yaşadığımız evi dəyişdik. O da bizimlə birlikdə qonşu evə daşındı.
Bakıdan ayrılanda özümlə bir neçə fotoşəkil götürmüşdüm. Həmin fotoları çərçivəyə saldırıb komodun üzərinə düzmüşdüm. Doğmalarımızı hər zaman yanımızda hiss etmək və bəzən də “dərdləşmək” üçün.
İlk illərdə Azərin valideynləri bir neçə dəfə bura bizi görməyə gəlmişdilər. Lakin yaşlılıq və səhhətlərindəki problemlər sonradan buna imkan vermədi.
Artıq bizə məxsus olan bu evin kiçik həyətində balaca bir guşə yaratmışdım. Həyəti dövrəyə alan taxta çəpərin önündə qızılgül kolları əkmiş, taxta çəpəri ağ rəngə boyamışdım. Bura mənim kiçik Mərdəkanım idi. Vətən nisgili ilə yanıb-tutuşan ürəyim dolub-qabaranda bu kiçik guşədə rahatlıq tapırdım. Bura sığınırdım. Yaz gəlib ətraf yaşıllığa qərq olanda, güllər qönçə bağlayıb, dəstə-dəstə açanda həyətdə çox füsunkar bir mənzərə yaranırdı. Lakin burnuma tutduğum bu gül qönçələri əsla və əsla Mərdəkandakı qızılgüllərin ətrini verə bilmirdi. Nə zaman ki, külək əsirdi, xəyalım məni küləklər şəhərimə – Bakıya aparırdı. Amma qürbətdə əsən külək də, meh də xəzrinin, giləvarın yerini verə bilmirdi.
Bakı üçün, ayaq açdığım o doğma yerlər üçün burnumun ucu göynəyirdi.
Tək istəyim yenidən o torpağa ayaq basmaq, havasını doyunca burnuma çəkib, suyunu susuzluqdan yanan dodaqlarımla içə bilmək idi… Bunu təkcə mən diləmirdim. Bunu Azər də istəyirdi. Bütün qəlbi, ruhu, varlığı ilə istəyirdi. Məni incitməmək üçün yanımda söz açmasa da, tək istəyinin bu olduğunu bilirdim. Bu arzu, bu istək baxışlarına, üzünün hər cizgisinə hopmuşdu. Hər ədasında, alıb-verdiyi hər nəfəsdə hiss olunurdu. Necə boynubükük, qərib və kimsəsiz olduğunu hər halıyla izhar edirdi.
Bu illər ərzində mən həm də bu günə qədər yaşadığımız acılı-şirinli günləri, həyatımızda yer alan hadisələri xatirə olaraq gündəliyimə qeyd edir, bununla qismən də olsa rahatlıq tapırdım. Sanki yığılıb qalan və mənə əziyyət verən ağır bir yükdən qurtulur, kimsəyə aça bilmədiyim ürəyimi ağ vərəqlərə, sətirlərə töküb bir qədər sakitləşirdim. İllər ötmüş, artıq övladlarımız da böyümüşdülər.
Atam Azadı görkəmcə babası Ənvərin gəncliyinə bənzədirdi. Xarakterini də eləcə. Araz isə Azərin təkrarı idi. Həm xarici görünüşü, həm düşüncələri, xarakteri. Mən onları ayrı-ayrı zamanlarda dünyaya gəlmiş iki eyni insan adlandırırdım. Eynilə Azər kimi çılğın, qorxmaz və inadkar idi.
O, ixtisas seçimində də atasının yolunu davam etdirirdi. Hətta Azər buna qətiyyətlə qarşı çıxsa da. Uzun mübahisələr və ata-oğul arasında günlərlə və hətta aylarla yaşanan gərginliklərdən sonra Araz atasının rizasını almağı bacarmışdı. O, indi həm magistr təhsili alır, həm də yaşadığımız ölkədə nüfuzlu telekanallardan birində idarəçi heyətdə fəaliyyət göstərirdi.
Azad isə babalarının yolunu davam etdirmək fikrində idi. Təhlükəsizlik xidmətində qulluq etməyi düşünürdü.
Qürbətdə böyüsələr də vətənə, torpağa bağlı idilər. Otaqlarında üçrəngli bayrağımız divarı bəzəyirdi. Bakının rəmzi olan aksesuarlar masalarında, kitab rəflərində ən dəyərli əşyalardan sayılırdı. Hər ikisinin Bakıdan dostları, tanışları vardı. Bir sözlə, ürəkləri vətən üçün döyünürdü. Bunda təbii ki, Azərin də rolu böyük idi.
Əminəm ki, nənə və babaları onlarla necə fəxr edir, qürur duyurdular.
Həm Azadı, həm də Arazı tez-tez “Skype”da nənəsi, ya da babası ilə danışan görürdüm. Belə anlarda Dilbər mütləq qardaşlarının yanında olurdu. Arazın ona təkrar etməsini söylədiyi cümlələri Dilbər böyük həvəslə babasıgilə duyururdu.
“Nənə! Baba! Sizi çox sevirəm!” Ardınca kiçik ovcunu ağzına tutub onlara öpüş göndərirdi.
Bütün bunları seyr etmək insanı duyğulandırmaya bilməzdi.
Hər səhər olduğu kimi masanı hazırlayıb oğlanların otağının qapısından onlara səsləndim:
– Uşaqlar… Hamı bir nəfər kimi masaya!
Biri narazılıqla yerində çevrikdi, digəri başını yastığın altına saldı.
Azər səhər erkəndən çıxmışdı evdən. Vaxtaşırı belə səhər gəzintisinə çıxırdı.
Çox keçmədən Araz alnına yayılmış qara saçlarını qarışdıra-qarışdıra qapıda göründü. Yarıyuxulu halda mətbəxə gəlib üzümdən öpərək:
– Sabahın xeyir olsun, anaların ən gözəli! – dedi. Vanna otağına üz tutdu.
Onun ardınca Azad da yanıma gəldi və eyni qaydada üzümdən öpərək:
– Sabahın xeyir olsun, ana! – dedi, gözlərini ovuşdura-ovuşdura tənbəl addımlarla vanna otağına keçdi.
Onlar yuyunduqdan sonra masaya gələndə mən çayları süzüb süfrəyə düzürdüm.
Artıq masada öz yerini tutan balaca Dilbər şəstlə qardaşlarına:
– Bir baxın, mən çoxdan burdayam, – dedi. Şeytan-şeytan gülümsədi.
– Əhsən sənə, balaca! – Araz stul çəkib bacısının yanında əyləşərək saçlarına sığal çəkdi.
Dilbər həmişə olduğu kimi bu sözə qaşlarını çatıb mısmırıqla:
– Mən balaca deyiləm, – dedi, – atamın anasıyam! Atam belə deyir.
– Ata doğru deyir. – Azad narazılıqla Arazı süzüb, bacısının könlünü aldı.
Bu söz Dilbərin ürəyinə yağ kimi yayıldı. Şıltaq əda ilə xırda barmaqlarını hər iki yanağına tuşlayıb:
– Bəs mən? – deyib gözlədi.
Qardaşları eyni anda yerlərindən qalxıb ona doğru əyilərək yanaqlarına busə qondurdular. Yalnız bundan sonra Dilbər iştahla önündəki nimçədən səhər yeməyini yeməyə başladı.
– Bu qız bir az da böyüsün, naz-qəmzəsinin önündə duruş gətirə bilsək a… işimiz çətindir. – Araz güləş ifadə ilə qardaşına göz vurdu. Azad da gülümsündü. Bacısının saçlarını tumarladı.
– Neyləməli, ərköyün şahzadəmizdir də o bizim, gərək xətri əziz olsun. Hörmətdə qüsur etməyək.
– Tamamilə doğrudur. – Araz bacısını özünə sıxıb təkrar öpdü.
Hər səhərimiz bu minvalla keçirdi. Belə səhərlər mənə Bakıda keçən uşaqlıq çağlarımdakı şən, qayğısız günlərimdə bacılarımla bir masada yediyim səhər yeməklərini xatırladırdı.
Öz yerimə əyləşib təbəssümlə övladlarımı süzürdüm. Hələ də inana bilmirdim aradan bu qədər illər ötüb və mənim bir zamanlar beşiyini yellədiyim övladlarım böyüyüb boya-başa çatıblar. Hər biri evimin, ailəmin dirəyi, dayağı olublar.
…Atam hər gün bizə baş çəkirdi. Bu gün də bir az olar gəlmişdi. Həyətdə güllərin əhatəsində açılan masanın ətrafında əyləşmişdik. Dilbər rəsm albomunu gətirib babasını çəkdiyi rəsmlərlə tanış edirdi. Bu gün səhərdən rənglədiyi sonuncu rəsmini yenicə bitirmişdi. İndi böyük həvəslə babasına öz rəsmi haqda danışırdı:
– Bu Ənvər babadır. Bu isə Nadir baba. Bir də Kamal baba! – deyib atamı fərəhlə qucaqladı. O, belə edəndə kişi bütün dərd-qəmini unudur, sanki dünyaya yenidən gəlirdi. Gözlərinin içi gülürdü.
Dilbər isə yorulub usanmadan davam edirdi:
– Bax, bu Dilbər nənədir. Vəə… bir də Zərifə nənə. – Bu yerdə o bir qədər səsini qısıb dedi. – Anam deyir ki, o mələk olub, bizə göylərdən baxır. Ona görə də bizimlə deyil.
Atamın çöhrəsi bir anda dərdli qocanın simasını andırdı. Kədərli baxışlarla gözucu məni süzüb:
– Elədir, balam. Anan doğru deyir, – dedi.
Bütün bunları görsəm də, eşitsəm də özümü o yerə qoymurdum. Dilbər isə hələ də həvəslə saymaqda davam edirdi.
– Bax, bu Fatya xaladır, bu isə bibim. Babacan, sən Vüqar əmini, Ceyhun əmini tanıyırsan?
– Bəs necə! Əlbəttə.
Bu anda telefona gələn mesajın Dilarədən olduğunu görməyimlə üzümdə təbəssüm yarandı. Sirdaşım, mənə bacıdan yaxın olan bacım həmişəki kimi belə yazmışdı: “Necəsən, gülüm?”
Dərhal cavab yazdım. Və ondan növbəti mesaj gəldi: “Ay qız, heç bilirsən necə darıxmışam səninçün, o vəfasız qaqaşımçün? Nə vaxt gəlirsiz axı Bakıya? Özünə deyəndə eyni cavabı verir. “Qismət olsa, bu il”. Ürəyim üzüldü ki… Mən daha bilmirəm, nə edirsən et, yola gətir o sözdinləməz kişivi. Nə vaxt sarılacam mən sizə? Üzbəüz əyləşib, o köhnə günlərdəki kimi nə zaman deyib-güləcəyik, aaa… Heçmi yadınıza düşmür o günlər?”
Mənim Dilarəm artıq iki övlad anası idi. Amma heç dəyişməmişdi. Eyni şıltaq, zarafatcıl, ərköyün Dilarə kimi qalmışdı.
Onun giley-güzarına cavab olaraq üzümdəki təbəssümlə yazdım: “Heç yaddan çıxarmı o günlər, əzizim. Hər gün yadımızdadır. Bu gün-sabah deyə-deyə ertələməli olduq. İşlər belə gətirdi. Görüşərik inşallah. O da olar, əlbəttə”.
Bu vaxt qulağında telefon danışa-danışa evdən çıxan Araz bütün diqqətimi istər-istəməz özünə yönəltdi.
– İdmana gedirəm. Daha sonra işlərimi həll edim, çox güman, bu gün əmiylə görüşəcəm, – dedi.
Sonra mənə doğru gələ-gələ “Aha, oldu ata! Başa düşdüm, narahat olma” deyib, söhbətə son verdi. Əyilib saçlarımdan öpdü.
– Mən gedirəm ana, bu gün evdə olmayacam, əmiylə görüşəcəm. Özünə yaxşı bax. Hələlik.
Mən onun üst-başını bir daha özüm qaydaya salıb, qayğılı bir səslə:
– Sən isə yolda ehtiyatlı ol, – dedim.
Araz hər zaman saçlarıma taxdığım zümrüd qaşlı saç sancağını kövrək təbəssümlə süzüb:
– Narahat olma, mənim gözəlim! – dedi. Yanağıma busə qondurdu. Məndən ayrılıb bir neçə addım getmişdi ki, birdən nə fikirləşdisə geri çevrildi. – Bu dünyaya bir də gəlmək şansım olsa, valideynlərimin məhz sizin olmanızı dilərdim, anacan! Sizi çox sevirəm! Biləsən yəni! – Eynən Azərin təbəssümü ilə üzümə baxaraq göz vurdu. Və əlini dodaqlarına apararaq mənə havadan öpüş göndərdi. Daha sonra bacısını yanına çağırdı. – Gəl görüm bura, balaca.
Dilbəri havaya qaldırıb yanaqlarından öpərək təkrar yerə qoydu. Maşına əyləşib, sürüb getdi.
Onun əmi dediyi adam Saleh idi. Onlar mütəmadi olaraq Salehlə görüşdükləri üçün buna təəccüblənmədim.
Övladlarım Salehə inanılmaz dərəcədə bağlı idilər. Onu çox sevirdilər. Və Azərin doğma qardaşı hesab edir, ona “əmi ” deyə xitab edirdilər. Bu fikri Azər özü onların hafizəsinə yeritmişdi.
Salehgil bizim yaşadığımız şəhərdən bir neçə saatlıq məsafədə yerləşən başqa şəhərdə yaşayırdılar. Salehin üç qız övladı vardı. Şölə, Melissa və Bahar. Şölə artıq ailə qurmuşdu və yaxın vaxtlarda ana olacaqdı.
Salehin bacısı Gülnar da burada iş adamlardan biri ilə ailə qurmuşdu. Və bu izdivacdan bir oğul övladı vardı. Saleh isə öz işində yüksək mərtəbəyə qalxmışdı, səfirlikdə nüfuz sahibi idi.
Həyat yoldaşı Sofiya ilə münasibətimiz olduqca yaxşı idi. Sofiya Zivər bibini, qızlarını da götürüb gələr, tez-tez görüşərdik. Amma bu illər ərzində Saleh bir dəfə də olsun bizdə olmamışdı. Bir dəfə də. Onunla salam verib, salam almaqdan qeyri, ikinci artıq söz danışmamışdıq bu illərdə. Amma Azərlə, uşaqlarla olduqca mehriban və səmimi idilər.
Mən bütün bunlardan qətiyyən incimirdim. Əksinə, Salehin bu davranışlarını Azərə verdiyi dəyər kimi qiymətləndirirdim.
(Ardı var)