Reportyorlar (93)
- 08 Oktyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
…Azər gözlərini açıb özünə gələndə Ağdamda xəstəxanada idi.
Gözlərini açar-açmaz dostu Vüqarı və tibb bacısını gördü. Tibb bacısı ona bir neçə sual ünvanladı, lakin Azər başındakı uğultudan onu eşitmədi.
Vüqarın gözləri qızarmışdı, nəmli idi. Keçirdiyi sarsıntı üzünün cizgilərindən silinib getməmişdi. Qüssədən talan olmuş bir ifadə ilə gileyləndi:
– Brat… Adam belə nainsaf olmaz, brat! Öldüm mən! Bitdim! Çətin daha özümə gələm!
Dumanlı nəzərlərlə onları süzən Azər nə baş verdiyini anlamağa çalışırdı. Baxışlarını palatada dolandırdı.
Tibb bacısının Vüqara verdiyi sualı eşitdi:
– Araz kimdir? Bütün gecəni bu adı sayıqlayıb.
Vüqar bu sualla yenidən kövrəldi. Cavab verə bilməyib üzünü yana tutdu, hönkürtüsünü zorla boğdu.
Qəfildən körpəni xatırlayan Azər həyəcanla tibb bacısına baxdı. Boğuq, xırıltılı bir səslə soruşdu:
– Balaca bir uşaq vardı yanımda! Hardadır? – Onun cavab verməsinə səbir edə bilməyib yerindən qalxmaq istədi. – Nə oldu ona? Cavab verin!
Vüqar ona qalxmağa imkan verməyib tez dilləndi:
– Sakit ol, salamatdır. Bakıya göndərdilər.
Azər hövsələsiz bir şəkildə əliylə üz-gözünü ovuşdurub canına yayılan, xüsusilə də ayağında duyduğu dəhşətli ağrıdan yerində qurcalandı. Narahat göründü.
Çox keçmədən vurulan iynənin təsiri ilə yenidən özündə olmadı.
Aydan
Qapımızı yenə fəlakət döymüşdü. Həyatımız yenə tufana, qasırğaya düşmüşdü.
Bir müddət əvvəl Qarabağa yollanan Azərdən xəbər tuta bilməməyimiz Xocalının müsibətini duyanda narahat qəlbimizə od-alov ələmişdi. Qayınatam bərk narahat idi. Sanki ürəyinə dammışdı ki, Azərin başına iş gəlib. Zəng vurub dostlarından həyəcanla oğlunu soruşurdu. Söz vermişdilər ki, xəbər alan kimi ona bildirəcəklər.
Və biz bir neçə saat sonra o xəbəri aldıq. Son nəfəsini verməkdə ikən Xocalıda qarlı meşədə tapılmışdı.
Onu Bakıya gətirdiklərini öyrəndiyi gün Dilbər xanım evdə dura bilməyib, hospitala getmişdi. Oğlunu nə vəziyyətdə görüb qayıtmışdısa sakitləşmək bilmirdi, elə hey ağlayırdı.
Bakı. Hospital. Mart 1992
Azərin psixologiyasındakı məlum dəyişiklik müharibənin silinməz izi kimi Ceyhuna artıq çox söz deyirdi. Azər cismən olduğu kimi ruhən də heç yaxşı deyildi. Çox danışmırdı. Gərgin və əsəbi idi. Fikri-xəyalı pərən-pərən olmuşdu.
Tez-tez israr edirdi ki, ona iynə vursunlar. Özünü bilməmək, yatıb dərin yuxuya getmək istəyirdi. Xocalı öz dəhşətləri ilə gözlərinin önündə idi. Beyninin ta içində, şüurunda, hafizəsində əks-səda verirdi.
Ceyhunun isə ürəyi sözlə dolu idi. Amma vəziyyətini nəzərə alıb çox sözü danışa, açıb-ağarda bilmirdi. Lakin dostunun həyatı sarıdan narahatlığını irada bənzər gileylə ifadə etdi:
– Eh… mənim ekstrim vəziyyətləri sevən, təhlükəni, bəlanı maqnit kimi özünə çəkən qeyrətli qardaşım… Heç olurmu ki, hərdən özünə sual verəsən? Bir sorasan özündən ki, neyçün başqaları bu vəziyyətdə, bu yataqda deyil? Elə baxma mənə. Bilirəm yeri deyil. – O, bir anlıq sözünə ara verib diqqətlə Azərin şaxta və sazaqdan dərisi yanmış üzünə, çat-çat olmuş dodaqlarına, əllərinin üstünə nəzər yetirdi. Orada düşdüyü vəziyyətin nə qədər çətin və acınacaqlı olduğuna sanki bir daha əmin oldu. Ürəyində özüylə çox götür-qoydan sonra səsini qısıb dedi. – Orada səni çox axtarıblar.
Azər “Kimlər?” mənasında sual yağan nəzərlərlə dostuna baxdı. Sözünün davamını gətirməsini gözlədi. Ceyhun köks ötürüb dedi:
– Öz torpağımızda qanımızı töküb, soyumuzu qıranlar – ermənilər! Ölü, ya diri, fərqi yoxmuş… Bu vəziyyətdə bura qədər gəlib çıxa bilmisənsə anan namaz üstəymiş…
Ceyhun aldığı məlumatın mənbəyini açıqlamasa da, onun bu sözüylə Azərin yadına Qarabağda tanımadığı bir şəxsin ona dedikləri düşdü: “Səni erməniyə satan da, vuracaq adam da öz mükafatını alıb. Bircə qalıb ki, ya ölünü, ya dirini erməniyə təhvil versin!”
Azər Ceyhunu dinləyirmiş kimi görünsə də, fikri, xəyalı başqa yerdəydi. Çatılmış qaşları, düşüncəli baxışları bir nöqtəyə zillənib qalmışdı. Müəmma içində müəmma çözməkdən artıq təngə gəlmişdi. Yorğun beyni qarmaqarışıq fikirlərin əlində bir az da yüklənmişdi. Çünki Ağdamda – xəstəxanada tibb bacısı bir ara ona sirr açıb demişdi ki, hərbi geyimli, tanımadığı iki nəfər palataya daxil olmuş, videokamera ilə bərabər kaseti soruşmuş, palatanı sözün əsl mənasında ələk-vələk edərək tapmayınca çıxıb getmişdilər. Davranışlarından şübhələndiyinə görə tibb bacısı kasetin Azərin əynindən çıxmış buşlatın cibində olduğunu onlara bildirməyib. Həmin adamların kimliyi Azərə qaranlıq qalsa da hər zaman olduğu kimi həqiqətin üzünə pərdə çəkməyə çalışan bir qrup təxribatçı olduğunu gözəl bilirdi. Fikirdən ayrılıb sual vermək istəyirdi ki, bu zaman palataya daxil olan hərbi geyimli bir nəfərin gəlişi söhbətin buradaca bağlanmasına səbəb oldu. O, salam verib, qəmə-kədərə bürünmüş bir ahənglə dedi:
– Mən Azər adında birini axtarıram, qardaş. Mənə dedilər jurnalistdir. Onu mütləq görməliyəm.
Ceyhun səbəbi sual edincə gələn adam kədərlə gülümsədi:
– Ona borcum var. Bilmirəm ödəyə biləcəm, ya yox. Gəlmişəm deyəm, haqqını halal etsin.
Ceyhun çevrilib Azərə baxdı.
Azər heç nə başa düşə bilməyib gələn adama:
– Qardaşım, mən sizin nə demək istədiyinizi anlamıram, – dedi.
– Azər sizsiniz?
Həmin şəxs sualına müsbət cavab alınca cəld irəli yeriyib yanğılı bir səslə:
– Qardaş! – dedi. – Başına dönüm! Sənə bu canım fəda olsun!
Azərin çaşqın baxışları altında döyüşçü onun boynunu qucaqladı.
– İcazə ver əllərini öpüm! – deyib, Azərin əllərindən tutdu. Dediyi kimi öpmək istədi. Azər bütün cəhdilə buna mane olub, eyni zamanda dostuna göz-qaş elədi ki, onu sakitləşdirsin.
Döyüşçü yanıqlı-yanıqlı hönkürüb göz yaşı tökürdü. Üzünə baxanda bilinirdi ki, dərd içərisini yandırır. O, Azərin sual dolu baxışları altında bir qədər toxdadıqdan sonra özünü təqdim etdi:
– Əliyev Tofiq. Xocalıdan. Ümidin atasıyam. Sənin mənə yenidən bağışladığın Ümidin.
Azərin üzünün cizgisi, ifadəsi işıq sürəti ilə dəyişdi.
– Deməli, siz balacanın atasısız. Tanış olduğumuza şadam. Hətta vəziyyət belə alınsa da…
Tofiq hüznlü bir baxışla başını tərpətdi.
– Mənəm, qardaş! Evi yıxılan o bədbəxt mənəm!
Azər köks ötürüb, qısa sükutdan sonra körpəni xəbər aldı.
– Dostum necədir?
Tofiq körpənin vəziyyətinin yaxşı olduğunu söylədi.
Ceyhunun verdiyi stulda əyləşib köks ötürdü. Minnətdar nəzərlərlə Azərə baxdı.
– Deməyə sözüm çoxdur, amma söz tapmıram. Yəqin başa düşərsən, keçərsən təqsirimdən. Müsibətim adımı da unutdurub mənə. Hələ də çaşqınlıq içindəyəm. Beynim quruyub, havalı kimi gəzib-dolanıram. Bilmirəm nə deyim, nə edim ki, sənin borcundan çıxa biləm, qardaş! Sənin başına dönüm! Allah sənə qıymasın! Canına qıyıb mənim balama görə özünü təhlükəyə atmısan! Yıxılan evimi yenidən dirçəltmisən, qardaş! Ailəmdən qalan tək nişanəmi mənə sağ gətirmisən! Balan varsa, Allah saxlasın! Nə qədər ki, bu nəfəsim var, sənə borcluyam! Haqqını mənə halal et!
– İnan mənə, kim mənim yerimdə olsa bunu edərdi. O anlarda mən Ümidi öz övladımın yerinə qoyub qorumuşam! Təmənnasız! Buna əmin ol! Belə də ki, gördüyüm qədəri ilə mən deyil, Ümid mənim həyatımı xilas edib! Rahat ol!
Tofiq yenə ağızdolusu minnətdarlıq edib, sonra Azərdən Ümidə necə rast gəldiyini soruşdu. Azər hadisəni nağıl edəndə Tofiq hissləriylə bacarmadı. Əlləriylə üzünü qapadı. Çiyinlərinin titrəməsi onun öz matəminə yanıb yaxıla-yaxıla göz yaşı axıtmasını göstərirdi.
Yaranmış vəziyyətə Ceyhunla Azərin qüssəli baxışları bir-birinin üzündə gəzdi. Tofiq özünü ələ alıb qüssə içində danışmağa başladı:
– O gecə mən postdaydım. Əlifgilin yanında… (Hacıyev Əlif – Xocalı aeroportunun komendantı) Bütün qüvvəmizi sərf etmişdik ki, düşmən aeroportu götürməsin. Xəbər gəldi ki, Xocalını dağıdırlar. Postu tərk edə bilməzdim. Amma ağlım-fikrim evdəkilərin yanında idi. Bilmirdim necə oldular. Başlarına nə gəldi. Atam, anam, qardaşlarım, onların həyat yoldaşı, balaları, Ümid, Ümidin anası… Səhəri gün oradan sağ çıxa bilən bir qonşumuzdan xəbər aldım ki, hamısını bir yerdə öldürüblər. – Tofiq sözünün bu yerində başına gələn müsibətin ağırlığına davam gətirə bilməyib yenə hönkürdü. – Heç birinə kömək edə bilmədim! Bu məni yaman yandırır! Heç olmayan kimi! O əclaflar ürəyimizi elə dağladılar ki, qiyamətədək sızlayacaq! Elə bilirdim başıma hava gələcək. Yaşamaq istəmirdim artıq! Sonra mənə xəbər verdilər ki, oğlun sağdır! Sənin onu xilas etdiyini bildirdilər. Elə bil yenidən həyata qayıtdım, qardaş! Sənin sayəndə! Allah səndən razı olsun! Mənim bu həyatda daha Ümiddən başqa bir kimsəm yoxdur!
Azər onun dərdinə şərik olan, nə qədər çətin olsa da səbirli olmağa dəvət edən bir tövrlə əlini Tofiqin əlinin üstünə qoydu, yüngülcə sıxdı.
Ceyhun gedib pəncərənin önündə dayanmışdı. İki əliylə başını tutub durmuşdu. Eşitdiklərinin təsiri altında idi. Gərgin görünürdü. Duyğularının zahirə vurmaması üçün bu anlar daxilən özüylə vuruşurdu. Azər dostunun alt-üst olmuş əhvalını göydə tutmuşdu. Tofiqin səsi onu fikirdən ayırdı.
– Mənə özün haqda danış, qardaş. Səni yaxından tanımaq istəyirəm. Ömür vəfa etsə, müharibə aman versə, son nəfəsimədək səni özümə qardaş biləcəm! Ümidə əmi olmanı istəyirəm!
Mərdəkan
Həmin gün günorta saatlarında atamla Səməndər əmi gəldilər. Qayınatamla xısın-xısın nə barədəsə uzun-uzadı danışdılar. Hər üçü çox məyus və eyni zamanda narahat görünürdü. Çox keçmədən bu müəmmanın da səbəbi bəlli oldu. Səməndər əminin qayınatama dediyi sözləri aydın eşitdim:
– Onu sağ buraxmayacaqlar, Ənvər, bunu sən özün də gözəl bilirsən. Uşaq deyilik. Nələr baş verdiyini əlbət ki, görürük. Ən doğru variant budur. Bilirəm, səninçün çətindir, elə bu kişi üçün də asan deyil. – O, baxışıyla atamı göstərdi. – Amma ayrı yolumuz yoxdur. Ən azından bilərik sağ-salamatdır. Sonrası da ki, Allah kərimdir! Nə qədər ki, gec deyil, ötür getsin! Gözləmək vaxtı deyil.
Ürəyimi qara qorxular sardı. Söhbətin Azərlə bağlı olduğu açıq-aşkar ortada idi. Amma tam olaraq nə baş verdiyi mənə məlum deyildi.
Qayınatam dostunu dinlədiyi müddətdə üzünə matəm ab-havası çökmüşdü. Nəzərləri bir nöqtədə ilişib qalmış, qaşları çatılmışdı. Sözün bu yerində sinəsini didib-dağıdan bir ah çəkdi. Çarəsi tükənmiş bir ifadə ilə ağır-ağır başını tərpətdi.
Səməndər əmi diqqətlə onu süzüb davam elədi:
– Kamalla danışdım. O da doğru yolun bu olduğunu dedi. Nə lazımdırsa kömək edəcək. Ən azından nəzarətsiz qalmayacaqlar. Hayan olacaq. Nə deyirsən? Dilbər bacı ilə də danış. Vəziyyəti başa sal.
Məni düşündürən sualların cavabını çox keçmədən öyrəndim. Səməndər əmi bir az əvvəl qayınatama Azəri bizimlə birlikdə dəqiq vaxtı bəlli olmayan müddətə xaricə göndərmək təklifini irəli sürmüşdü. O, həm müalicəsini orada davam etdirəcək, həm də buradan, xüsusilə onun ölümünü tələb edən bir qrup şəxslərin gözündən uzaq olacaqdı.
Dilbər xanım bunu heç də xoş qarşılamadı. Oğlunun başı üzərində dolanan qara buludun varlığından xəbər tutduğu halda belə ondan, nəvələrindən əlini üzməyi qəbul edə bilmədi. Bu fikri yaxına belə buraxmırdı. Qətiyyətlə rədd edir, etirazını bildirirdi.
Buna baxmayaraq qayınatam mənə vacib olan əşyalarımızı götürmək şərti ilə yığışmağı tapşırdı.
Donmuş vəziyyətdə eləcə kişinin üzünə baxırdım. Nə etiraz etməyə cəsarətim çatırdı, nə dillənib bir söz deməyə taqətim vardı.
Axı, mən isindiyim bu evdən, doğma saydığım bu insanlardan necə belə asanlıqla ayrıla bilərdim? Belə qaçaraq, belə bir qəfil?
Kişi üzümdəki ifadədən ürəyimi oxuyub başımı köksünə sıxdı. Saçlarımdan öpdü.
– Məcburuq. Sonra gec olar. Ananı da, məni də zərrə qədər düşünüb hörmət edirsinizsə çıxıb getməlisiz, qızım. Əks halda, bizim üçün çox çətin olacaq. Varlığınız bizə bu dərdi də çəkməyə güc verəcək narahat olma.
Bərk-bərk ona sarıldım.
– Neçə müddətliyə gedirik, ata? Nə qədər çəkəcək bu səfər?
Kişinin üzü ciddi ifadə aldı. Qaşları çatılmış halda:
– Bunu deyə bilmərəm, – deyə cavab verdi. – Yalan danışmış olaram.
Baxışlarımı önümə dikib məyus halda, sakit səslə:
– Anladım, – dedim.
Nə qədər güclü dayanmağa çalışsam da, bacarmadım. Daxili əzablarım üzümə vurdu. Məni ağlamaq tutdu. Az keçməmiş mənim üçün nə qədər çətin olsa da yol hazırlığına başladım. Rəna yanıma gəlmişdi. Bir yandan səssiz-sədasız axıtdığı göz yaşlarını silir, bir yandan da mənə kömək edirdi.
Dilbər xanımın isə dünya başına fırlanırdı. Özündə-sözündə deyildi.
Az sonra Rəna yığıb hazırladığım çantanı Vüsətdən maşına göndərdi. Biz artıq yola çıxmaq üçün hazır olsaq da, hələ evdə yubanırdıq. Otağımıza son dəfə hüznlü baxışlarla nəzər salıb, qovruldum. Bundan sonra nə olacağı bir Allaha bəlli idi. Mənimsə gözüm qara taleyimizdən, fələyin amansız hökmündən elə qorxmuşdu ki, narahatlıq içində boğulurdum. Bu dəqiqələrdə Araz babasının yanında idi.
Dilbər xanım da Azadı köksünə sıxıb bizim otağa, yanıma gəlmişdi. Hönkür-hönkür ağlayırdı. Qüssədən cana doymuş bir halda üsyan edirdi:
– Allahım, bu nə tale, bu nə qismət idi yazdın bizə? Niyə cəzamız bitmədi? Cəzanın ən böyüyünü bu günə saxlamışdınmı? Mən sonunu belə istəməmişdim axı səndən! Nə ağır sınağa çəkdin bizi? Öhdəsindən gələ bilmirəm! Gücüm çatmır!
Gözüm görə-görə necə vaz keçim övladımdan? Bundan sonra necə yaşayım?
Rəna da, mən də ona qoşulub ağlayırdıq. O, bizdən ayrılmaq istəmirdi. Biz də eləcə. Amma daha çarə qalmamışdı. Bu vaxt qayınatam atamla birlikdə yanımıza gəldi. Dilbər xanıma irad tutaraq:
– Maşın gözləyir, – deyib, uşağı onun qucağından almaq istədi.
Dilbər xanım bunu görəndə dəliyə döndü.
– Yox! Yoooxx! Yox, Ənvər, səni and verirəm bizi yaradana! Mənə belə zülm eləmə! Məni balalarımdan ayırma! Heç olmasa uşaqlar bizimlə qalsınlar. Havam, suyumdur onlar mənim, onlarsız mən necə yaşayaram?
– Dilbər! Uşaqlıq eləmə! Heç nəyi anlamırsanmış kimi aparırsan özünü. – Onsuz da gərgin olan kişi bir az da gərildi.
Dilbər xanım göz yaşları içində imdad etdi:
– Yaşaya bilmərəm deyirəm sənə! Mənə rəhmin gəlmir sənin?!
– Ay qız, nöş başa düşmürsən ki, ayrı yol buraxmadı mənə oğlum! – Kişi səbri tükənmiş halda səsini göyərtdi. – Başqa çarə yoxdur! Öldüyünə yanmaqdansa sağ olduğunu bilək! Bizimki də belə gətirib! Ver uşağı görüm!
Azad səs-küyə qorxub çığırırdı. Döyükmüş gözlərlə gah nənəsinə, gah babasına baxır və yenidən çığırırdı. Bunu görəndə Dilbər xanım ərini inadla özündən kənar edib, hiddətlə bağırdı:
– Uzaq dur məndən! Uşağı qorxudursan! Sənə dedim ki, mən nə oğlumdan, nə də körpələrimdən vaz keçə bilmərəm! İstəmə bunu məndən! Burada qalacaqlar!
Qayınatam özü də bunu hər şeydən çox istəyirdi, amma dediyi kimi, başqa yolu yox idi. Çəkdiyi əzab, gərginlik üzünə vurmuşdu. Belə bir vəziyyətdə həyat yoldaşının onu başa düşmək istəməməsi, üstəlik, bu qərarına görə onu günahkar bilməsi kişini tamam alt-üst etmişdi. Sözü bitibmiş kimi məyus nəzərlərlə Dilbər xanımı süzürdü.
Odla su arasında qalan dostunun necə əzab çəkdiyini görən və buna dözməyən atam bu dəmdə sözə qarışdı.
– Dilbər bacı, indilik belə məsləhətdir də. Bir müddət keçsün, qayıdarlar evə.
Dilbər xanımın bu sözlərə qarşılıq olaraq yenə də yanıqlı hönkürtüsü duyuldu. Qayınatam isə daha gözləmədi. Nəvəsini həyat yoldaşının qolları arasından zorla çəkib aldı. Sanki canından can qopardılar Dilbər xanımın. Naləsi ərşə çıxdı. Qayınatam yıxılmış əhvalla onu süzüb, mənə eşitdirdi.
– Qızım, tələs, yubanma.
Uşaq qucağında evdən çıxdı. Daha əlacım qalmadı. Bunu bilmək məni daha da kövrəltdi. Son dəfə Dilbər xanıma sarıldım:
– Ana, bizim üçün dua et! Dua et ki, o, tezliklə sağalıb ayağa qalxsın. Tezliklə evə qayıdaq!
O anlar mən məhz belə də olacağına inanırdım. Lakin ağlıma gətirmirdim ki, uzun illər doğmalarımızdan, vətənimizdən ayrı qalacağıq. Sözlərim Dilbər xanımın sızlayan yarasına toxunub onu daha da ağrıtdı. Talan olmuş baxışlarla üzümə baxıb titrəyən dodaqlarını bir-birinə sıxdı və birdən özündən getdi. Özümü itirib təşvişə düşdüm:
– Ana!
Rəna dərhal əl-ayağa düşdü. Bardaqda su gətirib onun üzünə vurmağa, əllərini, qollarını ovuşdurmağa başladı.
– Xanım! Xanım özünüzü ələ alın!
Ağlaya-ağlaya yerə çöküb, onun üz-gözündən öpdüm, əlini tutdum.
– Ana! Özünə gəl, aç gözlərini mənə bax, xahiş edirəm! Belə getmək istəmirəm! Belə ayrılmaq istəmirəm! Sən mənə ana olmusan! Bu evdən, sizdən uzaq düşməklə mən indi yetim qaldım! – deyib, hönkürdüm. Əlini dodaqlarıma aparıb busə qondurdum. Xeyli buraxmadım. Gözlərimdən çıxan yaş damlaları Dilbər xanımın əlinin üstünə düşdü. Daha yubana bilməzdim. Hər nə qədər onu bu vəziyyətdə qoyub getmək istəməsəm də, məcbur ayrılmalı idim.
Rənaya sarılıb:
– Salamat qalın! Özünüzə də, atagilə də yaxşı baxın! Dilbər xanımı üzülməyə qoymayın, – dedim.
– Allah yardımçınız olsun, xanım! Siz də bir-birinizdən muğayat olun! – Rəna kövrəldi. Gözünün yaşı selə döndü. Dilbər xanımı bu vəziyyətdə qoyub mənimlə gələ bilmədi.
Ürəyim parça-parça idi sanki. Hər tikəsi bir ayrı cür sızladırdı məni. Tab gətirə bilmirdim. Durmayıb onlardan ayrıldım. Ağlaya-ağlaya iti addımlarla evdən çıxdım. Atamgil məni həyətdə maşının yanında gözləyirdilər.
Vüsətlə də xudahafizləşib keçib maşında əyləşdim. Gözümü evin qapısından çəkə bilmirdim. Otağımızın işığı yanılı qalmışdı. Bu məni bir az da kövrəltdi. Bu səfərin nə qədər çəkəcəyini bilmədən son dəfə nəzərlərimi həyət boyu gəzdirdim. Hafizəmdə saxlayıb sonradan xatırlayıb ovunmaq üçün. Sabah bu evdə yenə səhər açılacaq, hər şey öz axarı ilə hər gün olduğu kimi davam edəcəkdi. Amma heç nə, heç vaxt dünənki kimi olmayacaqdı…
Maşın yola düzəlib həyətdən çıxdı. Çevrilib maşının pəncərəsindən arxaya baxdım. Göz yaşlarım ürəyimi yandırıb yaxa-yaxa yanaqlarıma süzüldü. Vüsət darvazanın ağzında maşının arxasınca baxırdı. Onun kədərli simasını heç vaxt unutmayacaqdım…
Yatsaydım yuxuma girməzdi ki, bir gün gələr Bakıdan, doğmalarımdan ayrılmaq məcburiyyətində qalaram. Bu mənimçün ağlasığmaz, qeyri-mümkün bir şey idi. Bakıdan uzaqda yaşaya bilmərəm deyirdim hər zaman. İndi isə… Vətəni tərk etmək, üstəlik, belə gözlənilmədən, belə ağır və dəhşətli hisslər içində… Dözülməz idi.
Maşın aeroporta üz tutmuşdu. Mənim isə ürəyimdən qara qanlar axırdı. Bacılarımla, Dilarə, Səadət xala, Ruqiyyə bibi ilə vidalaşmadan yola düşməli olmuşdum. Bilmirdim onları bir də nə vaxt görəcəyəm.
***
…Kamal bizi aeroportda gözləyirdi. Azəri bir neçə saat əvvəl yola salmışdı. Bizi də gedəcəyimiz ünvana o, aparacaqdı.
Böyüklər hamısı dilxor idilər. Danışmağa söz də tapmırdılar. Qayınatam nəvələrini bağrına basıb dönə-dönə öpdü. Növbə mənə çatanda alnıma busə qondurub, məni öz balası kimi bağrına basdı. Məyus halda:
– Nə edək, belə alındı, – dedi.
Onun bu sözlərinə qolları arasında için-için ağladım. Daha sonra məni böyüdən, zəhmətimi çəkən və indi belə ağır bir məqamda mükəddər baxışlarla üzümə baxıb deməyə söz tapmayan atama sarıldım.
Qayınatam üzünü dostu Kamala tutub:
– Övladlarım sənə əmanət, qardaşım, – dedi.
– Nigaran qalma, dostum! Onlar mənim də övladlarımdır, göz bəbəyim kimi qoruyacam!
Qucaqlaşdılar.
Bir qədər sonra təyyarə qalxacaqdı. Dodaqlarım ixtiyarsız olaraq bu sözləri pıçıldayırdı: “Mənim doğma şəhərim! Səni gözü yaşlı, qəm-qüssə içində, talan olmuş duyğularla tərk etmək məcburiyyətində qalsam da bir gün xoşbəxtliyin bizi tapacağına inanaraq, məsud və bəxtiyar halda, xoş əhvalla geri dönəcəyimizi ümid edərək ayrılıram. Vidalaşmıram səninlə, “Hələlik” deyirəm Bakım! Hələlik!”
(Ardı var)