Reportyorlar (92)
- 01 Oktyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Saatlar sonra
Axşam düşür, sazaq adamı bıçaq kimi kəsirdi. Azər artıq əllərini, ayaqlarını demək olar hiss etmirdi. Taqətdən düşmüşdü. Bununla belə dayanmaq olmazdı. Həm dona bilərdilər, həm də düşmən təhlükəsi hələ sovuşmamışdı. Körpənin tez-tez ağlaması isə onun narahatlığını birə beş artırırdı.
Ara-sıra atışma səsləri eşidilirdi. Hər addımında, hər nöqtəsində ölüm gizlənmiş bu yerlərin qarlı, çovğunlu axşamında Azər təkcə onu bilirdi ki, nə qədər nəfəsi gedib-gəlir, irəliləməlidir. Son gücünə, qüvvəsinə qədər. Mənzil başına çatana qədər.
Düşmən gülləsinə tuş gəlməmək üçün sığınacaq dərdinə düşdüyündən bir ara körpəni unutmuşdu. Daxilindən gələn bir hiss onu körpəyə baxması üçün silkələdi. Sanki sinəsinə sıxdığı od parçası bir anda sönmüşdü. Diqqət yetirdi ki, körpənin hənirtisi duyulmur, susub. Lakin ağlına dolan qara şübhəni ürəyinə yaxın buraxmaq istəmədi. O, bayaq körpə yolda donmasın deyə əynindəki yun jaketi də çıxarıb onu bükmüş, qucağından yerə salmamaq üçün jaketin qollarını sıx şəkildə özünə dolayıb bağlamışdı. İndi onun əynində onu soyuqdan qoruyacaq qalın geyim buşlat idi.
Vəziyyəti belə görüb duruxdu. Dizləri üstə yerə çökdü. Əlləri arasında hərəkətsiz duran körpəni ürəyi dağlana-dağlana silkələdi. Yol uzunu körpənin üzünü köksünə sarı çevirib onu soyuqdan qorumaq üçün bu şəkildə tutmasına baxmayaraq onun indi buz kimi soyuq yanaqlarını barmağı ilə oxşadı, nəfəsiylə isitməyə çalışdı. Körpə qımıldanmadı. Azər hönkürtüsünü boğmaq üçün üzünü onun balaca köksündə gizlətdi. Çiyinləri titrədi. Artıq öldüyünü yəqin etdiyindən bir qədər özünü ələ alıb qüssə ilə ayağa qalxdı. Lakin meyitini burada atıb getməyə ürəyi gəlmədi. Təkrar eyni qaydada büküb qucağına aldı. Bundan sonra nələr olacağı, onu necə bir aqibət gözlədiyini bilməsə də naçar baxışlarla ətrafa göz gəzdirib yoluna davam elədi. O, düşmən əhatəsində olduğunu bilə-bilə yaxınlıqdakı kəndə üz tutmuşdu. Kənd yandırıldığından evlərin çoxu hələ də tüstüləyirdi. İrəlidə görünən qaraltı deyəsən məscid idi. Minarəsi ilə birlikdə bir hissəsi raket zərbələrindən dağıdılmışdı.
Azər ayaqlarını dalınca güclə çəkə-çəkə məscidə daxil oldu. Taqətsiz, yorğun halda keçib bir küncdə əyləşdi. Qaranlıq qovuşur, göz-gözü görmürdü. Titrəyirdi. Əlləri, ayaqları tamam keyimişdi. Sakit dayansa donacağını dəqiq bilirdi. Bir yandan da yuxu basırdı onu. Uçub dağılmış tavandan içəri vuran qar dənələri küləyin vıyıltısı ilə havada fırlanıb dövrə vurur, üzünə çırpılırdı.
O, bu sıxıcı, boğucu qaranlığı dəf etmək üçün videokamerasının tükənməkdə olan batareyasını işə salıb fənəri yandırdı. Kameranın öləziyən işığında saniyələri, dəqiqələri saya-saya ölümünü gözləyirdi…
Ağlına yüz qeyri-mümkün, ağlasığmaz fikirlər gəlirdi bu an. Ailəsi, övladları, dostları bir-bir gəlib gözü önündən keçirdi. Onları bir də nə vaxtsa görə biləcəyini, buradan sağ çıxıb-çıxmayacağını bilmirdi. Dodaqları ixtiyarsız olaraq tez-tez bu sözləri pıçıldayırdı: “Sən mənim ağlımı qoru, ya Rəbb!”
Əllərini isitməyə çalışdığı nəfəsi qucağında səssiz dayanmış körpənin üzünə vururdu. Soyuqdan büzüşmüş olsa da, körpənin sağ qladığına hələ də kiçik bir inam, ümid yaşayırdı qəlbində.
Aradan nə qədər keçdiyini bilmədi. Elə zənn etdi onu səslədilər: “Azər! Azər, oyan oğlum!”
Azər qulağına dolan doğma səsin sehri ilə gözlərini açdı. Bir anlıq harada olduğunu unutmuşdu. Hiss etdi ki, mürgüləyibmiş. Onu donmaqdan, ölümdən xilas edən bu səs anasının səsi idi.
Səhərə az qalırdı. Bu, günün o vədəsi, o çağı idi ki, məsciddə sübh azanı çəkilərdi. İndisə güllə səsləri duyulurdu. Özünü toplamağa çalışarkən baxışları körpənin onun üzünə zillənmiş baxışlarına tuş gəldi. Azər heyrət qarışıq bir sevinclə gözlərini körpədən xeyli çəkmədi. Və özü də hiss etmədən onu köksünə sıxdı.
– Şükür sənə, ya Rəbb! Çox şükür!
Bu dəmdə yanından vıyıltı ilə keçib məscidin divarlarına dəyən mərmilər belə onun sevincini sarsıda bilmədi. Vaxt itirmədən oturduğu yerdən qalxdı. Kameranı götürmək istəyəndə gözünə sataşan mənzərədən yerində quruyub qaldı. Məscidin zalı insan cəsədləri ilə dolu idi. Necə vəhşiliklə qətlə yetirildikləri göz önündə idi. O, bütün gecəni bu cəsədlərin arasında keçirmişdi. Və bunun düşüncəsi belə insana dəhşətli hisslər yaşadırdı.
Güllə səslərinə özünü toplayıb yerindən tərpəndi. Bir qədər irəlidə ayaq altına atılmış “Qurani- Kərim”i özüylə götürüb məsciddən çıxdı. Daha burada dayanmaq olmazdı. Divarların dibinə qısıla-qısıla iti addımlarla buradan uzaqlaşmağa çalışırdı. Onu qarabaqara izləyən güllələrin vıyıltısından tezliklə başa düşdü ki, onu görüblər və bu tikililərin birindən hədəfə alıblar. Arası kəsilmədən açılan atəşdən yayınmaq üçün tövşüyə-tövşüyə bir divarın arxasında dayandı. Bir qədər nəfəsini dərməyə və eyni zamanda da ətrafı dinləməyə çalışdı. İndi qərar vermək saniyənin hökmü idi. Ən pis ehtimalı belə göz önünə gətirib ildırım sürəti ilə götür-qoy edir, beynində öz hesabını apararaq çıxış yolu axtarırdı. Bu vaxt bir neçə erməninin dağılmış evlərin zirzəmisindən aşkar edib çıxardıqları bir neçə adamı əsir götürdüklərini gördü. Onların sonrakı taleyi barədə Azərin daha məlumatı olmadı.
Bütün bunları gərginlik içində izləyərkən hiddətindən az qalırdı ürəyi partlasın. Lakin tək olmadığını ağuşuna sığınan körpə özü onun yadına saldı. Bir qədər əvvəl səsi çıxmasın deyə barmağını körpənin ağzına tutmuşdu. İndi körpənin əmzik yerinə onun barmağını əmdiyini görüb ürəyi odlandı. Ac olması və bu səbəbdən durmadan ağlaması Azəri onsuz da üzürdü. Həyat bəzən insanı çarəsiz vəziyyətə salanda, çıxış yollarını bağlasa belə ona bu şəraitə uyğunlaşmağı da öyrədir. Dünən Azər tapdığı, bir tərəfi əyilmiş mərmi gilizinin üstünə qar yığıb alışqanın odunda onu əridərək səsini kəsmək bilməyən körpənin dodaqlarına sürtüb başını qatmağa çalışmışdı…
Vaxt heç nəyə baxmırdı. Dəqiqələr öz yükünü qan-xatanın tüğyan etdiyi bu yerlərdə çəkərək ötüb keçməkdə idi. Azər bundan sonra nə olacağını bilmirdi. Yenə meşəyə tərəf üz tutmuşdu. Körpə yenə ağlayırdı.
Qeyd:
Soyqırımı baş verdikdən bir neçə gün ərzində meşədə qətlə yetirilmiş meyitlərin toplanması üçün helikopterlə azərbaycanlı yetkililərlə yanaşı, əcnəbi jurnalistlər də hadisə yerinə səfər ediblər. “The New-York Times” qəzetinin 1992-ci il 3 mart tarixli nömrəsində həmin səfər barədə yazılıb: “Helikopterlə qısa müddətə də olsa, bölgəyə uçmuş Azərbaycan yetkililəri və jurnalistlər üç ölmüş və baş dəriləri soyulmuş uşağın cəsədini gətirdilər. Onlar dedilər ki, ermənilərin helikopterə atəş açmaları daha çox cəsədin toplanmasına imkan vermədi”.
Azər iki il əvvəl zədə almış ayağının sərt hava şəraitinə görə bu gün şişib göyərdiyini görmüşdü. Addım atmaqda çətinlik çəkirdi. Lakin yubanmaq olmazdı. Birinci dəfə yavər gedən şansı ikinci dəfə üzünə gülməyə bilərdi. Bir an əvvəl qurtulmağa və ən azından son gücünə kimi körpəni xilas etməyə can atırdı. Yoluna davam edə-edə ağlamaqda olan körpəylə danışmağa başladı. Narazılıqla dilini nırçıldadıb:
– Dostum, bu olmadı da, – dedi. – Dilxor eləmə də məni, qurban olum sənə! Başa düşürəm səni, bilirəm acsan. Heç mənim də vəziyyətim xoşagələn deyil. Amma nə etməli, atam, bizimki də belə gətirib. Heç bilirsən igidlərimçün necə darıxıram? Hmm… Bir təsəvvür eləsən necə! Əhvalım bərbaddır! Üzlərini görəciyəmmi, bunu mən də bilmirəm. Sən də belə edib üzmə də ürəyimi, atam.
Körpə səsini kəsib zəndlə Azərə baxırdı. Cınqırını çıxarmadan onu dinləyirdi. Onu belə görəndə bu dəhşətli günlərdən sonra gülməyi unudan Azərin istər-istəməz dodağı qaçdı. Onun gülümsədiyini görən körpənin gözləri təbəssümlə qıyıldı. O, indi Azər üçün təkcə yol yoldaşı deyil, hənirti, nəfəs, həyan idi. Ona zillənmiş bu bir cüt balaca göz Azərə ümid çırağı idi. İnam və güc verirdi. Xeyli getdikdən sonra dincini almaq üçün iri daş parçasının üstündə əyləşdi. Əlini cibinə salıb siqaret qutusunu çıxardı. Boş idi.
O, artıq ikisini birdən daşıya bilmədiyini hiss edirdi. Gücü tükənmişdi. Qolları ağrıyırdı. Təcrübəli reportyorlardan birinin demiş olduğu sözlər yol uzunu heç fikrindən çıxmamışdı: “Təhlükəli vəziyyətdən təhlükəli materiallarla çıxmağı bacarmaq lazımdır. Çəkdiklərin də kameranla birlikdə məhv oldusa, bütün işin mənasız və faydasızdır…”
Kaseti kameradan çıxarıb özüylə götürdü. Videokameranı isə burada daşın altına qoymağı qərara aldı. Və belə də etdi. Yenidən yola düzəldi. Dağlarda atışma səsləri duyulurdu. O, indi bütün səyi ilə çalışırdı ki, körpəni güllədən qorumaq üçün dalda bir yerə çəkilsin. Vertolyot səsinə tükənməkdə olan son ümidi ilə başını qaldırıb göy üzünə baxdı. Dostlarının onun dalınca gələcəklərini yaxşı bilirdi. Addımlarını yeyinlətdi. Onu görmələri üçün açıq bir yerə çıxmağa can atdı. Bu onun üçün artıq son şans, son ümid idi.
Xocalıya yola düşdüyü gün Vüqarın ona dediyi sözlər yadından çıxmırdı: “Getmə! Xahiş edirəm səndən, artıq dərəcədə. Söz dinlə! Səni nə gözlədiyini dilimə gətirməyə dilim də gəlmir!”
Azər xəyalən dostu ilə dərdləşirdi ki, vertolyot meşənin üzərində dövrə vurub geri qayıtdı. Azərin son ümidi də ölüm səssizliyi çökmüş bu yerlərdə donub qaldı.
Bundan sonra o, daha nə qədər getdiyini bilmədi. Daha ayaqlarının bədənini daşımağa gücü çatmırdı. Güclə nəfəs alırdı. Sonuncu addımı atıb dayandı. Yer-göy başına dolanır, gözləri önünə qaranlıq çökürdü. “İlahi, bu körpəyə rəhm elə!” Sadəcə bunu deyə bildi, özündən getdi. O, yerə səriləndə yenicə mürgüləməyə başlayan körpə diksinib oyanaraq çığırmağa başladı.
Qeyd:
Çingiz Mustafayev: “Ölənlər arasında 2 yaşla 15 yaş arası onlarla uşaq və qadınlar, yaşlılar var idi. Çoxuna alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib təkbaşına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu, bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi”.
***
Xocalıdan qayıdan vertolyot cəmi dörd cəsəd gətirmişdi. Bu anlarda Ağdamda olan, şahid olduqlarını, eşitdiklərini dəhşət içində qarşılayan Vüqar dəli olmaq dərəcəsində idi.
Azərdən hələ də bir xəbər ala bilməməsi, başına nə iş gəldiyini öyrənə bilməməsi onun narahatlığını son həddə çatdırmışdı.
Xocalıdan sağ çıxa bilənlər, yaralılar bir-birindən qorxunc xəbərlər verirdilər.
O, vertolyotla əraziyə səfər edib qayıdan bir neçə nəfəri ayaqüstü sorğu-sual edib pilota yaxınlaşdı. Eyni sualı ona da ünvanladı. Pilot çiyinlərini çəkib rus dilində:
– Eniş etmək mümkün deyil, atəş açırlar. Çox təhlükəlidir, – dedi.
Bu cavab Vüqarın bütün səbrini daşırdı:
– Mənim dostum oradadır deyirəm! Siz isə onu axtarmağa təşəbbüs belə göstərməmisiniz!
Pilot narazılıqla Vüqarı süzüb, başını buladı. Eyni təmkin və səbirlə dedi:
– Bizi vura bilərdilər, başa düş! Orada hər yer – dağlar, təpələr insan cəsədi ilə doludur. Sağ qalan bir nəfər də görmədik. Sən yaxşısı budur dostunu ölənlərin arasında ara.
– Səninçün havada dövrə vurub söz demək olduqca asan ola bilər, amma mən dostum üçün çox narahatam! – Vüqar ixtiyarsız olaraq səsini qaldırdı. Dərhal da qətiyyətlə dedi. – Geri qayıdırıq!
Pilotun məlum sükutu Vüqarı daha da gərdi. Təkrar əsəbi tonda tələb etdi:
– Geri qayıdırıq dedim! Gəldiyiniz istiqamətə!..
***
Onlar götürə bildikləri cəsədləri maşının yük yerinə yığıb yola düşmək istəyərkən döyüşçülərdən Əliağa adlı bir oğlanın qulağına dolan səs onu yolundan saxladı. Yoldaşlarına:
– Orada kimsə var! Körpə səsi gəlir! – deyə həyəcanla xəbər verdi.
Onu fikrindən daşındırmaq istəsələr də Əliağa səs gələn istiqamətə doğru can atdı. Döyüş yoldaşlarından Səməd də ona qoşuldu. Səsin sahibini arayıb gəzə-gəzə irəlilədilər. Bir qədər aralıda cəsədlərin arasında tapdılar onları. Əliağa tez irəli yeriyib yerdə huşsuz vəziyyətdə yatan Azərin ağuşundakı körpəni götürdü. Soyuqdan və çığırmaqdan körpənin səsi xırıldayırdı, rəngi göyərmişdi.
Yaxınlıqda atılan güllə səslərinə özünü qorumaq üçün qeyri-ixtiyari əyilib-qalxan Səməd düşmənin qarasına söyüb, Əliağanı tələsdirdi. Əliağa dərhal Azərə doğru əyildi. Sağ olub-olmadığını yoxlamaq üçün əlini onun boğazındakı damara toxundurdu. Narazılıqla başını buladı. Səməd də eyni anda Azərin tutduğu biləyini yerə saldı.
– Ölmüş sayılır. Nəbzi demək olar ki, itib.
Əliağa nə düşündüsə qətiyyətlə:
– Aparaq, – dedi.
Səməd bu fikirlə razılaşmadı.
– Aparsaq nə fayda? Yolda keçinəcək. Maşında onsuz da yer qalmayıb.
Əliağa təkrar Azərə baxdı. Bu dəmdə öz-özünə deyinən Səmədin gərgin səsi duyuldu:
– Allah bunların bəlasını versin! Bax gör nə qədər cəsəd var, hamısını bir dəfəyə götürə bilmərik. Heç olmasa uşağı sağ çıxaraq.
Əliağanın fikirli dayandığını görəndə hövsələsi daraldı.
– Ə, di tez ol, nə quruyub qalıbsan?
– Aparaq! Allah kərimdir! – Əliağa təkid etdi. Və xeyli isrardan sonra nəhayət döyüş yoldaşını razı sala bilib, əvvəlcə qucağındakı körpəni maşına çatdırdı. Sonra döyüşçülərdən birini də özüylə götürüb geri qayıtdı.
Köməkləşib Azəri oradan götürdülər. Meyitlə dolu yük maşınında Ağdama apardılar. Meyitləri üzünü cıran, ağı deyən qadınların ağlaşma səsləri altında məscidin həyətinə daşıyanda Vüqar da digər jurnalistlərlə birlikdə burada idi. O, dostunu üzü tanınmaz halda olan cəsədlərin arasında görəndə sarsılmışdı.
Öldüyünü sanıb tabuta qoymaq istəmişdilər. Lakin sonradan nəbzinin hələ də vurduğunu görüb xəstəxanaya göndərmişdilər.
Qeyd:
Amerikalı jurnalist Tomas Qoltz “Azərbaycan gündəliyi” adlı əsərində Ağdamda Xocalı soyqırımı qurbanlarını işıqlandırarkən həmkarlarının keçirdiyi hissləri belə təsvir edir: “Röyters” agentliyinin müxbiri Elif Kaban heyrət içində qalmışdı. Fotoqraf Oleq Litvin elə təsirlənmişdi ki, mən onu cəsədlər, məzarlar və dırnaqları ilə üzlərini cıran, fəryad edən qadınlara doğru itələyəndən sonra şəkil çəkməyə nail oldu”.
(Ardı var)