Reportyorlar (91)
- 24 Sentyabr 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Qarabağda
Tale və müharibə amansızlıqda sanki bir-birinin oxşarı idi. Hər ikisi əziz olanı alır, zərbə vurur, dərd verirdi.
Bu günlər Azərin yolu yenə Qarabağdan keçirdi.
Daşaltı, Quşçular, Malıbəyli faciələri bu yurdun sinəsinə çəkilən çalın-çarpaz dağa dönmüşdü. Orduda, hərbiçilər arasında hələ də birlik yox idi. Birinin sözü digərinin boğazından keçmirdi.
Bunu fürsət bilib meydan sulayan düşmən hücuma keçmişdi. Fitnəkarlıq ucbatından uğursuz nəticələnən döyüş sonrası hərbiçilər arasında gərgin məqamlardan biri yaşanırdı. Belə bir məqamda Azər özünü münaqişənin tam mərkəzində gördü. Bu çaxnaşmada Azərə və çiynindəki videokameraya gözü sataşan hərbi geyimli biri qutuda ilan görmüş kimi izdihamın içindən çıxıb ona:
– Nə çəkirsən, ə! Nə çəkirsən! – deyib, əl-qolunu ölçdü. Qeyzlə Azərin üstünə yeridi. Kameranın gözlüyünü əli ilə qapayıb hirslə geri itələdi. – Nə qədər ki, ayağımın altına alıb qırıq-qırıq etməmişəm, söndür ə, bunu! Söndür deyirəm!
İlk anda təmkinini qorumağa səy göstərən Azər onun daha da irəli getdiyini görəndə özünə hakim ola bilmədi:
– Əlivi çək, a kişi, bu sənə oyuncaq deyil! – Hərbiçinin əlini geri itələdi. Üzünün ifadəsi kimi əhval-ruhiyyəsi də dəyişdi.
Hərbiçi buna bənd imiş kimi əl atıb bir həmlədə Azərin yaxasından yapışdı:
– Ə, eşitmirsən? Söndür deyirəm! Yığışdır bunu, gözüm görməsin!
Tutaşdılar.
Televiziyadan tanıdığı və bir vaxtlar birgə işlədiyi Bəhruz adlı oğlan onunla hərbiçinin arasına girib kameranı qorumağa, Azəri kənara çəkməyə çalışdı:
– Yaxşı, bəsdirin! Azər! Bəsdir, baş qoşma!
Azər “Söndür!” əmri qarşısında kameranı çiynindən götürüb Bəhruza verdi. Özünü deyilənə əməl edibmiş kimi göstərdi.
Kamera hələ də işlək vəziyyətdə idi və bütün danışıqları lentin yaddaşına yazırdı.
Hərbiçi söyüş söyə-söyə deyinir, hədələyirdi.
Vüqar da Azərgillə birlikdə idi. Gərginliyi aradan qaldırmaq üçün o, Azəri dilə tutub xeyli kənara çəkdi. Canındakı hirsi qova bilməyən Azər siqaret alışdırdı. Gərginliklə hər ikisi bir neçə saniyə susdu. Lakin bundan artıq davam gətirə bilməyən Vüqar sükutu özü pozdu:
– Arada bir gözünü obyektivdən ayır, ətrafına nəzər sal. Bax gör, əli avtomatlı neçə kəc göz zillənib sənə! Bəlkə hiss eləmirsən, amma sənin gözün kameranın sənə göstərdiklərindən başqa heç nə görmür. – Sözün bu yerində yaranmış vəziyyətə hiddətlənən Vüqar odlana-odlana, kinayə ilə dedi. – Qarışma, a kişi, kimsənin işinə! Çəkilişivi apar, qayıt geri! Sən bura nizam-intizam yaratmağa, müharibəni təkbaşına idarə etməyə gəlməmisən!
Azər Vüqarın nə demək istədiyini gözəl bilsə də, hərc-mərcliyi qəbul etməyə gücü çatmırdı. Siqareti əsəbiliklə sümürür, dinmirdi…
Fevral, 1992
“Kərkicahan, Quşçular, Malıbəyli, Tuğ kəndlərinin sakinlərinin başına gələn faciələr Xocalını da gözləyir!” – son günlər camaat arasında bu sözlər tez-tez eşidilirdi.
Azər Xocalıda vəziyyətlə yaxından tanış olmaq, sakinlərlə görüşüb çəkiliş aparmaq, sonra geri dönmək istəyirdi. Son günlər təhlükəli olmasına baxmayaraq şəhərə bələdçinin bildiyi dalda yollarla gəlib, axşam tərəfi çatmışdılar.
Vəziyyət son dərəcə ciddi və gərgin idi. Şəhərdə işıq və qaz çoxdan kəsilmişdi. Yol 1991-ci ilin noyabrından bağlı idi. Ətraf mühitlə əlaqə demək olar kəsilmişdi. Ümid yolu təkcə hava nəqliyyatına idi. Belə olan halda Xocalı çoxdan düşmən mühasirəsində idi.
Ayın 25-i Azərgil vəziyyəti xəbər vermək üçün gəldikləri yolla geri dönməyə hazırlaşırdılar. Axşam saat on-on bir radələri idi. Möhkəm qar yağırdı.
Onlar yenicə yola düzəlmişdilər ki, xəbər gəldi: “366-cı motoatıcı alay şəhərə girib Xocalını dağıdır.”
Bir qədər sonra zirehli texnikanın uğultusu, mərmilərin səsi qulaq batırırdı. Erməni və rus birləşmələri altı tərəfdən Xocalıya hücum etmişdi. Köməksiz camaat əlacsız qalıb meşələrə, qarlı dağlara pənah aparırdı. Dolu kimi yağan güllələr isə aman vermirdi. Düşmənin hərbi qüvvəsinə, texnikasına qarşı əliyalın dayanmaq, duruş gətirmək artıq mümkün deyildi.
…Təxminən minə yaxın insan qaçırdı. Bir kilometr yarım yolu çaylıqla meşəyə üz tutmuşdular. Meşədən iki kəndin yolunu keçməli idilər. Kətik və Naxçıvanik kəndlərinin yolunu. Kətik yoluna çatanda ermənilər onları mühasirəyə aldılar. Qadınların ah-naləsi, körpələrin çığırtısı hər tərəfi bürüdü. Elə oradaca altı yüz nəfəri güllələdilər. Gülləyə tuş gələnlər arasında bələdçi də vardı. Azər isə hələ də inana bilmirdi ki, hansı möcüzənin əli ilə oradan sağ çıxa bilib.
Ağır yaralıları götürmək mümkün olmamışdı. Ölənlər isə artıq qurtulmuş hesab olunurdular.
Bir kişinin qızını və nəvəsini ağır yaralamış, kürəkəninin başından, onun qardaşını isə ürəyindən vurmuşdular. Bir və iki yaşlarında iki qız uşağının gözlərini çıxarmışdılar. Yaş yarımlıq körpənin başına neçə güllə atmışdılarsa beyni anasının üzünə dağılmışdı. Neçə ana qucağında, kürəyində uşağı ilə birgə güllələnmişdi. Amma bütün bunlar hələ hamısı deyildi. Belə bir faciənin şahidi olmaq… Bunu anbaan, saniyə-saniyə yaşamaq… İzahı olmayan dəhşətli bir hiss idi…
Səhərə yaxın Kətik yolu ilə meşəyə doğru qaçanda Azərin yanında olan yetmiş nəfərdən yalnız biri sağ idi. Xumar adında on beş yaşlı, bir gecədə ürəyinə çalın-çarpaz dağlar çəkilən, yaddaşına silinməz qanlı yaralar vurulan gözü yaşlı bir qız. Dərdi də, yarası da bütün xocalılar kimi eyni idi. Hər iki valideynini bir neçə saat əvvəl o vurhavurda raketlə qətlə yetirmişdilər. Bacılarını, qardaşını və gəlinlərini iki körpəsi ilə birlikdə gözləri önündə qəddarlıqla güllələmişdilər. Özünü isə Allahın möcüzəsi sağ saxlamışdı. Əsir götürülən qohumlarının naləsi, fəryadı hələ də qulaqlarında idi. Onların taleyini yaşayan yüzlərlə belə köməksiz insanlar vardı Xocalıda. Və kim bilir aqibətləri necə bitəcəkdi.
Xumar sakitləşmək bilmir, gözünün yaşını dolu kimi tökürdü. Ona bu dəhşəti unutduracaq, təsəlli edəcək bir doğması, bir yaxını qalmamışdı. Azərin ona ünvanladığı sualları da hıçqırıqlar içində, ağlar səslə cavablandırırdı. Azər onun yaralı ürəyini bir az da incitməmək üçün sözləri seçib-düzür, ehtiyatla sual verirdi. Əslində özü də bilmirdi ona sığınmış bu qızcığaza necə toxtaqlıq versin. Bu gecə gördüklərindən sonra təsəlli edəcək bütün sözləri unutmuşdu. Söz tapmırdı. Zehnini, şüurunu ölüm nəfəsli gecədə don vurmuşdu. Qadınların, körpələrin çığırtısı, heç kəsə güzəşt etməyən güllələrin qorxunc səsi hələ də qulaqlarından çəkilməmişdi. Onun üstündə indi özlərini qorumaq üçün cəmi bir neçə qumbara vardı.
Xumar isə xilaskarı kimi gördüyü Azərin yanından bir addım olsun ayrılmırdı. Arabir dayanıb nəfəsini dərsə də addımlarını yeyinlədib cəld ona çatır, havanın şaxtasına, qarına baxmayaraq dala qalmamağa çalışırdı. Azər onun yorulduğunu görüb, dincini alsın deyə dayanmaq qərarına gəldi. Atışma səsləri hələ də duyulmaqda idi.
Qeyd:
“The Washington Times” qəzetinin 2 mart 1992-ci il tarixli məqaləsində Tomas Qoltz baş vermiş qətliamı bu cür təsvir edir: “…Təxminən Xocalının on min nəfər sakininin min nəfəri çərşənbə axşamı baş verən hücumda erməni ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan Televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi…”
…Yolun kənarında bir tərəfi düşmən artilleriyasının açdığı atəşdən dağılmış kiçik bir tikili vardı. Azər buranın təhlükəsiz olub-olmadığını yoxlamaq üçün ehtiyatla içəri daxil oldu. Lakin bir neçə saniyə çəkmədi ki, sarsılmış halda geri qayıdıb, qapıda dayandı. Xumara içəri keçməsini söyləsə də, özü bayırda gözlədi…
Xumar tikiliyə daxil olanda divarın küncündə, torpağın üstündə oturub kürəyini divara söykəmiş cavan bir gəlin gördü. Yaralı idi. Demək olar, artıq ölmək üzrə idi. Qucağında körpə vardı. Çarəsiz ana onu düşmən gülləsindən qorusun deyə buraya sığınmışdı. Son nəfəsini verməkdə olsa da, balasının bir müddət tox olacağından arxayın köçmək istəyirdi dünyadan.
Müharibənin qorxunc üzündən bixəbər körpə anasının sayılı nəfəsi qaldığını bilmədən rahat və asudəliklə süd əmirdi.
Xumar başa düşdü ki, Azər bu səbəbdən eşiyə çıxıb.
Gəlin Xumarı görəndə gözlərinə işıq gəldi. Son qüvvəsini toplayıb göz yaşları saralıb-solan yanaqlarını yuya-yuya körpəsini Xumara əmanət etdi. Onu postda olan atasına təhvil vermələrini xahiş etdi. Titrək əlində sıxdığı balaca bir kağız parçasını Xumara uzatdı. Bu kağızda ərinin adı-soyadı və harada olması qeyd olunmuşdu.
Balasını onlara, onları isə Allaha əmanət edən gəlin Xumardan xahiş etdi ki, onun başındakı örpəyi üzünə doğru çəksin. Nə qədər ağır olsa da, Xumar onun son istəyini yerinə yetirdi. Gəlinin başındakı örpəyini açıb üzünə saldı.
Doqquz aylıq körpə anasının döşündə yuxuya getmişdi. Dünyadan xəbəri yox idi. Xumar onu anasından alanda da hiss etmədi.
Atəş səsləri yaxınlıqdan duyulurdu. Bu səbəbdən daha burada da yubanmaq olmazdı.
Xumar körpəni köksünə sıxıb qapıdan çıxanda gəlin canını tapşırdı.
Qız bayırda onu gözləyən Azərə yaxınlaşdı. O, özünü toplamağa çalışsa da, Xumar onun gözlərindəki nəmi – faciəmizə axıtdığı göz yaşlarını aydın gördü.
Tezliklə buranı tərk edib, bir qədər də getdikdən sonra meşəyə girməyi qərara aldılar.
Meşədə güllələnib ölən və yaralananlar çox idi. Yüzlərlə meyit vardı. Yaralılar isə bu soyuqda qarın üstündə xilas olacaqları ümidi ilə kömək gözləyirdilər. Yerdən-göydən ölüm yağan o gecədə neçə cavan, neçə qeyrətli oğul bildikləri etibarlı yollarla dəstə-dəstə adamları keçirib təkrar geri qayıtmışdılar. Tükənməkdə olan son mərmiyədək döyüşə-döyüşə öz güclərinə Xocalını müdafiə etməyə çalışmışdılar.
Qeyd:
1992-ci ilin martında Fransa mediasında özünəməxsus yeri olan “Le Monde” qəzeti baş vermiş qətliama bu cür qiymət verirdi: “Ağdamda əcnəbi jurnalist öldürülmüş insanlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış bir qadın və üç uşaq görmüşdü. Bu ”Azərbaycanın təbliğatı” deyil, reallıqdır”.
Xocalı soyqırımının şahidi olan fransız jurnalist Jan İv Yunet həmin illərdə gördüklərini bu cür dilə gətirmişdi: “Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin – qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük… Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular…”
Kabus hələ də davam edirdi. Çox keçmədi ki, ermənilər meşəni mühasirəyə aldılar. Azər körpəni Xumardan alıb özü götürdü. Meşədə sağ olan 60-a yaxın adamla birlikdə geriyə qayıtmalı oldular. Ermənilər arxadan atəş aça-aça irəliləyir, ölənlər, yaralananlar qalır, onlar isə qaçırdılar. Körpə səs-küydən diksinib oyanmışdı. Durmadan cığırırdı.
Onlar bir qayanın dibinə çatıb bir qədər gözlədilər ki, təhlükə sovuşsun. Lakin burada da uzun müddət dayanmaq mümkün olmadı. Körpənin durmadan ağlaması onları hər an ələ verə bilərdi. İkinci bir yolun olub-olmadığını yoxlamaq üçün Azər onları iri daşlardan birinin arxasında saxlayıb özü ehtiyatla oradan aralandı. Lakin çox uzaqlaşa bilmədi. Xumarın “Qardaş” nidası Azəri geri dönməyə məcbur etdi. Qızı yerdə al-qan içində görəndə irəli atıldı. Sarsılmış halda yerə çöküb, onun başını əlləri arasına aldi. Ehtiyatla bir qədər özünə doğru qaldırdı. Xumar onu görən kimi gözlərinə işıq gəldi. Dodaqları təbəssümlə doldu. Güclə eşidilə biləcək qırıq səslə:
– Qardaş… – dedi, – şükür Allaha, sağsan. Elə bildim,səni vurdular. Çox qorxdum.
O, Azərin tapşırığına qulaq asmayıb körpəni qucağından yerə qoyaraq qayanın arxasından çıxmış və elə oradaca düşmən gülləsinə tuş gəlmişdi.
Güllə onun kürəyindən kecib ciyərini parcalamışdı. Yaşaması artıq qeyri-mümkün idi. Dodaqları arasından süzülən qan cığırı və getdikcə itməkdə olan nəfəsi ona danışmağa imkan verməsə də, inadla Azərə nə isə deməyə çalışırdı:
– Qardaş… – Lakin daha sözünün ardını gətirə bilmirdi.
Artıq vəziyyəti anlayan və başqa çarəsi qalmayan Azər ona əziyyət verməmək üçün üzündəki əzablı ifadəni güclə boğub, inam və qətiyyətlə:
– Sakit ol, yaxşı?! Qorxma, hər şey yaxşı olacaq. – dedi. – Bilirəm, əlbəttə ki, qorxmursan, sən qoçaq qızsan. Bax, görərsən, bizə kömək gələcək. Səni xəstəxanaya çatdıracağıq. Sağalacaqsan, hələ çox uzun illər yaşayacaqsan. Bakıya – məni görməyə də gələcəksən. Necə danışmışdıq biz səninlə, sənə Bakını gəzdirəcəm. Elə deyil? – Öz dediklərinə özü də inanmayan Azər sözün bu yerində üzünü qoluna sıxıb gizlətdi. Çiyinləri titrədi. Bir neçə saniyə sonra təkrar Xumara baxdı. Dolub yaşaran gözlərindən çıxan yaş damlası Xumarın gicgahina doğru süzülmüşdü.
– Anamı istəyirəm!
Xumardan eşitdiyi bu sözlər ağır bir qaya parçasına dönüb çiyinlərinə çökdü. Ruhunu, mənliyini əzdi. Titrəyən dodaqlarını dişləri arasında bir-birinə sıxıb, özünü zorla toplamağa çalışdı. Amma bacarmadı. Nəfəs almağın bu qədər çətin olduğunu o, bir dəfə də yaşamış, iliklərinəcən duymusdu. Baxışları qeyri-ixtiyarı qarın üstündə hələ də ağlamaqda olan körpəyə tərəf yayındı. Görəsən, daha nə qədər körpə, nə qədər yeniyetmə vardı bu an Xocalıda can üstündə anasını səsləyən? Çox idi… Əfsus ki, çox… Sayını itirmişdi.
Bir neçə saniyə sonra Xumar canını tapşırdı. Ona kömək edə bilməməsi Azəri yandırıb yaxırdı. Amma əlindən heç nə gəlmirdi. İstəmədiyi halda onu burada atıb getməli, yoluna davam etməli idi. Qızın boynuna doladığı yun şərfi açıb onun üzünü örtdü. Bir neçə saniyə donuq baxışlarla Xumarın cansız vücudunu süzdü. Bu yuxu deyildi. Reallıqda baş verən kabusdan daha qorxunc bir həqiqət idi.
Körpəni qucağına alıb baxışlarını ətrafda gəzdirdi. Atəş səslərinin gəldiyi istiqaməti müəyyənləsdirməyə çalışdı.
Bu an özünü tamam əlacsız, düşüncələri darmadağın olmuş kimi hiss edirdi. Nə edəcəyini, necə edəcəyini bilmirdi. Buna baxmayaraq yola düzəldi.
Cəmi bir neçə dəqiqə ərzində tanıdığı Xumarın onun yaddaşından heç vaxt silinməyəcəyini o, artıq gözəl bilirdi. Bir az əvvəl onunla aralarında belə bir dialoq da olmuşdu. Xumar yaşadığı, şahid olduğu dəhşətlərdən sonra düşünub-daşınıb yeyin addımlarla gəlib Azərə çataraq qətiyyətlə:
– Əgər, ələ keçsək birinci məni vur! – demişdi. Onun bu yaşda dünya görmüş insan kimi belə qətiyyətlə danışmasına tablana bilməyən Azəri çətin vəziyyətdə qoymuşdu. Azər özünü eşitməzliyə vurub, üzünü çevirərək yoluna davam etmisdi. Xumar onun sükutunu görüb çılğın bir əda ilə qarşısına keçərək yenə demişdi. – Bunu sən etməsən, mən özüm edərəm. Elə bilirsən qorxuram?
Tərs baxışlarla qızı süzən Azər:
– Ölmək üçün belə tələsmə, sənin gələcəyin hələ qabaqdadır, – deyəndə Xumar qaşlarını düyünləyib çiyinlərini atmışdı. Nifrətə və eyni zamanda kədərə bürünmüş bir ifadə ilə belə cavab vermişdi:
– Lazım deyil mənə o gələcək! Atam-anam, qardaşım, heç kimsəm olmayandan sonra!
Azər deməyə söz tapmayıb köksünü odlayan yanıqlı bir ah çəkmiş, susmağa üstünlük vermişdi. Lakin söz Xumarın yaralı ürəyini deşirdi.
– Sən əsir düşməyin dəhşətini, əzabını yaşamayıbsan. Ona görə başa düşə bilməzsən orada insan ləyaqətini necə alcaldırlar, necə işgəncələrə məruz qoyurlar. Heç bilirsən şahidlər əsir düşənlərin aqibəti barədə nələr danışırlar?..
İndi Azər onun sözlərini sonsuz kədərlə xatırlayırdı… Xumarın nə qədər haqlı olduğunu bilərək…
Qeyd:
Fotomüxbir İlqar Cəfərov: “Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalı idim!”
…Yolda-izdə sağ adama rast gəlinmirdi. Hər addımbaşı insan cəsədləri idi. Ağlasığmaz vəhşiliklə qətlə yetirilmişdilər. Əsl dəhşət idi! Onlar sanki qəfil qopan tufanla sovrulub xəzəl kimi dağlara, dərələrə, meşələrə, yollara səpələnmişdilər. Dünən gecədən xəbər verən qanlı nişanə idilər. Azərin kamerasının obyektivində indi yalnız bunlar vardı: parça-parça olmuş, başı əzilmiş, beyni dağıdılmış insan cəsədləri… güllələnmiş, donmuş körpə meyitləri…
Hər şey bir-birinin ardınca o qədər sürətlə və amansızlıqla davam edirdi ki, bu qədər dəhşətin tam ortasında Azər ağlını itirməkdən qorxurdu. Bütün bunlara rəğmən o, indi qucağındakı əmanəti ölümün pəncəsindən sağ-salamat çıxarıb atasına təhvil verə bilmək üçün düşmənin bir addımlığında irəliləyirdi.
Bu dağlara, cığırlara bələd olmadığı üçün təxmini gedirdi.
Nə qədər yol qət etdiyini bilmədən nəfəsini dərmək üçün ağaclardan birinin gövdəsindən yapışıb dayandı. Güclə nəfəs alır, tövşüyürdü. Qucağındakı körpəylə, üstəlik, yuxusuz və yorğun şəkildə dağa qalxmaq onun üçün ikiqat çətinləşmişdi. Güc toplamaq üçün toxtamağa çalışırdı ki, bu an nəzərləri bir neçə addım irəlidə, ağaclardan birinin dibində yerə sərilib qalmış yaşlı bir adamın cəsədinə sataşdı.
Əynindəki geyimdən onu tanıdı. Səhərə yaxın elə bu yolla gələrkən gülləyə tuş gəldiyini öz gözləriylə görmüşdü. Kişinin donub şüşələnmiş gözləri göy üzünə dikilib qalmışdı. Alnındakı güllə yeri aydın görünürdü. Azər sanki dərin bir yuxudan oyandı.
Hövsələsiz bir şəkildə ciblərini axtardı. Axtardığını tapa bilməməsi onu bir az da gərdi. “Lənət şeytana!” Nə baş verdiyini dərk edərək bərbad əhval-ruhiyyədə baxışlarını ətrafda dolandırdı. Dodaqları hirslə bir-birinə sıxıldı.
Bələdçinin ona verdiyi koordinatları göstərən xəritəni gecə yarısı o vurhavurda itirmişdi. Yolu azmış olduğunu acı bir gerçəklə anlayan Azər başa düşdü ki, dönüb-dolanıb eyni yoldan keçərək öz ayağı ilə düşmənin içərisinə gəlib.
(Ardı var)