Firuzə Davudqızı
Həbsxana
Kamal bütün söhbətlərində sözarası Azərə məhbus həyatının cikini-bikini, həbsxanada baş çıxara bilməyin bütün incəliklərini ona başa salırdı.
– …Milis adamın üzünə bir dəfə baxmaqla bilir o, nə yolun yolçusudur. Hansı yuvadan pərvazlanıb, necə əməlin yiyəsidir. Yüzlərlə, minlərlə beləsi gəlib keçir əllərindən. Sözümün canı, sənin görkəminə baxanda bilinir belə xatalı işlərin sənlə heç uzaqdan əlaqəsi yoxdur. Fırıldaqçı, simasız, nadürüst adam təsiri bağışlamırsan. Qısası, onlar öz işlərini səndən-məndən yaxçı bilirlər, atam. Sən qurbanlıqsan, başa düşürsən, hazır yem kimi atıblar öz süfrələrinə. Hansısa ac qurdun naharısan. Özləri bilirlər. Qəşəng bilirlər. Görünür boyunlarını hansısa boyundurağın altına veriblər də. Göz ağardanları var. Keçə bilmirlər. Bəs eşitməyibsən, məsəl var, su başdan bulanar. Bunlar da məcburən haqqa göz yummalıdırlar. Əks halda işlərindən, vəzifələrindən ola bilərlər. Çünki özləri də bu böyük boşqabın dibindən yalayırlar. Bir sənə görə çörək yedikləri qaba tüpürəsi deyillər ki. Yüz sənin kimi oğlan çürüyüb getsün. Bu boyda həngaməni açıb-ağartmaq məgər ağlabatandır? Bu kimə sərf eliyər? Məlum məsələdir ki, birinin rütbəsi artacaq, biri təşəkkür alacaq, bəs o birilər? O birilər hələ uça bilməyən quzğun balası kimi ağzını açıb yem gözləyir axı. Onlara da nəsə çatmalıdır ki, özlərini tanıyanadək yerlərini möhkəmlətsinlər. Buna görə də… ən uyğun variant qarmağa keçən ilk ovu – sənin kimiləri əldən çıxarmadan tezcə də qamarlamaqdır. Yoxsa ov əllərindən çıxıb təzədən dənizə düşər…
***
Yaşananlar səbəbilə sarsıntı keçirən Türkanın halı yaxşı deyildi. Özünə qapanmışdı. Kimsə ilə kəlmə kəsmir, yemək-içməkdən imtina edirdi.
Şahnaz bu halların fəsadlara yol açacağından ehtiyatlanıb bir neçə gün əvvəl şəxsi psixoloqu ilə telefon əlaqəsi saxlamışdı. Qızını dilə tutaraq uzun xahiş və isrardan sonra onu Rusiyaya gətirməyə razı sala bilmişdi.
Onlar Rusiyada aeroportda ikən Türkanın həyatdan aldığı zərbələrə bir zərbə də əlavə olundu.
Çəkdiyi əzablardan, qüssə-qəmdən solub avazımış çöhrəsi buludlandı. Qəlbinə bıçaq saplanmış kimi dəhşətli ağrılar içində qıvrandı.
Salehi uzaqdan tanımışdı.
O, yanında gənc xanımı və onları müşayiət edən bir kişiylə xarici ölkələrin birindən qayıdırdı. Təyyarədən yenicə enmişdilər. Bakıya yola düşməyə hazırlaşırdılar. Türkan yerində quruyub qalmışdı. Nə irəli gedə bilirdi, nə geri qayıda.
Salehlə yanaşı addımlayan, son dəbdə geyinmiş, incəbel, qumral saçlı gənc xanımın onun həyat yoldaşı olduğunu həmin dəqiqə anladı. Buna əmin olması onu sanki göyün yeddinci qatından yerə çırpmışdı. Gözündə bu anlar hər şey öz rəngini dəyişmiş, tar-mar olmuşdu.
Salehin diqqətini çəkəcəyindən ehtiyatlansa da, üzünü bir başqa səmtə çevirməyə gücü çatmırdı. Qəlbi ağlına, qüruruna hökm edirdi. Qəhər boğazına tıxandığından nəfəsinin daraldığını hiss edirdi.
Saleh həmişəki kimi üzündə ciddi ifadə və qaşları çatılmış halda yoluna davam etməkdəydi, həyat yoldaşı olduqca xoşbəxt görünürdü. Bəxtiyarlığı üzündən-gözündən bilinirdi.
Türkan kənardan onları seyr edib əzablar məngənəsində sıxılıb işgəncə çəkərkən heç kəsin bu an ondan, nələrə tablandığından xəbəri yox idi. Beş addımlığından ötüb keçdilər. Türkanın baxışları ixtiyarsız olaraq Salehin dalınca yayındı. Gözləri doldu. Bundan artıq davam gətirə bilməyib üzünü çevirdi.
Qəhərdən qurtulmaq üçün yanıqlı bir ah çəkdi. Hələ özünə gəlməyə macal tapmamışdı ki, bu vaxt Şahnaz qızına yaxınlaşdı:
– Gecikməyək. Vaxtında həkimin qəbulunda olaq.
Türkanın üzündə acı istehza dolu bir ifadə yarandı:
– Taleyin vurduğu yaranın məlhəmi olmur, ana! Mənim dərdimə yüz təbib gəlsə əlac tapmaz. Özümüzü aldatmayaq.
– Yenə başlama. – Şahnaz hər şeydən xəbərsiz halda iradla qızına baxdı. – Hər şey yaxşı olacaq. Yenidən doğulmuş kimi hiss edəcəksən özünü. Hər şeyi unudacaqsan. Elə bil həyatında pis heç nə baş verməyib…
Türkan anası ilə mübahisə etməyin yersiz olduğunu anladığı üçün köks ötürüb, dinməzcə yanına düşdü. İrəlidə onları gözləyən taksi sürücüsü çamadanları yük yerinə yığırdı.
Türkan taksiyə əyləşmək istədiyi anda tanış səsə duruxub geri çevrildi. Saleh idi. O, hər ikisinə müraciətlə salam verdi.
Türkanın bu salamı almağa, dillənməyə halı olmadı. Onun yerinə Şahnaz dilləndi:
– Salam, oğlum. Nə xoş təsadüf.
– Elədir. – Salehin dodaqlarında xəfif təbəssüm dolandı.
– Necəsən, oğlum?
– Pis deyiləm, şükür. Dayı necədir?
– Dayıdır da, hələ də müalicə alır.
– Hmm… anladım. – Saleh məyus ifadə ilə dodaqlarını büzdü. Tez də əlavə etdi. – Yaxşı olar inşallah. Darıxmayın.
– İnşallah, oğlum, təki belə olsun. – Şahnaz nisgilli bir baxışla Salehi süzdü. Baş tutmayan arzuları, xəyalları üçün köks ötürdü.
– Siz hara belə?
Suala yenə Şahnaz cavab verdi:
– Bir neçə günlük gəlmişik, oğlum.
Türkanın dinib-danışmaması Salehin diqqətindən yayınmırdı. Şahnazla söhbət etsə də, bir gözü onu, davranışlarını, ifadəsini izləyirdi. Fürsəti əldən verməyib soruşdu:
– Sən necəsən, Türkan? Hər şey qaydasındadır?
Gözlərinin dolduğunu ondan gizlətməyə çalışan Türkanın cavab verməyə vaxtı olmadı. Bu məqamda onlara yaxınlaşan xanımın gəlişiylə deyəcəyi sözləri dodaqlarında don vurdu. Tutqun çöhrəsi bir az da tutuldu. Gənc xanım hər üçünü süzüb, rus dilində Salehə sual verdi:
– Nə baş verib? Birdən nə oldu sənə çıxıb gəldin? – deyə maraqlandı. – Heç nə anlamadım. Hər şey qaydasındadır? Narahat oldum.
Saleh rəng verib, rəng alsa da, özünü itirmədi. Şahnazla Türkanı həyat yoldaşına təqdim edib, tanış etdi. Həyat yoldaşı məmnunluq oxunan bir ifadə ilə tanışlığa şad olduğunu bildirib, Salehin qoluna girərək ona sığındı.
Sofiya əslən azərbaycanlı olan və illərdir Rusiyada yaşayan ailənin yeganə övladı idi. Atasının Zakirlə köhnə tanışlığı sonda qohumluqla nəticələnmişdi.
Saleh Türkanın bütün diqqətinin Sofiyanın davranışlarında olduğunu sezib, baxışlarını ətrafda dolandırdı.
Türkanın yerinə Şahnaz dilləndi. Evlənmələri münasibətilə hər ikisini təbrik edib, xoşbəxtlik arzuladı. Saleh dillənməsə də, Sofiya təşəkkür etdi. Ardınca heç birinin gözləmədiyi sualı yenə də rus dilində Salehə ünvanladı:
– Əzizim, bəs bu gözəl xanımları mən niyə toyumuzda görmədim?
Şahnaz Salehin cavab verməsini gözləməyib, dərhal dilləndi. Sofiyanın sualını rus dilində cavabladı:
– Salehin dayısı xəstədir, qızım, xəstəxanada müalicə alır. Bu səbəbdən toyda iştirak edə bilmədik.
Sofiya buna üzüldüyünü ifadə edən sözləri dilinə gətirdi.
Saleh özünü toplamağa çalışıb araya söz qatdı. Qaşları çatılmış halda:
– Bir azdan təyyarə qalxır, – dedi, həyat yoldaşının əlini qolundan götürdü. – Getməliyik.
Sofiya heç bir şübhə duymadan Salehin fikri ilə razılaşdı. Üzünü Şahnaza tutub təkrar təşəkkür etdi:
– Bir gün mütləq görüşmək ümidi ilə.
– Təbii ki, qızım. Böyük məmnuniyyətlə. – Şahnaz oynadığı rolu sonadək davam etdirməli olduğu üçün zorla gülümsədi.
Saleh baxışlarını yenidən Türkana çevirib azərbaycan dilində:
– Sən özün yaxşısan? – soruşdu. – Nəsə bir tərslik yoxdur ki?
Türkan bu anlarda əzablar içində qovrulsa da, özünü sındırmayıb gülümsündü.
– Hər şey yaxşıdır. Narahat olma.
– Əhval-ruhiyyən bunu demir heç.
Türkan təkrar gülümsündü:
– Yox, qətiyyən. Sənə belə gəlir. Mənə görə narahat olma. Əksinə, çox şadam. Bəlkə də eşitməmisən. Yaxında ana olacam. Bunu bilmək, belə bir xəbər almaq çox gözəl duyğudur. Sizə də bu sevinci yaşamağı arzu edirəm. Həkim kurort havasını məsləhət görüb. Buna görə inciməyin, getməliyik. Ana… gecikməyək.
Şahnaz qızından eşitdiyi sözlərə donub qalsa da, onun buradaca uydurduğu yalanı ifşa etməmək üçün üzə vurmamağa çalışdı.
Salehin rəngi-ruhu dəyişdi. Baxışları Türkanın baxışlarına ilişib qaldı.
Həyat yoldaşı dili anlamasa da, yaranmış vəziyyətdə bir pərtlik olduğunu sezib, sual yağan nəzərlərlə hər üçünü süzdü. Salehə sual verdi:
– Nə baş verib, əzizim?
Saleh rəngi boğulmuş halda gözucu həyat yoldaşını süzsə də,
onun sualını sükutla qarşıladı.
Türkan maşına doğru addımladı. Zahirən güclü görünsə də, daxilən yıxılmışdı.
Güclə ayaq üstə dayanırdı. Sürücü qapını açıb gözləyirdi. Maşına əyləşməsi ilə
göz yaşlarını tuta bilməyən Türkan yanıb yaxıla-yaxıla hönkürdü.
Çox keçmədən Şahnaz da maşına əyləşdi. Heyrətlə qızını süzdü:
– Sən dəli olmusan? Bu nə sözlər idi? Üstəlik, belə bir şey olmadığını bilə-bilə.
Türkan bezib-usanmış halda acığını anasına tökdü:
– Kimsənin mənə, mənim ailəmə acımasını istəmirəm! Qəm-qüssənin bizi nə hala qoyduğuna tamaşa etməkləri mənə yer edir!
Şahnaz dərin köks ötürdü. Od tutub yana-yana dedi:
– Axx, mənim ağılsız qızlarım… Axx! Bacıvın yerini tutana bir bax, gəlginən od tutub yanma da. Kəsilib atılan dırnağına belə dəyməz mənim qızımın. Gördün necə sarmaşıb oğlana? Çünki ağıllıdır. Mənim ağılsız qızım isə öz qismətinə təpik atdı. İndi oturub gözünün suyunu tökə-tökə dustaq yolu gözləyir. Qoy gözləsin! Öz cəzasıdır çəkir. – Təkrar ah çəkdi. – Kim bilir, haraları gəzib-dolanıb qayıdırlar. İtirən biz olduq, biz! Nə Zivər oldu, nə də oğlu! Hərəniz bir cür başağrısı oldunuz mənə.
Türkanın səsi çıxmadı. Bütün fikri Salehin yanında qalmışdı. Siması gözünün önündən çəkilib getmirdi. Şahnaz xanım isə hələ də gileylənirdi. Sürücünün sükan arxasına keçməsi ilə o, sözünə son verdi.
***
Apellyasiya şikayəti üzrə məhkəmə prosesi təqdim olunan dəlil-sübutlara rəğmən gözlənilən nəticəni verməmişdi. Azərin ittiham olunduğu maddələrə görə onun günahsızlığını sübut etmək üçün toplanan dəlillər də kifayət etmirdi. Dəlil yetərsizliyinə görə məhkəmə prosesi təxirə salınmışdı.
Ənvərin çoxdan tanıdığı və hazırda Rusiyada yaşayan, hüquq sahəsində fəaliyyət göstərən nüfuzlu bir tanışı vardı. Son çarəsi də tükənəndən sonra onunla görüşmək qərarına gəlmiş və bu qərarından dostu Səməndərə də söz açmışdı. Səməndər belə bir vəziyyətdə bu fikrin ağlabatan olduğunu bildirmişdi.
Ənvər düşünüb-daşınıb ertəsi gün Rusiyaya yola düşdü. Səməndər də onunla idi. Onlar sözügedən şəxslə çətinliklə də olsa görüşməyə nail oldular.
Sergey Lebedev onları öz kabinetində səmimiyyətlə qarşıladı. Hal-əhval tutandan sonra Ənvər gəlişinin səbəbini, baş verənləri ona nağıl elədi. Sözünə bu cümlələrlə davam etdi:
– İstəməzdim aradan bu qədər illər keçəndən sonra belə ağır səbəblər bizi görüşdürsün, amma nə etməli? Həyatı bilmək olmur, – dedi. – Nə başını ağrıdım, xirtdəyəcən dərdin, problemin içindəyəm.
Lebedev onu diqqətlə dinləyib, düşüncəli ifadə ilə dilləndi:
– Hmm… dostum! Söylədiklərindən belə bir qənaətə gəlmək olur ki, çox qəliz və olduqca çətin bir məsələ ilə üz-üzə qalmısan. Siyasi işlər çox ciddi məsələdir. İşə hətta narkotiki də bulaşdırıblar. Çox pis! Mətbuatda buna oxşar bir yazı dərc olunmuşdu. Deməli, sənin oğlunmuş. Familiyadan anlamalıydım əslində. Məlum məsələ, zehni yorğunluq… Fərqinə varmamışam. – Lebedev bir qədər susub sonra dedi. – Aydın görmək olur ki, bu plan iki qoldan həyata keçirilib və ikitərəfli inkişaf edib. Düşünülmüş taktikadır. – Dodaqlarını büzüb, narazılıqla başını buladı.
– Elədir. – Ənvər təsdiqlədi. – Təəssüf ki.
Lebedev fikrinə qaldığı yerdən davam etdi.
– Belə dahiyanə bir planı yalnız bu işlərin içində olan, bu sahəni dərindən bilən təcrübəli biri cıza bilər. Bu işə boyun qoyan sıradan bir məmur ola bilməz, bunun arxasında güclü adamın olduğu şübhəsizdir.
– Səninlə eyni fikirdəyəm.- Ənvər başını yüngülcə tərpətdi.
– Ənvər, dostum, çətin olmasına baxmayaraq əlimdən gələn köməkliyi əsirgəməyəcəyimə söz verirəm.
Ənvər rahat nəfəs aldığını bu cavabdan sonra aydın hiss elədi.
Lebedev bir təşəbbüs irəli sürdü.
– Bilirsənmi, dostum, bir təklifim var. Bu narkotik məsələsi… mənim ağlıma bir fikir gəldi. Bir adam var Rusiyada. Burada nüfuz sahibidir. Arxa-dayağı möhkəmdir. El dili ilə desək, əli hər yerə çatır. Bir neçə dəfə mötəbər məclislərdə, ziyafətlərdə rastlaşdığımız olub. Şəxsi tanışlığım yoxdur, amma haqqında az-çox məlumata sahibəm. KQB-də tanışlarının olması da qulağıma çatıb. Qaranlıq dünyanın gizli işlərindən anlayışı, məlumatı var. Düşündüm ki, bu adamın sənə bir xeyri toxuna bilər. Onun vasitəsilə övladına quyu qazanı tapmaq fürsəti yarana bilər. Necə fikirləşirsən?
Ənvər Səməndərə baxdı. Fikrini bilmək istədi. Səməndər narazılıq oxunan ifadə ilə dostunun üzünə baxdısa da, etiraz da etmədi.
Ənvər Lebedevin səsinə fikirdən ayrıldı.
– Bakıya nə vaxt qayıtmaq fikrindəsən?
– Dəqiq bir söz deyə bilmərəm. Hələ ki burdayam, – deyib, Sergey Lebedevin təklifinə münasibət bildirdi. – Zənnimcə, belə bir adamlarla ünsiyyətə girmək bu işi bir az da çətinə salar. Sözün açığı, qurdalamaq istəmirəm. Mənim məqsədim oğlumun günahsızlığını sübut edib, onu zindandan qurtarmaqdır. Mafiya ilə vuruşacaq gücə, imkana sahib deyiləm. Əgər gücün çatmayacaqsa tamam açıq fikir bildirə bilərsən. Başa düşərəm səni, incimərəm.
– Mən bunu demək istəmədim. Söz verdimsə, deməli, əməl edəcəyimə əmin ola bilərsən. Bu sadəcə bir təklif idi. Ağlına batmadısa, bu başqa məsələ.
– Məsləhət bilmirəm. – Ənvər qəti səslə dedi.
– Aydındır. – Lebedev gülümsündü. – Fikrini dəyişsən ünvanı var, buradan bir neçə saatlıq yoldur.
– Düşünülməmiş addım atmaq istəmirəm, Sergey. Elə bilirəm məni başa düşürsən. – Təbii ki. Sözsüz.
(Ardı var)