Reportyorlar (68)
- 08 Aprel 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Günlər sonra
Telman Həsənovun ölüm hadisəsi ilə bağlı cinayət işi yenidən qaldırılıb baxılması üçün şəhər prokurorluğuna göndərilmişdi. İstintaqın nəticəsi, məhkəmənin çıxardığı qərar mərhumun ailəsini qane etmədiyi üçün işə bir daha baxılmasını tələb edirdilər.
…Cinayət-axtarış şöbəsinin rəisi Kazımov onları öz kabinetində görəndə ab-havadan xeyir əlamət sezmədisə də, özünü topladı. Baş prokurora öz kreslosunda yer göstərdi. Əl-ayağa düşdü. Lakin qonaqlar təşəkkür edib göndəriş vərəqəsini göstərərək gəlməklərinin əsas məqsədini açıqladılar. Prokuror hadisəylə bağlı müşavirə keçirmək istədiyini bildirdi və əməliyyatçıları müşavirə otağına yığmağı tapşırdı.
Kazımov dərhal əlaqə düyməsini basdı. Prokuror müstəntiqlə birgə istintaq materiallarını gözdən keçirməyə başladı. O, işi vərəqləyərkən birdən başını qaldırdı. Baxışlarını Kazımovun üzündə saxlayıb sual verdi:
– İntihar?
Kazımov yerində qurcalandı, nə isə demək istədi, lakin prokurorun ikinci sualı ona mane oldu.
– Deməli, gəldiyiniz nəticə budur?
Kazımov verəcəyi cavabın mətnini zehnində hazırlayırmış kimi gözünü qovluqdan çəkmədən:
– Tibbi ekspertizanın rəyi budur, – dedi.
Kazımov düşündü ki, prokurorun sükutu cavabın onu qane etməsi deməkdir. Bu, Kazımovu bir qədər arxayın etsə də, rahatlığı uzun sürmədi. Prokuror hadisə yerinə baxış protokolunda qeyd olunan detalları nəzərdən keçirib ilk anda nə düşündüyünü açıq söylədi:
– Bu, özünə qəsddirsə, mərhum intihar etməyə məgər başqa yer tapmayıb?
– Haqlısınız, qəribə səslənir. Qəribə və bir o qədər də müəmmalı.
– Mən bu versiya ilə qətiyyən razılaşmıram. – Prokuror etirazını bildirdi. – Buna uşaq da inanmaz. Yaxşı, bəs sonuncu ehtimal?
– İşin üzərindəki sirr pərdəsi də elə budur. Hamımız rəhmətliyi yaxşı tanıyırdıq. Özünü vuracaq, intihar edəcək qədər aciz oğlan deyildi. Onu buna vadar edəcək bildiyimiz qədəri ilə elə ciddi bir problemi də yox idi. Öz işində, sakit bir adam idi. Ailəsinin də dediyinə görə, son vaxtlar heç də özünü qəribə aparmırmış. Yəni belə bir fikri olan adam evdə ağızucu da olsa bir söz atardı, ən azından vidalaşardı. “Qardaşımgilə gedirəm” deyib evdən çıxıb, ondan sonra Həsənovdan bir daha xəbər almayıblar. Həyat yoldaşının dediklərindən belə başa düşülür ki, ailəsini düşünən adam olub, yəni heç vaxt belə ağılsız hərəkət etməzdi. – Kazımov təəssüf hissi ilə başını aşağı saldı.
Onu sonadək diqqətlə dinləyən prokurorun simasında istehzalı bir təbəssüm yarandı.
– Yoldaş Kazımov, gəlin bir-birimizi çaşdırmayaq. Mən sizdən gəldiyiniz nəticəni soruşuram, siz mənə hadisənin və hətta ondan əvvəlki günlərin xronikasını danışırsınız. Eybi yox, biz də gəlmişik ki, məsələni yerli-yataqlı aydınlaşdıraq.
Kazımovun səsi çıxmadı.
Müşavirədə bura dəvət olunan əməliyyat və sahə müvəkkilləri, bu işə cəlb olunan bütün məsul işçilər dinlənildi. Söz tibbi ekspertə verildi. O, özünü təqdim edib, şəffaf bükülüdə hadisə yerindən götürülmüş gilizi, silahı və ekspertiza zamanı meyitin kəllə nahiyəsindən çıxarılan mərmini təqdim edərək dedi:
– Tibbi ekspertizanın nəticəsinə əsaslanaraq rəy bildirirəm ki, meyitin üzərində zədələnmiş nahiyə: sağ alın gicgah nahiyəsi; diaqnoz: kəllənin sağ tərəfdən güllə yarasıdır. O cümlədən mərhumun başından çıxarılmış güllə bir qədər irəlidə tapılmış silahdan açılıb. Silahın üzərindəki barmaq izləri mərhumun barmaq izləri ilə eynidir.
Onun fikrini əməliyyat müvəkkili Səfiyev davam etdirdi:
– Təhqiqat zamanı məlum olmuşdur ki, silahda cəmi bir güllə olub. Belə fərziyyə ortaya çıxır: mərhum özünə qəsd etmək məqsədi ilə darağa bir güllə yerləşdirib. Silah onun adına qeydiyyatda olan xidməti silahdır.
– Bir dəqiqə… – Müstəntiq düşüncəli halda Səfiyevin sözünü kəsib üzünü ekspertə tutdu. – Atəşin açıldığı məsafə təxminən nə qədərdir? Yaranın dərinliyi, diametri?.. – Nəzərlərini ekspertin üzündə saxladı.
Ekspert ona ünvanlanan sualın cavabını düzüb-qoşub deyənə kimi müstəntiq yeni bir sual səsləndirdi:
– Məncə, siz meyitə baxar-baxmaz təyin etməlisiniz axı, ona atəş açıblar, yaxud özünü vurub? Elə deyilmi? Gözə kül üfürmək deyil, işin üstünü açmaq lazımdır. – Müstəntiq sözünü tamamlamadan narazılıqla başını buladı. Sonra əməliyyatçılardan birinə üzünü tutdu. – Məxfi şöbədən Həsənovun adına qeydiyyatda olan silahın və güllələrin siyahısını gətirin.
– Oldu, yoldaş Qasımov. – Əməliyyatçı dərhal müşavirə zalını tərk etdi.
Müstəntiq daxilən düşündü: “Qalan güllələr yerində olmalıdır. Əgər öldürülübsə cinayəti ört-basdır etmək, bu cür qələmə vermək üçün daraq çox güman boşaldılıb. Ya da…”
Söz digər əməliyyatçılara verildi. Prokuror müşavirədən sonra müstəntiq Qasımova müraciətlə:
– Məxfi şöbənin rəisini dindirin, – dedi. – Ümumiyyətlə, həmin gün şöbədə kimlər vardısa, rəisdən növbətçiyə kimi hamısı bir-bir dindirilsin. Mərhumun iş yerindən nə vaxt çıxdığını, işdən sonra kimlərlə görüşdüyünü təfərrüatı ilə öyrənin.
Bu vaxt əməliyyat müvəkkili Həşimov astadan dedi:
– Rəis dindirilib, yoldaş prokuror.
Prokuror sərt və kinayəli nəzərlərini Həşimova tərəf çevirdi.
– Gördüyüm qədəri ilə düzgün dindirilməyib.
Masa arxasında əyləşənlər arasında cansıxıcı sükut hökm sürdü.
Məqamsız danışdığına görə Kazımov tərs-tərs əməkdaşına baxdı.
Prokuror tapşırıqlarını verməyə davam etdi:
– Aydınlaşdırın, iş vaxtı bitdiyi halda Həsənov silahı niyə özüylə götürüb? Götürübsə də, necə və nə üçün? Həmin gün bundan kim və ya kimlər xəbərdar olub? Nəticəni mənə şəxsən bildirin.
Kazımov
narahat və bir o qədər də əsəbi görünürdü. Bunu onun əlindəki avtomat qələmi
necə gərginliklə oynatdığından aydın görmək olurdu.
İşin aylar sonra bu qədər dərindən araşdırılması Kazımov başda olmaqla
həmkarlarından bəzilərinin də ürəyincə olmamışdı. Onlardan biri bağlanmış işin
yenidən qurdalanmasının yersiz olduğunu öz iradıyla bildirdi. Müxtəlif
bəhanələr gətirdi. Prokuror qeyzləndi:
– Necə yəni, birinci dəfədir cinayət işi açırsınız? Yoxsa hər işiniz belə baş aldadıcı olur, yoldaş Xəlilov?
Heç kim dinmədi. Hamı bir-birindən gözlərini qaçırdı. Prokuror bu dəfə bir qədər sakit tonda əlavə etdi:
– Bu hadisə bütün orqan işçilərinin adına ləkədir. Bu ləkəni layiqli şəkildə təmizə çıxarmaq da sizin vəzifə borcunuzdur. Bu işdə əməkdaşlarımızdan yardımlarınızı əsirgəməməniz rica olunur.
Prokuror sözlərinə son verdikdən sonra əməliyyat-istintaq qrupu cinayətin tez bir zamanda açılması üçün işini yenidən davam etdirdi.
Mərdəkan
…Bir neçə gün sonra şəhərdə bizimlə eyni binada qonşu olan Zəhra bizə gəldi. Pərişan halda idi. Elə bil kabus görmüşdü. Ağlamaqdan qızaran gözlərini üzümüzə zillədi. Və hələ də titrəməkdə olan əlində tutduğu məktubu qayınatama göstərərək:
– Bu gün tapmışam, – dedi. – Çarpayının altına düşübmüş. Özü yazıb, ölümündən bir az əvvəl. – Sözün bu yerində yanıb yaxıla-yaxıla hönkürdü.
Bəxtiyarın sirkə turşusu içib özünə qəsd etdiyini biz bu zaman öyrənib təəccüblənsək də, qayınatam deyəsən xəbərdar idi. Tutqun çöhrə ilə baxışlarını qaldırıb qarşısında ağlayıb sızlayan, öyrəndiyi həqiqət qarşısında sarsılıb evdən bura ayaqyalın gələn qızı süzdü, lakin bir söz demədi.
Zəhra hıçqırıqlar içində sözlərinə davam etməyə çalışdı.
– Al, oxu, dayı. Əgər burada yazılanlar bir işə yarayacaqsa, Azəri zindandan çıxarmağa köməyi toxunacaqsa, bəlkə qardaşım da məzarında rahat yatar. Keçin təqsirindən! Onu yoldan çıxaranların, sonra da ölümünə bais olub balasını yetim qoyanların Allahdan diləyirəm, öz balası da mənim qardaşım kimi nakam getsin! Ocaqları sönsün! İki əziz qonşunu bir-birinə vurdular.
Biz Zəhranın məktubda gətirdiyi sirrin nə olduğunu bilmədiyimizdən Dilbər xanımla bir-birimizə baxdıq. Dilbər xanım Zəhranı sakitləşdirməyə çalışdı. Qayınatam məktuba nəzər salar-salmaz üzü elə şəkil aldı ki, qorxdum kişiyə nə isə olacaq. Məktub əlindən yerə düşdü. Əlini düyünlənmiş qaşlarının arasına aparıb xeyli sükut etdi. Elə bil nitqi batdı.
– Ata! – deyə narahat baxışlarla onu süzdüm. O, dinib-danışmaq iqtidarında olmadığından mənə “narahat olma” işarəsi verdi. Dözməyib kağız parçasını yerdən götürdüm. Onu bu hala salan səbəbi öyrənmək üçün bir gözüm Zəhrada, yazılanları sürətlə nəzərdən keçirməyə başladım. Və axırıncı cümlədə heyrətdən əlimlə ağzımı qapadım. Məktub səliqəsiz və əyri-üyrü xətlə belə başlayırdı: “Bağışla məni, Ənvər dayı! Mən əclaflıq etdim! Qonşuluq haqqına, kəsilən duz-çörəyə xəyanət etdim. Bağışla! İnsanın vicdanı onun ən böyük məhkəməsidir. Bu məhkəmədə ən ağır cəzanı kəsdim özümçün. Hər gün ölməkdənsə bir dəfə ölmək yaxşıdır. Yaşaya bilmirəm. Bu ağır yüklə bundan sonra yaşaya biləcəyimi də sanmıram. Mənə pis günümdə əl tutan, dayaq olan bir insana belə pislik edəndən sonra mənim daha yaşamağa haqqım yoxdur. İnanın, məcbur etdilər məni. Ailəmə zərər vuracaqları ilə hədələdilər. Namusla hədələdilər. Üzünə durum deyə işgəncə verdilər. Mənzilindəki o pullardan, narkotik vasitədən Azərin xəbəri belə olmayıb. Hamısını Kazımovun tələbi, göstərişi ilə mən yerləşdirmişdim ora. Kazımov məni məcbur etdi ki…”
Bəxtiyarın sözləri burada yarımçıq qalmışdı. Ölüm ona vicdanını təmizə çıxarmağa, etirafını sona çatdırmağa macal verməmişdi. Amma bu sözlər belə bizə bu günədək müəmmalı görünən çox şeyə aydınlıq gətirmişdi. Bir neçə gün əvvəl bizdə masa ətrafında oturanların arasında görmüşdüm onu. Ertəsi gün Azərə hökm oxunacaqdı. Azər həbs olunandan sonra ilk dəfə idi bizə gəlirdi. Üzündə heç kəsə məlum olmayan qəribə ifadə var idi. Qulağı danışanlarda, ruhu sanki başqa yerdə idi.
Donub qalmışdım. Axı bu insanlar niyə bu qədər qəddar, amansız, niyə bu qədər şeytan xislətlidilər, Allahdan qorxmurlar?! Birinin həyatını puç etmək, digərinin ölümünə səbəb olmaq bunlara yaxşı nə verir axı? Kazımova nə pisliyimiz keçmişdi ki, bizimlə belə ədavət aparırdı? Qayınatam da, qayınanam da onun və ailəsinin xətir-hörmətini hər zaman yüksək tutmuşdular. Azərə gəldikdə isə, Azər onu əmi, oğlanlarını özünə qardaş sayırdı. Bəs bu kinin, bu düşmənçiliyin kökü haradan gəlirdi? Hansı nöqtədən başlayırdı? Cavab tapa bilmirdim…
***
Həyətdə
təmizlik işləri ilə məşğul olan Solmaz iri gül dibçəklərini bir-bir daşıyıb
hovuzun kənarına düzürdü. Növbə sonuncu və nisbətən daha iri dibçəyə çatanda
qadın yaşına uyuşmayan çevikliklə onu yerindən qaldırıb qucağında hovuza tərəf
addımladı. Lakin yarı yolda qolları sözünə baxmadı. Dibçək qucağından sürüşüb
beton döşəməyə çırpılaraq iki hissəyə bölündü. Saxsı qabın qırıqları və torpaq
ətrafa səpələndi.
Fikrini dağıtmaq istəyi ilə səhər baş götürüb evdən çıxmış Nəbi kişi bu dəmdə
qapıda göründü. Qarşılaşdığı mənzərə və arvadın halı-təhri onun diqqətini
həyətə atdığı ilk addımda cəlb elədi.
Solmaz ruh görmüş adam kimi yerindəcə əsirdi. Rəngi qar kimi ağarmış, gözləri heyrətdən böyümüşdü. Dili söz tutmurdu. Onu heyrətə salan, titrəməsinə səbəb olan əlindən yerə saldığı dibçəyin sınması deyil, torpaqla birlikdə ayaqlarının altına düşən sellofana bükülü olan silah idi. Nəbi yaxınlaşıb məsələni anladı. Bir qədər sonra özlərinə gəlib hadisənin təsirindən çıxmağa çalışaraq yaranan suallara cavab aradılar.
Nəbi silahın darağını yoxladı. Cəmi üç güllə var idi. Demək, qalan güllələr istifadə edilmişdi. Silah burada gizlədildiyinə görə, heç şübhəsiz, törədilən cinayətin əşyayi-dəlili kimi burada ört-basdır edilmişdi.
Nəbinin ürəyinə dolan şübhə hissi onu ildırım kimi vurdu. Rəngi kül rənginə döndü. Zehnindən işıq sürətilə bir neçə cavabsız sual keçdi: “Görəsən bu silah Sərvanındırmı? Əgər onundursa, o bunu haradan və kimdən əldə edib? Nə vaxt? Nə zaman? Yaxşı, bəs burada neyçün gizlədib? Bəlkə cinayət işləyib mənim oğlum? Ya bəlkə onu bu cinayətə vadar eləyiblər? Ört-basdır etmək üçün də bu yola əl atıb? Bədbəxtliyə bir bax, mənim oğlum qaranlıq adamlarla oturub-dururmuş…” Nəbi öz düşüncələrindən sarsıldı: “Görəsən oğlum məndən başqa daha kimin evini yıxıb?”
Onun özünə verdiyi bu suallara Solmazın torpağın içindən eşib tapdığı bir topa açar cavab tapdı. O, açarlardan birini arvadından alıb o üz-bu üzünə diqqətlə baxdı.
– Bu ki bizim qarajın açarıdır, – dedi.
Onlar açarı götürüb qarajın qapısına yaxınlaşdılar. Nəbi qapını açar-açmaz üzləşdiyi mənzərə qarşısında mat qaldı. Oğluna məxsus ağ “Jiquli” burada idi. Nömrə nişanları çıxarılsa da, bəzi əlamətlərdən Nəbi maşını görən kimi tanıdı. Təəccüblə Solmaza baxıb:
– O ki bizə maşını satdığını, pulunu isə əmanət kassasına qoyduğunu demişdi? – Öz saflığına acı-acı gülüb, sonra qeyzlə dilləndi. – Əhsən, Nəbi! Bax gör necə oğul böyüdübsən! Bu da növbəti yalanı! O səni uşaq kimi aldadıb, axmaq kimi ələ salıb. – İki əlli təpəsinə çırpdı.
Maşına baxmaq qərarına gəldi. Tapılan ikinci açar maşının idi. Nəbi maşının qapısını açıb salona göz gəzdirdi. İşərini axtardı. Maşının arxa oturacağının sağ küncündən kiçik ölçülü qeyd kitabçası, döşəməsindən isə kişi ayaqqabısının bir tayı tapıldı. İlk baxışdan ayaqqabı Nəbiyə yad gəldi.
– Bu, Sərvanın deyil. – Öz cavabı ürəyinə lərzə saldı.
İş bununla bitmirdi. Maşının yük yerindən gələn qəribə qoxu Nəbi kişidə qorxunc maraq oyatdı. Açarı götürüb yük yerini açdı. Solmaz ətrafa saçılan üfunət qoxusundan burnunu tutub, çaşbaş halda ərinə baxdı.
– Nə etmək istəyirsən?
– Dayan bir görüm, bu şərəfsiz nə hoqqalardan çıxıb! – deyə Nəbi oğlunun qarasına deyindi. Yük yerindən qara dərili çamadan, bir də sellofan torbada bir dəst iri kişi geyimi tapıldı. Artıq iylənib, kif atmış şalvarla köynəyin üzərindəki saysız-hesabsız qan ləkəsi aydın görünürdü. Yun jiletə isə güvə düşmüşdü…
Tezliklə məhkəmə tibb-ekspertizasının laboratoriya analizi təsdiq edəcəkdi ki, aşkara çıxarılan kişi geyimlərinin üzərindəki qan ləkələri mərhum Telman Həsənovun qan qrupuna uyğun gəlir. Habelə qeyd kitabçası və ayaqqabı tayı da Telman Həsənova məxsusdur. Telman Həsənov oğurlanıb, bu avtomobildə naməlum istiqamətə aparılıb və oradaca qətlə yetirilib.
Nəbi kişi daha burada dayanmadı. Marağı düşüncələrinə üstün gəldi. O, çamadanı götürüb birbaşa evə getdi. Sonrasını fikirləşmədən çamadanı açmağa cəhd etdi. Lakin kodda olduğunu gördü. Dəmir alətlərlə çamadanın kilid yerini sındırmağa cəhd etdi. Xeyli əlləşdikdən sonra növbəti həmlədə istəyi baş tutdu. Çamadanın içərisindən xeyli pul, bir neçə kiçik şəffaf kisədə qablaşdırılmış ağ, tozabənzər maddə çıxdı. Nəbi bunun narkotik olduğunu yəqin etdi. Buradan həmçinin çoxlu pul qəbzləri, zinyət əşyaları, habelə müxtəlif ölçülü mənzil açarları, sənədlər, saxta pasport və bir çox vəzifəli şəxsin fotoşəkli çıxdı. Nəbi bu fotoşəkillərin arasından milis işçisi Telmanın fotoşəklinə rast gələndə:
– Qardaş oğlu ilə bir neçə dəfə görmüşəm bu oğlanı, – dedi. – Nə məsələdir bu belə?
Solmaz kənarda dayanıb heyrətlə masanın üzərinə tökülən bu kiçik xəzinəyə baxırdı. Nəbi qara fikirlər içində çırpına-çırpına qalmışdı. Bir pullara, bir silaha, bir də ölüm yüklü kisələrə baxır, od tutub yanırdı.
– Bunlara görəmi? Bunlara görə əlini, vicdanını qana bulayıb alçaq? Harama əl uzadıb? Adam soyub, qətl törədib?
Solmaz bu sözləri duyanda ərini bəd danışmaqda yamanlayıb oğlunun halına yanaraq ağlamağa başladı. Oğlunun sonrakı aqibəti onu təşvişə saldığından bir tədbir görsün deyə, az qala ilan dili çıxarıb ərinə yalvarmağa başladı. Bu gün ona məlum olan həqiqət Nəbi kişini necə sarsıtmışdısa az qalırdı başına hava gəlsin. Donuq gözlərini bir nöqtəyə zilləyib, şam kimi əriyirdi. Arvadının ah-naləsi, yalvarışları Nəbinin qulağına çatmırdı. Özünü dəhşətli bir yuxuda sanırdı.
Buna rəğmən qərarını verməkdə çox yubanmadı.
Çox keçmədən hüquq mühafizə orqanı əməkdaşları Nəbi kişinin həyətinə töküldülər. Qarajı, maşını qarış-qarış nəzərdən keçirib axtarış apardılar. Qarajın, avtomobilin fotoşəklini çəkdilər. Uzun axtarışdan sonra qarajın qapısını möhürləyib, avtomobili təhqiqat üçün idarəyə apardılar. Nəbi kişigilə evdən bayıra çıxmamağı, zərurət yaranarsa təkrar ifadə vermək üçün şöbəyə çağırıla biləcəyini xatırlatdılar.
Növbəti gün cavan bir oğlan Sərvandan onun valideynlərinə məktub gətirdi. Sərvan yazırdı: “Bağışlayın məni! Keçin günahımdan! Mən sizə layiq oğul ola bilmədim. Çəkdiyiniz zəhməti, haqqınızı itirdim. Mən ağılsız, mən başıboş, hər şeyi məhv etdim! Öz həyatımı da, sizin ümidlərinizi də! Puç etdim, puç! Bilirəm gecdir, bir faydası yoxdur, amma peşmanam. Həm də çox peşmanam. Küçədəki itin günü mənim düşdüyüm vəziyyətdən yaxşıdır. Sizdən bir təvəqqem var. Məni burada incidirlər. Maşını milisə təhvil verməyinizlə məni pis vəziyyətdə qoydunuz. Yalvarıram, Kazımovun adını dilinizə gətirməyin. Əhmədovun oğluna şər atım deyə, onun mənə saxta ifadə verməyim üçün təzyiq göstərdiyini nəbadə bildirməyin. Yoxsa burada mənim hər tikəmi qulağım boyda edəcəklər. Əgər məni sağ görmək istəyirsizsə, bu gecə şəhərdən çıxın. Qaçın oradan! Qaçın!”
Nəbi nəfəsinin tıxandığını, boğulduğunu sanıb əlini boğazında gəzdirdi. Bir qədər özünə gələndən sonra gücünü toplayıb:
– Biqeyrət! – deyə oğlunun qarasına danışmağa başladı. – Sənin yaşamağa haqqın yoxdur. Utanıb ar eləmir, hələ bir adımızı dilinə də gətirir. Etiraf edir. Mənim qeydimə qalana bax. Bişərəf! Ölməyə layiqsən! – Nəbi yumruğunu sinəsinə çırpdı. Əsib kükrədi. Oğlunun ünvanına belə kəskin sözlər deyirdisə də, eyni zamanda acı göz yaşları tökürdü. Necə təhlükəli bir oyuna girdiyini, balasını öz əliylə yırtıcıların pəncəsinə verdiyini indi anlamışdı. Bu məktub sanki belini qırmışdı. Daxilində qopan fırtınanı zahirə vurmamaq üçün bütün bacarığını sərf edən ata özünə olan qəzəbini əslində oğlunun adıyla yenə də özünə qarşı hayqırırdı.
Solmaz ərinin doğma balasına qarğış etməsini qəbul edə bilməyib, gözünün yaşını selə döndərdi:
– Belə demə, ay kişi! Balamı oyuna salıblar. Evi yıxılsın bunların. Uşağım heç özü də bilməyib necə ilişib bu tora.
Nəbi çəkdiyi iztirab qarşısında daha dinib-danışa bilmədi.
Həmin gecə Nəbi kişinin evində baş verən böyük partlayış hər kəsi yerində dondurdu.
İlkin versiya qaz sızması olsa da bu işin arxasında yeni bir müəmma dururdu.
Qonşulardan bir neçəsi öz ifadələrində təsdiq edirdilər ki, partlayışdan bir neçə dəqiqə əvvəl Nəbi kişinin həyətindən bir nəfərin çıxdığının şahidi olublar.
İndi milis o məchul şəxsin axtarışına başlamışdı. Bu adam Əzizin əlaltısı Fərman idi. Onu bir neçə gün sonra kirayə tutduğu mənzildə damarları doğranmış şəkildə aşkar etmişdilər. Növbə Əzizin digər adamı Cavad Rəhimovun idi. Üzvü olduğu dəstənin təmizlik işi ona da tətbiq edildi. Əcəl onu öz maşınında haxladı. Gecənin birində sükan arxasına keçib əlini açara atmaq istəyəndə arxa oturacaqdan üzünü görə bilmədiyi bir nəfər əlində hazır saxladığı nazik məftili göz qırpımında onun boğazına dolayıb bir həmlədə nəfəsini kəsdi.
Valideynlərinin dəhşətli ölüm xəbərini Sərvan həbsxanada öyrəndiyi zaman dərin sarsıntı keçirdi. Halı pisləşdi. Həkim müdaxiləsi ilə nisbətən sakitləşsə də, sifarişli qətl Sərvandan da yan keçmədi. Ertəsi gün onun cansız bədəni həbsxananın tualetində aşkar edilmişdi. Tibbi ekspertizanın rəyi belə idi: onu zəhərləyiblər.
Sərvan Nəbi kişinin yeganə övladı idi. Onun hələ uşaqlıqdan hüquq mühafizə orqanlarında işləmək arzusu vardı. Lakin boyun əymək məcburiyyətində qaldığı həyat şərtləri oğlanın bu niyyətini ürəyində qoymuşdu. Sərvanın Kazımovla tanışlıq əlaqəsi isə beş il əvvələ dayanırdı. Bir gün dostlarından birinin ad günü məclisindəykən Sərvan Kazımovun dəstə üzvlərindən Fərmana rast gəlmiş, aralarındakı ünsiyyət tezliklə tanışlığa çevrilmişdi. Öz iş təcrübəsindən irəli gələn sayıqlıqla Sərvanı hərtərəfli kəşf edib öyrənən Fərman qısa vaxt ərzində onun psixologiyasına dərindən bələd olmuşdu. Üstəlik, güclü, sağlam bədəni, çevikliyi ilə digər oğlanlardan seçildiyinə görə Fərman onu diqqətində saxlayıb bu oğlanla bağlı planlar qurmağa başlamışdı.
Sərvanın həyata keçirə bilmədiyi arzusundan xəbərdar olanda, nəhayət, toruna düşən ovun zəif nöqtəsini tutduğuna məmnun qalan Fərman bu planın bir hissəsi kimi Sərvana Kazımov barədə söz açmış və tezliklə onları tanış edəcəyini bildirmişdi.
Kazımovla tanışlıqdan sonra oğlanı bəyəndiyini, ona önəmli tapşırıqlar verəcəyini və əgər özünü doğruldarsa, hətta Ali Milis Məktəbində oxutduracağını da Sərvana vəd vermişdi. Kazımovun vədlərinə etirazsız şirnikən, kasıblığın sərt üzünü görən Sərvan üçün pulun gözqamaşdırıcı xəyalı onu tezliklə ilğım kimi özünə çəkmişdi. Beləliklə o, özü də bilmədən Kazımovun toruna düşmüşdü. Kazımovun onu “özünü sınaması” üçün verdiyi kiçik tapşırıqlar isə başdan-ayağa qurama oyun idi. Kazımov Sərvanın əliylə bütün qaranlıq işlərini yoluna qoymağa başlamışdı. Sərvan isə qanuna xidmət etdiyini sanaraq Kazımovun etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdı. Lakin sonralar nə işlərə bulaşdığını anlayıb bu çirkabdan çıxmağa, uzaqlaşmağa çalışsa da mümkün olmamışdı.
Cinayət gecəsi Kazımov açdığı atəşlə geyiminin qana bulaşdığını görəndə cinayətin izini itirmək üçün əynini dəyişib Sərvana geyimləri gözdən uzaq bir yerdə yandırmağı tapşırır. Elə bu səhlənkarlığının da ona məhz buradan, bu nöqtədən böyük problem yaradacağını, necə kobud səhvə yol verdiyini o anın həyəcanı ilə nəzərə almır. Cinayəti gözləri ilə görən Sərvan onu qan tutduğundan şok vəziyyətdə Kazımova söz verir. Tapşırığa görə o, maşını içərisindəki əşyayi-dəlillərlə birlikdə Samuxa aparıb Kür çayına atmalı idi.
Kazımovun necə qəddar və amansız olmasına dəfələrlə şahid olan Sərvan belə bir aqibətin onu da gözlədiyinə şəkk-şübhəsiz əmin olur. Və cinayətdə istifadə edilən şəxsi maşınını bir gün gecə yarısı Samuxa getmək adıyla götürüb həyətdəki qaraja salaraq burada gizlədir. Bunu özünü sığortalamaq, bəd ayaqda Kazımova qarşı silah kimi işlətmək üçün edir.
Sonradan Azəri ləkələmək bahasına başqa bir oyuna atılan Sərvanın Kazımovun göstərişi ilə həbsxanaya qısa müddətə “səyahəti” gözdən pərdə asmaq məqsədilə olsa da, bu müddət naməlum səbəbdən uzadılır…
(Ardı var)