Reportyorlar (56)
- 15 Yanvar 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
19 yanvar 1990-cı il
Bu gün Səadət xala da gəlmişdi. Ondan duyduğum xoş xəbərə necə sevinmişdim, ilahi. Dilarə hamilə idi, ana olacaqdı.
Azər səhərdən evdə yox idi. Vəziyyətlə bağlı tez-tez studiyaya, gah da barrikadalarda dayanan dostlarına baş çəkmək üçün gedib-gəlirdi. Məni tamamilə tək qoyub gedə bilmirdi, amma dostlarından da əlini üzməyi özünə sığışdırmırdı.
Beləcə saatlar bir-birini əvəz edirdi.
O, evə yenicə qayıtmışdı. Söhbət əsnasında səhər anasını gətirəcəyini açıqladı. Eşitdiyimə görə, bu aralar Mərdəkanda da gərginlik hiss olunurdu.
Masa arxasına yenicə keçib yemək yeməyə hazırlaşırdı ki, televizorun ekranı qəfildən qaraldı. Azər qalxıb kiməsə zəng vurdu. Qısa sürən telefon danışığından sonra məlum oldu ki, televiziyanın enerji bloku partladılıb. Teleradio Komitəsinin həyəti rus hərbiçiləri ilə doludur. Vəziyyətə artıq onlar nəzarət edirlər. Bu xəbərin xeyir əlamət olmadığını bilən Azər dəhlizdən mənə:
– Bir saata qayıdıram, – dedi.
Evə qayıdanda axşam saat 11 idi. Səsimin gəlmədiyini görüb yataq otağına keçmişdi. O, içəri gələndə mən taxtın örtüyünü var gücümlə sıxıb ağrıya tablanmağa çalışırdım. Günortadan sonra ara-sıra tutan sancılar duşdan sonra şiddətlənmiş, saçlarımı qurulamağa halım qalmamışdı.
Məni belə görəndə vəziyyətin ciddi olduğunu anladı.
Bir qədər sonra biz doğum evinə getmək üçün tələsirdik. Pilləkənləri liftə qədər gücümü toplayıb güc-bəla enmişdim. Az sonra bizi nələrin gözlədiyini ağlımıza gətirmədən binadan çıxıb maşına əyləşdik. Maşın hərəkətə gəlib sürətlə yola düzəldi. Azər bir gözü yolda, maşını idarə edə-edə tez-tez arxaya çevrilib:
– Necəsən? – deyə halımı xəbər alırdı. Mən ağrıdan dişimlə dodağımı sıxıb dillənə bilməyəndə o, mənə toxtaqlıq verirdi. – Az qalıb, çatırıq. Bir balaca səbir elə.
Yolu yarı etmişdik ki, prospektin çıxışında bizi tanklar qarşıladı. Əvvəl heç nə başa düşməsək də insanların hara gəldi qaçması, tankların onlara güllə ata-ata irəliləməsi bizi dəhşətə gətirdi.
Məni güllədən qorumaq üçün Azər bir gözü yolda, qolunu arxaya uzadıb:
– Yat aşağı! – deyə məndən oturacağın arxasına sığınmağı tələb etdi. Onun dediyini etdim. – Giriblər şəhərə! Əclaflar! – O, məcbur qalıb maşının istiqamətini dəyişdi. Bir başqa istiqamətə yol aldı.
Tankların yola saldığı projektorların işığında gördüyüm dəhşətli mənzərələrdən məni vahimə basdı. Bir anlıq canımı odlayan ağrımı da unutdum. Yolun üstündə, səkilərdə yaralılar və ölənlər, onları hədəf almış güllələrdən qorunmaq üçün hara gəldi qaçan insanlar, tankların əzib keçdiyi, asfalta yapışmış maşınlar məni dəhşətə gətirdi. Bu vaxt bir qədər irəlidə təcili yardım maşınını görüb ümidləndik. Amma elə oradaca onu atəşə tutdular. Növbəti yolun sonunda biz yenə tanklarla üz-üzə gəldik.
Azər maşını necə idarə etdiyinin fərqində deyildi. Maşın güllə kimi gedirdi. Bilmirəm, haradasa binaların arasında daldalanmaq üçün maşını saxladı. Salonun işıqlarını yandıraraq aşağı enib yanıma gəldi.
– Bir şey olmadı sənə? – deyə yanımda oturub narahat-narahat məni süzdü. Saçlarımı sığalladı. Kövrələrək ona nə vaxt sarıldığımı belə bilmədim. – Qorxma, hər şey yaxşı olacaq. Sən bir balaca dözümlü ol. Mən indi gəlirəm.
Atəş səsləri, tank uğultusu qulaq batırırdı. Şəhər bir anın içində müharibə meydanını xatırladırdı. Aləm bir-birinə dəymişdi. Belə bir təhlükə ilə üz-üzə ikən onu heç yana buraxmağa ürəyim gəlməzdi. Suda boğulan adam kimi dərhal qolundan yapışıb:
– Yox! Yox, getmə! Məni burda tək qoyma, xahiş edirəm. – Göz yaşları içində titrəyə-titrəyə az qala imdad elədim.
İzah etdi:
– Burada belə gözləyə bilmərik. Xəstəxanaya getmək üçün başqa bir yol tapmalıyam. Gedib öyrənim. Ayrı yolumuz yoxdur.
Bu vaxt şiddətli sancı məni yenidən diksindirdi. Qeyri-ixtiyari çığırıb üzümü Azərin sinəsində gizlətdim. Yanıb yaxıla-yaxıla hönkürdüm. Dişlərimi bir-birinə sıxıb, dırnaqlarımı onun qoluna kilidlədim. Məni tər basmışdı. Alnımın, üzümün tərini silən Azər məni sakitləşdirərək maşından endi.
Diqqət çəkməmək üçün salonun işıqlarını söndürdü. Çünki harada işıq görsələr ora güllə atırdılar. O, qapını örtərkən:
– Nə olur olsun, maşından enmə. Gəlirəm, oldu? – dedi və üzü yoxuşa yüyürərək qaranlıqda yox oldu.
Artıq gözləməkdən və bu dəhşətli ağrıya tablanmaqdan başqa çarəm olmadığını görüb, ufuldaya-ufuldaya oturacağa yaslanmalı oldum. Ağrı get-gedə güclənirdi, nəfəs almaq mənimçün çox çətinləşmişdi. Ön oturacağın küncündən yapışıb var gücümlə sıxmışdım. Gözümün yaşı gicgahıma süzülə-süzülə Azər üçün, körpəm üçün dua edir, gözləyirdim. Maşının arxa pəncərəsindən binaların üstü ilə göydə süzülüb gedən odlu işıqları aydın görürdüm. Bu işıq saçan güllələr idi. Ətrafdakı anlaşılmaz və dəhşətli səslər məni bir az da vahimələndirirdi. Arabir maşının yanından qaçaraq gəlib keçən adamlar gözə dəyirdi. Bu səbəbdən səsimi çıxarmağa da çəkinirdim.
…Azərin getdiyi bir xeyli vardı. Artıq nə qədər cəhd etsəm də dözmək mümkün deyildi. Onun gəlib çıxmaması isə təlaşıma təlaş qatmışdı.
– Ay ana! – deyib anamı köməyə çağırırdım.
Bu dəm yaxınlıqdan keçən cavan bir oğlan mənim səsimə ayaq saxladı. Əyilərək maşının pəncərəsindən üzünü şüşəyə dirəyib diqqətlə içəri baxdı. Nə baş verdiyini bilmək istədi. Mən səsimi boğaraq qorxmuş halda yerimdə dikəldim. Dişlərimi bir-birinə sıxıb, bir əlim qarnımda, titrəyə-titrəyə gözlərimi qapıya zillədim. O, maşının qapısını açıb içəriyə baxanda vəziyyəti anladı. Üzü qəribə bir ifadə aldı:
– Qorxmayın, xanım, sizə zərər vermərəm. Qorxmayın. Xəbər verərəm bu dəqiqə sizə kömək gələr, – deyə məni sakitləşdirdi. Və qapını örtüb, hansısa istiqamətdə qaçmağa başladı. Bir anda görünməz oldu. Bayaqdan tutub saxladığım nəfəsimi buraxdım. Bir qədər rahatlandım. Amma bu çox qısa sürdü.
***
İrəlidə bir dəstə adam toplaşmışdı. Onlar gəldikləri istiqamətdə şahid olduqlarını nağıl edirdilər. Azər onlardan hansı yolla gedə biləcəyini xəbər almaqda idi ki, bu vaxt qaça- qaça gələn cavan bir oğlan toplaşanlardan kiməsə dedi:
–
Qardaşım, orada, maşında hamilə bir qadın… – nəfəsini dərib sözünü güclə
tamamladı. – Vəziyyəti pisdir deyəsən, kömək lazımdır ona.
Azər bunu duyar-duymaz daha burada dayanmadı. Var gücü ilə geriyə – maşına
doğru qaçmağa başladı.
***
Bir qədər keçmişdi ki, Azərin təngnəfəs halda maşına tərəf gəldiyini gördüm. Gözlərimə işıq gəldi. O, tövşüyə-tövşüyə qapını açıb maşının içərisinə əyildi:
– Necədir vəziyyət?
– Ölürəm, kömək elə! Çox pisəm! – deyə güclə dilləndim.
O, salonun işıqlarını yenidən yandırdı.
– Yanındayam, qorxmaginən. – Sonra nə fikirləşdisə bir anlıq diqqətlə məni süzüb, qəti səslə dedi. – Özün öhdəsindən gələ bilərsən?
O, mənə uşağı elə buradaca dünyaya gətirməyi təklif edirdi:
– Necə desən, elə kömək edim sənə.
Mən heyrətlə onu süzdüm:
– Necə yəni burada, sənin yanında? Bəs xəstəxana?..
– Yolu bağlayıblar, çox təhlükəlidir, heç cür mümkün deyil. – Azər əlacsız bir ifadə ilə dodaqlarını bir-birinə sıxdı. – Ayrı yolumuz yoxdur.
Birinci dəfə idi onu belə çarəsiz görürdüm. Təklifinə cavab olaraq göz yaşlarım yanaqlarıma süzülə-süzülə:
– İstəmirəm bu uşağı da itirəm! İstəmirəm! – deyə sızladım.
Azər bu sözlərim qarşısında bəlli ki, tab gətirə bilmədi, təkrar maşından endi. Bunu görəndə təlaşla tez onu səslədim:
– Azər, getmə, yalvarıram, məni burda tək atıb getmə! – Hönkürdüm. – Qorxuram! Çox qorxuram!
O, getmədiyinə məni əmin edərək nə fikirləşdisə yan tərəfdəki binaya girdi. Qapıları bir-bir döydü, kömək istədi. Bu zaman onun məqsədini anladım.
Mənə kömək etmələri üçün yanıma qadın xeylağı gətirmək istəyirdi. Amma kimsə ona qapını açmadı. Bu vurhavurda insanları da başa düşmək olardı. Qorxunc bir gecə idi.
Bir neçə dəqiqə sonra onun əlacı hər yerdən, hər kəsdən üzülmüş bir ifadə ilə binadan çıxdığını gördüm. Maşına tərəf gəlməzdən əvvəl bir qədər yubandı orada. Əli ilə gərgin şəkildə çənəsini ovuşdurdu. Dərin köks ötürdü. Bunu görməyimlə ürəyim parçalandı.
Çox keçmədən o, özünü toplayıb yenidən mənə doğru gəldi. Və heç gözləmədiyim halda:
– Gedirik! – dedi.
Maşından enməkdə mənə kömək edən Azərin yanına düşüb, sancıdan qovrula-qovrula yol getməyə başladım. O, əlimdən tutmuşdu. Məni başımızın üstünü alan təhlükədən qorumağa çalışa-çalışa, ehtiyatla aparırdı.
İlahi, ətrafda ağlasığmaz, dəhşətli hadisələr baş verirdi. Güllə səsləri… Tank uğultusu… İnsanların hay-küyü… Dolu kimi yağan güllələr… Su yerinə axan, asfaltı yuyub aparan al qırmızı qan…
Mənim hər addımbaşı qarşımıza çıxan dəhşətli mənzərələrdən diksinib həyəcanlandığımı, gördüklərimdən necə vahimələndiyimi gördükcə o, iradla əlimi sıxıb:
– Ətrafa baxmaginən, düz yolunla davam et, – deyirdi.
Bu şəkildə nə qədər getdiyimizi bilmədim. Yolun yarısında addım atmağa taqətim qalmadı.
– Gedə bilmirəm daha. Bacarmıram. – Əlimlə qarnımı tutub, hönkürdüm.
Vəziyyətimi görüb, məni qollarının üstə götürdü. Bu şəkildə yola düzəldik. O, addımladıqca mən sancıdan doğransam da səsimi çıxarmamağa çalışırdım. Onsuz da pis halda idi, bir də çığır-bağır salıb ürəyini üzməyim deyə tablanırdım. Gücü səssizcə axan göz yaşlarıma vermişdim. Canımın ağrısını gözümün yaşında əritməyə çalışırdım.
O, nəfəsini belə dərmədən tanımadığım bu məhəllədə, adını bilmədiyim bu küçə ilə bacardıqca irəli can atırdı.
Nə qədər getmişdik bilmirəm. Ufultumu duyub:
– Sənə çətindirsə dayana bilərəm, – dedi.
Ağrının şiddəti ilə dilim söz tutmadı. Boynuna daha bərk sarılaraq için-için ağlamağa başladım.
Bir qədər də getmişdik ki, bu vaxt haradansa təcili tibbi yardım maşını düz qarşımıza çıxdı. Bizi görüb yanımızda saxladı. Onlar əvvəlcə mənim yaralı olduğumu sandılar, amma sonra məsələni başa düşdülər.
Vəziyyətimi nəzərə alaraq məni ən yaxın xəstəxanalardan birinə çatdırdılar.
Biz xəstəxanaya çatanda işıqları söndürdülər. Xəstəxana yaralı insanlarla dolu idi. Yaralıların gətirilməsi davam edirdi.
Azəri qapının arxasında dayanmağa məcbur edib, məni xərəkdə dərhal doğuş zalına götürdülər. İşıqlar olmadığından şam, əl fənəri, lampa işığında doğuş prosesi başlandı. Əslində heç uzun çəkmədi.
(Ardı var)