İbrahimxəlil
Xəfif xəyallar yaxşı kitab üzərində necə gülrəng və gülsabah gəzişirsə, təxminən həmin arazbarı oxşar minvalla, Tiflis küçələrində də elə gəzirəm. Özü də Mirzə Fətəlinin, Cavidin, Mirzə Cəlilin vaxtı ilə Kür sahillərində udduqları hekayətnəvis havadan uda-uda gəzirəm.
Yekəxanalıq kimi çıxmasın; bir dəfə Tərcümə Mərkəzinin pilləkənlərində Vaqif Bayatlı mənə beləcə də dedi:
– Elə fikirlisən, sanki özünlə Tiflis boyda şəhər gəzdirirsən.
Onda Tiflisdən axşam qatarı ilə çıxmışdım. Tiflis–Bakı qatarı da Azərbaycan paytaxtına hər dəfə səhər-səhər çatırdı. Doğrudur, bura – vətəndir, amma vətəndə belə erkən kimin qapısını döyəsən, nədən narahat eləyəsən? Fikrimin Hələbdə qatır satmağı da yəqin həmin yetimiyyət yorğunluqdandı.
Amma burası da var ki, mən Bakıda da, Təbrizdə də, İstanbulda da, Uralda da, Altayda da “Tiflis boyda şəhər”i doğrudan da özümlə gəzdirmişəm. Bəlkə də Tiflis havasından-nəfəsindən, Tiflis ahəngindəndir, bilmirəm. Amma asanlıqla, yüngüllüklə gəzdirilməyi var: bir elə ağırlıq, bir elə tonnaj hiss eləmədən. Sadəcə olaraq, birdən-birə boğaza gələn və sanki Şeyx Sənan dağından yadigar qalan həsrəti, hüznü də olur.
Varqasın – təbii ki, söz Mario Varqas Lyosadan gedir –“miniatürlərdə əks olunan dünya”sı haqqında eşitmiş olarsan. Bax, həmin sarı simli, sehrli-tilsimli miniatür misallı, haralara könlümdən keçibsə, Tiflisi oralara da aparmışam.
Varqas demiş, dünən bir xeyir xəbərdə oxudum ki, bu dünya şöhrətli Ədəbi Nobelçi Tiflisə gəlir. Gürcü dilinə tərcümə edilmiş romanının təqdimatı olacaq. Yeri gəlmişkən, mən Tiflis boyda şəhəri özümlə gəzdirməyi bəlkə də elə Varqasdan, onun “hakimiyət strukturunun detallı açıqlamasına və insanın mübarizəsi, üsyanı və məğlubiyyətinin kəskin təsvirinə görə” ən böyük ədəbiyyat mükafatına layiq görülmüş əsərlərindən öyrənmişəm. Buralarda hər məğlubiyyət bir yeni həyatın başlanğıcıdır. Bir də yüzəyüz inanıram ki, o, hara gedirsə-getsin – Madridə, Parisə, Barselonaya, Stokholma – Lima böyda şəhəri də özüylə gəzdirməkdədir. Bu arada, coğrafiyada cığallıq eləməyi xoşlayan cövhərfüruşun nəzərinə çatdırım ki, Lima – Varqasın ana vətəni Perunun paytaxtıdır.
Və Peru ərazisində yaşamış yüksək mədəniyyətli qədim xalq olan inklər haqqında… cildçilərdən, çapçılardan tutmuş cavahir alverçilərinə qədər, çoxlarının bildiyi üçün, üstündən usdufca keçirəm.
Lima şəhərinin üzərində də ona görə bu qədər artıq dayanmıram ki, bəs deməzsənmi, bu sözün mənası arada-sırada “krallar şəhəri” deməkdir və Varqas – özünün heç bir impresario iddiası belə, olmasa da – doğrudan da söz kralıdır!
Amma…
Bu arada, mütləq altını cızmalıyam ki, Tiflisə yaxın yerləşən biz tərəflərin Süsən-Sünbül adlı bir miyanə məkanında paytaxt Lima qədər, hələm-hələm bəlkə ondan da çox, dünyanın ən gözəl qadınlarından biri olan supermodel Limanı tanııyırlar: Adriana Limanı.
Məsələn, Üzeyirbəyin Məşədi İbadına çataq-çatal qohumluğu çatan Farad Fanatoğlu (atası fizika müəllimi idi; elektrik tutumu vahidi olan telli “farad” termini xoşuna gəldiyindən və induksiya cərəyanı vasitəsilə elektrik müalicəsi üsulunu bəyəndiyindən oğluna bu adı vermişdi, baxmayaraq ki, Faradı “Fərhad” deyə çağıranlara da rastlanır) Adriana Limanın bədəlindən tutmuş – dəyər, qiymət mənasında – bədən ölçülərinə qədər bilir: boyu – 178 sm, döşü – 86 sm, beli – 61 sm, budu – 89 sm. Tamamilə xəlvətxana xumar xronika alınır deyə… və sairədən sonra davam edək.
Farad özünü modernist (əslində merkantil) milliyətçi saydığından məşhur basketbolçu Marko Yariçdən boşanmış Limanın Türkiyə əsilli yazıçı Metin Haranın sevgilisi olduğunu da hər dəfə ağız dadı ilə qeyd eləyir.
Farad Fanatoğluna qulaq asanlar bilir ki, o, Adriana Limadan sonra mütləq daha bir məşhur supermodel kimi tarixə düşən Monika Beluççiyə keçir…
Amma, öz aramızdır, Monika Beluççinin özündən qat-qat hündür tutduğu həmyerlisi, İtaliyanı futboldan və mafiyadan artıq tanıdan Ennio Morrikonenin bəstələdiyi “Küləyin ağlamağı” adlı musiqi əsərini dinləyəndə anlayırsan ki, “sivilizasiyanın mövcud olması üçün” hər iki Lima da, Monika da, Tiflis, Paris, Bakı, Təbriz, Morrikone, qələm-kağız, səhər mehi, yaz yağışı, şehli çiçəklər nə qədər önəm daşıyırmış… Və təbii ki, mənim nişanladığım nümunədə ədəbiyyat və Varqas başda olmaqla!..
…Bir daha yeri gəlmişkən, Adriana Limanın özünün dediyinə görə, ən sevimli yazıçısı Markesdir: Qabriel Qarsia Markes. Varqas 1976-cı ildə Markesə bir şillə vurubmuş. Hər dəfə yadıma düşəndə sanki sağ üzümə bir şillə çəkirlər: rəhmətlik atamın ömründə tək bircə dəfə vurduğu, amma hələ də unutmadığım şillədən də bərk şillə.
Bunu da vurğulayım ki, Tiflisin bu Meydan adlanan gözəl tarixi məkanı mənə nədənsə paytaxt Limanın heç vaxt olmadığım, amma haqqında xeyli oxuduğum və Varqasın da hamıdan çox sevdiyi Miraflores rayonunu xatırladır. Varqasla görüş Tiflisin hansı gözəl guşəsində olursa-olsun, o mütləq bu Meydandan keçəcək və inanıram ki, bu Meydan o böyük ustada Limanın ən gözəl bir meydanını xatırladacaqdır.
Mario Varqas Lyosa vətəni Perunu “bütün qanların qarışdığı ölkə” adlandırır. Fikir ver: Adriana Lima misalında da (ədəbiyyatla bağlı da istənilən qədər nifaqdan uzaq nümunələr demək mümkündür) belədir: yazırlar ki, onun mənşəyində afrikan, hindus, yapon, portuqal və İsveçrə qanı var. Bir növ sanki Borxesin, Markesin və Varqasın magik realizmidir, folklor xronikası modelidir. Lakin şimalda, cənubda, şərqdə, qərbdə “Qan”ımızı yoxlayan, bizi ingilis, fransız, ərəb, türk, rus, metis, mulat, sambo, kreol… gəlmə-yerli, qonaq-ev yiyəsi olaraq seçib bölən qəssab yığınından fərqli fələk səyyarələri misallı, ədəbiyyat insandan adəmi, bəşəri, müxtəsəri, bir bütöv olaraq söz açır. Ona görə tonqallarda o qədər kitab yandırılıb, ona görə xəndəklərə, sürgünlərə o qədər yazıçı atılıb. Çünki mədəniyyətin, incəsənətin var olduğu, həm də var elədiyi həqiqət o boyda acıdır! Bir yəqini olmasa, Varqas öz “Yaşıl ev”ində belə deyərdimi: “Ən təəssüf doğuranı bəzilərinin çiyinlərindəki başın (təbii ki, həm də sinələrindəki qəlbin – İ.) nədən ötrü olduğunu anlamadığı və bu ərəfədə düşünə bilməmələridir”.
Qəssab yığını az qalır ki, yazıçıların qələmlərinin “qan qrupu”nu da yoxlasın!..
Vahid Vəhdət dünyasında nələr olmur?
Məşhur cərrah K.Bernardın belə bir ifadəsi var: “Əgər mən ruhu cərrah bıçağının altında görməsəm, onu qəbul etmərəm”. Bizi bu boyda özünə bağlayan bədii sözün, bədii ədəbiyyatın cərrah bıçağından bir filhəqiqət fərqi də bəlkə budur ki, ruhu hər obrazlı ifadədə, hər “gedişatı dəyişmək iqtidarı”nda, duyğuda, əxlaqda, əmanətdarlıqda görür. Nəinki təkcə görür, arada-sırada özü də ruha çevrilir, ruh verir. Çünki o qədər ruhani element varlığına malikdir!
Yazırlar ki, Varqas bir zamanlar Limada Borxesin şərəfinə ziyafət veribmiş. İndi o zərif ziyafət “müəllif”inin özü Tiflisə gəlir. Təbii ki, onun şərəfinə də ziyafət verəcəklər. Doğrudur, bütün dahi yazıçılar-şairlər üçün Paris daha böyük önəm daşıyır: “Parisdə yaşayan yazıçı olur” anlamında. Amma Tiflis də Parisdən az qonaqpərvər deyil. İnşallah, gələr – görər. Amma keşkə o ziyafətdən birini də, bəlkə də krallara bir elə yaraşmayanını, lakin səmimiliyi ilə əfsanəvi İbrahimxəlil süfrəsinə arazbarı oxşayanını da biz, indi ədəbi jurnallarımız üçün maliyyə ümidi ilə yaşayan qələm qardaşım Allahverdi Təhləli ilə mən, verə bilsəydik!..
Axı ədəbiyyata jurnalistikadan gələn və bir neçə dərgidə can qoyan hörmətli Mario Varqas Lyosa indiki zəmanədə jurnal səhifələrində sevda ilə, səbrlə, savabla, sınaq və Sözə-Səsə səcdələrlə səf-səf olmağın nə demək olduğunu gözəl bilir…
…Gənc yazarlar ədəbiyyata, kitablara diqqət çəkmək üçün aradabir “Hər yer – ədəbiyyat!” adlı kampaniya keçirirlər.
Tiflis Meydanında birdən-birə mənə belə gəlir ki, hər yer, hər tərəf doğrudan da ədəbiyyatdır! Görünür, ədəbi simaların ədəbi cazibəsi biz təsəvvür etdiyimizdən də əhatəli imiş və hələ özləri gəlib çatmamış, sözləri gəlirmiş. Nəinki gəlirmiş, üstəlik də sanki elə bil Limada, Madriddə, Parisdə deyil, Tiflisdə doğulubmuş, buralarda yazılıbmış…
P.S. Təbii ki, Allahverdi də, başqa qələm dostlarımız da, mən də Varqasla görüşə gedəcəyik. İşdi-şayəd, gözü birdən-birə bizə sataşıb soruşsa ki, siz nə demək istəyirsiniz? Onda cavab verəcəyik ki, Limada çiçəklər açanda nə demək istəyirlərsə, biz də elə onu demək istəyirik!
…Bizi “əyalət dünyagörüşü”nə kim həbs edə bilər ki?!
Müəllifin başqa yazıları:
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
Kürəvi ildırım (versifikasiya)
Ujurumda yaz havası (trayektoriya)
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
Cümləmizin Cavid qapısı (vitraj)
Dinarın dörddə biri (irrasional)
Tiflisdə serotonin sevdası (senzitiv)
Rüzgarda ruhani element azlığı