Rüzgarda ruhani element azlığı
- 05 Noyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İbrahimxəlil
Qızıl payızda qızılı yarpaqlara baxa-baxa sanki azadlığının qızıl dövrünü yaşayırsan. Əyriqarın ətəklərindən Sınıq körpüyə qədər – yəni bu ədəbi məkanda – yazdığın payız şeirləri ilə, ruhunu dönə-dönə təmizləməklə, hər dəfə insanın və təbiətin haqqını-dəyərini uca tutmaqla, müxtəsəri, uca Yaradana xatir yaxşı adam kimi ömür sürməklə bu ucqar tarixdən dünya tarixinə qatılmaq istəklərin boy verir…
…Səhər-səhər qızılı yarpaqlara sadəcə olaraq baxmıram, həm də onların bir çox fani və əbədi mətləblərdən xəbər verən üstündən keçib gedirəm. Çünki yolum evimizə az qala bitişik, bağrı da gilas ağacına badaş ucalmış bu çox baxımlı tut ağacının altından başlayır; saralı-yaralı yarpaqlar da bu tut ağacının yarpaqlarıdır. Qızıl dan yolunu açmaq adıyla “gecəni xəzəllərlə bir süpürən” süpürgəçilərin gəlməyinə də hələ var. Bir azdan yığıb-yığışdırıb yarpaqlara ya od vuracaqlar, ya da əgər kibrit yarpaqları alışdırmasa, zaman-zaman sayrı-saman zibilliyə daşıyacaqlar.
Səməd Qaraçöpün sinirli sarıbənövşələrə bənzəyən sözləri yadıma düşür; özü də o sözlər nədənsə bir müdrikin “ağ lövhə təkcə Allaha məxsusdur, qalan biz hamımız yazılmışların üzərində yazırıq” sözləri ilə birlikdə gəlir:
Torpağın altında elə kişilər yatır ki,
Adam torpağın üstündə gəzməyə utanır…
Yəni o qızıl adamlar, Səmədin dediyi o “elə kişilər” də bir vaxtlar eynən bu qızılı yarpaqlar misallı tökülüblər. Bəlkə budaqlarından, hətta köklərindən də kəsiliblər, amma bizi də kökümüz kəsilməyə qoymayıblar.
Mən yaşayış yerim olan, dünyanın bu qızıl çıxan Kazreti adlı qəsəbəsindən xeyli aralıda – Marneulidə (keçmiş Sarvan) işləyirəm. Bir dəfə xətrimi istəyən bir nəfər qızıl xasiyyətli insan soruşdu ki, qardaş, sən niyə o qızılı, o qızılın içini buraxıb buralarda əlləşirsən, səhərin ayazında, axşamın soyuğunda bir elə daldeyi olmayan dayanacaqlarda sitib-titrəyirsən?
Əlbəttə, o qızıl insana deyə bilərdim, bilirsən, mən kiçik ədəbi işçi olaraq, adamlardan çox hərflərlə, mətnlərlə işləyirəm və dünyanın o məşhur qızıl çıxan qəsəbəsində mənim sahəm qapalıdır. Doğrudur, dünya təcrübəsində bəzi kiçik ədəbi işçilərin arada-sırada ortaya qızılı hərflər, hətta qızıl mətnlər qoymağı da var, bəlkə uca Yaradan günlərin bir günündə bizə də qismət elədi.
Amma o qızıl insana bunların heç birini demədim. Çünki doğrudan çox üşüyürdüm. Di gəl, elə bir söz dedim ki, o qızıl insan elə günü sabahdan uzaq İspaniyadan sərvət dalınca Misir ehramlarına qədər gəlib çıxan adamın tarixini oxumağa başladı.
Əslində, o qızıl insana fikirləşdiyim doğrunu deməliydim. Yəni deməliydim ki, oralardan buralara ruhani element dalınca gəlirəm!
…Təbii ki, nə kimyəvi elementlərin dövri sistemində, nə də misilləmə misal üçün, məntiqi elementlər sırasında “ruhani element” adlı element yoxdur. Necə ki, ruhani – təkcə din xadimi mənasında deyil, yəni ruhani – həm də ruha, mənəviyə aid olandır, elmlə, mənəviyyatla əlaqədar olandır, irfandır, idrak əhlidir. Həmin oymaq-oymaq oxşar minvalla, ruhani element də daha çox “mənəvi”dəki “mən”ə ən kamil işarədir. Ona görə də ariflər, vaqiflər əxlaqın da, gözəlliyin də (və sairə) daha kamil olması üçün daha ali, daha mükəmməl, daha nurlu bir element – ruhani element axtarışındadırlar.
Ozan Arif əbəs yerə deməyib ki:
Haqq bildiyin yolda yürü,
Çürürsən də elə çürü.
Amma istər Parisdə ol, istər Təbrizdə, istərsə də Tiflisdə, bir də görürsən rüzgarda nəsə çatmır, nəsə əskik gəlir: bu, yüzəyüz ruhani element çatışmazlığıdır! Məhz bu çatışmazlıq ucbatından münasibətlərdə bir soyuqluq, ünsiyyətlərdə bir çəkişmə-münaqişə, duyğularda bir sevgisizlik sezilir. Heyif, həm də çox heyif…
Burası da var ki, “rüzgar” da təkcə “külək” mənasında deyil. Rüzgar – həm də zaman, vaxt, ömür, dövran, fələk mənasındadır. Və rüzgarda ruhani element çatışmazlığı az qala qədim yunan filosoflarından da əvvəllərə gedib çıxır.
…Orda ayla, illə, burda müxtəsər dillə, antik “yunan möcüzəsi” dövründə hesab olunurdu ki, mövcudatda nə varsa, onların canında dörd ünsür-dörd element vardır: torpaq, su, od, hava. İndi – uzun əsrlərdən sonra – kimyəvi elementlərin dövri sistemi də daxil, bir də baxıb görürsən ki, qızıl (Au) da boldur, gümüş (Ag) də, dəmir (Fe) də, mis (Cu) də, qurğuşun (Pb) da, amma ruhani element azlığı hər an hiss olunur. Başqa sözlə, torpaqdan yaranmışda bircə ovuc torpaqlıq, bir torpağa məxsusluq görməyəndə, Allaha ağır getməsin, adamın ölməyi gəlir, vallah!..
Etiraf edim ki, ziyalılığı, kamilliyi, ruhani elementi çox vaxt nədənsə sadəcə olaraq şairlər və yazıçılar arasında axtarırıq. Və canımızı qurtarmaq üçün, ya da məsuliyyətdən biryolluq qaçaq deyə, bunu da sovet dövrü tərbiyəsinin boynuna qoyuruq.
Buraya qədər, təbii ki, mədəniyyətin bir forması olan din qarışıq, hər mədəniyyətin mahiyyətində bir mənəviyyat durduğunu da çoxları bilir. Amma mədəniyyət adamları arasındakı – içi özümüz qarışıq – çəkişmələrə, münaqişələrə, sonralar hətta düşmənçiliyə çevrilən həsədə, paxıllığa həmişəmi mane olmaq iqtidarında olduq? Üstəlik, hərdən-birdən tərəflərdən birinin tərəfini saxlayaraq tərəfsiz olmalı olduğumuzu da arada-sırada unutmadıqmı? Özü də araya ruhani element səpmək əvəzinə… Hələ mədəniyyət adamları arasında bəzi dinlərdəki məzhəb-təriqət hərc-mərcliyi ilə bağlı dolaşan şübhələri və təməlli-təməlsiz tənqidləri də demirəm.
Amma, sən demə, ziyalılığı qanında, dinində olan xarizmalı din xadimlərimiz də arazbarı az deyilmiş! Sən demə, rüzgarın ruhanilər, ruhaniyyət tərəfinə də ruhani element yağırmış… Bunu zaman-zaman yağışdan sonrakı göy üzünə baxanda anlayırsan.
…Xatirimdə dərin iz buraxanı deyirəm: məni Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin sədri Hacı Rasim Məmmədovla tanınmış rəssam, qəlbi qohumum Hacı Rizvan İsmayıl tanış eləyib. Onda Hacı Rasim özünün dərin maraq doğuran “Gürcüstanda islam tarixi” adlı kitabının birinci cildini yenicə bitirmişdi.
Burasını da deyim ki, XIX əsrdə Cənubi Qafqaz müsəlmanlarının dini idarəsi Tiflisdə yerləşdiyindən bir neçə borçalılı – o cümlədən Axund Mustafa Talıbzadə (Abdulla Şaiqin babası) və Şeyx Məhəmmədəli Axund Ağahüseyn oğlu şeyxülislamın müavini səviyyəsinə qədər qalxa bilmişdilər. Amma, deyilənə görə, onlar üçün əsas olan vəzifə deyilmiş, əsas olan… onların ruhundakı-canındakı ruhani element parçaları, çalarları imiş. Bir tərəfi Tehran-Təbriz, bir tərəfi Bakı-Tiflis – onların hər ikisini Hacı Rasim Məhəmməd oğlunun sələfləri hesab eləyən təqvalı din xadimlərimiz çoxdur.
Bəlkə bir tərəfi yenə də təlatüf və təbərrük tərif olur; amma Hacı Rasimin Allaha xatir cəhətinin ikicəciyini mütləq deməliyəm: biri budur ki, o, heç vaxt öz əqidəsini elan kimi görməli yerlərdən asmır. Biri də unudulmaz Hüseyn Cavidin sözləri ilə bağlıdır; o, depressiyalı, repressiyalı günlərdə yazırdı:
…Ağlanacaq bir hal idi,
Özümüzdə görürdük.
Dilimizin, dinimizin
Getməsinə gülürdük.
Hacı Rasim Məhəmməd oğlu misilli din xadimlərimizin sayəsində nə bu dil, nə də bu din gedən deyil, inşallah!
Bir dəfə imanlı-insaflı bir adam mənə dedi: – Ay müəllim, nə Rokfellerin, nə də Fordun sərvətindən (nədənsə bizimkilərdən demədi) bircə qram da istəmirəm. Amma az qala hər gün Allaha təvəkkül eləyirəm ki, mənə də Hacı Rasimin səbrindən, salam-salavatından bir azacıq verəydi. Bilirsənmi niyə? Çünki din xadimləri görmüşəm ki, Şekspir demiş, bəzən həqiqəti tutmaq adına “tilovun qarmağına yalan da bağlayırlar”. Deyirəm, öyrənmək heç vədə gec deyil. Barı, Hacı Rasimdən öyrənəydilər, ay müəllim!
İmanlı-insaflı adama bir söz demirəm. Çünki mən özüm də Hacı Rasimi yaxşı tanıyıram. O, özü haqqında susmağı sevir. Sükuta getməyi də ibadətin başlanğıcı olan sükuta çox bənzəyir. Əvəzində Allahdan, Peyğəmbərdən və Onun Əhli-beytindən çox danışır.
Müxtəsəri, Hacı Rasimin çevrəsində sanki ruhani element bolluğundasan!
…Sən isə, eynən Mirzə Qələmtək, hər qışağzı, hər qarqabağı rüzgarda ruhani element azlığından şikayətlənmirdinmi?
P.S. Bu yaxınlarda Gürcüstanda yaşayan və ölkəmizə turisttək gələn müsəlmanların geyimi ilə bağlı bəzi qadağaları gündəmə gətirənlər oldu. Bu barədə Hacı Rasimin fikrini də soruşdum. O, bu dəfə heç gözləmədiyim halda rəhmətlik Aliya İzzətbəyoviçin sözləri ilə cavab verdi: “Sənət üçün soyunanı alqışlayanlar, Allah üçün geyinənə nədən zülm etmək fikrinə düşsünlər”?
Müəllifin başqa yazıları:
Bu dağların Abbası (retro)
Təkayaq (izomorfizm)
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Mükafat marafonu (praemium)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Borçalı butaforiyası (debüt)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Can (aqape)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Pikasso Əyriqarda (80×60)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Yetimdoyduran (al dente)
Şarlotta (təzadlar)
Epikür bağları (vegetasiya)
Yetim Gürcü (boheme)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
Əyriqar qalxanı (silentium)
Stokholm suvenirləri (trauer)
Kürəvi ildırım (versifikasiya)
Odissey Əyriqarda (eponim)
Toğlugötürən (motiv)
Ujurumda yaz havası (trayektoriya)
Vətənə güllə atmaq (transalp)
Qardaşım ədəbiyyat (litera)
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
Data Tutaşxia üçün tavakababı
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
Cümləmizin Cavid qapısı (vitraj)
Dinarın dörddə biri (irrasional)
Sərhəddə yaşamaq (senzitiv)
99-la 100 arası
Tiflisdə serotonin sevdası (senzitiv)
Sözün işığında yaşamaq