Sərhəddə yaşamaq (senzitiv)
İBRAHİMXƏLİL
Bizə xoş gəlsə də, gəlməsə də ərazini – torpağı, suyu, havanı, ümumiyyətlə, sahələri bir-birindən ayıran sərhəd xətləri Alplardan da keçir, Altaylardan da, Arazdan da, yazdan da…
Sovetlərin dağıldığı 90-cı illərin əvvəllərində az qala göy əysiyə dönən gün-güzərandan şikayətlənəndə Mirzə Qələm mənə məzəmmətlə demişdi:
– Bəs sərhəddə yaşayanlar neyləsinlər axı?
Onda Mirzə Qələmə arazbarı cavab verməmişdim, çünki Ermənistanla həmsərhəd olan Yırğançay kəndinin vəziyyəti doğrudan da ağır idi. Oralarda yaşayan qohumlarımın sözlərindən də, gözlərindən də hüzn yağırdı, haqqa hidayət həsrət ələnirdi.
Sərhədlərini qaçaqmalçılardan, terrorçulardan təmizləmək indi bəzi ölkələrin əsl başağrısına çevrilib. Üstəlik də bəzi araşdırmaçılar iddia edirlər ki, sərhəddə yaşayanların əksəriyyəti beyinlərinin qanla normal təmin olunmamasından əziyyət çəkirlər, ürək döyüntülərindən, təşviş və qorxu hisslərindən, neyron əlaqələrinin zəifliyindən, qanda oksigen çatışmazlığından şikayətlənirlər. Müxtəsəri, onların özəl həyat ritmlərini qaydaya salmağı, normala döndərməyi arada-sırada müşkülə çevrilir. Arada-sırada fobiyalarını aşkar etmək üçün Zanqın özünüqiymətləndirmə təşviş cədvəlindən istifadə etmək məcburiyyətində də qalırlar.
…Bu yaxınlarda Türkiyə-Suriya sərhədində “Afrin hərəkatı” əməliyyatı başlayan kimi Mirzə Qələmin narahatlıqları birə-beş artdı və onu təcili Tiflisə – “diaqnostika”ya apardılar.
Mirzə Qələm paytaxtdan “sərhəd dərəcəsi – sərhəd sindromu” (ing. borderline state) diaqnozu ilə qayıtdı. Sən demə, əsl sərhəd zonasında, həm də çox təhlükəli sərhəd zonasında yaşayan elə Mirzə Qələm imiş! Açığı, “sərhəd” adı daxil, belə bir diaqnozun mövcudluğu çoxumuzu təkəlduz təəccübləndirdi. Dövlət sərhədlərimizdən bu qədər uzaqlarda “sərhəd xəstəliyi” ilə yaşamaq sizə də bir qədər girintili-çıxıntılı gəlmirmi? Axı biz tərəflərdə, adətən, qarın ağrısından, bel ağrısından, baş ağrısından şikayətlənirlər. “Sərhəd xəstəliyi” hara, biz hara? Yenə şükürlər olsun ki, Mirzə Qələmin bu “yeni” yeltələmə xəstəliyi hələ psixi pozğunluğun patoloji təzahürü səviyyəsinə gəlib çıxmayıbmış.
Burasını da deyim ki, Mirzə Qələm introvert, yəni qapalı adamdır. Ünsiyyətli, adamayovuşan – əlbəttə, hər adama – deyil. Vəkalət, etimad intervalını həmişə gözləyir. Hər şeyin bir sərhədi olmalıdır mənasında, ədəb dairəsindən çıxmaz, həddini aşmaz, hətta xəyali cızıqları da keçməz!
Mirzə Super Virusun və Mirzə Mikrobun vecinə almadıqları məsələlər Mirzə Qələmdə həyəcan doğurur, sanki canına, qanına hopur. Orqanizminin genetik “konstitusiya”sı da, mənəvi və ruhi sərhədləri də “zəmanə adamı” olmadığından xəbər verirmiş.
“Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ictimaiyyətə təndürüst təqdim olunanda da, Mirzə Ələkbər Sabir internet əcinnələri tərəfindən təlim-məşq tənqid olunanda da, alman ekzistensialisti Martin Haydeqqerin (alm. Martin Heidegger) “Yaradan öldü” ekstremal essesini oxuyanda da Mirzə Qələmin “sərhəd” sindromları tutur – nə tutur!.. Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın müdafiə mexanizmləri də nə qədər desən bəsit və primitivdir! Təəssüf…
P.S. Mirzə Qələm dar macalda (dostumun sağlamlığı mənim üçün çox şeydən qiymətlidir) diqqətimə çatdırıb deyir ki, fikir ver, dünya o boyda həllə-hüllə sərhədlərə bölünüb ki, hətta “sərhəd” sözünün özündə də gözlə görünməyən sərhəd var: fars əsilli “sər” və ərəb əsilli “hədd” kimi. Gəl indi bu qədər sərhəd və sərhədçi çoxluğunda dərinlikləri üzə çıxart. Ax, bircə Kauzo İsiquronu Əyriqar tərəflərə gətirə bilsəydik! “Böyük emosional güclə yazılmış romanlarında bizim dünya ilə əlaqəmizin illüzor hissiyyat altında yatmış dərinliklərini üzə çıxardan” Kauzo İsiquronu!..
…Bu fikirlərlə Süsən-Sünbül yoluna yenicə çıxıram ki, körpü tərəflərdən tanımadığım çox gözəl səs sahibinin şair Salam Sarvanın məşhur bəndini oxuduğunu eşidirəm:
İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın!
Bilmirəm sərhədin o üzündə də eşidən oldumu?..
…Çünki bəzi reyhanlı-reyhanəli rəvayətlərə görə o üzdə bir qadın yaşayırmış və guya o qadının qoynunun sərhədləri də az qala bütün dünyada ən keçilməz sərhədlərdən biri hesab olunurmuş…
Müəllifin başqa yazıları:
· Bu dağların Abbası (retro)
· Təkayaq (izomorfizm)
· Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
· Bilbaoda Bayraq günü (olimpias)
· “Kor xəlifə” Tiflisdə (antipod)
· Oturduqca oyun oynamaq (reaksiya)
· Bizim mizantrop Hökumət (təzkirə)
· Mükafat marafonu (praemium)
· Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
· Emin Elsevərin baş keçidi (retro)
· İbrahimxəlil süfrəsi (inversiya)
· Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
· Neyron yuvaları nişangah altında (innovasiya)
· Əyriqarın qardaşı (ucqar havası)
· Borçalı butaforiyası (debüt)
· Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
· Can (aqape)
· Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
· Letargiyada erməni latayırları (kontrast)
· Bulfüzul “burun”u (otolarinqologiya)
· Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
· Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
· Məhəmməd Əli Əyriqarda (bandaj)
· Mənim Şiraz tərəfim (leytmotiv)
· Süsən-Sünbül sofistləri (ritorika)
· Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
· Pikasso Əyriqarda (80×60)
· Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
· Hər kəsin öz yağışı (nəqşi-zəmir)
· Əyriqarda pyedestal mövsümü (evfemizm)
· İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
· Dəmir əsəbli dağlar (sinergiya)
· Qafilin qandığı qrafa (eksklüziv)
· Alın yazısını alın təri ilə silmək… (fraqment)
· Yetimdoyduran (al dente)
· Şarlotta (təzadlar)
· Epikür bağları (vegetasiya)
· Yetim Gürcü (boheme)
· Şeytanı ağlatmaq (introspeksiya)
· Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
· Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
· Əyriqar qalxanı (silentium)
· Stokholm suvenirləri (trauer)
· Kürəvi ildırım (versifikasiya)
· Odissey Əyriqarda (eponim)
· Toğlugötürən (motiv)
· Ujurumda yaz havası (trayektoriya)
· Vətənə güllə atmaq (transalp)
· Qardaşım ədəbiyyat (litera)
· Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
· Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
· Data Tutaşxia üçün tavakababı
· Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
· Cümləmizin Cavid qapısı (vitraj)
· Dinarın dörddə biri (irrasional)