İBRAHİMXƏLİL
Dünən gənc şair Küskün Miskinoğlunun yenicə çapdan çıxmış kamali-səliqə kitabını gətirdilər; çəmi on gün əvvəl “Namə” (gürcücə: “Ustari”) nəşriyyatına təqdim edibmiş. Hər təzətər kitabı görəndə “yağışdan sonrakı göyüzü” (ifadə Vaqif Bayatlınındır) misallı uşaqtək sevinən Mirzə Qələm hələ də mətbəə iyi verən kitabı nəvazişlə sığalladıqdan sonra fikirli-fikirli dedi:
– Anan ölsün, ey obrazlı orta əsrlər!
…sən demə, orta əsrlərdə kitablar xəttatlar, yəni gözəl xətti olan adamlar tərəfindən yazılırmış, deyilənlərə görə, bir kitabın yaradılmasına bəzən hətta beş-altı il vaxt gedirmış.
Gənc şair Küskün Miskinoğlunun (burasını deməyi unutdum ki, Süsən-Sünbül tərəflərdə oxşar “Dərdli”, “Qəmli”, “Vərəmli”, “Ahlı”, “Fəraqlı”, “Kədərli”, “Məlallı” kimi təxəllüslərə hələ də üstünlük verən müəlliflər çoxdur) dəst-xəttinə bələdəm: yəni şəxsən öz əli ilə yazdığı yazıları görmüşəm.
Yeri gəlmişkən, unudulmaz Mirzə Cəlildə belə bir canfəza cümlə var: “…cavab verdilər ki, dəst-xətləri yoxdur”. Eynən həmin yarıalmatək oxşar minasaz minvalla, Küskün Miskinoğlunun hərfləri təsvir etmə tərzi, yəni xətti gözəl deyil, üstəlik də, o, iddia edir ki, ümumiyyətlə, hərflərin yalnız çap şəkli olmalıdır, əlyazma şəkli olmamalıdır. Bu, bəlkə də onun və bəzi qələm dostlarının qələmlə deyil, kompüterdə yazmaqlarından irəli gəlir. Bilmirəm…
…amma dünən birdən-birə eşidəndə ki, Küskün Miskinoğlu özü üçün bir neçə hüsnxət dəftəri tutub və əyri-üyrü, ilan-qurbağa xəttini düzəltməyə çalışır, hətta orta əsrlər xəttatlarının dəst-xətti ilə də maraqlanır, açığı, tərsçalov təəccüb məni bürüdü. Baxmayaraq ki, gözəl kitablar yazmaq üçün xətt gözəl olmaya da bilər, lakin gənc şair Küskün Miskinoğlunun cidd-cəhd xətt xülyapərvərliyi maraq doğurmaya bilməzdi. Arada Mirzə Qələm deyindi ki, kaş bu, müəllifin boyun borcu olaraq xətti-xuda (Yaradanın xəttinə yaxınlıq) məsələsi olaydı, ya da ən azından xətti-rüxsar məsələsi olaydı!..
Məsələnin məğzi isə “yazı terapiyası”nda imiş. Müxtəsəri, elə ki, gənc şair Küskün Miskinoğlu xəttin analizi haqqında oxuyur və belə məlum olur ki, pis xətt də, yaxşı xətt də insanın psixoloji durumunu müəyyənləşdirə bilir, hətta adamın xəttinə baxmaqla ona diaqnoz da qoya bilirlər. Məsələn, adamın əsəb, endokrin, ürək-damar problemlərini onun xəttində axtarmaq lazım gəlirmiş! Sən demə, Yaponiyanın və İsrailin bütün böyük şirkətlərində kalliqrafiya (xəttatlıq) müəllimləri ilə məşğələlər əsas sayılırmış. Gözəl xətt insan beyninin işini yaxşılaşdırırmış. Kreativ insanların intellekti daha da yüksəlirmiş!..
Sən hələ “o”nun xəttü-xalından oxumaqda ol, sənə hardan xəbər verim…
Bu arada ibtidai siniflərdəki hüsnxət dəftərlərim yadıma düşür. Etiraf edim ki, xəttim yalnız yuxarı siniflərdə formalaşmışdı. Di gəl ki, ali məktəbdə mühazirələr, sürətlə yazmaq tələbi xəttimi öldürməyə başladı.
Mübaliğə olmasın, müəllim işlədiyim illərdə şagirdlərimi, qəzetdə çalışdığım dövrdə də bəzi müəllifləri xəttindən tanıya bilirdim. O necə deyərlər, xəttini mənə göstər, sənin kim olduğunu söyləyim…
P.S. Doğrudur, sirlər paylaşılmaz, amma gözəl xətti olan oxucuya etibar edirəm: aradan bu qədər illər keçəndən sonra… hamıdan çox “o”nun xumar xətti yadımda qalıb. Və unudulmaz Ənvər Məmmədxanlı bu yerdə sanki “o”nun haqqında yazıb: “Uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllərim titrəmişdi”.
…bütün hallarda, xəttinizi şablonlardan uzaq tutun! Nevroloq nədən sizi gözləsin ki?!
Müəllifin başqa yazıları: