Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
İBRAHİMXƏLİL
Orda ayla, illə, burda müxtəsər dillə…
…qədim Afinada hətta kasıb ailənin də qulu var imiş. Üstəlik də evin alaqapısında zəncirlənmiş it əvəzinə divara zəncirlənmiş qapıçı-qul otururmuş. Və bu qullar arsında arada-sırada qul-filosoflar da olurmuş: misilləmə misal üçün, qədim Romada qul olan qədim yunan filosofu unudulmaz Epiktet kimi…
İndi mən unudulmaz filosof N.A.Berdyayevin fikrini oxuyanda ki, bəs deməzsənmi, fəlsəfə mədəniyyətin ən müdafiəsiz tərəfidir, nədənsə yadıma qədim dövrün qul üsyanları düşür. İlahi, aristokratlardan tutmuş strateqlərə qədər, zəncirlənmiş qullardan necə qorxurlarmış, necə əsim-əsim əsirlərmiş!.. Kim bilir, bəlkə də uzaq gələcəkdə “müdafiəsiz fəlsəfə”dən əsl azadlıq doğacağını (kreativlik daxil) hiss edirlərmiş! Axı bütün hallarda demokratiyanın vətəni qədim Afina sayılır.
Mətləbdən uzaq düşməyək.
…eşitdiyimə görə, canım-gözüm Bakıda “26” – “Twenty six” kafesi ilə bağlı “qarşıdurmalar” çoxdan səngiyib, amma Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın, daha dəqiqi, Borçalı Süsən-Sünbülündə yeni-yeni alovlanmağa başlayır; belə ki, tarix üzrə fəlsəfə doktoru Mirzə Toxmaqvuran deyir ki, Çingiz Abdullayevin qələm tutan barmağını qırmışam, filologiya üzrə fəlsəfə doktoru Mirzə Tüpdağıdan bar-bar (bəlkə də “barbar” sözündəndir) bağırır ki, Anarın qabırğasını sındırmışam, pedaqogika üzrə fəlsəfə (yazıq-yavuz və müdafiəsiz fəlsəfə!) doktoru Mirzə Mikrob isə gedib yazıçıların Natəvan klubunu yerlə-yeksan edəcəyini söyləyir.
Mən Qvineya-Bisau ədəbiyyatı üzrə mütəxəssis olduğuma görə susuram, amma Mirzə Qələm dilini dinc saxlamır və unudulmaz Sabirin “Hatifdən gələn bir nida deyir ki”dən stereofonik sitat söyləyir:
Görəsən Məmdəlinin yapdığı əfalı nədir?
Bu səyahətdən onun qayeyi-amalı nədir?
Keçmişə qayıtmaq mümkün olsaydı, unudulmaz Berdyayevin nəzər-diqqətinə çatdırardım ki, işdi-şayəd, yolu Süsən-Sünbül tərəflərə düşsə, feysbuk üzrə bəzi fəlsəfə doktorlarının “müdafiəsiz fəlsəfə”dən “hücum fəlsəfəsi” quraşdırdıqlarına da diqqət yetirsin. Əlbəttə, zəhmət olmasa…
…amma Süsən-Sünbüldə ədəbiyyatdan (varlıq) artıq ədəmiyyət (yoxluq) dəbdə olduğundan, yazıçının yeganə silahı olan qələmlə kimisə damğalamağın da qəti əleyhinəyəm. Di gəl, oxuyanda ki, canım-gözüm Bakıda hələ də bir “26 Bakı komissarı” küçəsi qalırmış, onda unudulmaz Mirzə Cəlilin düz 100 il əvvəl yazdığı “ay bitli marağalı, mərəndli qardaşım” (görünür, onda Mirzə Cəlil Süsən-Sünbülü tanımırmış) xitabı adamı xeyli hüznlü-qəmgin edir. Düzü-dünya Arakan faciəsindən, Ərbil refefendumundan, Nobel həftəsindən danışır, möhtərəm Süsən-Sünbül də… kult kafedən…
“Biz bir-birimizi yaralamaqdan, mənəvi əzab və iztirab verməkdən, bir-birimizin qəlbimizi sındırmaqdan niyə vaz keçmirik”? Bunu Mirzə Qələm soruşur.
Fikrim Qvineya-Bisauda kitab satsa da, mənə belə gəlir ki, Anardan, Çingiz Abdullayevdən, Qulu Ağsəsdən, İlqar Fəhmidən, Mirzə Qələmdən, şəhər merindən (Məqsəd Nurun qulağı cingildəsin) artıq Yaspers yaralanır. Unudulmaz Yaspers! O Yaspers ki (alm. Karl Theodor Jaspers), insanlar arasındakı əsas təzadı onların azadlığa fərqli münasibətində görürdü. Hər addımda da barbar, ya da əxlaqsız axtarmırdı; çünki həmişə ekzistensiya (Özü olmaq) vəziyyətində idi. Mahiyyət etibarı ilə hər şeyin azadlıq üçün olduğunun altını cızan filosof bunu da deyirdi ki, azadlıq yolunda bəzi ifratçılar, azadlığı əndrəbadi qananlar qula da (zəncirli, ya zəncirsiz; filhəqiqət fərq etməz) çevrilirlər. Bax, bu yerdə adam gərək özünü yığışdıra!
Burasını da deyim ki, baxmayaraq, çox kralların və kafelərin adları tozlara qarışdı, amma bütün aldıqları yaralara rəğmən Yaspers də qalır, bizə ekzistensiyaları yaşadan fəlsəfə də, ədəbiyyat da.
“Biz nədən “siks”i (6) “seks” kimi qəbul edirik, nədən çox zaman kreativliyimizi deyil, ədəbi əcinnəliyimizi, internet trolluğumuzu önə çəkirik”? Bunu da Mirzə Qələm soruşur.
Sözümün toz-tozanaq, az-az da arazbarı təkrarına qayıtmamaq üçün ehtiramla deyirəm ki, get cavabı Yaspersin “Tarixin mənası və təyinatı” əsərində axtar.
…və canım-gözüm Bakıdan bu qədər uzaqlarda yenidən Süsən-Sünbül yoluna çıxıram.
P.S. Bilmirəm kimsə deyib ki, bəzi nadanlar kreativliyi reklam şirkətlərinin birində işləmək kimi qanırlar.
…atana min rəhmət! “Yaralılar dərdini nə bilsin yarasızlar?” verilişinin reklamını arazbarı az eylə!..
Müəllifin başqa yazıları:
- Bu dağların Abbası (retro)
- Təkayaq (izomorfizm)
- Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
- Bilbaoda Bayraq günü (olimpias)
- “Kor xəlifə” Tiflisdə (antipod)
- Oturduqca oyun oynamaq (reaksiya)
- Bizim mizantrop Hökumət (təzkirə)
- Mükafat marafonu (praemium)
- Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
- Emin Elsevərin baş keçidi (retro)
- İbrahimxəlil süfrəsi (inversiya)
- Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
- Neyron yuvaları nişangah altında (innovasiya)
- Əyriqarın qardaşı (ucqar havası)
- Borçalı butaforiyası (debüt)
- Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
- Can (aqape)
- Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
- Letargiyada erməni latayırları (kontrast)
- Bulfüzul “burun”u (otolarinqologiya)
- Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
- Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
- Məhəmməd Əli Əyriqarda (bandaj)
- Mənim Şiraz tərəfim (leytmotiv)
- Süsən-Sünbül sofistləri (ritorika)
- Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
- Pikasso Əyriqarda (80×60)
- Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
- Hər kəsin öz yağışı (nəqşi-zəmir)
- Əyriqarda pyedestal mövsümü (evfemizm)
- İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
- Dəmir əsəbli dağlar (sinergiya)
- Qafilin qandığı qrafa (eksklüziv)
- Alın yazısını alın təri ilə silmək… (fraqment)
- Yetimdoyduran (al dente)
- Şarlotta (təzadlar)
- Epikür bağları (vegetasiya)
- Yetim Gürcü (boheme)
- Şeytanı ağlatmaq (introspeksiya)
- Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
- Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
- Əyriqar qalxanı (silentium)
- Stokholm suvenirləri (trauer)
- Kürəvi ildırım (versifikasiya)
- Odissey Əyriqarda (eponim)
- Toğlugötürən (motiv)
- Ujurumda yaz havası (trayektoriya)
- Vətənə güllə atmaq (transalp)
- Qardaşım ədəbiyyat (litera)
- Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)