Qardaşım ədəbiyyat (litera)
İBRAHİMXƏLİL
“Dəli könül” (“Deli gönül”; ssenari müəllifi Rahşan Çiğdem İnan) filmində belə bir epizod var: məktəbin ədəbiyyat müəllimi istefa edir və onun yerinə… adam tapılmır; özü də o boyda İstanbulda!
Bizim kənd kimi kiçik yaşayış məntəqəsindən (canım bala vətənim Dəllər!) yeddi nəfər ədəbiyyat müəllimi çıxıb və etiraf edim ki, təkcə onların hər birinə deyil, bütün ədəbiyyat müəllimlərinə, ümumiyyətlə, bütün müəllimlərə, hətta “gələcəyin memarı” adını ala bilməyənlərə də, eynən Mirzə Qələm demiş, hüsnxət-hüsnxət hüsn-təvəccöhüm var. Baxmayaraq ki, ədəbiyyatla (varlıq) ədəmiyyət (yoxluq) arasında əbədi mahiyyət və təzahür fərqi olduğutək, ədəbiyyatçılar arasında da bir zərurət və təzahür fərqi mümkündür. Bəlkə bunu heç hamının bilməyi də gərək deyil, amma demək borcumdur: hər bir Gürcüstanın, Türkmənistanın, Ərəbistanın, Hindistanın (elə adları -stan şəkilçisi ilə düzəlməyən yerlərin və oralarda yaşayanların da) həmişə – əlbəttə, ədəbiyyatla bağlı – bir ədəbistan tərəfi də mövcuddur ki, bu ədəbistan tərəfsiz bir mənasızlıq və olmazlıq baş alıb gedir.
Varlığın sirlərini hərflərdə görənlərdən tutmuş müdriklik kvintessensiyası iddiaçılarınadək, hər kəsə ədəbiyyatın qanadları altında yer var: bəlkə də elə bu arazbarı üzdən ədəbiyyata təkcə ədəbiyyatçılar deyil, həm də fiziklər, kimyaçılar (və cairə və ilaxır) axın edirlər. Sadəcə olaraq bu qanadlar altında da qanadlı yaşamaq lazımdır! Çünki məhz qanadlılar biofizioloji həzzalmadan mənəvi həzzalma səviyyəsinə yüksələ bilirlər!
Sözümün toz-tozanaq, az-az da arazbarı təkrarına bir də qayıdıram: Füzulini, Hüqonu, Dostoyevskini tədris edənlərin bəziləri özlərini müəllif olaraq da sınayırlar. Görünür, həm dilin mətnlərdə əbədiyaşarlıq qazanması səbəbindən, həm də unudulmaz Şellinin (ing. Shelley) yazıçıları “dünyanın qanunvericiləri” – hamı tərəfindən qəbul edilməsə də – adlandırmağı və bu “titul”un onların xoşuna gəlməyi səbəbindən! Başqa sözlə, Əjdər Ol demiş:
Elə xoşum gəlir: çağırılanda
boylanam qələmdən, baxam kağızdan…
Məgər təhkiyə üsulu ilə, məzmunla, kompozisiyalarla, epitetlərlə, metaforalarla, təkrirlərlə, ritmlər və poetik “düsturlar”la yaşamaq, Kitabıstanda məskunlaşmaq, özünü sözlə ifadə etmək nadanların həyat tərzi ola bilərmi?! Aldığı nəfəslər əsasən ədəbi mətnlərdən, obrazlardan və obrazlarla yaşamaqdan ibarət olanlar ömürbillah çörək ağacından asılmadılar. Özlərindən əzabkeş obrazı da yaratmadılar ki, bəs deməzsənmi, hər gün “Sibir”də (hətta Sibirdən də uzaqlarda) sürgündədirlər… Çünki ədəbiyyatın bəxş elədiyi epik-lirik həyat onların bəsidir, həşkəli həyət, ziyadə ziyafət isə bütün dövrlərdə imperatorlardan “çörək və tamaşalar” tələb edənlərin (onlar özlərini hələ hansı ali zövqlərdən məhrum etdiklərinin fərqində deyillər) xislətindədir. Qaldı bir zamanlar əl-əl gəzən kitabların indi kitab rəflərində “kiflənməyi”nə, bu artıq – yenə də Mirzə Qələm demiş – Sınıq körpü deyil, Sirat körpü məsələsidir!
…Gənc jurnalist (bəlkə gənc yazıçı?) Aysu Kərimovanın Kulis.az-da “Vaqif Bayatlıdan sizə xəbər gətirmişəm” adlı kiçicik təəssürat yazısını oxuyuram. Ədəbiyyatımızın “arıq və çəlimsiz bir göyüzü” (K.Aysu) olan Vaqif bəy mənim ədəbi aləmimdə həm də “mənəvi” sözündəki “mən” misallı, şəxsi mənafe və mənfəət hisslərindən çox-çox yüksəklərdədir!
Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın az qala qosqoca dağlar qədər qoca yaylaqçının mənə dediklərini günlərin bir günü Xəzər sahilində “kamançanın ağlada bilmədiyi zalım adam”a – Vaqif bəyə də çatdırmışdım: yaylaqçı dedi ki, oğul, öysüz (evsiz) ol, amma məbada göysüz olma! Bəlkə də bu göylü olmaq səbəbindəndir ki, Anna Kareninanı, Pedro Paramonu, Sərdar Əsədi, qanlı qərənfili, pəjmürdə peyğəmbərçiçəyini Mirzə Mikrobdan, Dədə Mirzə Dılğırdan, Mirzə Levon Məlik Dəmirçiyandan, Mirzə Simon Simonişvilidən dünya boyda yaxın və doğma bilirik.
Məşəqqətlərlə dolu 90-cı illərin əvvəllərində Süsən-Sünbüldə bir nəfər məşhur ehtiyat hissələri taciri (siz tərəflərdə alverçi) daha çox İtaliya tərəflərdə məşhur olan “Kolizey” kolbasasından yeyə-yeyə Mirzə Qələmə və mənə – ikimizin də “Xəzər” və “Ulduz” jurnallarında yazılarımız gedirdi – ikrahla baxa-baxa dedi:
– Gedin indi ədəbiyyat yeyin!..
Amma axı ədəbiyyat bizim qardaşımızdır, qardaşının ətini yeməyə kim razı olar axı?..
Burasını da deyim ki, bir vaxtlar hökmdarların yeməyini dadmaqla onun zərərsiz olduğunu müəyyənləşdirən adamlar – çaşnigirlər – olurmuş. Arada-sırada mənə belə gəlir ki, ədəbiyyatda yaşayanlar dağı, daşı, yeri, göyü zəhərsiz-zərərsiz eləyənlərdir.
Doğrudur, ədəbiyyat villa, bahalı maşın, digər dərbədər dəbdəbələr vermədi (Nobel, Qonkur, Buker bir ayrı!), amma bu boyda ədəbi-mədəni, epik-lirik dünya verdi: literalarla (hərf), idilliyalarla, poetizmlərlə, hüzn və həsrətlə dopdolu dünya!
Sizcə, unudulmaz Balzak özünü nahaqdanmı fransız həyatının katibi (mirzəsi) hesab edirdi?.. Yeri gəlmişkən, biz tərəflərdə də bu möhtəşəm katiblik davası döyənlər günbəgün artır. Belə bapbalaca iddiadan qardaşım ədəbiyyata çətin ki bir ziyan dəyə!..
P.S. Bala vətənim Dəllərdən bu qədər uzaqlarda, Süsən-Sünbül yolunda unudulmaz Sabir Əhmədovun üsulu barədə özüm üçün zümzümə eləyirəm. Birdən Əyriqar tərəflərdən nəhs səs gəlir; qara qarğışdır:
– Ədəbiyyat adlı qardaşın ölsün, ay İbrahimxəlil! Ustad qardaşın!
Qarğışın davamını eşidə bilmirəm.
…qardaşımın ölümsüz olduğunu haralardan bilsin? yazıq!..
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) • Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers) • Pikasso Əyriqarda (80×60) • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka) • Hər kəsin öz yağışı (nəqşi-zəmir) • Əyriqarda pyedestal mövsümü (evfemizm) • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya) • Dəmir əsəbli dağlar (sinergiya) • Qafilin qandığı qrafa (eksklüziv) • Alın yazısını alın təri ilə silmək… (fraqment) • Yetimdoyduran (al dente) • Şarlotta (təzadlar) • Epikür bağları (vegetasiya) • Yetim Gürcü (boheme) • Şeytanı ağlatmaq (introspeksiya) • Qafqazın qara zurnası və ağ çuxası (arazbarı) • Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya) • Əyriqar qalxanı (silentium) • Stokholm suvenirləri (trauer) • Kürəvi ildırım (versifikasiya) • Odissey Əyriqarda (eponim) • Toğlugötürən (motiv) • Ujurumda yaz havası (trayektoriya) • Vətənə güllə atmaq (transalp)