
Cəhənnəmdən qaçış
- 08 Sentyabr 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Jan-Pol Sartrın “Milçəklər” pyesi haqqında
Fəxri Uğurlu
Modernist ədəbiyyat, modern fəlsəfə bir sıra tarixi-əfsanəvi qəhrəmana, dini-mifik süjetə yeni həyat, yeni məna-məzmun qazandırdı: Nitsşe yüz illər sonra Hörmüzd elçisi Zərdüştü, Freyd – tiran Edipi, Yunq – Əyyub peyğəmbəri yenidən fikir meydanına çıxardı, Coys İtaka hökmdarı Odisseylə, Kafka dənizlər padşahı Poseydonla dialoqa girdi, Tomas Mann – nur üzlü Yusif peyğəmbəri, Allahın xəfiyyəsinə satılmış Faustu, Hesse – Siddhartha Qautama Buddanı, Brox – antik Roma şairi Vergilini ölülər səltənətindən geri çağırdı, Kamü Sizifə, Roma imperatoru Kaliqulaya təzə vəsiqə verdi. Sartr da dəstədən geri qalmadı, “Milçəklər” pyesində yeni tipli qəhrəmanının fonunu qədim teatrın dekorasiyalarıyla bəzədi, antik dramaturq Esxilin personajlarını dövrünün yaralı suallarıyla, aktual problemləriylə yüklədi.
Troya savaşının qəhrəmanı, yunan şəhər-dövləti Arqosun hökmdarı Aqamemnon həm Homerin “İliada” dastanından, həm də Esxilin faciələrindən insanlığa bəllidir. Onun atası Atrey taxt-tac uğrunda qardaşı Fiestlə amansız mübarizə aparırdı. Mübarizənin gedişatında Fiest qardaşının arvadını yoldan çıxarmışdı, əvəzində Atrey onu bir bəhanəylə evinə qonaq çağırıb, qardaşının iki körpə balasının ətindən qara qovurma bişirdib, nə yediyindən xəbərsiz Fiesti balalarının ətiylə doyurmuşdu. Bundan sonra Atreyin nəsli lənətlənmişdi. Fiestin üçüncü oğlu, böyüdükcə atasının qisasını almaq arzusuyla alışıb-yanan Egisf isə intiqamı həyatının başlıca amalına çevirmişdi.
Atreyin iki oğlu vardı: biri Aqamemnon, o biri Menelay. Onlar həm də bacanaq idilər – Menelay on il sürən dəhşətli müharibəyə səbəb olmuş gözəllər gözəli Yelenanı, Aqamemnon onun bacısı Klitemnestranı almışdı. Troya savaşına yollanan Aqamemnon böyük qızı İfigeniyanı allahlara qurban vermişdi. Bundan sonra Klitemnestra qızının qanını almaq üçün fürsət güdməyə başlamışdı. Aqamemnondan yanıqlı, qisas gününü gözləyən iki nəfər ümumi düşmən sayəsində tapışmışdı – Klitemnestra ərinin əmisi oğlu Egisfi özünə oynaş tutmuşdu. Aqamemnon müharibədən sağ-salamat qayıdanda aşnalar sözü bir yerə qoyub onu hamamda baltalamışdılar. Cinayətin şahidi kiçik qız Elektranı salamat buraxsalar da, Klitemnestra azyaşlı oğlu Oresti Egisfin intiqamından yayındırmaq üçün uşağı başqa bir diyara azdırmışdı. Az sonra uşağın öldüyü haqda şayiə yayılmışdı. Təbii ki, Orest də atasına qəsd olunduğuna görə həm anasından, həm də atalığından öc almaq yanğısıyla böyümüşdü. Bu müddətdə tanrı Apollon onun qisas duyğusunu daim körükləmişdi…
Əfsanənin 2500 il əvvəl qələmə alınmış əsli, Sartr qəhrəmanlarının yaxın keçmişi, qısaca desək, belədir. Pyesdə hadisələr yunan torpaqlarını diyar-diyar dolaşmış gənc Orestin – Atreyin nəvəsi, Aqamemnonun oğlu Orestin on beş ildən sonra müəllimi, ustadıyla birgə doğma şəhəri Arqosa qayıtmasından başlanır. Əsərdə metafizik aləmi nədənsə yunan allahlarının komandanı Zevs yox, Roma tanrılar panteonunun başçısı Yupiter təmsil eləyir. Birinci pərdəyə yazdığı remarkada müəllif onu “milçəklər və ölüm tanrısı” kimi qələmə verir. Ancaq istənilən halda buradakı dini motivlər birbaşa xristianlığa bağlıdır: ağır cinayətə bulaşmış Atrey nəslinin lənətlənməsi təkcə elə doğulduğuna görə günaha batmış sayılan Adəm övladlarının ölümə məhkum olunmasına (“Tanrı ölüm hökmü kəsib doğulmaq günahımıza” – Salam Sarvan) işarədir. Yupiter özü ikiayaqlı məxluqları daim günah yükü altında əzən xristian tanrısına karikaturadır. Zatən xristian allahı da bəndələrini bu məntiqlə tabeliyində saxlayır: əgər Tanrının oğlu, yer üzünün xəlifəsi sənin uğrunda ölümə gedibsə, deməli, günahkarsan.
Əsərdəki qaniçən milçəklərin – günah, qisas tanrıçalarının, vicdan əzabı məlakələrinin vızıltısı antik teatrda taleyin hökmünü səsləndirən, tanrıların fərmanını car çəkən xora parodiyadır. Onu da deyək ki, pyesdə hadisələr qədim çağda cərəyan eləsə də, müəllif bəzi elementləri qəsdən müasirləşdirib.
***
Arqosun baş meydanında, sarayın qarşısında tanrı Yupiterin heykəli ucalır. Heykələ iri, kök milçəklər daraşıb. Saraydan nalə, fəryad səsləri gəlir. Milçək bütün şəhəri bürüyüb, həşəratların əlindən ağız açmaq, nəfəs almaq mümkün deyil. Aqamemnonun qətlindən keçən on beş ildə şəhər əhli ağır günah yükü altında yaşayır, çünki on beş il qabaq onların hökmdarı xain hücuma uğrayıb təbəələrindən yardım gözləyəndə heç kəs onun harayına yetməmişdi. Elə buna görə də tanrılar namərd şəhərliləri cəzalandırmaq üçün Arqosa saysız-hesabsız milçək ordusu göndəriblər. Burada hər kəsin vicdanı ləkəlidir, hamı fəlakət intizarında, daimi qorxu altında ömür sürür. Yupiter təğyiri-libas olub camaat arasına girəndə onun əhalidən seçildiyini duyan bir qarı tanrıya hesabat verib deyir ki, qızı da, kürəkəni də hər il onun yolunda bir inək qurban kəsir, artıq yeddi yaşlı nəvəsi də tövbə eləməyi bacarır, uşaq körpə quzu kimi itaətkardır, içi əzəli günah hissiylə doludur.
Orest öz müəllimiylə (Pedaqoq) belə bir şəhərdə zühur eləyir. Yupiter onu yanlayıb deyir ki, bu gün Arqosda ölülər günüdür, ağlaşma, fəryad səsləri mərasimin artıq başlandığına dəlalət eləyir. İldə bir dəfə keçirilən bu mərasimdə padşahdan nökərə qədər hər bir kəs göz yaşı töküb ah-nalə çəkməklə başını tövbə daşına döyür, ölmüşlərinə yalvarıb günahlarının bağışlanmasını diləyir.
Şəhərdə söz gəzir ki, Aqamemnonun oğlu ölməyib, sağdır. Özünü başqa adla təqdim eləyən Orestin kimliyini bilsə də, Yupiter onunla söhbətdə özünü avamlığa vurur: “Əgər Orest buralara gəlsəydi, ona belə deyərdim: cavan oğlan, çıxın gedin bu şəhərdən! Sizə burada nə lazımdır? Haqqınızı tələb eləmək istəyirsiniz? Yetər. Siz çılğın, qayışbaldır bir gəncsiniz, sizdən cəsur, döyüşkən qoşun başçısı çıxar. Siz özünüzə bu yarımcan şəhərə, milçəklərin daraşdığı bu leşə başçılıq eləməkdən daha yaxşı məşğuliyyət taparsınız. Buranın adamları böyük günaha batıblar, bununla belə tövbə yolu tutublar. Onları sakit buraxın, cavan oğlan, dinc buraxın onları, bu adamların əzablarına sayğı göstərin, öz xoşunuzla sağ-salamat uzaqlaşın buralardan. Siz onların cinayətinə şərik deyilsiz, bu səbəbdən onların əzablarına da ortaq çıxa bilməzsiz. Sizin təkəbbürlü saflığınız onlarla aranızda dərin uçurum yaradır. Onlara zərrə qədər ürəyiniz yanırsa, çıxın gedin. Getməsəniz, onları bədbəxt eləyəcəksiz: əgər onlara nəfəs dərmək imkanı versəniz, əgər bircə anlığa vicdanın caynağından onları ayırsanız, günah onların canında qalın piy qatı bağlayacaq. Onların vicdanı ləkəlidir, onlar qorxurlar, qorxunun, kirli vicdanın qoxusu isə tanrılara həzz verir. Bəli, bu miskin canlar allahların zövqünə tam uyğun gəlir. Onları tanrıların lütfündən məhrum eləmək istəyirsiz? Əvəzində nə verəcəksiz onlara? Rahat həzm, dinc, darıxdırıcı əyalət həyatı, qəm-qüssə? Ax, bu qəm-qüssə ki var, xoşbəxtliyin məişətidir…”
Yupiter uzaqlaşır. Orest başını itirir. Əslində, bu şəhər onun ata mülküdür, o burada taxt-tacın qanuni varisidir, ancaq indi doğma Arqosda ona bir adamlıq yer yoxdur, şəhərin özü də, adamları da ona tamam yad-yabançıdır. Göydə tanrı Yupiter, yerdə hökmdar Egisf insanların canına günah cinlərini müsəllət eləməklə onları ömürlük girova çeviriblər, onlar yüz il başlarını tövbə daşına döysələr də, bu günahdan arına bilməyəcəklər. Suç duyğusu insanı kölə halına salmağın, onu qulluğa könüllü cəlb eləməyin ən effektiv yoludur. Yupiterin əmrinə müntəzir milçəklər məhz günahkar bəndələrin canını didən əzabların rəmzidir, suçlu başlara kül ələyən fələyin cəza ordusudur. Əgər “Taun” romanında Alber Kamü natəmizliyin, xəstəliyin, ölümün simvolu kimi mikrob daşıyan gəmiriciləri seçmişdisə, Sartr üçün belə bir simvol insanların günahlarıyla bəslənən, əməllərin çirkabından pərvazlanan qanadlı həşəratlardır.
***
Pedaqoqla söhbətindən aydın olur ki, Orest çox savadlı oğlandır, universitet bitirib, çoxlu kitab oxuyub, ustadıyla birgə yüz ölkə gəzib, insanların, adətlərin, qanunların necə dəyişkən olduğuna gözüylə şahidlik eləyib. Ancaq Orest ağ kağız kimidir, onun bioqrafiyası yoxdur, nə ailəsi, nə vətəni, nə dini, nə peşəsi var, istədiyi məsləki seçməkdə tam azaddır. Pedaqoqun fikrincə, o, böyük bir universitet şəhərində fəlsəfədən, yaxud da memarlıqdan yüksək səviyyədə dərs keçə bilər. Müəllimi onu kübar cəmiyyətə layiq ali insan kimi yetişdirib. Orest cavabında deyir: “Şikayətçi deyiləm. Sən mənə hörümçək torundan qopub yerin cazibəsindən uzaqda süzən bir sapın azadlığını vermisən. Mən hörümçək torutək yüngüləm, havada sərbəst üzürəm. Bilirəm bəxtim gətirib, naşükürlük eləmirəm. Adam var ki, anadangəlmə şəraitdən asılıdır, heç bir seçim imkanı yoxdur – ömür yolu hələ dünyaya gəlməmişdən cızılıb.”
Pedaqoq ondan Egisfin oturduğu taxta yiyələnmək fikrinə düşüb-düşmədiyini soruşanda Orest ustadına belə cavab verir: “Bu adamlarla mən neyləyəcəyəm? Mən burada nə bir uşağın doğulduğuna, nə bir qızın gəlin köçdüyünə şahidlik eləmişəm, onların vicdan tutmalarını da bölüşmürəm, üstəlik, heç kimi adıyla tanımıram. Saqqallı kişi (cildə girmiş Yupiteri deyir) haqlıdır: hökmdarın gərək təbəələriylə ortaq xatirələri olsun. Onlara dəyməyək, qoca, çıxaq gedək buralardan. Bilirsən, əgər onların arasında mənə vətəndaşlıq hüququ qazandıran bir iş görmüş olsaydım… Ürəyimdəki boşluğu doldurmaq üçün lap cinayət törətmək hesabına da olsa onların xatirələrinə, qorxularına, ümidlərinə şərik çıxardım. Bundan ötrü doğmaca anamı belə öldürərdim…”
Bu məqamlarda Orest atasının qisasını almağa hazırlaşan Hamleti xatırladır, ancaq onun Ofeliyası yoxdur; Ofeliyanı bu səhnədə Aqamemnonun qızı, Orestin doğma bacısı Elektra əvəzləyir, həm də tamam tərs missiyayla. Qız başını dikəldəndən atasının qatillərinə qulluqçuluq eləyir. Atalığı bir yana, doğmaca anası belə ona qənim kəsilib, padşah qızını ən alçaldıcı işlərə buyurmaqla onu gündə neçə kərə alçaldırlar. Elektra da atasının düşmənlərindən qisas almaq arzusuyla yaşayır, qardaşının öldüyünə inanmır, günün birində Orestin zühur eləyib intiqam qılıncını sıyıracağını həsrətlə gözləyir.
Orest əvvəlcə özünü nişan vermir, şəxsini bacısına Korinf şəhərindən gəlmiş Fileb kimi təqdim eləyir. Elektra dərdini açıb ona söyləyir, ötən on beş ildə çəkdiyi zülmdən, Egisfə, Klitemnestraya nifrətindən danışır. Deyir ki, nə bir dostu, nə bir rəfiqəsi var. Hətta dayəsi belə olmayıb: “Mən təkəm. Mən taunam, vəbayam, hamı məndən gen dolanır, heç kimim yoxdur. Anamdan soruş: ən incə qəlblər belə məndən diksinə bilər”. Bütün bunlara baxmayaraq qız ümidini üzməyib, bir nəfərin yolunu gözləyir.
***
Söhbətin şirin yerində çariça Klitemnestra səhnəyə çıxır. O, Elektraya çarın matəm libası geyinmək əmrini çatdırır, çünki bu gün ölülər günü, tövbə mərasimidir. Elektra Orestdən anasına oxşayıb-oxşamadığını soruşanda oğlan deyir: “Onun sifəti ildırım qarsmış, dolu döymüş çölə bənzəyir. Elə sənin də üzündə fırtınadan soraq verən nəsə var: bir gün ehtiras səni sümüklərinə qədər yandıracaq”. Çariça Oresti görəndə təəccüblənir, çünki adətən yolçular bu şəhərdən yan keçirlər: “Səyyahlar bizim şəhəri iyirmi verst aralıdan dolanırlar. Səni xəbərdar eləməyiblər? Düzənlik əhalisi bizi karantinə alıb, onlar üçün bizim tövbəmiz – taundur, yoluxmaqdan qorxurlar”.
Sonra aralarına keçilməz sədd çəkilmiş anayla qızı arasında Orestin tanıqlığıyla belə bir dialoq baş verir:
“Elektra. Çariça bizim milli oyunumuzla əylənir: bu oyunun adı aşkar tövbədir. Oyuna girən hər kəs hamının yanında günahlarını bağıra-bağıra car çəkir. Bu mərasim günlərində bir də görürsən bir baqqal dükanını bağlayıb küçəyə çıxdı, küçədə dizin-dizin sürünə-sürünə, başına kül, toz-torpaq ələyə-ələyə fəryad qopardı ki, bəs mən qatiləm, zinakaram, xainəm. Ancaq Arqos camaatı bunlardan doyub artıq: hamı hamının cinayətlərini əzbər bilir. Çariçanın cinayətlərisə heç kimi əsla maraqlandırmır – bunlar dövlət quruculuğunun əsasında duran rəsmi cinayətlərdir. Təsəvvürünə gətir, o sənin kimi cavan, nabələd, gəlmə, hətta onun adını belə bilməyən birini görəndə necə sevindi: nə xoşbəxt təsadüf! Ona elə gəlir ki, ilk dəfə tövbə eləyir.
Klitemnestra. Mumla. Kim istəsə, məni cani, fahişə adlandırıb üzümə tüpürə bilər. Ancaq heç kim mənim vicdan əzablarıma qarışa bilməz.
Elektra. Görürsənmi, Fileb, oyunun qaydası belədir. Adamlar yalvarırlar ki, sən onları mühakimə eləyəsən. Fəqət ehtiyatlı tərpən – onları yalnız boyunlarına aldıqları əməllərinə görə sorğu-suala çək, qalanlarına toxunma. Özün nəsə tapıb çıxarsan, səndən razı qalmayacaqlar”.
Elektra anasına deyir ki, mərasimə qoşulmayacaq, çara elə beləcə də çatdırsın. Sonra bayramın mahiyyətini korinfli Fileb sandığı qardaşına izah eləyir: Arqos şəhərinin yaxınlığında bir mağara var, yerli cavanlar heç vaxt onun dərinliyinə gedib çıxa bilməyiblər. Deyilənə görə, həmin mağaranın dibi cəhənnəmə açılır. Baş kahin mağaranın ağzını iri qara qaya parçasıyla bağladıb. İnandırıcı görünməsə də, hər ilin bu günündə xalq o mağaranın qarşısına yığılır, əsgərlər qara daşı qırağa itələyirlər, ölənlər guya cəhənnəmdən çıxıb şəhərə dağılışırlar. Onlardan ötrü evlərdə süfrələr açılır, adlarına qab-qacaq dəsti düzülür, dadlı təamlar bişirilir, axşama təmiz yataq salınır. Ertəsi gün xoruz banında ölülər öz cəhənnəmlərinə qayıdırlar, qara daş yenə mağaranın ağzına tıxanır, bir də bir ilin tamamında tamaşa təkrarlanır.
İrəlidə görəcəyimiz kimi, fırıldaqçı tiran Egisfin quruluş verdiyi ölülərin cəhənnəmdən birgünlük buraxılma tamaşası İsfahan lotusu Şeyx Nəsrullahın qəbiristanlıqda ölüdiriltmə şousuyla yaxından səsləşir, hərçənd məzmunlar, mesajlar xeyli fərqlidir. Həm də nədənsə Sartrın ölülərinin hamısı cəhənnəmdə məskunlaşıb. Elə Mirzə Cəlilin qəbirdə fırlanan ölülərinin də cənnətə düşdüyünə, polis diliylə desək, əsaslı şübhələr var…
***
Birinci pərdə Orestin ona yola çıxmaq üçün bir cüt yaxşı at axtaran Yupiterə Arqosdan getmək fikrindən daşındığını elan eləməsiylə bitir. İkinci pərdənin əvvəlində şəhər əhli cəhənnəmə açılan mağaranın qarşısına yığılır. Hər kəs vahimə dolu gərgin intizar içindədir. Bir gənc qadın belə deyir: “Dəhşətli, tükürpədici gözləntidir. Mənə elə gəlir ki, hamınız məndən uzaqlaşıb harasa gedirsiniz. Daş hələ yerindən dəbərdilməyib, ancaq hamı indidən ölüsünün hökmü altındadır. Hər kəs yağış damlasıtək tək-tənhadır”.
Orestlə müəllimi də buradadır. Pedaqoq tələbəsinə gözü mağarada qalmış adamları göstərib deyir ki, bu miskin məxluqlar necə də eybəcərdirlər, onlar qorxudan can çəkirlər, mövhumatın, xurafatın axırı budur. Yupiter söhbətə qarışıb Pedaqoqu inandırmağa çalışır ki, tanrıların gözündə onun bu adamlardan bir üstünlüyü yoxdur, o da onlar kimi çürük varlıqdır, sadəcə, hələ özü bundan xəbər tutmayıb: “Sən də üfunət verirsən, ancaq özün bunu duymursan. Onlar öz cəmdəklərinin iyində boğulurlar, özlərini də sən özünə bələd olduğundan daha yaxşı tanıyırlar”.
Gözləməkdən canı üzülmüş kütlə səs-səsə verib Egisfi haraylayır. Bu vaxt bir kişi dizlərini yerə atıb özünə həkk gəlir: “Mən iylənmişəm, iylənmişəm! Mən üfunət qoxuyan leşəm! Baxın, milçəklər leş yeyən qarğalar kimi canıma suvaşıblar. Dimdikləyin, oyun, deşin, intiqam mələkləri, vücudumu didib dağıdıb cındırı çıxmış ürəyimə işləyin. Mən suçluyam, min qat artıq günahkaram, mən iylənmiş dəri tuluğam, axıntı quyusuyam…” Yupiter kişinin isterik çıxışına bir kəlməylə reaksiya verir: “Afərin!”
Nəhayət, Egisflə Klitemnestra da hadisə yerində peyda olurlar, əsgərlər qara daşı kahanın ağzından götürürlər, bundan sonra baş kahin mərasimə başlayıb ruhları oyatmaq üçün sehirli nitqini söyləyir. Egisf camaatı hipnoz vəziyyətinə salır, onları inandırır ki, gözəgörünməz ruhlar məzardan qalxıb doğmalarının arasında dolaşırlar; dirilərin ölülər qarşısında günahlarını onların üzünə ölüm hökmütək oxuyur, onları ölənlərin qisasıyla qorxudur. Axırda da deyir ki, ölənlər biryolluq gediblər, gedər-gəlməzə gediblər, ona görə də sizin sirlərinizi, cinayətlərinizi sadiq keşikçilər kimi qoruyurlar… Daha sonra qadınlar bir ağızdan xorla ölənlərə səslənirlər: “Siz bizi tərk eləyirsiz, damardan axan qanımız kimi tərk eləyirsiz bizi. Ancaq əgər bu, sizin incik qəlbinizə bir təsəlli verərsə, bilin, əziz ölənlər, siz bizim həyatımızı zəhərə döndərmisiniz. Rəhm eləyin, bağışlayın ki, siz olmayan dünyada biz hələ də yaşayırıq. Rəhm eləyin, axı biz bu dünyaya öz xoşumuzla gəlməmişik, ayıb olsun bizə ki, günü-gündən yaşa doluruq. Xəcalətdən canımız lap üzülüb, quru qaraltımız qalıb, eləcə sürünürük bu torpağın üstündə…”
Ağ bayram paltarı geyinmiş Elektra qəfil mərasimdə peyda olub camaatı yasdan çıxmağa, həyatın sevinclərini dadmağa, şənlənməyə çağırır. Qoy ölülər onları sevənlərin qəlbində yaşasınlar, ancaq sevənlərini özləriylə məzara daşımasınlar… Əlbəttə, əgər insanların vicdanı əzablardan arınsa, yerdə Egisfin, göydə Yupiterin hakimiyyəti əlindən çıxacaq. Bu vaxt mağaranın ağzındakı qara daş gurultuyla yerindən qopub aşağı diyirlənir, kütlə vəlvələyə düşüb asi qıza hücum çəkir. Egisf onları dayandırıb camaata xatırladır ki, bayram günü qan tökməyə qanun yol vermir. Hökmdar Elektranın qardaşı balalarının ətindən qara qovurma bişirtmiş Atreyin nəvəsi, lənətlənmiş nəslin sonuncu nümayəndəsi olduğunu yada salıb qızı alçaldır, indən belə ona rəhm eləməyəcəyini deyib kütləni səbrə-təmkinə çağırır.
***
Hamı gedəndən sonra meydanda bir Orest, bir də Elektra qalır. Elektra qisas hissiylə alışıb yanır. Orest Elektranı fikrindən daşındırmağa, şərə şərlə cavab verməyin doğru yol olmadığına onu inandırmağa çalışır, qıza özüylə birgə baş götürüb özgə diyara getməyi təklif eləyir. Di gəl, qız inadından dönmür:
“Elektra. Mən özümü inandırmışdım ki, bu adamları sözlə sağaltmaq olar. Nəticəsini gördün: onlar öz dərdlərinin nazını çəkirlər, yaralarının qayğısına qalır, çirkli dırnaqlarıyla onları darayıb sığallayırlar. Onları yalnız zor gücünə sağalda bilərsən, şərin öhdəsindən ancaq şər gələr. Əlvida, Fileb, çıx get, məni qara-qura yuxularımın ümidinə burax.
Orest. Səni öldürəcəklər.
Elektra. Burada Apollon məbədi var. Orada bəzən cinayətkarlar gizlənir, çünki məbədə sığınan adama heç kim toxunmur, onun başından bir tük əskik ola bilməz. Mən də Apollonun sarayında gizlənəcəyəm”.
Elektra qardaşının gələcəyinə möhkəm inandığını deyir, düşünür ki, o haradasa bərkə düşüb əzab çəkir, haradasa öz taleyinə dolaşıb azıb.
Bəs əgər elə deyilsə, əgər o, xoşbəxt bir şəhərdə məsud yaşayırsa, qan-qadadan, düşmənçilikdən bezibsə?..
“Elektra. Onda mən onun üzünə tüpürüb deyərəm: “Rədd ol, köpək, get qoşul arvadlara, sən özün də arvadsan! Ancaq sən hesabını düzgün götürməmisən: sən Atreyin nəvəsisən, Atridlərin qismətindən qaça bilməzsən. Əgər rüsvayçılığı cinayətdən üstün tutursansa, özün bilərsən. Ancaq taleyin səni yataqda olsan belə yaxalayacaq: əvvəl rüsvay olacaqsan, sonra istəsən də, istəməsən də, qan tökəcəksən!”
Nəhayət, özünü, kimliyini nişan verməyə məcbur qalan Orest həm bacısının yaralarını sarımaq xatirinə, həm də çürümüş leş qoxusu verən ata yurdunda vətəndaşlıq qazanmaq naminə çiyninə ağır cinayət yükü götürməyə razılıq verir, Arqosun havasını təmizləmək qərarına gəlir. Fəqət canlı insanın ağır ehtiraslarını daşımağın nə demək olduğunu o indiyəcən bilməyib. Orest şəhər adamlarına qaynayıb-qarışmaq, şəhəri yorğan kimi başına çəkmək istəyir. Müdhiş əməllərinin nəticəsində vicdan milçəkləri onu didməyə başlayanda, yalnız onda Orest ata yurdunda vətəndaşlıq qazanacaq, özünü evində sanacaq…
Saraya qayıdıb Klitemnestrayla ikilikdə qalanda Egisf boynuna alır ki, artıq rola girməkdən bezib, insanların günahlarına, qorxularına qarovul çəkməkdən, qara geyinib vahimə saçmaqdan yorulub. O nə kədərlənə, nə də sevinə bilir, bir damla göz yaşı axıtmaq üçün taxtını da, tacını da təhvil verməyə hazırdır. Hökmdar artıq dinclik arzusundadır.
***
Çariça onu tək qoyub çıxandan sonra Egisflə Yupiter arasında uzun bir söhbət olur. Tanrı öz heykəlini istehzayla süzüb deyir: belə bir eybəcəri camaat sevə bilməz. Egisf cavab verir ki, onlar sizdən qorxurlar. Yupiter yerdəki kölgəsinin cavabından məmnun qalır – ona sevgi gərək deyil. Bəs Egisf necə, öz bütünü sevirmi? Yorğun hökmdar göylərə borcunu ödədiyini düşünür, Yupitersə deyir ki, insan heç vaxt tanrıların xəcalətindən çıxa bilməz. Egisf isə ona açıq bildirir: daha göylərin oyunundan çıxmaq istəyir, Yupiterin qurduğu tamaşalarda oynamağa artıq həvəsi qalmayıb.
Yupiter yerdəki xəlifəsinə etiraf eləyir ki, insanları ölümlü yaratmaqla ilk cinayəti şəxsən o özü törədib: “Bundan sonra siz qatillərə nə qalır? Qurbanlarınızı o dünyaya göndərmək? Onlar ora onsuz da gedəcəklər, siz sadəcə bu işi bir az tezləşdirirsiniz. Əgər sən onu öldürməsəydin, bilirsənmi, Aqamemnonu nə gözləyirdi? Üç aydan sonra onu gözəl bir kənizin ağuşunda iflic vuracaqdı. Sənin cinayətin mənim əlimdən tutdu”. Bunu eşidəndə Egisfi od götürür: “Mən on beş ildən bəri günahımı suya çəkirəm, deməyəsən o sizin işinizə yarayıbmış? Vay mənim halıma!” Yupiter onu başa salır ki, məhz yuyulmasına ehtiyac duyulan günahlar, suçu satın alınan cinayətlər onun idarəçiliyinə əl verir: “Gör sənin cinayətindən mən necə nəf götürdüm: bir ölünün əvəzində iyirmi min tövbəkar. Budur balans! Pis alver deyil”.
Orestin hazırladığı əməliyyat artıq onlara əyandır. Egisf əmindir ki, Orest vicdan əzabı çəkməyəcək. Yupiterə belə qətl əsla sərf eləmir, ona əzab çəkən, səcdə qılan, günahlarıyla aşina olan padşah lazımdır, buna görə də Egisfi tədbir görməyə, daha bir ağır günaha batmağa təhrik eləyir. Hökmdarsa qatilinə müqavimət göstərmək fikrində deyil, artıq ağır suç yükü daşımağa onun taqəti qalmayıb, o, törətdiyi bəd əməlin müqabilində son borcunu ödəməyə hazırdır. Orestin gözlənən cinayəti məhz Egisfin ürəyincə olduğuna görə Yupiterin təqdirini qazanmır:
“Yupiter. Sən mənə nifrət bəsləyirsən, halbuki biz doğmayıq. Mən səni özümə bənzər yaratmışam: hökmdar – yerdəki allahdır, o da Tanrı kimi həm xeyirxah, həm əzazildir… İkimiz də qayda-qanun yaradırıq – sən Arqosda, mənsə bütün dünyada. İkimizin də ürəyimizdən daş kimi asılmış ortaq sirrimiz var.
Egisf. Mənim heç bir sirrim yoxdur.
Yupiter. Var. Bizim sirrimiz birdir. Tanrılarla padşahların əzab verən ortaq sirri budur ki, onlar insanın azad olduğunu bilirlər. İnsan azaddır, Egisf. Sənə bu sirr əyandır, onlara isə yox.
Egisf. Lənət şeytana, onlar bunu bilsələr, məni xoruza mindirərlər. On beş ildə hər oyundan çıxmışam ki, onlar öz güclərindən xəbər tutmasınlar.
Yupiter. İndi gördünmü bir-birimizə necə bənzəyirik”.
Yer allahıyla göy tanrısının söhbətini gizlicə dinşəyən Orest Arqos əhlindən fərqli olaraq azad olduğunu bilir. Yupiter Egisfə Orestlə bacısını tutmağı məsləhət görür. Hökmdar istər-istəməz həyəcanlanır: əgər Orest rəiyyətini azadlığa yoluxdursa, onun bütün əməyi puça çıxacaq, səltənəti batacaq. O da düşmənini aradan götürməyi tanrıdan umur. Bu vaxt Yupiter ona daha bir sirr açır: əgər insan azadlığı daddısa, tanrıların artıq ona dişi batmır. Bundan sonra onunla haqq-hesabı insan oğlu özü çürütməlidir.
***
Orest onu öldürməyə gələndə Egisf belə deyir: “Özümü qorumayacağam. Kimisə çağırmaq da çox gecdir, ancaq mən buna sevinirəm. Sözüm sözdür, özümü qoruyan deyiləm – istəyirəm sən də qatil olasan”. Orest əvvəlcə hökmdarı, sonra da onun əməl ortağı anasını öldürür. Bu qətlləri hamıdan çox arzulayan Elektra tez bir zamanda peşman olub günah mərəzinə tutulur, məlum olur ki, qız dilədiyi azadlığa hazır deyilmiş. Orest isə azadlığına qovuşub: “Mən azadam, Elektra. Azadlıq mənim içimdə ildırım kimi çaxdı”. Hələ dünənəcən onun qarşısına min-min yol sərilmişdi, ancaq o yolların heç biri onun yolu deyildi. İndi isə o öz yolunu tapıb, onu fəlakətə aparsa belə bu – onun öz yoludur.
İri, yağlı milçəklər topa-topa bacı-qardaşa hücum çəkir, bunlar eriniyalar – vicdan əzabı məlakələridir. Elektra qardaşını milçəklərdən, insanlardan qorumaq üçün onu Apollon məbədinə aparır. Bacı-qardaş orada yuxuya gedir. Milçəklər divarlara suvaşıb növbə çəkir. Yatanlar oyananda atmilçəyinə bənzər iri həşəratlar da vızıldaşıb canlanır. Bacısına baxan Orest dəhşətlə anlayır ki, Elektra Klitemnestraya oxşamağa başlayıb. Bu da təsadüf deyil: qız da anası kimi müdhiş bir cinayətin şahidi, ondan da artıq – iştirakçısı olub. Eriniyalar əllərini-əllərinə sürtə-sürtə bacı-qardaşın ətrafında çılğın rəqs eləyirlər. Orest bacısını dilə tutub məyusluqdan, peşmanlıqdan qurtarmağa çalışır, cinayətin bütün məsuliyyətini öz üstünə götürür.
Yupiter zühur eləyib milçəkləri susdurur. Göylər sultanı yaxşı bilir ki, insanı azad, tanrıya tay yaratmağı özünün əleyhinə çevrilib, ona görə də cinayət ortaqlarını cəzalandırmağa can atmır. Ona yalnız bircə damla tövbə göz yaşı, bircə çimdik peşmanlıq külü lazımdır. Yupiter Orestlə Elektranı cinayəti boynundan atmağa çağırır, belə olarsa tanrı bacı-qardaşı taxta oturda bilər. Orest cavab verir ki, onun Arqos taxtına onsuz da haqqı çatır. Yupiter azad qatilin nəzərinə çatdırır ki, məbədin qapısı ağzında şəhər əhli əldə yaba, dəyənək onu gözləyir, Oresti günahını boynuna almağa çağırır. Orest etirafdan boyun qaçırır – əgər Yupiter bu cimayətin baş verməyini istəmirdisə, niyə vaxtında tədbir görüb onun qarşısını almırdı? Deməli, göylərdə nə şər, nə də xeyir var, orada insana hökmü keçən bir kimsə yoxdur. Orest Yupiterə deyir: sən tanrıların da, daşların da, ulduzların da, dəniz dalğalarının da hökmdarısan, ancaq insana hökm eləyə bilməzsən.
Yupiter Orestə deyir ki, sən mənim otardığım sürüdən ayrılsan, sənin azadlığın sürgün demək olacaq. Orest onunla razılaşır, bununla belə onun qanunlarının çevrəsinə bir də qayıtmayacağına söz verir. Orada min-min yol var, hamısı da bir ünvana – Yupiterin dərgahına aparır. Ancaq Orest öz yoluyla getmək istəyir, hər bir insan öz yolunu özü axtarıb tapmalıdır: “Sən – tanrısan, mən – azadam, ikimiz də eyni dərəcədə tənhayıq, eyni qüssəli qorxudan əzab çəkirik”. Bundan sonra Yupiter səssizcə uzaqlaşır.
Elektra Orestdən aralanır. Milçəklər üstünə tökülüşüb qızı didməyə başlayanda o, Yupiteri köməyə çağırır. Elektra Yupiterin qanunlarına boyun əyib onun köləsi olacağına söz verəndən, tövbə eləyəndən sonra qisas ordusu onu rahat buraxır. Artıq eriniyaların bütün diqqəti Orestin üstündə cəmləşib. Məbədin qapıları aralanır, eşikdə Oresti didib-parçalamağa hazıryaraq durmuş qəzəbli kütlə görünür. Orest şəhər əhlinə üz tutub, törətdiyi cinayətin bütün məsuliyyətini mərdi-mərdanə öz çiyninə götürür. Egisf kimi günahsız insanları öz cinayətinə, öz suçuna şərik tutmur. Orest bu cinayəti insanları canlarına sırınmış günahın zindanından, qaniçən milçəklərin hücumundan qurtarmaq üçün törədib, artıq bütün dustaqlar amnistiyaya düşür, hamı günahlardan azad elan olunur. İndi cinayət də, günah da heç kimin yox, Orestin özünündür, o, yenicə qovuşduğu azadlığının atributlarını kimsəylə bölüşmək fikrində deyil. Ancaq Orest öldürdüyü tiranın taxtına oturmayacaq. O, torpaqsız, səltənətsiz, nökərsiz, təbəəsiz padşah olmaq istəyir. Qoy Arqos əhli də yenidən yaşamağa, ömrünü təzələməyə cəhd göstərsin.
Orest milçək ləşkərinin başını çəkib səhnədən gedir…
***
Sartrın yozumunda Orestin törətdiyi qətllər, əlbəttə, rəmzi məna daşıyır. Orest fəaliyyətini şərtləndirən, iradəsini zorlayan, azadlığına əl uzadan səbəbləri aradan qaldırır. Onu həyata gətirmiş anasını öldürəndən, onu didərgin salmış atasının qisasını alandan sonra Orestin keçmişi yoxdur – o, canına dolanmış zaman bağlarını, nəsil iplərini qırıb, fələyin kəməndini boynundan açıb. Sartrın təlimi determinizmin düşmənidir, azadlıq tərənnümçüsü böyük mütəfəkkir insanın azad olduğuna o dərəcədə inanırdı ki, “İnsan azadlığa məhkumdur” kimi dahiyanə fəlsəfi postulatı kəşf eləmişdi. Orest yaradılışın hökmüylə məhkum olunduğu azadlığını determinizm zəncirini qırmaqla özünə qaytarıb halal malına çevirir.
Onun öz əliylə boşaltdığı taxtdan imtinası da azadlığını qorumaq məqsədi güdür. Orest bilir ki, Egisf zahirən hamıdan azad, qüdrətli, xoşbəxt görünsə də, göründüyü kimi deyil. Yupiterlə söhbətində hökmdar belə deyir: “Mən bu taxta oturandan sözümün də, əməlimin də tək bir məqsədi olub: öz obrazımı yaratmaq. İstəmişəm hər bir təbəəm bu obrazı öz içində gəzdirsin, hətta özüylə yalqız qalanda belə mənim sərt baxışlarımı gizli düşüncələrinin üstündə hiss eləsin. Ancaq bu istəyin ilk qurbanı elə mən özüm oldum: mən özümə onların gözüylə baxmağa başladım, onların qəlb aynasının dərinliyində surətimi gördükcə özümdən iyrəndim… Mən təpədən-dırnağa başqalarının qarşımda keçirdiyi qorxulardan yoğrulmuşam… Mən arzusuz, sevgisiz, ümidsiz yaşamışam…”
Gerçəkdən, Arqosda Egisfdən qorxaq, ondan bədbəxt adam yoxdur, əgər onun rəiyyəti yalnız bir adamdan qorxub-çəkinirsə, hökmdarı qidalandıran qorxuların iyirmi min qaynağı var. O, başqalarına möhtacdır, üzdə özünü hamıdan azad adam kimi aparsa da, hamıdan artıq kölədir. Orest məhz bu aqibətdən yayınmaq üçün saraya, taxta-taca yaxın durmur.
Egisflə söhbətində Yupiter də etiraf eləyir ki, eyni dərdə mübtəladır, hökmdar yalnız onun yerdəki kölgəsidir, onun da işi yüz min ildir insanların qarşısında dondan-dona girib hoqqalar çıxarmaq, cilddən-cildə düşüb təlxəklik eləməkdir. Əgər o, bəndələrinin başını qatmaqdan, onların fikrini yayındırmaqdan bircə anlığa əl çəksə, bəndələrin diqqəti özlərinə yönələcək, onda onlar ayılacaq, allah yaddan çıxacaq. Egisf xoşbəxt adamdır ki, öləcək, o isə ölümsüzdür, neçə ki yer üzündə insan yaşayır, tanrı onları əyləndirməyə, onlara tamaşa göstərməyə məhkumdur…
Nitsşenin qətlə yetirdiyi yəhudi-xristian allahına parodiya olsa da, Sartrın Yupiteri cəmiyyətə köçürülmüş təbiət qanunlarını, “saf” şəri, “xalis” iblisi təmsil eləyir. Jan-Pol Sartr başqa allah tanımır.
***
Orest hakimiyyətdən, sərvətdən, şöhrətdən qaçıb özünə çəkilir, çünki boynunda Nobel medalının ağırlığını belə daşımaq istəməyən Sartrın nəzərində azad olmağın başqa yolu yoxdur – başqaları cəhənnəmdir. Elektra vicdanının sızıltısına, günahının təzyiqinə davam gətirməyib o cəhənnəmə qarışır, özünü kütlənin bişdiyi tiyanda əridir. Orest isə cəhənnəmin şərindən işıq, sənət tanrısı Apollonun məbədinə pənah aparır, eynən surətinə qələm çəkən müəllifin özü kimi zamanın şeytani çal-çağırından (unutmayaq ki, Sartr bu pyesi 1943-cü ildə, faşist işğalı altında olan Fransada qələmə alıb), dünyanın namərd felindən öz içinə sığınır. Bundan sonra dünyanın gözəllikləri ona yalnız öz dünyasını bəzəmək üçün naxış, dekorasiya kimi, dahi filosof Hüsserlin təbirincə desək, varlığına ev tikmək üçün alət, material kimi gərək olacaq.
Ekzistensializmin atalarından sayılan Haydegger deyirdi ki, insan varlığın sahibi deyil, olsa-olsa həyatı, varlığı otaran çobandır, hərçənd otardıqlarının mahiyyətinə baş vura bilmir. Ardınca bunu da deyirdi ki, yoxluqdan bu həyata çağırılan insanın ən böyük ləyaqəti varlığın həqiqətinə qarovul çəkməkdir. Belə görünür, Haydegger insanın qüdrətinə axıracan inanmayıb, əks halda insanı varlığa çoban yox, varlığın yiyəsi təyin eləyərdi, onu həqiqətə qarovulçu qoymaqdansa həqiqəti onun mülkiyyətinə verərdi. Aşağı-yuxarı eyni sözləri Sartrın da haqqında demək olar; onun Oresti dünyanın ən böyük sirrinə əl aparıb – insanın azadlığını kəşf eləyib, daha doğrusu, bu sirri allahdan oğurlayıb, ancaq hələlik öz kəşfinin tamhüquqlu müəllifinə çevrilə bilməyib.
İnanmaq istərdik ki, insan oğlu başının milçəyini qova-qova ən ali həqiqətin keşiyində sona qədər duracaq, onu tam mənimsəyib öz mülkünə, sərvətinə çevirəcək. Bu həqiqəti qorumaq çox vacibdir, çünki irili-xırdalı bütün qalan həqiqətlər, dünyalar, qalaktikalar, bütün kainat bu uca həqiqətin başına dolanır. İnsanın azad ruhu – yaradılışın cövhəri, məxluqatın qibləsi, kainatın paytaxtıdır. Ayrı qiblə gəzməyə, ayrı paytaxt salmağa ehtiyac yoxdur.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Çörəyi ver çörəkçiyə…
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Hansı qadın?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
Günəşin yandırdığı şam
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kir götürməyən ruhun gücü
Puç ömrün aqibəti
Gözləməklə keçən ömür
Təkliyinə çarmıxlanmış nəsil
Kuklaxana
Kişi əmrinə möhtac kişi düşməni
Qadının kəşfi
Qürubqabağı sevgi
Gilənar qırğını
Tanrı sorağına çıxan bəndələr
Cəhənnəm – başqalarıdır
Stalinin bəyəndiyi antisovet əsər
Atalıq taxtından yıxılan kral
Öz budağından yıxılan ağac
Ata qətlinin sirri
İnsaf adam
Tanrının qoşduğu Yusif dastanı
Hindistan dərvişi
Vasitə məqsədi doğrultmayanda
Kainatın mühərriki ehtiraslar
Keçmişdə qalmış gələcək
Taleyə qarşı peyvənd
Yoxluğun verdiyi azadlıq
Varlığın yaxasını açmaq
Ruhu üzünə çıxan dünya
Böyüklər üçün uşaq kitabı
Şərab şüşəsində saxlanan zaman
Mücərrəd sevginin konkret ünvanı
Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir
Sükuta sığınmaq, zənciri qırmaq
Yaratdığı dünyaya köçən yazıçı
Uzun sürən xəstəlik
Monastıra aparan orta yol
Kilsədə metafizik macəra
Düşmənlərin əbədi izdivacı
Bir nəslin xəstəlik tarixçəsi
Saxta səadətin cəriməsi
Zərər-ziyansız yaşamağın düsturu
Viran vücuddan qaçış
Keçmişi indiyə çağırmaq
Dublin yəhudisinin odisseyası
Gələcəkdə yazılmış kitab
Oxunduqca yazılan roman
Dünyanı zəbt eləyən yumşaq güc
Fələyin administrasiyası
Ölüm əleyhinə qiyam