
Ölüm əleyhinə qiyam
- 25 Avqust 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Alber Kamünün “Taun” romanı haqqında
Fəxri Uğurlu
Bu yazını mənim ilk mətbu hekayəmə uğurlu yol diləmiş ustadım Elçinin əziz adına tapşırıram
Kamü bu romanı dünya müharibəsinin şıdırğı vaxtında qələmə almışdı. Əsər davadan sonra – 1947-ci ildə işıq üzünə çıxarılmış, üstündən on il ötəndə “Yabançı” ilə birlikdə Nobel mükafatına layiq görülmüşdü.
Yazıçı təbii fəlakət kimi, azğın sel kimi axıb-axıb ölkələrə, evlərə, beyinlərə dolmuş faşizmi ölüm saçan yoluxucu mərəzə, dəhşətli epidemiyaya bənzətmişdi. Ancaq bu bənzətməni “qəhvəyi taun”un (doğmaca dilimizdə “qonur ölət” söyləmək, məncə, deyimin daha uğurlu təqdimatı olar) yayıldığı coğrafi əraziylə çəpərləmək doğru deyil, taun əsərdə ümumən varlığın mahiyyətini, təbiətin xassəsini, həyatın ayrılmaz komponenti kimi ölümü, xeyirlə qoşa addımlayan şəri ifadə eləyir. Belə olmasaydı, roman faşizm ideologiyasının, müharibə təbliğatının əleyhinə yazılmış irili-xırdalı minlərlə, on minlərlə əsərdən seçilməzdi. Taun həm də Kamü dünyagörüşünün ana anlayışı sayılan absurdun rəmzidir, çünki onun da yaşadığımız dünya sayaq heç bir mənası, məntiqi yoxdur, o da xaosun törəməsidir.
Roman xronika tərzində yazılıb. Yalnız əsərin sonlarında bilinir ki, bu qeydlərin müəllifi baş qəhrəman özüdür, sadəcə, fikirlərini, müşahidələrini üçüncü şəxsin dilindən qələmə alıb. Dörd-beş il bundan qabaq taclı virus bəşəriyyətin canına-ciyərinə daraşanda hamımız bu romandakına bənzər situasiyaya düşdük, həyatın ölümlə çarpışmasına şahidlik elədik, bütün qoruyucu tədbirlərə baxmayaraq şərlə növbəti savaşda milyonlarla itki verdik. Axırda həyat yenə də qalib gəldi, hərçənd son sözü həmişə ölüm deyir. Ölümcül mikroblar, xain viruslar ömrümüzü-günümüzü gecə-gündüz nişangahda saxlayır, girəvə düşən kimi tətiyi çəkir. Xoşbəxtlikdən hələlik doğulanlar ölənləri üstələyir, bir gün bu proses tərsinə getsə, axırımız nə olacaq, bilinmir.
Kamü öldürücü xəstəliyi, qorxunc epidemiyanı parlaq universal simvol, ümumbəşəri mif səviyyəsinə, əsərini də eynən Kafkanın əsərləritək insanın taleyi haqqında yazılmış roman-pritça, roman-alleqoriya mərtəbəsinə qaldırıb. Ancaq əsərdəki obrazlar sadəcə müəllifin ideyalarını, tezislərini daşıyan rəmzlər, konstruktlar deyil, həm də xarakterləri, sevgiləri, qorxularıyla birgə canlı insanlardır, əks halda yüksək bədii keyfiyyətlərdən məhrum əsər quru, cansız traktatdan seçilməzdi. Dahi yazıçı o kəsdir ki, həmişə sənətlə həyatın, mücərrədliklə konkretliyin kəsişdiyi nöqtədə məqam tutur, bir əli sənətdə, bir əli həyatda olur. İncəsənət həyat haqqında həqiqətləri ifadə eləməyin ən kamil, ən üstün vasitəsidir. Kamü özü də deyirdi ki, əgər filosof olmaq istəyirsənsə, roman yaz. Onun traktatları da forma-üslub baxımından akademizmdən uzaq, bədii publisistikaya bir köynək yaxındır.
***
Bunu da deyim ki, “Taun” romanının dilimizdə orijinaldan iki tərcüməsi var – birini mərhum tərcüməçi Hamlet Qoca, o birini tənqidçi alim Cavanşir Yusifli çevirib. Əsərdə hadisələr 194…-cı ildə (müəllif konkretləşdirmir) Əlzəcairin dənizqırağı Oran şəhərində, tipik fransız prefekturasında baş verir. Dəniz kənarında yerləşdiyini saymasaq (di gəl, bu yaşayış məntəqəsi üzü dənizə yox, arxası dənizə salınıb), ana təbiətdən nəsibini almamış ağacsız-quşsuz ölü şəhərə bu azmış kimi yaz ağzı taun epidemiyası da qəfil hücuma keçir. Xain təcavüzə hazır olmayan şəhər adamlarının hərəsi bəlaya bir cür reaksiya verir, potensial ölüm qarşısında hər kəsin xarakteri, gerçək mahiyyəti açılır.
Hər şey ondan başlanır ki, küçələrdə, evlərdə ölü siçovullar peyda olur. Çox keçməmiş şəhər əhli çöl-bayırdan hər gün minlərlə gəmirici leşi toplayır. Əzəl günlər şəhərin fəlakət astanasında olduğunu hələ ağlına gətirməyən baş qəhrəman doktor Rie xəstə arvadını sanatoriyada müalicə olunsun deyə dağ kurortuna yola salır. Ev işlərində oğlunun əlindən tutmaq üçün anası onun yanına köçür.
Taunun ilk öldürdüyü adam doktorun yaşadığı evin dalandarı olur. Epidemiyadan hələlik heç kim şübhələnməsə də, ölənlərin sayı durmadan artır. Doktor Rie Parisdən zərdab sifariş verir, ancaq onun xəstələrə çox da köməyi dəymir, üstəlik, tezliklə dərman da tükənir. Şəhər prefekturası vəziyyətin ciddiləşdiyini görəndə karantin elan eləyir, Oran qapalı məkana çevrilir.
Bir axşam Qran soyadlı çoxdankı pasiyenti doktoru evinə çağırır. Meriyada qulluq eləyən bu qoca yoxsul olduğuna görə Rie həmişə ona pulsuz xidmət göstərir. Qran deyir ki, onun Kottar adlı qonşusu intihara cəhd göstərib. Kottarın bu cəhdinin səbəbi Qrana bəlli deyil, ancaq qonşusunun özünü qəribə aparmağı qocanın gözündən yayınmayıb. Qaraqabaq, adamayovuşmaz Kottar bu hadisədən sonra insanlara qaynayıb-qarışmağa, onlara mehribanlıq göstərməyə başlayır. Doktor bu qənaətə gəlir ki, Kottarın vicdanı ləkəlidir, bu səbəbdən adamların etimadını qazanmağa, özünü onlara bəyəndirməyə çalışır.
Cansız-cəsədsiz, ürkək, fikrini dilə gətirməyə çətinliklə söz tapan qoca Qran özü isə uzun illərdən bəri bir kitab yazır. Hökumət işindən macal tapan kimi şedevr olacağına əsla şübhə eləmədiyi əsərinin üstündə işləməyə girişir. Fəqət əsərin birinci cümləsini bu neçə ildə nə qədər yazıb-pozsa da, üstündə oynasa da, hələ də başa gətirə bilməyib.
***
Epidemiyanın ilk günlərində doktor Rie iki nəfərlə tanış olur: bunun biri Parisdən gəlmiş jurnalist Raymon Ramber, o biri atletik cüssəli, sakit ayıq baxışlı Jan Tarrudur. Epidemiyadan bir neçə həftə əvvəl şəhərə gəlmiş Tarru dəftərçədə qeydlər aparır, Oranda gördüklərini bütün təfərrüatıyla yazıb sənədləşdirir, xəstəlik yayılandan sonra isə, təbii ki, bütün diqqətini fəlakətin detallarına yönəldir. Tarru tezliklə doktorun yaxın dostuna, silahdaşına çevrilir, ölətlə (indi çox yerdə unudulmuş bu gözəl kəlmə dilimizdə epidemiya sözünün qarşılığıdır, Mirzə Fətəli Axundovun, Süleyman Rəhimovun leksikonunda işlənmiş sözdür) mübarizə aparmaq üçün könüllülərdən ibarət sanitar dəstələri yaradır.
Karantin elan olunandan sonra şəhər əhli özünü türmədəymiş kimi hiss eləyir. Məktub yazmaq, dənizdə çimmək, şəhərdən çıxmaq qadağandır. Ərzaq qıtlığı yarananda Kottar kimi qaçaqmalçılar vəziyyətdən yararlanmağa çalışırlar. Varlılarla kasıblar arasında fərq daha qabarıq görünməyə başlayır: olan-qalanını da ərzağa verib lüt qalan kasıblardan fərqli olaraq varlılar qara bazardan üçqat bahasına yemək-içmək almağa, kafe-restoranlarda, əyləncə yerlərində pul xərcləməyə xəsislik eləmirlər. Heç kim gələcək haqda düşünmür, fəlakətin nə qədər çəkəcəyini, bu ütüdən salamat çıxıb-çıxmayacağını bilmir, hamı bugünlə yaşayır. Real ölümün təhdidi qarşısında insanların həyata da, zamana da münasibəti dəyişir. Sərvət, ictimai mövqe, sosial status (yəni həyat) adamları çeşidləndirib boy sırasına düzürsə, əcəlin hüzurunda hamı bərabərləşir.
Oranda qəribliyə düşmüş jurnalist Ramber Parisdəki azad, firavan günlərinə, sevgilisinin yanına qayıtmağa yol axtarır. Əvvəl qanuni yolla şəhərdən çıxmağa çalışsa da, icazə ala bilmir. Sonra Kottarın köməyi sayəsində qaçaqmalçılarla əlaqəyə girir, işlər düzülüb-qoşulanda Ramber fikrindən daşınır, sutkanın iyirmi saatını xəstələrlə əlləşən doktor Rienin, taunla ölüm-dirim savaşına çıxmış Tarrunun fədakarlığını görəndən sonra əcəlin pəncəsində çabalayan şəhəri bu halda qoyub aradan çıxmağa vicdanı, ləyaqəti yol vermir. Ramber Oranda qalıb Tarrunun sanitar briqadasına qoşulur.
Vəziyyətdən yalnız Kottar razıdır, epidemiya onun qanunsuz alveri, haram qazancı üçün gen meydan açıb, bulanıq suda balıq tutmasına bolluca imkan yaradıb. Üstəlik, hökumətin, polisin başı elə qarışıb ki, Kottar kimilər yada düşmür, can hayına qalmış şəhərdə onları itirib-axtaran yoxdur. Barəsində açılmış cinayət qovluğu da, Allah bilir, hansı dəftərxananın küncünə atılıb qalıb.
Karantinə alınmış insanlar evlərinə qayıdanda doğmalarının, əzizlərinin qırıldığını görüb ağıllarını itirirlər, havalı başla ev-eşiklərinə od vurub taun adıyla ömürlərinə soxulmuş şərdən qisas aldıqlarını düşünürlər. Qarətçilər elə onların gözü qabağındaca özlərini alova atır, pula gedən nə varsa canlarını oda yaxmaq hesabına daşıyıb aparıb dəyər-dəyməzinə satırlar.
Keşiş Panlü kilsədə söylədiyi moizələrdə taunun günahlarına görə Allahın şəhər əhlinə göndərdiyi bir cəza olduğunu, Tanrının iradəsinə boyun əyməkdən savayı bir çarə qalmadığını ibadətə gələnlərin beyninə yeridir. Keşiş tibbə heç bir etimad göstərmir, Allah, ölüm, cəza, təbabət kimi mövzulara münasibətdə doktor Rie ilə toqquşur. Ancaq günahsız, məsum uşağın vaxtsız əcələ qurban getməsindən sonra keşiş Panlü də hərəkətə gəlir, o da Tarrunun sanitar briqadasına qoşulub xəstələrə yardım göstərməyə çalışır.
***
Meyitləri əvvəl-əvvəl adət-ənənəyə, dini qaydalara uyğun dəfn eləyirlər, ancaq ölətin miqyası böyüdükcə qəbiristanlıqda yer qalmır, böyük çalalar qazıb cəsədləri topa-topa gömürlər, daha sonra meyitləri şəhər kənarına daşıyıb yandırırlar.
Yazdan qol-qanad açan taun bütün yay boyu tüğyan eləyir, oktyabr ayında doktor Kastel yayılmış virusun özündən zərdab düzəldir. Onu ilk dəfə müstəntiq Otonun ümidsiz vəziyyətdə olan oğlunun üzərində sınayırlar. Doktor Rie ilə dostları uşağın can çəkməsini bir neçə saat aramsız izləyirlər, fəqət zavallı oğlanı xilas eləmək mümkün olmur. Günahsız varlığın çəkdiyi dözülməz əzablar hamının qəlbini yaralayır.
Üzü qışa getdikcə xəstəlikdən sağalanların da sayı artmağa başlayır. Ölüm ayağında olan, sağalmağına heç bir ümid qalmayan qoca Qran da həyata qayıdır. Ölətin pəncələri yavaş-yavaş heydən düşür, əcəlin caynaqları xəstə canların yaxasından açılır. Ölümün küncə qısnadığı həyat handan-hana yuxudan oyanıb gərnəşir.
Şəhər əhli xoş xəbərləri şübhəylə qarşılayır, camaat taunun zəiflədiyinə, həyatın əvvəlki axarına qayıdacağına inana bilmir. Qurtuluş onlara az qala mümkünsüz görünür. Bu aralar Kottar həm doktor Rie, həm də Tarru ilə tez-tez ünsiyyət saxlayır, onlara açıq şəkildə deyir ki, epidemiya yat-yut olandan sonra camaat ondan üz döndərəcək. Tarrunun gündəliyinə anlaşılmaz xətlə yazılmış son sətirlər məhz ona həsr olunub. Böhranın sonuna yaxın Tarru da virusa yoluxur, özü də ən ağır formada. Doktor çox çalışsa da, dostunu qurtara bilmir.
Bir fevral səhəri Oran şəhərinin qapıları dünyanın üzünə açılır, camaat toy-bayram eləyir, neçə vaxtdan bəri ilk dəfə üzlərdə gülüş, xoş təbəssüm görünür. Ancaq onlar yaxşı başa düşürlər ki, daha əvvəlki adam ola bilməyəcəklər, bəla onların xarakterini dəyişib, həyat onların sevincinə zəhər qatıb.
Bir gün Qrana baş çəkməyə gedən doktor xəbər tutur ki, qocanın qonşusu Kottar havalanıb pəncərədən gələnə-gedənə atəş açır. Polis çətinliklə də olsa onu zərərsizləşdirir. Qran isə ölətin pəncəsində can verəndə yandırdığı əlyazmanı bərpa eləyib sevimli məşğuliyyətinə qayıdır. Bu dəfə o, əsərinin məşhur ilk cümləsindən təşbehləri çıxarır.
Rie evinə çatanda arvadının öldüyü haqda teleqram alır. Xəbər onu sarsıtsa da, doktor bu ağrıya da mərdliklə sinə gərir: ağlagəlməz, gözlənməz nəsə baş verməyib. O özü də ötən ayları bir an ara verməyən ağrı-acıların tikanlı ağuşunda, ay kimi soyuq, gün kimi qaynar cəhənnəmdə keçirib. Küçədən gələn şadlıq sədalarına, şən bağırtılara qulaq kəsilən həkim düşünür ki, hər bir sevinc potensial təhlükə altındadır. Taun mikrobu heç vaxt ölmür, illərlə, on illərlə haradasa daldalanıb mürgüləyir. Günün birində siçovulların canına daraşıb xoşbəxt şəhərin küçələrində zəfər yürüşünə çıxır.
***
Doktor Rienin həkimliyi də rəmzi məna daşıyır. O, təmtəraqdan, gurultudan uzaq sadə, təvazökar bir asket, məsləkinə, əqidəsinə sadiq epikürçü kimi absurd dünyanın, ölüm qorxusunun qarşısında tərksilah olunmuş əliyalın insanların sağlamlığının qeydinə qalır, çünki yalnız sağlam can həyatın sevincini dada bilər, yaşamağın həzzini duya bilər. Həyat sevinci, yaşamaq həzzi əcəl ağrısını, ölüm xofunu yenməyin tək yoludur, yalnız o sevincin, o həzzin hesabına hər bir canlı ölümündən sıyrılıb həyata ezam olunur, yenidən ölümün səltənətinə qayıdanacan canını diri tutur.
Əgər Kafkadan ötrü metafizik vahimə, total xof, aramsız könüllü ölüm ehtirasdan, günahdan azad olmaq istəyən insanın daimi halıdırsa, Kamü üçün vahimə də, xof da, ölüm də insan azadlığının qəvi düşməni, absurd dünyaya, çərxi tərsinə hərlənən fələyə, tərsinə yeriyən şeytana qarşı metafizik qiyamın başlıca hədəfidir. Kafkadan ötrü vicdan əzabı, ölüm acısı günah yüklü ehtirasları tormozlayan ən güclü mexanizmdirsə, Kamü üçün vicdan əzaba, həzz acıya, ehtiras günaha, həyat ölümə qarşı mübarizə alətidir. Doktor Rie öz zehninin, peşəsinin imkanları hesabına məhz ölümlə, yox olmaq qorxusuyla mübarizə aparır.
O, Allahın varlığına inanmır, keşişin moizələrinə skeptik yanaşır, bununla belə ateizmini əlində bayrağa çevirmir, xəstələri kimdən qoruduğunu, nə məqsədlə qoruduğunu bilməyə-bilməyə onları sağaltmağa çalışır. Əslində, onun da təsəvvüründə bir tanrı obrazı var, ancaq o tanrı keşiş Panlü atanın allahına oxşamır, doktorun tanrısı da elə özünə bənzəyir. Rie dostu Tarruya deyir ki, işdi-şayəd, keşişin allahına inansa, gərək heç kimə yardım göstərməyib xəstələri onun ümidinə buraxa: “Əgər həyatda hər şeyi ölüm yerbəyer eləyirsə, ola bilsin, Allah-təalaya da sərfəlidir ki, insan ona inanmasın, lal göylərdən nicat ummaqdansa var gücünü toplayıb ölümlə mübarizəyə girişsin”.
Bəli, insanı özünə inanmamağa çağıran Allah doktor Rienin allahıdır, Kamünün tanrısıdır. O, bəndəsinə minnət qoyan, onun səsini boğan tanrılara bənzəməz. O, zəka çırağını göylərdən oğurlayıb insanlara ötürən qiyamçı ateistləri, fərdin haqqını hər şeydən üstün tutan üsyankar anarxistləri özünə qarşı qaldıran allahdır. Bu yerdə Vaqif Səmədoğlunun 1963-cü ildə yazdığı “Şəffaf balıq” poemasından bir misranı xatırlatmaq yerinə düşər: “Allah insan ağzıyla deyir ki, yoxam…” Bu da absurdun daha bir mükəmməl formulu!
***
Xristian tanrısına, onun cənnətinə heç bir ümid bəsləməyən, heç bir qəhrəmanlığa, müqəddəsliyə iddia eləməyən doktor Rie canını sipərə döndərib insanları qorumağa çalışır. Keşiş Panlü ata isə, əksinə, öz tanrısını insanların şərindən, üsyanından qorumaq üçün canfəşanlıq eləyir, dəridən-qabıqdan çıxır. Onun məntiqinə görə, ölümcül bəlanın yayılmağında insanlar özləri təqsirkardırlar. Can alan mikrob seli yolunu azmış insanlara Allahın cəzasıdır, xəstəlik şər olsa da, bəndələri xeyirin qapısına aparacaq, pisləri cəzalandırıb yaxşıları mükafatlandıracaq. Heç bir elmə, təbabətə bel bağlamaq lazım deyil, nicatı, qurtuluşu yalnız göylərdən diləmək gərəkdir.
Əzablar qoynunda uzun-uzadı can verən uşağın başı üstünü kəsdirəndə doktor keşişə acıqlı-acıqlı deyir: “Bu tifilin yəqin ki, heç bir günahı olmayıb, siz bunu yaxşı bilərsiniz”. Keşiş həkimin ittiham tonunda danışmasından alınır, Rienin qəzəbi onu sarsıdır. Panlü ata Rieni ilahi iradə qarşısında təslimçiliyə çağıranda doktor ona belə cavab verir: “Allahın uşaqlara əzab çəkdirdiyi bu dünyanı son nəfəsimdə belə qəbul eləmərəm”. Həkimin bu sözləri Dostoyevskinin “Karamazov qardaşları” romanından açıq-aşkar iqtibasdır.
Doktor Rie keşiş Panlüyə deyir ki, xeyirxahlıq, fədakarlıq, savab, günah nə olduğunu bilmir, başqa sözlə, pis-yaxşı heç bir ideyanın yedəyində sürünmür, sadəcə, gerçək varlığının, ekzistensial konstitusiyasının ona diktə elədiyi əməlləri yerinə yetirir, həm də bu işlər təkcə insana sevgiylə yox, həm də, ola bilsin daha çox şərə, xəstəliyə nifrətlə görülür. Keşiş ona insanın xilası naminə çalışdığını deyəndə doktor bunu da etirazla qarşılayır: “Bilirsiniz, məndən ötrü insanın xilası kimi ifadələr çox təmtəraqlı səslənir. Mən o qədər dərinlərə varmıram. Məni insanın sağlamlığı, ilk növbədə sağlamlığı maraqlandırır… Mən şərə, ölümə nifrət bəsləyirəm”.
Hadisələrin gedişatı din nümayəndəsinin bütün tezislərini darmadağın eləyir. Məlum olur ki, ölüm Allah əmri, haq-filan deyil, ölüm cəza da deyil, əgər cəza olsaydı, öldürücü mikroblar məsum bir uşağın yox, məsələn, cinayətkar Kottarın canını alardı. Taleyin istehzasına bax ki, keşiş Panlü özü də bəlanın əlindən salamat qurtarmır – o öz allahını pislikdən, şərdən qorumağa canı-dildən çalışsa da, onun allahı mömin bəndəsini fəlakətdən qoruya bilmir. Bəli, ölüm cəza yox, sadəcə təbiət hadisəsidir. Məsələ burasındadır ki, təbiətin göndərdiyi bəlanın ağıllı-başlı bir məntiqi də yoxdur, çünki təbiət xaosun törəməsidir: canı üzülmüş qoca Qran, doktorun astma xəstəsi olan yarımcan pasiyenti epidemiya selinin ağzından sağ çıxır, ancaq atlet bədənli sağlam, cavan Tarru ölətin səngidiyi bir vaxtda canını tauna tapşırır. Pandemiyanın qızğın çağında heç bir tibbi-bioloji məntiqə sığmayan bu cür halların ara-sıra biz də şahidi olurduq…
***
Jan Tarru bizim “Yabançı” romanından tanıdığımız, günahsız Mersoya edam hökmü kəsən prokurorun oğludur. Atasının qəddarlığı bir vaxt onu çox sarsıdıb, oğlan axır evdən getməyə məcbur olub. Zalım prokurorun, mantiyalı qatilin ədalətsiz qərarı doğmaca oğlunu ömürlük şikəst eləyib, onu çöllərə salıb, diyar-diyar gəzdirib. İndi o, qatillərin sırasından ayrılıb qurbanların cərgəsinə qoşulub, taunun hücumu qarşısında aciz qalmış insanlara yardım göstərməklə atasının günahlarını yumağa çalışır. Ancaq bəzən min savab bir günahı yumağa yetmir. Xəstəliyin səngidiyini görən Tarru bəlkə də görünməz bir əllə, bilinməz bir dillə öldürücü mikrobları öz canına çağırır, özünü ölümə könüllü təslim eləyir. Bu yolla da prokuror oğlu şüursuz bir intihar həmləsiylə atasından qisas alır, qəddar ittihamçının toxumunu qurudur, kökünü kəsir.
Əsərin əvvəlində intihara cəhd göstərən qaçaqmalçı Kottar taun epidemiyası yayılandan sonra sosial maskasını dəyişir. Şərin qol-qanad açması üçün şeytani situasiyanın yaranması vacib şərtdir. Bayaqdan əməllərinin ifşa olunacağından, tutulacağından qorxan Kottar indi sevinir ki, tək özü yox, bütün şəhər qorxu altında yaşayır, həşərat sürüsü kimi şəhərə doluşan əcəl toxumları hamını təqib eləyir. Artıq Kottarın qanunsuz əməlləri heç kimin vecinə deyil, üstəlik, fəaliyyətini bir az da genişləndirib daha çox qara pul qazanmaq üçün ideal şərait yaranıb. Bir sözlə, hamını öldürən ölüm Kottara ikinci nəfəs verir, həyat verir, insanlıq qənimi iblis ona təzə bazar açır. Onun bulaşıq ehtirası, qəddar tamahı əcəl meyvələriylə, şər mikroblarıyla yemlənir.
Şeytan ordusu yorulub-usanıb yavaş-yavaş qışlasına çəkilməyə başlayanda Kottarın dərdi təzələnir, çünki quldur xislətli bu qaçaqmalçı ictimai mənafeyə düşmən kəsilib, həmişə onun əleyhinə işləyib. Camaat yasa batanda Kottar bayram eləyir, hamıya xoş üz göstərir, camaat sevinəndə onun iblis fabrikinə dönmüş beynini qara tüstü-duman sarır. Ölüm yerini həyata verməyə başlayanda Kottar silaha sarılıb hələ taunun cəngindən qurtulmamış, xoşbəxtliyə susamış insanların üstünə ölüm saçır. Bu, əslində onun yarımçıq qalmış intiharının ardıdır, Kottar şərin həmləsinə ona görə davam gətirib ki, özünü məhz öz əliylə məhv eləsin. Şər hər zaman canını didib-dağıtmağa, özünü puça çıxarmağa meyilli olur. Suç duyğusu cəza tələb eləyir, qurban istəyir. Kottarı da ya türmədə, ya da dəlixanada tənha, əzablı ölüm gözləyir.
***
Qapalı şəhərdə ilişib qalmış qərib jurnalist Ramberin də davranışının motivləri maraq doğurur. Parisli jurnalistin ölümcül tələdən çıxmaq imkanı yarandığı məqamda qəfildən fikrini dəyişməsi, Oranda qalıb ölətlə cəngə çıxan orduya qoşulması onun hansı cəhətlərindən xəbər verir – cəsarətindənmi, fədakarlığındanmı, insansevərliyindənmi? Çox güman ki, bunların heç birindən. Geridə qoyub gəldiyi xoşbəxt həyatına qovuşmasından ötrü üzünə qapı açılanda Ramber birdən anlayır ki, dara düşmüş insanları bu vəziyyətdə qoyub qaçsa, bir də heç vaxt həyatından zövq ala bilməyəcək, özünə hörmətini biryolluq itirəcək, vicdanıyla ömürlük əlbəyaxa qalacaq. Əlbəttə, belə yaşamaqdan ölüm yeydir, yox, ölməyib sağ qalsa, öz xoşbəxtliyindən ikiqat həzz alacaq. Bu da bir növ eqoizmdir, bəlkə də mənəvi əsasdan məhrumdur, ancaq ictimai mənafe baxımından nəinki zərərli deyil, hətta faydalıdır.
Ramber bizə tanış personajlarla söhbətində belə deyir: “Təkbaşına xoşbəxt olmaq ayıbdır… Əvvəl elə bilirdim mən bu şəhərdə yadam, burada mənlik bir iş yoxdur. İndisə içimdə belə bir hiss var ki, istər-istəməz mən də buralıyam, mən də sizlərdən biriyəm. Bu fəlakətin hamımıza eyni dərəcədə dəxli var”.
Yerli Kottardan fərqli olaraq gəlmə Ramber camaatın dərdinə, qayğısına könüllü şərik çıxır, onların mənafeyini öz nəfinə çevirə bilir. Ölümün həmləsi qarşısında beyni qəfil aydınlanan, ekzistensiyası kənar aləmdən arınıb dilə gələn jurnalist anlayır ki, hamının xəstəliyə düçar olduğu dünyada sağlam qalmaq, hamıya bədbəxtlik üz verən yerdə xoşbəxt yaşamaq nəinki mümkün deyil, həm də böyük əxlaqsızlıqdır. Universal mahiyyət daşımayan, hamının olmayan xoşbəxtlik əsl xoşbəxtlik deyil, yalançı firavanlıq, ötəri illüziyadır. Çörəyi xalqın fəlakətindən çıxan, insan cəsədlərinin, siçovul leşlərinin üstündə ziyafət quran Kottarın timsalında biz bunu gördük.
***
Taun – şərin, absurdun, ölümün rəmzidir. Ana təbiətin yetirdiyi, həyatın bəslədiyi taun mikrobları heç vaxt ölmür, bu isə o deməkdir ki, şər dünyanın, təbiətin daimi halıdır, ara-sıra kükrəyib zəlzələtək varlığın dayaqlarını sarsıdır, sonra da yavaşıyıb sellər kimi torpağın təkinə hopur. Şeytan mürgüləyəndə yer üzündə dinclik, əmin-amanlıq bərqərar olur, ta yeni bir sunami dalğası baş qaldırana qədər. Şər əbədi, yenilməz bir qüvvədir, üstəlik də həyata yad, gəlmə deyil, şər həyatın, təbiətin öz balasıdır. Ölüm həyatla qoşa yaranır, ölüm həyatın əkiz qardaşı, varlığın ikinci (əslində birinci) üzüdür, ona görə də ölümü ləğv eləmək mümkün deyil, çünki ölümü hansısa möcüzəli üsulla aradan qaldırsan belə, həyat da onun qoltuğunda gedəcək. Odur ki, ölüm də, şər də həyatın ayrılmaz parçası, absurd dünyanın iki kor gözündən biridir.
Əsərin sonlarında doktorla astma xəstəsi olan qoca pasiyenti arasında belə bir atüstü mükalimə baş verir:
“Rie qoca xəstəsinin mənzilinə çatanda toran qovuşmuşdu. Şəhərdən gələn şadyanalıq sədaları otağa da dolurdu, qoca həmişəkitək qabdan-qaba boşaltdığı noxudları sayırdı (qoca Qran cümlə cilalamaqla, bu qoca da noxud saymaqla absurda müqavimət göstərir – F.U).
– Lap yaxşı eləyirlər. Camaatın şənlənməyə haqqı var, gərək həyatın hər üzünü görəsən, – dedi qoca. – Bəs sizin kolleqanız niyə görünmür, doktor? Olmaya başında bir iş var?
Eşikdən partlayış səsləri gəldi, ancaq bu dəfə xatası yoxuydu, uşaqlar fişəng atırdılar. Həkim qocanın xışıldayan sinəsini dinşəyə-dinşəyə cavab verdi:
– Kolleqam öldü.
– Bahooo, – qoca dilxor oldu.
– Taun apardı.
Qoca bir az susub dilləndi:
– Həə, yaxşılar həmişə qabağa düşürlər. Həyatın üzü budur. O kişi nə istədiyini yaxşı bilirdi.
Həkim aparatını çantasına qoya-qoya soruşdu:
– Bunu niyə deyirsiniz?
– Heç, elə-belə. O, boş-boş danışan oğul deyildi. Hər halda mənim könlümə yatırdı. Eləcə xoşuma gəlirdi. Baxırsan, biriləri deyir: “Taun aləmi bürüyüb, taun bizə bəla gətirib”. Az qalırlar buna görə orden-medal istəyələr. Axı taun nə olan şeydir? O da həyatın bir üzüdür, vəssalam.
– İnqalyasiya eləməyi unutmayın.
– Narahat olmayın. Mən hələ çox yaşayacağam, çoxlarını yola salacağam. Mən axı yaşamağı bacarıram…”
Belə görünür ki, “yaşamağı bacaran” bu hiyləgər qoca sağalmaz xəstəliyini özü üçün peyvəndə çevirib, onun nəfəs yollarında yuva qurmuş viruslar, mikroblar yad cisimləri orqanizminə buraxmır, beləliklə onu ən qorxulu epidemiyadan qoruyur. Əslində bu, qocanın öz ixtirası da deyil, onu öz emalatxanasında yoğurub yapıb bu dünyaya göndərmiş ana təbiətin bicliyidir…
***
Kamü şərin varlığını, yenilməzliyini, ölməzliyini təsdiqləsə də, inadkar moralist kimi onunla barışmır, insanı ölümlü, absurd həyata qarşı qiyama çağırır. Qiyam xaosu şəkilləndirmək, boşluğu məzmunla doldurmaqdır. Kainat özlüyündə mənasız, dəyərsiz olsa da, insan ona məna, dəyər qazandırmaq gücündədir. Qiyam ölümə, yoxluğa, heçliyə qarşı peyvənddir.
Doktor Rie ilə dostları taunla mübarizənin faydasız olduğunu bilsələr də, mübarizədən çəkinmirlər, çünki şərə qarşı qiyam, ölümlə barışmamaq onların bu dünyadakı varlığına məzmun verir, yaşamına bəraət qazandırır. Nə olsun ki, həyatın ötəri sevincləri, dünyanın keçici zövqü-səfası müdam təhdid, təhlükə altındadır. Bu amansız təhdidlər, təhlükələr arasında həyatı yaşatmaq, heybətli fələyin hüzurunda xəzan vurmuş yarpaq qədər siqləti olmayan fani canları şərin vahiməsindən, ölümün qorxusundan arındırmaq, aramsız matəm içində ruhun müvazinətini, ciddiliyi, təmkini, kədərə bükülmüş olsa da, təbəssümü qoruyub saxlamaq, iblisə qarşı qiyam bayrağı qaldırmaq – əgər bacarırsansa, budur əsl müdriklik, budur gerçək qəhrəmanlıq. Doktor Rie kimi qəhrəmanlığa heç bir iddian olmasa belə…
…Bir zaman Mövlana da fələyin gərdişinə qarşı metafizik qiyama qalxmışdı: “Mən bir saman çöpüyəm ki, kainatın cazibəsinə üsyan edirəm! Mən bir toz zərrəsiyəm ki, Allaha üsyan edirəm!..”
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Çörəyi ver çörəkçiyə…
Atalı-analı yetimlər
Dünyaya çıxmaq
Klassik irsin üzünü köçürmək
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Hansı qadın?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Universal zamanın sahilində
Rüstəm İbrahimbəyovun dönüşü
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Fərrux dağında məşqlər
Varlığımızın evini abadlaşdıraq
Tarixi əfsanəyə çevirən şəhər
Dili yuxudan oyatmaq
Xocalıdan Buçaya çəkilən yol
Janrın yaddaşı, fikrin əcdadı
Təsir, yoxsa oğurluq?
Tuğ kilsəsində ibadət
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Fikrin libası
Günəşin qatilliyi
Yaradanı yaradanlar
İnsan işğalı
Şeytan söz meydanında
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
İki dünya arasında…
Yazılanın yozulanı
Dil bayramı
Ruhu bədəndən qovmaq!
Köhnə bazara təzə nırx
İki islamın savaşı
Əylən deyim Qıratın qiymətini…
Obrazların yedəyində
Zamanı cilovlamaq cəhdi
Çiynimizdəki əl
Xanəxərab, İranı viran qoyma!
İblisi utandıran şəxsiyyət
Öymək, ya söymək?
Dünya nəsrinin şah əsəri
Nifrət üçbucağı
Günəşin yandırdığı şam
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Milyon illik tənhalıq
Yeni dünyanın astanasında
Allahı qoruyan şair
Allahı öldürən filosof
Knyaz Xristos
Divana döşəli Budda
Anar
Ştirnerdən Bazarova anarxizm
Oblomovla Bazarovun dialoqu
Onore de Balzakın etiqadı
Təsadüflər cənnətindən zərurət türməsinə
Xoşbəxtliyin ölümcül dozası
Paralel xətlərin kəsişməsində
İblisə səcdə qılan şair
Din kimi poeziya, peyğəmbər kimi şair
Kapridə ədəbsiz ölüm
Həyat dozanı aşanda
Zəlzələ hikməti
Düşmənə ezam olunan qeyrət
Qatil kimdir?
Qum dəryasında əsirlik
Dilinin altında gizlənmiş yazıçı
Stalin üçün yazılmış əsər?
Ölməz Tanrının oğlu
Köpək balıqları üçün ziyafət
Sağ qalmaq üçün ölmək
Qaranlıq fələyin hökmü altında
Ağıldan müdrik gözəllik
Bir sülalənin intiharı
İman cəngavəri, əxlaq zadəganı
Traktat dilində poeziya
Kollektiv təhtəlşüurun elçisi
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Qırmızı qanın qara fəsadları
Adsız məzara işləyən tarix
Sözü özünə bənzəyən şair
Məbəddən emalatxanaya
Uçmaq istəyən balıq
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kir götürməyən ruhun gücü
Puç ömrün aqibəti
Gözləməklə keçən ömür
Təkliyinə çarmıxlanmış nəsil
Kuklaxana
Kişi əmrinə möhtac kişi düşməni
Qadının kəşfi
Qürubqabağı sevgi
Gilənar qırğını
Tanrı sorağına çıxan bəndələr
Cəhənnəm – başqalarıdır
Stalinin bəyəndiyi antisovet əsər
Atalıq taxtından yıxılan kral
Öz budağından yıxılan ağac
Ata qətlinin sirri
İnsaf adam
Tanrının qoşduğu Yusif dastanı
Hindistan dərvişi
Vasitə məqsədi doğrultmayanda
Kainatın mühərriki ehtiraslar
Keçmişdə qalmış gələcək
Taleyə qarşı peyvənd
Yoxluğun verdiyi azadlıq
Varlığın yaxasını açmaq
Ruhu üzünə çıxan dünya
Böyüklər üçün uşaq kitabı
Şərab şüşəsində saxlanan zaman
Mücərrəd sevginin konkret ünvanı
Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir
Sükuta sığınmaq, zənciri qırmaq
Yaratdığı dünyaya köçən yazıçı
Uzun sürən xəstəlik
Monastıra aparan orta yol
Kilsədə metafizik macəra
Düşmənlərin əbədi izdivacı
Bir nəslin xəstəlik tarixçəsi
Saxta səadətin cəriməsi
Zərər-ziyansız yaşamağın düsturu
Viran vücuddan qaçış
Keçmişi indiyə çağırmaq
Dublin yəhudisinin odisseyası
Gələcəkdə yazılmış kitab
Oxunduqca yazılan roman
Dünyanı zəbt eləyən yumşaq güc
Fələyin administrasiyası