
Dünyanı zəbt eləyən yumşaq güc
- 24 İyul 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Fransua Moriakın “İlan yumağı” romanı haqqında
Fəxri Uğurlu
On doqquzuncu yüzilliyin Hüqo, Dikkens, Dostoyevski, Tolstoy kimi mistik-idealist (həm də ideoloji) yazıçılarının qoyduğu ənənənin iyirminci əsrin böyük qələm adamları arasında elə də çox ardıcılı meydana çıxmadı. Görünür, bunun bir səbəbi də ötən əsrdə nəhəng miqyaslı dağıdıcı müharibələrin, fəlakətli inqilabların, ictimai-siyasi kataklizmlərin humanizmə, optimizmə yer qoymaması, dekadans, tənəzzül ovqatına rəvac verməsi olub. Bununla belə, əsrin qaranlıq dumanı arasından insanlığın üstünə mistik-ruhani ədəbiyyat ulduzlarının da işığı sızıb: Rabindranat Taqor, Moris Meterlink, Migel de Unamuno, Rayner Mariya Rilke, Tomas Mann, Mixail Bulqakov, Andrey Platonov, Boris Pasternak, Antuan de Sent-Ekzüperi, Çingiz Aytmatov, Kendzaburo Oe, Patrik Züskind, Paulo Koelyo, Orxan Pamuk bu ulduzlardan yalnız bir neçəsinin adıdır. Fransua Moriak da dini-mistik düşüncənin parlatdığı belə ulduzlardan biridir.
Moriak 1885-ci ildə Bordo şəhərində kommersant ailəsində dünyaya göz açmışdı. Anası da tacir nəslindən idi. Gələcək yazıçı ailənin sonbeşiyi, üç qardaş bir bacının sevimli balaca qardaşıydı. Fransuanın iki yaşı olanda atası bu dünyadan köçünü sürmüşdü. Bundan sonra qəlbiqırıq, boynuburuq sonbeşiyə doğmalarının diqqəti bir az da artmışdı. Ancaq nə qədər diqqət göstərsələr də, əzizləri onu psixoloji travmalardan, mənəvi zədələrdən qoruya bilməmişdilər. Yəqin elə bu səbəbdən ədəbi aləmə qədəmlərini də erkən atmışdı, oxuduğu liseyin müəllimi, məşhur yazıçı Andre Jidin qaynı Marsel Druen onu yeznəsi qarışıq bir çox böyük ədibin yaradıcılığıyla yaxından tanış eləmişdi.
Üstündən on beş il ötəndən sonra Fransuanın sevimli nənəsi də fani dünyanı atıb getmişdi. Arvadın meyidi soyumamış törəmələrinin şıdırğı miras bölgüsünə girişməsi yeniyetmə yazıçını (Moriak ondan üç-dörd il qabaq, konkret desək, on üç yaşından artıq yazmağa başlamışdı) bərk sarsıtmışdı. Gənc yaşında gördüyü iyrəncliklər var-dövləti, qızılı-pulu onun gözündə Şeytanın silahına, İblisin obrazına çevirmişdi. Gerçəkdən də, Moriakın şeytanı silah-sursat, cəbbəxana, həbsxana, cürbəcür zor alətləri deyil, insanı dimdiyindən maddi dünyaya bağlayan puldur, qızıldır, sərvətdir; onun şər bahadırları tiranlar, cahangirlər, aristokratlar yox, bankirlər, sələmçilər, növbənöv burjuylardır. Yazıçının dini-mənəvi cihadının da hədəfi öldürücü yaraqlar, dağıdıcı ordular, zülümkar saraylar deyil, sarı iblisin sitayişinə duranların yapışqan ehtirası, sürüşkən nəfsi, alışqan tamahıdır. Onun müqəddəs savaşı müharibə, inqilab meydanlarında yox, bazar meydanında cövlan eləyir.
***
Moriak əqidəli xristian, qatı katolik idi. O, insanı Tanrı mərtəbəsinə qaldırmasını xristianlığın başlıca möcüzəsi sayırdı. Ancaq ona kilsə institutunun təmsilçisi kimi baxmaq olmaz, əksinə, Moriakın baxışları katolik kilsəsinin doqmatik müddəalarına, rəsmi doktrinasına uyğun gəlmirdi. Bu səbəbdən, fərqli fikrə dözümsüz qısqanc ruhanilər onun yaradıcılığını yamanlayırdılar. Yazıçı özü zarafata salıb deyirdi ki, katolik kilsəsi onu, demək olar, pornoqrafik romançı hesab eləyir. Əlbəttə, əgər yazıçı insanı Tanrı qatına kilsədən icazəsiz ucaldırdısa, ona dərgahın yolunu göstərirdisə, keşişlərin onu öyəcəyinə bel bağlamaq olmazdı. Moriak deyirdi ki, romançı yalnız Allahı dərk elədiyi zaman özünü də tanıyır. Sufilərsə bu həqiqətə tapınırdılar: kim özünü tanısa, Allahı da tanıyar. Gördüyümüz kimi, Moriakın məntiqində bu ilahi mexanizm tərsinə işləyir.
1932-ci ildə işıq üzü görmüş “İlan yumağı” əsəri roman-gündəlik, roman-məktub, roman-tövbə, yaxud da roman-etiraf janrında qələmə alınıb. Əsər iyirmi fəsildən ibarətdir, sonda qəhrəmanın yarımçıq qalmış qeydlərinə birini oğlunun, o birini nəvəsinin yazdığı iki məktub da əlavə olunub – bu məktublar təhkiyəçinin ölümündən sonra baş verənləri oxucuya anlatmaqla yanaşı onun xarakterinə, taleyinə, düşüncələrinə iki fərqli yanaşmanı da əks elətdirir. On bir fəsli əhatələyən birinci bölüm qəhrəmanın arvadına məktubu, müraciəti formasında (yəni lirik poeziya janrında), ikinci bölümsə onun mücərrəd ünvanlı qeydləri şəklində (burada müraciətin ünvanı oxucudur) yazıya alınıb. Hər iki bölüm başdan-başa təhkiyəçinin yaxın-uzaq keçmişlə bağlı xatirələrinin, sərrast psixoloji müşahidələrinin, ətrafındakı mühitin mahiyyətini açan dəqiq təsvirlərinin, nəhayət, illər boyu sinəsində yatıb qalmış etiraflarının qarışığından yoğrulub. Müəllif bu tövbənamədə insan qəlbinin elə dərinliklərinə baş vurur, günahların anatomiyasını elə ustalıqla açıb göstərir ki, bu məharətinə görə onu pərəstiş elədiyi Dostoyevski ilə yanaşı qoymağa tərəddüd eləmirsən.
***
Altmış səkkiz yaşlı keçmiş advokat Kalez adlı qəsəbədəki dəbdəbəli mülkündə yavaş-yavaş, tələsmədən can verir. Ailəsi səbirsizliklə onun axırını gözləyir. Uzun illər vəkil kimi ad çıxardığından Lui təqribən qırx il ərzində böyük sərvət yiyəsi olub, üstəlik, ata-anasının tək övladı kimi valideyninin ölümündən sonra qalan mirası da mənimsəyib. Bütün bunları biz həyatının yekun nitqini söyləyən advokatın öz dilindən eşidirik. Atasını erkən itirən Luini övladından canını belə əsirgəməyən anası tək böyüdüb. Uşaqlıqda qəhrəman həm qapalı, həm də qürurlu, özünə vurğun bir oğlan olduğunu xatırlayır. Başqa yolla diqqət çəkə bilmədiyindən oxuduğu məktəbdə həmişə birinciliyi əlində saxlamağa çalışıb. Anasından başqa heç kimlə normal ünsiyyət qura bilməyib, bir dostu, yarı-yoldaşı olmayıb. Davranışıyla qəsdən xoşa gəlməməyə çalışıb ki, xarakterindəki xoşagəlməzlik, yapışmazlıq təbii bir hal kimi görünməsin, başqa sözlə, daim elə bir davranış sərgiləyib ki, guya başqaları onu xasiyyətindəki, görkəmindəki, təbiətindəki naqisliyə görə yox, əməllərinə görə bəyənmirlər.
İyirmi üç yaşı olanda varlı burjuy ailəsində böyümüş bir qız ona aşiq olur. Bu da ona bağlanır. Oğlan inana bilmir ki, hansısa qızın könlünü ovlaya bilər, ona özünü bəyəndirib qəlbini yerindən oynada bilər. Bu fakt onun özünə güvəncini, inamını artırır. Arvadına müraciətində etiraf eləyir ki, qadın nə vaxtsa onu cəhənnəmdən qurtarıb. Toy ərəfəsində gəlinin valideynləri şərt qoyurlar: Luinin anası gənc ailəylə bir evdə yaşamayacaq. Zavallı qadın buna etiraz eləməyi ağlına da gətirmir, gözünün ağı-qarası, yolunda canını odlara yaxdığı tək övladına xoşbəxtlik arzulayıb kənddəki evlərinə çəkilir, əvvəlkitək başını təsərrüfatla qatır. Fəqət ananın saf diləyinə baxmayaraq sevgi, mənəviyyat adlı ilahi qanun pozulub, cəza mexanizmi artıq işə düşüb – uzun sürməyən xoşbəxtliyin ardınca gənc ailənin bundan sonra az qala əlli il çəkəsi soyuq müharibə erası, böyük sükut dövrü başlanır. Qəhrəman bəxtəvər aşiqdən içində ürək yerinə ilan yumağı gəzdirən qəzəbli qocaya çevrildiyi həyat yolunu addım-addım izləyir, etiraflarında nə özünə, nə arvadına, nə də doğma balalarına acıyır, nəyi varsa tökür kağızın üstünə.
***
Yeni ər-arvad olduqları çağlarda onlar axşam yatağa uzananda pıçıltıyla danışmağı, günün təəssüratlarını, ya da xatirələrini bölüşməyi çox sevərmişlər. Ürək-ürəyə verdikləri belə axşamların birində İza ona subay vaxtı sevişdiyi Rudolf adlı bir oğlandan danışır. Rudolf onu almaq istəyirmiş, ancaq İzanın iki qardaşının vərəmdən öldüyünü eşidəndə ailəsinin təzyiqiylə geri durub. Ondan sonra qızın valideynləri qorxuya düşüblər ki, bu məsələ camaat arasında yayılsa, daha İzanın adını tutan olmayacaq. Qadın səmimi tərzdə dediklərinin ərinə necə təsir göstərdiyini duymadan sözünə ara vermir: deməyəsən Rudolf çox göyçək, yaraşıqlı, qızların dərdindən öldüyü laçın oğlanmış. Xəbəri də yoxdur ki, bu etiraflar ərinin xoşbəxtliyinin üstündən xətt çəkəcək, onun ömrünü biryolluq zəhərləyəcək: demək, o heç sevilməyib, demək, onun ailəsi yalan, fırıldaq üstündə qurulub, bu qızı ona sadəcə sırıyıblar. Arvadı özü də bilmədən onun ayaqları altında cəhənnəm odu qalayır.
Fəqət nifrət tonqalı birdən-birə alovlanmır, Luinin ayağının altında çatılmış ocaq əvvəl-əvvəl korun-korun tüstülənsə də, üstündən keçən hər əsim şər yelinin ardınca bir az da körüklənib közərir, bir az da od alır. Bir hadisədən sonra isə Lui arvadının onu əsla sevmədiyinə tam əmin olur.
Günlərin birində məşhur advokat Vilnav ailəsinin işi üzrə keçirilən məhkəmə iclasında vəkil qismində parlaq nitq söyləyir, bütün qəzetlər ondan yazır, şəkli ön səhifələrə çıxarılır, küçə-bazarda ondan danışılır. Cinayət işinin mahiyyəti bundan ibarətdir ki, ana ərinə qarşı oğlunun törətdiyi qəsdi öz üstünə götürür. Ana bu addımı təkcə oğluna görə yox, həm də sevimli ərinin naminə atır, əri özü ondan xahiş eləyir ki, əziz oğlunun suçunu boynuna götürsün, övladını bada verməsin. Qadının bu sevgisi, fədakarlığı Luinin qəlbini sarsıdır, onun vəkil ilhamını yerindən oynadır, nitqinə qanad verir. Hamı ondan danışmaqdaykən öz evində advokatı parlaq qələbə münasibətiylə təbrik eləyən, təbrik bir yana dursun, ondan nəsə soruşan belə olmur, elə bil onun həyatında heç nə baş verməyib.
***
Bundan sonra qəhrəmanla arvadı, övladları arasında açılmış çatlar bir az da dərinləşir. Qeydlərində o özünü qızılpərəst adlandırır, hesab eləyir ki, bu xasiyyəti ona kəndçi qızı anasından keçmədir. Luiyə həmişə elə gəlib ki, arvad-uşağını yalnız var-dövlət hesabına özündən asılı vəziyyətdə saxlayıb istədiyi səmtə yönəldə bilər. Var-dövləti ondan ötrü hakimiyyət aləti; cüzdanı, pul-parası – qışlası, qoşunu; qızıl-gümüş mücrüsü – topu-topxanası olub. Gündəliyində ailəsinə müraciətlə yazır ki, qızıl sizi şirnikləndirir, məni isə qoruyur. Ordusunu döyüş hazırlığına gətirmiş qəhrəman fikrində həm arvadıyla, həm də oğlu-qızıyla böyük kapital savaşına çıxır, öləndən sonra sərvəti onlara qismət olmasın deyə cürbəcür hüquqi yollar axtarır, yuridik fəndlər düşünüb tapır. Arvadı despot ərindən çəkinir, övladları xəsis atalarından həm qorxur, həm də ona nifrət bəsləyirlər. Bir sözlə, ailə xalis cəhənnəm batalyonu, ev də qır qazanıdır.
Təhkiyəçi arvadını bir də bunda qınayır ki, qadın əvvəlcə ömrünü bütünlüklə övladlarının, sonra da nəvələrinin qayğılarına həsr eləyib, onu – ərini isə qapı dalında qoyub, həyatının bir küncündə ona yer ayırmayıb, onu duymağa, onu başa düşməyə əsla maraq göstərməyib. Ondan da, övladlarından da ötrü evin kişisi yalnız pul dağarcığı funksiyasını yerinə yetirib. Arvadı özünü inanclı adam sayır, uşaqlarını yanına salıb hər bazar kilsəyə gedir, bütün dini ritualları yerinə yetirir. Əri hərdən onu dini söhbətlərə çəkəndə qadının etiqadının nə qədər üzdə olduğu, yaşayışının inancına uyuşmadığı dərhal özünü göstərir. Uşaqlarının da dindarlığı zahiri ayinlərə əməl eləməkdən uzağa getmir.
Bir sözlə, ana da, balaları da dinə, kilsəyə yalnız Tanrının bəlalardan sığınacaq yeri kimi pənah aparırlar. Nə İzada, nə qızı Jenevyevada, nə də oğlu Güberdə xristian sevgisindən, itaətkarlıqdan əsər-əlamət yoxdur. Kilsə onlara yalnız öz sağlamlıqlarını, rifahlarını, sərvətlərini sığortalamaq üçün ilahi kontor kimi gərəkdir.
***
Lui uşaqlarından yalnız sonbeşik qızı Mariyə mehrini salır. O zavallı qızcığaz da həm ata-anasının, həm də yerli həkimin səhlənkarlığı ucbatından uşaqkən xəstələnib ölür. Atası bu zərbəyə çətinliklə davam gətirir, əsər boyu qızını tez-tez yadına salır, Marinin xatirəsi, o dünyadan axıb içinə dolan hənirtisi ona həyan durur, ona, özünün dediyi kimi, canavar sürüsünün arasından sağ çıxmaqda böyük kömək göstərir.
Baldızı öləndən sonra onun övladlığa götürdükləri oğluna da Lui ürəkdən bağlanır, doğma balalarından fərqli olaraq bu uşaq da onda atalıq duyğusu oyadır. Qəhrəman səmimi, şən, açıq könüllü Lyuka sevgisinin səbəbini o gözütox uşaqda özünə, öz belindən gəlmiş balalarına bənzər heç nə olmamasına bağlayır. Xatırlayır ki, Lyuk xalası uşaqlarıtək pul hərisi deyildi, tamah nədir bilməzdi, onunla həmişə sərbəst, açıq danışardı, doğmaca balalarından fərqli olaraq ondan qorxub çəkinməz, atalığına xoxantək baxmaz, ona altdan-altdan nifrət bəsləməzdi. Bir sözlə, Lyuk bu evdə Maridən sonra ona bənzəməyən tək məxluq olub. Yəqin riyakar, tamahkar balalarına oxşamadığına görə xalasının sevmədiyi Lyuk əsgərlik yaşı tamam olar-olmaz könüllü cəbhəyə yollanır, bir də geri qayıtmır.
Sonralar bir müddət evin daimi qonağına, daha doğrusu, sakininə çevrilən abbat Arduen də advokat Luinin təskinlik yerinə çevrilir. Keşiş sadə, ancaq müdrik sözləriylə onun qəlbinə su səpir, onun beynində tüğyan eləyən fırtınaları yatırmağa çalışır. Arvad-uşağından yalnız biganəlik görmüş vəkil Lui abbat Arduenin ürəyə məlhəm kimi yaxılan sözlərindən, onu xeyirxah adam saydığını deməsindən sonra mərdimazarlıq eləməkdən, ədalətsiz davranmaqdan çəkinir, özünə bir ayrı gözlə baxmağa, özünü tanımağa başlayır.
Bu yeni baxış yavaş-yavaş tövbə qapısını da onun üzünə açmaqdadır. Ürəyinin qapıları, bacaları, pəncərələri tam açılandan sonra qəhrəman əlinə qələm alıb həyatına dalacaq. Yadına düşəcək ki, İzanı aldatmaq üçün yox, saxta sevgisinə görə ondan qisas almaq üçün, qanayan yarasına kül basıb ağrısını kiritmək üçün ayğırını sağa-sola çox çapıb, çox çəpərlər basıb qapılar qırıb. Bəzən də yürüşlər davamlı olub, belə yürüşlərin biri bic oğlan uşağının dünyaya gəlməsiylə sona çatıb. Oğlanın anası hüquq müdafiəçisinin despotizminə dözmədiyinə görə uşağını da qoltuğuna vurub Parisə köçüb. Lui onları daha görməsə də, pullarını vaxtlı-vaxtında göndərib.
***
Atalarının get-gedə qəlizləşməsi, nifrətini bütün gücüylə işə salıb dözülməz xarakter alması vəkilin oğlunu, qızını, gəlinini, kürəkənini, nəvəsini, nəvəsinin ədabaz ərini, bir sözlə, hamını həyəcan içində saxlayır. Uşaqları maraqlandıran budur ki, görəsən o dünyanın astanasında olan ataları öz sərvətini necə bölüşdürəcək, kimə nə vəsiyyət eləyəcək. Bir axşam onlar bağda toplaşıb məşvərət məclisi qururlar, atalarını ruhi xəstə adıyla dəlixanaya basdırmağın yollarını axtarırlar. Bundan təsadüfən xəbər tutan Luinin ürəyi bir-birinə sarmaşan zəhərli ilanların sarındığı yumağa dönür. Doğmaca övladlarının bunca allahsız, əclaf olduqlarını bütün qəzəbinə, nifrətinə baxmayaraq o yenə gözləmirmiş.
Lui qərara alır ki, Parisə gedib bütün sərvətini nikahdankənar oğluna bağışlasın. Yola düşənə yaxın arvadıyla sonuncu dəfə mükaliməyə girir. Heç gözləmədiyi halda ona əyan olur ki, arvadı uzun illər onun üzündən iztirab çəkib, gecələr əri yatağına girər deyə uşaqları yanında yatırmayıb. Ürəyində bir qığılcım çırtlasa da, Lui səfərindən daşınmır.
Parisdə o, təsadüfən oğlu Güberlə kürəkəni Alfredi görür. Anlayır ki, planını pozmaq üçün onun izinə düşüblər. Paytaxtda qaldığı müddətdə Lui İzanın öldüyü haqda teleqram alır, çətinliklə də olsa özünü dəfnə çatdırır. Artıq İza onun məktubunu oxumayacaq, gündəliklərini varaqlamayacaq, halbuki bu əziyyətə Lui arvadına görə qatlaşmışdı, ürəyini məhz ondan ötrü açıb tökmüşdü. Amma İza bu dünyadan onu tanımadan köçdü, onu yalnız zalım sandı, cəllad bildi, onun içindəki aləmdən, ruhundan, düşüncəsindən xəbərsiz getdi. Artıq dizə döyüb ağlamağın faydası yoxdur.
***
Atayla övladları arasında çoxdan gözlənən ağır söhbət, nəhayət, baş tutur. Qəhrəman oğluna-qızına izah eləyir ki, öz evində özünü bir sürü qanıq canavarın arasına düşmüş xəstə qoca kimi hiss eləyir. Güberlə Jenevyeva atalarını inandırmağa çalışırlar ki, onların hərəkətləri ona qarşı düşmənçilik yox, vur-tut qanuni özünümüdafiə xarakteri daşıyıb.
İçindən çölə dartınan ruhunun beynini, vücudunu başdan-başa qapsaması nəticəsində, qəlbindən daşıb kainata püskürən sevginin, mərhəmətin təsiri, balalarının heyrətli baxışları altında xəsis advokat Lui qəfildən milyonluq var-dövlətini övladlarına bağışlamaq qərarına gəlir, nikahdankənar oğluna isə ömürlük renta ayırır. Bundan sonra təhkiyəçi çiynindən ağır bir yük atılmış kimi, ayaqlarından kündə açılmış kimi yüngülləşdiyini, rahat nəfəs aldığını söyləyir. Etiraf eləyir ki, ömrü boyu ehtirasların əsiri olub, fəqət həmin ehtiraslar varlığına şəriksiz yiyələnə bilməyib. Yalnız altmış səkkiz yaşında qara yuxudan ayılıb bu zirzəmidən çıxmaq, ölümqabağı doğulmaq ona nəsib olur.
Zəncirlərindən xilas olandan sonra Luinin qalan ömrü ilahi sevinc qoynunda sakit, firavan keçir. Sarsaq, ədabaz əri Filinin atıb getdiyi nəvəsi Yanina da öz körpəsiylə babasının evində məskunlaşır. Qocanın dizindən tutub dikələn nəticəsinin yumşaq saçına, toppuş yanağına sığal çəkəndə Lui heç vaxt duymadığı qədər rahatlıq tapır, Marini, Lyuku, abbat Ardueni xatırlayır; öz növbəsində özü də Jan Valjanı (Hüqo), Dombi atanı (Dikkens), Raskolnikovu (Dostoyevski), Nexlyudovu (Tolstoy) – gəlmiş-getmiş, tanıdığımız-tanımadığımız bütün ölümdən qayıtmışları, dirilmişləri xatırladır. Köksünə inam, etiqad havası dolandan sonra Lui anlayır ki, onun ailəsinin güzəranı gerçək xristian həyat tərzinə yalnız parodiya, karikatura olub. Beləcə, qəhrəmanın sinəsində yuva qurmuş zəhərli ilanlar sarmaşıq mövsümünü başa vurub öz cəhənnəminə qayıdır, ilan yumağı çözülür.
***
Əsər, dediyimiz kimi, iki məktubla yekunlaşır. Bacısı Jenevyevaya yazdığı məktubda Güber atalarının ölümünü xəbər verməklə yanaşı onun qeyd dəftərindən, gündəliklərindən söz açır, ömrünün sonlarında mərhumun dinə, Tanrıya tapınmasını psixi xəstəlik əlaməti kimi yozur:
“Sənin qızının sözləri yalnız indi mənə aydın olur, mən bunu xəstə təxəyyülün uydurması kimi qavrayıram. O deyir ki, babam həyatda gördüyüm yeganə gerçək dindardır. Zavallı Yanina bu sinir xəstəsinin dumanlı xülyalarını, arzularını ciddi qəbul eləyib. Öz doğmalarının düşməni, hamının nifrət bəslədiyi, heç vaxt dostu-sirdaşı olmamış adam, oxuyanda özün də görəcəksən, sevgidən yarımamış (burada gülməli təfərrüatlar var), öz arvadına qızlıq işvəsini bağışlaya bilməyən qısqanc divanə necə oldu ki, ömrünün sonunda birdən-birə dində-imanda təskinlik aramağa başladı? Mən belə bir çevrilişə dünyasında inanmaram. Oxuduqlarımdan çıxardığım nəticə budur: açıq-aydın görünən əqli sapıntı, izlənmə maniyası örnəyi, bir dəlinin dini dona bürünmüş xəstə mühakimələri. Sən düşünə bilərsən: doğrudanmı burada saf xristian etiqadından əsər-əlamət olmayıb? Yox. Bunu tam əminliklə söyləyirəm, çünki belə məsələlərdən yaxşı baş çıxarıram, bu cür möminliyin, dindarlığın da nələrə başa gəldiyini bilirəm. Doğrusunu desəm, atamızın yalançı mistisizmi məndə ikrah doğurur.
Yəqin bir qadın kimi sən bu məsələyə fərqli yanaşacaqsan. Ancaq əgər atamızın qəfil dönüb dindar olduğuna inanmaq istəsən, yadında saxla ki, o, nifrət bəsləməyi çox gözəl bacarırdı, kimisə sevərdisə də, yalnız kiminsə acığına sevərdi. Öz tövbənaməsində o, qəlbini vəcdə gətirən dini duyğulardan dəm vurur, əslində isə həm birbaşa, həm də dolayı vasitələrlə anamızın uşaqlıqdan bizə aşıladığı prinsipləri gözdən salır. O, çılğın bir mistisizmə ona görə söykənib ki, ailəmizdə həmişə rəğbətlə riayət olunan ağıllı, mötədil dindarlığın dayaqlarına rahat balta çala bilsin. Halbuki həqiqət – tarazlıq deməkdir…”
***
İkinci məktub isə Jenevyevanın qızı Yaninanın dayısı Güberə ünvanladığı məktubdur. Burada o, sevdiyi adamdan aldığı ağır zərbədən sonra onu həyata qaytarmış babasının gündəlikləri barədə eşitdiyini yazır, anasının həmin qeydləri ona vermədiyindən gileylənir. Jenevyeva qızına deyib ki, mərhumun yazdıqlarını oxusa, babası gözündən biryolluq düşəcək, nəvəsinin yaddaşındakı mömin qoca obrazı darmadağın olacaq. Əvəzində anası dayısının məktubunu – babasının yazdıqlarını yox, yazılanların şərhini ona həvəslə göstərib. Özü də tez-tez qızının nəzərinə çatdırır ki, babası Yaninanın da haqqında xoşagəlməz ifadələr işlədib:
“Dayı, məni bağışlayın, ancaq bir mühüm məsələdə sizinlə heç cür razılaşa bilmərəm: mən babamın axır həftələrinin tək şahidi kimi onun həmin günlərdə hansı hisslər keçirdiyini bilirəm. Siz onun dumanlı, xəstə dini fantaziyalarını qınayırsınız, ancaq icazənizlə deyim ki, Kalezdə babam yerli keşişlə üç dəfə görüşmüşdü (bir dəfə oktyabrın sonunda, iki dəfə də noyabrda). Nə üçün siz keşişdən bu barədə soruşmaq istəmirsiniz? Anamın deməsinə görə, babamın öz ömrünün ən incə detallarını da qeydə aldığı gündəlikdə bu görüşlər barədə heç nə yazılmayıb, halbuki mərhumun qəlbindəki çevriliş bununla bağlı olsaydı, bu haqda gündəlikdə mütləq nəsə yazılardı. Anam onu da deyir ki, qeydlər yarımçıq qalıb, son cümləsi belə sona çatdırılmayıb. Şübhəsiz, ölüm onu öz tövbəsini qələmə almaq istədiyi məqamda yaxalayıb. Buna şəkk eləmək insafdan olmazdı ki, əgər günahları bağışlansaydı, o, müqəddəs dini ayini də yerinə yetirəcəkdi. Ölümündən bir gün qabaq babamın mənə dediklərini yaxşı xatırlayıram: onu dərd götürmüşdü ki, xristianlığın başlıca ibadətini icra eləməyə hələ də layiq deyil, yazıq gözünü qarşıdan gələn milad bayramına dikmişdi… Onun öləziməkdə olan qəmli səsi hələ də qulaqlarımdadır.
Narahat olmayın, dayı, mən babamın məzarına müqəddəslik çələngi qoymaq fikrində deyiləm. Sizinlə razıyam – o, qəribə, bəzi hallarda isə çox dəhşətli adam idi. Bununla belə ömrünün son günlərində onun qəlbi nurlandı…”
***
Eynən ustadı Dostoyevski kimi Fransua Moriak da qəhrəmanını cəhənnəmin yeddi qatından keçirəndən sonra ona cənnətin qapılarını göstərir. Ancaq bu, bir balaca xatalı üsuldur.
Advokat Lui altmış ildən çox ürəyinin qapı-bacasını başqaları üçün kilidli saxlayır, öz evində, doğmalarının arasında belə o, Sartrın təbirincə desək, özgələrin cəhənnəm olduğu bir aləmdə yaşayır. Ancaq onun divarları qalın, qapı-pəncərəsi qapalı tənhalığının özü də bir cəhənnəmdir. Nə olsun ki, pulu var, sərvəti var, onu saydırıb-seçdirən peşəsi, el içində şöhrəti var, abad evi-eşiyi, ailəsi yolunda can çürüdən qayğıkeş həyat yoldaşı, ağıllı-kamallı övladları var. Hər şey var, amma azadlıq, sevgi, xoşbəxtlik yoxdur, sinəsində ürək yerinə zəhərli ilanlar qaynaşır. Arvadı da, uşaqları da, özü də – hər biri canında dustaqlıq çəkir, heç biri vücudunun hasarını aşıb, özgə bağına girmək bir yana, barı neytral zonaya ayaq basa bilmir. Bir sözlə, ailənin yaşadığı xalis cəhənnəm, xalis sürgün həyatıdır – sevgi, dostluq, qardaşlıq olmayan yerdə evi də, vətəni də, dünyası da adamdan ötrü soyuq zindan, sürgün yeridir.
Son əlli ildə Lui çox az bəxtəvər günlər-saatlar yaşayıb, yalnız ailə həyatının erkən çağında, bir də vəkil kimi haqqın, ədalətin təntənəsinə nail olanda xoşbəxtliyi dadıb. Sevinc, xoşbəxtlik əgər ilahi mahiyyət kəsb eləmirsə, demək, o, şeytani, yalançı sevinc, dünyəvi, gəldi-gedər, son ucu bədbəxtliyə, fəlakətə calanan xoşbəxtlikdir. Ən effektiv terapiya yaradıcılıq terapiyası, ən qalıcı sevinc elə yaradıcılıqdan alınan mənəvi zövqdür. Advokat Lui də xoşbəxtliyi qoca, xəstə vaxtında, əlinə qələm alıb ömrünün hekayəsini bizə danışmağa başlayanda yaxalayır. Keçmişindən üzübəri altmış illik səfər boyu neçə-neçə cəhənnəm tonqalının üstündən atıla-atıla təhkiyəçi travmalarını sözə çevirib zərərsizləşdirir, altmış səkkiz yaşına ağ varaq kimi tərtəmiz çıxır.
***
Belə bir fikir də var ki, kim uşaqlığında, gəncliyində daha çox travma alıbsa, o, daha yaxşı yazır. Bu da xatalı fikirdir. Qəlbində dərin mənəvi yara gəzdirənlərin heç də hamısı Dostoyevski olmur, çoxu qatil, cani, oğru-quldur olur; zaman keçdikcə belələrinin bir qismi miskin köləyə, canının qəsdinə duran mazoxistə, bir qismi də amansız cəllada, tirana, sadistə çevrilir. Yalnız aqressiv psixoloji komplekslərini yenənlər, şeytanına qalib gələnlər travmalarının üstündən adlayıb dahi olurlar. Bu da yalnız sevgidən doğan yaradıcılıq (istənilən növ yaradıcılıq!) hesabına mümkündür. Çünki travmalar dağıdıcıdır (ilk növbədə o travmanı gəzdirən vücuddan ötrü), zədənin xarakterini dəyişmək, onu dağıdıcı missiyasından qurtarmaq üçün köhnə-təzə yaralara sevgi məlhəmi sürtməlisən.
Şərdən xeyir yaranmır, şər olsa-olsa xeyirin oyanmağına təkan verə bilər, onu silkindirib yuxudan ayılda bilər. Yaxşılığın zirvəsinə yetişmək üçün mütləq pis işlər görməyə, cəhənnəm əzabı çəkməyə ehtiyac yoxdur. Əgər haqqa doğru yürüş bunlarsız başa gəlirsə, nə yaxşı! Hər bir halda insan xeyirə şərin leşi üstündən keçib çatır. Advokat Luinin də on illərlə içinə qapandığı zindanın divarları o zindanda dustaqlıq çəkən zavallı qələm çalıb tövbəsini yazmağa girişəndən kərpic-kərpic sökülməyə başlayır. Sevgi, səmimiyyət, həqiqətin gözünə dik baxmaq dustağı şər azarından sağaldır, onun gözlərini açıb üzünü Allaha çevirir. Bundan sonra o, dünyayla bağlarını qırmağa, sərvətini doğmalarına paylamağa, üstündən ağır yükləri atmağa qərar verir. İsa peyğəmbər İncildə necə demişdi: dəvə incəlib iynənin gözündən keçəndə varlılar da cənnətə girəcəklər.
Ancaq “Lui ona görə haqqı tapdı ki, var-dövlətdən imtina elədi” kimi bir müddəa irəli sürmək yanlış olar. Tam tərsinə, əgər qəhrəman içində haqqın nurunu tapmasaydı, onun sərvətdən imtinası ya baş verməyəcəkdi, ya da Məsihin notariat kontorunda etibarlı sayılmayacaqdı. Mənəvi qanunlar məcəlləsindən yola çıxsaq, dünya malından imtina səbəb yox, nəticə ola bilər. Ona qalsa, Buddanın nemətlərdən imtinası günə bir düyü dənəsiylə keçinməyə qədər gedib çıxmışdı, ancaq yenə Qautama öz həqiqətini tapa bilməmişdi. Tək imtinayla haqqa yetişmək olmaz. Bu dünyada haramdan, rüşvətdən, zinadan imtina eləyən, di gəl, zərrəcə adamlığı olmayan, cəmi bəşərə səbəbsiz nifrət bəsləyən nə qədər məxluqlar görmüşük. İmtinanın əxlaqdan, mənəviyyatdan yan keçən səbəbləri də var. Budda anlamışdı ki, məsələyə neqativdən yox, pozitivdən başlamaq lazımdır. Yəni sən xeyirə könül bağlayandan sonra şərdən avtomatik imtina eləyəcəksən, qadağalara ehtiyac duymayacaqsan, sərvət-filan gözünə görünməyəcək.
***
Şərin qarşısına xeyirlə çıxmaq – İsa Məsihin bu ana düsturu sadəcə qulağa xoş gələn, gözdən pərdə asan humanist şüar, gəlişigözəl ifadə deyil. Bu, həzrəti Hippokratın belə əli çatmayan sağlamlıq konsepsiyası, qurtuluş düsturudur. Yalnız Tanrı kimi sevmək, məxluqlara Allah nəzəriylə baxmaq bir torba əti-sümüyü tanrıya çevirir, dünyanın qapılarını taybatay açır, həyatı gözəlləşdirir, insanı müqəddəsləşdirir, varlıqları dəyərə mindirir. Fərdin özünü aşıb kainata açılması, günbəgün uzaqlaşan kainatın da insana dönüşü yalnız ilahi sevginin gücünə başa gəlir.
Allaha nə qədər inanıb itaət göstərən var ki, insana, onun ilahi qüdrətinə inanmır. Bu necə naqis, yarımçıq inamdır?! İnsana inanmayan, onu ixtiyarsız kölə, qolubağlı qul sayan deməsin ki, mən Allaha inanıram. İsa Məsih məhz bu müqəddəs gerçəyi söyləməyə gəlmişdi: eşidin, bilin, ay insanlar, siz hamınız Tanrı övladlarısınız, ata-ananızdan qabaq Allahdan törəmisiniz, canınızda Tanrı yükü, Tanrı məsuliyyəti daşıyırsınız. Kainat sizə yad deyil, sizin bu yaradılışda əliniz var. Dünyaya da o görməyib inandığınız, varlıqların ən alisi saydığınız Tanrının uca nəzəriylə baxmalısınız.
Yalnız onda könlünüz dillənəcək, dünya sizin olacaq, başqaları cənnətə, yadlar doğmaya dönəcək, maddi aləmin sizdən ötrü qara qəpiklik dəyəri qalmayacaq. Sevgi – dünyanı zəbt eləyən ən böyük yumşaq gücdür. Yoxsa zavallı insan beş günlük ömrünün beş gününü də içində gürzələr bəsləməyə, yer üzündə cəhənnəm tonqalları çatmağa, vücudunu zəhər tuluğuna, ilan fermasına çevirməyə məhkumdur.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər
Tanrının qoşduğu Yusif dastanı
Şərab şüşəsində saxlanan zaman
Mücərrəd sevginin konkret ünvanı
Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir
Sükuta sığınmaq, zənciri qırmaq
Yaratdığı dünyaya köçən yazıçı