
Oxunduqca yazılan roman
- 27 İyun 2025
- comments
- Novator.az
- Posted in ManşetTribuna
Andre Jidin “Saxta pul kəsənlər” romanı haqqında
Fəxri Uğurlu
Herman Hessenin ardınca ədəbiyyat üzrə Nobel mükafatı 1947-ci ildə fransız yazıçısı Andre Jidə verilmişdi. Onda yetmiş səkkiz yaşlı Jid vur-tut dörd ili qalmış ömrünün qürub çağını yaşayırdı, çox düşdüyünə görə mükafatı almağa belə gedə bilməmişdi.
Modernistlərin birinci nəslinə mənsub Jidin imzası ədəbiyyatşünasların dilində adı daim zikr olunan çağdaşlarıyla müqayisədə bu gün bir balaca unudulmuş kimi görünsə də, onun yaradıcılığı özündən sonrakı ədəbi nəsillərə, ələlxüsus da “anti-roman”, yaxud “yeni roman” adlandırılan cərəyanın nümayəndələrinə (Natali Sarrot, Marqaret Düras, Alen Rob-Qriye…) böyük təsir göstərmişdi. Jidin Balzakdan qalma ənənəvi romanın strukturunu, məzmununu radikal şəkildə dəyişmək, sosial-tənqidi nəsrin qəliblərini dağıtmaq çağırışları onun ölümündən dərhal sonra həyata keçirilməyə başlanmışdı. Üstəlik, ondan təkcə yazıçı, esseist, filoloq kimi yox, mütəfəkkir, estet, filosof kimi də bəhs olunur. Andre Jidin adına mən ilk dəfə hər ikisi yazıçılar arasında filosof, filosoflar arasında yazıçı sayılan Alber Kamünün, Jan-Pol Sartrın traktatlarında rast gəlmişəm.
“Saxta pul kəsənlər” romanını Jid özünün başlıca əsəri, yazdıqları arasında “yeganə gerçək roman” sayırdı. Düz yüz il bundan qabaq, müəllifinin əlli altı yaşında işıq üzü görmüş bu əsər elə bir tərzdə yazılıb ki, onu Marsel Prustun epopeyası qədər dartıb uzatmaq da olardı. Ancaq içindəki personajların, xətlərin, epizodların polifonik sıxlığına baxmayaraq romanın həcmi heç üç yüz səhifə də deyil. Əgər Prustun yeddi cildlik, üç min beş yüz səhifəlik romanı başdan-ayağa bir qəhrəmanın subyektiv qavrayışları, baxışları üzərində qurulubsa, Jidin əsəri ədəbi plüralizm prinsipinə əsaslanır, neçə-neçə aparıcı personajla yüklənmiş bu romanda, demək olar, baş qəhrəman da yoxdur, hətta personajların işinə qarışmayan təhkiyəçi müəllif özü də personajlardan biridir, hadisələri gah öz dilindən, gah da gündəliyinə boylandığı surətlərin dilindən nağıl eləyir, yeri gəldikcə əsəri haqqında nəzəri-tənqidi mülahizələr irəli sürür.
***
Andre Jid “roman içində roman” texnikasının da yaradıcılarından sayılır. Bəri başdan deyək ki, romanın mərkəzində saxta pul kəsənlər, yaxud pulkəsmə əməliyyatları durmur, qəlp pul burada daha çox rəmzi xarakter daşıyır, əsərə verilmiş “Saxta pul kəsənlər” adı da aparıcı qəhrəmanlardan biri olan yazıçı Eduarın yazmaq istədiyi romanın adıdır. Bu mənada “Saxta pul kəsənlər” romanını “roman yazmaq haqqında roman”, yaxud “oxuna-oxuna yazılan roman” da adlandırmaq olar. Eduarın əsər boyu üzə çıxmayan, ancaq yazmaq istədiyi romanı gözümüzün qarşısında Andre Jidin qələmiylə ərsəyə gəlir.
Əsərin yazıçı qəhrəmanı müəllifin alter-eqosu olmaqla yanaşı onun estetik prinsiplərini dilə gətirir, eynən onun kimi romançı obrazı yaradır, yazdığı romanın süjeti də insana özündən ixtiyarsız verilmiş gerçəkliklə onun həmin gerçəklikdən düzəltmək istədiyi alternativ reallıq arasında mübarizə üzərində qurulub. Yazıçı yaratdığı obrazların diliylə öz əsərini də müzakirə predmetinə çevirir, yaradıcı prinsiplərinə onların tənqidi gözüylə baxır, əsər boyu həm tale-qismət haqqında oturuşmuş təsəvvürün, həm klassik roman janrının, həm də klassik ailə institutunun dalana dirəndiyini bəzən açıq şəkildə, bəzən də dolayı yollarla dönə-dönə vurğulayır.
Əsərin fabulası, süjeti çox mürəkkəb, qarmaqarışıq olduğundan burada baş verənlər haqqında ənənəvi qaydada danışmaq da çətindir. Roman üç bölümdən ibarətdir: birinci bölüm “Paris”, ikinci bölüm “Saas-Fe”, üçüncü bölüm yenə “Paris” adlanır. Bölmələrin adlarından göründüyü kimi, hadisələr əsasən paytaxt Parisdə, bir də İsveçrə kəndi Saas-Fedə cərəyan eləyir. Məkanı konkret göstərsə də, zaman haqqında müəllif bilərəkdən konkret məlumat vermir, xətti təhkiyədənsə anaxronik, fraqmentar narrativi üstün tutur.
Yazıçı əsasən üç ailəni diqqət mərkəzinə çəkir: Profitandye, Molinye, bir də Azais-Vedel ailəsi. Qoca musiqi müəllimi Laperuz, biri Rober de Passavan, o biri Eduar adlı iki yazıçı da bu ailələrin ayrı-ayrı üzvlərinə sıx bağlıdır. Eduar gündəlik yazır, həmin gündəliyə öz müşahidələrini, təhlillərini qeyd eləməklə “Saxta pul kəsənlər” adlanacaq gələcək romanı üçün material toplayır. Əsər boyu tez-tez həm bu yazıçının, həm də müəllifin səsini eşidir, qəhrəmanların davranışlarına onların verdiyi yozumlarla, şərhlərlə tanış oluruq.
***
Özünün şübhəli mənşəyindən xəbər tutan on yeddi yaşlı Bernar Profitandye evdən gedir. Oğlan əmindir ki, atası bildiyi adama həmişə nifrət bəsləyib. Hərçənd məhkəmə müstəntiqi Profitandye Bernarı doğma övladlarından – vəkil Şarldan, məktəbli Kaludan da çox istəyir, çünki onların heç birində Bernarda olan möhkəm, ramolunmaz xarakter yoxdur. Olivye Molinye də dostunun xasiyyətinə vurğundur. Zərif, incə Olivyenin güclü mənəvi dəstəyə ehtiyacı var, buna görə o, Bernara qırılmaz tellə bağlıdır. Olivye dayısı Eduarın İngiltərədən dönüşünü səbirsizliklə gözləyir – nəsildə könül açıqlığıyla genəşiləsi, danışılası bir adam varsa, o da Eduar dayıdır. Bu günlər Olivye müdhiş bir səhnənin şahidi olub: gecə qapı dalında bir qadın yetim uşaq kimi hönkürürmüş. Görünür, həmin qadın onun böyük qardaşı Vinsentin məşuqəsiymiş.
Laura Düvye adlı bu qadına Vinsent vərəm sanatoriyasında rast gəlib. Onda ikisi də elə bilirmiş ömürlərinə sanılı günlər qalıb. Laura hamilədir, ancaq ərinin yanına qayıtmaq da istəmir. Bütün pullarını qumara qoymuş Vinsent isə qadını saxlamaq iqtidarında deyil. Kart oyununa onu yazıçı qraf de Passavan dadandırıb. Bu işdə qrafın öz marağı var: Rober Vinsentə pullarını geri qaytarmaq imkanı verir, əvəzində məşuqəsi ledi Lilian Qriffiteni ona güzəştə gedir, daha doğrusu, sırıyır. Vinsent ağıllı, yaraşıqlı olsa da, kübar ədalarından tamam məhrumdur. Lilian onun tərbiyəsini həvəslə üzərinə götürür. Bu güzəştin qarşılığında Roberin Vinsentdən bir umacağı var – onu kiçik qardaşı Olivye ilə calaşdırsın.
Qatarda yazıçı Eduar həmkarı Rober de Passavanın yenicə işıq üzü görmüş, müəllifinin özü kimi parlaq, qəlp kitabını qıcıqla, əsəblə gözdən keçirir. O, Lauranın ondan imdad diləyən məktubunu təkrar oxuyandan sonra gündəliyinə belə bir qeyd eləyir: kinematoqraf epoxasında hadisəçilikdən qaçmaq lazımdır.
Dayısıyla çoxdan gözlədiyi görüş Olivyeyə sevinc gətirmir. Hər ikisi özünü pərdəli aparır, heç biri içini limhalim doldurmuş sevinci büruzə verə bilmir. Eduarın itirdiyi baqaj qəbzini Bernar tapır. Yazıçının çamadanında bir il əvvəlin gündəlikləri yatır. Eduar Molinye qardaşlarının kiçiyi Jorju oğurluq başında tutur. Qardaşlar Laura, Raşel, Sara, Arman Vedellərin babası pastor Azaisin pansionunda oxuyurlar.
Laura tez-tez keçmiş günlərin xatirəsinə dalır, o günlərin ki, Eduarla birgə adlarını pəncərə taxtasına yazardılar. Raşel faktiki olaraq şəxsi həyatdan boyun qaçırıb, evin bütün qayğılarını öz çiynində daşıyır. Yeniyetmə Sara açıq-açığına Olivyeni şirnikləndirməyə çalışır, abırsız qardaşı Arman havayı yerə onu pozğun adlandırmır. Mömin protestant ailəsində işlər nəsə əzəldən düz getməyib, məhz buna görə Lauranın sevmədiyi halal, dürüst Düvyeyə ərə getməyi lazım gəlib, çünki Eduar onu xoşbəxt eləməyə qabil deyilmiş.
***
Qoca Azais Jorju çox tərifləyir – məktəbli uşaqlar gizli cəmiyyətə bənzər bir dəstə yaradıblar, özləri üçün emblem də düzəldiblər, yaxalarına sarı lent vururlar, dəstəyə ancaq ləyaqətli uşaqları götürürlər. Eduar əmindir ki, hiyləgər Jorj qoca pastorun başını məharətlə təlləyib. Keçmiş musiqi müəllimi Laperuz da çox bədbəxtdir: əlində-ovcunda şagirdi, demək olar, qalmayıb, bir zaman möhkəm sevdiyi arvadı indi onda yalnız qıcıq yaradır, yeganə oğlu isə dünyadan köçüb. Onların münasibəti oğlu hələ musiqiçi rus qadınla əlaqəyə girdiyi zamanlarda korlanıbmış. Onlar bir-birinə qoşulub Polşaya getsələr də, orada da evlənməyiblər. Nəvəsi Boris babasının varlığından xəbərsizdir. Bu uşaq Laperuzdan ötrü dünyada ən qiymətli varlıqdır.
Olivyenin söhbətini Eduarın gündəliyi ilə tutuşduranda Bernar əmin olur ki, Vinsentin qapısı dalında ağlayan qadın məhz Laura imiş. Məktubda mehmanxananın ünvanı göstərilib, odur ki, Bernar yubanmadan oraya gedir. Şərait gənc avantüristə əl verir, onun özünə arxayınlığı, yekəxanalığı Lauranın da, Eduarın da xoşuna gəlir. Bernar Eduarın şəxsi katibi vəzifəsinə təyinat alır.
Laura ilə birlikdə onlar Saas-Fe kəndinə gedirlər. Laperuzun deməsinə görə, nəvəsi Boris də tətilini orada keçirir. Bu aralar Olivye də Passavanla tanış olur, Rober ona “Arqonavtlar” jurnalının redaktorluğunu təklif eləyir. İsveçrədən yazdığı məktubda Bernar Olivyeyə onun dayısıyla tanışlığından söz açır, Lauraya vurulduğunu boynuna alır, nəhayət, səfərlərinin məqsədini söyləyir: polşalı həkim qadının baxdığı, onun qızı Bronya ilə möhkəm dostluq eləyən on üç yaşlı oğlan uşağı Eduara nəyə görəsə gərək olub. Boris hansısa əsəb xəstəliyindən əziyyət çəkir. Müəllif vurğulayır ki, Bernar yazdığı məktubun dostunun qəlbində hansı fırtınalı duyğular doğuracağını təxmin eləməmişdi. Olivye amansız bir qısqanclıq hissi keçirir. Gecə onu qara basır, başına cin-şəyatin yığışır. Səhər oğlan qraf de Passavanın görüşünə yollanır.
***
Eduar həkimin müşahidəsini gündəliyinə qeyd eləyir: polyak həkim Sofronitskaya əmindir ki, Boris nəsə utanc verən bir sirri qəlbinin dərinliyində gizləyir. Eduar özü də gözləmədən “Saxta pul kəsənlər” romanının məğzini açıb dostlarına danışır. Bernar kitabı dükanda ona soxuşdurulmuş saxta puldan başlamağı məsləhət görür.
Xanım Sofronitskaya Borisin “tilsimini” göstərir – bu, üstünə “Qaz. Telefon. Yüz min frank” yazılmış bir kağız parçasıdır. Məlum olur ki, doqquz yaşında sinif yoldaşı onu sadəlövh uşaqların “sehr” adlandırdığı axmaq bir vərdişə yoluxdurub. Eduara elə gəlir həkim qadın uşağın qəlbinin bütün kilidlərini açıb töküb. Boris arzu-xəyalsız yaşaya bilmir, ola bilsin, Azaisin pansionunda qalmaq ona fayda gətirər.
Olivyedən cavab məktubu gəlir, məktubda o, Roberin dəstəsində İtaliya səfərinə çıxdığından heyranlıqla söz açır. Taleyin oyunu nəticəsində Olivyenin olası yeri Bernar tutub. Dayısı Eduar Olivyeni çox istəyir, Passavanın bu kövrək varlığı, saf yeniyetməni korlayacağından qorxur. Əvəzində Bernar Lauraya sevgisinin sayəsində aşkar surətdə yaxşılığa doğru dəyişir.
Parisə qayıdanda Eduar Borisi babasıyla tanış eləyir. Ata Molinye Eduara başına gəlmiş xoşagəlməz işlərdən danışır: sən demə, kişinin qıraqda məşuqəsi varmış, sevgilisinin yazdığı məktubu ələ keçirən arvadı isə bundan xəbər tutub. Oğlu Olivyenin Bernarla dostluğu da onu narahat eləyir. Məhkəmə müstəntiqi Profitandye məktəblilərin əxlaqsızlığa cəlb olunmasıyla bağlı araşdırma aparır, dünyaya qanunsuz gəlmiş bic Bernardan isə nə desən gözləmək olar.
Eduar Bernarı Azaisin pansionuna tərbiyəçi işinə düzəldir. Nəvəsi Borisə yaxın olmaq üçün qoca Laperuz da oraya köçür. Şagirdlərin ən diribaşı, bir zaman pansiondan qovulmuş, indisə saxta pul alverinə girişmiş Viktor Struvilunun bacısı oğlu Leon uşağı elə başdan gözümçıxdıya salır. Jorj Molinye qarışıq bir neçə məktəbli Leonun komandasının üzvüdir, müstəntiqin Eduara dediyi əxlaqsızlıq oyunlarında onların hamısının adı keçir. Polis basqınından sonra onlar öz emblemlərini, sarı lentlərini gizləməyə məcbur qalıblar, ancaq Leon onlara daha maraqlı əyləncə təklifində bulunmağa hazırdır.
***
Polina Molinye qardaşıyla şübhələrini bölüşür: son vaxtlar tez-tez evdən pul yoxa çıxır, bu yaxınlarda isə məşuqəsinin ərinə yazdığı məktublar da itib. O məktubları Polina çoxdan tapıbmış, qısqanmaq, dava salmaq ağlına da gəlməyib, ancaq Jorj onlardan xəbər tutsa, heç yaxşı olmayacaq. Kiçik oğlunun taleyi sarıdan ana çox narahatdır, Vinsent artıq yekə kişidir, ortancıl Olivye də sevimli dayısına güvənə bilər. Hərçənd Olivye özü də əzab çəkir, ona Bernarla, Eduar dayısıyla ünsiyyət gərəkdir, o isə Passavana qoşulub.
“Arqonavt” jurnalının çıxması münasibətiylə verilən banketdə Olivye möhkəm keflənib şuluq salır, səhəri gün ayılanda isə intihara cəhd göstərir. Eduar bacısı oğlunu xilas eləyir, bundan sonra dayı-bala arasında mehribanlıq, səmimiyyət yaranır. Passavan özünü inandırır ki, Olivyenin yaraşığını da, qabiliyyətini də çox şişirdib, ütük, yaramaz Struvilu jurnal redaktorluğunu daha yaxşı yarıdardı.
Məhkəmə müstəntiqi Profitandye Eduarla görüşüb ondan yeznəsi prokuror Molinyeyə bunları çatdırmağı xahiş eləyir: əxlaqsızlıqla bağlı qalmaqallı məsələdə onun oğlu Jorjun da adı hallanır, indisə uşağı saxta pulla bağlı fırıldaq mexanizminə qoşublar. Xeyli tərəddüddən sonra Profitandye oğulluğu Bernardan da söz salır, Eduar görür ki, möhkəm xarakterli bu kişinin indi ən böyük qayğısı Bernarın atalığına əvvəlki sevgisini geri qaytarmaqdır.
***
Bu aralar Bernar bakalavr imtahanlarını parlaq nəticəylə başa vurur. Oğlan öz uğurunu, sevincini bölüşmək üçün alışıb yanır, atasının yanına qaçıb onun boynuna sarılmaqdan özünü güclə saxlayır. Lüksemburq bağında onun gözünə mələk görünür. Bernar mələyin ardınca əvvəl kilsəyə, sonra cürbəcür partiya yığıncaqlarına, sonra biganə, laqeyd, mənasız insanlarla dolu bulvara, sonra da yoxsullar yaşayan məhəllələrə, aclıq, xəstəlik, cinayət, pozğunluq kimi bəlaların at oynatdığı yerlərə baş vurur. Bernarın mələklə macəralarını dinləyən Eduar onu Profitandye atayla görüşüb söhbətləşdiyi barədə məlumatlandırır.
Pansionda isə bu vaxt fəlakət yetişməkdədir. Uşaqlar qoca Laperuzu gözümçıxdıya salırlar, Leonun dəstəsi onun tapançasını oğurlayır. Struvilu bacısı oğlu vasitəsiylə məktəbliləri uzaqdan-uzağa nəzarətdə saxlayır, onun dövriyyəyə buraxdığı saxta pullar əl-əl gəzir, göydə qapılır. Jorj Molinye atasının sevgi məktublarını ələ keçirir. Sofronitskaya Borisə qızı Bronyanın – oğlanın ən əziz dostunun öldüyünü xəbər verir. Bundan sonra dünya uşağın gözündə səhraya dönür. Struvilunun təhrikiylə Leon “Qaz. Telefon. Yüz min frank” yazılı kağızı onun oturduğu partanın üstünə atır. Artıq “sehrli” kəlmələri unutmuş Boris şeytanın feli qarşısında duruş gətirə bilmir, özünə nifrəti uşağı “güclü adam” fənnindən imtahan verməyə sövq eləyir. Boris dərsin gedişində qocanın tapançasından özünü atır – tapançanın dolu olduğunu isə yalnız Leon bilirdi.
Gündəliyinin son sətirlərində Eduar bu intiharın nəticələri barədə yazır: Azaisin pansionu buraxılır, dərindən sarsılan Jorj Leona pərəstişdən biryolluq sağalır. Olivye dayısına xəbər verir ki, Bernar atasının yanına qayıdıb. Müstəntiq Profitandye Molinye ailəsini evinə qonaq çağırır. Eduar Bernarın balaca qardaşı Kalunu yaxından tanımaq istəyir…
***
Göründüyü kimi, çoxplanlı, çoxmərkəzli, çoxlaylı “Saxta pul kəsənlər” romanı eynən həyatın özütək şəbəkə üsuluyla hörülüb, ədəbiyyatşünasların kaleydoskopa bənzətdiyi bədii metod əsasında qələmə alınıb. Burada hamı bir yerdədir, hamı iç-içədir, amma hər kəs də yalqızdır, təkdir, təkrarsızdır. Müəllifin həyatla bağlı anarxistik dünyagörüşü əsərin formasında da əksini tapıb, bu baxımdan bu romanı modernist ədəbiyyatda məzmunla formanın vəhdətinə ən yaxşı nümunələrdən biri saymaq olar.
Əsərdəki personajlar özlərindən xəbərsiz adlarına yazılmış taleyin yükü altında əzilirlər, hər kəs bu yükün altından çiynini qaçırmaq istəyir. Hamının yeri dəyişik düşüb, hamı özünü itirib, hamı saxta pul kimi gerçək dəyərindən məhrum olunub, fəqət hər kəs həqiqi varlığına qovuşub əsl mənini tapmaq istəyir, hər kəs dünya bazarına real dəyəriylə çıxmaq istəyir, özü olmaq istəyir. Başqalarının məhsulu olmaq həyatı cəhənnəmə çevirir, insan orijinal görünmək istəyəndə yox, başqasını yamsılayanda, özgəsinin xəttinə girəndə yox, yalnız doğrudan özü olanda, içini qazıb mahiyyətinə yetəndə, qəlbini saflaşdırıb həqiqi mənini ortaya qoyanda sözün əsl mənasında orijinal olur. Romandakı Eduar da, Bernar da belə bir orijinallığa yaxın tiplərdir. Bunu bacarmayan adam ömrü boyu özgələrin yedəyində dolanmağa məhkumdur. Deyilən cəhətlərinə görə Andre Jidin romanını ekzistensializm fəlsəfəsinə illüstrasiya da saya bilərik.
Yalnız özünü tapanda taleyi insana boyun əyir, yalnız onda insan özünü kainatın mərkəzinə çəkə bilir. Ola bilsin, Andre Jid tipli fikir adamlarından ötrü belə bir mərkəz yoxdur, ancaq ayrıca götürülmüş insanın fövqünə qaldırılan bütün mərkəzləri, bütün institutları, bütün təsisatları inkara qalxan anarxizmin özü də belə bir mərkəz tanıyır – bu mərkəz ayrıca götürülmüş hər bir fərdin özüdür. Yer üzündə nə qədər insan varsa, o qədər də baxış bucağı, ilahi kamera var. “Saxta pul kəsənlər” romanının məzmunu da, forması da həyatı bu sayaq qavrayan plüralistik, bundan da artıq anarxistik düşüncənin məhsuludur.
Burada hökm sahibi müəllif, söz yiyəsi baş qəhrəman yoxdur, burada sözün məcazi mənasında hamı qəhrəmandır. Hamının başına uçurulmuş taleyinin xarabalığından sıyrılıb aydın yola çıxmaq haqqı, özünə qayıtmaq, özünə çatmaq ixtiyarı var. Bu haqqı, ixtiyarı nə bizim əlimizdən alan, nə də onu bizə verən olacaq. Haqqımızı, ixtiyarımızı dərk elədiyimiz andan haq da, ixtiyar da özümüzdədir – heç vaxt dəyərdən düşməyən, qiymətini itirməyən qızıl pul kimi.
“Yeni Azərbaycan” qəzeti
Müəllifin başqa yazıları:
Zamanın çağırışını dinləmək zamanı
Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?
Vacib olan duyğuları tərbiyələndirməkdir
Hörmüzdün səltənətinə xoş gəldiniz!
Varlığımızın evini abadlaşdıraq
Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur
Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi
Hekayəmi İstanbulda xatırladım…
“Xosrov və Şirin” yeni libasda
Əylən deyim Qıratın qiymətini…
İnsan ovu, ölüm xofu, heçlik arzusu
Təsadüflər cənnətindən zərurət türməsinə
Din kimi poeziya, peyğəmbər kimi şair
Dilinin altında gizlənmiş yazıçı
Qaranlıq fələyin hökmü altında
İman cəngavəri, əxlaq zadəganı
Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!
Bədənin cəhənnəmindən ruhun cənnətinə
Yazıçının tutmayan fəlsəfi calağı
Panteizm tanrısının xəstəlikləri
Kişi əmrinə möhtac kişi düşməni
Stalinin bəyəndiyi antisovet əsər
Tanrının qoşduğu Yusif dastanı
Şərab şüşəsində saxlanan zaman
Mücərrəd sevginin konkret ünvanı
Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir
Sükuta sığınmaq, zənciri qırmaq
Yaratdığı dünyaya köçən yazıçı