
Zərər-ziyansız yaşamağın düsturu
- 13 Aprel 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Hekayənin qəhrəmanı tabutqayıran Yakov ömrü boyu əlləşib-vuruşub tabut düzəltməklə, arabir məclislərdə skripka çalmaqla baş girləsə də, evində içməli çaya belə qənaət eləsə də, yenə bu həyatdən nəf götürə bilmir ki, bilmir, hər dəfə gəlir-çıxarını hesablayanda filan qədər ziyana düşdüyünü görüb qəzəblənir. Bu adam hətta qürbətdə ölüb özgə bir ustanın düzəltdiyi tabuta qoyulan ölüləri, skripkasında çalınmamış mahnıları, çayda çoxdan bəri üzməyən gəmiləri, qarmağa düşməmiş balıqları, ovlanmamış qazları-ördəkləri də öz ayağına yazıb zərərini oracan böyüdür ki, axırda belə bir məntiqi nəticəyə gəlir: yaşamaq yalnız ziyan, ölməksə mənfəət gətirir, çünki yaşadıqca insanın itirdiklərinin də sayı artır, itkiləri artırsa, deməli, insan bir az da yoxsullaşır, bir az da müflisləşir; əksinə, ölməklə insan, Vahid demiş, bu dərdin çarəsini asan eləyir, itirmək qorxusundan azad olur, çünki ölüm həyata qənaətin zirvəsidir, qənaətsə bolluq deməkdir, sərvət deməkdir, dövlət deməkdir…
Böyüklər yerüstü ömürlərini də ölümdən sonrakı həyat kimi yaşayırlar: su kimi yumşaq, sel kimi güclü, dünyadan təmənnasız, amma əbədiyyətə iddialı. İnsan həyatdan nə qədər çox umarsa, özünü bir o qədər kasıb bilər, çünki tabutqayıran Yakov kimi onun da qazancı hər zaman qazanmadıqlarının yanında dənizdə damla kimi görünər. Dünyanın ən varlı adamı qənaətin ən uca zirvəsində oturan, kainatın cismiylə yox, ruhuyla qəlbinin ünsiyyətini, “alverini” quran kəsdir.
F.Uğurlunun “Tanış səltənətin sultanı” adlı yazısından
Anton Çexovun “Rotşildin skripkası” hekayəsi haqqında
Fəxri Uğurlu
Kimsə nə vaxtsa demişdi ki, əgər bir gün rus xalqı yoxa çıxsa, Çexovun personajları əsasında onu bərpa eləmək olar. Hərçənd bu böyük yazıçının yaratdığı obrazlar çoxdan milli hüdudları aşıb keçib özgə xalqların, özgə ölkələrin də mənəvi ərazilərini zəbt eləyiblər, həm də onların sərhədlərini tırtıllı tanklar, qanadlı raketlər kimi yox, günəş kimi, bulud kimi, külək kimi pozublar. Ancaq hər bir gerçək sənətkarın əlindən çıxmış sənət əsəritək Çexovun da yaradıcılığı formaca milli, məzmunca bəşəridir, yoxsa on doqquzuncu əsrin ikinci yarısında yaşamış rus mujikinin, ya rus dvoryanının taleyi, düşüncəsi, məsələn, uzaq Latın Amerikası, yaxud yapon oxucusunda hansı cəhətlərinə görə maraq doğura bilərdi?
Gödək ömrünün dar möhləti çərçivəsində Çexovun ağlasığmaz işlər görməsi öləri bəndənin taleyinə, qismətinə, ölümünə dov gəlməsinin, fələklə təkbətək döyüşdən qalib çıxmasının ən parlaq örnəklərindən, insan oğlunun yer üzündə ən şanlı zəfərlərindən biri sayılmağa layiqdir. Vərəm viruslarıyla ölüm onu gəncliyindən qarmağına keçirmişdi, o virusları dibçək gülləritək suvara-suvara zalım fələk bir misilsiz ruh qabının, nadir çiçək açmış bir incə gövdənin ölümünü bəsləyirdi – dövrünün adlı-sanlı həkimi tezliklə öləcəyini ölümünə dərindən inanmayan biz bəndələr kimi də yox, lap dəqiq bilirdi, bununla belə yaralı canını minib çapıb yükləməkdən, xəstələrə, məzlumlara, sürgünlərə, dustaqlara fəda eləməkdən çəkinmir, usanmırdı. Üstəlik, bu işləri heç bir təmənna güdmədən, sağlam, firavan ömrə, mükafata, o dünyaya, cənnətə zərrə ümid bəsləmədən görürdü. Ümid bəsləmək bir yana, ona o mükafatı verən olsaydı belə qəbul eləməzdi.
İndi – Qərb dünyasında, ilk növbədə elə yazıçının öz vətənində saxta vətənpərvərliyin, aqressiv millətçiliyin zorla dəbə mindirildiyi bu günlərdə Çexov kimi gerçək patriotlara nə qədər ehtiyac var! Hərçənd indiki mühitdə heç Anton Pavloviç də baş girləyə bilməzdi, onu dərhal xarici agent elan eləyib indiyə qalmış beş-on ardıcılı kimi dilini-ağzını qıfıllayar, ən yaxşı halda vərəm bağlamış dərdini ciyərinin başında gəzdirdiyi ölkəsindən sürgünə göndərərdilər. İndi onun personajları dahi ruh həkiminin qoyduğu diaqnozlar üzərində baş sındırıb dəvasız dərdlərinə çarə aramalıykən öz yaradanlarına asi çıxıblar, mərəzlərinə kənarda baiskar tapıblar. O səbəbdən Turgenevin, Tolstoyun, Çexovun dövründən qalma mikroblar hələ də can almaqdadır. Mikrob, xəstəlik ölmür, münbit şərait yaradılanda fəallaşıb hərəkətə keçir, natəmizlik aradan qaldırılanda passivləşib yuxuya gedir. Bu gün adını çəkdiyim-çəkmədiyim böyük insanların vətənində Anton Pavloviçdən min qat üstün, bilikli can həkimləri var, ancaq Çexova bərabər ruh həkimi, könül təbibi, təəssüf ki, yoxdur. Çexovun yaratdığı, ondan əvvəl Çexovu yaradan xalq, deyəsən, gerçəkdən yoxa çıxıb…
***
1892-ci ildə Anton Pavloviç Çexov Moskva vilayətinin Melixovo kəndində özünə malikanə alır. Burada məskunlaşan yazıçı yoxsul əhaliyə pulsuz tibbi yardım göstərir, kəndli balalarının savadlanması üçün məktəb tikdirir, aclıq çəkən qonşu quberniyalara köməyə gedir, əhalinin siyahıya alınmasında fəal iştirak eləyir. 1894-cü ildə yazılmış “Rotşildin skripkası” hekayəsi Anton Çexovun Melixovoda qələmə aldığı qırx iki əsərdən biridir. Bir çox başqa şedevrləri kimi bu hekayə də onun nəsr yaradıcılığının yetkin çağına, qızıl dövrünə düşür. Müəllif özünün ən yaxşı nəsr əsərlərini əsasən on doqquzuncu əsrin sonuncu onilliyində ortaya qoyub. Həmin dövrdə onun yazdığı hekayələrin, povestlərin çoxu dərin fəlsəfi mahiyyət daşıyır. Qonçarovun, Turgenevin, Dostoyevskinin, Tolstoyun ardınca Çexovu dünya ədəbiyyatının öncülləri sırasına çıxaran da məhz həmin əsərlərdir.
Əhvalat gözdən uzaq əyalət şəhərciyində vaqe olur: “Qəsəbə balacaydı, kənddən də betər idi. Burada, demək olar, ancaq qocalar yaşayırdı. Onlar da elə gec ölürdülər, adamın lap acığı tuturdu. Türmədə, xəstəxanada da tabuta çox az ehtiyac olurdu”.
Tabutqayıran Yakov İvanov belə bir könül bulandıran məkanda ömür çürüdür. Əgər əlindəki bu sənətlə quberniya şəhərində yaşasaydı, söz yox, əməlli-başlı dolanardı, babat evi, mülkü olardı, ona “Yakov Matveiç” deyə müraciət eləyərdilər. Burada isə onu eləcə “Yakov” deyib çağırırlar. Hələ camaat arasında ləqəbi də var: Bronza. Yetmiş yaşına çatıb, hələ də iri gövdəsinin güc-bəla sığışdığı köhnə-kürüş daxmadan çıxa bilməyib. O özü, Marfa qarı, soba, ikinəfərlik çarpayı, taxta yonduğu dəzgah, qalan avadanlıq, hazır tabutlar – hamısı bu təkotaqlı daxmaya yüklənib.
Yakov işinin ustasıdır, yaxşı əl qabiliyyəti var: “Kəndlilərin, meşşanların tabutunu öz boyuna görə hazırlar, bu zaman heç yanılmazdı, çünki yetmiş yaşı olsa da, heç yerdə, hətta həbsxanada da ondan hündür, ondan möhkəm adam tapılmazdı. Ağalara, kübar xanımlara tabutu dəmir arşınıyla ölçüb düzəldərdi. Uşaq tabutlarının sifarişini çox könülsüz qəbul edər, onları ölçüb eləmədən nifrətlə qayırardı, hər dəfə də bunun üçün pul alanda deyərdi:
– Açığı, mənasız işlərə baş qoşmaqla aram yoxdur”.
Bundan başqa Yakovun yaxşı skripka çalmağı da var, qəsəbə toylarını aparan yəhudi orkestrinə günü əlli qəpikdən dəvət alanda şabaş qarışıq bu işdən də qazancı olur: “Orkestrdə oturuqlu çalanda istidən tərləyib pörtür, sarımsaq iyindən nəfəsi tutulurdu, skripka cüyüldədikcə sağ qulağının dibində kontrabas xırıldayır, sol qulağının yanında isə fleyta inildəyirdi. Fleytanı məşhur dövlətli Rotşildin soyadını daşıyan, sifətinin qırmızı, göy damarları çıxmış arıq kürən cuhud çalırdı. Bu məlun ən şən havaları belə çox yanıqlı çalmağa çalışırdı. Yakov heç bir səbəb olmadan yavaş-yavaş cuhudlara, xususilə Rotşildə kin, nifrət bəsləməyə başladı, hər şeyi söz eləyir, heç nədən Rotşildi söyüb-bulayırdı. Hətta bir dəfə onu döymək də istəmişdi, Rotşild bundan inciyib ona hiddətlə baxa-baxa demişdi:
– Əgər istedadınıza hörmət eləməsəydim, sizi çoxdan bu pəncərədən bayıra atmışdım.
Sonra da ağlamışdı. Buna görə Bronzanı orkestrə gec-gec, lap çarəsiz qalanda, cuhudlardan biri çatmayanda çağırırdılar”.
Toyla yas, sevinclə kədər, doğumla ölüm həyatın iki üzüdür, bütün normal insanlar kimi Yakovun da dünyanın həm gülən, həm də ağlayan üzüylə münasibəti, alış-verişi var. Üstəlik, o, toydan da, yasdan da nəf götürməyi, pul qırmağı bacarır.
***
Ancaq Bronzanın bir sağalmaz dərdi var: o həmişə zərərə işləyir, daim ziyana düşür. Ona görə də ovqatı müdam təlx olur. Bazar günü, bayram günləri işləmək günahdır, bazar ertəsi isə ağır gündür. Beləliklə, ildə az qala iki yüz gün boş-boşuna keçir, Yakov əlini ağdan-qaraya vura bilmir – gör il boyu nə qədər ziyana düşür! “Əgər şəhərdə biri çalğısız toy eləyərdisə, ya cuhud orkestrini çağırmazdısa, bu da bir zərər idi. Polis nəzarətçisi iki iliydi xəstəydi, günü-gündən əldən düşürdü. Yakov onun ölümünü səbirsizliklə gözləyirdi. Ancaq o, quberniya şəhərinə müalicəyə getdi, işin tərsliyinə bax ki, elə orada da öldü. Buyurun, bu da bir zərər, özü də azından on manat. Çünki onun tabutunu bahalı ipək parçaya tutmaq lazım gələcəkdi…”
Yakovun bir dəftəri var, hər gün zərər-ziyanını o dəftərə qeyd eləyir. Yaz başı sayğac götürüb ötən il ərzində nə qədər ziyana düşdüyünü hesablayanda məlum olur ki, min manatdan artıq zərəri var: “Bu, onu elə sarsıtdı ki, sayğacı yerə çırpıb tapdaladı. Sonra yenə qaldırıb onu xeyli şıqqıldatdı, dərin ah çəkdi. Sifəti qızarıb tərdən islanmışdı. Fikirləşdi ki, əgər əlindən çıxmış bu pulu banka qoysaydı, ildə üstünə azı qırx manat faiz gələrdi. Demək, buradan da ona qırx manat ziyan dəyirdi. Bir sözlə, hara baxsa, zərərdən başqa bir şey görmürdü”.
May ayında Marfa qarı xəstələnir. Üzü həmişə solğun, qəmli görünən qarının çöhrəsinə işıq gəlir, sifətinə xoşbəxt ifadə qonur, arvad öldüyünə, Yakovdan, dar daxmadan, tabutlardan üzü qurtardığına açıq-aşkar sevinir: “Yakov qarıya baxdıqca yadına çox şeylər düşürdü: ömrü boyu bir dəfə də arvadına nəvaziş göstərməmiş, ona acımamışdı, ona yaylıq almaq, yaxud toydan şirin bir şey gətirmək bircə dəfə ağlına gəlməmişdi, əksinə, ancaq üstünə çığırmış, zərəri ucbatından onu söymüş, yumruğunu düyüb üstünə şığımışdı; doğrudur, onu döyməmişdi, ancaq o ki var qorxutmuşdu, o da hər dəfə qorxudan sarısını udmuşdu. Bəli, ona tapşırmışdı çay içməsin, çünki xərci onsuz da çox çıxırdı. Qarı da çay yerinə ancaq isti su içirdi. Bunlar yadına düşdükcə Bronza anlayırdı ki, niyə indi arvadının üzü belə qəribə, belə fərəhlidir”.
Yalnız bu müşahidəsindən sonra Yakova isti keçir, ona çatır ki, əlli iki illik ömür yoldaşı ölə bilər. Səhər açılanda qonşudan at-araba alıb Marfanı xəstəxanaya aparır. Həkimi əvəz eləyən səbirsiz, deyingən, davakar feldşer qarının yaşını soruşanda məlum olur ki, yetmişi başa vurmağına bircə il qalıb. Demək, arvad ömrünü yaşayıb, onun əcəlinin əl-ayağına dolaşmaq lazım deyil. Feldşer qarı-qocanı başından eləyib evinə yola salır. Evdə Marfa qorxusundan yatağına uzanmır ki, əri yenə zərər-ziyandan danışıb onu danlayacaq: “Yakov isə qəmli-qəmli ona baxıb düşünürdü ki, sabah İohan Boqoslov, onun ardınca Nikolay Çudotvorets bayramıdır, sonra bazar günü gəlir, daha sonra bazar ertəsidir ki, bu da ağır gündür. Dörd gün işləmək olmayacaq. Marfa yəqin bu günlərin birində öləcək, demək, tabutu elə bu gün hazırlamaq lazımdır… Dəmir arşını götürüb qarının boyunu ölçdü. Sonra Marfa uzandı, Yakov da xaç çevirib tabut qayırmağa başladı. İşini qurtarandan sonra gözlüyünü taxıb dəftərinə bu sözləri yazdı: Marfa İvanovna üçün tabut – 2 manat 40 qəpik”.
Ölüm ayağında qarı ərinə əlli il bundan qabaq sarışın saçlı bir qızları olduğunu, birlikdə çayın qırağında, cavan söyüdün altında oturub mahnı oxuya-oxuya uşağı əzizlədiklərini xatırladır. Yakov hafizəsini nə qədər qurdalayırsa, nə o qız uşağı, nə də o söyüd yadına düşür. Elə bilir arvadı qara basır.
Marfa gecə sayıqlayıb səhərə yaxın keçinir. Qonşu qarılar onu yuyub geyindirib tabuta qoyurlar, keşişə pul verməmək üçün Yakov özü dua oxuyur: “Qəbir üçün ondan qəpik də almadılar, qəbiristanlıq keşikçisi Yakovun kirvəsiydi. Dörd kəndli tabutu pula görə yox, Yakova hörmət naminə qəbiristanlığacan apardı. Tabutun ardınca qoca arvadlar, dilənçilər, iki də qələndər gedirdi. Qarşıdan gələn adamlar ayaq saxlayıb xaç çevirirdilər… Yakov da çox razıydı ki, mərasim qaydasınca, ləyaqətlə, həm ucuz, həm də heç kəsi incitmədən başa çatdı. Marfayla son dəfə vidalaşanda əlini tabuta vurub fikirləşdi: yaxşı qayırılıb!”
***
Dəfndən qayıdandan sonra Yakovun halı pisləşir, içini qəm-qüssə alır, yenə yadına düşür ki, bir dam altında yaşadıqları əlli iki ildə Marfanı bircə yol əzizləməyib, o cür müti, zəhmətkeş qarının halına yanmayıb, onu it-pişik yerinə də saymayıb. Halbuki Marfa hər gün onun ocağını yandırıb, çörəyini, xörəyini bişirib, suyuna gedib, odununu yarıb, onunla bir yastığa baş qoyub, Yakov toydan lül-qənbər qayıdanda onun skripkasını ehmalca divardan asıb, özünü də yatağa uzandırıb. Üstəlik, bütün bu işləri qarı dinməz-söyləməz, ürkək-ürkək, qayğıkeş bir tərzdə görüb… Daim ziyandan çıxmaq haqda düşünüb tıncıxan, qoşqu atı kimi müdam irəli dartınan təngnəfəs qoca ötən əlli iki ildə yalnız indi dayanıb geri baxmaq imkanı tapır. Keçmiş onun yaddaşından çoxdan silinib, indisi heç olmayıb, gələcək də heç vaxt gəlmir.
Yakov keçmişdən üstünə qoşun çəkən xatirələrin hücumundan qorunmaq üçün ağlamaq istəyir, elə bu vaxt həyatı soyadına çəkilmiş karikaturaya bənzəyən, familiyası taleyin ironiyası kimi səslənən yəhudi Rotşild gülə-gülə qapısına gəlib onu təcili orkestrin tədbirinə çağırır. Qoca hirslənib cuhudu qapıdan qovur, uşaqlar küçədə onu hoydu-hoyduya götürürlər, kiminsə qısqırtdığı itlər bədbəxt, qorxaq yəhudinin üstünə tökülüşür, sonra yəqin onu it tutduğuna görə zavallının fəryadı göyə bülənd olur.
Qoca darıxdığından şəhər kənarına çıxır, örüşlərə baş çəkir, çay qırağına enir, burada üzən ördəyə-qaza tamaşa eləyir. Marfanın son nəfəsində xatırladığı söyüdü görəndə tanıyır, artıq qocalmış ağacın altında oturub keçmişə dalır, indi artıq körpəykən göylərə çəkilmiş sarışın qızcığaz da yadına düşür. İndi ona çatır ki, ötən qırx-əlli ildə bir dəfə də çay qırağına çıxmayıb, bu boyda çaya diqqət yetirməyib: “Çay da kiçik çay deyildi, bu çaydan balıq tutub tacirlərə, məmurlara, stansiya bufetçisinə satmaq, bundan gələn pulları banka qoymaq olardı. Gəzinti gəmilərində aşağı-yuxarı üzə-üzə skripka çalıb yaxşı pul yığardı. Bəlkə çayda qayıq sürmək də olardı, hər halda bu, tabut qayırmaqdan yaxşıdır. Nəhayət, çoxlu qaz saxlamaq, qışda kəsib Moskvaya göndərmək, təkcə tükündən ildə on manat pul tutmaq olardı. Ancaq o bunları nəzərdən qaçırmışdı! Gör nə qədər ziyana düşmüşdü! Balıq tutmağı, skripka çalmağı, qayıq işlətməyi, qaz kəsməyi üst-üstə toplasan, gör nə böyük sərvət yığılardı! Ancaq bunlar onun heç yuxusuna da girməyib. Həyat çox səmərəsiz, zövqü-səfasız, boş-boşuna keçib. İrəlidə artıq heç nə görünmürdü. Geriyə baxanda da zərər-ziyandan başqa gözə bir şey dəymirdi. Axı niyə insan zərərsiz-ziyansız, itkisiz yaşaya bilmir?..”
Yakov ömrünü dava-şavada, qeylü-qalda keçirdiyinə, arvadını daim qorxu, təzyiq altında saxladığına, binəva Rotşildi qovub itlərin cənginə verdiyinə görə bərk peşmanlıq çəkir. Düşünür ki, adamlar arasında nifrət, küdurət olmasa, insan insanla mehriban dolansa, bundan hamı böyük qazanc götürər, dünyada ac-yalavac, yoxsul, dilənçi qalmaz.
***
Ertəsi gün Yakov yerindən güclə qalxıb xəstəxanaya gedir. Feldşerin üzündəki ifadədən, danışığından anlayır ki, işlər fırıqdır, daha nə həkim, nə dava-dərman dadına çata bilməz. Evə gedə-gedə düşünür: ölümdən ona ancaq xeyir gələcək, daha nə yemək-içməyə, nə vergi ödəməyə, nə kimisə incitməyə ehtiyac qalmayacaq. Nəzərə alanda ki, insan məzarda yüz illər, min illər boyu yatır, buradan gələn qazancı yığıb-yığışdırmaq da mümkün deyil. Yaşamaq insana zərər, ölüm xeyir gətirir. Burası doğrudur, amma nə qədər olmasa adamı yandırır: axı niyə insana bircə dəfə verilən ömür bunca nəfsiz, faydasız, səmərəsiz keçir?
Artıq onun bu dünyada skripkasından başqa heç nəyi, heç kimi qalmayıb. Tək ona canı yanır, onun dərdini çəkir. Yakov uzun ömrü boyu dərinə batmış qəlbini yalnız onun qəmli naləsiylə oyada bilib, lal könlünü yalnız onun simləriylə dilləndirib. Ancaq onu özüylə apara bilməyəcək, ruhunun tək nişanəsi yetim qalacaq. Onun da aqibəti kəsilmiş ağacların, çürümüş taxtaların sonu kimi olacaq. Bu dünyada qaları heç nə yoxdur, hər şey öləri, gedəri, fanidir.
Yakov bu ovqatla daxmadan çıxıb astanada oturur. Skripkanı sinəsinə basıb əldən getmiş həyatını, zərər-ziyanla dolu puç ömrünü gözünün qabağından keçirə-keçirə yanıqlı bir hava çalıb ağlayır. Bu vaxt həyət qapısında Rotşild görünür, əvvəl çəkinə-çəkinə gəlsə də, Yakovun yumşaq danışdığını görəndə ürəklənir, orkestrin rəhbəri adından onu üçüncü gün olası varlı toyunda çalmağa dəvət eləyir. Yakov ağır-ağır nəfəs dərib deyir: “Gələ bilməyəcəyəm, xəstəyəm, qardaş”.
Sonra yenə skripkanı dilləndirir, gözündən yaş sellənir. Rotşild qollarını sinəsində çarpazlayıb ona qulaq asır: “Üzündəki ürkək, şübhəli ifadə yavaş-yavaş kədərli, iztirablı ifadəylə əvəz olundu, əzab qarışıq bir zövq alırmış kimi gözləri axdı, dedi: “Vahhh…” Göz yaşları yavaş-yavaş yanaqlarından süzülüb qara yamaqlı yaşıl pencəyinin üstünə damcıladı”.
Həmin günün axşamı Yakovun kələfi dolaşır, onun tövbəsini qəbul eləyib günahlarını bağışlamaq üçün üstünə keşiş gəlir. Yakov skripkasını Rotşildə vəsiyyət eləyir: “İndi şəhərdə hamı maraqlanır ki, bu qəşəng skripka Rotşilddə haradandır? Satın alıb, oğurlayıb, yoxsa girov götürüb? Rotşild çoxdandır fleytanı buraxıb ancaq skripka çalır. Qabaqlar fleytasını necə yanıqlı çalardısa, indi də skripkadan elə yanıqlı səslər çıxarır. Yakovun astanada oturub çaldığı havanı təkrar çalmağa çalışdıqca elə həzin, elə kədərli bir melodiya alınır ki, qulaq asan hər kəs ağlayır, axırda özünün də gözləri axır, deyir: “Vahhh!..” Bu təzə mahnı şəhərdə hamının elə xoşuna gəlib, gah tacirlər, gah məmurlar tez-tez Rotşildi yanlarına çağırıb həmin mahnını ona dönə-dönə çaldırırlar”.
***
Nəfs gödənə bənzəməz, onu doyurmaq mümkün deyil. Əgər insan dünyanı, kainatı öz halalca mülkü bilməsə, ömrü boyu gözü dünyanın malında, sərvətində qalacaq. Dünyadan üz döndərmək, əl götürmək yox, həyatı boşamaq, yaxud həyatdan boşanmaq yox, həyata yiyələnmək, dünyanı öz malına, öz mülkünə çevirmək! Sahiblik hissi insanda ən gerçək, ən saf, səmimi, ən etibarlı duyğudur, mən deyərdim, insana xas yeganə dürüst duyğudur, ona həmişə inanmaq olar.
Yakov belə yaşamayıb, o, dünyaya, həyata özgə malı kimi baxıb, başqasının qazancını öz itkisi, zərər-ziyanı sayıb, evinin eşiyini, doqqazının çölünü, udduğu havanı, içdiyi suyu, getdiyi yolu özününkü bilməyib, ona görə də daim özünü ziyana düşmüş, aldanmış, müflis olmuş zərərdidə kimi aqressiv aparıb. Dünyanın bütün mənfəəti onun üstünə axsa belə o yenə toxtamayacaq, yenə onun zərəri qazancından ağır gələcək. Toxtamaq üçün tox olmalısan, nəfsin, gözün tox olmalıdır.
Yakov bunu çox gec, yalnız ölümün astanasına çatanda qanır. Ömrü boyu qazanc, mənfəət arzusunda olsa da, ömrün sonunda anlayır ki, var-dövlətlə, min cür sərvətlə zəngin bu gen, işıqlı dünyada skripkasından başqa heç nəyi, heç kimi yoxdur. Ona xırda maddi qazanc gətirsə də, skripka onun daha çox mənəvi, həm də tək mənəvi sərvətidir, çünki Yakov qəlbini o skripkadan başqa heç kimə açmayıb, yalnız onu könlünün timsalına, ruhunun obrazına çevirə bilib. Rotşildə də qoca tabutqayıran əslində qəlbini əmanət verir, ürəyini yadigar qoyur, ruhunun tək nüsxəsini bağışlayır. Yetmiş yaşlı ixtiyar yalnız ölümün kölgəsi üzünə düşəndə bu sadə həqiqəti anlayır ki, dünyadan heç nə apara bilməyəcək, amma dünyada iz qoyub gedə bilər. Yakovun ölümündən sonra da onun melodiyası şəhəri dolaşır, onun mahnısı insanları kövrəldir. Dünən Yakovun olan skripka bu gün Rotşildin skripkasıdır, sabah da bir başqasının olacaq. Adamlar ölüb gedəcək, skripka qalacaq. Onun havası hər dövrdə çalınacaq, mahnısı insanların ruhuna işləyəcək, həyatını dəyişəcək. Dünyanı tutmaq, qarı fələyə meydan oxumaq buna deyərlər. Ölümündən sonra təltif olunan qəhrəmanlar kimi Yakov da gerçək dəyərini öləndən sonra qazanır.
Çünki ölüm həyata qənaətin, gözütoxluğun zirvəsidir. Bu qənaət tacını başında gəzdirmək üçün insan gərək, müdriklər dediyi kimi, ölməmişdən ölə bilsin, fani ömrünü əbədi ömrünə calaya bilsin. Şübhəsiz, bu dünyadan bizə heç nə qalmayacaq, ancaq bizdən dünyaya bir nəsnə qala da bilər. Bundan ötrü dünyadan nəsə qoparmağa yox, dünyaya nəsə verməyə çalışmalısan. “Qoparmaq” istəyinin psixoloji əsası budur ki, sən dünyanı özgəninki bilirsən, ona görə də özgə malından bacardıqca nəsə qırtmağa çalışırsan. Bu, oğru-quldur psixologiyasıdır. “Vermək” istəyinin psixoloji təməlində duran budur ki, sən dünyanı artıq özəlləşdirmisən, onu öz halal malına-mülkünə çevirmisən, indi də öz evinə bəzək vurmaqla, evini abadlaşdırmaqla məşğulsan. Birincilər bu evə dal qapıdan dürtülməyə çalışarlar, ikincilər bu evin açarını ciblərində gəzdirər, əllərində oynadarlar.
Oğru kimi dünyanın qoynuna gecədən girmək, ovçu kimi günəşin ardınca qaçmaq əbəsdir. Dünyanı sevdiyin an, onu özünə doğma bilib dərdini-qayğısını canına çəkdiyin an dünya sənindir. Ondan sonra dağa-daşa düşməyə ehtiyac qalmayacaq, dünya dağı-daşıyla, gecəsi-gündüzüylə, bütün olan-olmazı, bütün varı-sərvətiylə özü ayağına gələcək…
…Bəlkə də gəlib artıq. Dur qapıya çıx görək…
“Yeni Azərbaycan” qəzeti