• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saxta səadətin cəriməsi

  • 20 Mart 2025
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Gi de Mopassanın “Boyunbağı” novellası haqqında

Fəxri Uğurlu

Novella janrıyla bağlı məndə ilk təsəvvürü bu unudulmaz əsər yaradıb. Mopassanın Bakıda 1980-ci ildə çapdan çıxmış qırmızı üzlü novellalar toplusundakı hekayələri oxuduqca kitaba salınmış qəribə yazıların niyə hekayə, povest yox, məhz novella adlandırıldığını uşaq ağlımla yavaş-yavaş anlamağa başladım. Yadımdadır, o illərdə “Boyunbağı” novellası əsasında bir televiziya tamaşası da çəkilmişdi, bilmirəm o tamaşa arxivlərdə saxlanırmı. Tapıb üzə çıxaran olsaydı, o dövrü xatırlayan adamların yaddaşı təzələnər, hər böyük müəllifin, dünyanı bəzəyən hər böyük kitabın dilimizə gəlişini bayram kimi qarşıladığımız zamanın nostaljisi ruhumuzu oxşayardı.

Mopassan dünya ədəbiyyatında novella yazmağın ən böyük ustasıdır. Əlbəttə, ondan əvvəl də, ondan sonra da bu janrın parlaq örnəkləri yaradılıb, ancaq heç kəs xırda janrı Mopassanın qaldırdığı hörmət-izzət mərtəbəsinə çatdıra bilməyib. Bu məsələdə onu ancaq özündən on yaş kiçik, ondan vur-tut bircə il çox yaşamış Çexovla yanaşı qoymaq olar. Mopassan novellanın rütbəsini haracan qaldırmışdısa, Çexov da hekayənin rütbəsini ora qədər, bəlkə ondan da yarım rütbə yuxarı qaldırmışdı.

***

Gi de Mopassanın yaradıcılığı klassik dövrdən modern çağa atılmış körpü, realizmdən, naturalizmdən simvolizmə, impressionizmə, başqa sözlə, on doqquzuncu əsr nəsrindən iyirminci yüzillik prozasına, klassisizmdən modernizmə keçiddir. Üstəlik, Mopassan təkcə özündən sonrakı söz sənətinə yox, təsviri incəsənət sahəsində də yeni cərəyanların yaranmasına təsir göstərib. İlk mətbu əsərini (bundan əvvəl haqqında danışdığımız “Gonbul” novellasını) ustadı Floberin məsləhətiylə otuz yaşında üzə çıxaran yazıçı qısa müddətdə dövrünün ən şöhrətli, ən varlı qələm adamına çevrilmiş, onun coşqun təbinin dalğaları bütün Avropanı vurmuşdu. Özü deyirdi ki, mən ədəbiyyat aləminə meteor kimi düşmüşəm, şimşək kimi də çaxıb sönəsiyəm.

Məsələ burasındadır ki, onun yanmağıyla sönməyi arasındakı zaman məsafəsi aşağı-yuxarı on il çəkmişdi, o, qələminin yaratdığı möcüzələri vur-tut bu onca ildə göstərmişdi, üç yüz novellanı, altı romanı bu müddət içində yazmışdı. Mopassanın həmin müddətdə kef-damaqdan, ədəbi məclislərdən, təbiət qoynuna müntəzəm ziyarətlərdən, qadın dünyasına zəfər yürüşlərindən qalmadığını nəzərə alsaq, belə məhsuldarlıq ağlasığmaz görünür. Ona dostu Zolyanın yaratdığı Ruqon-Makkar nəslinin hər iki kökdən su içmiş tipik nümayəndəsi kimi də baxmaq olar: bir yanda güclü yaşamaq eşqi, o biri yanda irsi əsəb xəstəliyi (özündən kiçik həkim qardaşı da ruhi xəstəxanada ölmüşdü), bir yanda tükənməz həyat enerjisi, o biri yanda iyirmi beş yaşında yoluxduğu zöhrəvi xəstəlik, bir yanda daim nikbinlik gətirən yaradıcılıq coşqusu, o biri yanda həyatın etibarına inamsızlıqdan doğan bədbinlik qaramatı. Mopassanın yüksəlişi də, çöküşü də bu iki qütbün arasında baş vermişdi.

Ən dəhşətlisi budur ki, o, dünya nəsrini bir addım irəli aparan əsərlərini də bu aralıqda, həyatla ölümün şiddətli mübarizəsi şəraitində, o savaşın xaraba qoyduğu bir vücudun içində koması başına uça-uça yaratmışdı. Eynən Çexov da axır illərini belə bir mübarizədə keçirmişdi, həmin illərdə qələmə aldığı əsərləri vərəm qızdırmasının çağırdığı kabusların arasında yazmışdı. Görün bundan ötrü insana necə qüdrətli enerji, necə möhkəm iradə, necə böyük yaradıcı güc – allah gücü lazımdır.

***

Məmur ailəsində dünyaya gəlmiş gözəl Matilda ərlik yaşına çatanda cehizi olmadığından yüksək cəmiyyətə mənsub varlı balalarından təklif alacağına da heç bir ümid bəsləməyib, taleyinin hökmüylə maarif nazirliyində işləyən kiçik məmura ərə getməyə razılıq verib. Heç bir cəhətinə görə əsilzadə xanımlardan geri qalmasa da, bir çoxundan hətta üstün olsa da, Matilda onlar kimi yaşamır, kübar xanımlar kimi bahalı paltar geyinib cəmiyyət içinə çıxa bilmir. Bu səbəbdən həyatından, taleyindən narazıdır:

“Hiss eləyirdi ki,  Allah onu naz-nemət içində üzmək, zər-zibaya bürünmək üçün yaradıb, amma heç nəyi olmadığından əzab çəkirdi. Bomboş evinin çılpaq divarlarına, sürtülmüş nimdaş stullarına, əzilib didiklənmiş pəncərə pərdələrinə görə utanırdı. Bəlkə də başqa kasıb qadınlar onun evindəki yoxsulluğun fərqinə varmazdılar, amma o özü bunları gördükcə içəridən qovrulub hiddətlənirdi…

Şərq parçalarıyla bəzənmiş, hündür qədim bürünc qəndillərin işığına qərq olmuş sakit qonaq otaqları, buxarının istisindən xumarlanıb mürgüləyən yumşaq səndəlli, ipək corablı əzəmətli nökərlər tez-tez onun yuxusuna girirdi. O, yuxuda qədim qalın pərdələrlə örtünmüş geniş salonlar görürdü…”

Matildanın məmur əri Luazel qismətinə qane olan, ayağını yorğanına görə uzadan adamdır. Axşam işdən qayıdanda qarşısına qoyulan isti kələm şorbası da onu xoşbəxt eləyə bilir. Matilda üçünsə bu, çox azdır, o, bahalı əyin-baş, qiymətli daş-qaş, parlaq şan-şöhrət arzusundadır. İstəyir ki, hamının xoşuna gəlsin, kişilər gözünü ondan çəkməsin, kübar xanımlar onu görəndə paxıllıqdan yanıb-yaxılsın. Monastırda birgə təlim-tərbiyə aldığı varlı rəfiqəsinə hər dəfə qonaq gedəndə Matildanın halı xarab olur, məyusluqdan gün axşamacan ağlayır, hər dəfəsində özünə söz verir ki, bacılığının evinə bir də ayaq basmayacaq.

***

Bir axşam əri işdən sürprizlə qayıdır: maarif naziri onları bazar ertəsi nazirlikdə təşkil olunacaq məclisə dəvət eləyir. Əlbəttə, bu tədbirə düşmək istəyən çox olub, o səbəbdən cənab Luazel dəvətnaməni çətinliklə əldə eləyib, nəzərə almaq lazımdır ki, kiçik məmurları belə yerlərə nadir halda çağırırlar. Bəs necə, bu, hər saat tapılmayan fürsətdir, Matilda o məclisdə böyük-böyük adamları yaxından görəcək!

Xanım Luazel isə sevinmək əvəzinə yasa batır, çünki onun bu məclisə layiq paltarı yoxdur. Əri təklif eləyir ki, Matilda teatra gedəndə geydiyi donu geyinsin, o donla belə yüksək məclisə getmək olar. Matildanı isə hikkəsindən ağlamaq tutur, ərinin ehtiyatla irəli sürdüyü təklifə anlayışla yanaşmaqdansa qadın özünü zərərçəkmiş kimi aparır, balda iştirakdan boyun qaçırmaq istəyir. Onda cənab Luazel dörd yüz franklıq saxlancını özünə yeni don tikdirsin deyə Matildaya verir – bu pulu o, yayda dostlarıyla ova çıxmaq niyyətiylə tüfəng almaq üçün yığmışdı. Matildanın hesabına görə, təzə paltarın da başa gəlməsi elə bu qədər tutar.

Beləliklə, xanım Luazelin işi düzəlir, ancaq məclisin vaxtı yaxınlaşdıqca onu yenə qəm-qüssə basır. Matildanın təzə dona yaraşıq verəsi, paltarın dəbdəbəsinə uyğun nə bir üzüyü, bilərziyi, nə muncuğu, daş-qaşı var, bunlarsız da paltar nə qədər gözəl olur olsun, çılpaq, təmtəraqsız görünür. Bər-bəzəkli, sözbaz, qeybətcil kübar xanımların arasına dilənçi görkəmində çıxmaq olmaz. Onda əri ona məsləhət görür ki, varlı rəfiqəsi xanım Forestyenin üstünə borca gedib onun zinət əşyalarından birini əmanət götürsün. Söz Matildanın ağlına batır, bacılığının zəngin kolleksiyasından brilyant boyunbağını seçib böyük həvəslə, həyəcanla yüksək məclisə hazırlaşır.

***

“Nəhayət, məclisin vaxtı çatdı. Bal günü hamının gözü xanım Luazeldə qaldı. O hamıdan gözəl idi, zərif, qəşəng, şən görünən bu xanım sevincindən məst olmuşdu. Kişilər ondan gözünü çəkmir, onunla maraqlanır, onun kim olduğunu soruşur, çalışırdılar onunla tanış olsunlar. Xüsusi tapşırıq şöbəsinin məmurları yalnız onunla vals oynamaq istəyirdilər. Hətta nazir özü də onunla maraqlandı.

O, coşqun bir həvəslə, ehtirasla, sevincindən başı gicəllənə-gicəllənə, hər şeyi unudub öz gözəlliyinin təntənəsindən həzz ala-ala, qələbəsindən məst olmuş halda, kişilərin təzimindən, pərəstişindən, onların qəlbində oyatdığı ehtiraslı arzulardan ruhlanmaqla, qadın qəlbini müdam riqqətə gətirən tam qələbə duyğusuyla xoşbəxtlik dumanına bürünmüş kimi rəqs eləyirdi”.

Gecə saat dörddə məclis dağılır, onlar kefi kök, damağı çağ evə qayıdırlar. Evdə məlum olur ki, Matilda xanım Forestyedən əmanət aldığı brilyant boyunbağını itirib. Bu, yoxsul məmur ailəsinə kəsilmiş ölüm hökmüdür!

Gəldikləri yolu geri qayıdırlar, hər yeri ələk-vələk eləyirlər, faytonçunu sorğu-suala çəkirlər, boyunbağını gördüm deyən tapılmır. Cənab Luazel polis idarəsinə gedir, qəzetdə elan verir, fayton dayanacağını eninə-uzununa yoxlayır, gümanı gələn hər yerdə eşələnir, nəhayət, səhər saat yeddidə əliboş evə qayıdır. Matilda ərinin diktəsiylə rəfiqəsinə məktub yazıb ondan bir bəhanəylə möhlət istəyir.

***

Bir həftəlik axtarışdan sonra onlar itikdən əllərini tamam üzüb tədbir tökməyə başlayırlar: əmanət geri qaytarılmalıdır! Ancaq necə? Boyunbağının oxşarını tapıb almaq lazımdır: “Pale-Royal küçəsindəki dükanların birində eynən onların axtardığı boyunbağıya oxşar bir boyunbağı tapdılar. Boyunbağının qiyməti qırx min frank idi. Onlara isə otuz altı min franka satmağa razı oldular. Zərgərdən xahiş elədilər boyunbağını üç gün saxlasın, belə şərt kəsdilər ki, əgər fevralın axırınacan itən boyunbağı tapılsa, bu boyunbağını otuz dörd min franka geri qaytarsınlar”.

Luazelin atasından qalma on səkkiz min frankı var, qalan pulu borc-xərc eləməlidirlər. Hərədən bir az qırta-qırta, az qala dilənə-dilənə, ağır sələm, faiz altına girə-girə boyunbağının pulunu düzəldib xanım Forestyenin əmanətini qaytarırlar. Ər-arvadın əsl məşəqqətli günləri də bundan sonra başlanır. Onlar ömürləri boyu qul kimi borc yiyələrinə işləməlidirlər.

Bundan başlayırlar ki, Matildanın bəyənmədiyi evi taxtapuşun altındakı quş damına dəyişirlər. Xanım Luazelin daha qulluqçu saxlamaq imkanı da olmayacaq:

“O, ev işlərinin hamısını özü görməyə başladı. Məişət işlərindən zəhləsi getsə də, axşamacan mətbəxdə eşələndi, qab-qacaq yudu, yağlı qazanın dibini qaşıyanda çəhrayı dırnaqlarını sındırdı. Pal-paltarı öz əlləriylə yudu, tuman-köynəyi, dəsmalı yaxalayıb kəndirə sərdi. Hər səhər tezdən həyətə düşüb evin zibilini atdı, pilləkənlərin başındakı meydançalarda dayanıb nəfəsini dərə-dərə su daşıdı. Bütün yoxsul ailələrdən olan arvadların geydiyi köhnə, nimdaş paltarlardan geyindi, əlində zənbil bazara qaçdı, çörəkçi köşkünə girdi, qəssab dükanına, göysatanlara yan aldı, güc-bəlayla qazandıqları dilənçipayı gəlirlərindən bircə su saldırmaq üçün alverçilərlə ağızlaşdı, çığır-bağır saldı, çənə-boğaz elədi, əlini qısdırıb qəpik-qəpik pul yığdı.

Hər ay vekselin birini ödəyib təzəsini almaq, bir başqasının möhlətini uzatmaq lazım gəlirdi. Əri bir alverçinin haqq-hesabını qaydaya salmaq üçün gecələr işləyir, bəzən də səhərəcən yatmayıb səhifəsi beş suya əlyazma üzü köçürürdü.

Düz on il bu cür yaşadılar. On ildən sonra bütün borclarını, hətta insafsızcasına şişib artan sələmləri belə ödəyib qurtardılar”.

***

Ödəməyinə ödəyirlər, ancaq nəyin hesabına?

Alışmadığı zəhmətə qatlaşmağa məcbur olan xanım Luazel bu illər ərzində bütün gözəlliyini, zərifliyini itirir, təməlsiz arzularına, imkanlarına bab gəlməyən iddialarına bircə axşam külli-ixtiyar verməsi ona bir ömür bahasına, güvəndiyi gəncliyinin, gözəlliyinin puça çıxması hesabına başa gəlir. Matilda əvvəl bəyənmədiyi, dodaq büzdüyü şəraitini, güzəranını da itirir, halbuki o, qızlığında monastır tərbiyəsi almışdı, nəfsini, qürurunu cilovlamağı, aza qane olmağı hamıdan yaxşı bacarmalıydı. Ər-arvad kürək-kürəyə verib onun şan-şöhrət hərisliyinin, parıldamaq ehtirasının cəriməsini ödədikləri bu on ildə təmkinli, təvazökar zəhmət, namuslu əmək sayəsində ailənin dolanışığı da, yaşayışı da qat-qat irəli gedə bilərdi. İndi isə onlara ancaq quyudan çıxdıqlarına sevinmək qalıb. Qul əməyi, kölə zəhməti onları bir daha dirçəlməyə qoymayacaq, gözəllik, zəriflik bir yana, sağlamlıq da əllərindən gedəcək. Tamahını, ehtirasını, təkəbbürünü yemləyən insan bilməlidir ki, qapısında it yox, canavar saxlayır, gec-tez özünü o canavara yedirdəcək.

Mopassan arzuların, ehtirasların yedəyində keçən ömrü puç sayır. Təbiətin qüdrətindən pay aldığı bər-bəzəyi pozulan Matildanın sonku görkəmi belə miskin ömrə illüstrasiyadır. Qadın o qədər çirkinləşib ki, ən yaxın rəfiqəsi belə onu tanımır. Tanıyanda isə məlum olur ki, bacılığının illər öncə ona verdiyi boyunbağının brilyantları saxtaymış, yəni o zinət əşyasının gerçək dəyəri qırx min franka yox, olsa-olsa beş yüz franka bərabərmiş!

Bəlkə də bacılığı Matildanın zərərini gec də olsa ödəyəcək, onun əzab çəkmiş ürəyinə yüngülcə bir sığal çəkəcək, ancaq rəfiqəsinin bihudə xərclənmiş gəncliyini, solub getmiş gözəlliyini, kif basmış xəyallarını, talanmış ömrünü ona qaytara bilməyəcək.

***

Əslində isə qəlp olan, saxta olan təkcə boyunbağıya düzülmüş brilyantlar deyil, ondan da çox Matildanın ayaq tutmamış arzuları, taxma qanadlı xəyallarıdır. Bir axşamlıq dəbdəbəyə, şan-şöhrətə, hikkəyə cavan ömrü qurban verməyə dəyərdimi? Cəmi bir neçə saatlığa üz güldürən o boyunbağı zinət deyil, fələyin xaltasıdır, fələk o göz qamaşdıran xaltanı qəlbi kasad insanın boynuna salıb onu it kimi istədiyi səmtə aparır, istədiyi kəsə hürdürür. Hərçənd Matilda yenə o günü həyatının ən xoş günütək xatırlayır, düşünür ki, ondan ötrü ömürlük boyunduruğa çevrilmiş boyunbağını itirməsəydi, hər şey ayrı cür olardı.

Ayrı nə cür olacaqdı? Özünü bəyəndirdiyi varlı kişilərdən biri onu məşuqə tutacaqdı. Matilda namuslu, zəhmətkeş ərinin başında yekə bir maral buynuzu bitirib zavallı kişini dost-düşmən yanında xəcil, gözüqıpıq, diligödək eləyəcəkdi. Oynaşı onu atandan sonra ya canının qəsdinə duracaq, ya da yeni varlı kişi axtarışına çıxacaqdı. Bir az yaşlanıb kimsəyə gərək olmayanda elə indiki kimi əldən getmiş gəncliyin, gözəlliyin, sönüb getmiş həvəslərin xiffətini çəkə-çəkə içində çürüyəcəkdi…

Zamanın sərəncam verə bildiyi heç bir vardan-dövlətdən insana sərvət, ömrə sərmayə olmaz. Adam dəli, kor iradəsini cilovlamasa, bu həyatda ona rahatlıq yoxdur. İnsan övladı onu dünya dediyimiz örüşə hörükləyən arzuların ağzına daş basmasa, başına qənaət tacı qoymasa, mələşən ehtirasların sırtıq hay-küyündən qulaq dincliyi tapmayacaq.

Bəşərin gələcəyinə münasibətdə Mopassanın pessimizmi ustadı Floberdən də o yana keçmişdi. Bu məsələdə onun müəllimi Flober yox, yeni dövrün buddası Artur Şopenhauer idi. Mopassan da onun kimi Allahı Fələkdən ayırmır, Yaradanı nə iş tutduğunu bilməyən avam, cahil, kor, qəddar bir güc sayırdı. Ondan ötrü insan – mükəmməl vəhşi, din – fırıldaq alveri, tərəqqi – qanadsız xülya, dostluq isə içiboş söz, aldanış, əfsanədir. Dünyada heç kim heç kimin dərdini çəkə bilməz, insan bu qoca zindanda yaranışdan tənhalığa məhkumdur.

***

Mopassanın yaradıcılığını qadın ensiklopediyası sayanlar da haqlıdır. Yüzlərlə fərqli xanımdan ibarət qalereyası onun qadın xarakteri, qadın psixologiyası sahəsində nə qədər təcrübəli, bilikli olduğuna gözgörəti sübutdur. Uzun sürməyən ömründə – təkcə yaratdığı yox, yaşadığı ömründə də bu sarıdan əsla korluq çəkməmişdi. Onun nəzəriylə baxsaq, qadın təbiətin əkiz bacısı olmaqdan da artıq – təbiətin özüdür. Təbiət insanı da qadının köynəyindən keçirib işıqlı dünyaya gətirir. Qadına yanaşmaq – təbiətə yanaşmaq, qadına qovuşmaq – təbiətə qovuşmaqdır.

Mopassanın donjuanlığı da bütün donjuanların sələfi, baş prototipi Don Juanın əməlləritək fəlsəfi mahiyyət daşıyırdı. O, məftunu olduğu təbiətin qoynuna çox qapıdan, az qala hər qapıdan soxulmağa çalışırdı, panteizm tanrısı kimi dünyaya hər qadının bətnindən zühur eləmək istəyirdi. Ancaq xanımlar xanımı Ana Təbiət təkcə həyat doğurmur, təkcə xoşbəxtlik, həzz vermir, qoynunda zəhərli ilan da bəsləyir, bətnində virus, mikrob da yetişdirir. Ömrünün ən gözəl çağlarını həyat dolu sağlam, ehtiraslı canına bulaşmış mikrobların təhdidi altında yaşayan yazıçı sağalmaz xəstəliyə yoluxduğunu biləndə sevincək yazırdı ki, şükür, daha rahatam, daha mən bu mikroba yaxalanmaqdan qorxmuram (bu yerdə Vahidin misrası yadıma düşür: “Mən bu dərdin çarəsin ölməklə asan eylərəm”).

Ona həyat verən də qadın, canına virus yeridib verdiyini geri alan da qadın oldu. Daha doğrusu, qadın adıyla Ana Təbiət özü. Xəstəlik vücudunun məmləkətini zəbt eləyə-eləyə ta paytaxta – beyninə qədər işlədi. Lap axırda aqibəti düşüncəsiylə, yaşadığı yazdığıyla qardaş olub eyniləşdi. Nə başından tökülən pulları, nə görünməmiş şöhrəti, nə villaları, yaxtaları, nə də kölgəsində daldalanan məşuqələri onun dadına çatdı. Ruhunu da, yaradıcılığını da başdan-başa qara dekadans dumanı bürüdü. Baş tutmayan intihar cəhdindən sonra onu dəlixanaya yerləşdirdilər.

Deyilənə görə, ad-sanı üç qitəyə sığmayan yazıçı orada uşaq kimi iməkləyirmiş. Usanmış qələminin kağıza damızdırdığı sonuncu cümləsi də belə olub: “Cənab Mopassan dördayaqlı heyvana döndü”.

“Yeni Azərbaycan” qəzeti

Müəllifin başqa yazıları:

Çörəyi ver çörəkçiyə…

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?

Hansı qadın?

Vacib olan duyğuları tərbiyələndirməkdir

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

Günəşin yandırdığı şam

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Anar

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu

Onore de Balzakın etiqadı

Təsadüflər cənnətindən zərurət türməsinə

Xoşbəxtliyin ölümcül dozası

Paralel xətlərin kəsişməsində

İblisə səcdə qılan şair

Din kimi poeziya, peyğəmbər kimi şair

Kapridə ədəbsiz ölüm

Həyat dozanı aşanda

Zəlzələ hikməti

Düşmənə ezam olunan qeyrət

Qatil kimdir?

Qum dəryasında əsirlik

Dilinin altında gizlənmiş yazıçı

Stalin üçün yazılmış əsər?

Ölməz Tanrının oğlu

Köpək balıqları üçün ziyafət

Sağ qalmaq üçün ölmək

Qaranlıq fələyin hökmü altında

Ağıldan müdrik gözəllik

Bir sülalənin intiharı

İman cəngavəri, əxlaq zadəganı

Traktat dilində poeziya

Kollektiv təhtəlşüurun elçisi

Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!

Bədənin cəhənnəmindən ruhun cənnətinə

Qırmızı qanın qara fəsadları

Adsız məzara işləyən tarix

Sözü özünə bənzəyən şair

Məbəddən emalatxanaya

Uçmaq istəyən balıq

Yazıçının tutmayan fəlsəfi calağı

Panteizm tanrısının xəstəlikləri

Kir götürməyən ruhun gücü

Puç ömrün aqibəti

Gözləməklə keçən ömür

Təkliyinə çarmıxlanmış nəsil

Kuklaxana

Kişi əmrinə möhtac kişi düşməni

Qadının kəşfi

Qürubqabağı sevgi

Gilənar qırğını

Tanrı sorağına çıxan bəndələr

Cəhənnəm – başqalarıdır

Stalinin bəyəndiyi antisovet əsər

Atalıq taxtından yıxılan kral

Öz budağından yıxılan ağac

Ata qətlinin sirri

İnsaf adam

Tanrının qoşduğu Yusif dastanı

Hindistan dərvişi

Vasitə məqsədi doğrultmayanda

Kainatın mühərriki ehtiraslar

Keçmişdə qalmış gələcək

Taleyə qarşı peyvənd

Yoxluğun verdiyi azadlıq

Varlığın yaxasını açmaq

Ruhu üzünə çıxan dünya

Böyüklər üçün uşaq kitabı

Şərab şüşəsində saxlanan zaman

Mücərrəd sevginin konkret ünvanı

Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir

Sükuta sığınmaq, zənciri qırmaq

Yaratdığı dünyaya köçən yazıçı

Uzun sürən xəstəlik

Monastıra aparan orta yol

Kilsədə metafizik macəra

Düşmənlərin əbədi izdivacı 

Bir nəslin xəstəlik tarixçəsi

Bəlkə biz robotlaşırıq?

  • 19 Mart 2025
  • comments

Cəzalının seçimi

  • 23 Mart 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda