
Düşmənlərin əbədi izdivacı
- 02 Mart 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Qustav Floberin “Salambo” romanı haqqında
Fəxri Uğurlu
Onu tarixin dərinliyinə çəkən iki başlıca səbəb vardı: biri havasıyla nəfəs aldığı burjua gerçəkliyinə patoloji ikrah duyduğuna görə keçmişdə sığınacaq axtarması, o biri ta gəncliyindən qədim tarixə qəribə bir doğmalıq, məhrəmlik hissi bəsləməsi.
Qələm dostlarına yazdığı məktublardan göründüyü kimi, Floberin qəlbində dərinə işləmiş, bəlkə yüzüncü babasınacan kök atmış güclü reinkarnasiya duyğusu, görmədiyi, yaşamadığı zamanlara, bəşərin uşaqlığına, gəncliyinə həsrətdən doğan kövrək, həzin bir nostalji havası daim hökm sürüb. Ona elə gəlirmiş tarixin ən mühüm dönəmlərində şəxsən iştirak eləyib: qədim Misir fironlarının dövründə Nil çayında qayıqçı işləyib, Pun müharibələri zamanı Roma respublikasında kəniz alveriylə məşğul olub, antik Yunanıstanda bəlağətli nitqlər söyləyən natiq kimi ad çıxarıb, səlib yürüşlərinə qoşulduğu illərdə Suriyada çoxlu üzüm yediyinə görə partlamaya düşdüyündən din-şəriət uğrunda canını qurban verib; bir dövrdə bir ölkədə dəniz qulduru, başqa bir dövrdə başqa bir ölkədə rahib olub, gəzərgi aktyor kimi Qərb ölkələrini diyar-diyar dolaşıb, zalım padşah qismində hansısa Şərq ölkəsində rəiyyətə divan tutub…
Reinkarnasiya hissi özüylə panteizm duyğusu da gətirir, bunları bir-birindən ayırmaq mümkün deyil. Yeri gəlmişkən deyim ki, Floberin cahanşümul ədəbi üslubu da panteizmin ana prinsipi üzərində formalaşıb.
***
“Madam Bovari” romanı üzərində çəkdiyi altı-yeddi illik ağır əziyyətdən sonra ondan da ağır bir işə girişəndə Qustav Flober böyük uğur qazanacağına bir o qədər əmin deyildi. Dövrün ədəbi konyunkturası yazıçıdan qaldırmaq istədiyi sosial-psixoloji-fəlsəfi problemləri yaşadığı cəmiyyətin fonunda nəzərdən keçirməyi, insan qəlbinin təzadlarını, təbəddülatlarını çağdaş gerçəkliklər kontekstində araşdırmağı tələb eləyirdi. Başqa sözlə desək, tarixi mövzulara baş vurmaq günün reallıqlarından qaçmaq kimi qəbul olunur, istər ədəbi tənqid, istərsə oxucu kütləsi belə halları çox da təqdir eləmirdi. Üstəlik də, əsərin yazıldığı illərdə (“Salambo” üzərində 1857-ci ildə işə başlayan yazıçı romanı 1862-ci ildə bitirib) tarix elminin xaraba qalmış qədim Karfagen sivilizasiyası barədə çox az bilgisi vardı, bu səbəbdən o qaranlıq tarixə insanların marağı da çox deyildi. Buna baxmayaraq Flober tarixin zülmətinə, zamanın dərin laylarına gömülmüş sivilizasiyanı bir arxeoloq hərisliyi, alim səbriylə diriltməyə nail oldu. Bunca ağır zəhmətin öhdəsindən gəlmək üçün o, başda qədim yunan tarixçisi Polibinin salnamələri olmaqla neçə-neçə tarixi qaynağa baş vurdu, Karfagen tarixinə gözlə, əllə toxunmaq üçün Tunis səfərinə çıxıb romanındakı hadisələrin cərəyan elədiyi torpaqlarda iki ay sərasər dolaşdı.
Doğrudur, sonrakı tədqiqatlar ticari münasibətlərin, tacir xalqın yaratdığı Karfagen respublikası ilə bağlı on doqquzuncu əsrdə formalaşmış təsəvvürlərin bir xeyli yanlış olduğunu göstərdi, ancaq sonrakı elmi-tarixi yeniliklər “Salambo”nun məzmununa, dəyərinə xələl gətirmədi. Roman elə işıq üzünə çıxarıldığı dövrdəcə böyük populyarlıq qazandı, həm tənqid, həm təqdir olundu. Viktor Hüqo, Lekont de Lil, Şarl Bodler kimi ədəbiyyat generalları, eləcə də məşhur bəstəkar Berlioz müəllifə difiramblar söyləyib öygülər yağdırdılar; tənqidçilərin bir qismi isə yazıçını qədim həyatın detallarına, məişət xırdalıqlarına həddindən artıq fokuslanmaqda, naturalist, hətta sadist səhnələrin təsvirinə aşırı aludə olmaqda, ən vacibi isə zahiri effekt yaratmağa güc verib qəhrəmanların daxili portretini, psixoloji mənzərəsini çəkməkdən yayınmaqda qınadı. Bu qınaqda gerçək payı yox deyil, həqiqətən müəllif “Madam Bovari”də dahiyanə ustalıqla gen-bol yararlandığı psixoloji analiz metodundan bu əsərdə, demək olar, istifadə eləmir, əvəzində həm saray, həm məbəd, həm də ordu həyatının detallarını bütün incəliklərinə qədər elə heyrətamiz kinematoqrafik dəqiqliklə canlandırır ki, oxucunun bu xırdalıqlardan bezib yorğun düşməməsi müşkül məsələdir, çünki bütün təsvir olunanları təsəvvürə gətirmək oxucudan xalis rəssam təxəyyülü istəyir. Əgər kino erasına qalsaydı, şübhəsiz, Floberə ssenarist kimi tay tapılmazdı.
***
Romandakı hadisələr bizim eradan əvvəl 240-cı ildə qədim Karfagen ərazisində baş verir. Süjetin əsasında muzdlu qoşunun hökumətə qarşı elə həmin il baş qaldırmış üsyanı, sərkərdə Hamilkar Barkanın komandanlığı altında Karfagen ordusunun dövləti çökdürmək gücündə olan qiyamı amansızcasına yatırması durur. Bütün bunlar tarixi sənədlərdə qeydə alınmış faktlar olsa da, müəllif keçmişin bədii salnaməsini yaratmaq məqsədi güdməyib, əsərin mərkəzinə tarixçilərin nəzərindən yayınmış daha mühüm bir hadisəni – sevgi macərasını çəkib.
Dövrünün özü ranqda başqa yazıçıları sayaq Flober də tarixi proseslərdən adı tarixə düşməmiş qəhrəmanlarına fon verib, dövran yaradıb. Bu baxımdan qaranlıq, ölü zamana baş vurmaq müəllifə əl-qolunu gen açmaq, təxəyyül atını sağa-sola səyirtmək səlahiyyəti də verib. Hərçənd müəllif bu geniş səlahiyyətdən sui-istifadə eləməyə çalışmayıb, bəşərin qaranlıq yaddaş quyusuna ün salmaqla mürgülü xatirələri oyatmaq üçün əlindən gələni əsirgəməyib, ölü zamanın laylarını dəbərdib, yoxluğu ələ gətirib. Özünü realist də yox, “sonuncu romantik” saydığına baxmayaraq Floberin bu əsəri iki min il əvvəl yaşamış qədim bir müəllifin qələmə aldığı, romantizm, naturalizm elementləriylə zəngin realist romana bənzəyir.
***
Aramsız savaşların əldən saldığı Karfagenin dövlət şurası muzdlu qoşunun haqqını ödəyə bilmədiyindən qəzəbli döyüşçülərin başını təmtəraqlı ziyafətlə qatmağa çalışır. Min bir nemətin düzüldüyü süfrələr Hamilkarın möhtəşəm sarayının ətrafındakı bağ-bağçada açılır. Hərəsi bir ölkədən, bir eldən çıxmış yorğun-üzgün, ac, yaralı əsgərlər hamılıqla ziyafətə axışırlar. Şuranın hesabı özünü doğrultmur, dadlı təamlardan yeyib şərabdan içən döyüşçülər sakitləşmək əvəzinə daha da qızışırlar, bir ucdan yemək-içmək, pul, qadın istəyirlər. Zindanın qapılarını qırıb dustaqları buraxırlar, Hamilkarın bağındakı hovuzda üzən müqəddəs balıqları bişirib yeyirlər.
Məclisin coşub-daşan çağında bağçada başdan-ayağa ləl-cəvahirlə bəzənmiş gözəl bir qız peyda olur. Bu, muzdlu qoşunun başında neçə-neçə döyüşdən qalib çıxmış sərkərdə Hamilkar Barkanın qızı Salambodur. Qız naməhrəm baxışlardan uzaqda, xədimlərin, kənizlərin arasında, Karfagenin qoruyucu tilsimi, himayədarı ilahə Tanitin mələyi, kahini, həm də təcəllası kimi bəslənib. Barbarlara müxtəlif dillərdə müraciət eləyən Salambo müqəddəs balıqlara tamah salmaqla onların ağır suç işlədiklərini, günaha batdıqlarını söyləyir. Sərxoş döyüşçülər susub onun nitqinə qulaq kəsilirlər. Onlardan birinin – numidiyalıların gənc rəhbəri Nar Havasın qıza dikilmiş həris baxışları xüsusilə seçilir. Nar Havas muzdlu deyil, ziyafətə də təsadüfən qoşulub. O, altı aydan bəri Hamilkarın sarayında yaşasa da, Salambonu ilk dəfə görür, qızın gözəlliyi qarşısında heyrətini gizlədə bilmir.
Süfrənin o biri başında Mato adlı azman liviyalı döyüşçü əyləşib. Salambonun gözəlliyi onun da gözünü qamaşdırır, Mato canlı tanrıçaya pərəstişlə təzim göstərir. Cavabında Salambo ona şərabla dolu piyalə uzadır. Qalliyalı döyüşçü deyir ki, onun vətənində qadın kişiyə şərab verirsə, demək, həmin kişiylə yatağını bölüşmək istədiyinə işarə vurur. Söz onun ağzından çıxar-çıxmaz Nar Havas ucubiz silahıyla Matonun əlini yaralayır. Qəzəblənmiş liviyalı yerindən sıçrayan kimi numidiyalı qaçıb sarayda daldalanır. Mato Nar Havasın arxasınca örtülən qırmızı darvazanı açanda azad olunmuş kölələrdən biri Spendi ilə qarşılaşır. Spendi ona deyir ki, əvvəllər bu sarayda yaşayıb, onun hər künc-bucağına bələddir, azadlığa qovuşmasının müqabilində burada saxlanan xəzinələrin yerini Matoya göstərə bilər. Di gəl, liviyalı cəngavərin fikri-zikri hər xəzinədən dəyərli Salambonun yanında qalıb.
***
İki gün keçmiş muzdlulara elan olunur ki, şəhəri tərk eləmək istəyənlərin məvacibi tam ödənəcək, üstəlik, Karfagen gəmiləri onları doğma sahillərinə daşıyacaq. Barbarlar razılaşırlar, səhrada yeddi gün yol yorub deyilən yerdə düşərgə salırlar. Az keçmiş Nar Havas da düşərgəyə gəlib çıxır. Mato numidiyalını öldürmək istəsə də, Nar Havas liviyalını dilə tutub ondan özünün düşərgədə qalmasına razılıq alır. Təcrübəli Spendi Nar Havasın nəsə bir qaranlıq niyyətinin, məkrli planının olduğunu duyur. Mato isə xəyallar aləmindədir, neyləsə də, Salambonun surəti yaddaşından silinmir.
Hamı vəd olunmuş qızılın-pulun Karfagendən göndəriləcəyini intizarla gözləyir. Üstəlik, baş götürüb şəhərdən qaçmış borclular, müflisləşmiş kəndlilər, tutulmamış cinayətkarlar, didərgin salınmış qaçqınlar bir ucdan düşərgəyə axışırlar. Ehtiyac, gərginlik artır, ərzaq tükənir, pullarsa gəlib çıxmır. Günün birində qoca sərkərdə Hannon başının dəstəsiylə düşərgəyə yollanıb, muzdluları Karfagendə vəziyyətin nə qədər ağır olduğuna, xəzinənin boşaldığına inandırmağa, borclarını tələb eləməsinlər deyə onları dilə tutmağa çalışır. Ac-yalavac, üzgün, qəzəbli kütlə partlayır, barbarlar yeddi günə gəldikləri yolu üç günə geri qayıdıb Karfageni mühasirəyə alırlar. Qanlı döyüş başlanır. Mato qiyamçıların başında durur.
Spendi su borularından keçməklə Karfagenə aparan gizli yolu tanıyır. Onlar ikilikdə həmin yolla şəhərə girəndə qoca qul Matonu dilə tutur ki, məbədə soxulub ilahə Tanitin örtüyünü oğurlasın, çünki bununla şəhərin qüdrət rəmzini ələ keçirib Karfagenin tilsimini sındırmış olacaq. Mato duvağı məbəddən götürüb Hamilkarın sarayına yönəlir, Salambonun otağına təpilib yuxulu gözələ sevgisini tez-tələsik bəyan eləyir, onu qoşulub qaçmağa razı salmaq istəyir. Salambo barbar oğlunun zəhmindən qorxuya düşüb haray salır, haya gələn qullar Matonun üstünə atılmaq istəyəndə qız onları dayandırır: yadellinin çiynində tanrıçanın müqəddəs örtüyü var! Bu örtük tanrının bir parçasıdır, ona toxunmaq ölümü çağırmaq deməkdir. Odur ki, heç kəs azğın liviyalı quldura yaxın düşmək istəmir.
***
Barbarlarla Karfagen arasında ağır döyüşlər gedir, heç bir tərəf düşmənini yenə bilmir, heç biri də zalımlıqda, qəddarlıqda o birindən geri qalmır. Spendi ilə Nar Havas tez-tez ruhdan düşsələr də, Mato inadından dönmür, qətiyyətlə döyüşür. Karfagen əhli düçar olduğu uğursuzluğun səbəbini ilahə Tanitin müqəddəs örtüyünə naməhrəm əli dəyməsində, şəhəri qoruyan tilsimin qırılmasında görür. Hamı bu işdə Hamilkarın qızını günahlandırır. Salambonun tərbiyəçisi olmuş qoca kahin qıza açıq deyir ki, ölkənin qurtuluşu onun əlindədir, Salambo barbarların düşərgəsinə gedib duvağı geri almalıdır. Ola bilsin, bu gediş ona canı bahasına başa gələcək, ancaq bir nəfərin həyatı bütöv bir respublikanın varlığından qiymətli deyil.
Salambo razılaşıb bələdçiylə yola çıxır. Qız elə qiyafəyə bürünür ki, qadın olduğu bilinmir, heç kəs ondan şübhələnmir. Bir fəndlə Matonun çadırına yol tapanda Tanitin zər-zibalı duvağını ilk baxışdan gözü alır. Ona elə gəlir ki, canına ilahi qüvvə dolur, cəsarətlə özünü düşmənə nişan verib, duvağı aparmaq üçün gəldiyini Matoya açıq söyləyir. Qızın gözəlliyi qarşısında igid döyüşçünün əli-ayağı boşalır, Salambo isə bir az da ürəklənib Matonu ən ağır cinayətlərdə – şəhərlərin xaraba qoyulmasında, kəndlərin yandırılmasında, respublikanı qoruyan əsgərlərin qətlə yetirilməsində suçlayır, ona nifrətini izhar eləyir. Mato isə məbəddən çıxıb onun otağına girdiyi zaman başqa niyyətinin olmadığını, sadəcə, müqəddəs örtüyü ona təhvil vermək istədiyini söyləyir: “Axı sən də Tanit kimi gözəlsən, bəlkə də Tanitin elə özüsən!” Qiyamçı liviyalı düşmən qızı qarşısında diz çökür, onun ayaqlarından, çiyinlərindən, saçlarından öpür, Salambonun canına şirin bir yorğunluq yayılır, qız onu məst eləyən bu duyğuya təslim olmağa hazırdır.
Bu dəm düşərgədə yanğın başlayır, Mato yubanmadan çölə atılır. Salambo fürsəti fövtə verməyib müqəddəs duvaq əlində cəbhə xəttini adlayır, özünü qarşı düşərgəyə yetirib atasının çadırına salır. Könüllü casus Nar Havas da buradadır, qiyamçıların düşərgəsində yanğın törədəndən sonra atlı dəstəsiylə Karfagen ordusunun tərəfinə keçib, daha doğrusu, guya öz cəbhəsinə qayıdıb. Onun xəyanəti muzdluların səflərinə sağalmaz zərbə vurub. Hamilkarı Karfagenə işləmək məqsədiylə qarşı tərəfə keçdiyinə inandırmağa çalışsa da, əslində, bu müddətdə Nar Havas gözləmə mövqeyi tutub, yalnız Karfagen qüvvələrinin ağır basdığını görəndən sonra qiyamçılara arxadan zərbə vurmaq qərarına gəlib. İgid Matonun paxıllığını çəkməyi, Salambonu ona qısqanmağı da Nar Havasın xəyanət yolu tutmağına az təsir göstərməyib. İndi numidiyalı xidmətinin müqabilində bəxşiş, mükafat gözləyir.
İnsan sərrafı, siyasət ustası Hamilkar Barka müxənnət numidiyalının yalan danışdığını sübuta yetirməyə tələsmir, onunla ittifaqdan faydalana biləcəyini düşünür. Salambo çadıra girib Tanitin duvağını atasına uzadanda komandan vəcdə gəlib Nar Havasa belə deyir: “Mənə göstərdiyin xidmətin mükafatı kimi qızımı sənə verirəm”. Elə oradaca Hamilkar cavanları bir-birinə adaxlayır. Salambo heykəl kimi yerində donub qalır, sanki nə baş verdiyini anlamır.
***
Savaş bundan sonra da səngimir. Tanitin duvağı respublikaya qaytarılsa da, qiyamçılar yenidən Karfageni mühasirəyə alırlar. Spendi şəhərin su təchizatı sistemini dağıdır, bundan sonra Karfagenə vəba epidemiyası yayılır. Ağsaqqallar adət üzrə savaş tanrısı Moloxa dövlətli balalarından təcili qurban verilməsinin vacib olduğunu bildirirlər. Hamilkarın on yaşlı oğlu Hannibala növbə çatanda atası onu gizlədib yerinə qullarından birinin uşağını verir, sonra da yalandan yas saxlayıb kədərə qərq olur. Tanrı Moloxun çağırışından yayındırılan bu uşaq məktəblilərin qədim dünya tarixi dərsliklərindən tanıdığı həmin o Pun müharibəsinin məşhur qəhrəmanı Hannibaldır.
Molox qurbanları qəbul eləyir, ayindən dərhal sonra Karfagenə yağış yağır. Nar Havas şəhərə ərzaq keçirə bilir. Üstəlik, barbarların qələbəsindən çəkinən Roma, Sirakuz kimi dövlətlər də düşmən ölkənin tərəfini saxlamağa məcbur qalırlar. Nəhayət, qiyamçılar ağır məğlubiyyətə uğrayırlar. Onların düşərgəsində aclıq başlanır, sağ qalanlar ölənlərin ətini yeyirlər. Spendi həlak olur, Mato öz dəstəsiylə şiddətli müqavimət göstərməsinə baxmayaraq əsir düşür, Nar Havas toru onun başına öz əliylə keçirir. İnadkar döyüşçünün edamı Salambonun toyu gününə salınır. Edamdan qabaq Matonu şəhərin küçələriylə qolubağlı gəzdirirlər ki, hər kəs ona istədiyi şəkildə xətər yetirə bilsin. Əzabın, işgəncənin müddəti uzansın deyə məhkumun gözünü çıxarmaq, ürəyindən vurmaq qadağan olunur.
Gəlinlik donu geyinmiş Salambo bir zaman muzdlu qoşuna ziyafət verilən bağdan bu mənzərəni görəndə igid Mato özü boyda qan yumağına dönmüş olur. Didik canı caynaq-caynaq yağmalanan Matonun sona yalnız gözləri diri qalır, qanına bələnmiş cəngavər həmin diri gözlərini Salamboya dikib durur. Qız yalnız indi anlayır ki, bu oğlan ondan ötrü nə qədər cəfa çəkib. Çadırında Matonun ona necə nəvaziş göstərdiyini, ona sevgi dolu sözlər pıçıldadığını xatırlayır. Bu vaxt amansız işgəncələr altında son damla gücünü də itirən Mato yıxılıb canını tapşırır. Öz qələbəsindən məst olan Nar Havas ayağa qalxıb Salambonu qucaqlayır, şadyanalıq eləyən şəhər əhlinin gözü qarşısında Karfagenin şərəfinə qızıl piyalədən şərab içir. Salambo da əlində piyalə ayağa qalxır, şərabı dodağına aparmamış yenidən taxta çökür, gözəl başı dərhal çiyninə düşür. “Tanitin duvağına toxunmağının cəzası kimi Hamilkarın qızı beləcə öldü”, – roman bu cümləylə də başa çatır.
Nə qədər ki Salambo qızlıq örtüyü, həya pərdəsi altında məsum ruh kimi, mələk kimi dolaşır, ölümün ondan xəbəri olmur. Qız o pərdəni üzündən götürmək istəyəndə həyat mexanizmi bütün gücüylə işə düşür, bu çarx özüylə birgə ölümü də hərəkətə gətirir. Bakirə Tanitin duvağına əl aparan iki nəfərin ikisi də əcəldən son payını alır, bir-birinə daha möhkəm izdivacla bağlanır.
***
Tanit gözəllik, məsumluq, qızlıq simvolu, Molox igidlik, coşqu, ərlik rəmzidir. Molox ildırım çaxdıran qəzəbli göyü, Tanit bərəkət yetirən həlim yeri simvolizə eləyir. Salambo eşq tanrıçası Tanitin, Mato da savaş tanrısı Moloxun təcəssümü, hər biri öz allahının kahinidir – ikisi də bir-birini məhz bu cür tanıyıb qəbul eləyir. Zahirən bir-birinin tərs üzü olsalar da, üzlə astartək bir-birindən çox da uzaq deyillər, biri o birini tamamlayır, biri o birindən törəyir. Biri olmasa, o biri də olmaz, necə ki, Mato olmayanda Salambo da olmadı.
Tanitlə Molox maddi-bioloji dünyanın iki ayrılmaz qütbü, fələyin iki üzüdür – biri həyat bağışlayır, o biri öldürür, biri becərir, o biri biçir, biri verir, o biri alır. Tanit yunan tanrısı Erosun bacılığı, Molox Tanatosun qardaşlığıdır. Salambo ilə Mato kimi onlar guya qarşı duran düşmən cəbhələrdə təmsil olunsalar da, gerçəkdə bir-biriylə nəfəs alıb yalnız birlikdə var ola bilirlər. Üzdən elə görünür ki, bu antaqonist ünsürlərin izdivacı qışla yazın birliyi kimi dünya durduqca baş tutmaz, əslində isə onlar heç vaxt ayrılmayıb, bir an belə ayrı yaşamayıblar. Onlar təbiət ananın bir-birinə təməlindən calanmış, bir bətndə mayalanıb iç-içə bəslənmiş, bir yerdə doğulub böyümüş bir cüt əkiz övladıdır – olumla ölüm kimi. Onların kəbini aləmin ilk zərrəsi vücuda gələndə kəsilib. Biri cahan mülkündən silinəndə o birini də özüylə aparır – Mato Salambonu apardığı kimi. Heç bir savaş, düşmənçilik, heç bir ordu, heç bir qüvvə onları bir-birindən ayıra, təbiətin qüdrət qələmiylə imzalanmış bu izdivacı poza bilməz.
Yazıçının əsərinə ölüb getmiş sivilizasiyanı, yer üzündən silinmiş bir şəhəri məkan seçməsi də rəmzi məna daşıyır. Şərq poeziyasının Mədain xərabələri kimi Karfagen də Qərb ədəbiyyatı üçün fanilik, yoxluq simvolu, olum-ölüm arasındakı ziddiyyətlərin cah-cəlalı, ehtişamı puça çıxarıb sıfırladığı açıq məzardır. Karfagen ordusuyla barbarların qoşunu da həyatın bir-birinə qənim kəsilmiş, eyni zamanda bir-birinə güc verən iki təzadlı qütbünün timsalıdır. Ziddiyyətlər bir-biriylə düşmənçilik aparsa da, bir-birini yaşadır. Qədim dünyanın ən parlaq sivilizasiyalarından sayılan Karfagen respublikası da daxilindəki barışmaz təzadı aradan qaldırandan sonra məhv olur. Fani həyatın dəyişməz tək qanunauyğunluğu budur. Bu həyat bütün savaşan tərəfləri, bütün müsbət-mənfi emosiyaları bir tərpənməz, əbədi sıfır nöqtəsinə, sükunət instansiyasına çağırıb orada heçə çıxarır. Flober də insanlığa məhz o sıfır nöqtəsindən səslənir.
“Yeni Azərbaycan” qəzeti