
Kilsədə metafizik macəra
- 21 Fevral 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanı haqqında
Fəxri Uğurlu
İndi Parisin başlıca simvollarından sayılan, milyonlarla turistin ziyarət ocağına, dünya liderlərinin görüş yerinə çevrilmiş bu məbədi on doqquzuncu əsrin birinci yarısında köhnəliyin qalığı kimi paytaxtın yaraşığını pozduğuna görə sökmək istəyirdilər. Xalqın dinə, kilsəyə, bütövlükdə keçmişinə xor baxdığı bir zamanda Hüqonun qüdrətli qələmi möhtəşəm əsərinin baş qəhrəmanına çevirdiyi Notr-Dam kilsəsini yenidən ucaltdı, onu tək Parisin də yox, bütün dünya incəsənətinin əbədi rəmzinə çevirdi.
Viktor Hüqonun iyirmi doqquz yaşında tamamladığı bu əsər 1831-ci ilin yazında işıq üzü görər-görməz müəllifinə böyük şöhrət qazandırdı. “Paris Notr-Dam kilsəsi” fransız ədəbiyyatında ilk tarixi romandır, hərçənd bu romanı sözün hərfi mənasında tarixi əsər saymaq da olmaz, çünki burada tarixdən çox şey olsa da, tarixi proseslərə, şəxsiyyətlərə yer verilsə də, yazıçı keçmiş zamanın bədii salnaməsini yaratmağı qarşısına məqsəd qoymayıb, tarixin yaddaşına yazılmış-yazılmamış hadisələrdən öz ideyaları, qəhrəmanları üçün fon, dekorasiya kimi yararlanıb. Romandakı aparıcı personajlar (Klod Frollo, Kvazimodo, Esmeralda, Feb de Şatoper) müəllif təxəyyülünün məhsullarıdır, yalnız şair-dramaturq Pyer Qrenquarın XV əsrdə yaşamış gerçək prototipi var. Başqa sözlə, bu roman tarixi yox, bəlli tarixi zaman kontekstinə salınmış dini-fəlsəfi romandır. Kitabın ilk fəslinin ilk cümlələri də buna dəlalət eləyir: “Düz üç yüz qırx səkkiz il altı ay on doqquz gün bundan əvvəl parislilər Qədim şəhərdə, Universitet məhəlləsində və Yeni şəhərdə gurlayan kilsə zənglərinin səsinə yuxudan oyandılar. Halbuki tarixdə 1482-ci ilin 6 yanvar gününə dair heç bir əlamətdar hadisə haqqında qeyd yoxdur. Həmin gün səhər çağı kilsə zənglərini hərəkətə gətirən, Paris əhalisini təşvişə salan heç bir qeyri-adi hadisə baş verməmişdi…” (tərcümə Mikayıl Rəfilinindir – yeri gəlmişkən, romanın adını “Paris Məryəm ana kilsəsi” kimi çevirənlərin olduğunu da xatırlayıram). Hərçənd əsər XV əsr Paris həyatının xronikası, insan mənzərələrinin gerçəkçi təsviri, real tarixin canlandırılmış versiyası kimi də maraqla oxunur.
Həcmi böyük olsa da, Hüqo ilk romanını altı aydan da az bir müddət ərzində birnəfəsə yazıb. Bundan sonra yaşadığı əlli dörd ildə daha bir neçə roman ortaya qoyubsa da, “Paris Notr-Dam kilsəsi” böyük yazıçının yaradıcılığında “Səfillər”dən sonrakı şərəfli yerini bu gün də qoruyub saxlayır. Müəllifin 1831-ci ilin fevralında əsərinə yazdığı kiçik bir girişi saymasaq, roman on bir kitabdan (bölümdən) ibarətdir. Hər kitab da özlüyündə fəsillərə bölünür.
***
“Paris Notr-Dam kilsəsi” – dini-idealist mesajlar, mənalarla yüklü, mistik kodlar, şifrələrlə kilidli metafizik dastandır. Əsərin süjetindən tutmuş kontrastlarına, kolliziyalarına qədər nəyi varsa – qəhrəmanların macəraları, çarpışmaları, törədilən cinayətlər, qətllər, hətta müəllifin yumoru, zarafatları belə metafizik xarakter daşıyır. Adı bəlli kilsənin özü elə metafizik aləmin simvoludur. Məbədin ətrafındakı küçələr, məhəllələr fani həyatın yükünü çəkən yerüstü dünyanın ayrı-ayrı fraqmentləridir. Notr-Dam kilsəsi Parisi basmış bulanıq insan selinin ortasında alınmaz qala kimi, sarsılmaz qaya kimi ucalan bir adadır. Bura Allahın evidir, Tanrı dərgahına sığınan kəsə zaval yoxdur.
İki fəsildən ibarət üçüncü kitabın “Paris Notr-Dam kilsəsi” adlı birinci fəslində Hüqo oxucunu bir sənət abidəsi kimi özündə mühafizəkar, ehkamçı, quru, zəhmli roman üslubundan sənətə, ürəyə yaxın əlvan, təmtəraqlı qotik üsluba keçidi, iki memarlıq məktəbinin sintezini əks elətdirən kilsənin quruluşuyla, “Yüksəklikdən görünən Paris” adlı ikinci fəslində isə buradan baxanda Parisin görünüşüylə tanış eləyir. Yazıçı zəng qülləsindən, quş uçuşu hündürlüyündən paytaxtın seyrinə dalır, Parisdə qaynayan coşqun həyatı metafizik ucalıqdan Allahın qüdrət nəzəriylə bir baxışda görməyə çalışır. Kilsə oxucunun gözü qarşısında real, maddi dünyanın fövqündə duran ideal, mistik bir aləm kimi açılır. Krallara baş əyməyən, ordulara yenilməyən bu aləmin öz qanunu, öz nizamnaməsi var. Buranın kralı Tanrı, kardinalı Məryəm oğlu İsadır. Bu dünyada zaman əldən-ələ keçmir, günlər dondan-dona girmir, burada hər gün bir gün, hər zaman eyni zamandır.
Romanın əsas qəhrəmanları adı portuqal dilində zümrüd mənası verən qaraçı qızı Esmeraldanın gözəlliyi ətrafında birləşirlər, hər birinin mahiyyəti gözlərindən, vücudundan həyat fışqıran bu saf, sadəlövh, şən qıza münasibətdə açılır (sonralar Dikkens, Dostoyevski kimi böyük yazıçılar da eyni üsuldan gen-bol yararlanacaqlar). Qızı mühasirəyə almış dörd aşiqin hər biri Esmeraldaya dördbucağın öz payına düşən bucağından baxır. Gözəlliyə münasibət onların şəxsiyyətini dəyərləndirməyin başlıca meyarıdır.
***
Şərq şairlərinin “zahid” adlandırdığı tipə tam uyğun gələn qaraqabaq, qaradinməz şəriətçi, otuz altı yaşına yeni çatsa da, vaxtından qabaq qocalmış, üzü qırışmış, saçı çallaşmış arxidiakon Klod Frollo nücum, kimya elmiylə başını qatmağa çalışır, fəqət canında qiyam qaldırmış şeytanı yuxuya verə bilmir. Bu yaşınacan qadın mehrinin nə olduğunu bilməyən baş keşiş Esmeraldanı tanıyandan bəri qara mantiya altında boğduğu ehtirasının, yasaq şəhvətinin öhdəsindən gələ bilmədiyinə görə bədəninə xəsarət yetirməklə içindəki şeytani vəsvəsədən qurtulmağa çalışır. Müəllif bu din xadimini ruhunu Mefistofelə satmış Fausta bənzədir. İblis onun can evini çoxdan kirələyib.
Keşişin bir zaman oğulluğa götürdüyü atılmış körpə – qozbel, axsaq, kar, kor zəngçi Kvazimodo dünyaya gələli heyvan kimi ömür sürüb, uşaqlığından məbəddə yaşayıb, işi, vəzifəsi nəhəng kilsə zənglərini səsləndirmək olub. Zəng səsi onun qulaqlarını batırdığından heç nə eşitmir. Adının da “demək olar”, “elə bil”, “guya” ifadələrinə yaxın bir mənası var. Ruhu da bədəni kimi kar-kordur, xeyiri şərdən seçə bilmir, nə mərhəmət, nə də vicdan tanıyır. Yalnız cəza meydanında susuzluqdan yananda Esmeraldanın ona verdiyi bir içim su Kvazimodonun şikəst, lal-kar ruhunu hərəkətə gətirir, Tanrı onun uçuq, xaraba komasına qonaq gəlir. Kvazimodonun ruhu da bədəni kimi güclü çıxır, çünki onun intuisiya dalğalarının axışına maneçilik törədəsi nə intellekti, nə də instinkti var; başqa sözlə, bu ruhun qarşısında əngəl olası nə bir yetkin ağıl, nə də sağlam, mükəmməl bədən var.
Ayğır kimi harın, arsız, kefcil Feb arxidiakon Frollonun antipodudur, o da Şərq şairlərinin “rind” dediyi xarakterə uyğun bir tipdir. Sonradan avaralıq, sərgərdanlıq yolu tutan şair-dramaturq, filosof Pyer Qrenquarı da bu tipdən saymaq olar (hərçənd gileyli şair xasiyyətcə nikbin, xudbin nişançının tərs üzüdür), ancaq anarxist oğrular, dilənçilər səltənətinə sığınan uğursuz filosofdan fərqli olaraq Feb de Şatoper krala xidmət göstərən igid, qoçaq nişançı, qayda-qanuna tabe nizam-intizamlı zabit, kübar cəmiyyətin zərif qəlbli yetirməsidir. Onun zahiri ehtişamına, parıltısına uyan Esmeralda axtardığı ağatlı oğlan, xilaskar obrazını rəsmən özünə ər seçdiyi şairin yox, məhz cəngavər Febin timsalında tapır, Feb isə sadəlövh qızın evlənmək barədə sualına kübar, tox istehzayla cavab verir. İnsanların ruhunu xilas eləmək keşiş Frollonun birbaşa vəzifəsi, missiyası olsa da, o da Esmeraldanı həyatın qurduğu tələlərdən, fələyin ağır zərbələrindən qorumaq barədə yox, canına daraşmış şəhvət cinindən, mübtəla olduğu qara sevdadan qurtulmaq barədə düşünür.
***
İşə bax ki, qadir Allah xilas missiyasını əlində silah kimi söz oynadan şairin, söz kimi kəskin qılınc qurşamış cəngavərin, Məsihin taxt-tacını, kəlamını miras almış keşişin yox, bu xidmət üçün qətiyyən yaramayan meymunabənzər bir məxluqun əliylə həyata keçirir. Dili-ağzı, gözü-qulağı qıfıllı məxluq Mütləq Ruhun seçimiylə metafizik fiqura, Tanrının mühüm tapşırıqlar üzrə səlahiyyətli elçisinə çevrilir. Kilsəni elmi-fəlsəfi laboratoriyaya döndərmiş ruhani alim, dünyadan əlini çəkmiş tərki-dünya zahid yox, oxuma-yazma öyrənmiş olsa belə elmdən, bilikdən məhrum bir nadan, indiyəcən himayədarının iradəsinə kor-koranə tabe olmuş bir avam.
Qaraçı qızı Esmeralda bakirə Məryəm ananın timsalıdır. Tanrı onu dərgahına çağıranacan qızın məsumluğu qorunmalıdır. Bu müqəddəs missiyanı yalnız bədənindən yarımamış Kvazimodonun çiyninə qoymaq olar. İçi ilahi eşqlə dolu Kvazimodo Esmeraldanı qorumaq naminə xaraba can evini fələyin güdazına verməyə hazırdır. Onun sevgisi tez bir zamanda ürək dağlayan, can yandıran mərhəmətə, misli görünməmiş fədakarlığa çevrilir. Eşq bünövrəsindən məhrum saxta mərhəməti bankrota uğramış keşiş Frollonun ehtirası isə, əksinə, rəhmsiz, amansız soyuq nifrətə dönür.
***
1482-ci ilin 6 yanvarı. Paris əhli xristian bayramı münasibətiylə göstəriləcək dini tamaşaya (misteriya) baxmaq üçün Ədalət sarayına toplaşıb. Tamaşanın nümayişi yubanır deyə narazı kütlə deyinməyə başlayır. Misteriyanın həyəcanlı müəllifi şair-dramaturq Pyer Qrenquar aktyorlara başlamaq göstərişi verir. Tamaşanın proloqu bitməmiş kardinalla səfirlər hadisə yerində peyda olurlar. Kütlənin fikri onlara yönəlir, tamaşa yaddan çıxır, dramaturqun canfəşanlığı nəticə vermir. Tədbirin iflasa uğraması Qrenquarı ümidsizliyə qapadır. Qonaqların təklifiylə kütlə təlxəklərin kralını seçmək kimi daha şən, daha maraqlı bir oyuna girişir. Namizədlər arasından bu uca, şərəfli məqama kilsənin zəngçalanı eybəcər Kvazimodo seçilir. Notr-Dam qozbeli o qədər eybəcərdir ki, onu maskalamağa, üz-gözünə qorxunc, bədheybət ifadələr verməyə ehtiyac yoxdur. Karnaval əhli adət üzrə yalançı kralı çiyninə alıb küçələr boyu gəzdirir.
Şair Pyer Qrenquar peşman-peşman Qrev meydanına üz tutur. Bura köhnə Parisin insan qaynaşan əsas mərkəzidir, əhali tamaşalara, edamlara baxmaq üçün Qrev meydanına toplaşır. Romandakı qəhrəmanların da yolu bu meydanda kəsişir. Kütlənin sevib alqışladığı, baş keşiş Klod Frollonun lənətlədiyi on altı yaşlı qaraçı gözəli Esmeralda burada çalıb oxuyub oynayır. Keşiş karnavalı yarımçıq qoyur, təlxəklər kralı Kvazimodonu taxtından devirib onlardan alır. Qrenquar ona dəqiq elmlərdən dərs demiş müəllimi Klod atanı aralıdan görəndə tanıyır.
Günün sonuna doğru qalmağa yeri-yurdu olmayan şair Esmeraldanın getdiyi səmtə doğru dar küçəylə ümidsiz-ümidsiz addımlayır. Birdən o, tükürpədən qadın çığırtısı eşidir: iki nəfər Esmeraldanın ağzını yumub qızı qaçırmağa çalışır. Pyer hay salıb köməyə adam çağırır, səsə kral nişançılarının kapitanı özünü yetirib qızı quldurların əlindən alır. Məlum olur ki, Esmeraldanı qaçırmaq istəyənlərdən biri Kvazimododur, o biri quldursa aradan çıxıb. Qaraçı qızı xilaskarı Feb de Şatoperə heyranlıqla tamaşa eləyir.
Tale bəxtikəm şairi dilənçilərin, oğruların toplaşdığı “Möcüzələr səltənətinə” aparıb çıxarır. Buranın qaydaları sivil cəmiyyətin qanunlarından daha amansızdır. Oğru-quldur dünyasının tələblərinə cavab vermədiyinə, ondan ötrü keçirilən sınaqdan çıxmadığına görə uğursuz filosofu dar ağacı gözləyir. Adətə görə, onu yalnız özünə ər seçməklə hansısa qadın xilas eləyə bilər. Vaxtında tərpənən Esmeralda Pyeri dörd illiyinə ərliyə götürməklə şairi dardan qurtarır. Qızın komasında Qrenquar ərlik borcunu yerinə yetirmək üçün kişilənmək istəyəndə Esmeralda xəncər çıxarıb deyir ki, bu yalançı nikaha ona rəhmi gəldiyinə görə qol qoyub. Onsuz da getməyə yeri olmayan şair arvadının evində qonaq kimi gecələyir. Qızın isə xəyalındakı yalnız Febdir.
***
Ertəsi gün Esmeraldanı qaçırmaq istəyən quldur məhkəmə qarşısına çıxarılır…
Onun iyirmi yaşı var, on altı il bundan qabaq himayədarı bu atılmış zavallını çöldən tapıb, camaatın iblis törəməsi sayıb gen dolandığı eybəcər uşağa yiyə durub, ona ad qoyub, onu bəsləyib böyüdüb, ona yazıb oxumağı, nəhəng kilsə zənglərini hərəkətə gətirib səsləndirməyi öyrədib. Notr-Dam kilsəsi onun həm evi, həm vətəni, həm də bütün dünyasıdır. Cəmi bəşər övladına nifrət bəsləyən Kvazimodo ağasına it kimi sadiqdir. Məhz bu sədaqətinə görə onun Esmeraldanı qaçırmaq əmrinə də sözsüz-sovsuz tabe olub. İndi də bu kölə sədaqətinin cəriməsini ödəməlidir.
Gəncliyində Klod Frollo çox çalışqan, çox da oxuyan olub, elm dəryasına baş vurmaqdan usanmayıb. Vəba epidemiyası yayılan zaman ata-anasının ömrü kəsildiyindən on doqquz yaşlı Klod mehrini atalıq-analıq elədiyi kiçik qardaşı Jana salıb. İyirmi yaşına çatanda ona dini rütbə verilib. Şəhvəti haram buyuran katolik məzhəbinin yasaqlarına uyğun olaraq keşiş Frollo evlənməyib, canında ac-susuz yatan valideynlik instinktini balaca qardaşı Janı, övladlığa götürdüyü Kvazimodonu bəsləməklə doyurub. Tərslikdən qardaşı da avara, tənbəl böyüyüb, onun ümidlərini doğrultmayıb.
Jandan əlini üzən keşiş Klod nücum, kimya elminə baş vurur, kilsədə özünə laboratoriya düzəldir, sehirli fəlsəfə daşının axtarışına çıxır. Onun münəccimliyə, kimyagərliyə meyil saldığını eşidən xalq arxidiakonun falçı, cadugər olduğuna inanmağa başlayır. Bir gün hətta kral özü onun apardığı təcrübələrə baxmaq üçün özgə qiyafəyə bürünüb gizlicə kilsəyə gəlir…
Kar Kvazimodonu mühakimə eləyən hakim də kar olur (bu səhnə Şərq mistiklərinin metafizik məzmunlu lətifələrinə bənzəyir), necə deyərlər, axsaq atın kor nalbəndi… Nəticə isə qətiyyən gülməli deyil: meydanda rüsvayçılıq dirəyinə sarınmaqla qamçılanmaq! Azmış kimi tamaşaya yığılmış şəhər əhli də onu daşqalaq eləyir, onun əzablarından iblisanə bir sevinclə zövq alır. Camaat onu daşa basmaqla savaba batdığını, şeytanı daşladığını güman eləyir.
Məhkum xırıldayan səsiylə su istəyir, ancaq ona bir içim su verməyə kimsədə nə istək, nə cəsarət tapılır. Bu vaxt Esmeralda qəfil hadisə yerində peyda olur. Kvazimodo çəkdiyi əzabların baiskarını gözləriylə yandırıb külə döndərmək istəyir, ancaq qız qorxmadan məhkumun yanına qalxıb əlindəki su qabını onun dodaqlarına söykəyir. Ömründə ilk dəfə Kvazimodonun gözündən yaş gəlir. Hərdəmxəyal kütlə bu səfər də xeyir, gözəllik, gənclik timsalı məsum qızın şər, eybəcərlik, iyrənclik simvoluna çevrilmiş bir şikəsti dirilik suyu ilə suvarmasını eyni həvəs, eyni canfəşanlıqla alqışlayır.
***
Bir neçə həftə sonra, martın əvvəllərində kapitan Feb de Şatoper nişanlısıyla görüşməkdən ötrü onlara gedir. Nişanlısıgilin kilsəylə qabaq-qənşər evi də məşhur meydana baxır. Qızın bir neçə rəfiqəsi onlara qonaq gəlib, əylənmək istəyən kübar qızlar meydanda çalıb-oynayan Esmeraldanı evə çağırırlar. Onlar qaraçı qızına üstdən-aşağı baxsalar da, qızın gözəlliyinə, azadlığına həsəd aparırlar. Esmeraldanın Febə rəğbətini gizlətmədiyini görən ev yiyəsinin halı pisləşir, kübar qızlar peşman olub qaraçı gözəlini evdən qovurlar.
Esmeralda yenə meydanda oxuyub oynamağa başlayır, kilsənin bir pəncərəsindən zəngçi Kvazimodo ona heyranlıqla, başqa pəncərəsindən arxidiakon Frollo hiddətlə baxır. Bu səfər baş keşiş qızın yanında bir kişinin də olduğunu görür, onun kimliyini bilməkdən ötrü aşağı enəndə iki ay qabaq yoxa çıxmış keçmiş tələbəsi Pyer Qrenquarı tanıyır. Klod ondan Esmeralda barədə ətraflı məlumat istəyir. Şair deyir ki, bu saf, mələksima qızı vaxtilə qaraçılar oğurlayıblar, o da üstündə gəzdirdiyi sehirli amulet vasitəsiylə valideynlərini tapmağa çalışır. Buna görə də bakirəliyini göz bəbəyitək qoruyur, belə bir inam var ki, talisman yalnız bakirə qızlara kömək olur. Şən, xeyirxah, mərdanə xasiyyəti Esmeraldanı hamıya sevdirib. Özünün deməsinə görə, onun bu şəhərdə yalnız iki düşməni var – biri Roland qülləsinə qapanmış, qaraçılara nəyə görəsə dərin nifrət bəsləyən dəli qadın (Esmeralda o qadının öz anası olduğunu hələ bilmir), biri də onu qarabaqara izləyən hansısa divanə keşiş.
Az sonra avara qardaşı Jan keşişdən pul istəməyə gəlir, Klod onu başdan eləməyə çalışsa da, alınmır. Kilsədən çıxanda Jan Feblə rastlaşır, tanışlar keşişin puluyla mey içməyə gedirlər. Onları izləyən, söhbətlərini dinşəyən Klod Frollo həmin axşam Febin bir aradüzəldən qarının evində Esmeralda ilə görüşəcəyini öyrənir. Qız kapitana necə uyubsa, ondan ötrü sehirli amuletdən belə keçməyə hazırdır: Feb yanında olandan sonra ata-ana onun nəyinə gərəkdir?
Qızla oğlanı pəncərədən güdən keşiş sevgililərin bir-birinə sarılıb bihuş olduğunu görcək özünü onların arasına atır, bir göz qırpımında bıçağı Febin kürəyinə saplayıb qaçır. Esmeralda bayılıb özündən gedir, ayılanda isə eşidir ki, cadugər qaraçı qızı kral nişançısı kapitan Febi öldürüb. Onu həbs eləyirlər.
***
Bir ay sonra Pyer Qrenquar təsadüfən Ədalət sarayına girəndə Esmeraldanın mühakimə olunduğunu görür. Qız cinayəti üstünə götürmək istəməsə də, həm qatil, həm fahişə, həm də cadugər olduğunu dözülməz işgəncə altında onun boynuna qoyurlar. Nahara gecikən hakimlər tez-tələsik Esmeraldaya edam hökmü kəsirlər. Baş keşiş həqiqətin üzə çıxması üçün dil tərpədib addım atmır. Hökmün icrasına qədər qızı yeraltı qazamatda saxlayırlar. Esmeraldanın ölümü səbirsizliklə gözlədiyi zirzəmidə Klod Frollo onun görüşünə gəlir, qarşısında diz çöküb qızı birlikdə qoşulub qaçmağa razı salmaq istəyir. Esmeralda riyakar keşişin xəstə ehtirasını da, onun xilas planını da qətiyyətlə rədd eləyir. Kin püskürən keşiş qızın əzabını artırmaq üçün ona Febin öldüyünü söyləyir.
Feb isə ölməyib, sağdır. Nişanlısı yenidən cəngavər nişançının könlündə taxt qurub. Edam günü bir cüt kəklik kimi qaqqıldaşa-qaqqıldaşa onlar meydana baxan eyvandan Esmeraldanın başında qurulmuş tamaşanı seyr eləyirlər. Febin nişanlısı qaraçı qızı tanıyır. Arxidiakon məhkumu qurtarmaq üçün daha bir cəhd göstərir, ancaq azad mühitdə böyümüş qız İblisin qurtuluş qandalından yenə boyun qaçırır. Bu vaxt Esmeraldanın da gözü aralıdan onun edamına tamaşa eləyən Febi alır, qızın yadına düşür ki, onu krala xidmət göstərən bu igid oğlanı qətlə yetirdiyinə görə edama məhkum eləyiblər. Bir zaman xilaskarı sandığı, sonra ölmüş bildiyi nişançını görəndə qız bayılır. Kvazimodo əvvəlcədən kilsənin binasına bənd elədiyi kəndirlə meydana sallanıb Esmeraldanı cəlladın əlindən alır, kütlənin heyrət dolu bağırtıları altında qızı kilsəyə salıb Tanrının topdağıtmaz dərgahında, Məryəm ananın müqəddəs ocağında ona sığınacaq verir.
Klod Frollo baş götürüb şəhər kənarına qaçır. Gecə kilsəyə qayıdıb Kvazimodonun hücrəsində Esmeraldanı görəndə elə bilir havalanıb, onu qara basır. Kvazimodo ac-susuz, çılpaq qıza səbətdə yemək-içmək, boğçada geyim-kecim – ağ rahibə paltarı, ağ bürüncək gətirir. Bundan sonra mələyə çevrilmək üçün Esmeraldanın bircə qanadları çatmır.
Qaraçı qızı yeni şəraitə, yerdən uzaq metafizik aləmdə, yolunu gözlədiyi Ağatlı Oğlanın dərgahında yaşamağa yavaş-yavaş alışır, qozbel, eybəcər, kar-kor, həm ayaqdan, həm dildən axsaq kilsə zəngçisiylə birtəhər dil tapır. Kvazimodo onun ismətini təkcə Klod atadan yox, özündən də qoruyur. Bu canfəşanlıq nədən ötrüdür – o bilmir, ancaq boynuna qoyulmuş müqəddəs missiyanı canı bahasına yerinə yetirməli olduğuna onun heç bir şübhəsi yoxdur; ümumiyyətlə, keşiş Frollonu hörümçək toru kimi sarmış şübhə – bu şeytani vəsvəsə ona tamam yad duyğudur. Kvazimodo qəlbinin qandığı fəhmlə bircə bunu bilir ki, divanəsi olduğu Esmeraldanın məsumluğunu qorumaq onun boynunun borcudur, qız Tanrının hüzuruna pak, təmiz qayıtmalıdır. Odur ki, Məryəm ananın tapınağına sığınmış mələyin rahatlığını pozmamaq, onun dumduru canına qorxu, səksəkə xalı salmamaq üçün bədheybət vücudunu da qaraçı qızından uzaq tutmağa çalışır.
***
Bu minvalla Esmeraldanın könül yarası yavaş-yavaş qaysaq bağlayır. Günün birində qız kilsənin pəncərəsindən Febin meydanda olduğunu görüb itaətkar Kvazimodonu onun yanına göndərir, yerini nişan verib sevgilisini hücrəsinə, özünə çağırır. Bu vaxt Kvazimodonun onu kapitana qısqanmaq ağlına belə gəlmir, çünki o, saf könültək duyub qabıqsız ruh kimi dolanır. Kvazimodo yalnız Esmeraldanın yox, onun sevib-seçdiyi kişinin də qulluğunda durmağa, ona fəda olmağa hazırdır.
Kilsə zəngçisini o dünyadan gəlmiş elçi sanan Feb isə çağırışa getməkdən boyun qaçırır. Kapitan Feb nə dediyini qanmasa da, haqlıdır: bəli, Kvazimodo metafizik aləmdən ona göndərilmiş elçidir, Esmeralda indi tamam ayrı dünyada yaşayır; elə bir dünyada ki, o dünyanı görmək Febə heç bir zaman qismət olmayacaq. Oxu hədəfdən yayınmayan mahir nişançı ürək-könül oylağında naşı ovçudur, ondan ötrü qadın vücudu içində məstanə mey xumarlanan gil kuzədir, başqa heç nə.
Klod Frollo indi də Esmeraldanı Kvazimodoya qısqanır, gecələrin birində qızın hücrəsinə təpilib, onu qamarlamaq istəyir. Zəngçalanın ruhunu daim oyaq saxlayan könül zəngi dərhal işə düşüb onu duyuq salır, Kvazimodo qüvvətli qollarıyla keşişi qızdan aralayır. Dar günə saxladığı bəndəsini Şeytanın əliylə qoruyan Tanrı indi də öz bakirə Mələyini həmin İblisdən həmin bəndənin gücüylə qoruyur. Belə çıxır ki, İblis illər boyu bəslədiyi qozbeli başına bəla yetişdirirmiş, özünü də, başqalarını da gəmirməyə hazır quduz ehtirasının qarşısına ətdən çəpər çəkirmiş. Ancaq bundan əvvəl İblis özü də bakirəlik taxtından düşürmək istədiyi elə həmin Mələyi nişançının qanlı oxundan qorumuşdu. Orada Şeytan qoruyan, burada qorunulandır. Tanrının bu qəliz əməliyyatlarından baş açmaq müşkül məsələdir.
Klod Frollonun təhrikiylə Pyer Qrenquar dilənçilər, oğrular, avaralar güruhunu Esmeraldanın geri alınması üçün səfərbər eləyir. Qara kütlə Notr-Dam kilsəsinə hücum çəkir, günahdan don geyinmiş cinayət aləmi Allaha üsyan qaldırır. Qulağı eşitmədiyindən Kvazimodo elə başa düşür ki, gözü qızmış camaat Esmeraldanı öldürmək istəyir, halbuki onlar qızı qurtarmağa gəliblər. Bir yandan da axı məbəddən eşikdə qıza dar ağacı qurulub, onu kilsədən çıxarsalar, Esmeralda edam olunacaq. Fatalist düşüncəylə, dialektik məntiqlə yanaşsaq, bu xeyirdə böyük ziyan var. Deyilən səhnə, əlbəttə, rəmzi məna daşıyır: aşağıdan xeyir kimi görsənən əməl yuxarıdan baxanda fəlakət kimi görünür. Möminlərin ən müdrik dualarından biri də təxminən belə səslənir: mən istəyən kimi yox, Allah istədiyi olsun!
Kvazimodo təkbaşına qüdsiyyətinə əl uzanan, balta çalınan Dərgahın, saflığına təcavüz olunan Mələyin müdafiəsinə qalxır. O, bir Tanrı cəngavəri, haqq mücahidi kimi qaraçı qızın uğrunda vuruşan qoşuna qarşı müttəfiqinin ordusunu daşa basan Məcnun sayağı dəlicəsinə şövqlə döyüşür, canını oda atmaqdan, Allaha sipər olmaqdan çəkinmir. Təcavüzkar güruhun üstünə kilsənin yuxarı qatından ağır daşlar, millər, pərdilər yağdırır, gözüqanlı kütlənin başına ərinmiş qurğuşun tökür. Kral qara camaatın üsyanını yatırmaq üçün hadisə yerinə qoşun göndərir.
***
Şair Pyer Qrenquarla arxidiakon Klod Frollo Esmeraldanın kilsədən qaçmağına yardım göstərirlər. Qızı Qrev meydanına gətirən keşiş onun qarşısına ölümcül şərt qoyur: ya mən, ya da dar ağacı. Qız onu yenə rədd eləyir. Xilas yolu isə görünmür – qaraçı qiyamından xəbər tutan kral şəxsən o cadugər qızı tutub asmaq göstərişi verib.
Qarışıqlıqda Esmeralda Roland qülləsindəki hücrədə saxlanan qadının doğma anası olduğunu bilir, ana-balanın əli bir-birinə çataçatda cəllad qadını vurub öldürür, qızın boğazına kəndir salıb dar ağacına doğru sürüyür. Metafizik aləmdən fani dünyaya enən Esmeraldanın indi ora qayıtmaq üçün yalnız bir yolu qalıb.
Arxidiakonla zəngçalan kilsənin ucalığından Qrev meydanındakı edam səhnəsinə tamaşa eləyirlər: “Kvazimodo yerdən üç arşın hündürlükdə zavallı qızın kəndirdən sallandığını, cəlladın isə onun çiynindən yapışdığını gördü. Kəndir bir neçə dəfə fırlandı, qaraçı qızın bədəni səyridi. Klod boğazını uzadıb gözlərini dar ağacından ayırmır, o dəhşətli səhnəni, cəlladla gənc qızı – hörümçəklə milçəyi seyr eləyirdi. Bu müdhiş dəqiqədə baş keşiş yalnız insanlığını itirmiş bir adamın gülə biləcəyi tərzdə iblisanə qəhqəhə çəkdi. Kvazimodo onun qəhqəhəsini eşitməsə də, görürdü. Zəngçi Kloddan bir neçə addım geri çəkilib qəfildən hiddətlə ona hücuma keçdi, qüvvətli əlləriylə onu uçuruma itələdi…”
Sonuncu – on birinci kitabın son iki fəslindən biri “Febin evlənməsi”, o biri “Kvazimodonun evlənməsi” adlanır. Bunlar bir növ epiloqu əvəz eləyir. Birinci fəsildə öyrənirik ki, Pyer Qrenquar astronomiya, fəlsəfə, memarlıq kimi bir sıra sahələrə baş vurandan sonra yenidən teatra qayıdıb özünü uğurlu dramaturq kimi təsdiqlədə bilib. Hərçənd şair özü bunu ən mənasız məşğuliyyət, həyatının faciəli sonu adlandırır.
Həmin kiçik fəsli müəllif bu cümləylə bitirir: “Feb de Şatoperin də sonu faciəli oldu: o evləndi”.
Yekun fəsildə isə Kvazimodonun aqibətindən bəhs olunur:
Dünyada ən çox sevdiyi iki varlığın – qaraçı qızla baş keşişin öldüyü gün Notr-Dam kilsəsinin zəngçisi qeybə çəkilir. Bundan sonra onu gördüm deyən olmur, başına nə gəldiyindən kimsə xəbər tutmur. Xeyli sonra bilinir ki, Esmeraldanın cəsədinin atıldığı zirzəmiyə düşən Kvazimodo orada özünü könüllü ölümə məhkum eləyib, meyidin yanına uzanıb canını tapşırıb: “Onu qucaqladığı skeletdən ayırmaq istəyəndə dağılıb külə dönmüşdü”.
Bəli, daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrının qurduğu oyunun nəticəsində gözəllər gözəli Esmeralda heç kimin adam saymadığı eybəcər Kvazimodoya qismət olur. Notr-Dam kilsəsindən başlanan eşq macərası belə bir xoşbəxt sonluqla başa çatır.
“Yeni Azərbaycan” qəzeti