
Monastıra aparan orta yol
- 12 Fevral 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Stendalın “Parma monastırı” romanı haqqında
Fəxri Uğurlu
Monastır təklik yurdu, kilsə cəmlik evidir. Monastır insanı insandan ayırır, kilsə insanları birləşdirir. Monastır poetik hücrə, kilsə mistik məkandır. Monastır dərdə dalmaqdan zövq alan bədbin şairlərin, taleyin cızdığı cığırdan sapan anarxist zahidlərin icadı, kilsə göyə toxunmaq üçün dağlara çıxan nikbin peyğəmbərlərin, yalan dünyada haqq-ədalət soraqlayan idealist dərvişlərin kəşfidir. Biri şiddətlə çağlayan həyatın sahilinə atılmaq, o biri dağıdıcı həyat selinin ortasında tərpənməz ada qurmaqdır. Biri təsadüfdən qaçış, o biri təsadüfləri zərurət sapına düzmək cəhdidir. Monastır tənha ruhun sükuta dalıb bədəndəki coşquları kiritdiyi, kilsə ruhların coşub bir-birinə axdığı yerdir.
Stendal monastır, Hüqo kilsə kahinidir; başqa sözlə, biri rahib, o biri keşiş ruhludur. Stendal üçün qəlbin istinad elədiyi, sığındığı son instansiya monastır, Hüqo üçün kilsədir. Bulqakovun təbirincə desək, biri mənəviyyat sarayının “dinclik”, o biri “işıq” qatının sakinidir. Birinin ruhu Parma monastırındakı qaranlıq, sakit hücrəsində, o birinin qəlbi Paris Notr-Dam kilsəsinin aləmə ün salan zəng qülləsində əbədi məskunlaşıb.
Viktor Hüqonun “Səfillər” romanından danışanda da buna bənzər etik-fəlsəfi məsələyə toxunmuşduq. Mövzumuza birbaşa aid olduğuna görə həmin məqamı xatırlatmaq istərdim: “Hüqo monastır həyat tərzinin, rahib əxlaqının tərəfdarı deyildi, çünki monastırda bərabərlik, ruhani dinclik olsa da, azadlıq yoxdur, eşq yoxdur. Monastır başqa, kilsə başqa. Kant deyirdi ki, inanclı xristianların bir yerə toplaşdığı istənilən məkan kilsədir. Monastır tənhalıq, kilsə vəhdət məkanıdır. Monastır daha çox buddizm əxlaqına, buddist düşüncəsinə uyğun bir yerdir. Budda deyir ki, hər bir fərd ayrıca ada, ayrıca bir ulduzdur. Məsih isə insanları birliyə, qardaşlığa səsləyir. Stendalın “Parma monastırı” romanının qəhrəmanı ehtiraslar, intriqalar, savaşlarla dolu cəhənnəmdən sağ qurtarandan sonra monastıra pənah aparır. Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının qəhrəmanları isə kilsəni eşq məbədinə, dinin, dövlətin şərindən qaçanların sığınacaq yerinə çevirirlər”.
***
“Parma monastırı” romanını haqqında əvvəllər bəhs elədiyimiz “Qırmızı və qara” əsərinə doğmalaşdıran təkcə bu kitabların bir müəllifin qələmindən çıxması deyil: hər iki romanın qəhrəmanı xoşbəxtlik, karyera axtarışındadır, sələfi Jülyen Sorel (həm də xələfi Raskolnikov) kimi Fabrisio del Donqo da Napoleon vurğunu, böyük qəsbkarın pərəstişkarıdır. Fabrisio da Jülyen kimi hərbi sahədə karyera qurmaq istərkən ruhani seminariyasında oxumağa məcbur qalır – hərçənd hərbi yürüşlər, parlaq zəfərlər dövründə yaşamaq qismətinə düşməyən kəndli balası Jülyendən fərqli olaraq zadəgan oğlu Fabrisio milyonlarla avropalı gəncin kumiri Bonapartın son döyüşünə özünü çatdıra bilir. Hər iki qəhrəmanın ömrü həyatın iki qütbü – işıqlı saraylarla qaranlıq məbəd, öz təbirincə desək, qırmızıyla qara arasında keçir. Stendal filosof yazıçıdır, hər iki dünya şöhrətli romanında ortaya qoyduğu vahid fəlsəfi konsepsiyası var. Avropa ədəbiyyatının sonrakı gedişatına böyük təsir göstərmiş, istiqamət vermiş bu konsepsiyanı çözməyə çalışaq.
Əslində, “Qırmızı və qara” romanından danışanda buna cəhd göstərmişdik. Ancaq yaradıcı ömrünün qürubunda “Parma monastırı”nı yazmağa da ehtiyac duyubsa, demək, əvvəlki romanlarında (bu iki romanın arasında “Lüsyen Leven” adlı biri də var) müəllif özünü hələ tamam-kamal ifadə eləməyib. Daha burasını demirəm ki, çoxları “Qırmızı və qara”nı Stendalın şah əsəri saysa da, birincilik çələngini “Parma monastırı”na verən ədəbiyyat bilicisi də az deyil. Dövrünün ölçüləriylə yanaşsaq, özündən sonrakı ədəbi nəsillərə mənsub Qonçarov, Flober kimi Stendal da bir o qədər məhsuldar romançı sayılmamalıdır.
Təxminən beş yüz səhifəlik son romanını yazıçı 1838-ci ilin axır həftələrində vur-tut əlli iki günə yazıb. Növbəti il əsər dərc olunub. Aydındır ki, buna qədər müəllif romanın süjetini illərlə beynində gəzdirib, yoxsa bu cür mürəkkəb, hadisələrlə zəngin bir dastanı belə qısa müddətdə düzüb-qoşmaq çətin başa gələrdi. Bu romanda yazıçı sevimli, yaraşıqlı qəhrəmanını öz keçmişinin trayektoriyası üzrə, gəncliyinin bir sıra marşrutları boyunca gəzdirib, ona vurğunu olduğu gözəl İtaliyanın adı bəlli şəhərləri arasında at çapdırıb. Məlumdur ki, 1783-cü ildə dünyaya gəlmiş Stendal təxəllüslü Mari-Anri Beyl Napoleon ordusunun bir sıra yürüşlərinin iştirakçısı olmuşdu, zabit kimi Almaniya, Avstriya, İtaliya topraqlarını ayaqdan keçirmişdi, xüsusi savaş təcrübəsi olmasa da, 1812-ci ildə Borodino döyüşünə şahidlik eləmişdi, yandırılan Moskvanın ərşə dirənən alovlarını gözləriylə görmüşdü, nəhəng ordu Rusiya şaxtasına məğlub olanda ölümdən güclə qurtarmışdı.
Ancaq gənc, xəyalpərəst qəhrəmanını göndərdiyi Vaterloo döyüşünü müəllif görməmişdi, bununla belə, əvvəlki təcrübəsi bu döyüşün təsvirində onun karına gəlmişdi. Tolstoyun etirafına görə, “Parma monastırı”ndakı müharibə səhnəsi “Hərb və sülh”dəki döyüş təsvirlərinin uğurlu alınmasına güclü təsir göstərmişdi, Lev Nikolayeviç sələfinin yaratdığı Vaterloo səhnəsini sənətkarlıq baxımından yüksək dəyərləndirmişdi. Ümumiyyətlə, Stendal bir yazıçı kimi öz halal qiymətini çox gec – ölümündən hardasa əlli il sonra almışdı. Ona vaxtında dəyər verən yenə Balzak, Hüqo kimi böyük çağdaşları, Tolstoy kimi dahi xələfləri olmuşdu. Bəli, bir böyük yazıçını başqa böyük yazıçıdan yaxşı heç kim anlaya bilməz – Stendalın taleyi qələm yoldaşlarına, sənət, peşə ortaqlarına hər fürsətdə nifrət saçan, balta çalan, ölüsünə də, dirisinə də şər yaxan, böhtan çağıran qafillərə ibrət dərsi olmalıdır.
***
Markiz del Donqonun kiçik oğlu Fabrisionun uşaqlığı gözəl, mənzərəli təbiət qoynunda – Komo gölünün yaxasında hələ on beşinci əsrdə inşa olunmuş dədə-baba mülkü Qriant qəsrində keçib. Onun böyük qardaşı xasiyyətcə atasına bənzəyir. Markiz varlı olsa da, çox xəsisdir, arvadını, qızlarını ehtiyac içində yaşadır. Gözəlliyinə görə İtaliyada ad çıxarmış bacısı Cina qardaşının narazılığına baxmayaraq Napoleon yürüşlərinin iştirakçısı olan Pyetranera soyadlı igid, fəqət yoxsullaşmış bir qrafa ərə gedib. Qraf dueldə öldürüləndən sonra Cina ata mülkünə – Qriant qəsrinə köçür.
On yeddi yaşlı gözəl, yaraşıqlı, ucaboy Fabrisio bibisinin gözü qabağında böyüyüb. Bu gənc uşaqlığından Napoleon heyranıdır, indi imperatorun Elba adasından qaçıb özünə yenidən qoşun topladığını eşidəndə atasından gizlicə, başqa ad altında Fransaya yollanıb öz bütünün çağırışına tələsir.
Fransızlar görkəmindən, ləhcəsindən şübhələnib onu həbsə atırlar. Vaterloo döyüşü ərəfəsində Fabrisio bir qadının yardımıyla zindandan qaçıb savaşın episentrinə düşür, ancaq qarışıqlıq içində imperatoru tanıya bilmir. Onu başa salırlar ki, döyüş uduzulub, evə qayıtmağı məsləhətdir.
Cenevrədə Fabrisionu Cinanın nökəri qarşılayır, məlum olur ki, böyük qardaşı onu ələ verib, indi polis sui-qəsddə iştirakına görə imperatorun gənc pərəstişkarını ciddi-cəhdlə axtarır. İşin tərsliyi burasındadır ki, hər cür romantikadan uzaq savaş səhnəsini görəndən sonra kumiri də, onun dünya tarixinin yeni səhifələri kimi öyülən parlaq hərbi qələbələri də pərəstişkarın gözündən düşüb. İndən belə ondan ötrü əzab çəkməyə, ölümə getməyə dəyməz.
Anasıyla bibisi Fabrisionu Milana qaçırıb gəncin izini itirməyə çalışırlar, ancaq artıq iş işdən keçib, onun cinayət dosyesi imperiya mərkəzi Vyanaya göndərilib, ələ düşsə, Fabrisionu Avropanın ən dəhşətli türməsində həbs, işgəncə gözləyir. Odur ki, onun özünü könüllü sürgünə məhkum eləməkdən başqa çarəsi qalmır.
***
Cina Milanda Parma cırtdan dövlətinin naziri qraf Moska ilə tanış olur. Əlli yaşını haqlamış Moska Cinaya dəlicəsinə vurulur, qadının da ona marağı yaranır. Qraf subay deyil, ancaq sevgilisinə qovuşmaq üçün vəzifəsindən istefa verib Cinanın istədiyi yerdə onunla birgə yaşamağa hazırdır. Bu baş tutmazsa, başqa plan da var: qoca hersoq Sanseverina Moskanın təşkil eləyə biləcəyi orden müqabilində Cina ilə saxta nikah bağlamağa razıdır, bu nikah qadına Parmada yaşayıb saraya yaxın olmaq imkanı verəcək. Beləcə, hersoginya Sanseverina tez bir zamanda Parma elitasında böyük şöhrət, rəğbət qazanır, təmtəraqlı evində kübar məclisləri qurur.
Parma sarayında iki partiyanın amansız mübarizəsi gedir – hakim royalistlərə qraf Moska, müxalif liberallara varlı, məkrli markiza Raversi başçılıq eləyir. Prins IV Ernest məhdudiyyətsiz hakimiyyətə yiyələnəndən sonra daim qorxu, şübhə, xof içindədir, məhkəmə hökmlərinin icrasına nəzarət funksiyasını yerinə yetirən məmur Rassinin təhrikiylə iki liberalın edamına fərman verəndən bəri isə qorxudan havalanmaq dərəcəsinə çatıb. Qraf Moska prinsi düşdüyü gülünc vəziyyətlərdən daim çıxardığına görə sarayda mövqeyi möhkəmdir. Rassi isə sui-qəsd tamaşaları qurmaqla səksəkəli şahzadəni təsiri altında saxlayır. Monarxa xain çıxanları nəhəng Parma qalasına damlayırlar, bu, elə bir qaladır ki, ora quş da səkə bilməz, oradan salamat dönüş yoxdur.
Yeni həyatı hersoginyanın ürəyincə olsa da, Fabrisionun taleyi ona rahatlıq vermir. Qraf deyir ki, Napoleon qoşununda savaşdığına görə gəncin hərbi karyera qurmağı artıq mümkün deyil, ancaq ruhani təhsili almağa razılaşsa, Moska onun gələcəkdə Parma arxiyepiskopu vəzifəsini tutmağına kömək göstərə bilər. Bibisi Fabrisionu Neapol ruhani akademiyasında oxumağa al dillə razı salır.
Orada Fabrisio heç də rahib həyatı sürmür, gözəlliyinə, yaraşığına görə qadınlar arasında ad çıxarır, fəqət onların heç birinə könül vermir. Üç ildən sonra ruhani rütbəsi alıb Parmaya qayıdır. Bu dəfə hiss eləyir ki, Cinanın ona məhəbbəti nəsə doğmalıq münasibətindən kənara çıxır.
***
Fabrisio Parmada tamaşa verən gəzərgi teatrın aktrisasına vurulur. Marietta adlı qızın himayədarı aktyor Ciletti oğlanı öldürməklə hədələyir. O da bir vaxtlar Napoleonun əsgəri olub, qısqanc, davakar adamdır, vuran əli var. Şəhər civarında təsadüfən rastlaşdıqları vaxt Ciletti şpaqasıyla Fabrisioya hücum çəkib onu yaralayır. Özünü qorumağa məcbur olan gənc keşiş aktyoru öldürür. Əlindəki bu qan ləkəsiylə o, Parmaya qayıda bilməz. Fabrisio İtaliyanı şəhər-şəhər dolaşıb axırda Bolonyada dayanır, orada Marietta ilə yenidən görüşür.
Şahzadə Ernest Cinanı sındırmaq üçün Fabrisioya qarşı cinayət işi açdırır. Günahı sübuta yetirilsə, onu ya edam, ya da sürgün gözləyir. Bu qərar həm də qraf Moskanı təzyiq altında saxlamaq, onun karyerasını təhlükəyə atmaqdır. Prins düşünür ki, hersoginya Fabrisionu qurtarmaq üçün ayaqlarına düşüb ona yalvaracaq, göz yaşları içində ona təslim olacaq. Cina isə tamam ayrı cür davranır, köçünü tutub Parmadan biryolluq getməyə hazırlaşdığını bəyan eləyəndən sonra vidalaşmaq adıyla şahzadənin qəbuluna yollanır. Prins qorxur bu məğrur qadın Parmadan getsə, hər yerdə onu ifşa eləyəcək, odur ki, Cinanın bütün şərtlərinə boyun əyir. Doğrudur, ertəsi gün şərti pozub, Fabrisio nə vaxt şəhərdə peyda olarsa, onu tutub qalaya salmağı tapşırır.
Müxalif liberalların başçısı markiza Raversi bibisinin adından məktub yazdırıb Fabrisioya tələ qurur, Parmaya gələn gənci tutub qandallayıb qala türməsinə salırlar. Qalanın komendantı general Konti də müxalif partiyaya yaxın adamdır. Fabrisio komendantın qızı Kleliyanı türmənin həyətində görəndə ona bir könüldən-min könülə aşiq olur, qızın saf gözəlliyi oğlanı heyran qoyur.
Fabrisionun qüllədəki kamerasından komendantın həyəti görünür. Gündüz Kleliya qəfəsdəki quşlarını yemləmək üçün həyətə çıxır, pəncərədən ona göz qoyan dustaqla tez-tez baxışır, sonra da işarələrlə danışmağa başlayırlar. Bir az keçmiş hətta məktublaşırlar da. Kleliya atasına zərbə vurmaq bahasına olsa belə Fabrisionu dustaqlıqdan qurtarmaq haqda düşünür.
***
Şahzadə isə onu sındırmış hersoginyadan qisas almaq ehtirasıyla alışıb yanır. Bunun da bir yolu var: Fabrisio ölməli, onun dərdindən havalanmış Cinaya dağ çəkilməlidir. Öz növbəsində hersoginya Sanseverina da intiqam eşqiylə yaşayır. Cina Fabrisionu qaladan qaçırmaq planı cızır, ancaq öz sirrini yalnız bir nəfərə aça bilər: bu adam onun gizli aşiqi, qaçaq şair, qatı respublikaçı, despotizmə qarşı barışmaz mübariz Ferrante Palladır. O, məftunu olduğu Cinanın hər əmrinə müntəzirdir, üstəlik, monarxla da köhnə haqq-hesabı var.
Fabrisionu nə gözlədiyini qraf Moskadan öyrənəndə hersoginya yubanmadan hərəkətə keçir. Dustağı qaçırmaq üçün plan cızılır, kameraya kəndir, lazımlı alətlər keçirilir. Komendant qızı Kleliya da planda yer alır. Dustağınsa qaçmağa həvəsi yoxdur, sevgilisinin yaxınlığında Fabrisio özünü bəxtəvər sanır. Türmə keşişi qala kilsəsində onları görüşdürür, qız oğlanı inandırır ki, burada qalmağı ona həyatı bahasına başa gələcək, təcili qaçmağı məsləhətdir.
Bundan sonra Kleliya Məryəm ananın surəti qarşısında and içir: əgər Fabrisio dardan qurtulsa, bir də onu görməyəcək, atasının hökmünə tabe olub onun seçdiyi namizədə ərə gedəcək, qəlbini günahından bu yolla arındıracaq.
Qaçış baş tutur, Cina Fabrisionu İsveçrəyə aparır. Kədərli qardaşoğlu bibisinin sevincinə ürəkdən şərik ola bilmir. Bibi bunu onun Kleliyadan ayrı düşməyinə bağlayır. Hersoginya özü də artıq Fabrisionu əvvəlki kimi sevmir.
Bir müddət sonra qraf Moskadan çapar gəlir: prins qəflətən ölüb, Parmada xalq Ferrante Pallanın başçılığıyla üsyana qalxıb. Qraf üsyanı yatırıb gənc şahzadə V Ernesti taxta çıxarır. Bundan sonra qaçqınlar geri qayıda bilərlər. Fəqət hökm ləğv olunmayıb, hələ qüvvəsində qalır. Fabrisio işə məhkəmədə baxılana qədər tutqusuz-filansız könüllü türməyə qayıdır. Kleliya onu kameranın pəncərəsi qarşısında görəndə dəhşətə gəlir. General Konti qaladan qaçmağıyla onu xalq içində rüsvay, rəhbərlik yanında gözükölgəli eləmiş dustaqdan qisas alacağına and içir. Fabrisionu zəhərləmək istəyirlər, Kleliya bu planı da pozur.
***
Hökmün ləğvindən sonra Fabrisio Parmada yüksək ruhani mövqe qazanır. Onun olduqca təsirli moizələri, bəlağətli nitqi insanlara təsəlli verir, arxiyepiskopun şöhrətini hər yana yayır. Xalqa ümid aşılasa da, Fabrisio özü bədbin, bədbəxtdir. Andına sədaqətini qoruyan Kleliya atasının seçimiylə Parmanın ən varlı adamı markiz Kreşentsiyə ərə gedir, ancaq Fabrisionu qəlbindən silə bilmir.
Ümidsizlikdən üzülən Fabrisio əldən düşüb, arıqlamış sifətində gözləri pırtlaq görünür. Kleliya anlayır ki, ona qəddar davranıb, bu səbəbdən əzab çəkir, amma əhdini də poza bilmir. Nəhayət, yol tapılır, sevgililər qaranlıqda görüşməyə başlayırlar, bu vaxt Kleliya guya Məryəm anaya verdiyi sözdən yayınmış sayılmır, çünki zülmətdə Fabrisionun üzünü gerçəkdən görmür.
Üç il bu minvalla keçir, onların bir oğlu dünyaya gəlir. Fabrisio uşağı öz yanına aparmaq istəyir, di gəl, rəsmən oğlanın atası markiz Kreşentsi sayılır. O halda uşağı oğurlayıb, sonra da öldüyü barədə şayiə yaymaq lazımdır. Plan baş tutsa da, uşaq tezliklə doğrudan ölür. Ardınca bu itkinin ağrısına dözməyən Kleliya da canını tapşırır. Dalbadal iki ağır zərbə almış Fabrisio intihardan böyük iradə hesabına daşınır. O, arxiyepiskop vəzifəsindən imtina eləyib Parma monastırına çəkilir.
Hersoginya Sanseverina qraf Moskaya ərə gedib Parmadan həmişəlik köçür. Xoşbəxt, asudə həyata qədəm qoymağının üstündən bir il keçmiş Fabrisionun monastırda öldüyü xəbərini alandan sonra o da çox yaşamır.
***
Göründüyü kimi, Fabrisio del Donqonun taleyi təsadüflər üzərində qurulub: əgər bu romantik gənc həyat deyilən savaş meydanına iyirmicə il əvvəl atılıb Napoleonun zəfər yürüşlərində iştirak eləsəydi… Cina dul qalıb ata ocağına qayıtmasaydı… Vaterloo döyüşündə xəyal atından salınan Fabrisio ağır fiziki zədə alsaydı… bibisi Milanda qraf Moska ilə tanış olmasaydı… Fabrisio şəhər kənarında gəzərgi aktyor Ciletti ilə rastlaşmasaydı… qala türməsində onun saxlandığı kameranın pəncərəsi komendantın bağçasına baxmasaydı… Kleliya dustağa qəsd hazırlandığı barədə atasından eşitməsəydi… monarx qəfil ölməsəydi… uşağı xəstələnib tələf olmasaydı…
Axı bütün bu şərtlər həm də hansısa cümlənin əvvəlidir, bunlardan qabaq da, sonra da sonsuzluğacan uzanan bir zəncirin halqasıdır. Fabrisionun taleyi, ömürlüyü hər zaman özgə əllərdədir, hansısa təsadüfdən asılıdır. Təsadüflər eyni zamanda doğurduğu nəticələrin səbəbi rolunu oynayır. Belə çıxır bu nakam gənc fələyin kuklasıdır, onu hələ beşiyinə qoyulmamış ram eləyib cilovlayan qəzavü-qədər istədiyi yerdə ona rol ayırıb istədiyi məsələdə ondan alət düzəldə bilir. Belə çıxır onun fərdi iradəsi, azad ruhu yalnız monastıra çəkilmək qərarı verəndə dilə gəlir.
Oxucu Fabrisionun şöhrətlənmək arzusundan xəbər tutur, ancaq onun əsl təyinatının nə olduğunu bilmir. Onu tək bircə dəfə gerçəkdən sevən görürük – o da Kleliyaya münasibətdə. Ancaq bu da qəhrəmanın qəlbində əsaslı çevriliş yaratmır, yalnız qızın pak iradəsi, fədakarlığı sayəsində onun taleyini, aqibətini dəyişir. Fabrisio keşiş kimi fəaliyyətə başlayandan sonra da sevgilisinə cismən qovuşmaq istəyindən əl çəkmir, beləliklə qızı da, özünü də ağır günaha batırır. Bu günahdan törəyən körpə Sandrinonun, ardınca da Kleliyanın ölümü ona kəsilmiş edam cəzasıdır.
Demək, Fabrisionun “qırmızı”dan “qara”ya keçidi səmimi, mükəmməl olmayıb, həm də belə bir keçid yalnız fiziki ölümlə mükəmməlliyə çata bilər. O, canında tüğyan eləyən ehtirasların min bir rəngini zülmət saçan keşiş qiyafəsinin “qara dəliyinə” uddurmayıb, onları sadəcə qara parça altında ört-basdır eləyib. Bu səbəbdən parlaq dini karyera, kilsə qaranlığı belə ona dinclik gətirmir.
***
Çox güman, lap əvvəldən hərbçi karyerası baş tutsaydı, Fabrisionu bu da xoşbəxt eləməyəcəkdi, çünki qırmızıyla qara, həyatla ölüm bir-birinin alternativi deyil, bir-birinin astar üzü, o biri qütbü, o biri başıdır. Necə ki, tuti dilli Napoleonun qitələrə sığmayan qızıl qanlı zəfərləri sonda uzaq, kimsəsiz adada qara yuxular içində anlaşılmaz sayıqlamalarla bitdi. Əgər Fabrisio intihar eləsəydi, bu, onu təsadüflər dalğasında atıb-tutub daşdan-daşa çırpan, onu ehtiraslar burulğanında boğan həyat enerjisinin qələbəsi, yaşadığı illərin həyata ödənən cəriməsi olardı. Zatən ölüm istəyinin özü də bir ehtiras, bir növ həyat enerjisidir. Monastırda isə onun həyatıyla birlikdə ölümü də sona çatır.
Həyatla ölüm bir-birindən törəyir, qarşılıqlı şəkildə bir-birini törədir, bir yerdə yaranıb bir yerdə ölür. Alternativ yol bunların tən ortasından keçir, ortadan keçən bu xətt bioloji varlığın iki əkiz qütbünü bir-birindən ayırıb zərərsizləşdirir. Həmin yol Fabrisionu Parma monastırına aparıb çıxarır.
Monastır burada obrazdır, rəmzi mahiyyət daşıyır, ehtiraslarla qorxular, qırmızılarla qaralar, səbəblərlə nəticələr arasında girinc qalmış insan beyninin saflıq, rahatlıq, sükunət arzusunu ifadə eləyir. Monastıra çəkilmək qırmızıdan qaraya, həyatdan ölümə keçid deyil, bunları bir ortaq məxrəcə gətirib sıfırlamaqdır. Stendalın böyük oğlu Jülyen Sorelə belə bir son qismət olmamışdı.
Yalnız monastıra sığınandan sonra Fabrisionun başıbəlalı cismi ruhundan əl çəkib onu dinc buraxır. Bunun ardınca qəhrəmanın rahat, qayğısız əbədi ömrü başlanır. Dostoyevskinin “Cinayət və cəza” romanının son abzasını olduğu kimi “Parma monastırı”nın da sonluğuna calamaq olar: “Burada artıq yeni əhvalat başlayır. Bu əhvalat yavaş-yavaş yeniləşən, daxilən tamam dəyişən, yavaş-yavaş bir aləmdən başqa bir aləmə keçən, bu vaxta qədər tanımadığı, bilmədiyi yeni bir aləmlə tanış olan adamın əhvalatıdır. Bu, yeni bir hekayənin mövzusu ola bilər, bizim hekayəmiz isə bununla başa çatır”.
“Yeni Azərbaycan” qəzeti