• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Uzun sürən xəstəlik

  • 04 Fevral 2025
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Qoderzi Çoxelinin “Küknarlara məktub” hekayəsi haqqında

Fəxri Uğurlu

Otuz beş il bundan qabaq Bakının ən böyük kitab evində Moskvadakı “Molodaya qvardiya” nəşriyyatının qrifiylə çapdan çıxmış “Palalelepiped” adlı uzun ensiz formatlı bir kitab gördüm. Titul səhifəsində kitabın gənc sovet yazıçılarının eksperimental hekayələrindən ibarət toplu olduğu yazılmışdı. Yəqin kitabın tərtibatçıları Pikassonun əsərlərini də sənət eksperimenti saydıqlarından almanaxı illüstrasiya əvəzinə dünya şöhrətli sənətkarın rəsmləriylə bəzəmişdilər.

İlk reaksiyam kitabın mündəricatına baxıb orada doğma bir ad axtarmaq oldu. Bizim Moskva mühitinə ayaq açmış gənc yazıçılarımızdan heç kimin adını tapmadım. Qafqaz xalqlarından mündəricatda yalnız bir gürcünün adı vardı: Qoderzi Çoxeli. “Küknarlara məktub” hekayəsini də ilk dəfə elə o kitabdan oxudum. O gündən bu hekayə mənim yaddaşımın qızıl fonduna düşdü.

***

Üstündən çox ötməmiş yazıçı-tərcüməçi dostum Nəriman Əbdülrəhmanlını da tanıdım. Qaraçöplü Nəriman o vaxt Tiflisdən Bakıya yeni köçmüşdü, Gürcüstan ədəbi mühitinə, kino məktəbinə yaxşı bələdiydi. Nərimandan Qoderzinin kimliyini xəbər alanda məlum oldu ki, Çoxeli həm də ali təhsilli ssenarist, rejissordur, bir neçə qısametrajlı film çəkib, ancaq əsasən yazıçı kimi tanınır, Tbilisidə, Moskvada, Sofiyada, Berlində ona yaxın kitabı çıxıb; məni heyrətləndirən hekayəsi isə aldığım almanaxda çap olunandan on il əvvəl yazılıb, hekayənin adı müəllifin Moskvada işıq üzü görmüş kitabına da verilib; küknarlara yazılmış məktub ötən müddətdə təqribən otuz ölkədə özünə yeni-yeni ünvanlar tapıb.

Sonralar Nəriman Əbdülrəhmanlı Qoderzi Çoxeli ilə görüşlərini, söhbətlərini, ona bağlı xatirələrini bir yazıya toplayıb dərc elətdi, “Bu dünyada ruh kimi yaşayan adam” başlıqlı bu yazı-müsahibə ön söz yerinə müəllifin 2006-cı ildə işıq üzünə çıxarılmış “Küknarlara məktub” (çevirənlər: Tofiq Mirzə, Nəriman Əbdülrəhmanlı) kitabına da salındı. Kitabda Çoxelinin iyirmidən artıq hekayəsi, iki kiçik roman-pritçası yer alıb. Ancaq buna qədər yazı-müsahibənin bir qismi, yəni erkən variantı məşhur hekayənin təqdimatı kimi “Xəzər” jurnalında da dərc olunubmuş. Nəriman bu barədə belə yazır:

“Nədənsə çevirməyə “Küknarlara məktub” hekayəsindən başlamışdıq. Sonra bildik ki, həmin hekayə artıq nəinki gürcü, bütövlükdə çağdaş sovet nəsrinin klassik əsərləri sırasına salınıb. Bu da təsadüf idimi, nəydisə, hekayənin ilk naşiri şair Vaqif Bayatlı Odər oldu. Onda baş redaktoru olduğu “Xəzər” dərgisinin ilk nömrəsini hazırlayırdı. Qoderziylə söhbətimi və hekayəni elə sahildəki çayxanadaca oxuyub üçcə kəlmə söz dedi: “Bu kimdirsə, fenomendir!”

O, “fenomen kimsənin” əsərlərində təsvir elədiyi Qudamağari vadisinin Çoxi kəndində doğulduğunu, Şota Rustaveli adına Tbilisi Dövlət Teatr İnstitutunun kinorejissorluq fakültəsini, məşhur sənətçi Lana Qoqoberidzenin emalatxanasını bitirdiyini, iki kitabın müəllifi, bir neçə qısametrajlı bədii filmin rejissoru olduğunu oxuculara çatdırmağı da lazım bildi… Hekayə də, söhbət də “Xəzər” toplusunun 1990-cı il 2-ci sayında çap olundu və az qala ilin ədəbi hadisəsi kimi qarşılandı. Oxucular bu vaxtacan tanımadıqları yazıçını ilk təmasdanca sevdilər, başqa əsərlərini intizarla gözlədilər”.

***

Qoderzi Çoxelinin əsərlərini mənə sevdirən onlardakı dərin panteizm ruhu, qəhrəmanların təbiətə ibtidai sitayişi, təbiətlə öz valideyni kimi ərkyana davranışı, personajların heç bir fəlsəfi təlimin, dini təriqətin bələdçiliyinə ehtiyac duymadan öz ilkinliyinə, saflığına, mənbəyinə can atması, müəllifin insanla təbiət, subyektlə obyekt, yaranmışla yaradan, cüzvlə küll arasından sərhədləri ehmalca, ustufca, ağılı-dərrakəni köməyə çağırmadan götürməsidir. Təbiətdən cəmiyyətə, cəmiyyətdən təbiətə belə rahat, belə yumşaq, belə hamar keçidə az-az qələm adamının əsərində rast gəlinər.

Panteizm duyğusunun itilənməsində onu boya-başa çatdırmış torpaqların, o torpaqlardan cücərib bar vermiş insanların, yazıçının uşaqlıq xatirələrini tozlandıran yerlərin rolu hər amildən öndədir. Çoxelinin danışdığı hekayətlər çağdaş dövrün nağılı, dastanı, əsatiri kimi oxunur, elə bil bu hekayələri tarixdən əvvəlki dövrün anonim müəllifi, yaxud kitab-dəftərdən uzaq, hərf tanımayan avam, savadsız bir nağılçı söyləyir. Nəriman Əbdülrəhmanlının müsahibəsindən:

“- Qoderzi, necə oldu ki, yazmağa başladın?

Üz-gözündə təəccüb ifadəsi dolaşır, başını bulayıb astadan gülür:

– Sən, qardaş, görünür, Qudamağari vadisində, biz tərəflərdə olmamısan, yoxsa bu sualı verməzdin. Sözün düzü, nə vaxt yazmağa başladığımı, məni yazı-pozuya sarı nə dartdığını indi düz-əməlli xatırlamıram. Uşaqlıqdan kəndimizdə, gözümün qabağında elə əhvalatlar baş verirdi ki, gördüm kağıza köçürməsəm olmaz. Əvvəllər yazdığım mənasız görünürdü, özümdən utanır, əlyazmalarımı ağlagəlməz yerlərdə gizlədirdim. Sonra baxdım ki, o əhvalatlar, hadisələr məni gecə-gündüz rahat buraxmır, yazmasam, boğazımdan çörək-su keçmir.

– Sənin hekayələrinin qəhrəmanları qeyri-adi adamlardır, oxucunun alışdığı obrazlara heç oxşamırlar: birinin çiynində küknar bitir, o biri marala, digəri balığa çevrilir, dördüncüsü qartalın caynağında uçur…

– Yəqin sən də çoxları kimi burada mifoloji köklərdən söhbət açacaqsan. Nə bilim, bəlkə də bu, adamları o cür görmək arzumdan irəli gəlib. Amma məndə bir inam var ki, insanla təbiət ayrılmazdır, insan özünə təlqin eləsə, marala da, balığa da, hətta küknara da çevrilə bilər. İnsanı insan, balığı balıq eləyən ruhdur…”

***

Mən bilmirəm Qoderzi Çoxelinin nə qədər geniş mütaliəsi olub, iyirminci əsr dünya nəsrinin aparıcı imzalarını, məsələn, Uilyam Folkneri nə dərəcədə tanıyıb. Ancaq mən onu elə həmin Folknerə yaxınlaşdıran, doğmalaşdıran xeyli cəhət sezmişəm. Söhbət yalnız Yoknapatofanın gürcü versiyasını yaratmaqdan getmir – Yoknapatofa sakinləri dünyanı, bəşəriyyəti bu əyalətin, burada yaşayan əhalinin timsalında tanıdıqları, qavradıqları kimi, Çoxelinin personajları da Qudamağari vadisindən qırağa çıxmırlar, onların dünyası da bu dərənin çayları, meşələri, dağları-daşlarıdır. Bunlar öz yerində, mən ayrı bənzərlikdən, ayrı doğmalıqdan danışıram. Folknerin “Ayı” povestinin ardınca Çoxelinin “Yabanı gül dəstəsi” hekayəsini oxuyan kəs nə demək istədiyimi duyar.

Folknerin ayısı yaşadığı meşənin ağası, təbiətin qüdrət əliylə yaranmış amansız cəngavər olsa da, əlinə fürsət düşəndə adam ətinə diş batırmayan, yeri gələndə meşədə azmış nabələd uşağa yol göstərən ağayana bir centlmendir. Bu məsələdə Çoxelinin ayısı da ondan geri qalan deyil, bu ayı ömründə nəvaziş görməmiş, bircə yol gül bağışlanmamış cəfakeş kəndli qadına bir dəstə yabanı çiçək gətirir, di gəl, zalım insanlar Folknerin mərd, vüqarlı qoca Beni kimi onun da axırına çıxırlar:

“Pəncərədən onların evinin qabağında dal ayaqlarının üstünə qalxmış ayı görünürdü, qabaq ayaqlarıyla iri yabanı gül dəstəsi tutub bərk-bərk sinəsinə sıxmışdı, qəmli-qəmli evə baxırdı. Güllə açıldı, arvad ayının necə silkələndiyini, sonra necə yıxıldığını aydınca gördü. Amma elə yıxıldı ki, yabanı gül dəstəsini buraxmadı, sinəsinə daha da bərk sıxıb eləcə öldü.

Çiçəkləri ondan zorla qopardılar.

Aradan xeyli vaxt keçəndən sonra, qocalıb qarıyanda Msarianın arvadı ürək ağrısıyla xatırladı ki, o yabanı güllərdən başqa ona çiçək bağışlayan olmayıb”.

***

“Yaddaş çayı” hekayəsində dağ kəndinə körpə ağaclar satmağa gəlmiş kimsəsiz kişi armud tingləriylə eynən öz balalarıyla danışırmış kimi söhbətləşir:

“Kişi isə oturub, sellofana bükülmüş armud tinglərini bir-bir açır, onları qadınlar ilk övladlarını soyuqdan qoruyan sayaq sığallayırdı. Hamısını bircə-bircə yerə sərdiyi cındırın üstünə düzüb, öyüd verirmiş kimi danışırdı:

– Di özün bilərsən, məni utandırma, artıq böyümüsən, özünü əsl kişi kimi aparmalısan. Düzdür, buralarda qış soyuq keçir, amma heç nə olmaz, öyrəşəndən sonra çətinlik çəkməzsiniz. Əvəzində buranın torpağı qüvvətlidir, səni yerə basdıranda birdən çox su içmə ha!

– Sənin canın-cəsədin bir az zəifdir. Ta bərkiməmiş çox məhsul vermə.

– Hə, sən nə təhərsən, ay dəcəl, məni bura camaatının içində utandırma ha, eşidirsən? Özün bilirsən, bu dağ camaatı birtəhər olur.

– Sən niyə bükülmüsən, olmaya qorxursan, hay? Fikir çəkmə, özüm tez-tez gəlib yoxlayacağam, onların ümidinə qoymaram sizi. Payızda çalışın yarpaqlarınızı tez tökəsiniz, yoxsa bura elə qar yağır ki… Yarpaqlarınıza yağdımı, Allah göstərməsin!

– Bıy, bir buna bax, yoxsa qurumağa indidən başlamısan? Tez ol kökünü aç görüm! Bax belə, bu cür yaxşı deyilmi, ay sağolmuş, hay? Qoçaq ol, qoçaq ol, yoxsa…

– Sən də bəri başdan küsməyin başını burax, yaxın gəl. Hələ sənə belə budaqlar lazım deyil. Burada yatan ayılar olur. Çalış qol-budaq atanacan boyunu uzat, sonra yoğunla. Onda nə ayı güc gələcək sənə, nə də maral”.

Kişi alıcılara qiymət oxumur, tingləri, demək olar, müftə verir, istədiyi budur ki, onun ağacları ölkənin hər küncündə çiçəkləyib bar versin. Ting alanlara bircə şərt qoyur: “Ağacları mən özüm əkəcəyəm. Onları övladlarım kimi böyütmüşəm, nə bilim siz mənim körpələrimi necə basdıracaqsınız. Sizə əziyyət verməsəm, bir-iki həftə qalıb armudlara özüm baxardım. Bunlar özgə torpağa yavaş-yavaş alışmalıdırlar, yoxsa qəribsəyərlər”.

Camaat onu qaraçılara satılmaqda suçlayıb Araqvinin dəli dalğalarına təslim eləyəndən sonra armudlar çiçəkləyir, tingçinin ruhu tumurcuqlardan pardaqlanıb əkdiyi ağacların budaqlarında ağappaq çiçəklər açır, kişi ömrünü ağaclara bağışlayır: “Yaddaş çayı bulana-bulana özbaşına axırdı, bir azdan tingçi də, qaraçılar da hamının yadından çıxdı. Deyəsən, yalnız təbiət heç nəyi unuda bilmir. Hər yaz tingçinin dəli Araqviyə atıldığı vaxt armud ağacları yenə ağappaq çiçək açır. Bu çiçək partlayışı təbiətin ən böyük möcüzəsidir…”

***

Tingçidən ötrü Araqvi çayı ölüm qapısıdırsa, “Balığın məktubları” hekayəsinin qəhrəmanı üçün çaya baş vurmaq yeni həyata keçiddir. Cəmiyyətdən küsən adam balığa dönməkdən ötrü günlərlə suda qalır, axırda niyyəti baş tutur, sidq-ürəkdən dilədiyi arzuya çatır. Sahilə göndərdiyi son məktubunda balıq-adam belə yazır: “Heç soyuqdan da qorxmuram, yavaş-yavaş suda yaşamağa alışıram. Payızacan suya dalmağı da öyrənərəm, Araqvi çayı boyunca üzə-üzə gedib isti ölkələrə çıxaram. Siz də necə istəyirsiniz, o cür də davranın. Sizin məni adamlıqdan çıxarıb qovmağınızdan qəti qorxmuram”.

“Qiqia Bubunaurinin qardaşlığı” hekayəsinin on üç yaşlı qəhrəmanı damarını çərtib qanını tələdən qurtardığı yaralı qartalın qanına qatır. İnsanla quş əhd bağlayıb qardaşlaşırlar, sonda əhd-peymana sadiq qalıb eyni torpağa qismət olurlar. Qartal Qiqianın körpə ömrünə balta çalan qatilin gözlərini didib yurdunda bir başıpapaqlı qalmamış qardaşlığının qisasını alır.

“Qartalla uçuş” romanında isə insan gördüyü dünyaya yırtıcı quşun caynağından, qartalın uçduğu ucalıqdan baxır. Belə bir mənzərəni görməkdən, belə tamaşaya dalmaqdan ötrü qartal balalarına qurban getməyə dəyər. Ancaq tərsinə olur, qartal əsirini yedirtmək üçün yumurtasını qırır, balasını insana qurban verir.

Qoderzi Çoxelinin əsərlərində insan ana təbiətin başına tac qoyduğu müstəsna varlıq kimi, yaranmışların ən alisi, məxluqatın əşrəfi kimi öyülmür, bu əsərlərdə insan təbiət adlı panteistik cənnətin, dinc, qorxusuz ana qucağının heç bir məxluqdan üstün tutulmayan sıravi sakini kimi təqdim olunur.

***

Müharibədə çiynindən yaralandığı vaxt Berinin yarasına küknar tozu tökülüb. Evə qayıdandan sonra onun çiynində küknar ağacı bitir:

“Cğu­na evə gir­di. Be­ri çar­pa­yı­da otur­muş­du. Pal­ta­rı­nın sol çiy­ni­ni kəs­miş­di­lər, or­adan ba­la­ca kük­nar ağa­cı­nın ba­şı gö­rü­nür­dü. Çıl­paq ayaq­la­rı­nı çar­pa­yı­nın qa­ba­ğın­da qazılmış çalaya sal­la­yıb üs­tü­nə su tö­kür­dü.

– Be­lə elə­mə, Be­ri, elə­mə, so­yuq də­yər, özü­nü ni­yə öl­dü­rür­sən? – altmış ya­şı­nı haqla­mış hə­kim – bəstəboy­ yə­hu­di qa­dın, Qu­da­ma­ğa­rinin şəfa mələyi ona yal­va­rır­dı.

– A ki­şi, be­lə də iş olar, iy­nə­ vur­ma­ğa qoy­mur­san, özün də ayaq­la­rı­nı soyuq tor­pa­ğa basdırıb su­ya qoymusan. Buna ürək dözər?

– Mə­nə olmasa da, bu­na kö­mə­yi də­yər, – Be­ri çiy­nin­də­ki ba­la­ca kük­na­rı gös­tər­di.

– A sa­ğol­muş, bə­yəm ba­şa düş­mür­sən ki, sən öl­sən, kük­nar da məhv olacaq? Nə üzə du­rmu­san, vur­dur da iy­nə­lə­ri­ni.

– İy­nə­lər onu qu­ru­dar, gör­mür­sən ne­cə so­lu­xur.

Be­ri ayaq­la­rı­nı basdırdığı tor­pa­ğa ye­nə su tök­dü.

Tanımadığı bir adam ota­ğa gi­rib sa­lam­ verdi. Be­ri onun sa­la­mı­nı alıb, da­ma­ğın­da­kı si­qa­re­ti gös­tər­di:

– Sön­dür onu, tüs­tü­sü­ kük­na­ra zi­ya­n vurar”.

Berinin övladı yoxdur, çiynindən boy göstərən körpə küknarı elə balası kimi bəsləyib əzizləyir. Hamı buna görə onu qınayır, kişinin üzü evdə də, çöldə də danlanır: bir ağac nə olan şeydir, meşələr küknarla doludur, barsız-bəhərsiz körpə fidan ucbatından sağ canı bada verməyə dəyərmi? Hərçənd Qudamağari meşələrində küknar bitmir, odur ki, bu ağacın bu dərədə günü xoş keçməyəcək, böyüyüb özünü tanıyandan sonra Mövlananın neyi kimi doğma meşəsindən ötrü nalə çəkib fəryad qoparacaq…

***

Beri bürkülü evdən eşiyə çıxıb ağaclar arasında gəzib-dolaşır, küknarı təmiz havaya verir. Əvvəl qoz bağında gəzinir, sonra fikirləşir ki, qozluğun havası ağırdır, fındıq bağında gəzmək daha faydalı olar. Yolda meşəbəyi rastına çıxır, Beriyə deyir bundansa kaş Tanrı sənə bir övlad yetirəydi; yox, ağac verəcəkdisə, canın cəhənnəmə, barı bir bar ağacı bitirəydi çiynində, gilasdan-zaddan…

Tamahından şirə daman meşəbəyinin cavabında Beri taleyindən gileyli olmadığını söyləyir. Gördüyündən göz kirəsi istəyən meşəbəyi yenə əl çəkmir: “Eşit­mi­şəm kük­nar qo­za­sın­dan qur­saq dər­ma­nı dü­zəl­dir­lər. Bu ağ­rı mə­ni öldürdü, a ki­şi. Bi­zim me­şə­lər­də də dərmanlıq bircə kük­nar tapmaz­san, başdan-başa ya və­ləsdir, ya da pa­lıd­. Qar­da­şım­san, əgər qu­ru­ma­yıb bar gə­tir­sə, qozasını heç kə­sə ver­mə, mə­nə saxla, bəl­kə bu ağ­rı­ya dər­man oldu…”

Beri kolxoz idarəsinə gedib, küknar bitən yerlərdən birinə putyovka istəyir. Ümidi var ki, bir müddət küknar meşəsində qalsa, oraların havası çiynindəki ağacı qurumağa qoymaz. Kolxoz sədri ona boz üz göstərib iynələrini vurdurmağı məsləhət görür. Aydın məsələdir ki, Beriyə iynə vurulsa, çiynində bitmiş ağac quruyacaq. Körpə küknar nədənsə hamının yerini dar eləyir, heç kim bu görünməmiş möcüzəyə sevinmir.

Çarəsiz qalan Beri soraqlaşa-soraqlaşa Borjomiyə gedib çıxır. Onu dəli sayıb sanatoriyada, mehmanxanada yer vermirlər. Onda Beri küknarlıqda dəyə qurub gününü orada keçirir: “Bir həf­tə­ sonra kük­nar da yax­şı­laş­dı, di­ril­di, yaşıllaşdı. Ağac bir­dən-bi­rə boy at­dı, Be­ri küknar kök­lə­ri­nin si­nə­sin­də bir-birinə dolaşdığını duyurdu, ağacın bu­daq­la­rı­nı üzü­nə to­xun­du­rub xoş­hal­la­nır­dı. İn­di o, kük­na­rın səsini eşidir, fikirlərini du­yur­du, ağacın baş­qa ağac­lar­la da­nı­şı­ğı­nı qanırdı. Berinin bədənində yuva qurmuş iki can bir-birinə dartınırdı. Bir ay­ın tamamında Be­ri­nin ba­şın­dan yu­xa­rı qalxmış kük­nar öz qo­naq­la­rı­nı – quş­la­rı qarşılayır­dı…”

***

Kəndə çatandan sonra Beri küknar meşəsinə məktub yazır. Bilinmir ki, bu məktub onun dilindən yazılıb, yoxsa çiynində bitmiş ağacın. Panteizm tanrısı bircə əməliyyatla fərdiyyəti aradan qaldırır, təkliyi çoxluğa, çoxluğu da heç gözləri açılmamış dərhal heçliyə çevirir; başqa sözlə, təklik çoxluğun gömüldüyü heçliyə dəfn olunur:

“Pa­yız­da Be­ri­nin ürə­yi­nin ağ­rı­sı artdı. Ge­cələrin birində kük­na­r köklərinin diz­lə­rin­dən aşa­ğı­ endiyini duydu. Ürə­yi ya­man da­rı­xır­dı. Ay­lı ge­cə­də ev­dən çıxdı, be­l gö­tü­rüb me­şə­yə ge­dən yo­la üz qoydu…

Meşədə də­rin xən­dək qaz­ıb içi­nə girdi, son­ra ayaq­la­rı­nın üs­tü­nə tor­paq tök­üb e­lə­cə dur­du. Be­rinin axır hiss elə­diyi iki canın bir-bi­ri­nə ax­ıb bütöv gövdəyə çevrilməsi, bu gövdənin öz na­zik kök­lə­riylə tezcə tor­paq­dan ya­pış­ması oldu.

Küknarınsa ilk duyduğu günəşin doğmasıydı”.

İnsan ömrünü ağaca bağışlayır, odur ki, iki canın vəhdəti uzun sürmür, bir can gövdədən aralanıb yerini ayrı cana verir. Materiya adam cildindən çıxıb ağac donuna düşür. İndi artıq estafet küknarındır. Ancaq bu da müvəqqəti, aldadıcı görüntüdür. Sabah o göyərən həmişəyaşıl budaqlar da quruyub çürüyəcək, yerində zəhərli ot-alaf, yaxud da kif göbələyi bitəcək. Paradoksal görünsə də, materiyanın yalnız bir diri, ölümsüz halı var – o da cansız, ölü halıdır. Zatən tərsinə yeriyən Şeytanın var olmayan varlığı (yəni əslində yoxluğu) başdan-ayağa paradoksdan, astar üzünə çevrilmiş məntiqdən ibarətdir.

***

Bəşəriyyət yeni minilliyə qədəm qoyandan Qoderzi Çoxeli də zamandan istefa verib, Gürcüstanın Kareli bölgəsindəki monastırlardan birinin durğunluğuna çəkilmişdi. Ola bilsin, daha bir minilliyi aşmağa xəyalının taqəti qalmamışdı, qarşısında duran nəhəng zaman dağının zirvəsinə boylanmağa özündə hünər, təpər tapmamışdı, fələyin zəhminə yenilmiş, yeni dövranda özünü qərib sanmışdı.

Onu yaxşı anlayıram, bu nəhs, qaramat duyğu bütün yaradıcı adamları zəhərli ilan kimi ara-sıra çalmaqdan şeytani bir zövq alır. O zəhər Qoderzinin beynini, görünür, elə iflic eləyib, onu o hala salıb ki, monastır toranlığında belə dinclik tapmayıb. Bir dəfə özünə qəsd eləməyə çalışsa da, təsadüfən üstünə düşüb xəstəxanaya çatdırıblar, həkimlər onu gerçək ölüm fərmanı gələnə qədər sağ saxlayıblar.

Əcəli özünü ona 53 yaşını tamamlayandan ayyarım sonra – 2007-ci ilin 16 noyabrında yetirib. Həmin gün Qoderzi Çoxeli çoxdan təşnəsi olduğu, bütün yaradıcılığıyla can atdığı mənbəyinə qovuşub, monastırda soraqladığı yoxluğu bir ağac gövdəsindəmi, bulanıq sel suyundamı, ayı kahasındamı, qartal yuvasındamı, kim bilir, haralarda, nəhayət, tapıb. Uzun sürən ağır xəstəlikdən sonra…

Uzun sürən xəstəlik! Bu sözlər meşəsindən cüda salınmış darıxan ağacların, qaynağından uzaqlara sürgün olunmuş sərgərdan çayların, kökündən qoparılmış yaralı qayaların, mənbəyinə yolu bağlanmış sürünən balıqların, yuvası viran qalmış didərgin qartalların, otlağı qurudulmuş ac maralların, oylağı süpürülmüş yuxulu ayıların pərişan hallarını necə də sərrast nişan alır. Belə pozuq, belə talan, ədalətdən, mərhəmətdən belə yoxsun dünyada süründürülən həyatın, əlbəttə, bir adı var – uzun sürən ağır xəstəlik!

“Yeni Azərbaycan” qəzeti

Müəllifin başqa yazıları:

Çörəyi ver çörəkçiyə…

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Dövlətin əli olmasa ədəbiyyatımız dünyaya çıxa bilərmi?

Hansı qadın?

Vacib olan duyğuları tərbiyələndirməkdir

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Janrın yaddaşı, fikrin əcdadı

Təsir, yoxsa oğurluq?

Tuğ kilsəsində ibadət

Dil qaydalarına nəzarətlə bağlı problem çoxdur

Fikrin libası

Günəşin qatilliyi

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım…

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı

Dil bayramı

Ruhu bədəndən qovmaq!

Köhnə bazara təzə nırx

İki islamın savaşı

Əylən deyim Qıratın qiymətini…

Obrazların yedəyində

Zamanı cilovlamaq cəhdi

Çiynimizdəki əl

Xanəxərab, İranı viran qoyma!

İblisi utandıran şəxsiyyət

Öymək, ya söymək?

Dünya nəsrinin şah əsəri

Nifrət üçbucağı

Günəşin yandırdığı şam

İnsan ovu, ölüm xofu, heçlik arzusu

Milyon illik tənhalıq

Yeni dünyanın astanasında

Allahı qoruyan şair

Allahı öldürən filosof

Knyaz Xristos

Divana döşəli Budda

Anar

Ştirnerdən Bazarova anarxizm

Oblomovla Bazarovun dialoqu

Onore de Balzakın etiqadı

Təsadüflər cənnətindən zərurət türməsinə

Xoşbəxtliyin ölümcül dozası

Paralel xətlərin kəsişməsində

İblisə səcdə qılan şair

Din kimi poeziya, peyğəmbər kimi şair

Kapridə ədəbsiz ölüm

Həyat dozanı aşanda

Zəlzələ hikməti

Düşmənə ezam olunan qeyrət

Qatil kimdir?

Qum dəryasında əsirlik

Dilinin altında gizlənmiş yazıçı

Stalin üçün yazılmış əsər?

Ölməz Tanrının oğlu

Köpək balıqları üçün ziyafət

Sağ qalmaq üçün ölmək

Qaranlıq fələyin hökmü altında

Ağıldan müdrik gözəllik

Bir sülalənin intiharı

İman cəngavəri, əxlaq zadəganı

Traktat dilində poeziya

Kollektiv təhtəlşüurun elçisi

Ayaq saxla, zaman, dayan, an, sən gözəlsən!

Bədənin cəhənnəmindən ruhun cənnətinə

Qırmızı qanın qara fəsadları

Adsız məzara işləyən tarix

Sözü özünə bənzəyən şair

Məbəddən emalatxanaya

Uçmaq istəyən balıq

Yazıçının tutmayan fəlsəfi calağı

Panteizm tanrısının xəstəlikləri

Kir götürməyən ruhun gücü

Puç ömrün aqibəti

Gözləməklə keçən ömür

Təkliyinə çarmıxlanmış nəsil

Kuklaxana

Kişi əmrinə möhtac kişi düşməni

Qadının kəşfi

Qürubqabağı sevgi

Gilənar qırğını

Tanrı sorağına çıxan bəndələr

Cəhənnəm – başqalarıdır

Stalinin bəyəndiyi antisovet əsər

Atalıq taxtından yıxılan kral

Öz budağından yıxılan ağac

Ata qətlinin sirri

İnsaf adam

Tanrının qoşduğu Yusif dastanı

Hindistan dərvişi

Vasitə məqsədi doğrultmayanda

Kainatın mühərriki ehtiraslar

Keçmişdə qalmış gələcək

Taleyə qarşı peyvənd

Yoxluğun verdiyi azadlıq

Varlığın yaxasını açmaq

Ruhu üzünə çıxan dünya 

Böyüklər üçün uşaq kitabı

Şərab şüşəsində saxlanan zaman

Mücərrəd sevginin konkret ünvanı

Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi asanlıqla gəlir

Sükuta sığınmaq, zənciri qırmaq

Yaratdığı dünyaya köçən yazıçı

Valyuta ehtiyatı

  • 04 Fevral 2025
  • comments

17-ci iştirak

  • 05 Fevral 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda