Yaratdığı dünyaya köçən yazıçı
- 30 Yanvar 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” romanı haqqında
Fəxri Uğurlu
Bu kitab məndən ötrü ədəbiyyatda səmimilik etalonudur. Ondakı halal, yumşaq, kədərli yumor, qəlbi dalamayan şux zarafatlar, iblisanə kinayədən, şeytani istehzadan xali müqəddəs gülüş janrın örnəyi kimi araşdırılmaq, öyrənilmək səviyyəsindədir. Elə bil bu kitab İblisin gözündən iraq yerdə yazılıb, Şeytanın nəfəsi onun bir sözünə, bir hərfinə toxunmayıb – belə kitablar bizim tanıdığımız dünyada çox deyil. Bu kitab uşaqlar üçünmü yazılıb, böyüklər üçünmü – bunu da bilmək olmur.
Əsər boyu qəhrəmanın keçdiyi yolda pislik, yamanlıq yoxdur, çətin dövrdə, ağır şərtlər altında ötüşdürülən həyat xoş tamaşa, şən bir məclis kimi təqdim olunur. Pisliklər, yamanlıqlar haradasa uzaqlarda cövlan eləyir, onların da əks-sədası oxucuya cuna kimi təmiz, şəffaf yumor süzgəcindən keçiriləndən sonra çatdırılır ki, şərin ağır havası oxucunun ovqatını zəhərləyib şənliyinə haram qatmasın. Bu qədər şirin, dadlı, şirəli yumor salxımları yalnız sinəsini dərd şırımlamış, qəm becərmiş adamın qəlbində bar verə bilər.
Nodar Dumbadze 1928-ci ilin yayında Tiflisdə dünyaya gəlib. Raykom katibi vəzifəsində çalışan atası 37-nin repressiya dalğasında boğulub – əksinqilabi fəaliyyətdə suçlanan Vladimir Dumbadzeni həmin il güllələyiblər. Nodarın on yaşı tamam olmamış anasıyla iki qardaşını da QULAQ həbs düşərgəsinə sürüblər – illər keçmiş sürgündən salamat qayıdanda anası onu çətinliklə, yalnız bir əlamətinə görə tanıyıb. Ortalıqda başsız qalmış gələcək yazıçını Quriya bölgəsinin Xidistavi kəndində yaşayan Olqa nənəsinin himayəsinə veriblər. Kəndin adını çəkməsə də, müəllif mövzusunu kənddə keçmiş uşaqlıq, yeniyetməlik çağlarından götürdüyü, ona böyük şöhrət qazandırmış ilk romanında doğma diyarını da, nənəsini də, İliko ilə İllarionu da öz adıyla təqdim eləyir.
***
Roman 1960-cı ildə işıq üzü görüb. Uşaqlığın xiffətini çəkmək üçün ondan gərək azı qırx il uzaqlaşasan, ancaq Nodar Dumbadzenin qırx ili gözləməyə hövsələsi çatmayıb, elə bil duyurmuş ki, yer üzündə ona qıyılan möhlət o qədər də çox deyil, qazandıqlarını gün batmadan xərcləməlidir. Doğma kəndinin o vaxt hələ solmamış xatirəsi, onu gözünün işığı kimi bəsləyib boya-başa çatdırmış nənəsinin ölməz ruhu, ona əmidən-dayıdan artıq olmuş İlikonun, İllarionun əbədiləşmiş surəti dəcəl Zurikelanın yaşlanandan sonra da dadına yetib, onun bir əlini şöhrətə, o biri əlini nemətə çatdırıb. İlk romanı gənc müəllifə görünməmiş uğur gətirib, çəkdiyi ehtiyaclara, qatlaşdığı kasıblığa birdəfəlik son qoyub.
Aləmə ün salan dördlük (Merini də bura qoşsaq, beşlik də deyə bilərik) jurnaldan-jurnala, kitabdan-kitaba adlayıb, dildən-dilə çevrilib, səhnələri dolaşıb, ekrana köçüb (Tengiz Abuladzenin 1962-ci ildə çəkdiyi filmi nəzərdə tuturam). İliko onu acıdil qələmə verdiyinə görə yazıçıdan küsüb, İllarion müəllifindən qonorar istəyib. Ancaq adları, surətləri uzaq ölkələrdə də tanınandan sonra, getmədikləri, gəzmədikləri diyarlardan sevənləri onların görüşünə axışandan sonra ömrünü yarı obraz, yarı prototip kimi yaşayan qocaların küskünlüyü də qədirbilən Zurikelanın gördüklərinə möhür vurmuş, silinməz izlər salmış gözlərinə fəda olub.
Mən bu əsəri hərf tanımağa başladığım çağlardan oxuyuram. Neçə kərə gözdən keçirmişəm, neçə qat varaqlamışam, bilmirəm. Bircə bunu bilirəm ki, mənim Gürcüstanla da, gürcü xalqı, gürcü ədəbiyyatıyla da tanışlığım Olqa nənədən, Zurikodan, İllariondan, İlikodan, Meridən başlanır. Elə bilmişəm Gürcüstanda bütün itlərin adı Murada, bütün inəklərin adı Pakizodur. Elə bilmişəm bu xalq uşağından-böyüyünəcən yumorla, zarafatla nəfəs alır, bu ölkədə hamı hər gün çaxır içib şən mahnılar oxuyur. Gürcüstan, Quriya dağları xəyalımda əfsanəvi diyar kimi canlanıb.
Nodar Dumbadzenin ilk romanıyla tanışlıqdan sonra gürcülər haqda yaranmış ilkin təəssüratım bu gün də canımdan çıxmayıb. Sonrakı illərdə oxuduğum “Ağ bayraqlar”, “Mən günəşi görürəm”, “Əbədiyyət qanunu” romanları, “Kukaraça” povesti bu təəssüratı daha da gücləndirdi. Bunların üstünə Çabua Amirecibi, Otar Çiladze, Erlom Axvlediani, Qoderdzi Çoxeli kimi yazıçıların yaradıcılığını, Tengiz Abuladze, Revaz Çxeidze, Georgi Daneliya, Otar İoseliani kimi rejissorların bu gün də maraqla baxılan filmlərini, sovet futbolunun flaqmanlarından olmuş Tbilisi “Dinamo”sunun adlarını, fəndlərini indiyəcən unutmadığım məşhur oyunçulardan ibarət komandasını da gələndə təəssürat tamamlanır. Onlar bir zaman vətənlərini, xalqlarını milyonlarla mənim kimi gəncə öz sənətləri, peşələriylə sevdirməyi bacarmışdılar…
***
Əsərin qəhrəmanı Zurab Vaşalomidzenin nənəsindən başqa doğması yoxdur. Uşağın ata-anasının haralarda olduğu, öldüsü-qaldısı bilinmir – görünür, repressiya havasının hələ çəkilmədiyi zamanda müəllif gerçəyi yaza bilməyib, yalan yazmağa da əli gəlməyib. Ancaq Zurikelaya kimsəsiz də demək olmaz, əziz, mehriban qonşuları İllarion Şevardnadze ilə İliko Çiqogidze ona doğmadan, qohumdan da yaxındırlar. Roman qəhrəmanın dilindən yazılıb, əsərin əvvəlində Zuriko deyir: “Mənim kəndim Quriyada ən gözəl, ən füsunkar kənddir. Mən onu yer üzündəki kəndlərin hamısından çox istəyirəm, çünki orada mənim nənəm, İliko, İllarion, bir də itim Murada yaşayır”.
Zurab Vaşalomidze nümunəvi şagird olmadığını, nənəsinin tez-tez məktəbə çağırıldığını oxucudan danmır: “Cəsarətlə deyə bilərəm ki, orta məktəbi nənəmlə birgə bitirmişəm. Məncə, bu, bəşər tarixində yeganə hadisədir”. Nümunəvi olmasa da, Zuriko çox səmimidir, yalanı da başqasına ziyan vurmaq üçün yox, vəziyyətdən çıxmaq üçün, ya da qocaların biriylə əlbir olub o birinə kələk qurmaq üçün danışır. Yeniyetmə qəhrəman özünü oxucuya belə tanıdır: “Mən adicə kənd uşağıyam. Çantamda həmişə meyvə, quşatan, bir də oyuncaq tapança olur. Qırov düşənə kimi məktəbə ayaqyalın gedirəm. Bircə şalvarım var, o da yamaqlı. Hər il iki dərsdən payız imtahanına qalıram. İtim Murada quyruq kimi dalımca düşdüyünə görə kənddə mənə “itbaz”, məktəbdə “kələkbaz, tənbəl” deyirlər, nənəmsə məni “yaramaz” deyib çağırır… Nənəmin mənə acığı tutanda çaxır anbarında yatıram, elə ki barışdıq, yenə öz otağıma köçürəm. Gündüzlər nənəm əlində çubuq bəlalı başıma lənət yağdıra-yağdıra məni qovur, axşamlar isə ayaqlarımı yuyur, mən yuxulayanda məhəbbətlə üzümdən öpür… Bütün Quriyada nənəmdən betər qarğış tökən tapılmaz, amma onun qarğışları məni qorxutmur. Bir dəfə özü deyib ki, dildə səni qarğısam da, ürəyimdə xeyir-dua verirəm”.
Az qala babası yaşda olan kişilərlə Zuriko tay-tuşu kimi davranır, qocalarla araq, çaxır içir, tütün çəkir, ova gedir, alverə girir, bununla birləşib ona kələk qurur, sonra da onunla əlbir olub bunun başına oyun gətirir. Zarafat kiməsə zərər vursa da, heç kim heç kimdən incimir, hər oyun yeyib-içməklə, deyib-gülməklə sona çatır, dərdli insanlar dərdi bu yolla azdırırlar. Birgə dovşan ovuna çıxdıqları vaxt çöldə açdıqları süfrə başında sərxoş İllarion Zurikoyla dostluğuna belə şərh verir: “Mənim otuz yaş səndən böyük olmağım boş şeydir! Sən yaşda olmuşam? Olmuşam! Sən mən yaşda olacaqsan? Olacaqsan! Elə isə aramızda nə fərq var? Əsla fərq ola bilməz! Kimin başında saçı çoxdur – məgər bunun mənası var? Yox, əsla yoxdur! Biz dostuq, ona görə də içək dostluğun sağlığına!”
***
Sevgi, dostluq, səmimiyyət insanlar arasından sərhədləri götürür, çünki sevgi də, səmimiyyət də könüldən, ruhdan gəlir. Ruhunsa yaşı yoxdur, bütün ruhlar yaşıddır. Bu mənada mən də uzun illər qabaq Zurikoyla bir sinifdə oxumuşam, odun sobasının dərs otağını isitmədiyi soyuq qış günlərində onun gözəl Merisinə müştəri gözüylə oğrun-oğrun mən də baxmışam; Olqa nənənin kötəyini yemişəm, İllarionla it ovlamışam, İlikoyla çaxır oğurluğuna getmişəm.
Dərindən götürəndə, insan heç zaman dünyaya vaxtında gəlmir, ya görmədiyi keçmişin xiffətini çəkir, ya da görməyəcəyi gələcəyə dartınır. Uşaqlıqda, yeniyetməlikdə tez yaşlanmaq istəyirsən, sevdiyin qız səndən böyük olanda dünyaya gec gəlməyinin peşmanlığını çəkirsən. Üzü qocalığa gedəndə isə duyğular tərsinə çevrilir, çərxi-fələyin sürətlə fırlanmağından gileylənirsən. Tərs kimi zaman uşaqlıqda gec, qocalıqda tez keçir…
Dovşan ovu uğursuz başa çatır, İllarion səhvən Muradaya güllə atır. Onlar dərin hüzn içində iti təntənəylə dəfn eləyirlər. Sonra Zuriko nənəsindən bir bardaq çaxır alıb Muradanın qəbri üstündə köpəyə ehsan verir. İndi əsas məsələ bu biyabırçılığı İlikodan gizlətməkdir.
Ancaq pis xəbər tez yayılır, az keçmiş itbaz Zurikela ilə yekəburun İllarion taygöz İlikodan bu məzmunda başsağlığı teleqramı alır: “Əziz Muradanın faciəli ölümü münasibətilə mənim dərin hüznlə başsağlığımı qəbul edin. Bu ağır itkiyə sizinlə birgə mən də acı göz yaşı axıdıram. Dərdim yerə-göyə sığmır, tab gətirə biləcəyəmmi? Kədərlənirəm ki, yas məclisində şəxsən iştirak eləyə bilmədim. Sizə necə təsəlli verim? Ay axmaqlar, ay yaramaz ovçular, sizi görüm lənətə gələsiniz! Bir də it ovuna çıxanda mütləq məni də özünüzlə aparın”.
Bundan sonra İllarion İlikodan gen dolanır, ona düşmən kəsilir. İlikoya çaxır lazım olanda Zurikonu İllariona minnətə göndərir. İllarion ona çaxır satmaqdan qəti imtina eləyəndə İliko çaxırı oğurlamaq qərarına gəlir, bundan ötrü Zurikoyla birgə plan cızır. Bu vaxt zərərdidələrin əlinə onlara sataşmış taygözdən qisas almaq fürsəti düşür. Ona köməyi müqabilində İlikodan rüşvət alan Zuriko planı İllariona satır, taygözü tələyə salırlar. Sonda hər şey məclis qurulmasıyla, yeyib-içməklə başa çatır.
***
Zurikelanın kənddə keçən uşaqlığı bir ömür qədər uzun görünür. Bu dövrdə onun başına neçə-neçə dadlı-duzlu macəra gəlir, həyatı ürək dolusu yaşayan oğlan bu müddətdə çox şeyə – Meri adlı sinif yoldaşına aşiq olmağa belə vaxt tapır (yaşlananda vaxtdan bu cür səmərəli istifadə eləmək olmur). Bu, kələkbaz oğlanın ilk sevgisidir, ancaq onun sevgisində heç bir yalan, kələk yoxdur.
Zurikela bir axşam İlikoyla İllariona şeir yazdığını deyəndə qocalar əvvəlcə onun dəli olduğu qənaətinə gəlirlər. Şeiri dinləyəndən sonra oğlanı dingildədən duyğunun haradan, nədən güc aldığını anlayırlar.
Sinif yoldaşının diktəsiylə Zuriko Meriyə təmtəraqlı sevgi məktubu yazır. Məktubu qızın çantasına qoyurlar. Zurikelanı dərsdən qovandan sonra müəllim də tərbiyəsiz nəvəsindən Olqa nənəsinə şikayət məktubu yazıb, ünvanına çatdırmaq üçün onu Meriyə etibar eləyir. Qız yanılıb nənəyə sevgi məktubunu verir. İlikonun iştirakıyla İllarion məktubu nənəyə oxumağa başlayır. Bundan sonra evdə məzhəkə qurulur. Meri səhvini düzəltmək üçün qayıdanda nənəsi Zurikonu evdən qovur.
Lopa-lopa yağan qarın altında Zurikela Merini evlərinə ötürür. Komediyadan lirikaya keçid qəfil baş verir, amma qətiyyən bayağı təsir bağışlamır, əksinə, müəllif sevgi etirafını bayağılıqdan qurtarmaq üçün mətləbə dolayı yollarla gəlir:
“Evimizin, qar basmış çinarın yanından dinməzcə keçib getdik.
– Burada mənim Muradam basdırılıb…
– Bilirəm…
– Mən Muradanı çox istəyirdim, dünyada hamıdan çox. Onu, nənəmi, İllarionu, İlikonu bərabər istəyirəm.
– Bilirəm, Zuriko…
– Ona qarşı istəyim günbəgün artırdı… O da məni çox istəyirdi… Mən onunla adam kimi söhbət edərdim. Biz bir-birimizi başa düşərdik… O öləndə mən də özümü öldürmək istəyirdim… Adam doğrudan da məhəbbətdən dəli ola bilər! Sənə soyuqdur?
– Hə, soyuqdur…
– Mənə isə soyuq deyil.
Mən kürkümü çıxarıb Merinin çiyninə saldım. Əlimi çəkmədim. Biz beləcə təmiz qarın üstüylə addımlayırdıq. Gedə-gedə susurduq… Merigilin evini keçdik.
– İsindin?
– İsindim, Zuriko.
– Sən ki mənim Muradamı tanıyırdın?
– Tanıyırdım.
– O səni çox sevirdi. Tez-tez mənə deyərdi: Meri çox gözəl qızdır, o hamıdan yaxşıdır, Merinin gözləri bütün gözlərdən qəşəngdir, Meri çox xeyirxah, ağıllı qızdır… Murada səni çox sevərdi, məni sevdiyi qədər, məni sevdiyindən də artıq. O heç vaxt sənə hürməzdi… Sən də onu sevirdin?
– Hə, Zuriko, çox sevirdim, çox.
– Meri!
– Nədir, Zuriko?
Mən Merini məhəbbətlə qucaqlayıb üzümü onun açıq saçları arasında gizlədim. Meri ağlayırdı, mən də ağlayırdım. Lopa-lopa qar yağır, külək vıyıldayırdı. Ay da vardı, günəş də, sevgi də, göz yaşları da… Və çox, olduqca çox qar vardı. İlikodan soruşsan, deyər burada sevinməli nə var ki? Küləkdir, qardır, dünya qopur. Mən isə bu küləyə də, aya da, günəşə də, öz məhəbbətimə də, bu lopa-lopa yağan ağappaq qara da sevinirdim”.
***
Müharibə qurtaran il – 1945-in yazında Zurikela məktəbi bitirib kamal attestatı alır. Olqa nənə, İliko, İllarion birlikdə məsləhətləşib onu ali təhsil almaq üçün Tiflisə göndərmək qərarına gəlirlər, ona ixtisas seçirlər. Nənəsi babasından qalma xeyir-şər paltarını, parıldayan xrom çəkmələri, qaragül papağı sandıqdan çıxarıb nəvəsini geyindirib-kecindirir. Zurikonu yük maşınının banına mindirib təntənəli şəkildə yola salırlar. Meri əlində pay dolu səbət yola çıxsa da, maşına çatmır, eləcə payı əlində yolda boynubükük qalır, başını İlikonun sinəsinə söykəyib ağlayır. Bununla da Zurab Vaşalomidzenin uşaqlıq erası başa çatır.
Zuriko universitetin iqtisadiyyat fakültəsinə qəbul olunur. Kiçik mənzildə yaşayan təqaüdçü Marta xalanın iki otağından birini kirələyib orada qalır. Üçüncü kursda oxuyanda İllarion bir ulaq yükü kənd sovqatıyla ona qonaq gəlir. Məlum olur ki, qocanın gözü ağrıyır, o səbəbdən şəhərdə həkimə düşmək istəyir. İllarionu əməliyyata götürürlər, ağrıyan gözünü çıxarıb yerinə şüşə göz qoyurlar. Onu çıxmış gözündən də çox İlikonun dilindən necə qurtaracağı düşündürür – axı indiyə qədər kor gözünü onun başına qaxıb, “taygöz” deyə ona çox şəbədə qoşub.
Onlar kəndə qayıdanda İliko əvvəl-əvvəl özünü bilməzliyə vurur. Yenə məclis qururlar, yeyib-içib hallanırlar, səs-səsə verib süfrə mahnıları oxuyurlar. İliko hər dəfə mahnıda “göz” sözü işlətdikcə İllarion ona şübhəli-şübhəli, xoflu-xoflu baxır: olmaya taygöz şeytan duyuq düşüb? Məclisin sonuna doğru İllarion rola girmiş İlikonun heç nədən xəbəri olmadığına inanıb arxayınlaşır, gərginlikdən qurtarır. Məclis sona çatanda isə:
“Biz dağılışanda çox gec idi. Mahnı oxuyub qucaqlaşa-qucaqlaşa həyətə düşdük. İllarion darvazaya qədər bizi ötürdü. Çəpəri keçəndən sonra İliko birdən geri döndü:
– İllarion!
– Nə var, təkgöz?
– Yatanda gözünü stəkana qoymağı unutma!
– Nə?! – heyrətlənmiş İllarion xırıltılı səslə soruşdu.
– Heç nə!.. İndi kefin istəyən qədər mənə göz vura bilərsən.
İllarion:
– İliko Çiqogidze! – deyə bağırdı.
– Adımı tez-tez çək, yoxsa unudarsan!.. Amma sözün açığı, bəxtin gətirdi: ovçuluğu sevirsən, heç göz yummaq da lazım olmayacaq. Kənddə kefin istəyən qədər gəz-dolan, itləri vur…”
Coşmuş İllarionla onu qızışdırmaqdan zövq alan İliko ağız-ağıza verib bir az da deyişəndən sonra komediyadan lirikaya (faciə demək olmur, çünki nikbin ruhlu müəllif sevimli personajlarının ən ağır günündə belə onları tragik situasiyaya salmır, yumoru satiranın, kədəri faciənin ayağına aparmır) daha bir uğurlu keçid baş tutur, günah cinləri üçün yaxşı yem olan zarafat göz yaşlarıyla suya çəkilib arınır:
“İliko yolda bir müddət ayaq saxladı, sonra darvazanı açıb geri qayıtdı, İllarionun yanında oturub cibindən tənbəki kisəsini çıxardı. Tüstülətdilər…
– Sənin müsibətini eşidəndə az qaldı ürəyim partlasın, – İliko sözə başladı, – Allah şahiddir ki, düzünü deyirəm… Axı biz bir adamıq, İllarion, sənin bədbəxtliyin mənim də bədbəxtliyimdir… Mən heç sənin xətrinə dəymək fikrində deyildim. Mənə taygöz deyəndə səndən qəti incimirəm… Onu bil ki, biz ikinci gözümüzü də itirsək, ölmərik. Əl-ələ verib bütün dünyanı gəzərik. Gəzə bilməsək, Zurikela bizi gəzdirər. Eləmi, qoca dostum?..
İllarion qalxıb otağa girdi, əlində bağlama qayıtdı:
– Burada bir az quru balıq var, mçadi və “İzabella” ilə yaxşı tutur. Sənin üçün gətirmişəm.
– Bilirdim gətirəcəksən.
İliko bağlamanı alıb ayağa durdu, tələsmədən darvazaya sarı getdi.
– Dayan, səni ötürüm.
– Ötür…
Onlar həyətdən çıxıb yavaş-yavaş addımladılar. Mən uzun zaman onların ardınca baxdım. Onlar qaranlıqda yox oluncaya qədər baxdım…”
***
Zurikonun Tsira adlı göygöz, solğunbəniz, ucaboy, göyçək bir qrup yoldaşı var. Bir kursda oxuduğu tələbələr hərdən Zurikelanın başına yığışıb, Marta xalanın danlaqları, töhmətləri altında imtahana hazırlaşırlar. Otar, Nestor, Şoto tələbə şəhərciyində, Tsira isə Maçabeli küçəsində yaşayır. Onu hər dəfə evə Zurikela ötürür. Kurs oğlanlarının, demək olar, hamısı Tsiraya vurulub, qız isə heç kimi sevmir, hara getsə, ancaq Zurikoyla gedib-gəlir. Onlar bağçada saatlarla oturub ordan-burdan danışır, arabir də susurlar. Susanda əsl sevgililərə bənzəyirlər – hər halda qrup yoldaşları belə deyirlər.
Zaman keçdikcə deyilənlər doğrulmağa başlayır, Tsira Zurikelaya aşiq olur, Zuriko da bir növ borclu qalmamaq üçün qıza meyil göstərir. Bu meyil sevgiyə çevrilmək ərəfəsində olanda onda qorxu yaranır: bəs Meri?
Tələbə yoldaşlarıyla kilsəyə ekskursiyaya gedəndə Zuriko sərxoş olub Tsiranı qəflətdən oyadır:
“- Sən məni sevmirsən, Tsira… Mən indi sərxoşam, sərxoş olanda isə həmişə doğru danışıram. Sən… Mən… Sən gözəl qızsan. İstəmirəm məni sevəsən… Çünki sənin sevginə layiq deyiləm.
– Sus, Zuriko!
– Mən əclafam! Ağlıma da gəlməzdi ki, sən məni sevə bilərsən. Heç bilmirsən mən necə pis adamam. Sənsə yaxşısan… Mənim…
– Lazım deyil, Zuriko, sus!
– Yox, sən bilməlisən… Mənim… mənim məhəbbətim var. Orada – kənddə… Onu mən bu dünyada hamıdan çox istəyirəm… O mənə həyatımdan da artıqdır. Sən ondan yaxşısan, min dəfə yaxşısan… Ancaq mən onu sevirəm. O mənim günəşimdir, mənim gözümün nurudur. Onun adı Meridir… Bunu sən bilməlisən…
Həyəcandan boğulurdum. Boğazım tutulmuşdu, danışmağa qoymurdu. Artıq bir kəlmə deməyə taqətim olmadığından başımı aşağı salıb susdum.
Tsira tərpənmirdi, daş heykəl kimi durmuşdu. Onun geniş açılmış mavi gözlərində nə göz yaşı, nə məzəmmət, yalnızca heyrət vardı. Birdən o sanki ayıldı, silkinib mənə yanaşdı, var gücüylə üzümə bir şillə vurdu. Mən yerimdən qımıldanmadım. Onda o, üzünü əlləriylə örtdü, başını sinəmə söykəyib zar-zar ağladı…”
Əlbəttə, yuxuya qalıb sonra da ömür boyu taleyin qapazı altında yaşamaqdansa, səmimiyyət şilləsinin zərbindən bəri başdan ayılıb kursu doğru götürmək məsləhətdir. Tsira nə qədər gözəl, ağıllı qız olsa da, kəndçi balasının arzularına, ideallarına uyğun gəlin deyil, o arzulara gedən yolda bu qız ona yoldaşlıq eləyə bilməz. Onunla evlənərsə, Zuriko şəhərdə məskunlaşmalıdır, elmi ad, karyera, vəzifə dalınca qaçıb məmur, yaxud professor həyatı yaşamalıdır. Bir sözlə, gerçək mahiyyətindən üz döndərib, qəlbini arvadının dilədiyi məzmunla doldurmalıdır. Amma kənddə onun dünyası qalıb, o dünya onsuz dağılıb tarmar olar. Zurikela o dünyanı Tsiranın mavi gözlərinə qurban verə bilməz; verərsə, heç vaxt özünə yeni ömür sarayı qura bilməyəcək, çünki o sarayın kərpicləri qızıldan olsa belə bünövrəsi olmayacaq.
***
Bu biri yandan qızın qəlbini qırmaq da doğru deyil. Odur ki, Zurikela Tsiranı ucaldıb özünü yerə vurmaqla ondan qopmağa çalışır, qızı şərəfinə, namusuna, qüruruna xal salmadan özündən ayırır, onu qəflətdən ayıldıb sonrakı peşmanlıqdan duyuq salır, bu yolla vicdanını suya çəkib arzularının, ideallarının ardınca gedir: “Doğma kəndimizə, məni parlaq ulduz kimi səbirsizliklə gözləyən nənəmin, İlikonun, İllarionun, Merinin yanına qayıdacağam. Evimizə qayıdacağam, evin qabağında üzümlük salacağam, üç ildən sonra bağımın ilk məhsulunu yığacağam. Mən kənddə yaşayıb işləyəcəyəm, mənim öz evim olacaq, həyətim də, Muradam da olacaq. Mənim Merim və on iki uşağım olacaq, on bir oğlum, bir də gözəl, alagöz qızım. Tez-tez şəhərə gedib arvadıma, uşaqlarıma bəxşişlər, kitablar gətirəcəyəm. Nənəmə də bəxşiş gətirəcəyəm, elə bəxşişlər ki, sevincindən ağlayacaq…
İlikoyla İllariona da bəxşişlər gətirəcəyəm, elə bəxşişlər ki, məni ələ salmağa cürət eləməsinlər. Marta xalanın yanına gedəcəyəm, nənəmdən ona pay aparacağam, Marta xala da sevincindən ağlayacaq…
Sonra isə onların hamısını öz evimə köçürəcəyəm – İlikonu, İllarionu, Marta xalanı. Biz bir yerdə yaşayacağıq. Mənim çoxlu uşağım, nəvə-nəticəm olacaq. Biz çox olacağıq, lap çox, bütöv bir kənd. Sonra biz daha da artıb çoxalacağıq, bütün dünyada olacağıq. Biz heç vaxt ölməyəcəyik, daim yaşayacağıq”.
Gözəl, hətta müqəddəs arzulardır, ancaq zaman bizim arzularımızın öhdəsindən gələ biləcəyimiz vaxtı gözləmir. Zaman arzular qənimi, ömürlərə balta çalan cəlladdır. Zaman ən gözəl duyğuların qatilidir.
Zurikela təhsilini bitirib doğma kəndə qayıdanda nənəsi can üstə olur. Səksən yaşa çatmış qarı nəvəsinin diplomunu alıb oxşayır, əzizləyir, içində yazılanları İllariona oxudur. Sonra vəsiyyətini eləyir, İlikonu, İllarionu Zurikoya amanatlayır: “Bu adamları itirmə, bala, onlar səninlə nəfəs alırlar. Onları həmişə çox istə, sözlərindən çıxma”.
Nəvəsiylə ikilikdə qalanda nənə onu öpüb bağrına basır, ona xeyir-dua verir, onu Allaha, peyğəmbərə, bütün müqəddəslərə tapşırır: “Nənəm çaxırdan bir qurtum içib stəkanı mənə qaytardı. Sonra sakitcə dedi:
– İşığı söndür, çıx…
Dediyinə əməl elədim. Bir neçə dəqiqə sonra yenə nənəmin yanına qayıdanda o artıq keçinmişdi.
Mən əyilib onun əziz, doğma üzünə uzun-uzadı baxdım. Kimsə içəri girib arxamda durdu. Kiminsə hənirini duyur və hiss edirdim ki, bu hənirti həmişə, ömrüm boyu mənim üstümdə olacaq. Geri dönmürdüm, amma bilirdim ki, o, Meridir, mənim qaranlıq otağa nur saçan Merim. Sonra qanrılıb arxaya baxdım. Baxdım ki, o nuru gözlərim görsün, onun aydınlığında İlikomu, İllarionumu, nənəmi görüm…”
Roman bu cümlələrlə başa çatır.
***
Nodar Dumbadze fani dünyada cəmi əlli altı il ömür yaşadı. Dördüncü infarktından sonra əcəl onu apardı. Xalq adını göylərə ucaldan sənətkarın borcundan çıxmaq üçün 1984-cü ilin günəşli bir sentyabr günündə nəhəng bir ordu kimi Tiflisin küçələrinə axışdı. Şahidlərin dediyinə, həm də lentlərin şahidliyinə görə, o gün yazıçını son mənzilə on minlərlə insan yola salıb.
Dumbadze ömrü boyu personajlarının arasında, onlarla nəfəs-nəfəsə, ürək-ürəyə yaşamış xoşbəxt yazıçılardan idi. Yuxuda da, ayıqlıqda da daim onlarla danışar, məsləhətləşər, ölməz ruh bağışladığı qəhrəmanlarının istisinə qızınardı. İnanıram ki, onun o dünyasının sakinləri də elə yaratdığı personajlardır, Nodar Dumbadze bu dünyadan öz əlləriylə yaratdığı həmin o dünyaya köçüb.
Hələ ayağı yerdəykən ölümün qapısı ağzında ikinci dəfə növbəyə duranda fürsətdən yararlanıb öz dünyasına baş çəkmiş, orada gördüyünü sonradan “Kukaraça” povestinin finalında qələmə almışdı: “1979-cu ilin oktyabr ayının 12-də, gecə saat on ikidə, ikinci infarktıma yarımca saat qalmış Kukaraça yuxuma girdi. Qəribədir: yuxumda Kukaraça o vaxtkı kimi iyirmi bir-iyirmi iki yaşındaydı, mənimsə yaşım artıq əllini adlamışdı. Ancaq o yenə əvvəlkitək mənə öyüd-nəsihət verir, yol göstərirdi…”
“Yeni Azərbaycan” qəzeti