Mücərrəd sevginin konkret ünvanı
- 11 Yanvar 2025
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Migel de Unamunonun “Duman” romanı haqqında
Fəxri Uğurlu
Klassik ispan söz sənəti üçün Servantes kimdirsə, iyirminci yüzilliyin ispan ədəbiyyatı üçün də Unamuno həmin fiqurdur. Onu böyük sələfinə çox tel bağlayır, ömrü boyu Don Kixot əhvalıyla yaşayıb, Don Kixot atmosferində nəfəs alıb, təkcə ölkəsini yox, bütün dünyanı başdan-başa donkixotlaşdırmaq arzusuyla qələm çalıb. Unamuno Don Kixotu ispan xalqının Məsihi, İsa peyğəmbərin Servantes ilhamının qüdrəti sayəsində vücuda gəlmiş təcəllası sayırdı. Hesab eləyirdi ki, Don Kixot öz müəllifindən qat-qat real şəxsiyyətdir – bu, bizim istər dünyanın, istərsə də bəşərin obrazlarla idarə olunduğu haqqında daşlaşmış qənaətimizi bir az da möhkəmlədir.
Yazıçının 1905-ci ildə – Servantesin çoxları üçün müqəddəs kitab kimi kanonlaşmış dünya şöhrətli romanının işıq üzü görməsinin üç yüz illiyi münasibətilə nəşr elətdiyi “Don Kixotla Sançonun həyatı” kitabı (onu yəqin ki, roman-interpretasiya da adlandırmaq olar) orijinalını fəsil-fəsil təkrarlasa da, sələfinin getdiyi yolu qarış-qarış izləməyə, kitabı bir ayrı gözlə oxumağa, ona yeni yozumlar, yeni mənalar verməyə imkan yaradır. Daha doğrusu, bu kitab yeni yozumdan, yeni mənadan da çox oturuşmuş yozumun, qəlibləşmiş mənanın yeni təsbiti sayıla bilər.
***
Şair, dramaturq, filosof Migel de Unamuno özündən sonra çoxlu şeir, pyes, traktat qoyub getsə də, bir neçə məşhur romanına görə dünyada daha çox nasir kimi tanınır. Əlbəttə, onun nəsri də fəlsəfidir, romanlarını məhz fəlsəfi dünyagörüşünü ifadə eləmək üçün qələmə alıb.
Ədəbi əcdadı Servantes kimi əqidəli xristian, qatı katolik olsa da, Unamunonun dini-fəlsəfi mövqeyi heç də hər zaman kilsənin rəsmi ehkamlarına uyuşmurdu. Mühafizəkar bask ailəsində tərbiyə almasına, yeniyetmə çağlarında ruhani olmağa meyillənməsinə baxmayaraq Dostoyevski kimi gəncliyində bir müddət solçuluğa, sosializmə həvəs göstərmişdi, Bakuninin, Marksın ardıcılına çevrilmişdi. Təxminən iyirmi il ondan qabaq Dostoyevskinin başına gəlmiş fəlakət onun da qapısını döyəndən – 1897-ci ildə üç yaşlı oğlunu itirəndən sonra (doğrudur, Fyodor Mixayloviçdən fərqli olaraq onun uşağı çoxuydu) otuz üç yaşlı Unamuno dərin sarsıntı keçirdi, sosializm ideyası daha onun yaralı qəlbinə məlhəm sürtə bilmədi.
Yazıçı bu ekzistensial böhrandan orta çağ xristian mistiklərinin, ələlxüsus Müqəddəs Avqustinin, eləcə də Paskal, Kyerkeqor kimi dinə bağlı filosofların sayəsində mistik mütəfəkkir, çağdaş İspaniyanın peyğəmbəritək çıxdı. Bundan sonra kütlələri hərəkətə gətirən qüvvə daha onu özünə çəkmədi, balaca oğlunun faciəsi böyüyüb ondan ötrü kosmik tragediya miqyası aldı. Unamuno ölümsüzlük sorağıyla göylər səltənətinin qapısını döydü, inamla şübhə, diriliklə fanilik, etiqadla idrak arasındakı xəndəyi doldurmağa, varlığın xislətindəki ikiliyi, iküzlülüyü aradan qaldırmağın yollarını axtarmağa başladı.
***
Migel de Unamunonun bədii yaradıcılığından söz açılanda ilk yada düşən əsər “Duman” romanıdır. Ənənəvi nəsrin kanonlarını pozan, on doqquzuncu əsrin realistik, naturalistik ədəbi tendensiyalarına qarşı çıxan bu roman yazıçının şah əsəri sayılır. “Duman”da təbiət təsvirinə, tipajların zahiri görkəminə, obrazların daxili çəkişməsinə, eləcə də psixoloji nəsrin başqa atributlarına rast gəlinmir. Xarakterlər ya dialoqlarda, ya da daxili monoloqlarda açılır. Əslində, monoloqlar da dialoji bazada qurulub, çölə, başqasına ünvanlanıb; məsələn, qəhrəmanın itiylə söhbətlərini eyni vaxtda həm özü, həm də başqasıyla mükalimə, həm monoloq, həm də dialoq kimi qəbul eləmək olar. İstər bu, istərsə də bir sıra başqa cəhətlərinə görə Unamunonun 1915-ci ildə işıq üzünə çıxarılmış romanı Avropa modernizminin qaranquşlarından sayılır.
Əsər bir proloq, bir postproloq, otuz üç fəsil, bir də epiloqdan ibarətdir. Ancaq bununla da bitmir, lap sonda kitaba əlavə də var ki, burada müəllifin öz qəhrəmanıyla müsahibəsi yer alıb. Romanın orijinallığı təkcə bunda deyil: proloq əsərdəki aparıcı personajlardan biri, baş qəhrəman Auqusto Peresin dostu Viktor Qotinin dilindən qələmə alınıb. İkinci proloqda, yəni postproloqda isə danışan müəllif özüdür. Bəri başdan deyim ki, əsərdəki Migel de Unamuno, Auqusto Peres, Viktor Qoti üçlüyü mənə xristianlığın ən vacib üç üqnum prinsipini – Ata, Oğul, Müqəddəs Ruh vəhdətini xatırladır. Tanrı rolunu burada müəllif özü, Oğul rolunu Auqusto, Müqəddəs Ruh rolunu isə yazıçının daha bir alter-eqosu, yeni roman yaratmağa iddialı görünən, oxuduğumuz əsərin faktiki həmmüəllifi Viktor oynayır.
***
Varlı gənc zadəgan Auqusto Peres evindən çıxanda ovcunu göyə açıb yağış yağıb-yağmadığını yoxlayır. Oğlanı yağış yox, çətiri açmaq üçün qatlanacağı əziyyət narahat eləyir. Ona elə gəlir ki, yığılmış çətir gözəl, açıq çətirsə eybəcər görünür. Öz-özünə deyir: “Nə yazıq ki, biz əşyalardan istifadə eləməyə məcburuq. İstifadə olunmaq gözəlliyi korlayır, puça çıxarır. Hər bir şeyin ən ali təyinatı – seyr obyekti olmaqdır. Hələ qabığı soyulmamış, yeyilməmiş apelsin necə də gözəldir! Dəyişiklik yalnız göydə baş verəcək, o zaman ki, bizim işimiz yalnız Tanrının, bir də onda güzgülənən dünyanın tamaşasına durmaq olacaq. Burada, fani dünyada biz ancaq Allahdan fayda götürmək barədə düşünürük, onu çətir kimi başımızın üstündə saxlayırıq ki, bizi hər cür xata-bəladan qorusun”. Göründüyü kimi, əsərin baş qəhrəmanı əqidəli platonikdir.
Auqusto sağamı, solamı getmək istədiyini bilmir. Bu gənc indiyə qədər dumanlıqda əlhavasına yaşayıb, təsadüflərin yedəyində sürünüb. Onun düşüncəsinə görə, zərurət də uc-uca calanmış təsadüflərə insanların qoyduğu qondarma addır. Auqusto gözləyir ki, yoluna bir it çıxsın – o it hankı səmtə getsə, oğlan da o yönə üz tutacaq. Bu zaman küçədən it yox, şıq geyinmiş bir qız keçir. Auqusto həmin qızın ardınca gedir. Öyrənir ki, bu yetim qız fortepiano müəlliməsi, adı-soyadı da Euxeniya Dominqodur. Onu balası kimi əzizləyən sonsuz bibisi, bir də bibisinin əriylə bir evdə yaşayır, kişilərin nəzəri üstündən əskik olmur. Onun sevib-seçdiyi don Maurisio – cavan arvadbaz işdən qaçaq avaradır.
Hüquq təhsili almış Auqustonun atası çoxdan, anası iki il əvvəl ölüb. Qadın oğluna çox bağlıymış, balasını üfürə-üfürə saxlayar, hər axşam onu öpə-öpə yatızdırar, gecələr ana-bala eyni yuxunu görərmiş. Oğlana elə gəlir bu həyat da insanların bir vaxtda, birlikdə gördüyü şərikli yuxudur. Auqusto sevinir ki, artıq gözləməyə kimsəsi, getməyə səmti var; başqa sözlə, o, təsadüf küləklərinin axınına ilişə-ilişə sağa-sola çovumaqdan qurtulub, hamar zərurət cığırının ağına düşüb. İndi onun qarşısında aydın məqsəd, məram durur. Qatı duman seyrəlir.
***
Auqusto Euxeniyanın yaşadığı evin ətrafında hərləndiyi vaxt bir bülbülün qəfəsi qarışıq yerə düşdüyünü görür. Onu götürüb yiyəsinə qaytaranda məlum olur ki, qəfəsdəki bülbül Euxeniyanın bibisinin saxladığı quşdur. Beləcə, oğlan qızın qohumlarıyla tanış olur. Bibi Auqustonun mərhum anası donya Soledadı tanıyır, evlərinin başına dolanan varlı-hallı oğlanın niyyətini biləndə çox sevinir.
Bibinin əri don Fermin qəribə adamlar silsiləsindəndir. Kişi nəzəri baxımdan anarxistdir, ancaq öz nəzəriyyəsini həyata keçirməyə çalışmır. Onun anarxizmi mənəvi xarakterlidir, ümumiyyətlə, don Ferminin hər bir məsələyə fərqli baxışı var. O, esperanto dilini öyrənib, dünyada bütün insanların bir dildə danışmasını arzulayır. Arvadı onun ideallarına istehzayla yanaşır. Auqustonun sualına cavabında donya Ermelinda deyir ki, hamının eyni dildə danışmasına o da canla-başla razıdır, bir şərtlə ki, bu dil ispan dili ola. Bibinin sözlərinə görə, Euxeniyanın atası, yəni onun qardaşı uğursuz birja əməliyyatının güdazına gedib, özünə qəsd eləyib. Onlarla birgə yaşayan qardaşı qızının ata evi girovluqdadır, Euxeniya dolanışığını musiqi dərsləri verməkdən çıxarır.
Arvadından fərqli olaraq don Fermin Auqustonu qohumuyla evlənməkdən çəkindirməyə çalışır. Euxeniya evə qayıdanda bibisi onu müjdələyir, ancaq qız üçün bu, yenilik deyil, ondan əvvəl Euxeniya Auqustodan məktub almışdı, oğlanın niyyətindən xəbərdar idi. Çəkdiyi əziyyətə, düçar olduğu yoxsulluğa baxmayaraq qız qürurunu ayağa vermir, don Auqustonun namizədliyini geri itələyir. Bibi onun qərarından çox narazı qalır, Euxeniyaya məsləhət bilir ki, son sözünü deməyə tələsməsin, çox güman, oğlanı görəndə fikrini dəyişəcək. Don Fermin də deyir ki, Allahın işini bilmək olmaz. Donya Ermelinda onun sözünü kəsir: sənin allahın anarxizmlə necə yola gedir, əgər dünyanı heç kəs idarə eləməli deyilsə, onda Allah nəyə lazımdır? Don Fermin cavab verir ki, Allahın idarəçiliyi insanlarınkına bənzəməz, Allah özü də anarxistdir. Bunun ardınca Euxeniya bibisinə deyir ki, o da don Fermin kimi azadlıq tərəfdarıdır, ona görə də əziyyətlə yaşamağı könülsüz yaşamaqdan üstün tutur.
***
Ertəsi gün Maurisio tində Euxeniyanın qabağını kəsir. Qız ona deyir musiqidən iyrənib, dərs deməyə candərdi gedir, əgər Maurisio tezliklə özünə iş tapmasa, onların birgəliyi baş tutmayacaq. Oğlanın qırımından görünür ki, bekarçılıq onu əsla narahat eləmir, iş tapa bilməməsi ondan ötrü sadəcə bəhanədir. Əlacsız qalan qız son vasitəyə əl atır: eybi yox, evlənək, hələlik mənim qazancımla keçinərik. Bu təklif Maurisionun guya qüruruna toxunur, arvad hesabına yaşamaq onluq deyil.
Onlara növbəti gedişində bibisi Euxeniyanı Auqusto ilə tanış eləyir. Qız oğlana soyuq, rəsmi münasibət göstərir, onunla həm birbaşa, həm də səmimi danışır, musiqidən zəhləsi getdiyini gizlətmir. Bir sözlə, Euxeniya hər fürsətdə hər vasitəylə Auqustonu özündən uzaqlaşdırmağa, soyutmağa, çiyrindirməyə çalışır. Donya Ermelinda qardaşı qızına don Auqustonun onun borclarını ödəmək istədiyini söyləyəndə Euxeniya bunu özünə təhqir sayır, oğlanın niyyətini onu satın almaq cəhdi kimi qiymətləndirir. Euxeniyanın hünərinə heyran qalan don Fermin “Budur dürüstlük, budur azadlıq! Budur gələcəyin qadını! Belə qadını gərək güclə ələ alasan, dostum Peres, güclə!” deyə vəcdə gəlir. Auqustoya da qızın jesti, qüruru, zabitəsi son dərəcə xoş təsir bağışlayır.
***
Səhəri gün Auqusto dostu Viktoru görmək üçün kazinoya gedir. Yol boyu öz-özünə danışır: “İndi mənim məqsədim var, həyatda öz səmtim var: ya bu qızı fəth eləmək, ya da imkan vermək ki, o məni zəbt eləsin. İkisi də bir şeydir. Sevgidə fərqi yoxdur, sən yendin, ya səni yendilər…” Auqusto yol uzunu gördüyü qadınların, qızların hamısına bir anda aşiq olur. Müdrik Viktor ona düşdüyü vəziyyəti, keçirdiyi halları belə izah eləyir:
“ – Əzizim Auqusto, indiyəcən məhəbbət çeşməsi sənin qəlbinin dərinliyində mışıl-mışıl yatırdı, çünki axmağa bir ünvan tapmırdı. Euxeniyanın həyatına gəlişi səni silkələdi, o çeşməni çalxalayıb yuxudan oyatdı. Çeşmə daşıb hər yana tökülməyə başladı. Sənin kimisi bir qızı ürəkdən sevəndə onun timsalında bütün qadınlara aşiq olur.
– Mənsə elə bilirdim tərsinə olur, adam birini sevəndə gözü hər yerdən yığılır, bütün diqqəti bir nəfərin üstündə cəmlənir, qalanlar ona maraqsız gəlir…
– Yaxşı, görüm səni başa sala bilərəmmi. Sən özündən xəbərsiz qadına vurulmusan. Ancaq hansısa konkret qadına yox, ümumiyyətlə qadına, mücərrəd qadına. Euxeniyanı görəndə mücərrəd dönüb konkret oldu, ümumiyyətlə qadın dönüb oldu gördüyün bu qadın. Sən ona aşiq oldun, indi də Euxeniyanı unutmadan öz sevgini güzarına çıxan hər qadına köçürürsən. Sən çoxluğu sevirsən, cinsi sevirsən. Beləcə, sən mücərrəddən konkretə, konkretdən isə ümumən zənən cinsinə; ümumiyyətlə qadından bir qadına, o bir qadından isə bütün qadınlara keçmisən.
– Bu ki metafizikadır!
– Kim deyir məhəbbət metafizika deyil?.. Sənin sevgin başdan gəlir, sən özün də təmiz ideya, düşünülmüş varlıqsan”.
***
Bu söhbətin məzmunundan göründüyü kimi, Auqusto Peres sələfləri Don Kixot, Knyaz Mışkin sayağı saf ruhdur, abstrakt varlıqdır. Ruhun sevgisi konkret ola bilməz, mücərrəd olmalıdır. Gerçək sevgi ilahi duyğudur, onun konkret ünvanı olsaydı, ədaləti olmazdı.
Bu başqa məsələ ki, mücərrəd total duyğu, abstrakt hiss konkret ünvana hədəflənə, konkret canlıya, o cümlədən insana tətbiq oluna bilər. Fərz eləyək ki, bir demokrat siyasətçi bütün dünyada demokratiyanın bərqərar olunmasını arzulayır, ancaq onun bu diləyini cəmi yer üzündə həyata keçirmək imkanı yoxdur. Onda bu alovlu demokrat ideal saydığı quruluşu yaşadığı ölkədə, bölgədə, lap elə şəhərdə, kənddə tətbiq eləməyə çalışır. Fəqət bu, o demək deyil ki, onun ideyası lokal, məhəlli xarakter daşıyır; ideya, əlbəttə, universaldır, abstraktdır, sadəcə, onun tətbiqi lokal miqyasda, konkret məkanda həyata keçirilir. Auqustonun da sevgisi beləcə ünvansız, miqyassız, beləcə mücərrəddir, əgər o sevginin hədəfinə Euxeniya yox, bir başqa qız tuş gəlsəydi, yenə həmən-həmən olacaqdı.
Bethoven ən gözəl əsərlərini qulağı çöldən bir not, təbiətdən bir cınqırtı belə ala bilməyəndə, içindəki həmin o mücərrəd səsin, abstrakt ruhun diktəsiylə yazmışdı. Xəlifə Leylidə Məcnunun gördüyü gözəlliyi tapmamışdı, çünki o gözəlliyə mücərrəd ruhun gözüylə baxa bilməmişdi. Sufilərin dediyi kimi, mərifət mücərrəd, sonsuz ümmandır, hər kəs ondan qabının tutduğu qədər götürür. Səməd Vurğunu sevdiyi qız şair eləmişdisə, nədən o qızın əri də şair olmamışdı? “Özün öz yolunsan” (Ramiz Rövşən) deyiminin altında yatan fəlsəfə də budur. Determinizm, səbəb-nəticə qanunları mənəvi müstəvidə keçərli deyil, səbəb də, nəticə də ruhun özündən doğur. Ruh azaddır, hansısa kənar təkanla hərəkətə gəlmir, özü özünü tərpədir, özü özünə təkan verir. Quran nə deyir – əgər Allah istəməsə, sən bunu istəyə bilməzsən; yəni əgər ruhunla, ruhdan yola çıxmasan, sənə heç nə kömək olmaz, ilahi həqiqəti fəhm eləyə bilməzsən.
Lokal, məhəlli həqiqət ola bilməz, həqiqət həmişə universaldır. Qloballıq, universallıq həqiqətin xislətidir. Haqq özü cahana sığmaz, konkret ünvanda haqqın yalnız təcəllası məskunlaşar…
***
Don Auqusto Peres qadın psixologiyasını dərindən öyrənmək üçün bu sahədə araşdırmalar aparan, elmi iş yazan Paparriqopulos soyadlı bir eruditlə görüşür. Xasiyyəti, fikirləri də soyadı kimi parodik olan bu erudit söhbət əsnasında on yeddinci əsrin az tanınan holland müəllifinə istinadla Auqustoya hər kəsdən qoruduğu sirrini açır: əgər hər bir kişiyə ayrıca ruh verilibsə, qadınların hamı üçün ümumi bir tək kollektiv ruhu var. Onlar arasındakı gözlə görünən fərqlər yalnız irqi, bioloji, antropoloji, bir sözlə, cismani xüsusiyyətlərin doğurduğu fərqlərdir.
Qadınlar bir-birinə kişilərin öz həmcinslərinə bənzədiyindən qat-qat artıq oxşayırlar. Bu da ondan irəli gəlir ki, onlar hamısı bir adamdır. Holland qadınşünasın fikrincə, qadında fərdilik kişidən çoxdur, əvəzində şəxsiyyət kişidəkindən azdır; hər qadın özünü istənilən kişidən qat-qat artıq individual sayır, ancaq məzmunu kasaddır. Qadınlar arasında müqayisə aparmağa lüzum yoxdur, onların ya birini öyrəndin, ya minini – təfavüt eləməz. Hansı kişi bir qadını yaxşıca tanıyırsa, demək, ümumən Qadına bələddir. Bir qadına mükəmməl bələd olmaq min qadını alayarımçıq tanımaqdan üstündür.
Auqusto suallarına cavab alandan sonra dərin fikrə dalıb deyir: “İndi anlayıram ki, niyə bir qadına vurular-vurulmaz mənə elə gəldi bütün qadınlara aşiq olmuşam”. Holland qadınşünasın dediyinə inansa, gənc aşiqin Euxeniyanı, ya Rosarionu seçməyinin heç bir təfavütü yoxdur, cildləri fərqli olsa da, bu qızların içi birdir.
Bu məqamda mənim yadıma Migel de Unamunonun da çox yüksək dəyər verdiyi Danimarka filosofu, fəlsəfədə ekzistensializm cərəyanının banisi sayılan Sören Kyerkeqorun (don Migel onun əsərlərini orijinaldan oxumaq üçün sevimli filosofunun yazdığı dili də öyrənmişdi) bir nəzəri postulatı düşür: böyük filosof deyirdi ki, təbiətdəki canlılar arasında individuallıq yoxdur, təbiətdə əsas tutulan növdür; yəni təbiət üçün ayrı-ayrı fərdlərin yox, bütövlükdə növün yaşaması vacibdir. Başqa sözlə, qarışqaların, sərçələrin, maralların, ayıların ayrı-ayrılıqda yox, bir kollektiv ruhu var, ona görə də heç bir qarışqa, sərçə, maral, ya ayı ayrıca fərd sayılmır. İnsan isə fərqlidir, individuallıq insanın başlıca xüsusiyyəti, toxunulmaz mülkiyyəti, müqəddəs sərvətidir.
Doğrudur, Kyerkeqor qadının insandan fərqli olduğunu söyləməmişdi…
***
Auqusto Euxeniyanın ata mülkünü girovluqdan çıxarandan sonra qız onun hədiyyəsini, daha doğrusu, qurbanını qəbul eləmir, onunla əlaqəni biryolluq kəsməyə qərar verir. Oğlan qızın qərarına hörmətlə yanaşır, onu unutmaq üçün uzaq səfərə çıxmağa hazırlaşır. Əslində, Euxeniyada qeyri-adi heç nə yoxdur, eynən Don Kixotun Dulsineyası kimi onu da mələyə çevirən Auqustonun ona ilahi münasibəti, onu Tanrı eşqiylə sevməsidir.
Çamaşırxanada işləyən zəhmətkeş, məsum Rosario mərhum donya Soledadın arzusuna daha uyğun gəlin ola bilər, ancaq sələfi knyaz Mışkin kimi don Auqusto da işin düzələninə yox, qəlizinə gedir. Knyaz Mışkin üzü üzlər görmüş əzabkeş, isterik Nastasya Filippovna ilə məsum, məğrur general qızı Aqlaya Yepançinanın arasında qalanda birincini seçdiyi kimi, don Auqusto da dinclik, rahatlıq mələyi Rosarionu qırağa qoyub isterik, travmatik Euxeniyanın ətəyindən yapışır.
Əslində, Mışkin kimi Auqusto da real insandan daha çox obrazdır, konstruktdur, sələfitək o da evlənmək, arvad-uşaq becərmək üçün yararsızdır, onların nişanı da, nikahı da rəmzi xarakter daşıyır. Nastasya Filippovna gəlinlik paltarında iblis Roqojinə necə qoşulub qaçmışdısa, Euxeniya da Auqusto ilə toyu ərəfəsində az qala gərdəkdən qaçıb Maurisionun yedəyində uzaqlara vasil olur.
***
Bu iki infernal qadın hər iki cənnət sakininin ilahi dəftərxanada qeydə aldırdığı nikahı pozur, mazoxistik bir şövqlə öz fəlakətinə doğru yüyürə-yüyürə, sevinə-sevinə gedir. Nastasya Filippovnanın aqibəti bəllidir, əminəm ki, Euxeniyanın da sonu ondan yaxşı gəlməyəcək. Buna qədər biz onu da, seçdiyi oğlanı da yaxşıca tanımağa imkan tapmışıq. Məğrur Euxeniya sonda Auqustodan nə ala bilərdisə, hamısını alır, hələ ona gələcək birgəlikləri üçün neçə-neçə şərt də qoyur; şərtlərdən biri budur ki, Auqustonun sevimli iti, könül həmdəmi Orfey toydan sonra onlarla bir evdə yaşamayacaq. Ondan ötrü nə qədər ağır şərt, şərtdən çox cəza olsa da, Auqusto bunu da qəbul eləyir.
Maurisio Euxeniyanın ərə getməyinə həvəslə razılaşır, çünki bundan sonra əli-qolu açılacaq, üstəlik, onun Euxeniyanın məşuqu roluna götürülməyə də ümidi var. Fəqət məğrur Euxeniya ayrı plan cızıb: sevgililər birləşib sadədil Auqustonu inandırırlar ki, Maurisioya uzaq bir şəhərdə iş tapsa, oğlan Rosarionu da götürüb buralardan aralanacaq – həm gənc ər-arvadın qulağı dinc olacaq, həm də iki nakam sevgili birlikdə kama çatacaq, bir-birindən təsəlli alacaq, beləliklə hamı bu işdən zərərsiz çıxacaq.
Aydın məsələdir ki, riyakar Euxeniyanın amansız davranışı çox keçmədən öz başında çatlayacaq, ancaq Dostoyevskidən fərqli olaraq Unamuno sinirlərindən qan daman zədəli qadın qəhrəmanının faciəli aqibətini görməyə imkan vermir.
***
Aldadılmış, alçaldılmış, quru yurdda qalmış Auqustonun qəlbində cövlan eləyən fırtına yatandan sonra qəhrəman özünü öldürmək fikrinə düşür. Dostu Viktor Qoti də ona bu çıxış yolunu məsləhət görür.
Tərəddüd keçirən qəhrəman Salamankaya – əsərin müəllifi Migel de Unamunonun hüzuruna yollanır. Müəllif personajı başa salır ki, o heç vəchlə özünə qəsd eləyə bilməz, çünki o nə canlı, nə də ölüdür, gerçək həyatda yoxdur, bu səbəbdən taleyinə sərəncam verməsi də mümkün deyil. Auqusto yalnız ona öz ruhundan nəfəs üfürən Müəllifin xəyalında, yuxusunda canlıdır, ondan kənarda bu adda, bu nişanda adam yoxdur. Doğrudan da, ölümsüz ruh, əbədi ideya öz varlığına necə son qoya bilər? Onu meydandan yalnız ideya sahibi özü götürə bilər.
Əsərin bir fəslində müəllif öz dilindən iki aparıcı personajı – Viktorla Auqusto haqqında deyir: “Bu yazıqlar anlamırlar ki, çalışdıqları vur-tut mənim onların başına gətirdiklərimə bəraət qazandırmaqdır! İnsan özünə bəraət axtaranda əslində ancaq Allaha bəraət vermiş olur. Bu zavallı kitab məxluqlarının da allahı mənəm”.
Migel de Unamunodan öz həqiqiliyinə, müstəqilliyinə rüsxət ala bilməyən Auqusto Müəllifə qarşı qiyama qalxır, bu despotizminə görə onu öldürmək istədiyini gizlətmir. Deyir ki, don Migel, bəlkə gerçək dünyada yaşamayan, nə diri, nə ölü olan uydurma qəhrəman mən yox, elə siz özünüzsünüz? Bəlkə siz mənim qəziyyəmin dünyaya car çəkilməsi üçün vur-tut bir vasitəsiniz? Axı özünüz dönə-dönə vurğulamısınız ki, Don Kixot da, Sanço Pansa da Servantesdən qat-qat real varlıqlardır?..
***
Bu minvalla müəlliflə qəhrəman arasında fəlsəfi-estetik zəmində uzun bir polemika açılır. Bayaqdan özünü öldürmək haqqında düşünən personaj indi müəllifdən yaşamaq üçün möhlət istəyir, ancaq don Migel buna qəti etiraz eləyir, qəhrəmanını inandırmağa çalışır ki, artıq onun yazğısı yazılıb, roman bitib, ox yaydan çıxıb. Allah da gerçək həyatda insana vəzifə tapmayanda onu öldürüb sıradan çıxarır. Yazıya pozu yoxdur, don Auqusto Peres öləcək, özü də müəllifin sərəncamıyla.
İndiyəcən onun azad, sərbəst gəzib-dolaşması, sürpriz dolu təsadüflərlə çilik-ağac oynaması, fani dünyada özünə beş günlük xoşbəxt həyat kirələməyə çalışması – hamısı aldatmaca, hamısı illüziya imiş. Onun taleyi zəhmli Müəllifin iki qüdrət barmağı arasındaymış – o barmağın biri həyat, o biri ölüm adlanır.
Auqusto əli ətəyindən uzun evə qayıdır. Özünə bol süfrə açdırır, bəyəndiyi nemətlərdən o ki var yeyir. Deyirlər, ölümə məhkum dustağın da edam qabağı iştahı belə açılır – görünür, bu da orqanizmin özünü qorumaq, yaşatmaq üçün şüursuz, ümidsiz bir cəhdidir.
Axşam Auqusto canını tapşırır. Həkim onun ürəyindən, nökər çox yediyinə görə mədəsindən, qulluqçu isə son vaxtlar hətərən-pətərən danışdığına görə başından öldüyünü güman eləyir. Heç kimin ağlına gəlmir ki, onu öldürən öldürüb. Müəllif göstərir ki, hər bir varlıq yalnız onu yaradanın, hər məxluq da xaliqinin fikrində, xəyalında, yuxusunda yaşayır. Orada doğulur, oradan vücuda gəlir, sonda oraya da qayıdır.
***
Roman boyu ana süjetə qoşulu xeyli köməkçi xətt də var. Bu yardımçı hekayələrin hər birində əsərin başlıca ideyasına bağlı bir əhvalat danışılır, həmin əhvalat süjet baxımından olmasa da, mövzu, məzmun baxımından romanın kontekstinə oturdulur.
Epiloq don Auqustonun sadiq köpəyi, adına xüsusi məna yüklənmiş Orfeyin dilindən təqdim olunur: “Yazıq sahibim! İndən belə onun halı necə olacaq? Hara getdi onun danışan dili, arzularla çırpınan qəlbi? Ola bilsin, göylərə çəkilməkdədir – göyün ən uca, ən təmiz qatına, insanların Əflatuni-ilahi adlandırdığı kişinin dediyi o yüksək mərtəbəyə, o yerə ki, orada hər şey bütün rənglərin əsli-köküylə boyanıb. O, başı dünyanın çətirinə dəyənə qədər ucalacaq, o qata qədər ki, bütün qiymətli daşlar, bütün zinətlər dünyaya oradan yağır, günahlardan arınmış bütün saf, məsum insanlar orada məskən salıb, onlar orada hava içir, efirlə nəfəs alırlar. Müqəddəslərə xidmət göstərmiş təmiz ruhlu itlər də o qatda məskunlaşıb…”
Özünə Tanrı bildiyi yiyəsinin öldüyünü görəndə Orfeyin it ruhunu qatı qara duman basır, az keçmiş nökərlə qulluqçunun gözü qarşısında o da it canını ideyalar aləminə tapşırır. Orfey bizi inandırır ki, Platonun cənnətinə düşən ruhlar efirin saf məcunuyla yuyulub təmizlənir, sonda hamı kökünə, orijinalına, mahiyyətinə qovuşur. Xaos dumanı ayazıyır, həyat aydınlığa çıxır, var olan varlıq, cümlə məxluqat əslinə qayıdır.
“Yeni Azərbaycan” qəzeti