Şərab şüşəsində saxlanan zaman
- 27 Dekabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Rey Bredberinin “Zəncirotu çaxırı” romanı haqqında
Fəxri Uğurlu
Onu fantast yazıçı adlandırırlar, ancaq ona qalsa, gərək Füzuli də fantast şair sayıla. Bredberinin fantaziyası elmi yox, bədii fantaziyadır, onun fantastik çevrilmələri poetik təxəyyülün uçurduğu xəyallar, qanadı çıxmış obrazlardır, onun reallığı aşan gedişləri şairanə təşbehlər, gerçəkliyin çərçivəsini qırıb ədəbi şərtilik müstəvisində at oynadan fantasmaqoriyalardır.
Yazıçının gələcəyə dartınan xəyalları arasında çin çıxanı da var, çıxmayanı da. İnsafən o özü də elmiliyə çox meyilli, iddialı deyildi, texnikadan qaçırdı, gəncliyində gözünün qabağında baş vermiş ağır avtomobil qəzasından sarsıldığına görə uzun ömrü boyu bir dəfə də sükan arxasına keçməmişdi, təyyarəyə yalnız altmış iki yaşında minmişdi. Nə olsun ki, Marsda həyat tapılmadı, onun “Mars xronikaları” silsiləsi bu gün də maraqla oxunur, çünki orada çılpaq planetdən yox, min rəngli insan sifətindən, min sifətli insan xislətindən danışılır. Bizim planetimiz də, başqa planetlər də bu insandan ötrü yalnız fondur.
Bizdə çoxu onu antiutopiya janrında yazılmış “Farengeyt üzrə 451 dərəcə” (yeri gəlmişkən, bu əsərdəki elmi təsbitində də yazıçı yanlışa yol verib) romanına görə tanıyır. Uzun sürmüş yaradıcılığı boyunca adını çəkdiklərimdən başqa daha bir neçə roman, onlarla pyes, yüzlərlə hekayə yazmış olsa da, Rey Bredberi ədəbiyyat aləmində ilk növbədə avtobioqrafik detallarla zəngin “Zəncirotu çaxırı” romanına görə tanınır. Bəri başdan deyim ki, mən bizim torpaqların da bol-bol bəsləyib ətə-qana doldurduğu bu bitkidən alınma şərabı görməmişəm, ümumiyyətlə, zəncirotudan şərab çəkilib-çəkilmədiyini bilmirəm (deyilənə görə, belə bir şərab növü var), ancaq bunu bilirəm ki, ölkəmizin bəzi bölgələrində cürbəcür bitkilərdən, məsələn, nanədən, pişpişədən çəkilən cövhərə “nanə arağı”, “pişpişə arağı” deyirlər, ola bilsin, zəncirotunun adına qoşulmuş “çaxır” sözü də bu sayaq rəmzi məna daşıyır, bitkidən çəkilən cövhəri ifadə eləmək üçün işlənir.
***
Romanın kompozisiyası olduqca sadədir; əsərdə 1928-ci ilin yay tətili boyunca baş vermiş hadisələr xronoloji ardıcıllıqla nəql olunur, oxucunun gözü qarşısında cürbəcür təbiət mənzərələri, həyat hekayələri, insan xarakterləri canlanır. Bu hekayələr süjet baxımından bir-birindən, demək olar, asılı deyil, hər biri müstəqil oxuna bilər. Ayrı-ayrı hekayələri bir sapa düzən isə bu hekayələrdə baş verənlərə əsasən eyni bucaqdan – müəllifin alter-eqosu on iki yaşlı Duqlas Spoldinqin (Duqlas yazıçının ikinci adı, Spoldinq nənəsinin soyadı idi) gözüylə baxılmasıdır. Meterlinkin “Göy quş”u, Ekzüperinin “Balaca şahzadə”si kimi Bredberinin romanı da uşaqlardan danışmağına baxmayaraq uşaq ədəbiyyatı sayıla bilməz.
1928-ci ilin ilk yay səhərini bu məktəbli oğlan babasının İllinoys ştatının iyirmi altı min nəfərdən çox sakini olan Qrintaun şəhərciyindəki yaraşıqlı evinin üst mərtəbəsində açır. Uşaq vaxtı hər tətildə kəndə qaçan baba-nənə uşağı kimi mən gözlərini belə bir səhərə açmağın nə qədər böyük xoşbəxtlik olduğunu yaxşı bilirəm. Pəncərədən eşiyə boylanan Duqlas əllərini sehirbaz kimi havada oynadır, guya dan yeri onun hökmüylə ağarır, şəhər əhli onun göstərişiylə yuxudan oyanıb yeni günə başlayır.
O səhər Duqlas atası, bir də on yaşlı kiçik qardaşı Tomla birgə meşəyə cır üzüm yığmağa gedir. Orada oğlanı gur həyat axınının şirin dalğası vurur, damarda qanının necə oynadığını, əzələlərinin necə gərildiyini ləzzətlə hiss eləyən Duqlas evə sərxoş kimi qayıdır. Uşaq ilk dəfə öz varlığına sevinir, sağ olduğunu, diri olduğunu ilk dəfə təsbit eləyir, bu təsbitini dönə-dönə təkrarlayır. İlıq yayın kəramətiylə on iki yaşlı oğlanın cismi oyanır, qırışığı açılır, o, həyatın dadını duymağa başlayır.
***
Tezliklə zəncirotu çiçək açır, göy çəmənlər qızılı rəngə boyanır. Uşaqlar bu çiçəkləri toplayıb babalarına daşıyırlar, baba hər torbaya görə onlara on sent mükafat verir. Sonra kişi zirzəmidəki xüsusi qurğuyla zəncirotunun canını gövdəsindən ayırır, çiçəyin cövhərini çıxarır. Zəncirotu çaxırı – axan zamanın içində əllə tutulan, tora salınan, şüşələrə doldurulub ağzı bərk-bərk tıxanan yaydır. Uşaqlar hər gün çəməndən zəncirotu yığırlar, baba da hər günün çiçəyindən şərab çəkib ayrıca şüşəyə doldurur, üstünə tarixini yazır. Beləcə, onlar ilıq yay günlərini bir-bir tutub şüşəyə salırlar, ələ gəlməyən zamanı maddiləşdirib görünən, qoxuyan, dadan bir hala gətirirlər.
Bu şərabın canında ucqar dağ göllərinin saf damlaları, məxmər çəmənliklərin dumduru şehi, buludları qovan yellərin təmiz nəfəsi, göydən yerə şığıyan şimşəklərin bakirə enerjisi, isti yay günəşinin kəhrəba şirəsi, oyanmış torpağın yuxulu yaddaşı var. Qışda bu şüşələrin ağzı açıldıqca qarla-buzla örtünmüş yerin üstünə, zəhmli qara buludların altına təptəzə yay doğacaq – qar əriyəcək, altından yaşıl otlar boy göstərəcək, göyün üzü açılacaq, ağaclar, yarpaqlar, çiçəklər, kəpənəklər gün üzünə çıxacaq. Ötən yayın parlaq cövhəri qədəhlərə süzüləcək, soyuqdan xəstə düşənlər bu möcüzəli iksirdən – isti yaydan qurtumladıqca şəfa tapacaqlar, sözün gerçək mənasında yayın dadını çıxaracaq, şirəsini çəkəcəklər.
Göründüyü kimi, Rey Bredberi zəncirotu şərabını panteistik metamorfozların simvoluna çevirib, ana təbiətin bəsləyib boya-başa çatdırdığı min ünsürü bir qaba yığıb. Belə çıxır ki, o qablarda sayrışan bir tək zəncirotunun yox, cəmi təbiətin cövhəridir.
***
Çiçək yığmağa gedəndə Duqlas Con Haf, Çarli Vudmen adlı tay-tuşlarıyla rastlaşır. “Yay uşaqları” əvvəl şəhərdə, sonra da şəhər kənarında gəzintiyə çıxırlar, sivilizasiyanı təbiətdən ayıran sirli-sehirli dərə onları özünə çəkir. Bura şəhərlə meşənin, mədəni aləmlə vəhşi aləmin sərhədidir, burada insanla təbiət daimi müharibə vəziyyətindədir. Bilmək olmur, təbiət sərhədi pozub sivilizasiyanın içərilərinə doğru kök atır, yoxsa insan təbiətin ərazisinə soxulub onu qarış-qarış zəbt eləyir.
Yayın ikinci günü Duqlasın qarşısında daha bir məsələ durur: yeni tennis ayaqqabıları almaq. Keçənilki ayaqqabılar artıq heydən düşüb, tənbəlləşib, öz sehrini itirib, balaca qəhrəmanın qanadlı xəyallarıyla ayaqlaşmaq hünərində deyil. Yeni tennis başmaqlarısa Duqlasın təbiətlə vəhdətini bərpa eləyir, maral dərisinin qaxacımış əzələləri oyanıb-dingildəyib onun yerişinə təkan verir, gücünə güc qatır. Uşağın ana torpaqla birbaşa təması yaranır. Həmin gün Duqlas özünə bir bloknot da alıb gündəlik tutmağa başlayır, zamanı bir də bu yolla əlində-ovcunda saxlamağa çalışır.
Üçüncü gün baba nəvələrindən ötrü yelləncək asır, yayı bir az da dadlandırır. Nəvələriylə birgə tütün dükanının yanından keçəndə o, bura yığışmış kişilərə deyir ki, qorxunc silahların dağıdıcı gücündən danışmaqdansa xoşbəxtlik maşını icad eləmək barədə düşünün. Bu təklif şəhərin zərgəri Leo Aufmanın ağlına batır.
Bu arada Tom da özünə görə kəşf eləyir. Bir axşam Duqlas evə qayıtmayanda anası onu da götürüb böyük oğlunu soraqlamağa gedir. Neçə vaxtdır adamlar arasında şayiə gəzir ki, meşəni şəhərdən ayıran dərəyə insan qanına yerikləyən manyak dadanıb, tez-tez şəhərə adam ovuna çıxır. Onu yanına salıb toranlıqda övladını dörd gözlə axtaran həyəcanlı anasının necə uçunduğunu, onun barmaqlarını sıxan əlin necə titrədiyini duyan Tom anlayır ki, insan dünyada təkdir, hər kəsin qisməti budur, ölümsə doğma adamın getdiyi yerdən qayıtmamasıdır. Uşağı qaramat basmaqdaykən o, qaranlıqdan qardaşının səsini eşidir, elə bu vaxt zülmət xofu qara duman kimi dağılır.
Baba ot çalan dəryazın səsi altında yuxuya getməyi xoşlayır. Günün birində Spoldinqlərin həyətini ara-sıra biçən gənc jurnalist Bill Forester özüylə yeni ot toxumu gətirir – bu toxumdan cücərən ot bir az boy verəndən sonra uzanmayacaq, onu tez-tez biçməyə ehtiyac qalmayacaq. Bunu biləndə baba qəzəblənib özündən çıxır, Foresterin haqqını ödəyib ona bərk-bərk tapşırır ki, bic toxumları onun həyət-bacasından uzaq eləsin. Belə görünür insan-təbiət savaşında baba təbiətin, təbiiliyin tərəfindədir.
***
Arvadı Linanın etirazına baxmayaraq zərgər Leo Aufman iki həftə qarajdan çıxmadan xoşbəxtlik makinası icad eləyir. Bu müddətdə Leo uşaqlarıyla ünsiyyət saxlamır, iki həftədə onun arvadı xeyli kökəlir, özü isə arıqlayıb sınıxır. Valideynlərindən gizli sehirli maşının içinə girib oradakı uzaq mənzərələri yaxından görən evin böyük oğlu Saul gecə çimir çalmayıb səhərəcən ağlayır. Ərinin uşaq doğa bilməyən, qocanı cavanlaşdırmayan, insanı ölümdən sığortalamayan ixtirasını “kədər maşını” adlandıran Lina ertəsi gün özü nəhəng qutunun içində oturub Parisin, Romanın xoşbəxt həyatından mənzərələrə tamaşa eləyir. Bu epizodlar oğlu kimi ona da qəm gətirir, çünki xoşbəxtlik maşını gündəlik ailə qayğılarıyla məsud, asudə yaşayan qadına heç vaxt Parisdə, Romada olmadığını, heç vaxt da olmayacağını, iyirmi ildir rəqs eləmədiyini, gəncliyini çoxdan itirdiyini xatırladıb. Lina ərinin səhvlərini onun üzünə belə oxuyur:
“Deyimmi sən nədə yanılmısan, Leo: sən ən vacib məsələni unutmusan – gec-tez mən bu andırın içindən çıxıb çirkli qab-qacağı, kirli pal-paltarı yumalıyam. Neçə ki orada oturmusan, qürub uzandıqca uzanır, havası da çox sərin, çox ətirlidir, bunlara söz yox. İstədiyin mənzərəyə uzun-uzadı, doyunca baxa bilərsən. Bayırda isə uşaqlar nahar gözləyir, birinin şalvarı yırtılıb, o birinin düyməsi qopub. Bir də gəl əyri oturub düz danışaq: qüruba nə qədər tamaşa eləmək olar? Kimə lazımdır qürubun sonsuza qədər uzanması? Daimi sərinlik kimin nəyinə gərəkdir? Solmayan ətir nəyə lazımdır? Bunların hansına alışsan, bir az keçmiş onu sadəcə hiss eləməyəcəksən. Qürubdan bir dəqiqə, uzağı iki dəqiqə zövq alarsan. Sonra könlün başqa mənzərə istəyəcək. Belə yaranıb insan, Leo… Sən bir əməllə iki səhvə yol vermisən: əvvəla, ötəri bir halı uzatdıqca uzatmısan; ikincisi, bizim həyətimizə sığmayası bir dünyanı bu qutunun içinə yerləşdirmisən, Parisi, Romanı buralara gətirmisən…”
Rey Bredberinin televizora baxmaqdan xoşlanmadığını (sonralar bir televiziya kanalıyla birgə layihə həyata keçirdi, həmin layihə yazıçıya da, kanala da böyük şöhrət qazandırdı) nəzərə alsaq, Linanın bu monoloqunu müəllifin vizual ixtiraya qarşı çıxışı kimi də dəyərləndirmək olar. Təbiət (təbiilik) yenə mədəniyyətə (süniliyə) üstün gəlir.
Leo Aufman öz ixtirasının qoynunda şirin zövqə daldığı vaxt xoşbəxtlik maşını yanır, yanğın söndürülənə zərgərin ixtirasından geriyə yalnız xoşbəxtliyin külü qalır. Axşam evdə oynaşan balalarını, onlara şam yeməyi hazırlayan arvadını görəndə zər qədrini bilən zərgər, nəhayət, anlayır ki, əsl bəxtəvərlik nədir, anlayır ki, əslində, xoşbəxtlik maşını min illər əvvəl kəşf olunub – o maşını insan daim sinəsində gəzdirir.
***
Elen Bentli keçmişindən çətin qopan qadındır, ona ötən günləri xatırladan nə varsa, qoruyub saxlamağa çalışır: köhnə patefon valları, vaxtı keçmiş biletlər, teatr proqramları, uşaqlıq paltarları… Bir gün o, evinin qarşısındakı çəmənlikdə oynayan üç uşağı – Elis, Ceyn, bir də Tom Spoldinqi söhbətə tutur, onları dondurmaya qonaq eləyir. Missis Bentli uşaqlara öz uşaqlığından danışmaq istəyəndə balaca qonaqları bu yaşlı qadının nə vaxtsa uşaq olduğuna inanmırlar. Qoca Elen inciyib onlara uşaqlıq şəklini, indiyəcən saxladığı uşaqlıq əşyalarını göstərirsə də, qonaqlar yenə qarının dediklərinə şəkk eləyirlər; onların fikrincə, qocalar elə qoca kimi dünyaya gəlir, heç vaxt körpə olmurlar.
Uşaqlarla söhbəti Elen Bentlini sarsıdır. Onun gəncliyinin şahidləri artıq dünyada yoxdur, axıra qalan əriydi, bir neçə il qabaq o da köçünü sürüb. O rəhmətlik də onu həmişə keçmişdən asılıb qaldığına görə qınayardı: “Əzizim, sən heç cür başa düşmək istəmirsən ki, zaman yerində saymır. Sən həmişə əvvəlkitək qalmağa çalışırsan, ancaq bu, mümkün deyil, bugünkü sən dünənki sən deyilsən. Bu köhnə biletləri, teatr proqramlarını nədən ötrü saxlayırsan? Bunlar sənə yalnız qəm-qüssə gətirəcək, hamısını tulla getsin… Keçmişə nə qədər dartınsan da, bu gün nəsənsə, osan. Zaman insanları hipnoz vəziyyətinə salır. Hər yaşda adam elə bilir ki, həmişə bu yaşda olub, bu yaşda da qalacaq. İnsan həmişə öz indisində yaşayıb, bundan qırağa çıxmayıb, çıxa bilməz də. Köhnə-kürüş şeyləri qoruyub saxlamaq özünü aldatmaqdır… Fotoşəkillər? Onlar da bizi aldadır…”
Ertəsi gün missis Bentli keçmişindən qalan xatirələri uşaqlara paylayır. Artıq bu qoca qarının nə keçmişi var, nə gələcəyi. Onu yalnız miskin bir indiki zaman yaşadır. Keçmiş də, gələcək də illüziyadır, gerçək olan yalnız zamanın indisidir. Ancaq onu da tutmaq, əldə saxlamaq mümkün deyil. “İndi” dediyimiz zaman şərtidir, əslində, zamanın indisi də olmur. Demək, üç zamanın üçü də xəyaldır, xülyadır, təxəyyül məhsuludur. Əlac yenə zamanı konservləşdirən zəncirotu şərabına qalır.
***
Çarlinin köməyilə Duqlas “zaman maşını” tapıb. Yataq xəstəsi olan polkovnik Frileyi onlar belə adlandırırlar. Di gəl, bu maşınla yalnız keçmiş zamana səyahət eləmək olur. Uşaqlar tez-tez qoca polkovnikə baş çəkib onun bələdçiliyi sayəsində əlli, altmış, yetmiş il əvvələ qayıdırlar, vəhşi qərbə səfərlərin, hindularla kovboylar arasında döyüşlərin qiyabi şahidinə çevrilirlər.
Polkovnik Frileyin övladları on ildir yatağından qalxmayan atalarına baxıcı tutublar. Xəstə çarpayıdan sürüşüb düşməsin deyə baxıcı qadın evdən çıxanda telefonu ondan uzağa aparır. Məsələ burasındadır ki, Frileyin gəncliyinin ən parlaq çağları Mexiko şəhərində keçib. İndi oralara qoca polkovnikin əli çatmır. Bircə bununla təsəlli tapır ki, orada yaşayan cavanlıq dostuna ara-sıra zəng vurub ondan telefonun dəstəyini küçəyə tutmağı xahiş eləyir. Mexiko küçəsinin hay-küyü qulaqlarına dolduqca polkovnik yenidən iyirmi beş yaşına qayıdır, özünü o küçədə gəzən kimi təsəvvür eləyir.
Ancaq keçmişə səyahət təhlükəlidir, keçmiş ölüm, yoxluq deməkdir, insan o yoxluqdan dönməyə bilər. Qoca polkovnik də ahıl yaşa keçmişini öldürə-öldürə çatıb, indi də keçmişi onu öldürür. Telefon əlində keçmiş günləri dinşəyən Friley elə o keçmişin qoynundaca canını tapşırır.
***
Azad, məsud yay günlərinin birində Duqlasın ən sevimli dostu Con Hav elan eləyir ki, atası başqa şəhərdə özünə iş tapıb, axşam saat doqquzda yola düşəsi qatarla onlar Qrintaundan birdəfəlik köçürlər. Duqlası bu ağır xəbər möhkəm sarsıdır, o, zamanı saxlamağın, ya da heç olmasa ləngitməyin yollarını aramağa başlayır.
Duqlas bu qənaətə gəlir ki, insan ora-bura çovuduqca, qaçdıqca zaman da onunla birlikdə qaçır, demək, bir yerdə donub qalmaqla, ətrafda baş verən hər hərəkəti sakitcə seyrə dalmaqla zamanı ləngitmək olar (Şərqi Asiyanın asketik təlimlərini xatırladır). Oğlan uşaq ağlıyla tapdığı bu düsturu həyata tətbiq eləmək üçün oyun qurur: oyunun mahiyyəti budur ki, hamı durduğu yerdə heykəltək donub qalmalıdır, kim çox duruş gətirsə, qalib də o sayılacaq. Məqsəd zamanı ləngitmək, dostun gedişini yubatmaqdır.
Ancaq insan zamanı yalnız içində söndürə bilər, obyektiv zamansa öz işindədir. Sən biletini ləğv eləməklə qatar yolundan qalmayacaq. Conu da, qatarı da saxlamaq olmur, Duqlas zamanla savaşdan yenik çıxır. Tənhalıq acısı, təklik qorxusu onu necə qomarırsa, evə çatan kimi qardaşının dilindən söz alır ki, bu dünyada Tom onu heç vaxt yalqız qoymayacaq.
***
Gənc jurnalist Bill Forester nə müddətdir doxsan beş yaşlı Elen Lumisin aşiqidir. Qadının gənclik şəklini görəndə Bill onun nə yaşda olduğunu, bu gözəl qızın artıq çoxdan qocaldığını bilməyib. Onunla təsadüfən tanış olanda jurnalist görür ki, xanım Lumisin ağlı-huşu yerindədir, məntiqi, yaddaşı əsla zədələnməyib. Qadın gəncliyində bir oğlanı sevsə də, nə ona, nə də ondan sonra ərə getməyib, çoxlu şəhərlər, ölkələr dolaşıb. Onlar Elenin bağçasında, ağacların kölgəsində yeniyetmə sevgililər kimi günlərlə söhbətləşirlər, jurnalist xanım Lumisin parlaq yaddaşının bələdçiliyi ilə onun getdiyi ölkələrə səyahətə çıxır, onun gəzdiyi şəhərlərin küçələrini gəzir. Qadın özündən yetmiş yaş cavan oğlana onu sevdiyinə, onu axtardığına görə minnətdarlıq eləyir, Bill Foresterə çoxdan ölmüş sevgilisinin reinkarnasiyası kimi baxır.
Sonda Elen Lumis gənc jurnalistə elə sözlər deyir ki, bunu sevgi etirafı kimi də, vəsiyyət kimi də, müəllifin inancı kimi də yozmaq olar:
“Əzizim Uilyam, bir neçə gündən sonra mən öləcəyəm. Sözümü kəsməyin, mən əsla qorxmuram, uzun ömür yaşayanda çox şeyi, elə qorxu hissini də itirirsən… Belə bir çeynənmiş ifadə var – ruh doğmalığı; bax bizim də aramızda bu sayaq bir doğmalıq var. Mən həmişə düşünmüşəm ki, əsl sevgi ruhdan gəlir, hərçənd bədən çox vaxt buna inanmaq istəmir. Bədən yalnız özü üçün yaşayır. Ancaq yemək, içmək, bir də gecəni gözləmək naminə. Mahiyyətcə o, gecəquşudur. Ruhsa günəşdən törəyib, onun qisməti yaşadığımız ömür boyu min-min saat oyaq qalıb ətrafımızda olanları canına çəkməkdir. Heç insafdırmı bədəni – bu miskin, xudbin zülmət törəməsini bizə günəşin, ruhun bütöv bir ömür boyu verdikləriylə eyni tərəziyə qoyasan? Bilmirəm. Bildiyim bircə budur ki, ömrümün son günlərində mənim ruhum sizin ruhunuzla təmasa girdi, bu günlər həyatımın ən xoş günləri oldu… Mən bu işıqlı dünyada çox yaşamışam, burası aydındır. Sizsə ya çox tez, ya da çox gec doğulmusunuz. Son dərəcə nəhs uyğunsuzluqdur. Ola bilsin, bu, mənim cəzamdır – gəncliyimdə yüngülbeyin qız olmuşam. Növbəti dövrəni vuranda, ola bilər, bu uyğunsuzluq aradan qalxsın, təkərlər bir-birinin ahənginə uyğun fırlansın… Mənə söz verin ki, qocalana qədər yaşamayacaqsınız, Uilyam. Mümkün olsa, əlli yaşınıza qədər ölməyə çalışın. Bilirəm ki, bu, elə də sadə məsələ deyil. Ancaq sizə bunu sidq-ürəkdən məsləhət görürəm – kim bilir, ikinci Elen Lumis yer üzünə bir də nə vaxt gələcək. Təsəvvürünüzə gətirin: siz əldən düşmüş bir qoca, min doqquz yüz doxsan doqquzuncu ilin gözəl bir günündə küçədə mənə rast gəlirsiniz, mənimsə bu vaxt vur-tut iyirmi bir yaşım var. Ömür bu dəfə də puça çıxacaq, elə deyilmi?.. Təxminən iyirmi ildən sonra özünüzə, məsələn, sətəlcəm kimi bir xəstəlik tapın. Axı mən bilmirəm sizi orada, o dünyada nə qədər saxlayacaqlar, birdən dərhal buraxdılar? Mən əlimdən gələni eləyəcəyəm ki, bir daha yaş uyğunsuzluğuna, səhvə, gecikməyə yol verilməsin…”
Rey Bredberinin on iki yaşı olanda onun otuz minlik doğma Uokiqan şəhərinə (əsərdə baş verənlərin cərəyan elədiyi Qrintaunun prototipi bu şəhərdir) qastrola gəlmiş sirkin məşhur sehirbazı gələcəyin böyük yazıçısını uzun, firavan ömürlə müjdələməklə yanaşı ona bu sirri də açmışdı: “Sən mənim döyüşdə həlak olmuş dostumsan, 1918-ci ildə, dünya müharibəsi hələ bitməmiş Fransada qollarımın üstündə keçinmisən. İki il sonra burada bir başqa donda dünyaya gəlmisən…”
Görünür, yazıçının reinkarnasiyaya inamı elə o söhbətdən sonra yaranmağa başlayıbmış. Bunu da deyək ki, panteizm duyğusuyla reinkarnasiya inancı bir-birinə əkiz qardaşdır, biri mütləq o birini də gətirir.
Sehirbazın diaqnozunun doğru olub-olmadığını deyə bilmərik, ancaq proqnozu düz çıxdı: Rey Bredberi 2012-ci ilin 22 avqustunda dünyasını dəyişəndə doxsan iki yaşının tamam olmasına iki ay on yeddi gün qalmışdı.
***
Səliqəli, nurani, zəhmətdən usanmayan ulu nənəsi öləndə Duqlas ilk dəfə ölüm haqqında düşünür. Əgər atasıyla meşəyə üzüm yığmağa gedəndə onun vücudunda yaşamaq ehtirası püskürmüşdüsə, qoca nənənin ölümü o dadlı instinktin o biri başını – ölüm qorxusunu oyadır. Ulu nənə evin otaqlarını ustufca dolaşandan sonra sakit hücrəsində üstünə təmiz ağ mələfə örtüb dinməz-söyləməz öz dünyasına çəkilir. Deməli, ölmək belə olurmuş, ölüm – insanın evindən, ailəsindən, şəhərindən, ölkəsindən ayrılıb özünə çəkilməsiymiş. Oğlan sarı dəftərçəsinə bunu da qeyd eləyir: əgər maşınlar qırılır, adamlar da ölürsə, demək, Duqlas Spoldinq də haçansa öləcək…
Mister Conasın furqonu Qrintaunun küçələri boyu gecə-gündüz şütüyür. Şəhərdə bu qəribə adamı tanımayan yoxdur. Onun işi yiyəsinə lazım olmayan əşyaları toplayıb, bu əşyaları onlara ehtiyacı olan adamlara çatdırmaqdır. Uşaq kimi saf Conas uşaqların dostudur. Duqlasın xəstələndiyini, ölüm ayağında olduğunu Tomdan eşidəndə o, balaca dostuna iki şüşə dərman aparır – şüşənin biri Arktika atmosferindən sorulmuş tərtəmiz şimal havasıyla, o biri Dublin körfəzinin duzlu yeli, cürbəcür meyvələrin sərin ətriylə doludur. Dərdindən həkimlərin də baş açmadığı Duqlas bu şüşələrə doldurulmuş havanı ciyərlərinə çəkəndən sonra sağalmağa başlayır.
***
Nənə mahir kulinardır, onun bişirdiyi yeməklərin dadından doymaq olmur. Üstəlik, bu təamlar bir-birinə bənzəmir, onların sirrini isə heç kim bilmir. Əslində, burada elə bir sirr də yoxdur, nənə öz işini fəhmlə görür, onun yemək hazırlama mərasimi spontan prosesdir. Nənənin mətbəxində heç kimin baş açmadığı xaos hökm sürür. Bura adi mətbəx deyil, hedonizm laboratoriyası, epikür məbədidir, hər öynə ailə buraya ibadətə toplaşan kimi yığışır.
Yay günlərinin birində uşaqların Roza xala dedikləri qohum qadın Spoldinqlərə qonaq gəlir. Nahar zamanı o, yediyinin nə olduğunu, hansı reseptlə hazırlandığını, necə adlandığını soruşanda nənə ona konkret cavab verə bilmir. Roza xala yeməyin çox dadlı alındığını danmır, ancaq onun xasiyyəti belədir ki, qarşısındakı təamın adını bilməsə, yediyi canına sinmir. Onun gəlişiylə Spoldinqlərin mətbəxində hər şey baş-ayaq çevrilir. Roza xala mətbəxi qaydaya salır, ərzaqları, ədvaları üstü yazılı qablarda nizamla düzür, hər yerdə səliqə-sahman yaradır, rəfləri silib təmizləyir. Axırda da nənəyə bir kulinariya kitabı, bir də təzə eynək alır.
Bundan sonra yeməklərin dadı qaçır, hər kəs bir bəhanəylə yeməyini yarımçıq qoyub süfrə başından durur. Axır baba qatara bilet alıb Rozanı yola salmağa məcbur olur. Ancaq bununla da iş düzəlmir, məsələ burasındadır ki, nənə əvvəlkitək yemək bişirməyi yadırğayıb, indi onu doğma məcrasına qaytaran, onun küskün fəhmini işə salan lazımdır.
Gecələrin birində Duqlas yatağından qalxıb ehmalca mətbəxə keçir, hedonizm məbədinin altını-üstünə çevirib hər şeyi Rozanın gəlişindən qabaqkı vəziyyətinə qaytarır, kulinariya kitabını buxarıya atıb yandırır, nənəsinin təzə eynəyini zirzəmidə gizlədir. Bundan sonra yeməklər də dada gəlir, məbədin əvvəlki müqəddəsliyi, hedonizm tanrısının şərəfi bərpa olunur.
Yazıçının baxışına görə, xaos yaradıcı başlanğıcdır, heç bir hazır reseptə əsaslanmayan mükəmməl yaradıcılıq prosesinin bələdçisi, rəhbəri nənənin barmaqlarındakı fəhm, qəlbindəki intuisiyadır. Ağıl fəhmi üstələyəndə ortaya çıxan məhsul da dadsız-tamsız, faydasız olur. Zərgərin arvadı Lina da xoşbəxtlik dəzgahı icad eləyən ərinə deyirdi ki, əgər insan udqunanda boğazındakı əzələlərin necə hərəkət elədiyini düşünə-düşünə udqunmaq istəsə, boğulub ölər.
***
Beləliklə, yay tətilinin sonuna doxsan şüşə zəncirotu çaxırı hazır olur. 1928-ci ilin yayı zamanın qaçağan atından salınıb, iyun, iyul, avqust ayları gün-gün, saat-saat şüşələrə doldurulub. Heç nə itməyib, itirilməyib. O şüşələrin ağzı açıldıqca o günlərin də boyaları, qoxuları yenidən canlanacaq.
Qış uzunu ötən yayın şirəsi içilib tükədiləcək. Növbəti yay axan zamanı yenidən ələ gətirib, iksirə çevirib şüşələrə doldurmaq lazım gələcək.
“Onlar evə çatanda babanı qurumuş, keçəlləmiş çəməndə tək-tək gözə dəyən zəncirotuları dənləyib yığan gördülər. Bir müddət kirimişcə ona kömək elədilər, sonra Duqlas öz kölgəsinə doğru əyilib soruşdu:
– Necə bilirsən, Tom, gələn ilimiz necə keçəcək? Bu ilkindən yaxşı, yoxsa pis?
– Sən bunu məndən soruşma, – Tom zəncirotunun gövdəsini tütək kimi üfürdü. – Bu dünyanı axı mən yaratmamışam. – Bir dəqiqə fikrə getdi. – Hərçənd hərdən elə bilirəm ki, bütün bunlar mənim əl işlərimdir”.
Tom saf uşaq fəhmiylə kainatın yaradılışında əli olduğunu duyur (Burada Duqlasın sevimli məşğuliyyəti – dan üzü əllərinin “sehirli” hərəkətiylə “səhərləri açıb” şəhəri “yuxudan oyatması”, toran qovuşandan sonra “axşamları çökdürüb” gecə hamını “yatızdırması” yada düşür). Əgər bu duyğunun izinə düşsə, gələcəkdə ondan çox böyük, orijinal bir filosof çıxacaq…
***
Zamanın şirəsi şüşələrə yığılıb, heç nə itməyib, itirilməyib. Çevrəsindən çıxmayan, panteizm qanunlarıyla idarə olunan dünyada onsuz da heç nə itmir – sular dənizlərdən dağlara daşınıb yağdığı yerə bir də yağır, ot kökü üstə bir də bitir, payız qışa, qış yaza dönəndən sonra yay bir də gəlir, insan qərq olduğu yoxluqda növbə tutub varlığa yenə bilet alır.
Gecəyə gömülən səslər sabahkı günlərə axır, göyə pıçıldanan sözlər qalaktikaların arasıyla ünvanına tələsir. Bütün gedənlər, axanlar dövrə vurub yenidən öz mənbəyinə, vətəninə qayıdır.
Bir qaşıq balda min arının nəğməsi, min ləçəyin boyağı, min çiçəyin ətri var. Bir qədəh zəncirotu şərabında günəşin istisi, havanın saflığı, suyun sərinliyi, torpağın sərtliyi bir-birinə qarışıb. O qədəh təbiətə, zamana qurulmuş tələdir. Bir yerindən çat versə, zaman onu içənin üstünə dağılacaq, təbiət əldən çıxıb cövhərini geri alacaq.
Panteistik mövcudatın, fani həyatın bundan fərqli, bundan mükəmməl trayektoriyası yoxdur. Zatən zəncirotu özü təbiətin qüdrət əliylə faniliyə çəkilmiş misilsiz illüstrasiyadır – soluxub quruyandan sonra bir çimdik toza dönüb havaya sovrulur.
İnsan da içində zaman illüziyaları sayrışan gil piyalə, şüşə qabdır. Zamanı içilib tükəndikcə bu qab quruyub çat verir, sonda bir ovuc toza dönüb yoxluğa sovrulur.
“Yeni Azərbaycan” qəzeti